Roman Sençin
Roman Valeryeviç Sençin (1971) — nasir, ədəbi tənqidçidir. RF Hökuməti (2012) və “Böyük kitab” (2015) mükafatları laureatıdır.
Kızılda (Tuvada) doğulub. Sankt-Peterburqdakı inşaat məktəbində oxuyub, sonra texniki-təsərrüfat təyinatlı müxtəlif işlərdə çalışıb. İlk hekayələri Kızıl, Abakan və Minusinskdə çıxan qəzetlərdə dərc edilib. A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Təqvimə düşməyən gün” (1997) başlıqlı hekayələr silsiləsi yaradıcılığının Moskvada ilk nəşri sayılır.
“Nubuk”, “Qara pilləkəndə”, “Ayaqlar altındakı buz”, “İnformasiya”, “Parisdə yağış”, “Yeltışevlər” və digər romanların, çox sayda hekayə və povestin, oçerk və tənqidi məqalələrin müəllifidir.
Tənqidçilərin bir çoxu R. Sençini “tutqun realizm”in təmsilçisi sayır, “rus ədəbiyyatının ali ənənələrinə altşüur məhsulu kimi hopmuş qədərçi pafos”un onun da yaradıcılığına xas olduğunu düşünürlər (Lev Piroqov). “Ədəbi həqiqət”, “faktçılıq”, “təxəyyülün sənədli üslubla təzahürü” Sençin nəsrinin çağdaş Rusiya həyatına dair bədii salnamələr kimi qəbul edilməsini şərtləndirən amillərdir.