Aviator
(romandan parça)
Nahardan sonra Qeyqer getdi. Mən onu dəhlizdə, Valentina gələrkən gördüm: əynində palto, əlində papaq. Addımlarının getdikcə boğulan səsini əvvəlcə həmin mərtəbədə, sonra isə pillələrdə eşitdim. Çox istəsəm də, iki gündən bəri Valentinadan yanımda uzanmasını rica etməmişdim. Qeyqer izn versə belə (ya bəlkə ona rəğmən?). İndi isə rica etdim.
Və budur, o, yanımdadır artıq, ovucu ovucumdadır. Telləri qulağımı sığallayır. Bizi belə tutsalar, bu mənə çox ağır gələrdi: nəsə başqa, qınanılası, hətta bəlkə biədəb bir işə görə olsa, çəkinməzdim, ortada biədəblik varsa, hər şeyi gözə alırsan, amma belə bir halda... Axı burada durum çox həssas, incə, izaholunmazdır və bunun artıq nə vaxtsa baş verdiyi düşüncəsi yaxamı buraxmır. Valentinadan soruşuram ki, onda da bu cür hal olubmu, buna dair yaddaşında hansısa dumanlı xatirələr (yaxud xatirələr yox, ürəyədammalar) varmı? — Yox, — deyə cavab verir, — olmayıb, belə bir şey yerli-dibli olmayıbsa, xatirəsi haradan olsun?
Amma məndə olub axı, gerçəkdən, mən ki özümdən uydurmamışam bunu. Bax beləcə, tərpənmədən çarpayıda uzanmışdıq, əl-ələ, gicgah-gicgaha. O anlarda mən udquna bilmirdim, qorxurdum ki, udqunmağımı eşidər, qəsdən öskürüb həmin səsi gizlədirdim: münasibətlərimiz bax bu qədər ülvi idi. Yaxud oynaqlarımın şıqqıldamağından da qorxurdum, ünsiyyətimizin bütün səmaviliyi, bütün zərifliyi dərhal puç ola bilərdi, çünki aramızda cismani heç nə yox idi. Onun biləyi, çeçələ barmağı, çeçələ barmağının xırdaca, sədəf pulcuğa bənzər, hamar, çəhrayı dırnağı da mənə yetirdi. Bunları yazıram, əllərim titrəyir. Hə, zəiflikdən, hərarətdən, ancaq həm də böyük hissi gərginlikdəndir bu. Üstəlik, yaddaşımın məndən gizlətdiyi digər səbəblərdən. Bu nə idi?
— Bu nə idi? — göz yaşları içində Valentina bacıya səslənirəm. — Niyə mən həyatımın səadətini bütöv xatırlaya bilmirəm?
Valentina sərin dodaqlarını alnıma yapışdırır.
— Bəlkə də, onda səadət olmaqdan çıxardı artıq.
Bəlkə də. Ancaq bunu anlamaq üçün gərək hər şeyi xatırlayasan.
Xatırlayıram. Donmuş çayın üzərində tramvay relsləri. Bir sahildən digərinə şütüyən yığcam tramvay, pəncərələr boyu oturacaqlar. Vaqon bələdçisinin baxışı çovğunu, alatoranı yarırsa da, qarşı sahil hələ görünmür. Fənərlər yolu güclə işıqlandırır, onların oynaq işığında sərnişinlər buzun üzərindəki hər nahamarlığı çat və aralanma kimi görürlər. Vaqon bələdçisi xatircəmdir, ümidini itirəcək sonuncu şəxsdir o. Nəzarətçi də möhkəm dayanıb, ancaq dirçəlmək üçün arada mehtərəsindən bir qurtum almağı da unutmur, çünki şaxta və bu aydın mənzərə hər kəsi sarsıda bilər, o isə ayaqda qalmalıdır. Satdığı beşqəpiklik biletləri buza dönmüş barmaqları ilə qoparır. Altda 30 arşın dərinlikdə su, yan-yörədə çovğun, amma bu yığcam gəmi — buz üstündə saralan ocaq öz hədəfinə, zülmətdə itən nəhəng qülləyə doğru əzmlə irəliləyir. O qüllə də, bu çay da mənə tanışdır. Hansı şəhərdə yaşadığımı bilirəm indi.
Cümə axşamı
Mən axı Peterburqu nəhayətsiz sevirdim. Başqa yerlərdən dönəndə odlu bir səadət duyurdum. Mənim nəzərimdə ondakı harmoniya uşaqlıqdan bəri qorxduğum, sarsıntı duyduğum xaosu dəf edirdi. Həyatımda olub-bitənləri indi yerbəyer bərpa edə bilmirəm, yalnız bunu xatırlayıram ki, o xaosun dalğaları məni bürüyəndə onların çırpılıb dağıldığı ada, yəni Peterburq haqqında düşünməklə xilas olurdum.
Valentina indicə yumşaq yerimə iynə vurdu. Hansısa vitamindi. Vitaminlər ağrıdan olur, nədənsə belədə iynə qat-qat artıq incidir, nəinki dərman yeridiləndə. Kələfin ucunu itirdim...
Ah, bəli, harmoniya. Ciddiyyət. Bax atam, anam, aralarında mən, hərəsi bir əlimdən tutub, Teatral küçədə, Fəvvarələrdən Aleksandrinsk teatrına tərəf, düz küçənin ortası ilə gedirik. Əsl simmetriya, təbiri caizsə, harmoniya təcəssümü kimi. O məqamda atam mənə deyir ki, evlərin arasındakı məsafə onların hündürlüyünə bərabərdir, küçənin uzunluğu isə evlərin hündürlüyündən onqat artıqdır. Teatr irilir, yaxınlaşır, qorxulu gəlir. Səmada buludlar yeyinləşir. İşə bir bax: küçənin adını dəyişdilər axı sonradan, düşük bir ad verdilər. Nə gərək vardı?
Yanğın da yadıma gəlir. Yanğın özü yox, onu söndürməyə gedənlər: “Nevski” boyu, payızın əvvəli, axşamtərəfi. Qabaqda, zil qara atın üstündə bir nəfər. Ağzında da şeypur — Məhşər carçısı kimi. Şeypur çalıb yanğınsöndürmə arabasına yol istəyir, hərə özünü bir tərəfə atır. Faytonçular atları qamçılayıb kənarlara qısnayır, yanğınsöndürənlər keçsinlər deyə yanpörtü dayanırlar. Və budur, “Nevski”nin tünlüyündə açılan boşluqda, yanğınsöndürənləri daşıyan araba çaparaq keçir. Uzun oturacaqda kürək-kürəyə əyləşiblər, başlarında mis dəbilqə var, yuxarıdasa yanğınsöndürmə bölüyünün bayrağı yellənir. Bayrağın yanındakı — bölük rəisi — zəngi səsləndirir. Yanğınsöndürənlərin laqeyd halında faciəvilik var, üzlərində haradasa onları gözləyən, artıq alışmış olsa da, hələ görünməyən alovun şölələri oynaşır.
Yolla gedənlərin üstünə Yekaterininsk bağından sarı, alov rəngli yarpaqlar uçuşur, oranın da öz yanğını var. Anamla mən çuğun barmaqlıqlara söykənib, yarpaqların çəkisizliyinin arabaya necə ötürüldüyünü seyr edirik: o, qənbərlikdən astaca ayrılır, “Nevski”nin üzərilə alçaqdan uçur. Yanğınsöndürənlərin düz arxasınca linglər, şlanq tağalaqları, həmlə nərdivanları yüklənmiş cütatlı araba, onun ardınca buxar nasosu (qazanından buxar, borusundan tüstü çıxır) aparan başqa bir araba, ondan sonra isə yanıq xəsarəti alanlara yardım üçün səhiyyə furqonu şütüyür. Məni ağlamaq tutur, anam “qorxma” deyir, ancaq mən qorxudan yox, hisslərin coşqunluğundan ağlayıram axı: bu adamların mərdliyinə və möhtəşəmliyinə, zəng cingiltiləri altında donub qalmış kütlənin yanından əzəmətlə şütüyüb keçmələrinə heyrətimdən!
Yanğınla mübarizə bölüyünün rəisi olmağı çox istərdim və yanğınsöndürənləri hər görəndə onlardan məni də öz sıralarına qatmaq barədə səssiz ricada bulunurdum. İmperialda* “Nevski”dən keçərkən həmişə elə təsəvvür edirdim ki, yanğın üstünə gedirəm. Təntənəli, azca da qüssəli görkəm alır, orada — şahə qalxan alovlar arasında nələr olacağını bilmədən, həm heyrətli baxışlara diqqət edir, həm də kütlənin alqışlarına, başımı bir qədər yana əyərək, eləcə gözlərimlə cavab verirdim. Göründüyü kimi, mən, hər halda, yanğınsöndürən olmadım, ancaq indi, neçə müddət sonra buna heyifsilənmirəm.
Şənbə
Dünən bütün günü müayinələrdən keçdim. Nəsə qəribə təəssüratdı. Yox, ağrımadım, heç qanım da qaralmadı. Cihazlara təəccübləndim — belələrini heç görməmişdim. Əlbəttə, cihazlar üzrə mütəxəssis deyiləm, onlar barədə deyə biləcəyim də yalnız öz hissiyyatım ola bilər, ancaq bu, qeyri-adi hissiyyatdır.
— Uzun müddətmi huşsuz qalmışam mən? — sonradan Valentina bacıdan xəbər aldım. — O qədər uzun çəkib ki, hələ yeni cihazlar da peyda olub?
Cavab əvəzinə, Valentina yanıma uzandı. Saçlarımı tumarladı.
Haçansa Anastasiya bu cür tumarlardı məni. Gör e, bu ad haradan yadıma düşdü? Bilmirəm kimdir, məni niyə tumarlayırmış, amma Anastasiya olduğu yadımdadır. Onun barmaqları saçlarımda dolaşır, arada, dalğınlıq üzündən, bir nöqtədə qalırdı. Bu təmas yanaqlarımdan qulağıma sarı sürüşür, ehmalca qulaq seyvanıma da keçir və mən onun inanılmaz dərəcədə yüksək xışıltısını eşidirdim. Olurdu ki, Anastasiya alnını alnıma sıxır, tellərimizi bir qıvrımda düyünləyirdi: sarı ilə qaranı. Bu bizi dəhşət təsirləndirirdi, elə fərqliydik ki.
— Nə fikirləşirsiniz? — Valentina məndən soruşur.
— Mənə “sən” de, oldu?
— Nə fikirləşirsən?
Heç nə. Fikirləşəcəyim bir şey yoxdur — heç nə xatırlamıram. Bax, Anastasiyadan da quruca ad qalıb. Ad və sünbülü saçlarının qoxusu — bunu da unutmamışam. Ola bilsin, Valentinanın saçlarının qoxusunu yaddaşımda qalan təəssürat zənn edirəm. Ya da belə: Valentinanın saçlarını qoxusu (onlar da sünbülüdür) bir vaxt xoşbəxtliyimə səbəb olanı xatırladır mənə.
Bazar
Qeyqer mənə “Robinzon Kruzo”nu gətirib. Yeni, sadələşdirilmiş orfoqrafiyalısı yox, inqilaba qədərki nəşridir: 1906-cı ilinki. Uşaqlıqda məhz bu nəşri oxumuşdum — bunu bilirmiş yoxsa? Mən bunu gözüyumulu tanıyaram: toxunmaqla, çəkisindən. Qoxusundan — Anastasiyanın saçları kimi. Bu kitabın parlaq vərəqlərindən yayılan mətbəə boyasının ətri burun dəliklərimdə həmişəlik yurd salıb. Ondan səyahət ətri gəlirdi. Vərəqlərinin xışıltısı Robinzonu adada günəşdən qoruyan nəhəng, açıq-yaşıl, ağır-ağır yellənən yarpaqları andırırdı. Bu kitabı vərəqlədikcə səhifə-səhifə tanıdım. Hər sətrində onu mənim ötən çağlarımla bağlayan nə vardısa, canlandı: nənəmin öskürəyi, mətbəxdə yerə düşən bıçağın cingiltisi və yenə oradan yayılan qızartma iyi, atamın papirosunun tüstüsü. Kitabın nəşr tarixindən bəllidir ki, bütün bu qeyd edilən hadisələr 1906-dan əvvələ aid deyil.
Bazar ertəsi
Masa arxasında bir adam oturub. Qapının arasından görünür: donqarlanıb, eyni biçimdə dairəvi kolbasa dilimləri kəsib bir-bir ağzına aparır. Hüznlü bir yemək səhnəsi. Köks ötürüb balaca dolçaya araq süzür, birnəfəsə içib tamsınır. Arabir pəncərəyə baxır. Orada yarpaqlar qurğuşun kimi, diaqonal boyu aşağı şütüyür. Ahəstə düşərdilər, amma külək sovurub aparır onları. Mənsə bütün bunları qaranlıq dəhlizdən seyr edirəm. Özü də qapının ağzından yox, geridən: odur ki, görünmürəm. Mənə maraqlı gəlir ki, ona göz qoyulduğundan xəbərsiz adam necə davranır. O da, heç nə, eləcə kolbasadan yumru dilimlər kəsib araqla içəri ötürür. Dolçanı götürməzdən əvvəl barmaqlarını qəzetlə silir. Bax da, mühüm bir şey deyil, amma yaddaşıma həkk olunub. Harada, nə vaxt olub bu?
Artıq, bir neçə gündür ki, hərarətim 37,5-i keçmir. Özümü yaxşı hiss edirəm, halsızlığım da çəkilib gedir. Hərdən çarpayıda otururam — yorulana qədər, di gəl hələ də tez yoruluram. Belə bir işgəncə varmış: adamı tir üstündə, ya da ensiz kətildə elə oturdurmuşlar, ayaqları döşəməyə çatmasın. Yatmaq nədir, heç belini bükmək də olmazmış. Əllər dizlərdə. Gecə-gündüz oturmağa məcbur edirmişlər, ayaqlar şişənəcən. “Tir üstünə göndərmək” deyirmişlər. Nə isə, əcəb həftəbecərə dönüb başımın içi...
Yaxşısı budur, belə olsun: biz Liqovodayıq, Polejayev parkında. İyun ayıdır. Orada Liqovka çayı var, çox ensizdir, amma parkda genişlənir — göl kimi. Girişdə faytonlar, çox sayda furqon dayanıb, mən də atamdan soruşuram ki, şəhərdəkilər hamısı buramı axışıb. Atam bir ara ölçüb-biçməli olur ki, sualımın arxasında sadəlövhlük var, yoxsa kinayə. Ehtiyatla cavab verir: yox, hamısı yox. Əslindəsə sualım da fərəhdən doğub — mən çox sayda insanın bir yerə toplaşmasından xoşlanıram. Onda hələ xoşlanırdım.
Otluqda süfrələr, samovarlar, patefonlar... Bizdə patefon yoxdur, ona görə də yaxınımızda oturanların dəstəyi necə fırlatdıqlarına tamaşa edirəm. Oturanlar kim idi — xatırlamıram, amma dəstəyin necə fırladıldığı indi də gözümün önündədir. Bir andaca musiqi yayılır — xırıltılıdır, arada qırılır, ancaq hər halda musiqidir. Nəğmədir.
Balaca, zökəmli kimi, nəğməkar varlıqlarla dolu qutu — bir vaxt nə çox istərdim ona sahib olmağı! Qayğısına qalmaq, sığallamaq, qışda sobaya yaxın qoymaq və ən əsası da, onu — çoxdan alışılmış bir şey kimi — amiranə əda ilə işə salmaq. Dəstəyi fırlatmaq mənə oradan süzülən səslərin sadə, həm də mübhəm səbəbi, gözəlliyin universal açarı kimi görünürdü. Əlin o dairəvi hərəkətində motsartsayağı, dirijor çubuğunun dilsiz alətləri canlandıran, bu dünyaya xas qanunlarla izah edilməyəcək tərpənişlərinə bənzər nəsə vardı. Elə olurdu ki, təklikdə özüm üçün dirijorluq edir, dinlədiyim nəğmələri oxuyurdum, heç pis də alınmırdı. Əgər yanğından mühafizə rəisliyini arzulamasaydım, əlbəttə ki, dirijor olmaq istərdim.
Həmin o iyun günündə biz dirijor da görmüşdük. Çubuğuna tabe orkestrlə birlikdə sahildən aramla uzaqlaşmaqdaydı. Park orkestri də deyildi, nəfəsli də — simfonik idi. Salın üzərindəydi, orada necə qərar tutduğu anlaşılmırdı, ifası su ilə birgə axırdı. Salın həndəvərində qayıqlar, ördəklər üzürdü, gah avarların qıcırtısı, gah qağıltılar eşidilirdi, ancaq hamısı da rahatca musiqiyə çevrilir və dirijor bunları bütünlüklə xoş qarşılayırdı. Musiqiçilərlə əhatə olunsa da, dirijor əslində tənha idi: bu peşənin anlaşılmaz bir faciəviliyi var. Ola bilsin, yanğından mühafizə rəisindəki qədər aşkar görünmür, çünki nə yanğınla, nə də ümumən ətrafdakı şəraitlə bağlılığı var, amma o da təbiəti etibarilə yamanca ürəkyaxandır.
Çərşənbə axşamı
Ərzaq vərəqələrini dörd kateqoriya alır:
Birincisi fəhlələrdir. Günə 1 funtdan**. Tamamən bəs edir.
İkincisi hökumət qulluqçularıdır, günə dörddəbir funtdan.
Üçüncü — vəzifəsiz ziyalılar, cəmi səkkizdəbir.
Dördüncüsü burjuylardır. Onlara da səkkizdəbir, amma iki gün üçün. Keyf elə...
Qeyqerdən xəbər aldım, ərzaq vərəqələri indi də işə yarayırmı? Cavab verdi ki, artıq ləğv edilib. Hə, Allaha şükür. Çox da ləzzət eləmir o vərəqələri nəyəsə dəyişmək, əsas da sabuna və kerosinə.
Öyrəndim ki, Vasilyevsk adasında 8-ci xətlə Ortanın tinində yeni qəbul məntəqəsi açılıb. Petroqradskdan götürüldüm ora: yeni məkanlardan heç də hamı xəbər tutmur, oralarda, adətən, növbə az olur. Körfəzdən külək, bir də xırdaca qar çırpır, adamın qulaqları göynəyir. Nənəmin (o, həyatda yox idi artıq) şalını vermişdilər ki, furajkamın üstündən bağlayım, amma mən axmaq, utanmışdım. Elə Tuçkovo körpüsündəcə az qala külək aparacaqdı məni. Çantamdan şalı çıxardıb başıma doladım. Adama deyərlər, nədən utanırsan, elə çovğundur, bir qol boyu məsafədə də heç nə görünmür. Lap görünsə belə, bu yaylıqla kimdir məni tanıyan?! Ancaq 8-ci xəttə çatanda yenə də açdım onu.
Növbəyə durdum. Pelageya Vasilyevna mənə dedi:
— Mən Pelageya Vasilyevnayam, növbədə sizdən qabaqdayam, amma divardakı oyuqda durmaq istəyirəm, oranı külək az tutur.
— Əlbəttə, — deyirəm, — Pelageya Vasilyevna, — durun özünüzçün, mən axı sizə nə deyə bilərəm?
— Bəs siz növbədən çıxıb getməzsiniz ki? Gedəsi olsanız, oyuğaca yaxınlaşıb mənə xəbər edin.
Başımla razılıq bildirirəm, ancaq o, yerindən tərpənmir.
— Mən, — deyir, — dayanardım, amma qızdırmam var. Burada dayanmaqla, bilmirəm, axırım necə olar. Amma kerosinsiz nə cür bişirəsən...
Nikolay Kuzmiç yaxınlaşır:
— Yeri get, Pelageya, mən sənin yerinə dayanaram, Allah xatirinə, narahat olma sən.
Qadın növbədəki yerini ona verir.
— Nikolay Kuzmiçə arxayınam mən.
Növbəyə duranların hamısının üst-başı qardır — papaqları, çiyinləri, kirpikləri. Bəziləri ayağını ayağına çırpır. Pelageya divardakı oyuqdan boylanıb, Nikolay Kuzmiçi inamsızlıqla süzür. O da Pelageyanı sezib, qınayıcı tərzdə başını bulayır.
— Sağ olasan, Nikolay, — deyir qadın, tez də oyuğa çəkilir.
İlk saatda hamı zarafatlaşır, kerosinsiz həyatın çətinliyindən söz salırlar. Kerosinsiz və odunsuz. Üçüncü saatın tamamında Skvortsov gəlir, haradansa tanışdır mənə. Ümumi söhbətə qoşulan Skvortsov deyir, 1919 onun həyatında ən bəd ildir.
— Sən axı nə qədər yaşamısan, — növbədəkilərdən biri soruşur, — on doqquz il olar, ya olmaz? Yaxud iyirmi? Belə götürəndə, sən həyatda nə görmüsən ki?
— Deməli, əvvəla...
Cavab verərkən Skvortsov özünü növbədə tamhüquqlu biri, mənimlə bərabər dayanıbmış kimi göstərir. Toxtaq danışırsa da, növbədəkilər ona inanmırlar.
— Bax o, — deyir Nikolay Kuzmiç, məni göstərərək, — lap əvvəldən burada dayanıb, yadımızdadır. Pelageya Vasilyevna da yadımızdadır, onun yerinə mən dayanmışam burada (Bir anlığa divardakı oyuqdan Pelageya görsənir) Səni isə, üzrlü say, xatırlamırıq.
Skvortsov çiyinlərini çəkir və orada yığılmış qar yerə tökülür. Bir an sonra Skvortsov çovğuna qarışıb aradan çıxır. Rahatca aralaşır, söz-söhbətsiz. Mənim həyatımdan həmişəlik gedir, çünki sonralar, gərək ki, onu heç görmədim.
Çərşənbə
Şkafda balaca bir Femida heykəli vardı, atam hüquq fakültəsindən məzun olan gün ona hədiyyə edibmişlər. Onu hələ südəmər vaxtımda mənə göstərib deyirdilər: Femidadır. Sonra da, xüsusən qonaqların yanında soruşurdular: hanı Femida? Göstərirdim. Hələ bilmirdim, Femida kimdir, düşünürdüm, şkafdakı cürbəcür şey-şüydən biridir. Femidanın hər cəhəti xoşuma gəlirdi, tərəzisindən başqa — o yellənmirdi. Yeddi yaşımacan buna dözdüm, sonra onu hərəkətə gətirməyə cəhd etdim, basıb əydim, çəkiclə döyəclədim. Əmin idim ki, o yellənməlidir, elə bilirdim, nə cürsə ilişib. Tərəzi, əlbəttə ki, qırıldı.
Cümə axşamı
Bu gün səhər müayinəsindən sonra Qeyqer palatada qaldı. Əlini Vyana kürsüsünün söykənəcəyində gəzdirdi.
— Siz niyəsə Valentinadan soruşmusunuz ki, huşsuz halda çoxmu qalmışam...
İki əlini də söykənəcəyə dirəyib mənə baxırdı. Adyalı çənəmə qədər çəkdim.
— Bu da sirrdir?
— Yox, niyə ki. Toparlanmanız uğurla gedir, düşünürəm ki, sizə bəzi məqamları açıqlamaq olar artıq. Ancaq bəzi məqamları — yəni hər şeyi birdən yox.
Bu ifadəni gözləyirmiş kimi, Valentina məcməyidə üç xırda fincanla palataya girdi. Ayağını yenicə astanaya qoyanda anlamışdım ki, kofedir. Xoş ətri vardı. Yaxşıca dəmlənmiş kofe — axırıncı dəfə nə vaxt içmişdim? Qalxınmağım üçün kömək elədilər və bir dəqiqə sonra üçümüz də oturmuşduq artıq: mən çarpayıda, Qeyqer və Valentina kürsülərdə.
— İş ondadır ki, — dedi Qeyqer, siz həqiqətən çox uzun müddət huşsuz qalmısınız və dünyada dəyişikliklər baş verib. Mən sizə onlar barədə danışım, siz isə başınıza gələnləri xatırlamağa davam edin. Sizin də, bizim də vəzifəmiz bu iki axının fəsadsız qovuşmasıdır.
Kofe elə ətri qədər xoş çıxmışdı, hətta bir azca da artıq. Qeyqer kosmosun fəthi barədə danışmağa başladı. Sən demə, biz və amerikalılar artıq çoxdan kosmosa uçuruq. Olar, Siolkovskinin ideyalarını nəzərə aldıqda gözləniləndir bu (Mənə görə, bu kofedə çatışmayan bircə şey var, o da şəkərdir. Soruşuram ki, şəkər ata bilərəmmi. Qeyqer tərəddüd edərək deyir ki, qlükozanın mənim orqanizmimdə özünü necə göstərəcəyini bilmir). Kosmosa ən birinci rus yollanıb, əvəzindəsə amerikanlar Ayda olublar. Kosmos və Ay haqqında bilgim azdır, ancaq mənə qalsa, oralıq heç bir işimiz yoxdur.
— İnsanlar ən dərin dənizlərin dibinə eniblər, — Qeyqer davam edir.
Başımı bulayıram.
— Sizin vaxtınızda bu kimi şeylər barədə düşünmək olardı? — soruşur Valentina.
— Hə, — deyə cavab verirəm, — buna dair bəzi ideyalar elə o vaxt da vardı.
Danışıram ki, yarmarkalarda belə bir oyuncaq olurdu — “Avstraliya əhli”. Suyla dolu yığcam şüşə balonda balaca, pərtdəgöz bir cənab (o da şüşədəndi) üzürdü. Balona yuxarıdan rezin membran bərkidilmişdi. Membrana basırdın, “Avstraliya əhli” öz oxu ətrafında fırlanıb dibə batırdı. “Avstraliya əhli” dənizin dibinə dalır, orada bəşəri səadət arayır!” — deyə haraylardı satıcı. Bir ayağı üstə əyilib xışıltıyla yeriyən satıcı yarmarkada qeyri-adi sürətlə dolaşır, onun səsi gah kəsilir, gah da haradasa yaxında birdən yenə ucalırdı. “Avstraliya əhli” dibə dalır...” Hər kəsə qəribə gəlirdi bəşəri səadət mücahidlərinin bu qeyri-adi davranışı. Onların belə qıvraqlığı. Avstraliyalıların əksinə, Rusiya əhli, sözsüz ki, o cür cürətlə fırlana bilməzdi.
Qeyqerin əli Valentinanın çiynindədir. Barmaqları, sanki ixtiyarsız halda, onun tellərini oynadır. Mənə işarə edirlər. Qeyqer teatral bir tərzdə onun qulağına pıçıldayır:
— Axı bu, təkcə təbiətin fəthi deyil, daha yüksək mətləbdir — xoşbəxtlik problemi...
— Xoşbəxtlik uğrunda mübarizə, belə çıxır ki, sizi o qədər də təsirləndirmir? — Valentina məndən soruşur...
— Ondan, — deyirəm, — əksərən yalnız faciələr törəyir.
Valentina, Qeyqerin əlindən yayınmağa cəhd göstərmir. Gülür. Maraqlıdır, onların arasında nə cürsə bir münasibət varmı? Qeyqer onunla çox ərkyana davranır.
Texniki sahəyə aid başqa nələrsə də danışdı mənə Qeyqer, ancaq hamısı yadımda qalmayıb. Hə, indi “diyircəkli” qələmlərlə yazırmışlar (lələyin içində diyircək olur): deməli, Valentinanın bir neçə gün əvvəl məndən gizlətdiyi də bu imiş. Onlar məni sarsıntıdan qorumaq istəyiblər. Düzünü deyəcəyəm: bu məni heç də sarsıtmadı.
* Ikimərtəbəli ictimai nəqliyyat vasitəsinin qoşa oturacaq qoyulmuş damı. — Tərc.
** Təxminən yarım kiloqram. — Tərc.