Qənimət top

Yazda coşub-çağlayan, yayda isə yatıb-səngiyən, bakirə bir ukraynalı qızın döşlərini xatırladan o bir cüt təpənin arasıyla axan çayın qarşı sahilində bəyaz daxmalardan ibarət bir məskən vardı. Həm bu, həm də digər təpənin böyründə boz-bulanıq rəngli lüləvarı axınlar dirçəlmişdi. Təpələrin birləşdiyi qismdəki dərin çuxurda birləşməzdən əvvəl axınlar süzülüb, aşağı, yəni nohura tökülərkən köpüklənir, sudakı yalın kolları oxşayır, sahilləri ötənilki qumotu ilə qıdıqlayırdılar, rüzgarın didərək qamışlardan qopardığı qıçaları isə ətrafa yayırdılar, körpünün böyründəki tikanlı kol-kosdan nələrsə alıb-aparır, körpünün üstündə çiçəkləyən bədmüşkün budağıyla özlərini xəfifcə yelpicləyirdilər. Almanlar körpünü sökmüşdülər. Otu hələ payızda biçilən geniş və əyimli tarlanın üfüqlərində otuz-qırx maşın, iki sınıq-salxaq zirehli maşın, qaubitsa* və minomyotlardan ibarət bir neçə topçu batareyası, üstü maska örtüklü “katyuşalar” və daha hansısa texnika gözə dəyirdi.> Kolonnada bir dənə də minaaxtaran bölük yox idi deyə, körpünü kimin bərpa edəcəyinə dair mübahisə getdikcə qızışırdı. Heç kim bu işə həvəsli görünmürdü. Maşınlardan enən əsgərlər ötən il biçilən otlaqda uzanır, saman çöplərini dişləri arasında çeynəməklə, gömgöy səmaya tamaşa edir, ya da yuxulayırdılar. Mayor Proskuryakov elə indicə kolonnanın yanıyla keçib-getmiş və ana söyüşünə keçməmək şərtiylə, əsgərlərə təpinmiş, hər hərbi hissədən və ya onların təpənin yamacında cəmləşən qalıqlarının hərəsindən beş nəfər olmaqla təşkil etdiyi qrupları körpünün bərpa işinə yönəltmişdi.> Amma söyüşsüz də ötüşmədi və bunlar sırf RS (ErEs) nümayəndələrinə ünvanlandı. Görünür, müharibənin bu ərköyün iştirakçıları hələ də bilmirdilər ki, “katyuşaları” görən hər kəs — uşaqdan-böyüyə — çaşıb qalır və istənilən yolda — eynilə kübarlara xas bir əda ilə — yana çəkilməklə, onlara yol verir. RS kapitanına məxsus maşında indi mayor Proskuryakov şəstlə oturmuşdu, zabit isə özünün yekəxana və yeyib-yatmış əskərləriylə üzüyola şəkildə əlləşib-vuruşurdu, çünki artıq mayoru burada nüfuzlu biri sayırdı, hər şeylə bağlı yalnız ona müraciət edirdi. Özünün nüfuzundan arxayınlaşan mayor Proskuryakov da əsəbi davranışları özünə rəva görür, kolonna boyu var-gəl etməklə deyinir, hər xırda şeyə irad tuturdu. Nə olar, nə olmaz deyə, hər maşının böyrünə, həm də hava hücumuyla bağlı növbətçilər, tarlanın özündə isə müşahidəçilər qoyulması barədə göstəriş vermişdi. Elə o heyndə, yerin altından xortlayıbmış kimi, sinəsində binokl olan cavan leytenant Rasteqayev haradansa zühur elədi və özünün həmin mühafizəçilərə qoşulmaq istəyini dilə gətirdi. Mayor Proskuryakovun zəhmli baxışları bu kiçik leytenantın əyyaşsayağı, amma həyat eşqi oxunan üzündə, diaqonallar üzrə və ədabazcasına kəmərin altında yığılan uniforma köynəyində, baldır qismində xüsusi biçimdə daraldılan parusin çəkmələrində dolaşdı və o, burnunun altında: “Bax, bax, hələ” — deyə donquldandı. Sonra kiçik leytenant dabanlarını taqqıldatmaqla, bir cüt əsgərin müşayiətilə yamacdan enməklə, körpüyə tərəf yollandı. Kolxozun oradakı iki toxum anbarı damları uçduğundan zavallı bir görkəm almışdı, onların kölgəsində isə almanlara aid 75 millimetrlik toplardan ibarət batareya yerindən tərpənməmək şərtiylə yerləşdirilmiş, üzərləri isə bir qucaq çürümüş qamışla örtülmüşdü. Burada bizim hücumçular işləmişdi, onlar tikililərin damlarını qəsdən sökmüş və bununla alman topçularının canına qorxu salmışdılar, onlar da özlərinin panorama tipli nişangahlarını götürüb, harayasa qaçmışdılar, yəni nəinki yaylım atəşi açmış, hətta toplarının kilidlərini də açmamışdılar. Kiçik leytenant ilə o əsgərlər Proskuryakovun divizionundan deyildilər və haradansa gəlib, buralara çıxmışdılar. Kənardan baxan bu əsgərlərin bərkdən-boşdan çıxdığını düşünərdi, çünki əsgərləri saman anbarında yıxılıb yatdığı vaxt düşmənlə üz-üzə gəlməyi uman o leytenantcığaz əsəbi halda onların keşiyini çəkməyə məcbur qalırdı. Orduda komandirlərin belə asanca və tezbazar yetişdirilməsinə də, bəzən heç nədən, sırf vətənpərvər ruhda şüarlara və gözə girmə bacarığına görə mükafatların verilməsinə də, insanların eyni asanlıqla və sorğu-sualsız cəza rotalarına göndərilməsinə də mayor Proskuryakov həm heyrətləndi, həm də hiddətləndi, artıq cəb­hədə belə rotalar xeyli artmışdı deyə, “cəzalı” kəlməsinə hamı öyrəncəliydi və bu sözdən heç kəs hürkmürdü. Xasan təpəsi uğrunda gedən qanlı döyüşlərdə yaralanan və mükafat da alan mayor Proskuryakov əslində tərifi də, rütbə yüksəlişini də, cəzanı da haqq edərək almağa öyrənmişdi, odur ki, həqiqi döyüşçünü saxtasından ayırd etməyi bacarırdı. Onun divizionu indi bu kolonnadakı dörd batareyadan ibarət idi. Hər batareyada əlavəsiylə birgə altı top vardı. Altı dəfə dörd neçə edər? İyirmi dörd.> Toplardan məsul heyətlər tam deyildi, divizionlara rəhbərlik vzvodlarında isə ümumiyyətlə adam çatışmazlığı yaşanırdı. Ancaq bunlar gerçək güc idilər! Həm də böyük güc.> Hücuma ara verilib. Ona görə ki, yaz gəlib, hər yan çamurdur, çünki bütün qışı adamlar hücumda keçiriblər, əldən düşüb, bezib insanlar, hətta yorulmaqdan şikayətlənməyi yadırğayan mayor Proskuryakov da artıq tabdan düşüb. Ancaq bu ora-bura səpələnərək əldən düşən, yarıyuxulu görünən ordu sırf ətalətə əsasən hələ də irəliləyir, ara-sıra dişlərini qıcayan, çox vaxt onlarla üz-üzə gəlməkdən çəkinən düşmən də yorğun-arğın düşdüyü üçün elə hey qərbə, yolsuz-izsiz qaratorpaq ərazilərlə sürünməyə məcburdur. Hərdənbir döyüşə atılanda bizimkilər keçilməz sipərlə, almanların ya çarəsiz qalan, ya da yedək qüvvə ilə möhkəmlənən zirehli qruplarıyla qarşı-qarşıya gəlirlər. Düşmənin döyüşsüz geri çəkilməsinə alışan bizim döyüşçülər, bizim ivanlar əzəldən bəri özlərinə xas tənbəlliyi və arxayınlığı yenə bilmirlər, əl-qollarını sallamaqla, sayıqlıqlarını itirir, qəfil əks-hücumlara duruş gətirə bilmirlər, bax, elədə... hə, elədə onların çaşdırıcı gedişlərə ehtiyacı yaranır.> Kasad mərmi ehtiyatına malik iyirmi dörd top da o zaman dada yetişir, düşmən hücumunu dayandırır, onu geri oturtmaqla bərabər, cəbhənin hansısa qismində yaranan yırtığı-açığı yamayırlar. Elə bu səbəbdən də briqada komandiri bütün batareyalardan mərmi, bütün maşınlardan isə yanacaq toplamış, adamları ştabdan qovub-çıxarmışdı: bütün bu ehtiyatı o, mayor Proskuryakovun divizionuna vermişdi. Məhz ona irəliləmək əmri vermiş, digər divizionları isə taleyin gərdişinə buraxmışdı.> Briqada komandiri də, mayor Proskuryakov da, bu cəbhədə döyüşən bütün komandirlər də bilirdilər ki, əgər torpaqlarımızın bir qismi indi düşmən tapdağından azad edilməsə, sonradan buna daha ağır itkilər bahasına nail olunacaq. Bu cür hücumlarda isə hər şey aparılan işdən asılı olur. Elə “kombriq” də mayor Proskuryakovun çalışqan olduğunu bildiyi üçün onu irəli vermişdi.> Əgər düşmən tanklarına qarşı açıq hücum tələb olunsaydı, onda briqada komandiri mayor Proskuryakovu qabağa verməz, yaşlı və peşəkar bir zabit kimi onu qoruyardı, çünki o cür işlərin icrası üçün öz əlinin altda daha çılğın və dəliqanlı zabitlər vardı.> Həmin komandirlərin təltifləri də mayor Proskuryakovunkundan daha çox idi, yüksək komandanlığın dilindən də məhz mayor Proskuryakovun yox, həmin zabitlərin soyadları düşmürdü. İndi onlar cəbhə xəttindən çox uzaqlarda, palıd meşəsində əyin-başlarını basan bitlərə “dava” elan ediblər, yuyunur, təraş olurlar, nahara hazırlaşdıqlarından çaparları tut arağı dalınca yollayıblar, o isə burada, bu andır körpünün yanında ilişib-qalıbdır. Öz əsgərlərinə qoşularaq, maşın və tankları az qala sürüyərək irəli aparır. Briqadadan ayrı düşdüyü vaxtdan bəri onun topları vur-tut bircə kərə yaylım atəşi açıblar, indiyəcən onun qırx döyüşçüsü həlak olub, mərmilərin sayı isə yarıya enib. Bundan belə ac-susuz daha nə qədər yol qət edəcəkdilər? İndi əsgərlər maşınların içində, ya da onların böyründəki torpağın üstə yatırlar, əslində nizamnaməyə görə heç yatmırlar da, bunu haqq etdikləri üçün eləcə dincəlirlər. Onların çəkmələri dağılıb, hərbi köynəklərinin kürək qismində açılan yırtıqlar yamanıb, həm də kimisininki candərdi, kimisininki isə patava hesabına yamanıbdır. Mayın birinə hələ iyirmi gün var — təzə mundirləri, yay mundirlərini onda alacaqlar: bizim orduda mundirlərin yenilənməsi əlamətdar günlərə salınıb axı: yay geyimi — mayın 1-də, qış geyimi isə — noyabrın 7-də verilir. Bizim əsgər də bu bayramdan o bayrama — payızdan ta yaza qədər öz geyiminin qeydinə qalmalı olur. Müharibə şəraitində o mundirdəyişmə vədəsini gözləmək isə əsl müşkülə dönür. Kiçik çayın lap böyründəki bir əraziyə sataşır mayor Proskuryakovun baxışları. O əraziyə sanki müharibənin nəfəsi heç dəyməyibdir. O, böyük yollardan aralıdadır, uzaqdan baxanda görünmür, həm də onda müdafiə təyinatlı hər hansı qurğu-filan da yoxdur. Həmin ərazinin tən ortasında bircə dənə kilsə var, onun da əsas və zəng qüllələri sökülüb, indi qovaqlar, ətrafında şam kimi ucalaraq, bu kilsədən geriyə qalan qismləri öz gövdələriylə davadan-dağıntıdan qoruyurlar. Sözügedən ərazidə bir dənə də ev zərər görməyib, bostanlarda bomba çuxurları gözə dəymir. Buna görə də həmin ərazi sükuta qərq olub, yorğun və qüssəli bir təbəssüm saçır öz ətrafına. Orada xoruzlar banlayır, sağılmamış qalan inəklər böyürür. İnsanlar orda-burda gizləniblər, divarları ağardılan daxmaların gün işığında bərq vuran pəncərələri sanki adama gülümsəyir, bu ərazinin özü də elə bil əsgərlərin üzünə gülümsəyir, onları salamlayır və səsləyir. Həmin əraziyə göz gəzdirdikcə, mayor Proskuryakov səssizcə sevinməklə yanaşı, oranın sakinlərinə gizli bir qibtə hissi də duyurdu, bu yeri görmək qismət olmayan əsgərlərinin halına acıyırdı, çünki onlar daşan çay sularının yaratdığı nohurları, onların üstə çığırışaraq, dövrə vuran bekasları, çayın digər sahilindəki təpənin necə yaşıla büründüyünü görmürlər. Daxmaların həndəvərindəki və çiçəkləmə ərəfəsindəki albalı ağaclarının duruşunda bir dalğınlıq sezilir, lap uc tərəfdəki daxmanın ətrafında isə mərcan xoruz bir toyuğu qabağına> qatıb, üç-dörd dəfə ora-bura qovdu — görünür, bu “arvadı” ipə-sapa yatmırdı artıq. Həmin anlarda mayor Proskuryakov bu yaxınlarda həlak olan əsgər və komandirlər barədə düşündü. Onların həm üzlərini dəqiq xatırlayırdı, həm də necə öldüklərini. Bu divizionun başına keçənə qədərki illərdə birgə döyüşdüyü, hospitallarda yoldaşlıq etdiyi digərləriylə bağlı ayrı-ayrı təfərrüatları isə artıq xatırlamırdı. Onu tərk edib gedən insanların sayı hədsiz çox idi, bunları harasa sığdırmağa isə nə yer vardı, nə də zaman. Onlara heyfsilənməyə, adicə sözdə, gözləri yaşararaq heyfsilənməyə də mayorun imkanı yox idi. Mayor Proskuryakovun dilədiyi yeganə şey — o insanların yaşaması və bu guşəyə gəlib, biçilmiş kövşənlikdə bir hovur uzanması, yemək və zəfər barədə düşünmələri idi.> Ancaq bütün bunları təkrar yaşamaq onlara nəsib olmayacaqdı — nolsun ki, onlar mayorun xatirində hələ də dipdiriydilər?! O dostları xatırlamaq və göynəyən yarasını ovutmaq qalasıydı ona. Nolsun ki, hələ də hansısa mükafat siyahılarına adları salınır, haradasa təminat alacaqlar sırasındadırlar, haradasa arvadları və ya anaları yuxuya getməzdən əvvəl yada salmaqla, onlara şirin yuxu arzulayır?! Bir müddər bu belə davam edəcək, sonra ölülər üçün hər şey dayanacaq, hətta onların xatirəsi də həyatın o biri üzündə qalacaq, hətta xatırlayanda belə onları ayrı-ayrılıqda — Vanya, Vasya, Petya kimi yox, adi əsgərlər kimi yada salacaqlar: səngər qazan, çəlləkdə mundirini qaynadan, Hitlerə küfr yağdıran əsgərlər və doyunca yeyib, tıs vurunca yatmağı arzulayan gizirlər kimi.> Bəlkə də onların adını müharibənin adi iştirakçıları yox, məhz qəhrəmanları sırasına salacaqlar. Halbuki onlar heç vaxt buna iddialı olmayıblar, heç başqaları da barələrində bu cür düşünməyib. Elə bu səbəbdən də o Vanyanın, Vasyanın, Petyanın üz cizgiləri tədricən silinib-gedəcək, hansısa yöndəmsiz xatirə monumentindəki daş dəbilqəli heykəlin yad və biganə sifətində özünü büruzə verəcək. Bu cür yorucu və sıxıcı düşüncələr mayor Proskuryakovu cana yığırdı. Adətən “Studebekker”in oturacağına yayxanıb, gözlərini qismən qapayaraq, mürgülədiyi vaxt ətrafında olub-bitən heç nə onun diqqətindən yayınmazdı. Kiçik körpünün yanındakı əskərlərin işləməkdən çox tütün çəkməklə vaxt öldürdüyünü, deyib-güldüklərini eşi­dib-görürdü: görünür, hər rota və vzvodda olduğu kimi, onların da arasında başqalarını güldürüb-əyləndirən birisi peyda olmuşdu artıq. Belə itoynadanları isə mayor Proskuryakovun görən gözü yox idi, çünki belələri adətən hiyləgər və tənbəl tiplər olurdu, öz yüklərini avam yoldaşlarının çiyninə yıxırdılar. Ancaq mayor Proskuryakov körpünün yanına enməyə də tələsmirdi. Nahara az qalmışdı, əgər bütün bu döyüşçülər o xəlvət əraziyə girsəydilər, sonra bunları oradan çıxartmaq əsl müşkülə dönəcəkdi, çünki həm qarınlarını doyurmaq, həm də yatıb-uyumaq istəyəcəkdilər. Ərazi isə adama hər cür nemət vəd edirdi, odur ki, burada gecələmək lap yerinə düşərdi, hətta artıq o, növbətçi batareyanı harada məskunlaşdıracağını da bilirdi: qoy qarınlarını gen-bol doyursunlar, amma ev sahiblərinin bütün içki ehtiyatının dalından dəyməklə, öz döyüş qabiliyyətlərini də itirməsinlər deyə, əsgərləri daxmalarda necə yerləşdirəcəyini fikrində götür-qoy eləmişdi, istənilən an onları bir arada toplayıb, döyüşə aparmalıydı, çünki bu cür gözoxşayan, səfalı kəndlərdə düşmən pusqusuna düşmək su içmək qədər asan idi, elədə bütün divizion da, kənd də, elə özü də məhvə sürüklənərdi. Mayor Proskuryakov öz təsərrüfatının və müharibənin bu kiçik guşəsinin hüdudları daxilində nələrsə planladığı bir vaxtda kiçik leytenant Rastyaqayev binoklu gözlərindən heç ayırmırdı — bu, onun davadakı ilk qəniməti idi, tütün və bir cüt yedək mundir verməklə, əsgərlərdən almışdı onu və elə hey ətrafı müşahidə altında saxlayırdı, tütün çəkən olmasa da, o, tütün payını alırdı. Düşmən isə hələlik heç yerdə gözə dəymirdi deyə, kiçik leytenant bundan cırnayırdı. İndi bu davanın od-alovuna düşməkdən ötrü min verst o yana yollansaydı, faşistləri binoklla, yox ey, elə adi gözlə də görə biləcəkdi o. Əvvəlcə kənddə savadlı biri olan, sonra isə raykomda qruplara mühazirələr oxuyan Sergey Potapoviç Rastyaqayevin oğluydu bu Sergey Sergeyeviç və hətta yatıb, yuxuda da özünü cəbhədə görürdü, ancaq doğum ili olan 1925-ci il onun arxa cəbhədə qalmasını tələb edirdi. Ta yetkinlik yaşına çatana qədər o, oxumalıydı, ancaq sonra hər ay gedib hərbi komissarlığın qapısını kəsdirdi, daha sonra elə həmin məktəbdə hərbi hazırlıq üzrə təlimatçı işlədi, çünki döyüş və siyasi hazırlıq baxımından əlaçı idi. Ən nəhayət, hərbi məktəbə qəbul olunduğu gün anası yatağa düşdü, atası isə hiddətlə dedi: “Sarsaq! Axı sənin cəbhədə boynunu qıracaqlar. Məktəbdə əcəb işləyirdin də. Bir də axı...”. Bu “bir də axı”nın ardından Sergey xəbərdar idi: “sən sağlam deyilsən”. Bu “bir də axı...” izahı ta uşaqlıqdan bəri onun yaxasından qopmaq bilmirdi. İçindəki xəstəliyi o, çoxdan yenmişdi. Gör, nə vaxtdır, buz kimi suyla yuyunur, turnikdə hərəkətlər edir, qaçır, atəş açır, amma hələ də bu “altını çəkərsən”lərdən qurtulmayıbdır... İlahi, ziyalı ailəsində doğulmaq da əcəb çəkilməz dərd imiş! Sənin barəndə və sənsiz belə hər şeyi bilir bunlar. Yox, sən çəlimsizsən, rəngi-rufun avazıyıb, tez əldən düşürsən, doyunca yemirsən... Bezmişdi lap! Hərbi məktəbdə oxuyarkən, Sergey ata-anasına yığcam, az qala sərt məktublar yazırdı. Hər şeyə ilişən gizir Zakoroçenkonun bu cavanı “intelligentlik havasından” necə uzaqlaşdırdığından valideynləri nə xəbər tutmuşdular, nə də nə vaxtsa xəbər tutasıydılar: bu adam oğlanın “siz”, “buyurun”, “icazənizlə”, “zəhmət deyilsə” kimi kübar müraciətlərinə küt və gizli bir nifrət bəsləyirdi və yetərincə dözümlü olan bu cavan aclıqdan daha çox belə köntöylüklərdən əziyyət çəkirdi. O, Valya adlı, çılğın təbiətli və arıq bir tələbə qızdan xoşlanırdı, hətta bu qız onun ilk məhəbbəti də sayılmalıydı. Cəbhəyə yola> düşəcəyi axşam> qızla çayın sahilində duran köhnə yük gəmisinin arxasına çəkiliməklə, gənclər əsl çılğınlıqla öpüşmüşdülər, o anda belə vətənpərvərlik sərgiləyən Valyanın sıxılmış dodaqlarının arasından bu sözlər çıxmışdı: “Qır o düşməni,amansızlıqla qır!” Bunun ardınca qız qumun üstünə uzanıb, demişdi ki, yalnız onunku olmağı diləyir və bundan ötrü hər şeyə hazırdır. Ancaq Sergey özünü necə itirib, necə karıxmışdısa, üzrxahlıq eləməyə başlamışdı və onlar susqun, xəcil bir ovqatla sahili tərk eləmişdilər. Cəbhədə ikən Valya ona hər gün məktub yazırdı deyə, sevgi bağları günbəgün şaxələnib, möhkəmlənirdi, o vaxt, yük gəmisinin ardını elə-belə tərk elədiklərinə görə Sergeyin qəlbində bir peşmanlıq duyğusu da baş qaldırırdı, həm də cəbhədəki hünəriylə bağlı qeyri-adi bir şey yaza bilmədiyindən canı sıxılırdı, yalan-palana isə bir gərək duymurdu.> Uzaqdakı sevgililərinə döyüşlər barədə hər cür hap-gop sırıyan əsgərlərə isə açıq nifrət bəsləyirdi, çünki alınan cavab məktublarından belə görünürdü ki, onları yazanlar bütün bu goplamalara inanıb, heyrətlənir və onlardan ötrü həqiqətən təlaşa qapılırlar. Yeri gəlmişkən, Sergey cəmi bircə həftə ön cəbhədə olmuşdu, ümumqoşun hazırlığı keçsə də, yedək qüvvə kimi artilleriya briqadasına göndərilmişdi, içində hər şeyi öyrənib-bildiyi qənaəti yaransa da, digər tay-tuşları kimi, o da özünə hesabat verməyi, döyüş şəraitində, əgər yırtıcı xislətli komandirlər onu, sütül olmasına rəğmən, bu qorxusuz əsgəri gözümçıxdıya salmasalar,> əgər şərait də buna imkan versə, o, elə ilk döyüşdəcə təcrübə toplamağı qarşısına məqsəd qoymalıydı. Çayı keçərkən mayor Proskuryakovun rəhbərlik etdiyi divizionun bir vzvod komandiri silahıyla birgə buz təbəqəsinin altına düşüb, boğuldu. Buzun altından o zabitin cansız bədənini də, silahını da tapıb, çıxartdılar, silahı təmizləyib, yağladılar, ancaq cəsədi torpağa tapşırmaq lazım gəldi. Döyüşçülər öz əvvəlki vzvod komandirlərini çox da yad etmirdilər, bu yeni kiçik leytenantı isə qıyqacı baxışlarla süzür, göstərişlərini yarıkönül icra edir, bəzən onunla hələ söz də güləşdirirdilər, mayor Proskuryakov isə bütün bunları görməməzliyə vururdu. Son üç gün boyu davam edən döyüşlərdə kiçik leytenant iştirak eləməmişdi: mayor Proskuryakov boş yeşikləri, çəlləkləri və gilizləri təhvil versin deyə, onu briqadaya yollamışdı, bütün bu xammalı təhvil-təslim edib, əvəzində suxarı və onlarla mərmi alana qədər döyüşlər dayanmış, ölənlər torpağa tapşırılmış, yaralılar isə ya piyada, ya da yol maşınlarıyla arxa cəbhəyə göndərilmişdi. Bu səbəbdən də mayor Proskuryakov həm yanacağa, həm də mərmi və patronlara qənaət edirdi, bütün yaralıları daşımaq üçün isə zəncirləri olan bircə maşın ayırmışdı. Kiçik leytenant Rastyaqayev bütün ətraf ərazini, ona yanaşma və onu tərk etmə yollarını, müşahidə üçün, lazım gələrsə, düşməni zərərsizləşdirmək üçün uyğun olan yaxınlıqdakı obyekt və məntəqələri artıq hərtərəfli araşdırmışdı. Bu ərazidən vur-tut bircə yol keçirdi. Və onun sən deyən geniş qolu-zadı da yox idi: o, aşağı> körpünün altında, kiçik> çayların birləşdiyi yerdən başlayıb, qovaq ağacları olan yerə qədər uzanır, xeyli uzaqda, haradasa təpənin donqar qismində qovaqlardan qismən aralanmaqla, sola burulur, yoxuşaşağı endiyi yerdə isə bütün cığırları özünə birləşdirməklə, gözdən itirdi. Qəfildən kiçik leytenant məhz həmin dikdirin dərinliyindən keçən yolda üstü örtülmüş bir texnika gördü. Çuxura düşən maşının yerindəcə fırlanan təkərləri altından ətrafa çamur sıçrayır, tüstü qalxırdı, həndəvərində isə əli bel-kürəkli adamlar vurnuxurdu. Maşının burun qismi küt biçimə malik idi, sürücü də adət olunan yerdə əyləşməmişdi. Başını silkələyən kiçik leytenant Rastyaqayev qəfildən anladı ki, bu gördüyü röya-filan deyildir, bu — alman texnikasıdır, düşmən maşınıdır. Binoklu hədəfdən ayıran kimi bir göz qırpımındaca kiçilib, uzaqlaşan o maşın çamadan boyda, adamlar isə milçək boyda görünməyə başladılar. Kiçik leytenant boğuq səslə dedi: — Yoldaşlar! Almanlar oradadır! Anbarın damından aşağı atılan qamış “döşəklərin” altındakı gil divarın yanında gizlənmiş iki əsgər tez yerlərindən sıçrayıb, tüfənglərinə əl atdılar. Yan-yörələrinə göz gəzdirərək, soruşdular: — Hanı almanlar? Kiçik leytenant əvvəlcə həmin səmti əliylə göstərdi, sonra isə nisbətən yaxınında dayanan əsgərə öz binoklunu uzatdı. Ancaq o, vzvod komandirinin binoklu uzadan əlini özündən uzaqlaşdırmaqla, əlini gözlərinin üstə sipər kimi tutdu. — Çamurda vurnuxurlar, — deyə o, ağzında yığılan ot qılçığını yerə tüpürdü, sonra fınxırdı və tütün cınqılarını yandıraraq, dəlmə-deşik elədiyi mundirinin qoluyla burnunu sildi. Yoldaşı isə o ara yarıyuxulu və əzgin halda tütün çəkməyə başladı. Özünü itirən kiçik leytenant Rastyaqayevin dili, ən nəhayət, söz tutdu və o, karlarla danışırmış kimi, səsini başına atdı: — Bu nə deməkdir?! Aradan çıxacaqlar axı! Sizə deyirəm ki, almanlar, faşistlər aradan çıxacaq! Tütün çəkən əsgər mızıldandı: — Cəhənnəmə-gora aradan çıxsınlar! Digər əsgər isə yerindən də qımıldanmadı, alt dodağının şişməklə, irəli-geri getməsindən bəlli olurdu ki, o, mürgüləyir artıq. Bunu görən kiçik leytenant lap özündən çıxdı: — Necə yəni... Məruzə eləməliyik... Faşistdir axı bunlar... Komandirə təskinlik verərmiş kimi, əskər əlini yellədi: — Çox da uzağa gedən döyüllər ha, o ki qaldı məruzəyə, nəyi məruzə edək ki?! Onlar da görür. Kor deyillər, əlbət. Kiçik leytenant lap cırnadı: — Görməyinə görürlər!.. Görürlər... amma... buna heç bir əncam çəkmirlər axı! — İlahi pərvərdigara, axı buna nə əncam çəkməlidirlər?! Təmkini əldən vermə, kiçik leytenant, döyüşməyə hələ imkan tapacaqsan. Bu yerdə kiçik leytenantın səbri daşdı: — Əvvəla, “sən” yox, “siz”! İkincisi, — deyən leytenant gözlərini qıydı, — papirosu yerə atıb, ayağa qalxın! “Qalxın” dedim sizə! Qımışan əsgər könülsüz yerindən qalxsa da, papirosunu atmadı, mundirinin qolunda gizlətdi, ancaq geyimindəki dəlikdən tüstü, borudan çıxarmış kimi, dalğa-dalğa ətrafa yayıldı. Yatmayan, özünü yalandan yuxulu göstərməyə çalışdığını düşündüyü üçün bu səfər kiçik leytenant ikinci əskərin üstünə çımxırdı: — Bəs siz necə, bəlkə xüsusi bir komanda gözləyirsiniz?! Əsgər yatan yoldaşına ayağıyla toxundu: — İqnat, dursana! Sıra məşqi keçəcəyik... İqnat donquldandı: — Gedin işinizə, ə! Deyəsən, bikar qalıbsınız, adamla məzələnirsiniz. — Nə dedin? Məzələnirik? Ayağa qalx görüm! Yayxandığı yerdən qalxaraq oturan və qamış yığınlarının arasında öz papağını axtaran əsgər donquldandı: — Hə, qalxdım, qalxdım, niyə qızışıbsınız axı belə? Elə bil bəngotu yeyib ha, durmadan çığırıb-bağırır. Həmin vaxt alman texnikası yoxuşla üzüyuxarı dırmaşırdı və az sonra təpənin o biri üzünə keçməklə, tamamilə görünməz olacaqdı. Bu məqamda anbarın arxasında topun olması kiçik leytenantın yadına düşdü. O, çılğın bir tərzdə əsgərlərinə əmr elədi: — Ardımca gəlin! Onlar da çiyinlərini çəkərək, tüfənglərini və içi boşalan çiyin çantalarını götürüb, sarayın arxasına tərəf getdilər. — Bel varınızdır? Haydı, top mahmızlarını qazıb-çıxarın! Topu yerində döndər! Döyüşə hazır vəziyyət al! — Buna dəyməz ey, kiçik leytenant! Buna nə gərək var axı?!.. — Susun! — Yaxşı, susdum, susdum. Nisbətən cavan sayılan əsgər isə, deyəsən, kiçik leytenantın məqsədinə şərik idi, buna görə də top mahmızlarını əlüstü qazıb çıxartdı. — Bəs nədir? İndicə təşkil edərik. Elə deyil, İqnat? İqnat buna cavab vermədi, yoldaşını süzüb, başını tərpətdi, üçlükdə topun üzərinə çökdülər, hıqqanaraq, yarıkönül və deyinərək, topun ağzını bu yana döndərdilər. İqnat isə bu alman topunun mahmızlarını qazıb-çıxartmağa girişdi. — Bəs necə nişan alacağıq?! Nişangahı almanlar özləriylə aparıb axı! Barmaqlarını şaqqıldadan kiçik leytenant Rastyaqayev dilləndi: — Lüləyə əsasən, yoldaş döyüşçü! Lüləyə əsasən! Artıq onun hirsi, küyü yatmışdı. Hətta bu kor-kobud İqnata rəğbət hissi də duyurdu. Görüb-götürmüş, bərkə-boşa düşmüş cəbhəçi elə belə də davranmalıydı da. Əgər az əvvəl kiçik leytenant Rastyaqayev bir az əsib-coşmuşdusa, bu da döyüş şəraitində başa düşülən haldır. — Lüləyə əsasən nişan almaq çətindir. Elə şeyləri ancaq kinoda görmək mümkündür. Hətta nişangahla atılan mərmilərin də çoxusu hədəfdən yan keçir... — Niyə belə durmadan deyinirsiniz axı?! Mərmi qoy! Atəşlə! — deyə kiçik leytenant çımxırdı. — Alın, atın, döyüşün görüm! — deyən İqnat içində mərmi olan uzun gilizi topun lüləsinə oturdub, qapağı örtdü. İkinci əsgər dəstəyi fırlatdı, nişan aldı, lüləni zənnlə süzən kiçik leytenant Rastyaqayevin rəngi avazıdı və o, bağırdı: — Yuxarı, yuxarı qaldır onu. Bir az da. Saxla! Azca sola ver. Dur! İndi atəş açacağam! — barmağıyla düyməni axtardı və onu tapan kimi dodaqlarının arasında, az qala pıçıltıyla: — Atəş açıram! — dedi və gözlərini yumub, düyməni basdı. Topdan sərt və gurultulu bir səs qopdu. Mərmi təpədən bir xeyli o yanda partladı, gurultudan yer-göy silkələndi, qulaqları bürüyən o səslə birlikdə havaya iri, göbələkvarı bir tüstü buludu yüksəldi — Rastyaqayevin vətənində bunu adətən “qoymagəldi” adlandırırdılar. O kütburun maşının həndəvərindəki adamlar pərən-pərən düşməklə, ora-bura qaçışdılar. Həm komandir, həm də gözləri sevincdən parlayan o cavan əsgər eyni vaxtda sevinclə qışqırdılar: — Aha-a! Sonra komandir əmr elədi: — Yoldaş döyüşçü, birini də! Cavan əsgər sadəlövhcəsinə ondan soruşdu: — Sizin adınız necə idi, kiçik leytenant? Sonra sualına cavab gözləmədən özünü təqdim elədi: — Mənim adım Leoniddir. Yəni Lyonya. — Ço-o-x gözəl! Döyüş şəraitində tanış olmamıza şadam. Soyadım Rastyaqayevdir. Kiçik leytenant Rastyaqayev. — Bunun ardınca qəddini dikəldib, çığırdı: — Mərmi qoy! — Çox da atəş açmayaq, yoxsa düşməni duyuq salarıq, — deyərkən baxışlarını yana tutan İqnat növbəti mərmini topun lüləsinə itələdi. Kiçik leytenant lap özündən çıxaraq: — Siz lap mız-mızı olub getdiniz ha! — dedi və bu səfər nişangaha göz atmağı unu­daraq, düyməyə basdı. Tüstü dağıldığı vaxt heyrətdən əllərini yana açan İqnat dedi: — Bax, bax, mərmi daxmaya tuş gəldi, qorx ki, içində hələ uşaq-böyük də ola... Gözlərini qarşı tərəfə zilləyən kiçik leytenant Rastyaqayev öz əməlinin nəticəsini görməyə çalışırdı, qəfildən baxışları bir daxmanın tünd rəngli saman örtüyündə açılan dəlikdən burularaq yüksələn bəmbəyaz tüstüyə sataşdı və bunun ardınca oradan boy göstərən alov dilimləri günəşin fonunda solğun bir atəş görkəmi aldı. Kiçik leytenantı əliylə topdan aralayan İqnat daha ustalıqla və cəld davranmağa başladı. Növbəti mərmilər maşından uzaqda, dikdirdə partlayırdı və onlar inanırdılar ki, bu dəfə faşist maşınını — körpünü dağıdan o əsgərlərlə birlikdə — daha sərrast vura biləcəklər. lang="en-US"> Maşının üstündəki antenaya əsasən təxmin eləmək olardı ki, bəlkə onun içində hələ radiostansiya da var. O radiostansiyanı xidmət personalı ilə birlikdə ələ keçirmək daha uyğun olardı. Maşının həndəvərində ən azı beş nəfər vurnuxurdu, odur, təkərin açdığı dərin izdə onlar torpağa uzanıblar və yerlərindən qımıldanmırlar. lang="en-US"> Qəzəblə, narazılıqla nərə çəkən topdan çıxan mərmilər isə hələ də hədəfdən xeyli aralı düşürdülər. Ko­lonnadan onlara tərəf qaçan bir əsgər əllərini havada yelləməklə, xəyali bir lülənin ağzını qapayarmış kimi hərəkətlər edirdi. Atəşə ara verdilər. Əskər onlara səslənirdi: — Ehey, niyə sarsaq işlərlə məşğulsunuz? Yoldaş mayor deyinir orda. Özündənrazı halda gözlərini qıyan kiçik leytenant Rastyaqayev dedi: — Yoldaş mayora deyin ki, əgər düşmən öz texnikasını çəkib aparır və A. M. Qorki demişkən, təslim olmaq istəmirsə, yatmaq yox, onu dayandırmaq və məhv eləmək lazımdır... Və... Yerində dön! Buna gülməyi tutan İqnat başını yırğaladı, Lyonya isə gərnəşərək, yarıciddi, yarızarafat soruşdu: — Bəlkə bir az da ataq? Qoy şalvarlarını bulasınlar... — Haydı! Diviziondan göndərilən o qasid Proskuryakovun maşınına çatana, kiçik leyte­nantın dediklərini sözbəsöz yerinə çatdırana qədər onlar iki kərə də atəş açdılar. Sözbəsöz çatdırmasının səbəbi isə indiyədək hələ heç kəsin ona o aşağılayıcı: “Yerində dön!” komandasını verməsi idi, axı o qasid mayorun qulluğunda çoxdan bəri, həm də daima dayandığından onun xasiyyətinə yaxşıca bələd idi. Mayor nərə çəkdi: — Necə, necə?! Elə bu dəqiqə o dəliqanlının yanına dön və tapşır yanıma gəlsin! Qasid sevincək bu göstərişin icrası üçün yerindən götürüldü. O ara uzaqdan, dikdirin o biri üzündən boğuq və ətürpədici atəş səsi eşidilən kimi əsgər yerə yatmağa, mayor Proskuryakov isə “Studebeker”dən bayıra çıxmağa güclə fürsət tapdı, kolonna isə altılüləli minomyotun atəşinə məruz qaldı. Sonra araya sükut çökdü. Çamur tikələri ora-bura sıçradı, toz-duman isə yatdı. Cəmi bircə atəş ­oldu. Görünür, almanların da silah-sursat ehtiyatı azalmışdı, amma açdıqları o bircə atəşlə onlar kolonnanı, eynilə bir kərtənkələ kimi, iki yerə bölə bilmişdilər, zərbənin gücündən geriyə atılan yük maşını tüstülənməyə başladı, yaralılar bağırdı, yanan “Zis”-in> ətrafındakı maşınların bəziləri irəli, digərləri isə geri sıçramalı oldu. Döyüşçülər onun bortunun> ardından bir> cüt ölmüş əsgəri dartıb-çıxartdılar, hələ kənardakı bir neçə nəfər də xəsarət almışdı: vurulan yük maşınının yanacaq çənindən sıçrayan benzinin alışması nəticəsində onların saç və mundirləri alov almışdı.> Aşağı tərəfdə, körpünün böyründə görülən iş atəşə qədərkinə nisbətən sürətləndi, sürücülər çoxdan etməli olduqları şeyi elədilər — maşınları meydan boyu sürüb, daldalanmaq, gizlənmək üçün bir yer və vasitə aradılar, “katyuşalar” dam örtüksüz taxıl anbarlarının arxasına çəkildilər, avtomatlarına elə qaça-qaça yeni disk taxan əsgərlər anbarın arxasına, az əvvəl düşmənin atəşə tutulduğu anbarın arxasına tərəf götürüldülər. Yerdən qalxmağa çalışdığı anlarda mayor Proskuryakov bütün bu olanları görməyə fürsət tapdı və döyüşçülərin bu cür çılğınca, həm də əliavtomatlı anbara tərəf qaçmasının səbəbini anlayınca isə bağırdı: — Dayanın! “Dayanın” dedim sizə! Amma onu ya eşitmir, ya da eşitmək istəmirdilər. Bütün kolonna boyu əsgərlər söyüş söyərək və silahları qəzəblə havada oynadaraq, həmin o qənimət topa tərəf axışırdılar. Yaranmış şəraitdə qışqır-bağırın bir işə yaramayacağını dərk edən mayor Proskuryakov da o topa tərəf götürüldü. Həm çəkisi artmışdı, həm əyni qalın idi, həm də çoxdan bəri qaçmırdı, bir də axı müharibədəki komandirlər sadəcə geri çəkiləndən-çəkilənə qaçırlar, hücum vaxtı isə sıravi əsgərlər əmrə görə, ya əmrsiz, yəni iş dalınca, ya da elə-belə ora-bura qaçışırlar. Əsgərlərə, xüsusilə də cavanlara qaçıb çatmaq təpərində olmadığını boynuna alan mayor düşündü ki, yəqin kiçik leytenant Rastyaqayev hər halda indiyəcən öz döyüş əməliyyatını bitirmiş olar. Odur ki, elə qaça-qaça, koburanı açdı, onun gön divarına yapışan tapançasını çıxarıb, bütün güllələrini havaya boşaltdı, bununla o, adamlarının diqqətini ötəri də olsa, yayındırmaqla yanaşı, həm də özünə cəmləmək istəyirdi. Ancaq bu da bir işə yaramadı. Çünki o boz kütlə artıq topu dövrəyə almışdı. — Qar-daş-lar, rəhminiz gəlsin, — deyən quru və ümidi kəsilmiş bir səs eşitdi Proskuryakov. Bu səs insan xislətinə yaxından bələd olan, görüb-götürmüş birisindən qopa bilərdi. Bağırtı Proskuryakovu sılkələdi. İçində olan-qalan gücü toplayaraq, o, əsgərləri itələməklə, dövrəyə duranları yarmağa çalışdı. Nisbətən yaşlı və cavan olmaqla, iki əsgəri döyürdülər.> Anbara tərəf, yəni geri atılan kiçik leytenant Rastyaqayev isə qamış dərzlərinin arasında eşələnməklə, ayağa durmağa çalışırdı, bir əliylə burnunun qanını silir, digər əliylə isə özünün kirza koburasında ilişib-qalmaqla (bəlkə xoşbəxtlikdən) oradan çıxmayan naqanıyla əlləşirdi. Bu cür davam etsəydi, bir an sonra burada heç kəsi saxlamaq mümkün olmayacaqdı. Nəfəsi daralan Proskuryakov xırıltılı səslə hamıya səsləndi: — Farağat olun! Dayanın! Sonra vzvod komandirinə tərəf cumub, naqanı onun əlindən aldı, bunun ardınca isə, özünün sırf komandir vərdişinə sadiq qalaraq, əmr elədi: — Hamı farağat dursun! Hiddətdən rəngi avazıyan, əsib-titrəyən döyüşçülər arasında bir çaşqınlıq yarandı: o iki əsgəri yerdə sürükləmələrinə, təpikləyərək döymələrinə onlar ara verdilər. Elə indi, vaxt itirmədən, çığır-bağır salmadan bu yorğun və bircə anda iblisanə bir gücə çevrilən kütlənin könlünü almaq lazım idi — bəli, məhz döyüşçülər dəstəsinin yox, kütlənin. Mayor bacardıqca ciddi, həm də çox uca sayılmayacaq bir səslə: — Kiçik leytenant Rastyaqayev, siz həbs olunursunuz! — deyib, yavəri yanına çağırdı, — apar kiçik leytenantı! Bir göz qırpımında haradansa peyda olan Pişenko əlini papağının tuşuna qaldırmaqla dedi: — Baş üstə! — Dişlərini qıcayıb, Rastyaqayevə isə bu cür təpindi: — Hə-ə, yaramaz, hə-ə, əclaf, vayın çatıb artıq. Əzişdirilən bir cüt əsgər isə o ara dikəlib, torpağın üstündə oturmuşdu, onlardan cavantəhəri mundirinin cırılan ciblərindən yerə səpələnən məktubları, sənədləri yığır, için-için ağlayaraq, suallar yağdırırdı: — Axı niyə bizi belə... İqnat dayı, hə? Niyə axı, hə? İqnat isə özünün gilizlərin hisindən qaralan iri əllərini mundirinin yaxasında gəzdirməklə, onu düymələməyə çalışırdı, amma mundirin yaxasında cəmi bir düyməsi qalmışdı, onu da gah ilgəkləyir, gah da açırdı. Gözünün altına ilişdirilən yumruğun yerində yaranan şiş böyüyüb-göyərməkdə idi, onun tabağabənzər sərt, dərin qırışlarla örtülü və bığlı sifətində bu şiş tamamilə yöndəmsiz, yersiz görünürdü, gözlərinin kənarlarını da şüaya bənzər qırışlar basmışdı. Hay-küydən qulaq tutulurdu. Həmişə belə olur axı — əlləri işsiz qalan əsgər bütün gücünü boğazına verir: — Bu əclaflar döyüşmək iddiasına düşübmüşlər! — Qoca kaftar da onlara qoşulub! — Gör, nə qədər adam bunların güdazına getdi... — Cındırlar! Siz gedin mayora dua edin, yoxsa... — Özlərinə oyuncaq tapıblar! Dava-dava oynayırlar. — Guya heç fürsətləri olmayacaqmış! — O bala leytenantın da könlünə orden düşübmüş! — Hə, ənginə bir dənə yağlı orden aldı o! — Deyək ki, o, cavandır, ağlı kəsmir, bəs bu qoca kaftar hara soxulurmuş axı?! Hər cür söyüş səslənirdi, irad və qınaqlar daha çox idi, amma qızğınlıq yavaş-yavaş səngiyirdi, ürəklərdəki kin yatırdı artıq. Bunu sezən yaşlı əskər dilləndi: — Keçin təqsirimizdən, qardaşlar. Günahımı boynuma alıram, gərək cavan leytenanta mən ağıl verəydim. Bu isə avamın biridir, — deyib, İqnat yoldaşına göz ağartdı. — Gedək biz... Kolonnadan topa tərəf axın-axın gələnlərin üz-gözündən dərin qətiyyət yağırdı. Döyülən əsgərlərin oradan aralanmasını gözləyən mayor Proskuryakov uca səslə və sərt şəkildə rica elədi: — Xahiş edirəm dağılışın, yoldaşlar və hərəkət etməyə hazırlaşın. Kiçik leytenant sırf bir oğlan uşağı kimi çılğın səslə etiraz elədi: — Mən istəmirəm. Mən gəlməyəcəm! Yerimdən də tərpənən deyiləm. Son nəfəsimə qədər savaşmağa, döyüşməyə niyyətliyəm! Bu yerdə Pişenko onu necə dürtmələdisə, adam az qala yıxılacaqdı, leytenant sürüşüb, yerə düşən papağını qaldırdı, lang="en-US"> onu dizinə çırparaq, daha uca səslə bağırdı: — Dörd ildir döyüşürsünüz, belə getsə, bu iş hələ on il də uzanacaq... Ayaq saxlayan mayor kiçik leytenantı başdan-ayağa zənnlə süzdü, hamının dəqiq eşidəcəyi tərzdə: — Qo-o-duq! — deyə çımxırdıqdan sonra iti addımlarla mühərriki artıq işləməkdə olan “Studebekker”inə tərəf yönəldi. Pişenko da kəskin şəkildə, həm də hamı duysun deyə, kiçik leytenanta bağırdı: — Haydı, gedin, tez kabinəyə yollanın, yoxsa belə naxoş saatda bezdirdiyiniz bu adamlar sizin dava arzunuzu da gözünüzdə qoyarlar! — Necə yəni gözümdə qoyarlar? — Çox sadə! Leşini qoyar və səni də, odey, bax, orada sarsaqlığına qurban gedən oğlanlarla birgə torpağa gömər, taxta lövhəyə isə yazarlar: “Alman işğalçılara qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”, necə öldüyünü də anana danışarlar. Ölüb də, ölüb... — Pişenko qanıacı adam olsa da, mayora dərin rəğbəti vardı, üzünü yana tutub, əlavə elədi: — Bizim mayor isə hələ Xasan döyüşündə yaralanıbmış... — Bir az susub, dedi: — Amma yoldaş mayor çox nadir hallarda ağır söyüşə keçir. Ta axşam düşənə qədər Rastyaqayev maşının kabinəsində oturmalı oldu. Üfüqlər qaralana körpü təmir olundu və kolonna Qriçev adlanan qəsəbəyə sarı yola düzəldi. Orada başqa, həm də daha cələqırmış bölmələrin əsgərləri daxmalarda yerləşməklə, yüksək nöqtələrdə müdafiə mövqeləri tutdular, topçulara qədərki məsafəyə rabitə xətti çəkdilər, sursat, yanacaq və azuqə dalınca yük maşını göndərildi. Naqanını qaytardıqdan sonra kiçik leytenant Rastyaqayevi inzibati vzvoda məxsus yük maşınına mindirib, arxa xəttə göndərilən nəqliyyat vasitəsini müşayiət etməyə yolladılar. Özbaşınalıq etməməyi, məsul tapşırığı ciddiyyətlə yerinə yetirməyi, imkan daxilində daha çox mərmi və suxarı gətirməyi tapşırdılar ona. Pişenko ma­yorun sözlərini eyhamla ona çatdırdı: “Həm də yolda öz davranışını bir götür-qoy da elə”. Burnu şişən kiçik leytenant Rastyaqayev “Qaz”-ın qapısını şəstlə çəkib bağladı, sürücüyə yola çıxmaq göstərişi verdi və düşündü ki, ayrılarkən Pişenkonun ona dediyi sözlər heç də mayorun yox, komandirin bu şilləvuranının öz sözləridir, amma hər halda bunlar üzərində baş yormaq lazım gələcəkdi.