Maksim Amelin

1970-ci ildə Kursk şəhərində anadan olub. Kommersiya kollecini bitirib, A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1995-ci ildən naşirlik fəaliyyəti ilə məşğul olur. “Soyuq mədhlər” (1996), “Dubia” (1999), “Qorqonanın atı”(2003) şeir kitablarının, “Qıvrılmış nitq” (2011) esse və şeir, müxtəlif janrlı əsərlərin toplandığı “Qeyri şeirlərin kitabı” (2021) toplularının müəllifidir. XVIII—XX əsrlərə aid bəzi rus şairlərinin “Seçilmiş əsərləri”ni tərtib edib və onlara şərhlər yazıb, eyni zamanda müasir rus və gürcü poeziyası antologiyalarının tərtibçisidir. Qədim yunan, latın, ingilis, italyan, gürcü, ukrain və b. xalqların poeziyasından çoxsaylı tərcümələr edib. Şeirləri iyirmi beş dilə çevrilib, səkkiz ölkədə (Avstriya, İspaniya, Çin, Serbiya, ABŞ və s.) şeir kitabları çap olunub. Rusiyanın ədəbiyyat üzrə müstəqil “Antibuker”, “Bunin”, “Aleksandr Soljenitsın” mükafatlarına və “Şair” milli mükafatına, eləcə də bir çox ölkələrin nüfuzlu ədəbiyyat ödüllərinə layiq görülüb. “OQİ” nəşriyyatının və “Rusiya xalqlarının müasir ədəbiyyatı” layihəsinin baş redaktorudur. “Rusiya xalqları birliyinin möhkəmlənməsinə töhfələrinə görə” RF Prezidenti mükafatına layiq görülüb. RF Prezidenti yanında Rus Dili Şurasının üzvüdür. Moskvada yaşayır.

Tənqidçi və şeirşünas Yuri Orlitski Maksim Amelin barədə yazır: “Elə şairlər var ki, onların təpədən dırnağa unikallığı həmin şairlərin ədəbi prosesdə yerini müəyyənləşdirmək məsələsini hədsiz dərəcədə mürəkkəbləşdirir. Maksim Amelinlə də belədir, müasir poeziyamızda onun bənzəri yoxdur. Doğrudur, onun ayrı-ayrı şeir və esselərini nə iləsə, necəsə tutuşdurmaq olar, amma bütün yaradıcılığını, əsla”.