Çapayev və Boşluq
Tezliklə Mariyaya elə gəldi ki, sənət qalereyasının uzun zalıyla addımlayır — ətraf aləmin dünyanı bürüyən qaranlıqdan vaxtaşırı işığa çıxan seqmentləri öz köhnəlmiş iş rejimi ilə müasir incəsənət obyektlərinə çox oxşayır. lang="en-US"> Qarşısına “valyuta mübadiləsi” yazısı olan lövhələr, cib bıçağıyla kəsilmiş skamyalar və yeni nəslin hələ də kütləvi şəkildə pivəni seçdiyini göstərən çoxlu sayda boş qutular çıxırdı.
Tüstüdən əllərində avtomat olan narahat adamlar çıxır və yenidən batırdılar. Elə davranırdılar, sanki Mariyaya fikir vermirdilər və o da onlara eyni münasibəti göstərirdi. Onu xatırlayanlar və düşünənlər onlarsız da kifayət qədər idi. Nə qədər idilər — milyonlarla? On milyonlarla? Mariya onların sayını dəqiq bilmirdi, lakin əmin idi ki, taleyin ona yuva etdiyi bütün könüllər bir ağızdan hayqırsalar, onların toplu səsi çayın o tayındakı qulaqbatırıcı partlayışlardan qat-qat bərk çıxar.
Mariya ətrafa boylandı və nə baş verdiyini anlamağa çalışaraq işıldayan gözlərini qıydı.
Haradansa yaxınlıqdan, sırf tüstünün görünməyə qoymadığı yerdən arabir gurultu gəlirdi və hər gurultudan sonra itlər hürüşür, hay-küy qalxırdı; adətən stadionda qoldan sonra olduğu kimi. Mariya bu barədə nə düşünəcəyini bilmirdi — bəlkə çayın o tayında film çəkirdilər, yoxsa yeni ruslar onlardan hansının ən yeni olduğunu ayırd edirlər. Kaş hər şeyi tezbazar böləydilər, ah çəkərək fikirləşdi, yoxa hələ nə qədər yaraşıqlı cavan oğlan asfalta yıxılıb, onu parçalanmış ürəyinin qanına boyayacaq.
Mariya indi səmanı və günəşi örtmüş qara tüstü buludlarının içində, allah bilir, niyə qıvrılanların hamısı üçün həyatın dözülməz yükünü necə yüngülləşdirmək barədə düşünməyə başladı. Ağlına aydın, parlaq, sadə obrazlar gəlirdi — budur, o, adi paltarda sahiblərinin belə bir hadisə üçün səliqəyə saldığı sadə bir mənzilə girir. Bu da ev sahibləri — masa arxasında samovarın yanında oturub ona sevgiylə ona baxırlar. O bilir ki, nəsə deməyə ehtiyac yoxdur, sadəcə üzbəüz oturub nəvazişlə onlara baxmaq lazımdır, mümkündürsə cırıldayan kameraya məhəl qoymadan. Ya da belə: xəstəxana palatası, narahat çarpayılarda uzanmış sarğılı insanlar və onun şəkli divarda elə bir yerdə asılıb ki, hamı görə bilsin. Çarpayıda uzananlar ona baxıb dərdlərini və ağrılarını müvəqqəti unudurlar...
Bütün bunlar gözəl idi, amma dumanlı şəkildə başa düşdü ki, bu, kifayət deyil — yox, bu dünyanın gücə ehtiyacı olub, sərt və əyilməz, lazım gələrsə, şərə müqavimət göstərə bilən gücə. Bəs bu gücü haradan almaq olar və necə olmalıdır? Mariya bu sualların cavabını bilmirdi, amma hiss edirdi ki, elə buna görə də indi bu əzab çəkən şəhərdə sahil boyu gəzir.
Külək onu araya alan tüstünü bir saniyəlik qovdu və Mariyanın üstünə gün işığı düşdü. Əllərini üzünə tutdu və birdən cavabı harada axtaracağını anladı — əlbəttə ki, onu bura çağıran və bu dumanlı sahildə addımlamağa məcbur edən saysız-hesabsız ürəklərdə və ağıllarda. Sanki hamısı milyonlarla gözlə televiziya ekranına baxan şüur okeanında birləşmişdilər və bütün bu okean onun gözləri önündə idi.
O, ətrafına baxdı və əvvəlcə kömək edə biləcək heç nə görmədi. Yox, əlbəttə ki, bu şüur okeanında hər şeyə qalib gələn bir qüvvə təqdim olunurdu və əksər hallarda təxminən eyni şəkildə, yəni müəyyən bir ümumi obraz şəklində: uzun və alçaq avtomobilin yanında ayaqlarını aralayaraq dayanan ikibortlu moruğu pencək geyinmiş balacabaş enlikürək cavan oğlan.
Avtomobil çox tutqun idi və sanki havaya qarışmışdı, çünki ruhunu gördüklərinin hamısı onun yanında fərqli modelləri təmsil edirdilər. Eyni şey gəncin üzünə də aid idi, o da xeyli dərəcədə dumanlı idi, yalnız qıvrımtəhər şabalıdı və biz-biz saçları bir qədər aydın sezilirdi. Ancaq pencəyi son dərəcə dəqiq görünürdü, hətta bir az diqqətlə baxanda qızılı düymələrin üzərindəki yazıları da oxumaq olardı. Ancaq Mariya bunu etmədi. Axı məsələ düymələrdə nə yazılmasında yox, hər şeyə qalib gələn bu gücün onun ilıq məhəbbəti ilə necə qovuşmasında idi.
Mariya dayanıb hasarın çuqun məhəccərlərini ayıran qranit timbalardan birinə söykəndi. Cavabı yenə ona güvənən ağıllarda və ruhlarda axtarmaq lazım idi, amma bu dəfə — Mariya bunu dəqiq bilirdi — ortabab düşünənlər yaramırdı. Lazım idi ki...
“Orada ən azı bir ağıllı qadın olmalıdır”, — o düşündü.
Və bu ağıllı qadın, demək olar ki, dərhal tapıldı. Mariya onun adını, kim olduğunu, hətta necə göründüyünü bilmirdi, gözlərinə yalnız bircə saniyəlik hündür kitab şkafları, yazı makinası qoyulmuş və kağızlarla dolu masa, bir də onun yuxarısında divardan asılmış qorxunc lopa bığları olan qaraqabaq bir adamın portreti göründü. Bütün bunlar titrək, əyri və ağ-qara idi, Mariya sanki onları siqaret qutusundan böyük olmayan çox köhnə televizorun ekranında görürdü, üstəlik, otağın mərkəzində deyil, haradasa küncdə. Ancaq vizual görüntülər elə tez yox oldu ki, Mariya gördüklərini dərk etməyə macal tapmadı, sonra onları fikirlər əvəz etdi.
Mariya onun üçün açılan anlayışlar burulğanından demək olar ki, heç nə anlamadı; üstəlik bu burulğan anbarın köhnə arakəsməsi aşanda qalxan toz kimi nədənsə üfunətli və qara idi. Mariya belə qənaətə gəldi ki, çox çirklənmiş və tam normal olmayan şüurla üz-üzədir və hər şey bitdikdə böyük rahatlıq hiss etdi. Ruhunun çəhrayı boşluğunda qalan qənimət tam aydın olmayan sözlərdən ibarət idi. Sözlər belə idi — “gözəl xanım” (burada söhbətin kimdən getdiyi aydın idi), “yad” (burada da), sonra “Bəy” sözü (nədənsə böyük hərflə), ondan sonra “Qonaq” (o da böyük hərflə) sözü yanıb-söndülər, onlardan sonra anlaşılmaz söz birləşməsi olan “kimyəvi evlilik” asıldı, onun arxasında da tamamilə qaranlıq bir şey: “istirahət əbəsdir, darvazanı döyürəm”. Bununla da fikirlər bitir və yenə də sərt baxışlı və burnunun altından çıxan saqqal təsiri bağışlayan uzun sallaq bığlı adamın fotoşəkli batıb-çıxırdı.
Karıxmış halda ətrafa baxdı. Hər yan hələ də tüstüylə dolu idi. Mariya fikirləşdi ki, bəlkə yaxınlıqda döyməli olduğu bir qapı var. Odur ki, qaranlığa doğru bir neçə ürkək addım atdı. Zülmət dərhal hər tərəfini bürüyüb onu qorxutdu və geri sıçrayaraq az-maz işıqlı olan sahilə çəkildi.
— Döysəm, guya kimsə açacaq? — düşündü.
Arxasında avtomobil mühərrikinin gurultusu qalxdı. Mariya sahilin məhəccərinə sıxılıb, qorxa-qorxa tüstüdən nə çıxacağını gözlədi. Bir neçə saniyə keçdi və yanından uzun qara, rəngarəng lentlərlə bəzədilmiş “Çayka” ağır-ağır üzüb keçdi. Belə başa düşdü ki, gəlin maşınıdır. Maşın kollektiv şəkildə susmuş adamlarla dolu idi; pəncərələrindən bir neçə avtomat lüləsi çıxmışdı, damında isə iki sarı halqa parıldayırdı — böyük və balaca.
Mariya “Çayka”nı baxışları ilə yola saldı və əlini alnına şappıldatdı. Əlbəttə ki, anladı. Bəli. Məhz belədir. İki birləşdirilmiş üzük, Bəy, Qonaq, Sponsor. Əl-kimyəvi nikah — doğrudur, “əl-kimyəvi” sözü aydın deyildi, ancaq hər halda, onun yaxşı vəkili var. Mariya başını tərpətdi və gülümsədi. Necə olub ki, bu qədər uzun vaxtda ən sadə və vacib şeyləri görə bilməyib? Ümumiyyətlə, nə haqqında düşünüb?
Ətrafa boylandı, təxmini iqtiqamət seçdi və əllərini qərbə uzatdı (nədənsə Bəyin oradan peyda olacağı aydın idi).
— Gəl! — dualı tərzdə pıçıldadı və dərhal dünyada yeni bir varlığın yarandığını hiss etdi.
İndi yalnız görüşü gözləmək qalırdı. O, Bəy ilə aralarındakı məsafənin necə daraldığını sevinclə hiss edərək irəli qaçdı. Bilirdi ki, Bəy də sahillə ona tərəf gəlir, ancaq ondan fərqli olaraq tələsmirdi, çünki təbiətində tələsmək yox idi.
Tüstüdə qəfil qarşısına çıxan açıq kanalizasiya quyusunun üstündən güclə tullanan Mariya addımlarını yavaşıtdı və ciblərini canfəşanlıqla eşələməyə başladı. Ağlına gəldi ki, yanında nə güzgüsü, nə də kosmetika çantası var. Bir anlıq ümidsizləşdi, yolda hətta əksini görə biləcəyi gölməçə olub-olmadığını xatırlamağa çalışdı. Ancaq ümidsizliyi göründüyü kimi tez də dağıldı. Mariyanın ağlına gəldi ki, Bəyin qarşısına istədiyi kimi çıxa bilər.
Bir müddət düşündü. Qərara gəldi ki, qoy iki qızılı hörüyü olan çox gənc çil-çil qızı görsün və... və... Daha bir məlahətli detal lazım idi, hər hansı saf cizgi. Bəlkə, sırğalar? Bəlkə beysbol kepkası? Çox az vaxt qaldı və son anda Mariya özünü parlaq çəhrayı qulaqcıqlarla bəzədi, onlar sanki yanaqlarındakı qızartının davamı idi. Bundan sonra gözlərini qaldırıb irəli baxmağa başladı.
Qarşıdakı tüstü lopaları içərisində metal bir şey parıldadı və dərhal yox oldu. Sonra bir az yaxında göründü və yenidən qaranlığa qərq oldu. Birdən külək tüstünü kənara qovdu və Mariya hündür, parıldayan bir fiqurun yavaş-yavaş ona tərəf gəldiyini gördü. Eyni zamanda, gördü (ya da ona elə gəldi) ki, bu fiqur hər addım atdıqca yer azca titrəyir. Metal adam ondan çox hündür idi və ehtirassız yaraşıqlı siması heç bir hiss ifadə etmirdi. Mariya qorxub, geri çəkildi, birdən yadına düşdü ki, arxada açıq quyu var, ancaq buz parçasına doğru üzən nəhəng buzqıran gəminin burnu kimi üzərinə gələn metal gövdədən gözlərini çəkə bilmədi.
Qışqırmaq istədiyi anda metal adamda heyrətamiz bir transformasiya baş verdi. Əvvəlcə parıldayan budlarında olduqca sadə zolaqlı trusu, onun yuxarısında ağ mayka əmələ gəldi, sonra bədəni günəşdən qaralmış normal insan dərisi rəngini aldı və dərhal da sarı şalvar, köynək, zolaqlı qalstuk və moruğu rəngdə, qızılı düymələri olan çox gözəl ikibortlu pencək yarandı. Mariya yalnız bundan sonra sakitləşdi. Ancaq moruğu pencək onun gözlərini qısa müddət sevindirdi, çünki uzun boz plaşın altında yoxa çıxdı. Qonağın ayağında qara çəkmələr, üzündə qara aynalı eynək əmələ gəldi. Kürən saçları biz-biz idi və Mariya ürəyi sevinclə döyünərək Bəyin Arnold Şvartsenegger olduğunu gördü. Hə, o idi, dərhal başa düşmüşdü ki, başqası ola bilməz.
Qarşısında dayanıb, qara kvadrat eynəyi ilə səssizcə ona baxdı; dodaqlarında xəfif təbəssüm oynadı. Mariya onun eynəyində öz əksini gördü və qulaqcıqlarını düzəltdi.
— Bakirə Məryəm, — Şvartsenegger astadan dedi.
O, ifadəsiz, boğuq, ancaq xoş səslə danışırdı.
— Yox, əzizim, — Mariya sirli-sirli gülümsəyərək dedi və qəşəng qollarını sinəsinə qaldırdı, — mən sadəcə Mariyayam.
— Sadəcə Mariya, — Şvartsenegger təkrarladı.
— Hə, — Mariya dedi. — Sən də Arnoldsan?
— Sure, — Şvartsenegger dedi.
Mariya nəsə demək üçün ağzını açdı, amma birdən məlum oldu ki, deyəcək heç bir sözü yoxdur. Şvartsenegger hələ də sakitcə ona baxıb gülümsəyirdi. Mariya baxışlarını aşağı salıb qızardı və Şvartsenegger mehriban, lakin qarşısıalınmaz dərəcədə güclü bir hərəkətlə onu döndərdi və yanıyla apardı. Mariya gözlərini qaldırıb ona baxdı və məşhur səfeh-sirli təbəssümüylə ilə gülümsədi. Şvartsenegger əlini onun çiyninə qoydu. Mariya bu əlin ağırlığından azca çökdü və yaddaşında gözlənilməz mənzərə canlandı — Leninin iməcilikdə şalban daşımağı. Şəkildə Leninin çiynində şalbanın yalnız bir ucu görünürdü və Mariya fikirləşdi ki, bəlkə də bu, şalban deyil, Leninin ancaq aciz təbəssümlə çəpəki baxa bildiyi (indi o, Schwarzeneggerə baxdığı kimi) hansısa qüdrətli varlığın əlidir. Bir saniyə sonra Mariya tamamilə yersiz bir şey düşündüyünü anladı və bütün bunları başından qovdu.
Şvartsenegger üzünü ona çevirdi.
— Gözlərin Ayvazovskinin tablosundakı kimidir, — yeknəsək tərzdə dedi.
Mariya gözlənilməz sözlərdən diksindi. O belə sözlər gözləmirdi və Şvartsenegger, deyəsən, bunu dərhal başa düşdü. Sonra qəribə bir şey oldu, ya da bəlkə də həqiqətən baş vermədi, sadəcə Mariyaya elə gəldi ki, Şvartseneggerin tünd eynəyinin iç tərəfində güclə sezilən qırmızı hərflər yanıb-söndü (eynilə qaçan sətirlər kimi) və eyni vaxtda başında nəsə sakitcə yekunlaşdı, elə bil kompüterin sərt diski işə düşdü. Mariya qorxudan geri çəkildi, lakin dərhal xatırladı ki, Şvartsenegger də onun kimi şərti varlıqdır, o anda haqqında düşünən minlərlə rus şüurundan əmələ gəlib və insanlar onun haqqında ən fərqli fikirlərə malik ola bilərlər.
Şvartsenegger sərbəst əlini yuxarı qaldırdı və barmaqlarını havada hərəkət etdirərək münasib sözlər axtardı.
— Yox, — nəhayət dedi, — gözlərin yox, incilərin!
Mariya ona qısıldı və altdan yuxarı inamla baxdı. Şvartsenegger çənəsini boynuna çəkdi, sanki Mariyanın eynəyinin altına baxmasını istəmirdi.
— Burada çox tüstü var, — o dedi, — niyə burada gəzirik?
— Bilmirəm, — Mariya cavab verdi.
Şvartsenegger dönüb onu məhəccərdən ayırdı və tüstünün arasıyla apardı. Bir neçə addım atdıqdan sonra Mariya qorxmağa başladı, çünki tüstü o qədər qatılaşdı ki, heç nə görünmədi, hətta Şvartsenegger də — yalnız qolunun Mariyanın çiynini qucaqlayan hissəsi görünürdü.
— Bu qədər tüstü haradandır? — Mariya soruşdu. Axı deyəsən heç nə yanmır.
— Si-en-en, — Şvartsnegger cavab verdi.
— Onlar nəsə yandırırlar?
— Yox, Şvartsenegger dedi. — Göstərirlər.
Mariya başa düşdü, yəqin ki, onun və Şvartseneggerin haqqında düşünənlərin hamısı indi CNN-ə baxır və CNN də tüstü göstərir. Ancaq nə vaxta qədər.
— Boş şeydir, — gözəgörünməz Şvartsenegger dedi. — Tezliklə qurtaracaq.
Ancaq tüstü bitmək bilmir, onlarsa sahildən getdikcə daha çox uzaqlaşırdılar. Birdən Mariyanın ağlına gəldi ki, onun yanıyla Şvartseneggerin əvəzinə bir neçə dəqiqə başqası gedə bilər, heç olmasa iməcilikdə Lenini qucaqlayan adam, amma bu fikir onu o qədər qorxutdu ki, qeyri-ixtiyari qulaqcıqlarını düzəltdi və musiqini qoşdu. Musiqi qəribə və qırıq-qırıq idi, gah gitara və trubalar şirin-şirin məhəbbət melodiyası çalır, gah da qurd ulartısına çox bənzəyən uzun elektron səs çıxırdı. Ancaq bu yenə də uzaqdan gələn partlayışlar və qeyri-müəyyən, qarışıq insan səsləri eşitməkdən daha yaxşı idi.
Birdən tüstüdən çıxan bir fiqur düz Mariyanan üzərinə uçdu və sinəsindən möhkəm itələdi. Mariya qışqırdı və qarşısında alabəzək paltar geyinmiş, əliavtomatlı bir adam gördü. Kişi başını qaldırıb Mariyaya baxdı, ağzını açmaq istədi, lakin Şvartsenegger əlini Mariyanın çiynindən çəkib, adamın başından yapışdı, boynunu yüngülvari burub, süstəlmiş bədənini görünməzə atdı. Əli Mariyanın çiyninə qayıtdı və Mariya onun tökmə gövdəsinə sıxıldı.
— Ah, kişilər, kişilər, — o, sakitcə quruldadı.
Tüstü yavaş-yavaş dağılmağa başladı. Mariya yenidən Şvartseneggerin üzünü, sonra isə açılışdan qabaq açıq boz rəngli örtüyün altında gizlənmiş abidəni xatırladan iri bədənini gördü.
— Arnold, — o soruşdu, — biz hara gedirik?
— Məgər bilmirsən? — Şvartsenegger dedi.
Mariya qızardı və yerə baxdı.
“Bu nədir görəsən, kimyəvi evlilik? — o düşündü. — Məni incitməyəcək ki? Yəni sonra. Axı dəfələrlə belə olub”.
Mariya başını qaldırıb ona baxdı və yanaqlarındakı məşhur çuxurları gördü — Şvartsenegger gülümsəyirdi. Mariya gözlərini yumdu və bəxtinə inanmayaraq çiyninə qoyulan əlin göstərdiyi yerə getdi.
Şvartsenegger dayananda Mariya gözlərini açıb ətrafda demək olar ki, tüstü qalmadığını gördü. Onlar tanış olmayan küçədə, qranit üzlüklü köhnə evlərin arasında dayanmışdılar. Küçə boş idi, yalnız uzaqda, tüstü zolağının arxasında qalmış sahildə bellərini əymiş avtomatlı fiqurlar mənasızca vurnuxurdular. Şvartsenegger nəsə qəribə tərəddüd içindəydi — Mariyaya elə gəldi ki, onu anlaşılmaz şübhələr gəmirir və qorxa-qorxa bu şübhələrin ona aid ola biləcəyini düşündü.
“Təcili romantik bir şey söyləmək lazımdır, — o düşündü. — Bəs nə desin? Nə fərqi var”.
— Bilirsən, Arnold, — onun böyrünə qısılaraq dedi, — birdən mənə... Bilmirəm, bəlkə bu, sənə axmaq görünəcək... Amma mən səninlə səmimi ola bilərəm, elə deyil?
— Əlbəttə, — Şvartsenegger qara eynəyini ona tərəf çevirdi.
— Sənin yanında olanda yüksəyə uçmaq istəyirəm! Mənə elə gəlir ki, səma lap yaxındadır!
Şvartsenegger başını qaldırıb yuxarı baxdı.
Tüstü zolaqları arasında həqiqətən parlaq mavi səma vardı — onun yaxında olduğunu demək olmazdı, amma uzaqda olduğunu da.
“Ah, — Mariya düşündü, — nə boş-boş danışıram?”
Ancaq dayanmaq artıq çox gec idi.
— Sən yüksəklərə uçmaq istərdinmi, Arnold?
Şvartsenegger bir anlıq düşündü.
— İstərdim, — o dedi.
— Məni də özünlə aparardın? Axı mən... — Mariya utanaraq gülümsədi, — axı, mən o dərəcədə yer insanıyam ki.
Şvartsenegger bir saniyə də düşündü.
— Yaxşı. Səni də apararam.
O, ətrafa baxdı, sanki yalnız ona məlum olan hansısa oriyentirlər tapmağa çalışırdı. Deyəsən, onları tapdı, çünki Mariyanı qolundan tutub qətiyyətlə irəli dartdı. Mariya poetik abstraksiyadan hərəkətə belə sürətli keçidə heyrətləndi, amma dərhal düşündü ki, əsl kişi belə davranmalıdır.
Şvartsenegger onu uzun “stalinka” binası boyu sürüdü. Bir az irəlilədikdən sonra Mariya onun iri addımlarına alışdı və plaşının qolundan yapışaraq yanıyla yüyürdü. Hiss etdi ki, sürəti azaldan kimi Şvartseneggerin qolu nəzakətli dayaqdan onu səki boyu amansızcasına sürüyən polad lingə çevriləcək və nədənsə bu fikir qarnının lap aşağısında yaranan və isti dalğalarla bütün bədəninə yayılan sonsuz xoşbəxtliklə müşayiət olundu.
Binanın sonuna çatanda Şvartsenegger zəfər tağına bənzəyən bir qapıya tərəf döndü. Həyətə girəndə Mariyaya elə gəldi ki, başqa bir şəhərə düşüblər. Burada heç nəyin pozmadığı səhər sükutu hökm sürürdü; ətrafda heç bir tüstü yox idi, hətta yaxınlıqda pulemyotlu narahat insanların harasa tələsdiyinə inanmaq belə çətin idi.
Şvartsenegger Mariyanı hara apardığını dəqiq bilirdi. Onlar yelləncəkləri olan kiçik oyun meydançasının yanından keçərək, paslı qarajların arasındakı dar cığırlardan ibarət labirintə girdilər. Mariya ləzzətli qorxuyla düşündü ki, burada haradasa, tezbazar və yöndəmsiz şəkildə kimyəvi nikah baş tutacaq. Ancaq birdən cığır onları hər tərəfi müxtəlif rəngdə və hündürlükdə tənəkə divarlarla əhatə olunmuş boş yerə çıxartdı.
Amma bura tamamilə boş deyildi. Gözlənildiyi kimi hər tərəf butulkalarla doluydu, daha sonra bir neçə köhnə təkər, “Lada”nın əzik qapısı vardı, qarajların böyür-başına həmişəki kimi çoxlu müxtəlif kvazi-mexaniki zibil yığılmışdı.
Bunlardan başqa, bir təyyarə də var idi.
Təyyarə, demək olar ki, boş yerin hamısını tutmuşdu, ancaq Mariya onu ən sonda gördü, yəqin ona görə ki, beyninin gözlərindən gələn siqnalları məlum hallüsinasiya kimi süzgəcdən keçirməsi bir neçə saniyə çəkdi. Mariya qorxdu.
“Təyyarə buraya haradan düşüb? — düşündü. — Hərçənd, digər tərəfdən, Şvartseneggerin bura haradan gəldiyi də müəmmalıydı. Amma yenə də çox qəribədir”.
— Bu nədir? — Mariya soruşdu.
— Dik qalxan və enən “Harrier” qırıcısı, — Şvartsenegger dedi, — A-4 modeli.
Mariya onun yanaqlarındakı məşhur çuxurlara baxdı — Şvartsenegger gülümsəyirdi. O, yumşaq tüklü qaşlarını bir az da çatdı və Şvartseneggerin ürəyində açıq-aşkar heç də ondan az yer tutmayan şüşədən və metaldan hazırlanmış bu nəhəng həşərata qarşı qəlbində yaranan qorxu qısqanclıqla əvəz olundu.
Şvartsenegger təyyarəyə sarı getdi. Öz düşüncələrinə qapılan Mariya yerindən dərhal tərpənmədi. Onu irəli dartan Şvartsenegger sanki traktor, o da sanki tələsik qoşulmuş kənd təsərrüfatı aqreqatı idi.
— Ancaq burada yalnız bir oturacaq var, — kabinənin şüşə qalpağının altındakı oturacağın arxasını görüb dedi.
— Narahat olmağa dəyməz, — Şvartsenegger yüngül hərəkətlə onu qaldırıb qanadın üstünə qoydu.
Mariya ayaqlarını cütləyib, maili duralumin səthdə durdu. Külək paltarını yellədirdi və o, romantik rollarda həmişə uğur qazandığını düşünürdü.
— Bəs sən? — o soruşdu.
Ancaq Şvartsenegger artıq kabinədə idi. O, çox cəld və məharətlə qalxmışdı. Mariya düşünürdü ki, bu, yəqin ki, montaj, ya da kombinə edilmiş çəkilişdir. Şvartsenegger başını kabinədən çıxarıb gülümsədi və ona baş və şəhadət barmağının düzəltdiyi halqanı göstərdi; Mariya düşündü ki, bunu nişan üzüyü hesab edə bilər.
— Füzelyajda otur, — Şvartsenegger dedi, — qanadların gövdəyə bitişdiyi yerdə. Qorxma. Təsəvvür et ki, karuseldəsən, ya da at belində oturmusan.
— Sən uçmağa hazırlaşırsan...
Şvartsenegger başını tərpətdi.
Onun qara eynəyi düz Mariyanın qəlbinə baxırdı və qız başa düşdü ki, onun taleyi indi, məhz indi həll olunur. Bu, şübhəsiz, bir sınaq idi. Şvartseneggerlə birlikdən olmağa layiq qadın yalnız seksual-məişət zəminində bezdirici çoxseriyalı intriqalara yarayan qorxaq və vulqar bir məxluq ola bilməz. O, ölümcül təhlükə ilə üz-üzə gəlməli və hisslərini təbəssümdən başqa heç nə ilə büruzə verməməyi bacarmalıdır. Mariya gülümsəməyə çalışdı və hiss etdi ki, təbəssümü bir az süni çıxır.
— Əla fikirdir, — o dedi. — Donmayacağam ki?
— Qısa müddət uçacağıq, — Şvartsenegger dedi. — Otur.
Mariya çiyinlərini çəkdi, ehtiyatla qanadın üstündən balıq sümüyü kimi çıxan fyüzelaja tərəf getdi və ehmalca onun üstünə oturdu.
— No, — Şvartsenegger dedi. — Kaliforniyadakı rançoya gedəndə Amazon kimi oturacaqsan. İndisə düzgün otur. Külək vuracaq.
Mariya bir anlıq tərəddüd etdi.
— Üzünü çevir, — dedi.
Şvartsenegger ağzının sol küncü ilə qımışdı və üzünü çevirdi. Mariya ayağını düral belin üstündən aşırıb, fyüzelaja mindi. Altındakı metal soyuq və şehdən nəm idi; gödəkçəsinin ucunu altına soxmaq üçün bir az dikəldi və birdən ona elə gəldi ki, bədəninin ən incə hissələri ya Dzerjinski küləyinin, ya da hansısa cəhənnəm robotunun yıxdığı və arxası üstə uzanmış metal kişinin bucaqlı ombalarına yapışdı. O diksindi, ancaq bu qısa hallüsinasiya dərhal bitdi və yerini soyuducudan çıxarılmış tavada oturmaq hissinə verdi. Baş verənlər getdikcə xoşuna gəlmirdi.
— Arnold, — o dedi, — bunu etməli olduğumuza əminsən?
Bu sözləri tamamilə fərqli durumlar üçün saxlamışdı, amma indi öz-özünə ağzından çıxdı. Şvartsenegger bir neçə saniyə düşündü.
— Sən axı yüksəklik istəyirdin, — o dedi. — Əgər qorxursansa...
— Yox, — Mariya özünə qalib gələrək dedi, — mən qorxmuram. Sadəcə sənə çox əziyyət verirəm.
— Heç bir əziyyəti yoxdur, — Şvartsenegger dedi. — İndi güclü gurultu olacaq, ona görə də qulaqcıqlarını tax. Yeri gəlmişkən, nə dinləyirsən?
— Cihad Krimson, -Mariya qulaqlarındakı kiçik çəhrayı yastıqçaları düzəldərək dedi.
Şvartseneggerin üzü daşa döndü. Əgər hidrogen peroksidlə ağardılmış saçlarını külək tərpətməsəydi, Mariyaya elə gələrdi ki, çəkiliş qrupundan kimsə əsl Şvartseneggeri manekenlə əvəz edib.
— Nə oldu? — Mariya qorxa-qorxa soruşdu.
Şvartsenegger bir müddət yerindən tərpənmədi. Eynəklərinin şüşələrində qəribə qırmızı işartılar titrəşirdi — Mariya onların qarajların arxasındakı ağcaqayınların qurumuş yarpaqlarının əksi olduğunu düşündü.
— Arni, — o çağırdı.
Şvartseneggerin ağzının küncü bir neçə dəfə tərpəndi, sonra, deyəsən, hərəkət etmək qabiliyyəti geri qayıtdı. Başını çətinliklə çevirdi, elə bil fırlandığı podşipnikə qum düşmüşdü.
— Krimson Cihad? — o təkrar soruşdu.
— Cihad Krimson, — Mariya cavab verdi. — Nüsrət Fateh Əli Xan, Robert Fripp. Nədi ki?
— Elə belə, — Şvartsenegger dedi, — boş şeydir.
O, başını kabinəyə soxdu. Aşağıda, təyyarənin metal qarnının altından elektrik cızıltısı başladı və bir neçə saniyədən sonra dəhşətli gurultuya çevrildi — Mariya köpük yastıqcıqların qulaqlarına sıxıldığını hiss etdi. Sonra yavaş-yavaş yırğalandı və qarajlar aşağıda-geridə qaldılar.
“Harrier” qayıq kimi o yan-bu yana yırğalanaraq şaquli istiqamətdə yuxarı qalxdı. Mariya təyyarələrin belə uça biləcəyindən xəbərsiz idi. Düşündü ki, gözlərini yummaq o qədər də qorxulu olmaz, amma maraq qorxuya üstün gəldi və bir dəqiqə keçməmiş yenidən açdı.
İlk gördüyü ona doğru gələn pəncərə oldu. O qədər yaxında idi ki, Mariya otaqdakı televizorun ekranında ona tuşlanan tank lüləsini aydın gördü. Ekrandakı tank atəş açdı, təyyarə eyni anda cəld əyilərək, divardan uzaqlaşdı. Azacıq qanadın üstünə sürüşən Mariya qorxudan qışqırsa da, təyyarə tez düzəldi.
— Antenadan tut! — Şvartsenegger başını kabinədən çıxarıb, əlini yelləyərək qışqırdı.
Mariya baxışlarını aşağı saldı. Düz gözləri qarşısında fyüzelajdan ucu yumru uzunsov bir metal şey çıxdı. Necə olmuşdu ki, bunu əvvəldən görməmişdi. O, qısa və dar şaquli qanada bənzəyirdi, ölçüsü real həyatdakından böyük olsa da, Mariyada ədəbsiz assosiasiyalar oyatdı. Bu güclü çıxıntıya bir dəfə baxmaqla qəlbindəki qorxu yorğun Migellərlə, kirli Lyonyalar və sərxoş İvanlarla olarkan böyük ehtiyac duyduğu sevincli həvəslə əvəz olundu.
Burada hər şey tamamilə başqa cür idi: antenanın sonundakı yumru başlıq kiçik dəliklərlə örtülmüşdü, bir az duş kranına bənzəyirdi və eyni zamanda həyat və sevginin xəyali formaları haqqında yüngülvari düşünməyə vadar edirdi. Mariya suallı baxışlarını Şvartseneggerə tuşlayaraq, barmağıyla işarə etdi. O, başını tərpətdi, bütün sifətiylə gülümsədi və dişlərində günəş parıldadı.
Mariya düşündü ki, indi başına gələnlər uşaqlıq arzusunun həyata keçməsidir. Hansısa filmə, rəsmlərə baxaraq, uzun-uzadı nağıl oxuyaraq, əjdahanın, ya da nəhəng bir quşun belində göydə uçduğunu təsəvvür etmişdi. İndi bu həqiqətdə başına gəldi. Bəlkə də, tam o deyil, — əlini antenanın polad çıxıntısına qoyaraq düşündü, — amma xəyallar həmişə gözlədiyimizdən fərqli şəkildə gerçəkləşir.
Təyyarə azca əyildi və Mariya bunun antenaya toxunduğu üçün baş verdiyini açıq-aydın gördü. Üstəlik təyyarənin hərəkəti ona nədənsə qəribə görünürdü — sanki antena onun ən həssas hissəsi idi. Mariya əlini polad çubuğun üzərində gəzdirdi və onun yuxarı hissəsini ovcunda sıxdı. “Harrier” qanadlarını əsəbi halda çırparaq, bir neçə metr daha yuxarı qalxdı. Mariya düşündü ki, təyyarə özünü çarpayıya bağlanmış, onu qucaqlaya bilməyən, yalnız bədənini tərpədən kişi kimi aparır. Oxşarlığı yanlara aralanmış son dərəcə əzələli, lakin hərəkət edə bilməyən ayaqlar kimi görünən qanadların arxasında oturması daha da artırdı.
Maraqlı olsa da, çox qəliz idi. Mariya qarajlar arasındakı boş yerdə bu nəhəng polad quşun əvəzinə adi bir qatlanan çarpayının olmasını istərdi. Ancaq Şvartseneggerlə başqa cür ola bilməzdi, — o düşündü. O, kabinəyə baxdı — şüşəyə gün şüası düşdüyü üçün çox şey görə bilmədi. Deyəsən, o, kresloda oturmuşdu və başını əl hərəkətlərinin rütmünə uyğun sağa-sola hərəkət etdirirdi.
“Bəs kinodakı metaldan hazırlanmış robot, — Mariya digər əlini antenanın üstünə qoyub fikirləşdi, — görəsən, formasını istədiyi kimi dəyişə bilirdi? Yəni onun kimi, necə istəsə?”
Bu arada təyyarə daha yüksəklərə qalxırdı. Evlərin damları çox aşağıda qalmışdı və Mariyanın qarşısında Moskvanın əzəmətli panoraması açıldı.
Hər tərəfdə kilsələrin günbəzləri parıldayır, buna görə də şəhər üzəri mənasız dəmir pərçimlərlə dolu nəhəng dəri gödəkçəni xatırladırdı. Moskvanın üzərində Mariyanın sahildə gəzərkən gördüyündən qat-qat az tüstü var idi. Bəzi yerlərdə evlərin damından həqiqətən tüstü çıxırdı, ancaq bunun yanğın, fabrik bacalarından qalxan tullantı, yaxud sadəcə alçaq bulud olduğu tam aydın deyildi.
Tərkib hissələrinin hər birində səliqəsizlik və eybəcərlik olmasına baxmayaraq, şəhərin ümumi görünüşü son dərəcə gözəl, bu gözəlliyin mənbəyi anlaşılmaz idi. Rusiya həmişə belədir, — Mariya əllərini soyuq poladın üzərində gəzdirərək düşündü — heyran olursan və ağlayırsan, amma heyran olduğuna diqqətlə baxanda ürəyin bulanır.
Birdən təyyarə altında silkələndi, hiss elədi ki, çubuğun yuxarı hissəsi ovcunda qəribə şəkildə laxlayır. Əlini çəkən kimi dəlikli metal başlıq antenadan qopdu, gövdəyə dəydi və aşağı uçdu. Əvvəlki halından yalnız ucu yivli qısa borucuq, ondan sallanan iki buruq və qırıq mavi və qırmızı məftil qaldı.
Mariya baxışlarını kabinəyə tərəf yönəltdi. Şüşənin arxasında Şvartseneggerin sarışın hərəkətsiz başının dalı görünürdü. Əvvəlcə Mariya onun heç nə hiss etmədiyini düşünürdü. Sonra ağlına gəldi ki, Şvartsenegger huşunu itirib. O, çaşqın halda ətrafa baxdı, təyyarənin burnunun tərəddüdlə ağır-ağır döndüyünü gördü və təxminləri bir anda inama çevrildi. Nə etdiyini, demək olar ki, dərk etmədən gövdədən qanadlar arasındakı düz sahəyə aşdı (bu zaman antenanın qırığı gödəkçəcini cırdı) və kabinəyə doğru süründü.
Fənər açıq idi. Qanadın üstündə uzanan Mariya dikələrək qışqırdı:
— Arni! Arni!
Amma cavab gəlmədi. Ehtiyatla iməyə qalxdı və küləyin Arninin ənsəsinin tüklərini tərpətdiyini gördü.
— Arni! — yenidən çağırdı.
Şvartsenegger başını ona tərəf çevirdi.
— Şükür tanrıya! — Mariyanın köksündən qopdu.
Şvartsenegger eynəyini çıxardı.
Onun sol gözü azca qıyıq idi və çox aydın, eyni zamanda ölçüyəgəlməz dərəcədə mürəkkəb hisslər ifadə edirdi; bunların arasında həyat eşqi, güc, uşaqlara qarşı sağlam sevgi, Yaponiya ilə çətin döyüşdə Amerika avtomobil sənayesinə mənəvi dəstək, cinsi azlıqların hüquqlarının tanınması, feminizmə yüngül istehza, demokratiya və yəhudi-xristian dəyərlərinin dünyadakı bütün pisliklərə qalib gələcəyinin sakit dərki vardı.
Amma sağ gözü tamamilə fərqli idi. Onu göz adlandırmaq belə çətin idi. Qurumuş qan sızmaları olan çevrilmiş göz yuvasından Mariyaya iri göz ağına bənzəyən və mürəkkəb metal tutacağı olan, dərinin altıyla gələn nazik məftillər birləşən yumru şüşə linza baxırdı. Linzanın tam ortasından göz qamaşdıran qırmızı şüa vurdu və Mariyanın gözlərinə düşdü.
Şvartsenegger gülümsədi. Bu zaman üzünün sol tərəfi Arnold Şvartsenegger gülərkən sifətinin almalı olduğu ifadəni aldı — sezilməz-bic və sanki oğlan uşaqlarına xas dərhal aydın olan bir şey. Bu insan heç vaxt pislik etməz, bir neçə əclafı öldürsə də, yalnız kamera onların hədsiz alçaqlığını bir neçə dəfə və müxtəlif rakurslardan inandırıcı şəkildə çəkdikdən sonra. Ancaq təbəssüm onun üzünün yalnız sol tərəfinə toxundu, sağ tərəf tamamilə dəyişməz qaldı — soyuq, diqqətli və qorxunc.
— Arnold, — Mariya ayağa qalxaraq çaşqın halda dedi, — Arnold, niyə sən? Eləmə!
Ancaq Şvartsenegger cavab vermədi. Sonra təyyarə qəfil əyildi və Marita qanadın ucuna yuvarlandı Bu zaman üzü bir neçə dəfə hansısa çıxıntılara dəydi və o, altındakı bütün dayaqlardan məhrum oldu. Elə bildi ki, aşağı yıxılır, odur ki ona tərəf uçan ağacları və damları görməmək üçün gözlərini yumdu. Ancaq bir neçə saniyə keçsə də, heç nə olmadı. Mariya mühərrikin yenə də çox yaxından guruldadığını gördü və gözlərini azca açdı.
Məlum oldu ki, qanadın altından asılıb — gödəkçəsinin kapüşonu raket olduğunu çətinliklə anladığı çıxıntıya ilişib. Raket getdikcə genişlənən döyüş başlığı ilə bir neçə dəqiqə əvvə yapışdığı antennaya bənzəyirdi. Bunu görüb, Şvartseneggerin sadəcə öz sevgi oyunlarını davam etdirdiyini düşündü. Amma bu artıq ağ idi, yəqin ki, üzündə bir neçə qançır var idi və partlamış dodaqlarından ağzına qan sızırdı.
— Arnold, — o qışqırdı və üzünü kabinaya çevirmək üçün havada üzdü, — dayan! Mən belə istəmirəm! Eşidirsən? Mən belə istəmirəm!
Nəhayət, kabinəni və Şvartseneggerin gülümsəyən üzünü görə bildi.
— Mən belə istəmirəm, eşidirsən? Sənin istədiyin məni incidir!
— No? — o təkrar soruşdu.
— Yox! Yox!
— O. K., — Şvartsenegger dedi. — You are fired.
Növbəti anda onun üzü geri çəkildi və qeyri-adi bir qüvvə Mariyanı təyyarədən uzaqlaşdırdı, bir neçə saniyədən sonra təyyarə balaca gümüşü quşa çevrilərək, uzun tüstü ilə ona bağlandı. Mariya üzünü irəliyə doğru çevirdi və Ostankino televiziya qülləsinin ona tərəf üzdüyünü gördü. Qüllənin orta hissəsindəki yoğun yer sürətlə böyüdü və Mariya zərbədən bir an əvvəl açıq-aydın gördü ki, ağ köynəkli və qalstuklu adamlar masa arxasında oturub qalın şüşədən heyrətlə ona baxırlar.