Əziz Katull! Söyüşək, mübahisə eləyək...

* * *
Əziz Katull! Söyüşək, mübahisə eləyək,
tündməcaz Falernoyla gəl oturaq diz-dizə;
bu dərdisə eybi yox, eləcə ötüşdürək
və boylanaq güzgüdən elə bir-birimizə.

Al tüstülət bu qəmi. Heç sormursan, kiməm mən?
Harda? Nə vaxt? Qırxmıram niyə axı bığımı?
Həm də səni güdürəm şüşənin arxasından? —
Sən bir hiperboreyin — özü də qaşqabaqlı —

qonağısan unutma. Biz səninlə nə yuxu,
nə də ki müəmmayıq, istəsən çay dəmlərik
limon qabıqlarıyla, otlardan çoxlu-çoxlu,
hələ yarım piltə də biz şokolad yeyərik.

Yəqin bir on il keçib olmamısan Romada:
indi toqa dəb deyil, gülərlər xısın-xısın.
Hə, mənimçün beləydin — göygöz, yaxşı formada,
boy uzun, qamət şamşax, saçlar da ki, sarışın —

xəyalımda sən daim — dəftərlərin bəyazı
əbədidən həyata qaytarıb sətirləri,
oyadıb qaralanda. — Əziz Katull, mən razı,
gəl ittifaq bağlayaq, dəyişək ürəkləri.