Bu da sizə hər şey, rəngli, rəqəmsal — elə dərhal...

* * *

Bu da sizə hər şey, rəngli, rəqəmsal — elə dərhal...
yalnız o zaman ağ-qara lenti gizlində gümüş ilə
aşkarlayın, qurudun, cilalayın barmaq uclarında
qırmızı işıqda, unibromla təntənəli şəkildə
“Mişka” konfetləritək qəhvəyi viraja sarıyın,
bu, çətindi, çoxunun gəlmir əlindən, elə vitraj kimi,
atelyedə əsasən bahalı portretlər sifariş götürürlər.
Ailə şəkilləri — kostyumlar, anturaj, hər şey ciddidi.
İllərlə qocaldı fotolar və lentlər — ağardı gicgahlar,
üç yekə qutuda — onları qoymağa yer tapılmadı.
Sonra özlərini sıxışdırıb birtəhər yeni bir skaner aldılar,
keçmiş bir aya rəqəmsallaşdı, çarpayının altında qaldı.
İndi bu faylları arxivdən axtarıb, tapıb printerə atmaq,
dərc eləmək var; amma A3 formatda sevgini, kədəri,
yanımızdan sprinter kimi ağ-qara formatda şütüyüb
keçən bu həyatda rəngli çapın yeri varmı?
Yaxşıca bəzəmək olardı bütün divarları bu keçmişlə,
ortada oturub sakitcə elə hey baxardın, baxardın
bu cür doğma, əziz, bu cür unudulmuş kölgələrə,
tədricən saçların ağarardı, başın dazlaşardı.
Saçlar töküldükcə dözümün əriyir, sərtliyin azalır —
hər şey dumanlı, qeyri-müəyyən, yanlış gözlə,
amma eyni vaxtda içində həssaslığın artır,
kadr titrəyir və asanlıqla yaş çıxır gözdən.
Bulanıq fotolar bənzəyir qədim dumanlı qalaya,
baxırsan — dolur gözün zorla tanıdığın adam sarıdan.
Bu nənədi, ana, ata, Manya bibi, bir də hansısa xala,
bu Seryoja dayıdır, bu şəkilsə yanıb qığılcımdan.
Bu mənəm tamam çılpaq və üç sellüloid ördək.
Bu da oyuncaq ayım və anamla qucaq-qucağa...
Qardaşım Alyoşayla... kitabla — şkafın yanında... Bir dayan...
Bu... hə, Raya xaladı, bu isə... oxuyurduq hansısa qonaqlıqda...
Bu, birinci “B” sinfi, burda onuncudayıq, birinci kurs,
mənəm Yaşka Kallerlə, burda katrof yığırıq. Piyada qoşunları,
mənəm tankın yanında, gülümsəyən kombatdı,
bu onun arvadıdı-ikincisi, bax bu da oğulları,
bu birinci nəvə... əyləncə axşamı... hamı təxminən
tanış, bax bura İtaliyadı, bura oxşayır Krıma...
Qırmızı dəniz, dayvinq... Past perfect* — davam edir,
sadə retuş isə bənzəyir ölü üzdə bayağı qrimə.
Bu oğlandı, bu isə təsadüfən yoldan keçəndi kimsə —
saqqallı və dolu, qaranlıq mənzərəyə doğru gedir,
yaşlıdı və xəstədi, amma oğlanı xatırladır nəsə,
bu şəkil... Ola bilməz!.. Bu sənsən. Mənəm?! Sənsən!
Şəkillərdə olanlardan çoxu görünməz daha,
var idi, keçdi, heyif, gecdi heyifsilənməyə.
Nə qədər şey var idi, təkcə şəkillər qaldı,
hamısını qorumaq olmur, dərc olunsalar belə.


* keçmiş zaman (ing).