İvanın qızı, İvanın anası

(povestdən parçalar)

Mətbəxin pəncərəsi girişdən üstdə, onun hər girib-çıxan olanda cırıltıyla səslənən qapısından yuxarıda idi. Canı oddaymış kimi səbirsizləşmiş Tamara İvanovna qapının səsini istənilən künc-bucaqdan, lap mənzilin o biri böyründəki, ərinin yuxuladığı yataq otağından da eşidə bilərdi, ancaq artıq neçə saat idi ki, pəncərənin yanında durmuş, bir toxunuşa bənd olan sim kimi küçəyə doğru gərilmişdi. Amma küçə qaranlıq və səssiz idi.

Girişdəki lampadan düşən işıq topası budaqlarını çadır kimi açmış hündür qocaman qovaqların arasından həyəti və oradakı uşaq meydançasını dövrələmiş alçaq hasara güclə çatırdı. O hərəkətsiz, solğun işıq haləsinə kimsə ayaq basmırdı.

Tamara İvanovna o qədər gərgin idi, içində davamlı közərsə də, onu hələ külə döndərməyən alovdan elə təşvişə düşmüşdü, qaranlıqlaşmış həyətdə peyda olan hər kölgəni sezə, hansısa küncdən gələn hər asta addım səsini eşidə bilərdi. Fəqət yox, hər şey donmuş, keyimişdi.

Yuxulu evlərin dövrələyib boğduğu küçədən əvvəl-əvvəl maşın səsləri gəlirdi: sanki dən yeməkdə axıra qalmış quşlar uçuşdular, indi ora da səssizləşdi.

Gecənin ən sakit vaxtıdır, yəqin, saat üçü keçib. Ər yatır. Ana ilə ata, həqiqətən, nə qədər fərqli xəlq olunub: məgər o indi yata bilərdimi? Ola bilsin, atanın yarı canı övladlarındadır, amma o yarı hissə azlıq təşkil edir, anaya xas hamiləlik duyğusu, bətndəki əbədi, silinməz mövcudluq hissiyyatı çatşmır onda. Sonradan yetkin insana çevriləcək körpəsini doğarkən, ana doğuş sancılarıyla heç də hər şeyi öz içindən çıxarmır: bətnin divarlarına o körpədən nələrsə hopub həmişəlik içəridə qalır. Və indi Tamara İvanovnanın təkcə ürəyi ağrımırdı, o özü bütünlüklə bir topa qatı ağrıya çevrilmişdi, içində hər əzası işkəncə çəkirdi. Amma nəsə ayrıca, xüsusi sızıltı ilə cırmaqlayan da vardı, cırmaqladı, cırmaqladı, cırıb çıxaraq bircə kəlmə inildədi. Svetka idi cırmaqlayan, anasını çağırmışdı...

Axşam çağı, bu işkəncə başlananda əri — Anatoli evdə deyildi. Ancaq Tamara İvanovna bilirdi ki, Demingildədir əri, bir ay olardı, nəsə şərikli iş qursalar da, söz-söhbətdən irəli gedə bilməmişdilər. Əsas adam — daha qətiyyətli, yeni həyata uyğunlaşmış olan — Demin idi. Köhnə həyat üstdən-aşağı kəlləmayallaq gəlib gurultu ilə yuvarlanıb darmadağın olan kimi, o, Anatoli ilə dostlaşdıqları, nə üzrəsə təchizatçı işlədiyi avtobazadan tezcə uzaqlaşmışdı, indi isə mərkəzi bazarda xüsusi köşkü vardı, işıq lampasından boyalara və avtomobil üçün ehtiyat hissələrinəcən, hər cür xırda-xuruş alıb-satırdı. Anatoli isə iyirmi ilini verdiyi avtobazada ilişib-qalmışdı, get-gedə daha seyrək çıxırdı reyslərə, onlar da faydasız olurdu, deməyə də utanır adam, gah odunla, gah peyinlə, bəzənsə elə bomboş qayıdırdı. Dözdü, dözdü, axırda küçəyə atılanacan dözdü. Təkcə ömrünün yox, ruhunun da bir hissəsi, amansızcasına, gərəksizmiş kimi kəsilib atıldı: Tamara ilə də orada — avtobazada rastlaşmışdı, o da üç il kişilərlə bərabər sükan fırlatmışdı...

Tamara İvanovna gecə 11-i keçəndə zəng vurub ərini Demininin yanında tapmışdı. Buna qədər isə qonşu küçəyə, Svetkanın rəfiqəsi Lyusagilə yüyürmüşdü: hündür, şişman bir qız idi o, eynən kuklaya bənzər çöhrəsi, oynaq iri gözləri, toppuş yanaqları olmasa, deyərdin, əkə-bikə qadındır. Elə bu çöhrəsinə yayılan qorxuqarışıq heyrət ifadəsi üzündən də anlamaq olmurdu ki, Svetkanı yalnız günorta vaxtı gördüyünü deyəndə Lyusa doğrumu danışır... Bazarda görüşüblər, iş axtarmaq üçün, Lida Topol da varmış yanlarında. İş tapmayıblar və Lyusa ticarət mərkəzinin yanında rəfiqələrindən aralanıb. Gethagetdə Svetka ilə Lidaya qafqaz əsilli, cins gödəkcə geymiş bir oğlanın yaxınlaşdığını görüb.

Bu söhbətin bircə faydası oldu: Lyusa Lida Topolun ünvanını verdi, o qız uzaqda, mikrorayonda yaşayırmış.

Bunun ardından evə qayıdan Tamara İvanovna Anatoliyə zəng vurub, heç bir gümana yer qoymadan dedi ki, Svetka itib. Qızın hələ doqquzdan sonraya qaldığı olmamışdı. Deyilən vaxtacan qapının ağzında olmalıydı, doqquzdan sonra özbaşına haradasa ləngiməyə ürək eləməzdi. Ondan bir yaş kiçik İvana daha çox sərbəstlik verilmişdi, yay vaxtı, indi olduğu kimi, gecəyarısına qədər hərlənə bilərdi, kimsə də nigaran qalmazdı: oğlan uşağıdır... On altı yaşında qız başqa məsələ: qəşəngdir, təcrübəsizdir, maraqcıldır, bu yaşacan da hamar yol keçməyib. Məktəbə vaxtından əvvəl — altı yaşında getmişdi, elə erkən — doqquzuncu sinifi bitirən kimi də, haradansa qopub yayılan “oxumaq vacib deyil” azarına yoluxaraq məktəbi atdı. Gözəl həyat vəd edən doqquzaylıq satıcılıq kursuna getdi. Kursu bitirdi, amma işə götürmədilər: həddi-buluğa çatmayıbmış. O da eyni kursda oxuduğu rəfiqələri ilə birlikdə satıcılığa düzəlmək, başqasının malını alıcıya sırımaq üçün bazara üz tutmuşdu.

Bax belə.

Anatoli, Deminlə, onun maşınında gəldi. Başqa yerdə qərar tuta bilmədiyindən, eləcə mətbəx pəncərəsinin yanında bitmiş Tamara İvanovna, “07”nin qatı qaranlıq çökmüş yolla, dar, bərbad, çala-çuxurlu döngədə nəsə axtarırmış kimi, səssizcə sürünərək yaxınlaşdığını, Anatolinin cəld düşdüyünü, amma düşüb dayanaraq Demini gözlədiyini gördü. Bunu anlamağa nə vardı: üstünü təhlikə almış doğma yuvaya təkbaşına girmək, arvadının qorxu və tələb oxunan baxışları ilə qarşılaşmaq istəməmişdi. Amma Tamara İvanovna da Demini görəndə bir qədər rahat nəfəs aldı: güvəniləsi adamdır. Demin maşınından düşüb, adəti üzrə, belini önə doğru əyərək, dərsliklərdə verilən ibtidai insan təsviri kimi, uzun qolları çiyinlərindən sallanmış halda binanın girişindən içəri birinci özü addımladı. Açıq qapıdan içəri keçdikdə, Tamara İvanovnanın gərginlik çəkilməmiş simasından, qızın hələ də gəlib-çıxmadığını anlayıb, həmişəki kimi gur, xırıltılı səsi ilə dedi:

— Təlaşlanma, tezdir hələ. Axşamdandır...

Amma hamı, elə onun özü də bilirdi ki, bu, eləcə sözdür. Faydasız söz.

İvanı evdə qoyub, onlar gələnəcən yatmamağı, telefondan aralanmamağı tapşıraraq çıxdılar. Getdilər.

İsti, qaranlıq, durğun bir gecə idi, görünür, yağış gəlirdi. Əl-ayaq çəkilmişdi, amma bu üç-dörd ildə dünyanın hər yerindən sanki yarış üçün buraya gətirilmiş maşınlar yolu boş görüb dəlitərsinə şütüyürdülər. Bu əcnəbiləşmə yarışı indi hər şeydə — parçalarda və dəridə, çaydanlarda və saplıcalarda, yerkökü və kartof toxumlarında, uşaqların təlim-tərbiyəsində və professorların təkmilləşdirilməsində, eşq oyunlarında və ictimai əyləncələrdə, cib cihazlarında və təyyarə mühərriklərində, küçə reklamlarında və rəsmi nitqlərdə — özünü göstərirdi. Hamı özünün olanları birdəfəlik çıxdaş edib heçliyə yuvarlandı. Yalnız dəfnlər köhnə tərzdə qalmışdı. Özü də indi dəfnlər, kilsələrdə vida mərasimləri elə tez-tez olur, sanki irəliyə, parıltılı, qaynar məchulluğa doğru çılğın sıçrayışla eyni vaxtda geriyə, həyatın dəfnlə yekunlaşan tanış axarına hövlnak qayıdış da baş verir. Elə bil tən yarıdırlar: bir qismi pərvanə kimi oda cumur, digər qismi köstəbək kimi torpağa quylanır.

Dinməzcə yol gedirdilər, yalnız xarici maşınlar onların yoluna keçəndə, ya da qarşıdan gələnlər “yaxın işığı” lazım bilməyib çox güclü faraları ilə onun gözlərini bərk qamaşdıranda Demin donquldanırdı. Mərkəzə endilər, köhnə körpüylə Anqaranın sol sahilinə keçib sağa döndülər, şəhər arxada qaldı. Ətrafı qaranlıq bürümüşdü. Bədəni uyuşmasın deyə Tamara İvanovna arxa oturacaqda əyilib başını şüşəyə sarı çevirərək göydə ulduzları aramağa başladı. Onlar görünmürdü, haradasa yüksəklərdə şəhərin işıq selinin, bataqlıq mərciməyi kimi lay-lay, tutqun-alabəzək əksi asılıb qalmışdı. Tamara İvanovna ulduzları tapa bilməyib xatırlamağa çalışdı ki, onları axtaranda ürəyində arzu tutmuşdumu, ancaq yadına düşmədi, elə bil bir-biri ilə zəif əlaqəli iki hissəyə bölünmüşdü.

— Yavaş gedirik? — Demin onun qurcuxmasını öz fikrincə yozdu.

<...>

Ərə gedənəcən Tamara İvanovna tez-tez təəccüb və həyəcanla baxardı özünə. Amma bundan da artıq təəccüb və heyrətlə özü haqda fikirə dalardı. Kənddə onlar həyətin uzununa tikilmiş böyük beşdivarlı* evdə yaşayırdılar, Tamara orada uzun müddət qapı yerinə ağır çəhrayı pərdə asılan arakəsməni məskən etmişdi. Yalnız onun gedişinə iki qalmış, atası qapını asdı və arakəsmə, nəhayət, otağa çevrildi. Oraya üz qabığının boyası qopmuş, gözəllik, səliqə-sahman niyyətilə önünə keçəndə əyilib-yırğalanan, ancaq yenə də davam gətirib işə yarayan bir trümo sürüyüb saldılar. Yatmazdan əvvəl, qapının qarmağını keçirəndən sonra, Tamara tutqun güzgünün qarşısında gecəköynəyini qaldırar, az qala hər yeniyetmə qızın, təxminən sirli bir bayılma həddində, canındakı — qadınlığın yaxınlaşmasından xəbər verən — bütün dəyişiklikləri izlədiyi kimi, onqat artıq diqqətlə bədənini gözdən keçirirdi.

Özünü tam qədərində bəyənirdi: bəstəboy, tökməbədən, çiyinləri dik, ayaqları möhkəm, əzələli (daha uzun olaydı kaş) idi, amma hər əzası azacıq da yerbəyer olsa, bədəni tamam qaydasına düşərdi. Onun təsəvvüründə, qadın bütövlükdə altdan-yuxarı — səmaya, günəşə doğru böyüməli idi, çünki günəş hündürləri, adi həddən yüksyə ucalanları daha əziz tuturdu, hətta qadın bədəninin hüceyrələri uzunsov çovdar dənəsinə bənzəsin gərək. Onda daha həssas, zərif, şən və cazibədar olar.

Bəstəboy qalacağı ilə, dərhal da olmasa, barışmışdı o. Ancaq “samovarbədən” olmaq da istəmirdi, bundan ötrü bəzi tədbirlərə əl atmış, özü üçün bəzi tövsiyələr düzüb-qoşmuşdu. İndi, anadangəlmə görkəmdə güzgüyə yaxınlaşarkən onu həyəcanlandıran bu deyildi. Bu, ancaq lap birinci baxışda, ilk gəlişdə belə olur. O isə bunu keçmişdi, özünü kəşf etməkdə, gözlərini yumaraq, sığal çəkməklə, uzununa tumarlamaqla bədənini hala gətirməkdə idi.

Bu əzablı, duyğulu intizar elə xoş gəlirdi ki.

Xəfif dalğa kimi aramla yuxarıdan-aşağı enib yanlara yayılan süstlük dərinləri ta dibəcən oyadır, haralardasa sıxılıb ləzzətlə qıvrılır, təzədən genişliyə çıxanda əks-dalğayla, bu dəfə daha qüvvətli oxşayaraq, bir də yuxarıya yönəlirdi. Oralarda hər şey gərilir, donur, süzülür, haradansa kənardan yüngülcə bir nəfəs vururdu onu, canlanıb yayılan cərəyanlar bir-birinin bəhsinə çırpınırdı. Canından sanki elektrik cərəyanı keçir, bədəninin rəngi xoş, mülayim bir parıltıya boyanırdı, içdən-içdən məchul bir səsin lap astadan, az qala layla kimi dediyi nəğmə gəlirdi qulağına: gərək ki, onu nə vaxtsa eşitmişdi: 

Sakit-sakit
Bir çay axırdı.
Yağış-yağış
Suyu artırdı.

Ay ləli, ay ləli,
Çay, heç coşma sən.
Öz saf suyunu
Bulandırma sən.

Onu öz içindəki qadınlıq sirri həyəcanlandırırdı, amma nə qədər anlaşılmaz, müdhiş də olsa, bu, hamıya eyni cür təsir bağışlayan fizioloji xassə daşımırdı, əksinə, mücərrəd, batini, fiziolojidən daha təsirli, hərarətini fərqli ruhdan alan bir duyğu idi: gah sakit, yuxulu, ləng davranan, sinəyə ahəstəcə nüfuz edən, gah da birdən pərvazlanıb elə həmin sinənicə qabardan, insanı həyəcandan dik sıçradan. Elə bil açığa çıxmağa cürəti çatmayan hansısa varlıq yaşayırdı içində: hiss edildiyi, arandığı üçün artıq xoşbəxt olan bir varlıq. İçindən gələn nəğməni o, dəfələrcə dinləmişdi, elə həmin incə, qüssəli səslə. Özünü qətiyyən tanımadığını düşünəndə ağlı başından çıxırdı. Həyatda hərənin öz vəzifəsi var, həyat üçün, həyatın davamı naminə hərə bir iş görür, amma qadını ömrü boyu, büsbütün yatağa və mətbəxə təhkim etmək olmaz axı. O ki oralara sığışa, bütünlüklə ərinə məxsus ola bilməz.

Bəs onda, azad dolanıb, hisslərdən üstün, cismanilikdən uzaq olmaq, paklığı qorumaq, sahib çıxıb qayğı göstərmək, nəvazişdən korluq çəkəndə qadını oxşayaraq asta-asta ipini yığmaq necə bir işdir? Bəzən Tamara İvanovna içindəki bu gizli — ehtiras alovuyla yox, xalis ilham oduyla alışdığı, bütün varlığının xoşbəxtlik vəd edən bir fədakarlığa əzmlə, israrla can atdığı — tərəfinə görə özündən utanırdı.

Onun kimi milyon-milyon qadından biri olsa da, bu fövqəlhəssaslığı, özünüdərketmə qabiliyyyəti sayəsində özünü tək-yeganə saya bilərdi: həm eləydi, həm belə, yenə nəsə fərqliliyi vardı.

Atası onu şəhərə yola salanda, xəbərdarlıq etmək üçün özünü — olduğundan da artıq — sərxoşluğa vurmuşdu: ərə gedənəcən göz bəbəyin kimi muğayat ol özündən, qızım. Dolayı tərzdə deyilmişdi, amma şərhə nə ehtiyac vardı, o, beləcə də anlamış, hətta atasından, bunları deməyə özünü məcbur etdiyinə görə, incimişdi də. Ancaq zamanı gələndə o da bunları Svetka üçün təkrarlamalı oldu; İlahi, vaxt nə tez gəlib yetişir, dünənki uşaqlar da öz növbəsində, artıq böyüyən, tələlərlə dolu müstəqillik yoluna çıxan övladların valideyni olurlar.

Svetka utanıb xəcalət çəkdiyi üçün gözlərini yayındıraraq dinləmişdi anasını, amma bu cür də olmalı idi: belə məsələlərdə onlar hamısı həssaslığını qoruyurdu, hətta Anatoli də. Kobud sözlər, biədəb söhbətlər nəinki ailəyə yad idi, hətta kənardan birinin ağzından çıxsa, tufan qopardı. Bu məsələdə Demin də Tamara İvanovnadan çəkinirdi: hansısa kəlməni əvəzləmədən söyləmək lazım gələndə, o vaxt hələ balaca olan uşaqları da heyrətləndirərək həmin sözü olduğu kimi desə belə, qırıq-qırıq səsləndirir, birtəhər üstünü malalamaq üçün öskürürdü.

Sərbəst yaşam tərzinin gəlişi ilə televizor sanki hansısa sehirli güvəcdən daşan qatı çirkab yaymağa başlayanda, evin astanasından küçəyə qədər hər yeri basan o çirkabı sözlə, nəsihətlə əngəlləmək mümkün olmayanda Tamara İvanovna, uzun-uzadı götür-qoy etmədən, televizoru döşəməyə çırpıb əllərini yaxaladı.

— Çox dərinə getmə, anası, — dedi, nisbətən təmkinli Anatoli.

Onlar, uşaq böyütməkdə olan əksər ailələrdəki kimi, qeyri-ixtiyari bir-birinə “anası”, “atası” deyə səslənirdilər. Qadın aralanaraq pəncərənin qarşısına keçdi, qız uşağı təki, göz yaşları yanağına süzülə-süzülə ağladı. Hər bu cür “partlayış halı”ndan sonrakı sayaq, bu dəfə də bütün günü key kimi qaldı, asta-ağır dilləndi. Tamara İvanovna onda, uşaq bağçasındakı işindən çıxıb, yenicə poçtda işə girmişdi və mətbəədən, vağzaldan poçt işçilərinə gətirilən, o vaxtacan eşidilməmiş hadisələrlə, görünməmiş şəkillərlə dolu rəngbərəng qəzetlərdəki mənzərə qadını sarsıtmışdı. Heç jurnallar da abırlı deyildi; elə burada, poçtdaca satılan kitabların üz qabığında isə ayaqlarını göyə qaldırıb — dünyaya meydan oxuyurmuş kimi — irişən gözəlçələr gözə girirdi. O, poçta köhnə peşəsi üzrə, teleqrafçılığa gəlmişdi; teleqramların da məzmunu dəyilmişdi: düşükləmələr, gizli və aşkar təhdidlər, söyüş, elə bil səfehliyin və lağlağının son həddəcən sınaqdan keçirildiyi cəfəngiyyat... Daha heç bir hədd-qadağa qalmamışdı, hər şey açıq-saçıq, başlı-başına, amansız bir yön almışdı, sanki bütün yaramazları aşkara çıxarmağa, yaramaz cəhətlərini bir yerə toplayıb məhv etməyə, özlərini isə harasa uzaqlaşdırmağa tələsirdilər... Amma hara? Uzaqlaşdırmağa yer yox idi, bu cüzamın bürümədiyi bircə künc-bucaq qalmamışdı.

Həmin çirkab selinin elə bil sıldırım dağlardan axıb gəldiyi ilk illər Tamara İvanovna acizliyini, bu qaynayıb-daşan, abırsızlığın şahə qalxdığı üfunətli axından qorunmağın, yayınmağın mümkünsüzlüyünü anlayıb göz yaşları tökürdü: köksünün altına tərpənməz bir qaya parçası kimi çökən ağrı saatlarla nəfəsini daraldırdı. Ağlayanda, təlaşlı qəlbini odlu göz yaşları axıdaraq isidəndə isə guya o qaya parçasını yerindən tərpədir, nəfəsi genəlirdi. Amma göz yaşları ilə haracan qurtulmaq olar? Bir də duyuq düşdü ki, ağlamaqla ağlamamaq arasında götür-qoydadır. Deməli, ağlamaya, qadın kövrəkliyinə boyun əyməyə bilərdi. Onda bəs niyə boyun əyməyə, özünü aldatmağa, o qızmar ağırlıq içərisini sarsıtdıqda bu çarəsiz yüngülləşməyə niyə alışmışdı? Onu valideynə, müəllimə, dövlət qulluqçusuna çevirmiş hər şeyin yerini bütünlüklə tuta biləcək abırsızlığı göz yaşları sayəsindəmi qovub uzaqlaşdıracaqdı? Yox, bitdi, yetər gözünün suyunu axıtmaq!

Beləcə, sığına biləcəyi bir qala axtardığı vaxtda Tamara İvanovna tez-tez Anqaranın kənarındakı doğma kəndini, tozağacı və şamlarla əhatələnmiş geniş çəmənliyi, yandakı, dümağ fəvvarıni andıran may meşəgilasını, onun kəndə yayılan şirin rayihəsini, açılandan sonra çovğun kimi səpələnib küçəni bəyaza qərq edən çiçəklərini, dünyanı altına alan əlçatmaz səmanı, aşağıda, günbatan səmtdə ağır, sakit axışlı Anqaranın o lal, ancaq hər halıyla doğma sahillərini xatırlayırdı.

Bütün bunlar bir araya gəlib qovuşur, oynaşıb səs salır, üst-üstə qalanır, sonra da dağılışır, haradan baxsan, görünür, hər nəyi istəsən, yaxınlaşdırıb göz önünə gətirirdi. Və bütün bunlar Tamara İvanovnanın ruhuna — heç bir təması unutmayan dəri kimi — elə əyani, canlı və ağrılı tərzdə nüfuz edirdi ki, qadın hamıdamı belə olduğunu, yoxsa bu dözülməz yaddaş işkəncəsinin yalnız onunmu bəxtinə düşdüyünü araşdırmağa qorxurdu. Mərhum anası bir neçə dəfə yuxusuna girmiş, boylana-boylana, tələsə-tələsə, qorxa-qorxa o da öz mərhum anasının, yəni Tamara İvanovnanın nənəsinin ondan — Tamaranın anasından israrla nəsə istəməsindən söz açmışdı. Nə istədiyi heç cür anlaşılmasa da, o dünyada da münasibətlərin nə cürsə davam etdiyi düşüncəsi çox ağrılı təsir oyatmışdı.

Kəndi, ətraf çöllərin, çayqırağı sahələrin, kənarları çəpərlənmiş geniş otlaqların mənzərəsini anmaq da onu eynilə bu cür ağrıdırdı.

Gah Anqaranın o tayındakı meşə təsərrüfatı idarəsinin həyəti və çaya doğru enən, tapdaq-tapdaq olmuş cığır, gah kənddəki evin həyətində ucalan, bir yanı qırılıb çökərək təktərəfli qalmış, yuxarısını külək yellədib əyəndə dirəkdəki bayrağı xatırladan tozağacı gəlirdi gözləri önünə. Amma burası aydındır hələ — yaddaşdakılardır. Ən qəribə və müəmmalısı bu idi ki, bəzən ya yerli-dibli unudulmuşlar, ya da heç şahidi olmadığı, kənddən getdiyi vaxtdan sonra baş verənlər də təsəvvüründə canlanırdı. Budur, o, yeyin addımlarla çəmənlik boyu gedir, kənd və Anqara sağda qalıb, solda, çılpaqlaşmış meşənin arxasında biçilmiş sahələr görünür, büllur kimi saf, adama iynə kimi batan əsl payız havası var, qabığı çatlamış qocaman tozağacılardan birinə yaxınlaşır və görür ki, altdakı yan budağa bir cəhrə keçirilib. Hə, nə olsun? Cəhrədir də, lazım olmayıb, yaxşılıq üçün gətirib göz qabağına qoyublar ki, bəlkə kimsə götürüb apardı. Amma əvvəlki xəyallarında cəhrə olmazdı axı, Tamara İvanovna, xəyalən də olsa, hər cığırla elə diqqətli gedərdi ki, nəzərindən heç nə yayına bilməzdi. O gedəndən sonra doğulmuş uşaqların çöhrəsi gəlirdi gözlərinin önünə. “Kimin uşağısan?” “Zıryanovskilərin”. Toxmaçar** onu maraqla süzür, çünki tanımadığı bibi ilə qarşılaşdığından o da təəccüblənib. “Zıryanovskilərdən kimin?” “Lyusanın”. Tamara İvanovna “Zıryanovskilərdə Lyusa varmı” fikri ilə yaddaşını xeyli ələk-vələk etsə də, xatırlaya bilmir. Amma kənd icmasının bu ən yeni üzvü öz soyadını və anasının adını belə qətiyyətlə söyləyirsə, deməli, var. Aydındır, nağıl olası deyil ki.

“Hər şey Anqara ilə axır — uşaqlıq da, qocalıq da, sevinc də, qəm də”, — kəndlərində belə bir hikmətli deyim vardı. Həyatı öz axarına salardı o, taleyi suya çəkib təzələyərdi, suyunun duru vaxtlarında çınqıllarıyla elə nağıllar danışardı ki, mat qalardın. İndi hər şey dibinə çökür, lil bağlayır. Tamara İvanovna qeyri-ixtiyari bu haqda düşünəndə qadına gerçəkdən elə gəldi ki, o ətrafdakı sakinlərin ovqatı da Anqaranın suyunun dumduru və şaqraq, yoxsa ağır, bəndə salınmış kimi durğun axmasından asılıdır. Hə, hər şey — fərqinə varmadan, laqeydliklə dibə vurur. Bunun sonrası nə olacaq? Necə bir qaynaq olacaq, təsəvvürə sığmayacaq qədər uzaq gələcəyin insanı onu hansı ehtiyacına görə işlədəcək?!

Anası mömin idi, doğrudur, ikona-ibadət bilməzdi, amma Allahın namını verməz, adını tez-tez zikr edərdi. “Allahın nəzərində gərək fağır olasan ki, — deyə qızına öyüd verərdi, — diqqət yetirib səni öz himayəsinə alsın”. Tamara artıq yesyekə qız idi. “Allah bizim hamımzı necə tanıya bilər axı?” — düşüncəli halda soruşmuşdu bir dəfə. — Axı biz çoxuq, lap belə minlərləyik”. Bu məqamda atası girmişdi söhbətə. Yerdəki işlərin göydəki haqq-hesabına özünəməxsus yozumu vardı onun. “Biz ki hamımız çaydan su içməyə gedirik, — adəti üzrə başını endirib-qaldıraraq, yarızarafat-yarıgerçək söyləmişdi. — Çaylarsız, Anqarasız, birimiz də yaşaya bilmərik. Bütün çaylar isə Allahın yaxınından axır. O da, güzgü kimi, çaya baxıb hər birimizi görür. Başa düşdün?” Başa düşülməyəsi nə vardı? Qız başını tərpədib susaraq, gözlərini önünə zillədi. Bu sözlər canına elə yatmışdı, sonradan, şəhərdəki mənzillərində səhərlər kranı açanda və boruda durğun, ölgün, buruq-bükük qalmış su şırnağı axirətdən fışqırırmış kimi oradan çıxanda onları dəfələrlə xatırlamışdı. Güzgünün, himayənin, şəfaətin bura nə dəxli var axı?! İmkanlı adamlar əbəs yerə kran suyundan vaz keçib vedrə-bidonla ya Baykala, ya çeşməyə üz tutmurlar ki! Onlar yeməyin də, udduqları havanın da yaxşısını seçirlər; çox gözəl bilirlər ki, bədəndə xəstəliklər yeməkdən və sudan yaranır.

Eh, həyat sanki diyircəkli arabadır, baş alıb gedir, amma sən onun üstündə xanımyana oturub göydəki günəş kimi fərəhlə diyirlənmirsən, daşlıqda, palçıqda, çölləmədə sağalmaz yaralar ala-ala sürünərək iz salırsan.

Ruhunun xəlvət yerinə çəkilib sövqi-təbii meyillə üzə çıxan o həzin və məsum nəğmə Tamara İvanovnanın içindən bir də baş qaldırdı. Yenə də incə, yatımlı, bircə xalı da yad gəlməyən avazla yayılırdı: 

Ehmal-ehmal
Bir qayıq üzürdü.
Acı göz yaşım
Qayığa süzüldü.
Ay ləli, ləli,
Könlüm, ağlama.
Xoşbəxt tale payımı
Əlimdən salma.

Tamara İvanovnanın özünə yazığı gəldi, köks ötürüb mücərrəd, ünvansız düşüncələrə daldı, amma fikirləri, vərdiş üzrə, eyni yönə meyilləndi: “Əlimdən salma” nədir, dərin uçuruma itələdilər lap... Birtəhər sinəsini dikəldib, hüznlü düşüncələrini cilovlayaraq, nikbin ovqata köklənməyə çalışdı. Ancaq bu ovqatda da çox qalmaq çətin oldu. Bir ara ona elə gəldi ki, bu yaxınlaracan, yəni düz qırx il yaşadığı sabit dünyadan indi daha heç nə qalmayıb, ətrafda hər nə vardısa, dağılıb, sanki nəhəng bir qaya sürüşərək parçalanıb, onun nisbətən salamat olan kiçik üst hissəsi yuxarıya doğru sıxılaraq üzə çıxıb, digər, daha böyük hissənin isə miskin tör-töküntüləri ora-bura səpələnib, ancaq ortada nəinki əks qüvvələr, ümumən heç bir qüvvə yoxdur, yalnız müxtəlif cür donub qalmış dağıntılar var. Birdən də mənzərə dəyişildi və həmin dağıntılar məzmunlu bir şəkil aldı, yad da olsa, hər halda, nəsə bir nizam kəsb etdi, ən azı, nizama doğru meyilləndi, görünür, sadəcə səbrli davranıb bu qorxunc çağı yola vermək, uşaqlarını da, öz canlarını da qorumaq lazım idi — həyat haçansa sahmana düşəcəkdi axı, başqa cür ola da bilməzdi! O günə elə can atırdı, o rahatlığa sağlığında qovuşmağı elə istəyirdi ki! Beləcə, rəvan, onu öz həlim cazibəsinə çəkən nəğmənin ahənginə qapıldı: 

Sakit-sakit
Bir çay axırdı.
İçində çoxlu
Göz yaşı vardı.
Ay ləli, ay ləli,
Çay, heç coşma gəl.
Qayığın başına
Əngəl açma gəl.



* Ənənəvi rus kənd evləri. — Tərc.

** Yaşına görə gödək və kök uşaq. — Tərc.