Vladimir Liçutin

Vladimir Vladimiroviç Liçutin (1940) — nasir, publisistdir. Rusiyanın “Böyük ədəbiyyat” mükafatına (2006) və digər təltiflərə layiq görülüb.
Arxangelsk vilayətinin Mezen şəhərində, mənşəcə pomorlara mənsub ailədə (Zapolyariyanın xəritəsində Liçutin adası var) dünyaya gəlib. Atası müharibədə həlak olub. V. Liçutin Meşəçilik texnikumunu, o zamankı Leninqrad Dövlət Universitetinin Jurnalistika fakültəsini, Ali ədəbiyyat kurslarını bitirib.
İlk povesti olan “Bəyaz qonaq otağı” 1972-ci ildə nəşr edilib. Ədəbiyyata “kənd nəsri”nin “Şimal qolu”nun təmsilçisi olaraq gəlib, kəndli pomorların həyatını özünəməxsus bədii boyalarla qələmə alıb. Sonralar çağdaş tərzdə psixoloji romanlar, “şəhər nəsri”nin nümunələrini yaradıb. İrihəcmli və əhatəli “Bölünmə” (Rus kilsəsinin XVI əsrdəki bölünməsindən bəhs edir) romanı böyük hadisə kimi qarşılanıb. “Cənnətdən qaçaq düşən”, “Sərgərdan”, “Miledi Rotman”, “Tanrının intizarında” və başqa irihəcmli əsərlərini də oxucular yüksək qiymətləndiriblər.
V. Liçutinin yaradıcılığında rus xarakterinin və Rusiyanın ruhani mahiyyətinin özünəməxsus cəhətləri ön plana çıxır. Onun kitabları “milli özünüdərk təcrübələri” də adlandırılır, ənənəvi rus xalq-danışıq dilinin incəliklərindən ustalıqla bəhrələnməsi rəğbətlə qarşılanır.