Viktor Astafyev

Viktor Petroviç Astafyev (1924—2001) — nasir, esseist və dramaturq kimi şöhrət tapıb. Sosialist Əməyi Qəhrəmanı, iki dəfə SSRİ Dövlət mükafatı (1978, 1991) və iki dəfə RF Dövlət mükafatı (1995, 2003) laureatıdır.
Krasnoyarsk diyarının Ovsyanka kəndində anadan olub. Erkən yaşda yetim qalıb, uşaq evində böyüyüb, fabrik-zavod məktəbini bitirib, dəmir yolunda çalışıb.
1942-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, sürücü və rabitəçi kimi xidmət keçib. İki dəfə yaralanıb, kontuziya alıb, “Qırmızı ulduz” ordeninə, “İgidliyə görə”, “Varşavanın azad olunması” və “Almaniya üzərində qələbəyə görə” medallarıyla təltif edilib. Əvvəlcə Uraldakı Çusovo şəhərində, sonralar Permdə və Voloqdada yaşayıb.
V. Astafyevin ilk kitabı 1953-cü ildə çap olunub.
O, daha çox özünün “Çoban oğlan və çoban qız”, “Kədərli detektiv”, “Balıqların şahı”, “Onuncu təzim” povestləri, “Lənətlənərək öldürülənlər” adlı romanı, lirik-avtobioqrafik hekayələri, kəskin publisistikası ilə məşhurluq qazanıb. Bir çox əsərləri ekranlaşdırılıb.
O, eyni vaxtda iki fərqli ədəbi yönün — “müharibə (səngər həqiqətləri) nəsri”nin və “kənd nəsri”nin təmsilçisidir. Astafyev nəsrinin səciyyəvi cəhətləri cəmiyyətin və insanın həyatına sərt, barışmaz bir mövqedən yanaşma, parlaq və çılğın dil, psixoloji baxımdan dəqiq yaradılan surətlərdir.