Cənnətdən qaçaq düşən
(povestdən parça)
Hərəmizin içində bir ayı oturub, yəqin ki, ağzı möhkəm bağlı koğuşdaymış kimi öz saatını gözləyir; amma azca boş davranaraq dəmir qapını aralayıb, zəncirləri boşaltdıqmı, o qıllı çərdəymiş, nə varsa, qırıb-tökəcək, önünə gələni altında əzərək, canını alıb axırına cıxacaq.
Bəs o azğını, amansızı həmin məqamacan kim bəsləyir, qardaşlar? Hər dəqiqə izləyib gözdən qoymayan, dinclik verməyən, sərbəst buraxmayan, amma o hirsli “dayday”ı — görünməz, fəqət etibarlı qayışla — çəkib bağlamayan kimdir? Batini mühafizəçinin o əsrarəngiz obrazını necə ayırd edəsən, onun yenilməz gücünə nə cür əmin olasan ki, ruhən möhkəmlənərək, vəsvəsə xofu yaşamadan ömrü başa vura biləsən? Həyatın pozulmayan rəvanlığını haradan əldə edəsən ki, onun mübarək dirilik suyunu hədər yerə axıtmayasan, sonra da özünü bədbəxt bir yetim sayaraq ağlamayasan?
Axı, əks təqdirdə, batdaqlı çuxurlardan, qatı lıqqalı girdablardan addayaraq, ardınca cadugər qız düşübmüş kimi, iztirablı yolunu bu təpəcikdən o birinə uzada-uzada qaranəfəs yeriməli, keçilməz, qarşını mamır yaşılı rəngdə incə ipək lent sayağı kəsən, səthi eynilə aspid daşı qədər qara-parlaq, içərisi çürümüş cəsəd qoxulu, cəhənnəmə açılan qorxunc bir dəliyə bənzər, görünüşü ürək sıxan, fəqət qatrana oxşar suyuna tünd-sarı bəhərli bataqlıq böyürtkənlərinin günəşin gur şəfəqləri altında aramsız titrəşən kölgələr saldığı dibsiz göl boyunca yüyürməli olarsan.
Üstəlik, yuxu bilməyən o ayı köksünün altında çabalayar, başını aşağı dartıb əyər, bununla da başlarında ərimiş kömür topaları papaq kimi dikəlmiş buzlaqlı dağların yardığı səmadan aşağı tuşlanan nəzərlərin önünü kəsər. Belə olan təqdirdə necə ürpənib çəkinməyəsən, hüznlü halda necə səslənməyəsən ki: “İlahi, yet dada, rəhm elə!..” Budur, mən indilərdə adam öldürmüşəm.
Düzünü desəm, bunu çoxdan istəyirdim, ancaq xilas üçün doğru yollar axtarıb tapa bilməmək qarşımı kəsirdi: çevik ağlımı hər necə fırlatsam da, nə cür yayınmalar, gizli gedişlər qurub-qoşsam da, hansı xəlvətə sığınsam da, hamısı bir kədərli sonluğa aparıb çıxarırdı: dolaşıq düyünlər açılır, incə ilmələr çözülür, daxmamda bir dövlət məmuru əlində naqanla peyda olur, qollarıma polad qandallar vuraraq aparıb qazamata salırdı; bu yerdə beynim keyiyir, donubmuş kimi, işləməkdən qalırdı.
Məlum oldu ki, keçilməz sıx ormanları, tayqa qobularını, dağlardakı uçurumları, insan məskənlərindən çox-çox uzaq ovlaqları olan bu hüdudsuz doğma torpaq gizlənməyim üçün mənə öz qoynunda yer vermək istəmir; nəhayət, Qanun deyilən Gerçəklik ölkəni ayıq-sayıq nəzərləri altında sıxıb saxlayaraq, xalqın iradəsini, hakimiyyətdən qaçıb gizlənməsi üçün kiçicik imkanı da əlimdən alır. Kədər içində yəqin etdim ki, mən bu dünyada hakimiyyəti ələ keçirmiş hər cür yaramaz və zorba kəslərin car çəkdikləri “cəzanın qaçılmazlığı” üzündən, rus deyilən kimsəyə — daima altdan-altdan baş qaldırmağa, tabelikdən çıxmağa, coşub rahatlanmağa can atan adama — heç olmasa sadəlövh bir düşüncə kimi təskinlik gətirəcək ən vacib şeydən qeyri-ixtiyari məhrum olmuşam. Axı hər üsyanda qisas var, qansız ötüşməsə belə, o, Tanrının müqəddəs buyurduğu hansısa məna kəsb edir.
Bir adamın digərini öldürməyi, Tanrının verdiyi canı ondan qoparmağı düşünərkən hər hansı — nə dünyavi, nə səmavi — məhkəmədən qorxmamasını mən heç cür alnalaya bilmirdim: deməli, o adam qutuluş haqqında düşünmür. Bu hadisə bir andaca, adamı dərin yuxuda qəfil haqlayan ürəktutma kimi işarəsiz, xəbərdarlıqsız, qabaqcadan sinədə hansısa yanğı hissi olmadan baş verir; sanki mərhəmət duyğusunu soyuq külək, başdakı məstlik gicəllənməsi tamamən süpürüb aparır.
...Məndə də elə bu cür oldu.
Petrovşinada ölənlərin anım günü idi. Qəbiristanlığa giriş mənim daxmamın arxasında hündür darvazadandı, o gün Jabki əhli elə bil hamılıqla oraya axışmaq, birdəfəyə ağlaşıb kirimək fikrinə düşmüşdü; özlərilə düyünçələr, xırdaca bidonlar götürüb gələn qarıların ensiz cərgəsi sınıq-salxaq boz darvazadan uzun müddət çıxıb aralanmaq bilmədi, qəbirlərin yanından evə dönən olmadı. Pəncərədən kəndin kənarındakı sıx alaq otları basmış əraziyə baxırdım; titrəşən buğda və darı sünbüllərinin arasından yerə yaslanmış üçpəncərəli alçaq daxmalar güclə gözə dəyirdi. Nəhayət, Baş Mələyin şeypuru səslənmiş, hər kəs həvəslə mütəvazi hüzr tədarükünü götürərək o son səfər məkanına axışmışdı.
Qəbristanlıqda heç kəsim yox idi, əcdadlarım başqa, indi az qala unudulmuş diyarlarda yatırdılar, amma qəfil bir duyğu məni o seyrək axına qoşulmağa sövq etdi, elə bil ana torpağın üzərində kimsəsiz qalmaqdan, fani bəndənin baş aça bilməyəcəyi nələrsə görməkdən qorxdum.
Mərhumların ruhunu bayram ərəfəsi sevindirmək, ziyarət nemətlərini bölüşmək niyyətilə iki dənə qaynanmış yumurtanı əlüstü cibimə soxub bostanın küncündən tezbazar addayaraq, özümü sıx — aralarından tutqun-bəyaz suyu bərq vuran Pronya çayı güclə görünürdü — şam ağacları bürümüş Qırmızı təpəyə yetirdim. Qabığı cəngavərlərə xas mis zirehi andıran bu yüzillik ağacların altında qarılar bir az da yazıq görünürdülər, elə bil dizəcən, hətta sinəyəcən yerə girmişdilər; bəzisinin pas rəngli qumdan yalnız kəlləsinin üstü dikəlib seçilirdi. Zavallı dullar əfv diləyirmiş kimi qəbirlərin yan-yörəsində dizin-dizin sürünür, təpəciklərin üstündəki otları, çiçəkləri, dovşankələmini, siçannoxudu zoğunu qırıb-qoparır, titrək əllərilə məzarların üstünə suxarılar, halqavari kökələr, könfetlər səpələyir, yağış suyu, ot qırıntıları dolduğundan lil bağlamış stəkanlarda araq süzüb qoyur, qəbristanlığa dadanmış meşə quşları və heyvanlarını yemləyənlər də olurdu.
Korolişka ayamalı Qrunya arvad üzünü məzara söykəyib əcaib bir quş kimi boğuq səslə ağlayır, sinəsindən qırıq-qırıq yalvarış nidaları qopurdu:
— Ooy, Vanyuşacan, əzizim, niyə məni qoyub getdin, dərdimi kimə deyim indi? Niyə məni yanına çağırmırsan? Heç darıxmırsanmı? Axı sənin də orada kəlmə kəsəcəyin kimsə yoxdur...
Xaçlı dirəklərin arasıyla nə qədər səssizcə yerisəm də, Qrunya gəlişimdən hansısa fərqli bir hissiyyatla duyuq düşdü, kənar adamdan arlanırmış kimi, qəbirin üstündən qalxındı, üst-başını çırpıb dizlərindəki toz-torpağı təmizlədi. Qrunyanın qığıcımlanan kəhrəbaya bənzər qəhvəyi gözləri o şişkinləşmiş, soluxmuş çöhrəsində bir qədər də işıltılı görünür, kilsə qədəhi kimi parıldayırdı. Sanki indicə inləyib ah-zar edən, dərdli-dərdli ağlayan bu deyildi.
— Kişidən ötrü darıxmısan, hə? — unudulmuş və məzardan çox, üstünü qıvrım-qıvrım gümüşü mamırlar bürüyən batdaq topası görünüşlü bir qəbirin ətrafından dolananda ağlıma gələn ilk sualı dilimə gətirdim.
— Mümkün olmur... Çağırıram, Vanyadan səs çıxmır. Bax, araq da süzmüşəm. Al, deyirəm, vur. Heç qımıldanmır da. Hələ bir kəlmə də deməyib. Barı bircə söz çıxaydı ağzından. Yəqin, düşünür: nəyimə gərək bu donqar qarı? Sağlığımda canımı boğazıma yığmışdı, hələ buraya da çağırım? Nə desin yazıq qoca... — Qrunya dərindən ah çəkdi, bununla da sanki çiynindəki yükdən qurtulub yüngülləşdi və işgüzar görkəm alaraq, qaynanmış yumurtanı qabıqlı-qabıqlı əzib məzarın üstünə səpələməyə başladı.
— Qəbirdən nə eşidiləsidir ki? — səfehcəsinə gülümsəyərək soruşdum. — Oraya telefon sallayıblar yoxsa? Mərhumun sinəsi üstünə qoyublar, bu dünyayla xəbərləşsin deyə...
— Sallayıblar, Paşacan, sallayıblar. Sən, Paşa, ərinmə, dizini yerə qoy, dinşə. O qəbirdəki səni özünə qardaş bilirdi. Bəlkə, cavab gəldi kar şoğəribdən.
Bir dizimi yerə qoyub aşağı əyilərək, altında mənə yaxın olan bir adamın — Qorbaç dediyimiz İvan Qorbaçovun — 5 ildən bəri qərar tutduğu ot basmış məzara dirədim qulağımı. O an kimsə məni çağırdı, səs elə bil qəbirdən çıxdı. Ətrafa baxanda azca aralıdakı təpəciyin üstündə boz beton bir xaç gördüm (belə xaçlar bir vaxtlar çöldə-otlaqda gözə dəyərdi) və o mənə inanılmaz dərəcədə tanış gəldi. Qrunyanın oğlu — əlində ağzıaçıq butulka tutub çöməlmiş Fyodor Zulus nədənsə məni çağırır, çapma stəkanı yaşıl “büllur”la toqquşdurub cingildədirdi. Oğurluq spirt alverçiləri butulkası 12 manata olan bu saxta araqla kasıb kənd adamlarının axırına çıxırdılar.
— Bu xaç haradan peyda oldu belə? Əvvəllər gözümə dəyməyib nədənsə. Yoxsa qışda “yeni ruslar”dan kimsə gəlib çıxıb bura?
— Hanı? Hansı xaç? — deyə soruşan Qrunya əlini fəri getmiş gözlərinin üstünə apararaq, ağacların arasındakı, məzarlıq ibadətgahına yaxın təzə torpaq topasına tərəf boylandı. — Sənə elə görünüb, Paşa. Al, bu da sənə telefon. O səni səma üzərindən bizim qocayla calaşdırar. Nömrəsini də özüm yığaram səninçün.
Qarı sədəfə bənzəyən düymələri barmağı ilə bir-bir basdı və tünd-boz rəngli plastik “qurbağa” öz qurultusunu ən incə ruhötürücülərlə səmada minlərcə verst uzağa yayaraq başqa dünyadakı İvan Qorbaçova çatdırdı; hərçənd o özü burada — ayağımızın ucundakı torpağın altında, köklərin bir-birinə dolaşdığı və quşarmudunun boy verdiyi yerdə yatmışdı. Qrunyanın əlini özümdən kənar elədim, bu sürüşkən, kənarları şişkin, meyit kimi soyuq zəhrimarı ovcuma almaq bir yana, o sızanaqlı qurbağa görkəminə baxmaqdan da iyrənirdim.
— Zəng vur, özün danış, nə durmusan, — qarıya belə bir məsləhət verib, Zulusa tərəf yeridim: şüşə cingiltisi bayaqdan məni səsləyirdi.
Beton xaç göylərə baş çəkir, qəbirlərin üstünə qır-qırıntıları tökülən qıvırcıqlı şamların təpəsi ilə bir bərabərdə görünürdü yuxarısı; onun üst qanadında səmadan ələnən damlalarda çimən qaramat bir qarğa oturub dimdiyi ilə lələklərini təmizləməyə girişmişdi.
— Al, iç, — Zulus sarı kif ləkələri bağlamış, dibinə qızıl yonqarlarına bənzər qum dənələri çökmüş yüzqramlıq çapma stəkanı irəli uzatdı. Fyodorun, eynən anasındakı kimi, neçə rəngə çalan gözlərinə qəfil intiqam ifadəsi yayıldı, sanki ondan xeyli pul borc alıb vaxtında qaytarmamışdım deyə indicə Zuluslar adından “sayğacı qoşacaqdı”: çallaşmış fırça bığı dodağından yuxarı çəkildi, sıx sarı dişləri və ağ ləkələrdən zolaqlar düşmüş damaqları çöldə qaldı. Bu cür sifət ifadəsi, adətən, it öz dadlı sümüyünü qorumaq üçün dişlərini qıcayanda alınır.
— İçmirəm mən, Zulus, sən ki bilirsən. Həkimlər icazə vermirlər.
— Suyunu içdiyin quyuya tüpürmə, Paşa. Yaxşısı budur, düz dolan mənimlə.
— Ölən kimdir ki? — Zulusdan yayınıb qəbirüstü şəkilə baxmaq istədim, amma əlini sərt tərzdə qaldırıb burnumun düz ucuna gətirərək gözlərimin qabağını tutdu. Kəskin parıtılı, tən ortasında elə yarandığı ilk vaxtdan bir-birinə sarılmış mavi sızıq və qan rəngində düyün olan dağ bülluruna oxşar çapma stəkan onun ətli ovcunda titrəməkdəydi.
— Gəl küfr eləmə, iç, — təhdidkar səslə təkrarlayan Zulus uzun qolunu qatlayıb boynuma dolayaraq sanki başımı ilgəyə keçirdi, tələyə salıb tərpənməyə qoymadı. Çəpəki baxdım: gözümün önündə qarayanız bir qol pudluq daş kimi qabarmışdı, əzələ boyunca isə tezcə şişib dərini yaracaq kimi görünən göyümtül “arxlar” uzanıb gedirdi. Bir öküzün gücü o an eyni məcraya yönəlib məni boğmaqdaydı. — İndi yalnız Məsih içməz, çünki əllərinə mıxlar çalınıb, — Zulus gülərək qulağımın içinə hörüldədi, nəfəsi tütün və spirt iyi verirdi. — Üstəlik, müftədirsə, niyə içməyəsən? Müftə düşəndə axmaq adam içməz bircə, sən ki bizim ən ağıllımızsan. Eşitdin? İç, heyvanın biri, yoxsa zorla içirdərəm. Zorla içirdərəm, sənsə hıçqırıb-fınxırar, yenə süzməyimi istəyərsən. Onda da mən süzmərəm. Deyərəm, vızqırt, murdar müftəxor.
Mənim başqa yolum qalmışdımı, qardaşlar? Zehnimdəki aydınlıq büsbütün sönmüşdü, qara hirs isə gicgahlarıma vurmuşdu. Var gücümlə çabalayıb qolundan qurtuldum, başıma gətirdiyinin əvəzində Zulusa altdan-yuxarı zor bir kəllə atdım, düz ağzının üstündən tutdu: adam böyürüb addımını geri atdı, sırtıq bir ağcaqanad görübmüş kimi təəccüblə mənə baxdı, amma elə o anda da büdrəyib yaxın yumruca məzarı tapdaladığına görə ayağı torpaqda açdığı kiçicik çuxura girdi və yəqin, orada qəbirin taxtasına ilişib qaldı. Zulus səndələdi, özünü saxlaya bilməyib arxası üstə getdi.
Yan tərəfdə altlıqlarının ucu otluqda dikələn, şam ağaclarının möhkəm yerlərindən yonulub düzəldilmiş traktor daşqası vardı, görünür, qəbristanlıqdakı ibadətgaha beton xaçı onunla gətirmiş, sonra da, Rusiyada tez-tez baş verdiyi kimi, gərəksiz bilərək atıb-unutmuşdular. O burada yüz il də eləcə qala, üstünü pıtraq-qanqal örtə, yavaş-yavaş çürüyə, məzar taxtası kimi ovulub torpağa qarışa bilərdi, amma axır-aqibətdə bir ölüm işinə qarışmalı oldu.
Qəribədir, həlledici məqamlarda insanın nəzərləri son dərəcə itiləşir, çeviklik və oynaqlıq qazanır, birazdan baş verəcəkləri qeyri-adi bəsirətlə öncədən görə bilir; yəqin, qəlbdəki təlaş, dəruni qorxu və sirli maraq səbəbindən hər xırda məqam diqqət çəkir, olacaqlar əvvəlcədən əyan olur, gələcək özü isə görünməz maneləri dəf edib, zamanı sıxlaşdırıb sərhədləri keçərək geriyə üz tutur.
Zulus hələ çarəsiz halda səndələyirdi, mən isə o bircə anda, nə vaxtsa traktorun cod təkərlərinin açdığı, indi dərin şırımlı yaraya bənzəyən diş-diş izləri də, yoğrulub-dikəlmiş gilli qəbiristanlıq torpağını da, heyvan cəmdəyindəki damarları andıran, bir-birinə dolaşmış ağımtıl ot köklərini də, daşqanın sarımtıl, qabığı yonulmamış qollarının sürtülüb keçəlləşən yerlərinin işıltısını da, tirə çalınmış, üzü azacıq pas tutan, balıqçı nizəsinə oxşar uzun, yoğun mıxın ucunu da görə bilmişdim. Zulus iri gövdəsinin bütün ağırlığı ilə məhz həmin mıxın üstünə düşdü, o isə şiş buynuz kimi sancıldı adama, yazığın bədənini deşib keçdi, ucu da sinəsini quş dimdiyincə dəlib çıxdı. Fyodorun baxışları tutqunlaşdı, elə bil içində işıq yanırmış, söndürdülər, gözlərinə yarışəffaf gümüşü pərdə gəldi, ağrıdan dodaqları titrədi və al-qırmızı, qaragilə şirəsinə oxşar maye onun əyilmiş ağzının sol küncündən aşağıya nazik bir iz saldı.
Nə ağlasığmaz haldır bu, qardaşlar! Adam indicə vardı, artıq yoxdur. Kiçicik bir cəhd yetərmiş kimisə canından eləməyə. Sarsaq işdir, gerçəkdən. Mənəmmi bu — adam öldürən?
Çox da desinlər, bəs Zulus karıxıbmış, ayağı büdrəyibmiş, şərait o cür gətiribmiş, zor işlətməyibmiş, əcəlin kimi necə yaxalayacağı taleyin hökmünə bağlıymış — amma bu mənim əlimlə olub axı! Nəyə yarayar bu bəraət cəhdləri, nəyə?! Adam öldürdüm mən öz əllərimlə: gizli niyyətimi gerçəkləşdirdim.
O bədbəxtə yardım etməli, kömək dalınca kəndə yüyürüb bütün Jabki əhlini ayağa qaldırmalıydım, amma mən o an qorxuya düşdüm, dəhşətli yuxu görüb ayılmış kimi, Qırmızı təpədən qaçaraq endim, iylənmiş çaydan addayıb qamışların arasıyla özümə yol aça-aça yeridim, dizləriməcən üfunətli batdağa girərək düyünlü qızılağacların sürüşkən budaqlarından tuta-tuta bataqlıqdakı keçilməz girdabın kənarından ötüb vadinin qarşı yaxasına, codyarpaq qıjıların tünlüyünə sarı süründüm, nəhayət, təngnəfəs olduğum üçün, sinəmdəki boşluğun cingiltisini susdurmaq, çaparaq döyünən ürəyimi sakitləşdirmək istəyilə, çör-çöpdən qatılaşmış palçığın içinə sərələndim, qalan gücüm hesabına bir xilas yolu aramaq istərkən qəfil səssizlikdən bədənim sustaldı, çarəsizlikdən heyim kəsildi.
Dünya qədər, qulaqbatıran bir sükut çökmüşdü meşəyə, qanın gicgahlarıma vuruşunu, ürəyimin ağrılı çırpıntısını, bir də, yoxuşu qalxdıqda gücə düşən ağır yük maşınlarının küknarlıqdan sızıb gələn uğultusunu eşidə bilirdim.
“Oraya getmək gərək, oraya, — təlaş dolu bir fikir içəridən bunu diktə edirdi, — Moskvaya oradan gedilir, yol maşınları keçir oradan, Moskvada isə saman tayasındakı iynə kimi itmək olar...” Amma qəfil yuxarıdan kiminsə həlim, xoş səsi eşidildi: “Hara gedəsisən, hara sivişəsisən, gözəl insan? Hər harada olsan, tapacaqlar”.
Budaqlar şıqqıldadı, meşədə kimsə nazik moruq kollarını əllərilə aralayaraq yeriməyə başladı, qaynar bir nəfəs yanağımı qarsdı. Dəhşət içində quruyub qaldım... Və ayıldım.
Şükür İlahiyə! Yuxu imiş, yuxu... Ürəyim, harasa qaçırmışam kimi, gup-gup döyünürdü, canım ağzımdan çıxacaqdı az qala. Anam daxmada vurnuxur, burnunun altında deyinirdi: “Hara nə qoyuramsa, heç cür tapa bilmirəm, qocalmışam”. Psişko divanın dibində durmuşdu, qaynaq nəfəsi üzümü yalayırdı, istiləndiyindən, uzun dilini çölə çıxarmışdı; zil qara gözləri — yanıb qaralsa da, içində o əvvəlki alovun istisi hələ də qalan — bir cüt tozağacı kömürünü andırırdı. “Şükür İlahiyə, — rahatlıq gətirən bu fikir bir də keçdi beynimdən, — bütün bunlar eləcə günorta yuxusuymuş”.
Ağırlaşmış bədənimin qırışığını açıb eyvana çıxdım. Çöldə qzımar iyul havası vardı, axıra qalan ziyarətçilər qəbiristanlığın darvazasından yorğun çıxıb dağılışırdılar. Onlar mənə tərəf, nadir heyvana baxırlarmış kimi, qəribə bir maraqla boylandılar, sanki görkəmimdən ürpəndikləri üçün, tez də üz çevirdilər. Fyodor Zulus peyda oldu, sağ-salamat idi, darvazanı işgüzar tövrlə örtüb əl ağacını arxasına dayadı ki, heyvanlar basıb açmasın, sonra birdən nəyə görəsə kəskin hərəkətlə doqqaz qapısını açıb çıxdı. Zulusun sifəti ağarıb meyit rəngi almış, gözlərinin altı qaralmışdı, küt bıçaqla yarılıbmış kimi azacıq haçatəhər olan iri, uzun, qığırdaqlı burnu sallanıb qırğı dimdiyinə dönmüşdü.
Bu nə xoşbəxtlikdir, əzizlərim, bu nə sonsuz sevincdir, İlahi! İstəkli qonşum sağdır, Zulusum salamatdır, sinəsi dəf kimidir, gödəkçəsində də bir damcı qan yoxdur, bircə boğazında qəribə qançırlar var, elə bil ilbizlər gəmirib. “Yastığı — o yosma yataq yoldaşını bivaxt qucaqlayanda bax belə səfeh yuxular görər adam. Ar olsun mənə, ar...”
Daxmadan cingilti eşidildi, pəncərənin bir gözü açıldı, mavi-noxudu çit pərdə bayıra yelləndi, yenicə sobadan çıxarılmış birtəhər yemək qoxusu vurdu məni. Anamın indi qızmar tənəkədən masaya çəkdiyi piroqları kəklik qanadıyla necə yağladığı gəldi xəyalıma. Hətta bunu da hiss etdim ki, acından ağzımın suyu dilimin ucunda köpükləndi, amma dərhal da xirtdəyimə sovrulub qurudu. Elə o ani xəyal da get-gedə əriyib incələrək yox oldu. Mən küt nəzərlərimi kabusa, qarabasmaya oxşayan, bununla belə, hər bir cigisinə qədər canlı olan Zulusa tərəf çevirdim; baldırdan qatlanmış uzunboğazlarının yumşaq ağ içliyi qonur rəngli torpağa bulaşmışdı, elə bil Fyodor az əvvəl özünə qəbir qazırmış, indicə dırmanıb çuxurdan çıxaraq iş dalınca evə gəlib. Mən hələ yuxudan tamam qopa bilməmişdim, sanki qan-tər içində sərsəmə dönmüşdüm, gerçəklə röya qəribə şəkildə çulğaşmışdı. Sevincimi gizlətmədən, həmişəki tərzdə dindirdim onu:
— Məsih bayramın* mübarək, Fyodor! Nəsə olub sənə? Sir-sifətin çönüb, elə bil xortlamısan. Mənsə bayaq səni yuxumda görürdüm...
— Qulaq as, topal. Sən gəl mənim qızımı yoldan çıxartma, — Zulus söhbətə sərt girdi.
— Nə danışırsan, başın xarab olub?
— Axırıncı dəfə deyirəm, topal: sülənmə qızımın arxasınca, sənin yemin deyil o!
Zulus — sanki öz ağırlığından — topuqlarını yumşaq torpağa basa-basa arxayın yerişlə gəlirdi, əllərini kamuflyajlı şalvarının ciblərinə dibinəcən dürtüb yumruqlarını elə düyünləmişdi, deyərdin, hər cibində bir qumbara gizlədib. Mənə “topal” deməsi xətrimə dəydi, içimdəki sevinc bir andaca söndü. Kiminsə bədbəxtliyinə gülməyə nə gərək var, düz demirəm? Bu gün bazardasan, sabah məzarda...
Zulus düz üstümə gəlirdi, vücudu önümü tamam tutmuşdu, elə bil dağ yeriyirdi: qalın qaşları, dik almacıqlarına qədər tük basmış sifəti zəhmli idi, yayın balığının sürüşkən dərisinə bənzər gözləri ayaqlarımı yerdən üzdü, bir an havam çatmadı: leş, nəm torpaq, palçıqlı çürüntü, altında göbələk bitən solmuş qulançar iyi gəlirdi ondan. Qonağın qəfil hürküdülmüş qəzəbli vəhşi qaban ovqatı vardı. Məhəllənin o ucuna intizar və ümidlə baxdım ki, görüm, Artemon Barinov yenə skamyadakı yerində oturub öz nəhayətsiz papirosunu sümürürmü... Ovçudur Artemon, tüfəngi həmişə əlinin altında olur.
Zulus qarnını irəli verdi, mən də istər-istəməz ovuclarımı onun bərk, damarları görünən ətinə dirəyib, sısqa əllərimlə Fyodoru özümdən aralamağa çalışırdım. Amma lay divarı hara tərpədirsən? Bir an beynimdən keçdi: bəlkə aşağısından girişim? Ancaq yaxşı çıxmazdı, dava yeri deyildi, Zulus ölüb-öldürməyə gəlməyib ki; bir də, axı mən — şəhər adamı bu Fyodoru, madar qızına görə hər kəsin başını üzə biləcək kişini, görəsən, hansı əməlimlə təbdən çıxarmışam?
Zulusun məni qarnıyla bu cür itələməsi ya ələ salmaq idi, ya da kimsəsizi vicdan əzabı çəkmədən əzib toza döndərəcək qədər imkanlı, harınlamış birinə xas həyasızlıq...
— Ağrıdır axı, oy, yaman ağrıdır! — deyə bərkdən zarıdım. Çünki Zulus qəfil iki yanağımdan da tutub, qarmağa keçiribmiş kimi, dartdı, hərəsindən bir çimdik qoparıb özümü göyə fırıldatdı. Yastığa da, ən ali qüdrət sayəsində toplanmış ot tayasına da bənzəyən bəyaz-çəhrayı buludların arasıyla, cənnət qularına oxşar, beli qırmızı-sarı, qarnı körpə yanağı kimi çəhrayı olan qəribə, möcüzəvi quşlarla bərabər uçur, elə hey hərlənib-fırlanıb o sehirli quşların belinə, ahəstə yellənən qanadlarının ortasına enməyə çalışırdım. Ancaq bütün cəhdlərim boşa çıxdı, İlahi atmış-unutmuşdu məni, odur ki, yerə daş kimi düşüb, evin keçmiş yiyəsindən qalmış, kimsəyə lazım olmadığından eləcə pəyənin qabağına uzadılmış, indi üstünü hündür gicitkənlər, çiçəkləyən damotular almış köhnə beton xaça çırpıldım. Fəqət nədənsə o an canım çıxmadı; mənim ağırlığımdanmı, ya nəyə görəsə yer, zəlzələdəki kimi, qəfil aralandı, altımda dibsiz uçurum açıldı, amma mən oraya düşmədim, xaçın üstündə dövrə vura-vura ehmalca aşağı endim, sanki uçan xalçaya uzanmışdım: uçurumda səma — ən xırdaca ulduzların da yalın gözlə göründüyü payız gecəsindəki tək təmiz, aydın idi deyə heyrətimdən, Zulusu artıq unudaraq, qışqırdım: “İlahi, bu nə dərinlikdir belə!” Sonra isə bir daha yerüzünə dönə bilməməyin doğurduğu qüssənin, ürəyimi sıxan qəfil ağrının təsirindən inildədim...
— Oğlum, oyan. Nə çığırırsan, elə bil ətini kəsirlər. — Anam həyəcan içində çiyinlərimdən yapışıb silkələyirdi. Hələ tam özümə gəlməsəm də, şişib zığlanmış gözlərimi çox çətinliklə açaraq birtəhər anlaya bildim ki, bunlar hamısı bir yuxuymuş. Anam quş ayaqlarına bənzər incə əllərilə — eynən balıqlı piroqa tetra lələyi ilə yağ çəkdiyi kimi — başımı tumarlayır, canıyananlıqla danlayırdı məni: — Bu nə vaxtın yatmağıdır, ay oğul?! Sərbəst həyat korlayır adamı, Paşacan. Sən də dadanmısan sərbəstliyə. Odur ki, beləcə qaxılıb qalacaqsan bu divanda, ömrün necə keçdi — bilməyəcəksən... Mən isə, Paşa, yetmişiməcən məhəl qoymadım yaşıma, düşündüm, hələ yüzü də beləcə qaçıb-tullanıb yola verərəm. Bir də görürdün, səbəti qapıb götürüldüm meşəyə — giləmeyvə dalınca. Cığırla dolaşmazdım meşəni, elə hey düzünə...
Divanda oturmuşdum, boyalı döşəmədən ayaqlarımın altına sərinlik keçir, ürəyimsə bərk çırpınır, sanki sinəmdən çıxmağa can atırdı: burasını heç cür anlaya bilmirdim ki, bir az əvvəl mənmi kimisə çezdirdim, yoxsa mənimmi işimi bitirdilər bayaq...
Yuxum tədricən dumana bürünüb aydınlığını itirsə də, hansısa qaçılmaz hadisədən xəbər verən xoşagəlməz bir duyğu çöküb qalmışdı sinəmdə. Anam daxmada ahəstəcə vurnuxur, bir yerdə qərar tutmur, guya eləcə təsadüfən alınırmış kimi, gah qapı çərçivəsinin küncünə, gah mətbəx masasının kənarına əl gəzdirir, damalı süfrənin ucunu çəkib düzəldir, gah da fikirli halda piroqların qızarmış kənarlarını qoparıb hamarlayır, arasına balıq bükdüyü xəmirə barmağı ilə toxunaraq, qaydasınca bişib-bişmədiyini yoxlayırdı. Mariya Stepanovna qırx il boyunca çörəkxanada yoğurucunun böyründə durmuş, əllərilə də tonlarca xəmir yoğurmuş, “yoruldum» demədən kənd üçün çörək bişirmişdi və mən dəfələrlə oradakı masanın altında, elə döşəmədəcə — çörək qoxusu içində — yuxuya getmişdim.
Piroqlara tərəf əyilən anam, dodaqaltı söylənirdi:
— Bayramdır axı, gərək bişmiş çox olsun evdə. Bayram olanda bişmiş çox yeyilir. Bizim Nyuxçada ta keçmişdən belə olub. Unutmusan yoxsa, Paşa? Burda — Jabkidə isə, deyəsən, düz-əməlli adam yaşamır. Nə varsa, alınmadır, özü də ancaq baton — diş də tutmur. Pis yerə sürüyüb gətirdin məni, Paşa... Sən axı niyə məni özünlə hərləyirsən tutacaqsız çamadan kimi? Nəyinə lazımam bu qoca vaxtımda? Bax mənim yaşıma gələrsən, onda bilərsən ki, qocalar gərək bir yerdə otursunlar. Çünki qocaların gərək kimsəyə maneçiliyi olmasın.
Anamın bu köhnə havasını qulağımın ucuyla dinləyir, heç məğzinə varmırdım. Qəmli bir havaydı bu, yaxınlaşan ayrılıqdan xəbər verirdi: yəni əcəl qapının ağzındadır, yəni “bəsdir bu yaşımda məni ora-bura dartdın, yubanmadan apar doğmalarım uyuyan yerə; dünyanın harasına da getsən, axırda doğma torpaqda yatmalısan.
— Apar məni evimə, Paşa. Daxmam yerbəyer salamatdır hələ, amma həyət-baca havayı əldən gedir, halbuki xeyir verərdi, onca əziyyət çəkmişdik.
Odunum iki il də yansa, qurtarmaz, qoyun dərisindən kürküm, düz üç paltom, bir yekə sandıq başqa pal-paltarım var. Eh, ay oğul, burda yad şkafdakı siçan kimiyəm mən, qımıldanmağa qorxuram ki, birdən nəsə olar... Doğma yurdda isə, tutalım, yolla gedirdim, kim görsə, baş endirib salamlayırdı: “Salam, Mariya Stepanovna... Necəsən, canım-gözüm, de görək salamatlıqdırmı?” Burdasa hamı qaraqabaqdır, and olsun, başlarını qaldırıb adamın üzünə baxmırlar, dodaq tərpədib bir kəlmə xoş söz demirlər...
Nə deyəsən: gerçəkdən də, doğma yurd biz tərəfin adamlarını özünə çəkir, yatmağa qoymur, elə hey qoynuna səsləyir, gecənin yarısında böyrünü dümsükləyib bilet dalınca stansiyaya qaçmağa vadar edir, “bax gecikmə ha” deyir. Ancaq bir az düşünəndə duruxursan: hara gedəsən, qardaşlar, axı hər şey çürüyüb-tökülür. Bu boyda ölkə batıb gedir, qəpiyə güllə atır az qala, ümidini neft kranına bağlayıb dolanır. Onu da, bilinmir, Allah hansı savabımıza görə əta edib; bağlansa, ac-susuz qalıb gəbərərik.
— Olmuşam, anam, sizin o Nyuxçada, tanışdır mənə sənin bu nağılların. İndi hər qurmacaya inanır, sırsıranı şüşə karamel bilirsən.
Beş il əvvəl yol maşını ilə birtəhər gedib çıxmış, yük yerində Kengölü keçəndə az qala o dünyalıq olmuşdum. Kənd qarın altında qaldığından, tək-tük ev gözə dəyirdi, yol güclə seçilirdi, bir həftədən bəri çörək gəlmirdi — qar kəsmişdi aranı. Pəncərələr qardan görünmürdü, elə bil hamı qırılmışdı. Qapımızacan zorla gedib çıxdım. Evə girdim: anam heç gözləmirmiş... Məni görcək hərəkətlənsə də, yerindən qalxa bilmədi. Ağladı, yalvar-yaxar edib sızıldandı:
— Səni Allah göndərib, ay oğul, dualarımı eşidib... Daha burda yaşaya bilmirəm, Paşacan. Əldən düşmüşəm. Bacarmıram daha...
İndi, budur, üç il uzaq qalandan sonra hər günü katorqada keçir elə bil, guya o doğma kəndistanına bal tökülüb. Hara aparasan axı? Köhnə taxtı qaytarmazlar çıxdığı evə: ev də bir ev ola — bu neçə ildə tamam bərbad günə düşüb, əvvəldən də pəncərənin altından yumruq keçərdi, indi isə siçovullar döşəməni didib-dağıdıb, tavanda böcəklər tozanaq qoparır, çiyninlə itələsən, uçub-tökülər daxma. Odunlar qalıb bircə, odunlar, amma qızınmağa kimsə yoxdur...
* Xristianların Pasxadan 60 gün sonra qeyd etdikləri dini bayram. — Tərc.