Siqaret çəkməyə çıxmışdıq 17 illiyə...

(kitabdan parça)

Maşa

Sən məni tərk edəndə — daha doğrusu, tərk etməmişdin, sadəcə, telefon söhbətini kəsmişdin, elə bil büdrəyib əlindən salmışdın — bizim o uğursuz söhbətimiz, intihar edən adam sayağı, kəlləmayallaq yerə gəlmişdi; axı sən mənimlə həmişə bu cür, indicə əlindən salacaqsanmış kimi danışmısan: fasilə, əlaqənin kəsilməsini bildirən qısaca “du-du” siqnalları gəlib, sonra da zəng çatmayıb...

Sən məni tərk edəndən sonra, hərçənd belə bir hal artıq olmuşdu, qəfil, səbəbsiz uzaqlaşmaları əvvəllər də — restoranda, ya da yolun ortasında, özü də heç bir izahı olmadan — sınaqdan keçirmişdin: di gəl iki gün axtar görüm-tap görüm...

Sən getdin, mənsə hiss etdim ki, məşq, aldatmaca deyil budəfəki və yalqızlığın dəhşəti suda beyni çönmüş xilasedicinin isti, yaş vücudu, ya da köksünü hava ilə doldurmaqdansa, əksinə, qəfil nəfəs alaraq mənim ciyərlərimi kağız torba kimi bürüşdürən som balığı sayaq çökdü üstümə, o an mənə elə gəldi, ölürəm, ölürəm, ölürəm vahimədən...

Belə bir dağıdıcı-çürüdücü vəziyyətdəyəm.

Yəqin, sən əvvəllər tərk edəndə də beləcə ölürmüşəm, amma qayıdırmışsan və mən, yükünü yerə qoyan zahı qadın kimi, sevinir, dərhal da o sarsıntılı halımı tamam unudurmuşam.

Sən telefon xəttilə getdin, nə ertəsi gün zəng vurdun, nə bir həftə sonra. Və bir anda — zamanın möcüzəvi təzahürüdür həftənin bircə ana sığışması — gerçəkdən hər şeyin bitdiyini dərk etdim. Dərhal da o ötən yeddi sutka, iksiri pozulmuş meyitlər kimi, şişib partlayaraq minlərcə ağrı-acılı dəqiqəyə bölündü.

Bir dəfə, əsl cəbhə rabitəçisi səbri ilə, üç saat dalbadal yığdım sənin nömrəni — siqnallar, siqnallar. SMS-lər göndərdim sənə. Kobud: “Ey q... bə q... ıq!” və incə-acizanə: “Sevgilim, başa sal görüm nə olub?!”

Səni — qadınlar üçün dalda bir guşə olan, amazonkalara, yalnız və yalnız qadınlara məxsus ayaqyoluna bənzəyən — “CJ”də (1) sözümü çatdırmaq istədim, amma rəyimi qəşəngcə sildin, özümü isə “əngəllə”din (elə bil ayaqyalın, alt paltarında aparıb, şalbanlardan tikilmiş hisli hamamın arxasında boynumun kökündən vuraraq öldürdün).

Binanızın giriş qapısında güdüb səni tutmaq istəsəm də — içəri girmək olmur, liftə düşən yolu döşlü-başlı qadına bənzər qapıçı kəsir — ağıllı davranıb bu niyyətdən vaz keçdim, tək yox, mənim kimi yazı sənəti üzrə təcrübə keçən başqa bir kişi xeylağı ilə gələ biləcəyindən qorxdum.

Körpələr gözünə xoş dəyən hər zir-zibili ağzına apardığı tək, sən də məni təcrübə üçün çəkib evinə salmışdın: növbəti kağız-balama həm təşəxxüs, həm də qorxu ilə təqdimat keçirdiyim kitab mağazasından götürüb getmişdin.

Onda mən yeni gəlmişdim Moskvaya. Elə bilirdim, qazanc dalınca gəlmişəm. Noyabrın ilk soyuqları işimi iqlim hadisəsinə çevirdi: şaxtalı havada ayaqlarımın altında xırçıldayan bəyaz buzlar oldu qazancım.

Evsizdim, üç gün nəşriyyatın binasında qaldım, sonra da ucuz bir hücrə tutdum “Tyoplıy Stan” (“İsti Məkan”) metrosunun yaxınında: bu ikibaşlı ad tezliklə şəkərli quru meyvələrlə, Orta Asiya məkanından olan miqrantlarla eyniləşdi: Özbəkistan, Qırğızıstan, Tyoplıystan...

Qız kimi bəstəboy olan pulgir ev sahibəsi qapı yerində örtük sallanan, pəncərəsindən isə palaz boyda sarğıya bənzər tozlu pərdə asılmış bir otağa görə səkkiz min qopartdı məndən. Yazı masası yox idi, əvvəl-əvvəl notbukumu pəncərənin altlığına qoyur, yanpörtü bükülüb birtəhər otururdum. Sonra divarboyu mebelin önünə keçdim. Mebelin qapılarından biri, qala darvazası sayaq, üzüaşağı açılıb üfüqi vəziyyətdə qalırdı. Onu özüm üçün masa elədim. Dar idi amma bu qapı, üstünə notbuk ancaq sığır, demək olar, bir “siçan”lıq da yer qalmırdı, ehtiyatsız davranıb dirsəyimi “siçan”a toxunduranda düşür, asılmış adam kimi, teldən sallanıb yellənirdi.

Divanın yuxarısında, marqarin sarısı divarda üç yalın mismarın — bərabəryanlı üçbucağın yastılanmış üst tili kimi hamar — çıxıntısı görünürdü, bir vaxt şəkil, ya da rəsm saxlayırmış.

Otağa pəncərənin yarığından yel keçirdi. Oranı qapatmaq istəsəm də, alınmamışdı, pəncərə yenə soyuq, həm də təzə-tər hava buraxırdı içəri.

Tezcə bir yazı-pozu işi tapıldı məndən ötrü, aylıq jurnal üçün on beş min rubla köşə yazırdım. Neçə günümü ona sərf edir, əlüstü yığınla söz düzüb-qoşur, diqqətçəkən bir köşə hazırlayıb, redaktorun qayçısının ağzına göndərirdim. Qalan vaxtda yeni kitab üstündə işləyirdim. İstirahət günlərində isə axşamları səninlə keçirirdim. Dalbadal dörd ay beləcə ötdü.

Sən 8 Mart ərəfəsi kəsdin mənimlə aranı. Jurnaldakı ötərgi tanışlardan biri (boynuma alıram, səndən hamının yanında, kimə gəldi gileylənmişdim, yəni beynim o qədər çönmüşdü) qalınlığına salıb məzələnərək: “Əla qız imiş. Mart təbrikinə xərcin çıxmayacaq”, — demişdi mənə. Çarəsiz gülümsəmişdim o ötərgi səfehə, içimsə çürük diş yeri kimi sızıldamışdı.

Kökündən kəsilmişə, içi boşalmışa dönmüşdüm, elə bil köksüm, mart küləyi dəydikcə, xışıldayır, plastik torba kimi şappıldayırdı. Yerişim birtəhər olmuşdu, müvazinətimi itirmişdim, yerindən qopmuş afişa kimi hərlənib-vurnuxur, uşaq itirmiş dayə tək tez-tez ətrafa boylanırdım...

Təlaşlı, narahat olmuşdum. Səs nədir, istənilən qəfil hərəkətdən diksinirdim. Bir dəfə şalvarım kürsüdən sürüşüb döşəməyə düşdü. Az qala səssiz, amma gözlənilməz bu təmasdan az qala ürəyim qopmuşdu.

Yaralı şikar idim, təbiətdəki bütün qüvvələr və şəhər deyilən ormanın keşikçiləri dərhal üstümə düşdülər. Yaradıcı əlil olduğumu hiss edən redaktor ilk dəfə köşə yazımı üstümə qaytardı — birtəhər tutduğum o sütuna uyğun gəlmirmiş. Zəhrimarı yenidən yazdım, yenə yaramadı — al, gəldi, al! Aldatdı, ağladanacan, vicdansızcasına döşədi naşir — al, al! Ev sahibəsi pərdəni çəkib qiyməti on minə qaldırdı — xoşuna gəlmirsə, o yol, o da sən!..

Bu hərtərəfli pasternaksayağı döy-sındıra o biri şəhərdəki yarım da qoşuldu: mən onun uğrunda (ya əlindən?) buradakı şaxtalara vurmuşdum özümü. Zəng etdi. Bilmirəm, hansı instinktləsə anlamışdı ki, əzib axırıma çıxmaq lazımdır: — Şərəfsiz! Sən bizi atdın! — hələ bu tonda danışmamışdı mənimlə. Ciyərparam, cuppulu oğlum böyründəydi, qulağım çaldı ki, yanıqlı səslə ağlayıb yalvarır: — Ana, ay ana, qışqırma atamın üstünə!

Yadımda deyil, nə cavab verdim, deyəsən, etiraz etdim:

— Mən burada, Moskvada heç də, sənin dediyin kimi, “qayrışmıram”, ay səfeh, işlə məşğulam!

Yarım, hönkürtüqarışıq cikkə ilə bitirdi söhbəti: — Görüm səni gəbərəsən, ibnə!..

Qəti incimədim. Söyüş əvvəlki mənasını itirmişdi. İbnə? Olsun. Yarım eyni rahatlıqla “futbol qapıçısı” da deyib qarğaya bilərdi məni: — Görüm səni gəbərəsən, qapıçı!

İkinci həftənin başında sənin yoxluğun tənəffüs-damar problemi olmaqdan çıxdı. Qüssə sümüklərimə yayıldı. Qabırğalarım gərginlik içində sızıldayırdı, sanki hərəsindən bir titrək məftil keçirdi. Yuxuya getmək üçün valokordindən — qarılar içən nanəli dərmandan — döşəyirdim. İki saatlığa keyləşdirə bilirdi. Hər səhəri qızdırma içində açırdım, sanki məni od vurulmuş spirt gölməçəsində yuvarlayırdılar, elə bilirdim, ayılmamışam, tək bircə fikirlə alışıb-yanıram: getdi mənim sarışınım, merilinəbənzərim...

Əvvəl-əvvəl səni alkoqolla unutmağa çalışdım. Sağlamlığım bu sakit təsəllini mənə çox gördü. Həvari sayında — “onikibarmaq” yaralarım tam tərkibdə mənə qənim kəsildi. Səhərlər qıcqırma qida borumda inkvizisiya tonqalı qalayırdı, elə bilirdim, gəyirəndə yanar közlər çıxır ağzımdan.

Həbsxana divarı kimi üzümə dirənən həsrətin əllərimi işdən soyutdu mənim.

Bir vaxtlar çevik olan barmaqlarım iş görməyi, “karel tozağacısından kəlmələr yonmağı tərgitdi — tornaçıya rəhmət...”(2). Köşəmi əlimdən aldılar.

Vəsvəsə və zehni dağınıqlıq içində bir ay keçdi. Sonra sanki içimdən qəlpə-qəlpə qoparıb atmağa başladım səni. Olub-qalan SMS-ləri pozdum, notbukdakı şəkilləri sildim. Yerimə kimisə tapıb-tapmadığını yoxlamaq üçün saatbaşı “Jurnal”ına göz atmaqdan da əl çəkdim.

Sən məni ayaqlarımdan biçib yıxmışdın. Amma protez taxıb qalxmaq, “Kalinka” oynamaq, köşəlik sütun axtarmaq vaxtı gəlmişdi.

Başlanğıc üçün otağa əl gəzdirməyə qərar verib ev yiyəsinin tozsoranına əl atdım.

Yüzillik divanın arxasındakı toz yığınından keçmiş sakinin iyrənc bir mirası çıxdı: səkkizayağın qoparılmış xortumuna bənzəyən, qeyri-adi mürəkkəb rəngində, işlənmiş bir prezervativ. O “rezin leş” boğazından keçənəcən tozsoran eynən at kimi fınxırdı.

Amma sarışın pu-pupidanın (3) yerini bundan sonra da boş saxlamağa dəyərdimi? Yenidən kitab üzərində işləməyə və Mariyaya hesablanmış planlar qurmağa başladım.

Sən onunla rastlaşmışdın. Mariya yadındadırmı?

“Quql”un o təsirli xəbərdarlıq “quş”u məktubla eyni anda poçtumda görünəndə münasibətimizin hələ qızğın vaxtı idi.

Nə gizlədim, çox çətin idi səninlə dil tapmaq. Teatr səhnəsinə yaxın durmurdun — drama da, operaya da. Kinonu xoşlamırdın. Heç nəyə sevinmirdin. Kağızda düzgün sıralanmış sözlərdən başqa. Nəsə amansız oyunbazlıq göstərən bir sirk əyləndirərdi səni: arenada cılız və çəlimsiz bir adamın başına oyun açılması.

Sən əvvəlcədən belə qənaətə gəlmişdin ki, o Maşa çirkindir. Görmədiyimiz bir qızı bəs deyincə lağa qoymuşduq. İşə bax, o mənim məktubumdan ürəklənib şeirlərini yollamışdı. Məzəli şeylər yazmışdı: “Salam, ametist xassəlim (4). Mən sizin “ehtir-oxucu”nuzam (5). Yəni həm ehtiram bəsləyir, həm də oxuyuram. Rəyiniz mənim üçün önəmlidir, şəkərim”.

Sən bu kəmqiymət ametist təriflər və Maşanın o ləngərli, şaman dəfi kimi gumbultulu, qəliz metaforlarla dolu çoxvurğulu sicilləmələri ilə məzələnmişdin.

Maşa mənzərələri nəzmə çəkmişdi: işıqlı göy cisimləri ilə yağıntını, yaşıllıqlarla həzz duyğusunu:

Beton korset sarılıb torpağı sıxır,
Didilmiş yarpaqlar asfalta naxışdır.
Yağış gecə lampası tək nurlu yaşlar axıdır,
Ayaqyolunun girişi soyuqdur, qorxuncdur.

Qısqanc kollardır quru qarmaqlar atan,
Qəsdən yaralayıb bir-birindən acıq çıxar.
Bircə ay dövrədəki buludlar arasından
Onlara laqeyd, soyuq nəzərlə baxar...


“Gecə lampası və ayaqyolu (6), nə möcüzəvi bir gün, sənsə mürgüdəsən, gözəl dostum!” (7) — deyib qarğa boğazıyla qaqqanaq çəkmişdin. Mən də sənə qoşulmuşdum. Sənin nəyə gülə biləcəyini tapdığım üçün sevinirdim. Lirikanı görən gözün yox idi. Bu xəbis yumor zövqünü oxşamaq üçün özüm də qafiyələr düzüb-qoşmuşdum:

Pəncərədən çöldə qar yağır e, qar,
Mən səni öldürüb yandırdım, ey yar (8).

Bu səydərəş beyt “Şanel-19”la dəstləşib 8 Martın üçün gəlirdi — amma sən hədiyyəni gözləmədin.

Maşaya isə cavab verdim mən onda. Təmkinli bir tərzdə təriflədim. Qız ruhlandı. Yeni şeirlər göndərdi: “Zəngli saat zingildəyir, Yuxum dumanda dingildəyir”.

Mən dillənmirdim. Maşa da qanacaqlı davranıb fasilə verirdi. Dekabrda, haradasa münasibətimizin ortalarında sən ilk “məşq”inə çıxdın: iki günlüyə itib, sonra yenə peyda oldun, görünür, anlamışdın ki, hələ sənə dadanmamışam, yalqız qalsam, qan qusmaram hələ.

Maşa Yeni ilimi təbrik etdi. Təmtəraqlı və gülməli tərzdə: “Lacivərd! Sizə, yəqin ki, sağlamlıq və xoşbəxtlik arzulayırlar. O təbriklər çələngindən məni xatırlamanızı istərdim. Buna görə də arzum belədir: qoy gələn il kürən çoşka tavana yapışsın! Xəbəriniz olsun, mən bu bayramda tam yalqızam, solğun bənizli balaca hersoq kimi qırxılmışam və mors içirəm”.

“Qoy yapışsın o kürən” şəklində cavab verdim və həmin an təxərrüşə gələn barmaqlarımda iştahlı hörümçək tərpənişi, karamazovyana, əbləh, qocafəndi bir qımıldanma hiss etdim, balaca hersoq məndə bax bu cür duyğular oyatdı: yalqızlıq, yiyəsizlik, qırxılmış qasığın cəlbedici solğunluğu və qırmızı mors şırnağı. Heç ağlıma gəlməzdi, Maşa görməzə-bilməzə yoldan çıxartdı məni. Ancaq mən sənə bərk vurulmuşdum, “Quql”dakı heyranım isə, sadəcə, təxəyyülümü ustalıqla oxşamışdı.

O qız sonralar da hərdən yazırdı mənə. Beləsini də yazmışdı, onda sən məni tərk etmişdin artıq: “Karo mio (9), Sizdən yaman nigaranam. Pis nəsə baş verməyib? Daha doğrusu, arıq nəsə (10)? Özüm ələngə olsam da, arıqlardan heç xoşum gəlmir”.

Əmin oldum ki, Maşa mənim təsəlli payımdır.

Evdə əsaslı yır-yığışdan sonra (günah məndədir, məndə: mürəkkəb rəngli o rezini nəhs əlamət kimi görmədiyim üçün) hersoqla görüş təyin etdim. Yazdım ki: “Maşa, biz az qala yarım ildir, tanışıq. Gəlsənizə görüşək”. “Siz”li müraciət tərzini qəsdən qoruyub işin sonrası üçün saxlamışdım: “Maşacan, icazə verin... Maşacan, çıxardın... Maşacan, aralayın...”

Razılaşmışdıq ki, mərkəzdə, Puşkinin heykəlinin yanında görüşək. Bu arada qar ərimişdi, sulu-selli aprel ordan-burdan üzə çıxan torpağa görə qara rəngə çalırdı. Yemlik otların və nəm əkinin kənd təsərrüfatına xas tünd qoxusu gəlirdi. Günəş nəsə inamsız, qəribə bir tərzdə, hərarətli barmaqlarını orda-burda gəzdirərək, yenidən qızdırıb-qovurmaq öyrənirdi sanki.

Gözləyirdim. Maşa gəlib çıxmırdı. Bürünc “aradüzəldən”in (11) dövrəsində dolanırdım, gözlərim səni gəzirdi, mənim əzizim; az qala əmin idim ki, Maşa sənin bir başqa — mehriban nüsxən kimi görünəcək.

On beşinci dəqiqədə zəng etməyə qərar verdim.

Maşa əvvəlcədən telefon nömrəsini göndərmişdi, yadımdadır, nömrəsi məni dişləyib göynətmişdi: son iki rəqəmi 4 idi. Təsəvvür edirsənmi, əzizim, Maşanın nömrəsində də, sənin nömrən kimi, zəhərli ilan çənəsi vardı.

Maşa cavab verdi: “Mən gəlmişəm artıq, amma hələlik sizi tapa bilmirəm”, — telefona Maşanın səsi ilə birlikdə Tver bulvarının hay-küyü də doldu. Maşın siqnal verdi və mən telefonda onun əkizini eşitdim. Maşa lap yaxınımda imiş.

Elə o an Maşanı gördüm...

Yox, belə deyil... Mən onu gördüm, amma ağlıma da gəlmədi ki, bu, Maşadır. Gözlərimi yayındırsam da, o özü məni səslədi: — Lacivərd, bu da mən...

Qıyğacı gülümsündü və anladım ki, çaşqınlığıma, bu kişisayağı qorxuma görə Maşanın məndən zəhləsi gedir artıq. Hansısa budaqda qarğa qaqqanaq çəkdi.

Əgər Maşanın bütün dişləri, tutalım, 12-lik Tayms Nyu Roman şrifti ilə yığılmışdısa, yanlardakı iki kəsici dişi 18-lik Verdana idi. Maşanın dişləri mənim çoxdankı kağız quramamda yer alan, cinsiyyəti məchul kabus-qozbelin sifətinə uyğun gələrdi. Qeyri-adi, çiyinlərinədək uzanan, yağlı kare saçları onu şikəst skripkaçı oğlana bənzəyirdi: elə bil əyalətdən gəlmiş Başmet (12) idi. Üst dodağı “Qusar balladası”ndan (13) dəm vururdu: “Mə-nə bığ-sız ca-van de-yir-lər , ə-sas-sız ye-rə de-yir-lər!..” İstiot səpilmiş kimi sızanaqlı burun. Qızarıb qabıq bağlamış alın. Qaysaqlanıb ağarmış dodaqlar: sanki dərsini “üç”ə oxuyan bir qız lövhəyə çıxanda qorxusundan təbaşiri çeynəyib. Yerindən çıxmış kimi dikələn çiyinlər — yadındadırmı, sənin üçün qoşmuşdum bunu: “Yazıq kəşfiyyatçının Çiyni çıxıb yerindən...”(14)

Az qala vəhşicəsinə bir reaksiya ilə əl-qol atıb qışqıracaqdım: “Bu nə axmaq zarafatdır? Maşa özü hanı?!”

— Salam, Maşa, tapışdıq, nəhayət, — deyə mızıldandım amma. — Gedək kofe içək.

Başqa nə edə bilərdim? Sözsüz ki, nə mən Maşanın əlindən tutdum, nə də o mənim qoluma girdi: könülsüz halda yanımca yeridi.

— İşlər necədir, Maşa? — qanrılıb baxdım. Elə bil qəsdən geri qalmışdı ki, onu təpədən-dırnağacan süzə bilim. Hə, əlbəttə, dəhşət eybəcər də deyildi. Adi, çirkin yaşıdlarmdan biri idi — bəlkə də azca böyük olardı.

Sadə, demək olar, kasıb geyimdə: dizinəcən — nazik, kapüşonlu mavi gödəkcə, dizdən aşağı — cins şalvar, sukeçirən çəkmələr.

— İşlər? Möhtəşəmdir, lacivərdim. Dəfndən gəlirəm, birbaşa...

— Ah, Maşa, niyə deməmisiniz görüş üçün namünasib gündür? Başqa vaxta keçirərdik. Ümidvaram, bu itki sizin ailədən deyil...

— Ümidinizi kəsin, karo mio! — Maşanın gözləri parıldadı. — Qardaşımdır ölən, — çaşqınlığım ona əməllicə ləzzət elədi.

— Maşa, kədərinizi bölüşürəm...

— 16 il əvvəlki kədərimi bölüşün: məni zorlamışdı o vaxt. — İntiqam duyğusundan Maşanın “sarı şriftlər”i açığa çıxdı. — Amma mən onun dəfninə getməyə bilməzdim, başa düşürsünüz? — yenə də təsirli, qıyqacı baxış...

Oy, İlahi! Qaçmaq, Mizgir (15) kimi qaçıb uzaqlaşmaq...

Maşanı ardımca “Kofe Xaos”a (16) apardım, qaydası belədir çünki.

Cümə günü, axşamüstü — masaların az qala hamısı tutulub. Siqaret çəkilən tərəfdə yer tapıldı bizə. Yolkadakı oyuncaqlara oxşar oynaq və yüngül adamların arasına düşdük.

Mən menünü vərəqləyirdim, Maşa sir-sifətini düzəldir, elə bil döyüşdən qabaq alnına, yanaqlarına əl gəzdirirdi. Hər ikimizə kapuçino sifariş verdim: Maşanın hüznü (17) ilə səsləşirdi deyə. İki dənə “Orta” istədim “Xaos”da gətir-götürə baxan qızdan.

Söhbətimiz alınmırdı. Maşa dümbək kimi ikrahla büzdüyü ağzını sanki bir parça quyruğa çevirib yan-yörəsində hərlədirdi. Sonra dedi: — Kədərli haldır, lacivərd. Biz birinci və axırıncı dəfə görüşürük. Siz daha gəlməzsiniz...

Elə ağrılı dedi ki... Etiraz edə bilərdimmi, əzizim? O haqlı idi. Yalandan “bu nə sözdür danışırsınız, Maşa, biz hələ dəfələrlə...” deməkdən sifarişimin gəlməsi qurtardı məni.

Maşa “dümbəyi” kapuçinoya salladı və birdən sözü yenə mərhum qardaşına gətirdi: — Amma siz Alberti qınamayın, karo mio. Gərək onu sizə göstərim...

Maşa əlini qoynuna salıb — gödəkçəsi aralananda altdan pencəyinin yaxası göründü — hamar, dəri üzlü, portmanata bənzər nəsə çıxartdı, onun içindən bir cərgə “üçün-dördə” ölçülü şəkil götürdü. Şəkildən “Bazedov”lu (18) bir pərtdəgöz, gendən-genə Maşaya bənzəyən başmetsifət baxırdı.

— O məndən üç yaş böyük idi. Möhtəşəm riyazi istedadı vardı. Amma ordudan çarəsiz bir şizofrenik kimi qayıtdı. Orada onu zorlamışdılar, lacivərd. İntihara cəhd etmişdi, axırda isə məni korladı. Anam bunu biləndə ölmüşdü az qala. Heç hara xəbər vermədik, zibilimizi çölə yaymadıq. Ancaq mən onu bağışladım!..

Maşa çox ucadan danışırdı. Onun müdhiş hekayəsi qonşu masalara da çatırdı, yəqin.

Ağzını fincana — sanki girdaba — daldırdı Maşa, çıxardıqda dodağı qatı kofeyə bürünmüşdü.

— Mədəaltı vəzin xərçəngindən öldü o. Qarnına doldurulan dəhşətli həblər üzündən elə oldu. Bədheybət tərzdə kökəlmiş, saçları tamam tökülmüşdü.

Yaxındakı masadan kimsə dilləndi: — Bığına bax, si... lmiş tülküdür elə bil! — gənclər qaqqanaq çəkdilər.

Maşa niyəsə “tülkü”nü özünə götürdü. “Bığ bağlamış” dodağını sildi, kapuçinosunu götürüb, düşmən üstünə yeridi. Mən hələ durumu anlamadan, Maşa dəli bir nərə çəkib çəkib fincandakını heyvərələrə yağdırdı. Xəcalətimdən quruyub qaldım.

Həm gülməliydi, həm ağlamalı, əzizim. Qab-qaşıq cingildədi. İki oturacaq aşdı. Zərərçəkmiş — ağ koftalı, güləyən qız — gözləri açıq, əlləri aralı halda — oturub qalmışdı, elə bil sinəsindən güllələnmişdi. Yanındakı qız:

— Olya-a! Ol-ya-ca-an! — deyə qışqırıb, kapuçinolu “yaralar”ını salfetlə sildi.

O an Tütçevin Hebasına (19) bənzəyən Маша, fırtına törədən boş fincanını silkələyirdi. “Yaralı” qızın yanındakı dostbala şalvarını çırpırdı. Siqaret çəkilən otaqdakılar bayaqkı çaşqınlığın ardından hay-küy qaldırmışdılar: bu nədir, nə dəhşətdir bu belə?! “Kofe Xaos”un qadın xidmətçisi özünü qırğın yerinə çatdırdı. Ləkələnmiş (20) dostbala Maşanın üstünə yeridi — qətiyyətsiz sifətində “qətl etmək olmaz əfv etmək” (21) ifadəsi vardı. Birdən duruxub qaldı: Maşa başını sapand kimi yellədirdi. Ağzını açıb tir-tap uzandı. Yerdə çabalamağa başladı, ağzından duruhal selik gəldi, sanki içdiyi köpüklü kapuçinonu azadlığa buraxırdı. Kimsə qışqırdı ki, təciliyardım çağırın, tez ağızlıq düzəldək, dilini dişləyib udmasın qız.

Axıra qədər də anlaya bilmədim, bu, gerçək bir ürəkgetmə idi, yoxsa Maşa özünü epileptikliyə vurmuşdu. Canıyananlıq göstərənlərin yardımını məmnunluqla qəbul edən Maşa, eşilib-burulmuş salfetdən olan “cilov”u da dinməzcə gəmirdi. İki dəqiqə də çırpındıqdan sonra, it kimi silkinərək cəld ayağa qalxdı və qabarıq alnını mənə tuşladı: — Lacivərd! Məni evə aparın...

Yolda asiyalı-köçəri birini saxlatdım, Maşanı birtəhər maşına basıb, ovcuna beş yüz rubl dürtdüm. O dirəşib səkiyə düşmək istədi, əllərini uzadaraq: — Getməyin! — dedi. — Bağışlayın!..

— Əzizim, sizin nə günahınız var!.. — Maşanı daha dərinə basıb, sürücünü dəhmərlədim: — Sür, cəhənnəm ol, get də!

Getdi, apardı. Sevgilim, o axşam sən yadıma düşmədin. Zehnimi Maşa tutmuşdu.

İki saat sonra zəng vurdu. Səsi küçədən gəlirdi. Maşa qışqıra-qışqıra dedi ki, asiyalı onu zorlamaq istəyib, beş yüz rublu əlindən alıb, özünü isə yolda maşından atıb: ölümünə əzilərmiş, fiziki hazırlığı sayəsində — iki il Pionerlər Evində fiqurlu konkisürməyə gedib axı — yanpörtü tullana bilib.

Dedim: — Maşa, yubanmadan milisə xəbər vermək lazımdır.

— Heç kim axtarmayacaq onu, — deyə cavab verdi Maşa. Vaysındı da: — Qorxutdum sizi bu gün, şəkərim, baş bəlasıyam mən... Amma sizə zəng etməyimə icazə verərsinizmi?

— Əlbəttə, Maşa...

Allahın hər günü! Mobil nömrəsi — saatlarla danışmağa imkan verən — hansısa amansız bir tarifə qoşulmuşdu. Hədd-hüdud bilmirdi. Görüşlər təyin edir, sanki pusqudan hücum çəkirdi: — Sonra dəfnə yarpağı qoyuruq, zəncəfil, qırmızı bibər də... Karo mio, qonaq gəlsənizə, qəşəngcə yedirərəm sizi...

İmtina üçün hər bəhanəyə əl atırdım: “yüyən qırıldı, mehtər yıxıldı...”

— Sabahınız xeyir, şəkərim! Oyanmısınız? İstərdim, məni rəqsə dəvət edəsiniz... — Maşa elə bərkdən güldü, qulaqlarım cingildədi. — Sizlik bir iş qalmayıb, karo mio. Eşidirsiniz musiqini?..

Dum-bap-pa, dum-bap-pa, dum-bap-pa...

— Eşidirəm, Maşa...

— Ştraus! Sehrkardır o. Hə, gətirin əlinizi, bax bura — belimə qoyun, hərlədin məni...

Bu minvalla başı xarab olardı adamın. Amma mən razılaşırdım. Həftədə ən azı üç dəfə rəqs edirdik. Mazurka, polka, krakovyak, tanqo...

Letka-enkanın (22) “hoppan ha, tullan ha, çəməndəsən sabaha” yerində etirazımı bildirdim: — Maşa, yoruldum sizin bu rəqslərdən. Allah xatirinə, macal verin, işləyim!

O incidi və təxminən bir həftə xəttə çıxmadı. Əzizim, mən sidq-ürəklə belə düşündüm ki, onun həssaslığını lazımınca qiymətləndirməmişəm.

Zəng... Dəstəkdə nəfəs xışıltısı və hönkürtü:

— Lacivərdim, fəlakət! Sizə demişdimmi, mənim bir qızım var...

— Hə, Maşa...

— Qızım — Eleonora. On beş yaşı var. Mənim keçmiş — vətəndaş nikahlı — ərim Yura nəzəriyyəçi fizik idi, səkkiz il əvvəl elmdən uzaqlaşıb biznesə girişdi, Argentinaya fiberoptik kabel satırdı. Çeçenlərin himayəsi altında. İndi məlum olur ki, Yuranın onlara xeyli borcu yığılıb qalıb, çeçenlər də Eleonoranı qaçırdıblar! Mənə zəng vurub pullarını istədilər. Yura isə yoxa çıxıb!..

“Ləzginka” başlandı. “Dizvurma” — özü də çeçenlərlə.

— Mən axı sizə necə kömək edə bilərəm, Maşa?!

— Danışın onlarla!..

— Kiminlə?

— Eleonoramı qaçırdanlarla!

— Maşa, mən çeçenlərlə danışa bilmərəm. Axı nə deyim onlara?!

— Hədə-qorxu gəlin...

Əvəzində qırx dəqiqə Maşanı sakitləşdirməli oldum. Sizif əməyidir ovunmaq bilməyəni ovutmaq.

Maşanın Argentina və fiberoptik xətt barədə qəribə sicilləməsinə elə də inanmadım, hərçənd iblisdən hər oyun çıxar...

— Lacivərdim... — səhərisi məni hönkürtülərlə oyatdı. — Bağışlayın, mən sizə hər şeyi olduğu kimi danışmadım. Eleonora... Yuradan deyil. Qızın əsl atası Albertdir — mənim mərhum qardaşım!..

Hər saatı beşbetər. İlahi, özün saxla...

— Mən hamilə qalanda... Yura şübhələnmədi... Elə çeçenlər də onun kimi — Eleonoranı Yuranın qızı bilirlər. Çeçenlərə gerçəyi söyləsək, necə olar?! Bəlkə Eleonoranı qaytardılar? Siz deyin onlara, sizdə alınar, mən sizə güvənirəm! Zəng etmək sizə çətin gəlir, bəlkə? Mən sizin nömrənizi verərəm...

— Maşa, xahiş edirəm sizdən, çeçenlərə-filana verməyin nömrəmi!..

Divandan qalxdım. Yuxum qaçdı. Uzaqda qaldırıcı kranların qaraltısı sezilir, streles qarabasmasındakı dar ağaclarını xatırladırdı (23).

Maşa günorta zəng etdi.

Təngnəfəs idi: — Lacivərdim! Özüm hər şeyi düzüb-qoşdum. Mənzilimi satmağa qərar verdim. Sizdən bir xahişim var: makler tapmaqda kömək edin! Aldadılmaqdan elə qorxuram!

— Maşa, əzizim, axı mənim makler tanışım yoxdur! İnternetə baxın, doludur o cür firmalarla...

Zənglərinə cavab vermədim daha. SMS göndərdim: “Mən rouminqdəyəm”.

Maşa telefonda yazışmağa başladı: “Lacivərd, sizdən ötrü dəhşət darıxıram!”, “Nə vaxt qayıdırsınız? Məsləhətinizə ehtiyac var”, “Ecazkar barmaqlarınızın uclarından öpürəm”, “Mənzili məndən İsveçrə frankı ilə almaq istəyirlər. Razılaşım?”

Maşa müntəzəm yazırdı, lap dərman kimi — gündə dörd dəfə.

Hər yeni gün özüylə xəbərlər gətirirdi Maşadan. Amma tezliklə ciddi bir tamaşa oynanıldı.

“Eleonoranı öldürdülər!” və hər on beş dəqiqədən bir: “Təcili zəng edin, yoxsa ürəyim partlayacaq!”

Vücudum titrədi. Yəni Maşa o qədər çarəsiz idi ki, öz ciyərparasını — Eleonora Albertovnanı, ya da Eleonora Yalançı-Yuryevnanı ölmüş kimi qələmə verirdi...

İki saat sonra SMS gəldi: “Salam. Maşanın bacısıdır — Valeriya. Onun telefonundan yazıram sizə. Maşa 1 saylı Şəhər Xəstəxanasındadır, vəziyyəti çox ağırdır”. Başqa üslub, başqa ahəng. Coşqun təbiətli Maşa gedib, qarabaşaq dənəsi tək nasiranə Valeriya gəlib.

Küyə getmədim. Yumruqlarımı düyünləyib, cavab vermədim.

Günorta: “Yenə Valeriyadır. Mariyanın halı lap pisləşib. Çox ağır cərrahi əməliyyat var qarşıda”.

Qürub çağı: “Əməliyyat uğursuz keçdi. Ölüm ehtimal var. Valeriya”.

Gecə: “Mariya komaya düşdü. Gəlib vildalaşın”.

Bəzən müəlliflə bağlı şübhəyə düşürdüm, Maşanın ölüm yatağının yanında növbə çəkən ifritəsifət əmiqızı, daha bir başmetəbənzər gəlirdi xəyalıma...

Gecə 2-də bu kədərli xəbər məni yuxudan sanki barmaqlayıb oyatdı: “Mariya öldü”.

Bu qaçaraq dramaturgiya naşı və ehtiraslı Maşanı sürətlə məzara apardı. Tovlama estafetini kim ələ alacaq? Yoxsa Viktoriyamı?

Səhər bu gəldi: “Mariya ilə vidalaşma sabah 11-də olacaq. Bu ünvana gələrsiniz: Pervomaysk metrosu, 7-ci Park küçəsi, filan ev, filan mənzil. Xahiş edirəm, iştirakınızı təsdiqləyəsiniz. Daha sizi narahat etmərəm. Valeriya”.

Arada ötəri bir fikirə düşdüm ki, bəlkə Maşanın yasına fitilləyib görüm onların hamısını: bacısı Valeriyanı, fizik Yurini, çeçenləri, o amanabənd tabutdakı Maşanı...

Buna rəğmən, getməyəcəyimi bilirdim: Pervomaysk ünvanındakı biraprelsayağı dəfn məzhəkəsinin iyi bir verstlikdən vururdu.

Əzizim, o çətin dəqiqələrdə keçmişdəki zənglərimə və məktublarıma, qarmaq kimi irəli çıxan çeçələ barmağımla abırsızcasına təqib etməyimə görə səndən üzr diləyirdim: dön gəl, dön gəl, hirsini yen gəl (24).

Mən daha əl çəkdim səndən, əzizim...

Günorta isə lacivərd bir SMS gəldi: “Ölümüm barədə deyilənlər şişirtmədir. Ölən ayrı Mariyadır. Səydərəş bacım Valeriya, adəti üzrə, qarışıq salıb, günahından keçin. Ümumiyyətlə, bunca hadisə baş verib e, gəlin görüşək! Sizin Maşa”.


(1) “Live Journal”  — “Canlı Jurnal” adında, internet gündəliyi tipli bloq-platformaya işarədir. Orijinalda ЖЖ (yəni Живой Журнал) kimi verilib. — Tərc.
(2) A. P. Çexovun “Bəla” hekayəsinin sonluğuna göndərmədir. — Tərc.
(3) Merilin Monroya və məşhur mahnısına işarədir. — Tərc.
(4) Ametist  — bənövşəyi kvars növüdür, insanı müxtəlif xəstəliklərdən, zəhərlənmədən, içkinin mənfi təsirindən qoruduğuna inanılır. — Tərc.
(5) Müəllif burada “по-читательница» kəlməsi ilə söz oyunu qurub: “почитать  — ehtiram bəsləmək”, “читать — oxumaq” şəklində. — Tərc.
(6) “Ночник и нужник”. — Tərc.
(7) A. S. Puşkinin məşhur “Qış səhəri”nin ilk misralarına eyhamdır. — Tərc.
(8) Orijinalda “снежок — поджег” sözləri qafiyə kimi götürülüb. — Tərc
(9) Italyanca “mənim əzizim” mənası verir və məşhur bir mahnıya da işarədir. — Tərc.
(10) Ruscadakı «худой» kəlməsinin “pis” və “arıq” mənaları ilə söz oyunu qurulub. — Tərc.
(11) Puşkinə kinayədir. — Tərc.
(12) Tanınmış musiqiçi Başmetə eyhamdır. — Tərc.
(13) Məşhur filmə, oradakı personaja və mahnıya işarədir. — Tərc.
(14) Korney Çukovskinin məşhur “Aybolit” əsərinə göndərmədir: “И  вывихнуто плечико / У  бедного кузнечика...” M. Yelizarov yumor xatirinə “кузнечик” (çəyirtkə) sözünü “разведчик” ilə əvəzləyib. — Tərc.
(15) Slavyan mifologiyasında obraz: tor quran hörümçək. — Tərc.
(16) Həm “Kofe Haus”a ironiya kimi, həm də bir qədər sonra orada baş verəcək qarışıqlığa öncədən eyham olaraq işlədilib. — Tərc.
(17) Orijinalda “кручина”. — Tərc
(18) Hipertiroid, zob xəstəliyi. — Tərc.
(19) Heba mifik obrazdır, yunan əsatirində dirilik suyu paylayan ilahədir, çox zaman əlində piyalə təsvir olunur. — Tərc.
(20) Qəsdən ikibaşlı ifadə seçilib. — Tərc.
(21) Bir vergüllə mənası tamam dəyişən məşhur dilemmaya eyhamdır. — Tərc
(22) Kütləfi ifa edilən fin rəqsi. — Tərc
(23) XVII əsrin axırlarında baş vermiş “Streles qiyamları”ndan sonrakı silsilə edamlara işarədir. — Tərc.
(24) Orijinaldakı “Вернись, вернись и  больше не дерись” cümləsi məşhur uşaq mahnısının ilk misralarına (“мирись, мирись, больше не дерись”) dolayı göndərmədir. — Tərc.