Novoçerkassk hekayələri
Pis qurbağa
— Sən həmişə öz aləmindəsən, müqəddəs ata, — ordu kilsəsinin kandarındakı səkidə oturan dilənçilər Tronyaya deyirdilər: Tronya özü də bəzən dilənçilərin arasında oturub, əllərini dizlərinin üstünə qoyaraq sakitcə kilsə meydanının gün düşən, külək vuran sahəsinə baxırdı. O, dilənçilərə, burada ehtiyatla gəzişərək baxışlarına mane olmamağa çalışan səliqəli geyinmiş, ovuclarında sıxdıqları balaca düyünçələri arabir ona uzadan səbrli qarılara fikir vermədən saatlarla belə otura bilirdi.
— Mənimkini al, Trofim... Mənimkini, — Tronyanı qorxutmaq istəməyən qarılar sakitcə və monoton tərzdə təkrarlayırdılar: çünki hər an ayağa qalxıb düyünçəni heç kimdən almadan kilsəni tərk edə bilərdi.
Düyünçələrdə qurbağalar vardı.
Bir də görürdün Tronya qəfil ayağa qalxır, sanki harasa hazırlaşırdı. Amma heç yerə getmirdi. Qarıların birinin əlində düyünçəni alır, açıb qurbağanı çıxarır, qabaq pəncələrindən tutaraq iki əliylə yuxarı qaldırırdı. Bir müddət maraqla ona baxırdı. Sonra birdən zavallı heyvanı qranit pilləkənlərə şappıltıyla elə çırpırdı ki, qurbağa parça-parça olur və o, qarıya tez-tez deyirdi:
— Sənin qurbağan pisdir, tezliklə öləcəksən, get evinə, hay-küy sal, arxanı sobaya ver!
Qarı Tronyadan zərrə qədər inciməyərək uzaqlaşır, pilləkənlərlə dal-dalı gedir, təzim edərək, doğru xəbərə görə təşəkkürünü bildirirdi.
Digər qarılar da alnlarına və yanaqlarına diri qurbağa vurduğuna Tronyaya təşəkkür edirdilər.
— Xeyir-dua verir! — Bir-birinə sevinclə izahat verirdilər. — Hələ yaşayacağıq.
— Bəs o özü nə qədər yaşayacaq? — Fürsətdən istifadə edib qarılardan soruşurdum. Nənəm bəzən məni kilsəyə göndərirdi ki, Tronyanı orada tapıb evinə aparım: ona elə gəlirdi ki, küçələrdə sürətlə bir istiqamətdə getməyi xoşlayan Tronya özü də bilmədən Kreşenski yoxuşunu aşaraq, şəhəri tərk edəcək və çöllüklə Qafqaz dağlarına, Qara dənizə qədər gedəcək.
— Nə qqədər yaşayacağını sən onun özündən soruş... Ya da nənəndən, — bəziləri mənə sakitcə deyirdilər.
Başqaları mehribancasına cavab verirdilər:
— Heç nə qədər. Heç vaxt doğulmayıb, heç vaxt da ölməyəcək. Get işinlə məşğul ol...
Amma mən geri çəkilmək istəmirdim. Nənəmin tapşırığını unudaraq, kəmhövsələ qarıları hirsləndirirdim.
— Hamı doğulur və ölür, — onlarla höcətləşirdim.
Etirazlarına cavab olaraq əsəbləri ilə oynayır, pis qurbağalarla qorxudurdum, xüsusilə də sivriburun, hinduşka yanaqları qara məxmər jaketinin yaxasıyla aşağı sallanan, hamıdan çox naqqallıq edən, başını bulayan və məni “gözsüz şeytan” adlandıran balaca qarını.
— Görəcəksən, — bir gün ona dedim, — sabah Tronya sənin qurbağanı elə şappıldadacaq ki, quruldamağa da macal tapmayacaq!
Lakin ertəsi gün Tronya kilsəyə gəlmədi.
Yadımdadır, o günü lal Firs məni səhər tezdən oyatdı. Həyətdə albalı ağacının altındakı taxtda yatmışdım və bəlkə də ilk yuxumu görürdüm, çünki gecə yarısına qədər damın altında üçtağlı qapısı və çoxlu kvadrat pəncərələri olan hündür daş talvarın damına qalxıb (bir vaxtlar Anna nənə gimnaziyada oxuyanda bu talvar tövlə idi), bütün mahalı başlı-başına dolaşan, Qafqaz və Poçt küçələrində yorğalayan və çox arzuladığım çuqun ayaqlı qədim teleskopla Aya baxırdım; dəfələrlə Razin yoxuşu ilə Arxangelsk küçəsinə, Atamanski bağının yaxınlığında ucalan dəbdəbəli evlərə qalxmışdı; Aksay sahillərindəki mürgülü küçələrdə az qala itmiş və bir sürü mirvari quramisi* ilə dəyiş-düyüş edilərək mənim əlimə keçmişdi.
Firs məni durğuzub yarıyuxulu halda laxlayan pilləkənlə talvarın damına, gecə teleskopdan ayrıldığım, gündüzlər Aksayın şəhəri və bütün çaybasarı cənubdan dövrəyə alan, qamışlıq və alçaq söyüdlük, eyni zamanda sübh səmasının alabəzək diyarına, Don sahillərinə qədər boz və hamar şəkildə saralan qamışsız və söyüdsüz açıq çöllük sol sahilin aydın göründüyü yerə sürüklədi.
Firs bir əlini həyəcanla havada oynadaraq, çöllüyün lap o başını göstərdi; o biriylə başımı tutub tərpətdi, gah qaldırdı, gah aşağı saldı, nəhayət, gözlərimi özü görünməyən Dondan gələn parlaq işığın hiss olunduğu üfüqdə bir insan fiquruna tuşlaya bildi.
— Qurr-qurr! — birdən qulağımın dibində eşitdim.
Tam ayılanda dünənki qurbağalar, yağlı məxmər jaketli balaca qarı, nənəmin yerinə yetirmədiyim tapşırığı, o qarıya verdiyim dəhşətli vəd unudulmuş yuxu kimi anidən yadıma düşdü.
— Qurr-qurr!
Bunu müəyyən səsləri yamsılamağı bacaran Firs dedi.
“Qurr-qurr” — o, qurbağalar vasitəsilə həyatı və ölümü proqnozlaşdıran Tronyanı belə adıandırırdı.
Xoşbəxtlik vareniki**
Milad gecəsi bütün məhəllələrdən maskaradçılar kolyada*** ayinini icra etmək üçün Anna nənənin yanına gəlirdilər.
Məharətlə kök qadın roluna girmiş lal Firs də gəldi. O yanaqlarını qızartmış, başından iki hörük asmış, arxasına və sinəsinə paltarın altından yastıqlar qoymuşdu. Bunları elə ustalıqla etmişdi ki, əgər hamı xorla mahnı oxuyanda Firs sussaydı, heç kəs onu tanımayacaqdı.
Çöllüklə sizə gəldik, qayıqla üzdük,
Çöldə heç kəsi biz incimədik,
Yalnız səmadakı ulduza baxdıq,
Göyüzündə körpə Məsihi gördük!
Ancaq Firs Anna nənədən dinməz-söyləməz hədiyyələr — gümüş sikkələr, yeni əlcəklər, şərf almaq istəmədi, odur ki, özünəməxsus mahnı oxudu.
— Mo-mo-mu! Mo-mo-mu! — o, boynunu uzadaraq və atılıb-düşərək, melodik şəkildə böyürdü.
Kütlənin içindən qorxunc, ayaqyalın, nəhəng əsası və köpükdən düzəldilmiş pırtlaşıq saqqalı olan, dizindən qoltuqlarının altınacan boz cüyür dərisinə bürünmüş (öz tüklərinin üstündən) latış çıxdı.> Başqa vaxtlar bu görkəmdə camaatın arasında qanetllər və ya espanderlərlə gəzərək, güzgüdə gah kürən qıllı geniş sinəsinə, gah da uzun, güclü ombalarına baxardı.
Parıltılı şaxta çomaqları olan Manilov baba qapıdan içəri soxuldu — Manilixa nənə ayı qiyafəsində olan babanın boynuna xalta keçirmişdi; özü isə uzunboğaz çəkmələr, atlaz parçadan alışıb-yanan şalvar geymiş, qara bığ qoymuş, qaraçısayağı üzüklər və sırğalar taxmışdı.
— Hey-na-na-ne, qızılbaş! — o özünə məxsus olmayan səslə ayıya qışqırdı. — Dombalaq aşsana, əzizim, camaatı əyləndir görüm!
Qapını Razin enişinin zirvəsində yerləşən və uzun illər bağlı olan Aleksandr kilsəsi nəzdindəki tutqun-gözəl evdə yaşayan Vasili ata, keşiş Vasyok yumruğuyla döydü. Taqqataq saldıqdan sonra qəfil içəri girdi, dombalaq aşdı. Keşiş başdan ayağa cır-cındır içindəydi, şərfi dəlmə-deşik, kürkünün tükləri tökülmüşdü. “Bayram xatirinə dilənçiyə sədəqə verin!” — o, şən-şən qışqırdı.
Onun ardınca əkiz Manilovlar, Manilov babanın nəvələri tərsinə geydikləri kürklərdə çaparaq gəldilər, onların başında yumru gözlər və gülümsəyən ağızlar oyulmuş boş balqabaqlar vardı.
Milad gecəsi Tronya da paltarını dəyişmişdi.
Kətan şalvarında və pambıq köynəyində qalsa da (ona şaxta və ya qızmar isti fərq eləmirdi), başına Angelina Lyosikin Atamanski bağındakı kinoteatrın müdiri olan oğlunun işə gedərkən qoyduğu papaqdan keçirmişdi və onu tanınmaz edən yeni libasda olduğunu düşünürdü.
Tronya hamıdan gec gəldi. Yanan pəncərələrin işıqlandırdığı qarı tapdamamağa çalışaraq, giriş qapısına yaxınlaşdı. Qapının çərçivəsində dəhlizdə şikayətlə cingildəyən elektrik zəngi vardı; mənim səmimi dostluq etdiyim başqa bir zəng də var idi, çünki qapının üzərindəki fırlanğıcın qurma oyuncaq açarına bənzəyən iri dəstəyini bərkdən hərlədəndə bütün evdə şən-şən cingildəyirdi; onun altında isə yüz ildir qapıya vurulan zərbələrdən üzərində dərin çuxur əmələ gəlmiş ağır bürünc halqa də vardı. Lakin Tronya nə zəngə, nə fırlanğıca, nə də bürünc halqaya toxundu. O, papaqlı başını qulaqlarına qədər çiyinlərinə çəkərək qapının qabağında dayandı və astaca qışqırdı:
— Tuk-tuk! Gələn var!
Onu dərhal eşitmək mümkün deyildi, çünki dəhlizdə artıq çoxdan gözlənilən mərasimi şən səs-küy başına götürmüşdü: Anna nənə kolyada nəğmələrinin sədaları altında maskaradçıların gətirdiyi kutyadan**** dadaraq, artıq onların kisələrinə hədiyyələr və pul atırdı. Nata və Angelina isə qonşu otaqdan Annanın axşamdan hazırladığı qızdırılmış şam ağacı yarpaqları və ilıq şam işığı qoxusu verən sehrli varenikləri gətirirdilər. Üçündən başqa bütün vareniklərdə kəsmik var idi. Birində un vardı və bu varenik fırtınalı dənizdə quldurların və ya balıqçıların yelkənli qayığı səylə itələdiyi böyük çini kasanın dibində kimin çəngəlinə ilişsəydi, onun bütün il boyu unu olacaqdı. O biri boş, yanları ancaq xəmirdən idi: kim yeyəcəkdisə, onun üçün il nə yaxşı olacaqdı, nə də pis. Üçüncüsündə isə Çar Nikolayın cızıqlanmış başı olan gümüş rubl vardı və o, xoşbəxtlik vareniki sayılırdı...
-Tuk-Tuk! Gələn var! — Tronya bir az da ucadan qışqırdı. -Tuk-Tuk! — Manilov əkizləri onu, axır ki, balqabaqların altından eşidib, şəhadət barmaqlarını oyma ağızlarına qoyub, qapını açanadək səylə təkrarladı.
Tronya başını hələ də qulaqlarına qədər çiyinlərinin içində saxlayaraq və özünü yad adam kimi göstərərək, bir-birinə sürtdüyü xırda addımlarıyla dəhlizə girdi.
— Ay, bu kimdir?! — Anna nənə heyrətlə səsləndi, guya Tronyanı tanımır>.
Nata da özünü bilməzliyə vurdu.
— Bu ki bizim latışdır! — o, əllərini qarşısında cütləyərək, arxasında dayanan və artıq hamının qıvrım saçlarından və nəhəng boyundan tanıdığı latışa tərəf dal-dalı gedərək dedi.
— Yox, Natoçka, yox! Bu mənim Lyosikimdir! Mənim Leyosikim! — Angelina cəld ona etiraz edərək, sümüklü uzun barmaqlarını havada silkələdi. — Baxsana, baxsana, bu da onun boz keçə şlyapası! — o, ehtirasla ciyildədi.
Amma Tronya nə latış, nə də Lyosik olmaq istəyirdi.
O, bədəninin duruşunu dəyişmədən, sanki bütün qamətini balaca şlyapasının altında gizlədərək dəhlizin ortasında dayanıb ürəyində başqa ehtimallar gözləyirdi... Gözlədi, gözlədi, baxışlarını o yan bu yana çevirdi, özünəməxsus təbəssümü ilə, yəni bütün sifətiylə deyil, yalnız gözlərinin altındakı və burnundakı qırışlarla gülümsədi. Həmişə olduğu kimi, dodaqlarında və çənəsində sarsılmaz inciklik vardı, birdən. dözməyib, papağını çıxardı və inamla qışqırdı:
— Mən Firsəm!
— Necə yəni? Firs axı balacadır, — Nata nəvazişlə şübhə etdi. — Firs axı danışmır.
— Firsəm! Firs! — Tronya daha inamla təkrarladı. Sonra latışı göstərərək sevincək dedi: — O isə budur, lənətə gəlmiş!
Ürəyim çırpındı. Çünki Tronyanın indi nə edəcəyini aydın təsəvvür edirdim... Artıq görürdüm ki, ayaqlarını yerə tappıldadaraq rəqs edə-edə, gah bu, gah da digər ovcunu peysərinə qoyaraq, ucadan, zəhərli çılğınlıqla artıq bir dəfə küçədə oxuduğu bu sözləri oxuyacaq:
Şeytan! Şeytan! Kürən şeytan!
Cəhənnəmdə xayaların əsdirir!
Qızları da onlar ilə səsləyir!
— Hansı qızları deyirsən, Troneçka?— artıq doymaq bilməyən marağında həmişə həm məsumluq, həm də hiyləgərlik gizlədən Angelinanın ciddi səsini eşidirdim. Mahalda, dünyada baş verən hər şeyi bilən, səylə, kinsiz, hətta ümidverici cavab verən Tronyanın səsini də eşidirdim: “Elə belələrini, Qlina nənə, sənin nəvələrinin kart oynadıqlarını... Qəşəngləri... Qəhbəçələri... «
Ancaq xoşbəxtlikdən o Milad gecəsi mənim gördüyüm və eşitdiyim baş vermədi, hərçənd, mütləq baş verməli idi>.
Özümü xilas etmək üçün tez və işgüzarcasına, Angelinanın intonasiyası ilə xatırlatdım: “Bəs niyə maskaradçıları vareniklərə qonaq etmirik?” Dərhal da bir dəqiqə əvvəl kasadan çəngəllə təsadüfən götürdüyüm və içərisində Nikolayın başı təsvir olunmuş gümüş pul olan vareniki (bunu bilirdim, çünki çəngəl varenikin içindəki sərt şeyə toxunmuş və onu səssizcə cızmışdı) Tronyaya uzatdım.
Bir dəqiqədən sonra Tronya sehrli vareniki dişləyəndə və onun içərisindən ətrafdakıların şən sədaları altında illik xoşbəxtliyini çıxaranda artıq sakit idim. Üzərində kimin başının təsvirindən — çar və ya Lenin — asılı olmayaraq, Tronya metal rublları çox sevirdi. O, çar rublunu yumruğunda bərk-bərk sıxaraq, arxaya çevrildi, açıq qapıya doğru cumaraq parıldayan qar fırtınasına qarışdı və gözdən itdi...
Səkkizinci paroxod
Tronyanın evi vardı. Ancaq necə bir ev! Naxış kimi toxunmuş qalın dəmir çubuqlarından yalnız biri salamat qalmış darvazası olan dəyirmi bir qüllə-qalaça. Bir vaxtlar darvazanın arxasındakı həyətin içərilərində pəncərələri arasında yastı sütunları olan iki mərtəbəli evdə Korney Manilov baba tək yaşayırmış. Anna nənənin dediyinə görə onun “Azovda yeddi paroxodu və bir milyon rubl gümüş pulu vardı.” Bu dar bir qalaçada Manilovun bir-birini əvəz edərək keşik çəkən gözətçiləri qalırmışlar. Tronyanın qalaçaya necə və nə vaxt yerləşdiyini mahalda heç kim xatırlamırdı. Tronya özü də bunu unutmuşdu. Bəzən gözətçi qülləsinin onun evi olduğu da yadından çıxırdı.
— Evə get, Tlonya! — bəzən Tronyanın axşamdan xeyli keçməsinə baxmayaraq, sütunların yanındakı buz parçasının üzərinə çıxdığını görən Lyosik ona əmr edirdi.
Tronya da gedirdi. Amma qülləyə yox, onun yanından keçərək küçəylə. Ya da yerindən tərpənmədən qəfil Lyosikə deyirdi:
— Evə getmək istəmirəm. Qüllədə yaşamaq istəyirəm.
— Sənə noolub, Tlonya, dəli olmusan! Sən elə olda yaşayılsan da! — Lyosik Tronyanı sevindirmək üçün həyəcanla deyirdi.
Bu məlumatdan sonra Tronya bəzən bir neçə gün heç kəsi qalaçasına yaxın buraxmırdı. Yaxınlaşmağa cəhd edən hər kəsə zəhərli təkəbbürlə, vəhşi ehtirasla qışqırırdı ki, bura onun evidir! Bunu Lyosik ona deyib! Ancaq bir neçə gün keçdikən sonra bu qayğı onu darıxdırır, digər — gecə-gündüz şəhərin küçələrini sürətlə o baş-bu başa gəzmək qayğısına mane olurdu.
O yenə gah bu, gah da o biri küçəylə harasa gedir, meydanları keçir, kilsəyə tələsir, Aksaya enir, çöllüyə çıxır, şəhərə qayıdırdı. Belə ayıq-sayıq vaxtlarında qalaçası heç yadına da düşmürdü, ora girsə də, yad mənzil kimi, təmkinlə, maraqla, nəzakətlə, ehtiyatla girirdi.
Tronyanın qalaçasındakı kətil və masanın (Tronya onun üstündə yatırdı) güclə sığdığı dairəvi daş otaqda dəfələrlə olmuşdum. Aydın və isti günün ortasında orada yarımqaranlıqda oturub eni iki ovuc olan şüşəsiz dar pəncərələrdən küçəyə baxmağı xoşlayırdım. Buradan hər şey fərqli görünürdü. Hər şey uzaq, tanınmaz və eyni zamanda qeyri-adi dərəcədə aydın idi, elə bil teleskopun istifadəsiz qalmış və uzaq göstərən əks tərəfindən baxırdım. Nənəmin evi belə mənə yad görünürdü, çünki tam parlaq və gur işıqda, dərin pəncərə oyuqlarından sıxılmış təsir bağışlayırdı. Bu pəncərələrdən küçəyə baxdıqca baxışlarım donur, bütün obyektlərə — həm uzaqlara, həm də yaxınlara bərabər paylanırdı. Obyektlər əvvəlcə aydınlığını, sonra ayrıcalığını itirir, daha sonra tam olaraq alabəzək örtüyə çevrilirdilər. Bunun ardınca içimdə yadlığına görə müqavimət göstərmək mümkün olmayan qəribə bir ovqat yaranırdı. Sanki heç mənə aid deyildi; üstümə qıraqdan, kənardan sürünüb gəlmiş, “mən”imi sıxışdırmışdı; qalaçadan bayıra baxan sanki mən yox, görmə qabiliyyətimi qəfil ələ keçirən qayğısız və formasız bir məxluq idi. Özünə aid olan, içərisində eyni vaxtda həm nəşəli donuqluq, həm şən heyranlıq, həm də küçədə, məhəllədə, qalaçanın qalın divarlarının arxasında, qüllədə — harada olursa olsun baş verən hər şeyə şüursuz biganəlik olan bu vəziyyətdən həzz alırdı. Mən küçədə, səkilərin kənarındakı çəmənliklə səssiz sürətlə gedən tanımadığım velosipedçiyə qışqırıb demək istəmirdim ki, qabaqdakı dərin çuxura düşə bilər, çünki kənarlarını sirkan basdığından görünmür; mən sadəcə bunu etmək gücündə deyildim: mən ancaq onun necə yıxıldığını, qabaq təkərin necə yerə gitməsini, xromlanmış sükanı, əyilmiş beli, sonra arxa təkəri və nəhayət, parıldayan milləri seyr edə bilirdim — şəfqətsiz, istehzasız və hətta maraqsız tərzdə. Rodyanın bağçamızda uzanıb başını ovucları arasına alaraq (guya yatıb), güllü yubkada ağaca dırmaşıb, budaqlarda düz Rodyanın başı üstündə ayaqlarını aralayaraq qazana gavalı yığan bizim Zairaya baxmasından qətiyyən narahat olmurdum. Özünü hər tərəfinə şəkillər çəkilmiş arabaya at yerinə qoşmuş çoxdan gözlədiyim salxaq şlyapalı köhnə-kürüşçünü Razin enişinin tinində qəfil görəndə qətiyyən həvəslənib-həyəcanlanmırdım: indi ona istənilən cır-cındırı, ən azından nənəmin qab-qacaq qalağında gizlətdiyi qırıq yelpiyini verib, əvəzində dodaq qarmonu, saxsı fit, hətta cib bıçağı ala bilərdimı. Amma qaçıb yelpiyi gətirmək ağlıma belə gəlmirdi. Belə dəqiqələrdə ümumiyyətlə heç nə haqqında düşünə, hərəkət edə, nədəsə iştirak edə, nəyisə istəyə və ya istəməyə bilmirdim. İradəm tələb olunan dəqiqliyi göstərməyən korlanmış optik cihaz kimiydi və ətraf aləmdə baş verən heç bir hadisəyə köklənmirdi. Zaira, köhnə-kürüşçü, sürətli velosipedçi, Rodya, qalaçanın daş pəncərəsinin altındakı parlaq tünd yaşıl böcək, uzaq damlardakı soba boruları, aşağı küçələrdəki piramida şəkilli qovaqların başları — bütün bunları eyni vaxtda görür, eyni zamanda heç nə görmürdüm. Dünya duyğularıma təsir etmirdi; həmin dəqiqələrdə hətta dünyanın mövcud olduğunu, özümün də onda var olduğumu dərk etmirdim. Bu, həyatın dərinliklərindəki anlaşılmazlıqdan — baxışların həddən artıq dalğınlığından yaranan hansısa xüsusi yoxluq forması idi. Baxışlarım nədənsə məhz Tronyanın qalaçasında bu ölümcül və məmnun dalğınlığa yoluxurdu. Bəzən, əlbəttə, qalaçadan uzaqda, məsələn, yayda eyvanda nahar edərkən Angelina buğlanan şorbanı boşqablara tökəndə (eyvandakı naharları Anna nənə yox, həmişə o idarə edirdi) birdən-birə tam eyni vəziyyətə düşürdüm. Amma bu, uzun sürə bilməzdi. “Yenə daldı! — Angelina dərhal təhlükəli və ya zərərli bir hərəkətimi ifşa edirmişcəsinə deyirdi. — Özünə gəl! — o əmr edirdi. — Tez ol! Eşidirsən!” Qeyri-ixtiyari başımı tərpətsəm də, sözləri deyil, yalnız onları əmələ gətirən səsləri eşidir, başımı tərpədərək boşluğa baxırdım — rəngbərəng dumanlı topanın dərinliklərinə. Bunu görən Angelina ağır çömçəni böyük çini şorbaqabına buraxaraq, boşalmış əlini gözlərim önündə yelləməyə başlayırdı. Belə qayğıkeş enerji ilə adətən şaxta vurmuş yanaqları ovuşdururlar. O bunu gözlərim (hisslərim və düşüncələrimlə birlikdə) hərəkət etməyə, əşyaları adi, ayrıca və aydın formada görməyə başlayana qədər edirdi. Bundan sonra Angelina mənə ciddi şəkildə başa salırdı ki, gözləri belə zilləyib baxmaq olmaz, çünki kor ola, hətta qəfil ölə bilərsən.
— Ya da dəli olarsan, — Nata onun sözünə qüvvət verirdi.
— Tronya kimi? — Nata və Angelinanın Anna nənənin yanında mənimlə razılaşmağa cəsarət etməyəcəklərini, susaraq gözləri, həyatı, ağlı qorumaq üçün düzgün baxmaq, ümumiyyətlə tərbiyəli oğlanın özünü necə aparması haqqında dost nəsihətinə çevrilməyə doğru gedən söhbəti dayandıracaqlarını bilərək soruşurdum.
Amma Tronyanın qalaçasında gözlərimi zilləyib istədiyim qədər baxa bilərdim və Tronyadan başqa heç kim buna mane olmazdı. Bir dəfə əlində boş vedrə səkidə ayaq üstə yatan (həmişə eyni yerdə, Qafqaz küçəsi ilə Razin enişinin kəsişməsində, sütunun yanında) Korney babanın, sütunun, yanındakı fəvvarəyə bənzər sıx söyüdün göründüyü pəncərədən baxanda o, qəfil arxamda peyda oldu. Sərt və iti barmağını ehtiyatla çiynimə basaraq astaca dedi:
— Nədi, burdan baxmaq xoşuna gəlir?.. Hə, yaxşıdır.
Bu sözləri elə dedi ki (bilmirəm, dalğıncasına, yoxsa anlayışla), onun axmaq olduğuna bir anlıq şübhə etdim. Ancaq şübhələrim dərhal da dağıldı. Tronya pəncərədən bayıra baxıb, sonra isə başını onun içiinə soxub, qəflətən mahalda hər kəsə tanış olan, həmçinin davakar cığallıq, yaramaz və istehzalı nəşə notları yayan kəskin, iyrənc səsiylə qışqırdı:
— Korney! Korney! Paroxodun haradadır?! Oyan!.. Sənin paroxodun gəlir!
“Paroxod... paroxod... Mən də deyirəm, bu, hansı paroxoddan danışır?..” — iki gündən sonra Manilixa nənə sevincli-kədərli ovqatda evinin yanına toplaşan camaatın arasında dayanıb, taybatay açılmış qapıdan, qatı toranlıqdan əllər üstündə yellənərək parlaq günorta işığına üzüb çıxan iri, kənarları hündür tabuta baxaraq deyirdi. Tabutda solğun üzlü Korney baba əynində heç vaxt geymədiyi pencək, papaqsız və nədənsə dübbədüz uzanmışdı. Çılpaq alnının altındakı düşüncələrində sanki nəyisə səylə nəzərdən keçirirdi.
* Qurami — makropodlar fəsiləsindən tropik şirin su labirint balığı cinsi. — Tərc.
** Varenik — qaynadılmış ət, tərəvəz, göbələk, meyvə, kəsmik, kartof və giləmeyvə ilə doldurulmuş mayasız xəmirdən hazırlanan Ukrayna milli yeməyi. — Tərc.
*** Kolyada — Milad bayramının slavyan xalq dilində adı.— Tərc.
****Kutya — pravoslavlarda bal, düyü və kişmişdən hazırlanan ehsan xörəyi.