Karaoke

Dövrəyə alıbdır səssizlik məni,
ölümün törəmə şirkəti sayaq.
Götürüb aparır fikirlərimi,
axşam səmasına qanadlanaraq.
Göydə axtarıram mən nişanəni,
quberniya yazır, yetişir soraq.

Karaoke, bir də Londondakı pab —
bunlardan danışır göy üzü axşam,
pivəni viskiyə qatmağı ərbab
tapşırıb, barmen də çəkir bir əncam.
Cənab Kokni donur, qoparır fəryad.
Ağac əksi düşür aynaya o an.

Xanım Kokni nazla yerindən qalxır,
gəlir mikrofona tərəf, səhnəyə.
Dizləri, sinəsi sanki dayaqdır
viski qədər həmin məhşur nəğməyə.
Xanım Kokni parlamağa can atır
bənzəyir dəlisov bir müğənniyə.

Oxuyur, oxuyur bacardığıtək,
nə ər vecinədi, nə ər diqqəti.
Bürküdü, çatdırmır, səs gecikərək
xışıltı qoparır, unudur təqti.
Nəğmə yalan deyir bəlkə bilərək,
nakam müəllifçün çəkir xiffəti?

Ovut Yeseninin Apollonunu,
gəl dağıt, sən mənim dağıt qüssəmi.
Getməz belə uzaq metro vaqonu,
o, şimala tərəf aparır məni.
Arda-arda içərək bu alkoqolu,
mən yaxşı seçirəm belədə səmti.

Yenə Qərbdən gəlir yanıq qoxusu,
çarxı kasset əvəz edəndən bəri.
Budur, bizim qızlar nəğmə oxuyur,
Zastava və Setun “fəhlə-gənclər”i.
“Maylav” və “qudbay”ın hiddəti sonsuz,
qoymur sönə bir an küçə fənəri.

Karaokedədir bütün günahlar.
Qonur gözlər. Axşam bu gözlər qonur,
səhərlər bozumtul, içi zil qara.
Proletari qəlbim, ürəyim qopur,
mikrofonla onu sanki sıxırlar,
pəncələr hər yerdə həyasız olur.

Sağalt, sağalt mənim ağrımı, sağalt,
düz gecəyarısı, həmin zəhərlə.
Bu ağ qızdırmanın gəldi zağcası,
uçdu çatmaq üçün rus şöhrətinə.
Çoxları sol cibə açar qoyurlar,
Modest Savrasovunsa sağ cibinə.

Əliboş qayıdır sükut geriyə,
pab bağlanıb artıq. Quberniya yatır.
Birdən eşidilir göyün üzündə
bulaq kimi təmiz ana laylası.
Dirilmə vəd edir bu bazar bizə,
bu dəfə ölümün yoxdur mənası.