Qlobusunu içkiyə satan coğrafiyaçı
(romandan parça)
Yayda eni vur-tut iyirmi addım olan Ponış çayı indi öz məcrasından çıxaraq, qarşı sahildə göz baxdıqca uzanan küknarlığı basmışdı. Bahar geciksə də, ilıq keçirdi. Dağ zirvələrindən, təbii sərhədlərdən axıb-gələn qar suları birləşərək, ümumi bir axın yaratmışdılar. Bu dəli-dolu axın isə qırılan budaqları, nazilən buz qatlarını, mamır və çim parçalarını, çürüməmiş yarpaqları, ağac qabıqlarını, qaralan otları öz qabağına salıb, gətirirdi. Ağacların gövdələrində isə o, qırmızımtıl donu xatırladan bir iz buraxırdı. Çamurlu köpük suyun məcrası boyu uzanır, döngələrdə isə təpəciklər şəklində üst-üstə yığılırdı. Ponış çayı, eynilə əl arağı qədər, bulanıq görünürdü.
Bizim bel çantalarımızı eşələmişdilər deyə, içlərindəki əşyalar çürüməyə məhkum tozağacıların arasına səpələnmişdi. Mən atalara əşyaları doğru-düzgün yerləşdirməyi öyrədirəm. Əyinlərinə qırmızı rəngli xilasedici yeləkləri geyinən atalar sahilboyu candərdi gəzib-dolaşır, özlərinə aid əşyaları gah bu, gah digər əşyaların böyrünə qoyurdular.
Saatyarıma bu işin öhdəsindən gəlirik.
— Hə, indi də karkası qurmaqdan ötrü şüvüllər kəsməliyik, — deyirəm.
Atalar dəstəylə, qaşqabaqlı halda oturub, qəzəblə siqaretlərini sümürürlər. Mən isə süni bir əda ilə fit çalır, baltamı atıb-tuturam. Ən nəhayət, bu qaşqabaqlı dəstənin içində narazı bir donquldanma başlanır və tədricən yüksəlməklə, aşkar hiddət saçan söyüşlərə çevrilir. Şüvül yığmağa kimin gedəcəyinə məhz atalar qərar verir. Dəstənin içindən həm dizləri üstə, həm sürətlə, həm də dal-dalı çıxan Tyutin dikəlir, baltanı əlimdən alır, nıqqıldamaqla, qəddini bükərək, həmin ağaclığa tərəf üz tutur. Geriyə qalan hər kəs oturub gözləyir, susaraq siqaretini tüstülədir. Bir qədər sonra Tyutin bir qucaq nazik şam ağacı budaqlarıyla geri dönür.
Ona deyirəm:
— Amma bunlar hədsiz nazikdir. Qalınlarından kəsməliydin.
Qradusov ona çımxırır:
— Hey, dılğır Qurbanlıq, get, yenə budaq qır, gətir.
Arxalarını çevirməklə, bizdən aralanan qızlar gedib, sahildə otururlar. Atalar isə uzanıblar. Səssizcə siqaret çəkirəm. Azca aralıda, kolluqda dayanan Tyutin ürkək bir maral kimi bizə baxır.
— Yaxşı, — deyirəm. — Onda karkası incə budaqlardan yığarıq. Ancaq unutmayın ha, onun qırılma ehtimalından bəri başdan sizi agah elədim.
Katamaranın necə yığılacağını onlara izah edirəm. Qondolanın hava ilə necə doldurulacağını da əyani şəkildə göstərirəm. Bu, hamıya su içmək qədər asan görünür. Qradusov, Demon və Oveçkin tez mənə yanaşırlar. Zibillikdə tapdığı nasosu əlinə alan Qradusov onunla hamının təpəsinə-təpəsinə vurur. Eyb etməz, hava vurmaqla da qoy Qradusov məşğul olsun.
Çərçivənin necə hörüldüyünü onlara nümayiş etdirirəm. Əllərini ciblərində tutan bu bir dəstə adam məni yarımdairəyə alaraq, dinləyir və bədbin bir ovqatla süzür. Susurlar. Hörməklə məşğulam. Hamı göz qoyur. Sonra izaha keçirəm:
— İnsanoğlu bu dünyadakı üç şeyə yorulub-usanmadan tamaşa edə bilər: şölələnən atəşə, yerə düşən tüpürcəyə və başqasının necə iş gördüyünə.
Nıqqıldayaraq yerə çömbələn Borman da qalın ipləri hörməyə girişir. Köks ötürən Çebıkin də candərdi ona qoşulur. Az sonra Oveçkinin qırışığı açılır. Demon ilə Tyutin isə hələ də ağaclıq tərəfdə dayanıblar.
Ləng də olsa, katamaran araya-ərsəyə gəlir artıq. Nazik budaqlardan düzəltdiyimiz əsnək çərçivəyə hər sırada ikisi olmaqla, dörd dənə qondola bərkidirik. Sonra dartmaqla, toru gərib, çubuğa sarıdıqdan sonra gəmimizi suya buraxırıq. Hamı qayğılı halda onun tamaşasına durur. Çebıkin deyir:
— Erotik alındı ha.
Tyutin pəsdən deyir:
— Bizim kənddən də bir oğlan üfürmə qayıqla xeyli üzdü-üzdü, axırda çayda boğuldu.
Bir müddət heç kəs dinib-danışmır.
Ən nəhayət, Qradusov dillənir:
— Fil dişi.
Təklif edirəm:
— Haydı, yerləri bölüşün. Mən quyruq qismdə, sağ cinahda oturacağam.
Seçdiyim o yer komandirə məxsusdur. Atalara elə gəlir ki, o cür yerlər rəiyyətə yaraşır, ağalar isə yalnız burun qismdə əyləşməlidirlər. Qradusov özünü üzüüstə sağ qondolanın ön tərəfinə yıxır və onu qucmaqla bağırır ki, oradan hamıya divan tutacaq. Çebıkin ilə Oveçkin onu oradan güclə aralayırlar. Tyutin onların ətrafında hey vurnuxur, ən nəhayət, Qradusovun çəkməsi, həm də təsadüfən onun xirtdəyinə enənə qədər buna ara vermir. Tyutin üzüqoyulu yerə sərilir və susur.
Çebıkin ilə Oveçkin Qradusovun ayaqlarını fərqli yönlərə dartdıqları anlarda Borman bir göz qırpımındaca və işqüzarlıqla sol qondolaya calayır özünü. Hiyləgər Demon isə öz şələ-küləsinə Bormanın arxa tərəfində yer eləyir. Sonra bu dörd nəfər bayaqdan çabalayan Qradusovu xilas etməyə nail olurlar. Çebıkin dərhal burun qismdəki sağ yerə yiyələnir, Oveçkin isə onun arxasındakı yeri tutur. Borman ilə Demonun əllərindən qurtulan Qradusov Çebıkinin karkasa möhkəm düyünlənən bel çantasını katamarandan ayırmağa cəhd göstərir. Hamılıqla təkrar Qradusovu geri dartmağa məcbur qalırlar, bağıraraq bildirirlər ki, əyyaşlar quyruq hissədə oturur və eynilə Çoğrafiyaçı kimi, əsla əl-qol atmırlar. Çebıkinin bel çantasına çılğınlıqla tüpürən Qradusov quyruq qismə üz tutur.
Qızların da öz yerlərini tutmasına mən kömək edirəm — Lüsyanı Qradusovun önündə, Maşanı isə özümdən öndə əyləşdirirəm. Ağlı başına gələn Tyutin yuxarı dırmaşınca görür ki, ona sadəcə katamaranın orta qismində yer qalıbdır. Sadəcə sağ, yoxsa sol cinahda oturacağına özü qərar verməlidir.
Avarı əlinə alan Tyutin nədənsə ayaq üstə durur və avarı həm uzun-uzadı, həm də dalğın halda hərəkət etdirir: guya bu üsulla o, hansı əliylə daha rahat avar çəkəcəyini qərarlaşdırır. Məlum olur ki, sol əli daha uyğunmuş. Buna görə də öz bel çantasını sol qondolanın yanına qoyur. Qradusov səsini başına atır ki, əgər “Qurbanlıq” adlandırdığı bu hərifin kəlləsi gözlərini yağır eləyərsə, beynini dağıtmaqla, onu əlüstü cəhənnəmə vasil edəcək. Köksünü ötürən Tyutin üzüsulu halda sağ qondola tərəfə keçməyə məcbur qalır. Münaqişə bu sayədə səngiyir.
Deyirəm:
— İndi isə nahar hazırlamaq üçün odun yığmağa getmək lazımdır.
Üz-gözlərindən susqunluq və hirs yağan atalar qımıldanmadan ağaclıqda əyləşiblər. Lüsya yalvarış dolu səslə deyir:
— Uşaqlar... Bəs sizə nə olub axı?.. Borman...
Barmin dişlərini qıcayır:
— Hərifləmisiniz məni?! Bir şey olan kimi təkcə Borman yadınıza düşür!.. Ən gözüqara mənəm də, eləmi? Odey Demona deyin, qoy o, getsin!
— Mən gedəmmərəm axı. Əlimi kəsmişəm. Budey, baxın da.
Qradusov ona çımxırır:
— O əllərini niyə gözümə soxursan mənim?! Qəmişini çəksənə! Elə mənim də ayağım sıyrılıb da, nə olsun axı?!
— Ayaq əl deyil axı, həm də odunu ayaqla yığmırlar.
Bəli də, köhnə qazan yenidən qaynamağa başlayır. Az sonra hamı bağırışır, sinəsinə döyür, baltanı bir-birinin üstünə tulazlayır, öz xəsarətlərini başqasının gözünə soxur. Bunu görən Tyutin hiss olunmadan kolluğa tərəf üz tutur.
Maşa bezmiş halda deyir:
— Viktor Sergeyeviç, axı siz də görürsünüz ki, bunlardan tonqal qalayan çıxmaz... Bəlkə yüngülvari bir qəlyanaltı eləyək, hə?
Cavab verirəm:
— Əvvəla, bu birilər evdən gətirdikləri bütün azuqəni yeyib-bitiriblər...
Lüsya tez araya girir:
— Şəxsən mən bitirməmişəm.
Sözümün ardını gətirirəm:
— İkincisi, bir az səbr edin, qızlar. Belə lazımdır. Üçüncüsü, gəlin, üçümüz meşəyə çəkilməklə, Lüsyanın qalan piroqlarının da dalından dəyək.
Maşa qətiyyətlə deyir:
— Axı üçümüz getsək, yaxşı düşməz. Azuqəni hamıyla bölüşək.
Deyirəm:
— Maşa, sən məni anlamağa çalışma, sadəcə dediyimə inan. Sonra özün də görəcəksən ki, nə qədər haqlıymışam.
Maşa karıxdığı üçün susur. Lüsya dillənir:
— O, sizə inanır ey, sadəcə fərqli davranır.
Pörtən Maşa rəfiqəsinə təpinir:
— Sarsaq.
Üçümüz meşəyə girib, Lüsyanın özüylə evdən gətirdiyi buterbrodları, vaflini və çipsi yedik. Yarım saat sonra geri döndüyümüzdə ataları hələ də əsrarəngiz pozalarda və qaşqabaqla sahildə uzanmış gördük. Qradusov dişini qıcayaraq:
— Bu da odunlar... — deyib, kəsilmiş tozağacı budaqlarından ibarət kiçik şələni uzunboğaz çəkməsinin burnuyla bizə nişan verir.
Yerdən qaldırdığım bir budağı nal şəklində bükərək deyirəm:
— Bu, odun deyil ha, yaş kəndirdir. Həm də xeyli azdır. Bəs tonqal üçün haça budaqlar hanı? Onların arasındakı atma hanı? Suyla dolu qazanlar hanı? Od-alov hanı?
Atalardan cavab gəlmir.
Gəldiyim nəticəni açıqlayıram:
— Deməli, belə. Gecələməyə bir yer tapmaqdan ötrü biz elə indidən yola çıxmalıyıq. Səhər və günorta yeməyini şam yeməyi ilə birgə yeyərik.
Budur, üzürük. Bu sadə sayılacaq “budur, üzürük” ifadəsinə onun gerçək məğzini verməkdən ötrü mən elə uzun-uzadı gözləmişdim ki. lang="en-US"> İndi biləklərimlə, gicgahlarımla, qulaqlarımın sırğalığıyla da havanın nəmli təravətini hiss etməkdəydim. Avarlar hər dəfə yardığı zaman sapsarı suda bir cüt oyuq açılır, orada yaranan naxış isə ionik qırçınlı sütunun başlığını xatırladır adama. Qəlbimə sancılan və son bir ilboyu orada paslanan qüssənin caynaqları aramla və tədricən boşalır. İçimdə elə hiss var ki, uzun müddətdən sonra tutub-getdiyim bu yol məni sevincin qapısına qədər gətirib, çıxaracaq.
Ac və yorğun olduqlarını atalar qəflətən tamam unudurlar. Həqiqi tayqadakı həqiqi çayın axarında sözün əsl mənasında üzdüklərinin sehrinə qapılıblar sanki. Necə gəldi avar çəkməklə, qaqqıldaşaraq, gülürlər. Bundan həzzə qapılan Çebıkin mızıldanır:
— Əcəb erotikdir ha!..
Bir cüt qara və hündür hasarın arasıyla uzanan yol qürub şəfəqlərində əsl kəhrəba rənginə çalır, Ponış çayı isə küknarlıqların arasıyla şütüyərək axıb-gedir. Çayın üzərində bir küy dolaşır — kol-kosların xışıltısı boşluqda bir uğultu təəssüratı doğurur. Yanımızdan ötən və artıq geridə qoyduğumuz küknar kökləriylə aramızdakı məsafə bir avar boyu ancaq olar.
Qürub mənzərəsi öz rəngləriylə göz oxşayır, buludların quyruq və üzgəclərini o, tropik balıqların rənglərinə boyayıbdır. Səmanın parlaq və əsrarəngiz uc qismləri qismən bulanıqdır və bu dibsiz su axarında yuyunan günəş gözlərimizi qamaşdırır. Üfürmə qayıqda, tüğyana gələn okeanda irəliləyən bir ovuc insanıq biz. Bu duyğu olsa-olsa, boğaza dirənən bıçaqla, ilk sevgiylə və sonuncu şeirlə müqayisəyə gələr.
Borman maraqlanır:
— Coğrafiyaçı, o qarşıda görünən nədir elə? Evdir?
Tyutin inam hissiylə deyir:
— Permdir bəlkə?
Deyirəm:
— Onu çatanda biləcəyik.
Çebıkin çığırır:
— Vay səni, bunlar yalçın qayalarmış ki!
Uzun bir vətər boyu irəliyə sıçrayırıq. Döngəni burulunca, həm qarşımızda, həm də başımız üstə daşdan divarlar peyda olur. Küknar meşəsi, bir pərdə misalı, önümüzdən çəkilir. Bu, sadəcə iri yox, hədsiz iri bir qayadır, o, beli qırt-qırt bir dinozavrsayağı sanki küknar meşəsinin sol sahilində uyuyubdur. Qapıldığı dəhşət, ya da heyranlıq hissindən Çebıkin uzun bir fit çalır. Adətən üzüaşaı uçan bomba bu cür səs çıxarır. Yalçın qayalara tamaşa edən atalar da avar çəkməyə ara verirlər.
Ponış çayının sürətlə axdığı sərt süxurlu məcra üzərində bir cüt əyri-üyrü qaya yüksəlir. Bunlardan soldakının təpəsində üç, sağdakının zirvəsində dörd diş var. Bunların üzərində isə ağlasığmaz dərəcədə ensiz bir burğunu xatırladan, uc qismi qismən genələn sivri bir qüllə gözə dəyir — ona “Şeytan barmağı” deyirlər. Bu yeddi dişə görə ona fərqli adlar verirlər: “Yeddi qardaş” və ya “Yeddi zirvə”, yaxud “Yeddi insan qayası”. Yuxarılara doğru boy atan bu küknar gövdələri həmin “Yeddi qardaş”ın sanki qabırğalarına sancılır.
Ponış çayı bizi o qayanın altına doğru sürükləyir. Biz də hamılıqla başımızı qaldırırıq. Qaba hörgüdür bu. Qırılıb-çapılan yerlər də qədimdənqalmadır. Süxurları büruzə verən təbəqələr dözülməz yükün ağırlığından sanki çat-çat olub. Qar sularının yaladığı həmin çat və çapıqlar isə qırmızımtıl şibyə ilə örtülübdür. Açılan çuxurlardan aşaraq yerə düşən ağac gövdələri gözə dəyir — bunlar mazğaldan bayıra uzanan lülələri xatırladırlar. Bir də qismən dar yerlərdə daş yığınları, qurumuş küknar budaqlarının ardında isə monolitvarı torpaq təbəqəsi diqqəti çəkir. Qayanın diş-diş və ən yüksək qismində bitən şam ağaclarının çətirləri qürubun al qırmızı şəfəqlərinə bürünüb.
Qəfildən Borman qışqır-bağır salır, avarı çaşqın bir tərzdə çəkməyə başlayır. Bayaqdan zirvələrə dikilən baxışlarım bu səfər də sulara dikilir. Rüzgar saçlarımı aramsız dalğalandırır. Məcranın eninə doğru yatan uzun plitəyə çırpılarmış kimi qayanın dibiylə axan Ponış çayının bu qismində bir növ burulğan yaranır. Katamaranımız hər an devrilmək qorxusuyla üz-üzədir.
Qışqırıram:
— Sola doğru yönəlt!
— İmkan yoxdur!
Qradusov ona çımxırır:
— Deyiləni et, maymaq, yoxsa gəbərdərəm!
Çebıkin cır səslə deyir:
— Geri versənə!
Oveçkin təlimat verir:
— Döndər!
Tyutin isə gücənir:
— A-ı-ı!..
Gövdəmi geriyə əyib, uzunboğaz çəkməmin burnunu isə karkasın tirinə dirəməklə, mən hərəkəti dayandırıram. Yaranan gərginlikdən avar şaqqıldayır, onun enli qismi isə suyu köpükləndirir. Şahə qalxan katamaranımızın begemotunkunu xatırladan burnu maneəyə tərəf yönəlir. Elə təəssürat yaranır ki, arxa tərəfimdəki kəndirlər qırılıb-tökülür. Sonra biz qürubun axan sularda yaratdığı gözqamaşdırıcı aynaya qarışır, məcraya düşərək, sürətlə aşağılara üz tuturuq.
Sudakı bəyaz köpüklü burulğan əvvəlcə Bormanla Çebıkini, daha sonra isə Demonla Oveçkini öz ağuşuna alır. Katamaran tən ortadan əyilir, hətta suyun gurultusu fonunda da mən sınıb-dağılan karkasın şaqqıltısını da eşidirəm. Atalar əl-qol atmaqla suyun üzünə çıxırlar, Tyutinin üzərindən adlayan köpüklü dalğalar indi də zərblə Maşa ilə Lüsyanın dizlərinə çırpılır. Bir təpik yeyibmiş kimi sarsılan yamyaş katamaranımızın içi Qradusovla mənim uzunboğaz çəkmələrimizin səviyyəsinə qədər su ilə dolur.
Bu məqamda Tyutinin qəfildən ağır-ağır karkasın içinə gömüldüyü diqqətimi çəkir. Tyutin susur. Üzündə sadəcə qorxudan bərələn gözləri və dodaqları bir-birinə sıxılan, o damdar ağzı nəzərə çarpır. Karkas düz ortadan, yəni bir cüt qondolanın birləşdiyi və Tyutinin dayandığı yerdən sınır. Və artıq katamaran tədricən iki qismə bölünür.
Hamıdan əvvəl Qradusov bağırır:
— Qurbanlığı tutub, saxlayın!
Maşa, Lüsya və Oveçkin bir nəfər kimi Tyutindən yapışır, onun isə artıq, eynilə o İnəkoğlu İvan kimi, sadəcə beldən yuxarı qismi karkasın üstündədir. Mövcud durumda Tyutin mindiyimiz katamaranın iki ayrı qismini bir-birinə bağlayan yeganə halqadır. Sinəsinə qədər suya qərq olsa da, anbar qıfılı kimi qapının iki layının arasında sallana qalıb o.
Əmr verirəm:
— Sahilə yan alın!
<...>
Yeddiadamlı zirvə — şam ağaclarının bitdiyi düzənlik yerdir. O, sıldırımda yüksələn Qardaşlar təpəsinə doğru qismən meyllidir. Təpədəki dişlərin arasında pillələr var, yerə sərilən ağacların önünü qapatdığı bu dərin oyuqları isə mamır basıbdır.
Boşluq üzərində yüksələn qayanın lap kənarına yanaşırıq. Aşağıdakı boşluq insanı vahiməyə salır. İrəlidə, ta üfüqlərə qədər isə tayqa uzanır. Mavi dumana bürünən tayqa hiss olunmadan üfüqlərə tərəf yüksəlir. Həmin qismdə nə qayalıq, nə çay, nə ağacsız meşə zolağı, nə də bir kənd-kəsək var — qatı duman bir qurşaq kimi uzanıb gedir.
Bu mənzərəni süzən Çebıkin mızıldanır:
— Əcəb erotikdir ha!..
“Şeytan barmağı” adlanan o qorxunc qaya düz qarşımızda yüksəlir. Deyəsən, o, perm daşının yatağından, yabanı kərtənkələlərin gömüldüyü yerdən birbaşa çıxmaqla, belə yüksəlir. O, şikarını görüb, başını dikəldən kobra qədər adamı hipnoz eləyir. Onun enmiş kirpiklərinin arasından mənə dikilən, insana xas olmayan, dilsiz və görməyən baxışlarını yaxalaya bilirəm.
Lüsya üşənir:
— Tfu, adamı necə də süzür ey...
Atalar bu daş sütunun yanından əlüstü ötüb, keçirlər. Çebıkin soruşur:
— Coğrafiyaçı, bəs bu dərələrin qoynuna girmək, dalmaq necə, mümkündür, ya yox?
Mən də izn verirəm:
— Girin, dalın. Ancaq məbada yıxılasınız ha...
Çebıkin qayaların arasında qeybə qarışır. O birilər isə nədənsə karıxıb, qalıblar. Heç gözləmədiyimiz halda Çebıkin Qardaşlar zirvəsindəki dişlərin birinin ardından boy göstərir.
Əlini yelləməklə, bizə bağırır:
— Ehey, kəlləpaçalar!..
Bundan dəhşətə qapılan Lüsya və Maşa bir ağızdan çığırırlar:
— Tez düş ordan aşağı!
Amma özündənrazı halda hırıldayan Çebıkin bir az da yüksəyə dırmaşır, gah çıxıntılar arasında görünməz olur, gah dar dərələrdə təkrar peyda olur, sonra təkrar görünür, yəni bir milçəksayağı qayalıqda irəliləyir. Canıma vicvicə düşüb və mən onun hərəkətlərini dərin həyəcanla izləyirəm. Hətta qımıldayacağım təqdirdə belə, onun yıxılacağına inam hissi doğub içimdə. Atalar özlərindən ixtiyarsız yumruqlarını düyünləyir, əzələlərini gərərərək, nə isə mırıldanırlar. lang="en-US"> Lüsya ovuclarıyla üzünü qapayır. Fikrim yoldaşımızda gərərək mən də titrəyən əllərlə siqaretimin filtrsiz qismini ağzıma qoyub, heç nəyin fərqinə varmadan onu yandırıram. Çebıkin sonuncu, ən yüksək olmaqla bərabər, ən əlçatmaz görünən və şişuclu zirvəyə də dırmanır. Oradan bağıraraq nəsə deyir, əlindəki papağı yelləyir, sonra arxasını bizə dönməklə, yanbızını şappıldadır.
Dişlərini qıcayan Qradusov deyir:
— Bu Çebanın əcəli çatıb ha deyəsən.
Çebıkinin bağırtısı qulaqlarımıza qədər gəlib çatır:
— Orada mağa-a-ra var!..
Sonra o, cəld və qıvraq bir hərəkətlə geri-geri gəlməyə başlayır, ancaq bu dəfə də yarıyoldan dönür ki, nisbətən qısa mağaraya girə bilsin.
Atalara üz tutub, deyirəm:
— Gəlin, biz də mağaraya tərəf, bax, oraya gedək...
Nəmli olduğundan mamır basmış o sərin və qaranlıq dərəyə giririk. Bura yoxuşludur və tədricən aşağılara enir. Atalar əlləriylə o nəmli daşlardan yapışır, çürümüş iynəyarpaqlar ucbatından sürüşkən səthə malik şalbanların üstüylə sürüşə-sürüşə də olsa, yuxarı dırmaşırlar. Ara-sıra rastımıza çıxan və dərin sayılmayacaq çuxurların üzərindən o üzə atlayırıq. Aşağıda dayanan atalar, aramızdakı xanımlar yıxılmasın deyə, tədbir alırlar. Bu gün Maşa məni ümumiyyətlə görməməzlikdən gəlir.
Hamıdan axırda mən addımlayıram. Nə dünən yaşananlara görə xəcalət hissinə qapılıram, nə Maşanın biganəliyindən, nə də mənə qarşı açıq-aşkar düşmənçiliyindən inciyirəm. Mənə elə gəlir ki, qəlbimdə onunla bağlı duyğuların həndəvərinə divar hörsəm də, bircə dənə pəncərə saxlamışam. Elə ehtiyat kimi saxladığım, yəni hörmədiyim o pəncərə sayəsində də könlümdə təzə bir ovqat yaranır.
İrəlidə, nisbətən aşağılarda Çebıkin peyda olur. Qradusov hiddətlə ona çımxırır:
— Bəri gəl görüm, alasarsaq!
— Get işinə, ə! — deyən Çebıkin qəhqəhə çəkərək, qaçıb, qayanın ardında gizlənir.
Ən nəhayət, nisbətən hamar və çılpaq bir sahəyə gəlib, çıxırıq. Onun üzərində yüksələn divarda mağaranın üçbucaq biçimli girişi var. Atalar o girişə tərəf dırmanır və içəriyə boylanırlar. Oveçkin deyir:
— Bunun sonunda bir uçurum varmış.
Lüsya heyrətlənir:
— Bəs onda Çebıkin buradan necə enibmiş?
Mağaradan zarafatdolu bir izah əks-səda verir:
— Bu-bu-bu-bu!
Bədbinliklə də olsa, Borman razılaşır:
— Aha. Amma hər kəs də onun qədər makaka sayılmır axı.
Tyutin deyir:
— Bizim kənddə elə hey qayalara dırmaşan bir oğlan vardı, axırda oradan yıxılıb, canını tapşırdı.
Maşa maraqlanır:
— Görəsən sizin kəndinizdə heç sağ-salamat bir oğlan qalıb?
Söhbətə qoşuluram:
— Heç bilirsiniz Çeba hara dırmaşıbmış? Qədim əyyamlarda bu mağara...
— ...tualet imiş! — deyə cümləni tamamlayan Qradusov hırıldayır.
— ...ibadətgah imiş və baxın, bu meydanda da bütlər ucalırmış.
Lüsya təəccüblənir:
— Nə ibadətgahı, canım?! Bəyəm burada kimsə yaşayıb ki?!
— Hə, indi bəşəriyyətin varlığını, həm də çoxdan unutduğu böyük xalqlar məskunlaşıbmış buralarda. Bu yerlərdə qalalar, iri arxlar və məbəd var imiş. Burada knyazlar, münəccimlər və şairlər yaşayırmış. Müharibələr baş verirmiş, hücumla şəhərlər alınırmış, böyük tayfa birlikləri bu qayalıq ərazidə ölüm-dirim savaşlarına girirmiş. Hər şey yaşanıb burada. Və bitib, gedib.
Heç gözləmədiyim halda atalar dediklərimi diqqətlə dinləyirlər. Heç məktəblilər də sinifdə dərsi belə dinləməzlər. İndi nələr hiss etdiklərini onların baxışlarından da sezirəm. O “Şeytan barmağı”nın yanında ikən onlar da, eynilə mənim kimi, gözəgörünməz və izaholunmaz baxışları öz üzərlərində hiss edibmişlər. Budur, indi isə sanki onların ayaqları altında uyuyan torpağın özü dil açıb, nələrsə danışır. Məlum olub ki, yabanı kələz sümüklərinin gömüldüyü, bu qanla, tarixlə yoğrulan torpağın ən dərin qatları da yeni mənalar kəsb etməyə qadirmiş. Onun köksündən yayılan ruh və ovqat, eynilə Çernobılın radiasiyası kimi, ta asimana, oradakı göy cisimlərinə qədər yüksəlir. Tayqa da, kiçik kəndlərə və məhbus düşərgələrinə öz qoynunda yer verən bu tayqa da, bu qayalar da artıq yarımvəhşi, adsız-sansız bir ərazi olmaqdan çıxır. Bu tayqa da, bu qayalar da heç gözlənilmədən həyatda ən önəmli, ən vacib, hətta hər şeyi əvəz etməyə qadir bir dəyərə çevrilirlər sanki.
Çebıkinin qışqırığı gəlib bizə çatır:
— Uca səslə danışsana, coğrafiyaçı!..
Borman ona cavab verir:
— Sən hələ bir oradan çıx görək!
— Çıxan kimi dərsimi verəsiniz?! Coğragiyaçı, uca səslə danışsana!..
Bu Yeddiadamlı bölgə barədə oxuyub-eşitdiklərimi onlarla bölüşməyə başlayıram:
— Bu yerlərdə qazıntı işləri apararkən arxeoloqlar xeyli sayda qurbanlıq heyvanın sümüklərinə və ox ucluqlarına rast gəliblər...
Tyutinin böyrünü dürtmələyən Qradusov soruşur:
— Ə, Qurbanlıq, yoxsa sən də öz sür-sümüyünü buralarda salıb-itiribsən?
Mağaranın dərin qatlarından Çebıkinin çılğın səsi eşidilir:
— Tapdım! Tapdım! — deyir. — Bir ox ucluğu da mən tapdım!
Atalar əlüstü mağaranın girişini kəsdirib, ona təpinirlər:
— Çıx oradan, qanmaz! Bax, kişi sözü veririk ki, sənə dəyib-dolaşmayacağıq!
Bir qədər sonra Çebıkin oradan çıxır və uzunsov bir daş parçasını bizə uzadır. Atalar razılıq hissiylə bu əşyanı süzür, barmaqlarının ucuyla ona toxunurlar. Bu, adicə daş qırığı imiş.
Üz-gözündən işıq yağan Çebıkin soruşur:
— Hə, nədir bu? Oxdur? Yoxsa nizə?
Mən dillənirəm:
— Mamontun daşlaşmış nəcisinin bir tikəsidir bu.
Atalar uğunurlar. Pərtləşən Çebıkin tapıntısını tələsik cibinə dürtür və özünü sındırmadan deyir:
— Hə, siz öküzlər üçün bəlkə də bu — bir nəcis tikəsidir.
Vadi ilə geriyə, üzüyuxarı yola düzəlirik. Mən yenə hamıdan axırda addımlayıram. Qabağa düşüb gedən kişilər qadınları tamam unudublar. Maşaya yan almaq istədiyimdə o, geri qanrılır və sırf baxışlarıyla da aramıza məsafə qoyur.
— İstəməz! — deyir hikkəylə və azca susub, əlavə edir: — Ümumilikdə götürəndə, hətta mənə toxunmanızı da arzulamıram!
Nahar yeməyindən sonra yola çıxmaqdan ötrü əşyalarımızı toplayırıq. Borman lal-dinməz mənim tövsiyələrimi dinləyir. Maşa isə hələ də məni görməməzliyə vurur. O, bunu açıq-aşkar eləmədiyindən hələ də mənə bir qədər diqqət ayırdığını düşünmək mümkündür. Mənə laqeyd yanaşması birisinin öz çəkmə bağlarının açılmasına məhəl qoymamasına bənzəyir. Amma mən təmkinliyəm. Bilirəm ki, Maşa mənim olacaq.
Tək bilmədiyim — onunla necə davranacağımdır. Öz taleyimdə bu qızın tutacağı o yeri görməkdə acizəm. Qanımı qaraldan da elə budur. Onu sevirəm. İçimə bir ağrı çöksə də, onunla birgə səfərdə olmamdan məmnunam. Bu cür səfərlər — taleyin bir növ qoruqlarıdır. Çadırın yanında bel çantamı yığarkən qulağım Maşanın Oveçkinlə söhbətini alır. Çadırda ikisi qalıb və onlara elə gəlir ki, çadırın brezenti onları qalan dünyadan ayıra bilir.
Oveçkin ehtiyatla deyir:
— Sən bu gün belə bir cürsən ha...
Maşa ötkəm şəkildə dillənir:
— Mən həmişəki adamam. Əlini çək məndən.
— O Coğrafiyaçıya görə belə davranırsan?
— Orası sənə qalmayıb.
Bir qədər susduqdan sonra nəhayət, Oveçkin soruşur:
— Bəs mən başıma nə çarə qılım?
— Onu özün bilərsən.
Oveçkinin halına acıyıram, çünki Maşanın hədsiz ötkəm bir xasiyyəti var. Lüsya isə ondan fərqli biridir. Yeddiadamlı zirvədən endiyimiz vaxt o qız yıxıldı və zarıyaraq bizlərdən kömək dilədi. Borman rəhmə gəldi:
— Yaxşı, mən səni daşıyaram.
Sonra Lüsyanı şələnin üstə oturtdu və nıqqıldanaraq ta düşərgəmizə qədər apardı. Yaxşı ki, düşərgə də cəmi iki yüz metrliyimizdə idi.
Nahar vaxtı Borman xatırladır:
— Qradusov, bu gün növbətçi sənsən ha.
Bormanın böyründən boylanan Lüsya məzələnir:
— Haydı, get, qazanları yu.
Qradusov sanki nərə çəkir:
— Təkbaşına əsla yumaram! Qoy Coğrafiyaçı da mənə kömək eləsin!
— O, elə dünən də sənin əvəzinə növbə çəkmişdi, sən isə həmin vaxt yatırdın.
— Bu, mənim heç vecimə deyil! Gərək məni oyadaydınız! Bir də ki, Borman mənim başımın ağası-filan sayılmır, çünki mən onun əleyhinə səs vermişdim!
— Əgər onu əksəriyyətin səsiylə seçmişiksə, deməli, başçımız da odur!
— Onda qazanları da qoy o əksəriyyət yusun!.. Bir də axı başçı odursa, sən niyə burada əmrlər verirsən, hə?! Belə ötkəmsənsə, mənə yox, öz Bormanına buyruqlar ver, anladın, Mitrofanova?
> Bu yerdə Lüsya karıxır:
— Borman haradan mənimki oldu?
— Axı o, səni nəcis dolu torba kimi belində gəzdirir...
Lüsya da acığından deyir:
— Hə, deyək ki, lap elə ona vurulmuşam! Səninsə içinə qurd düşüb, çünki həm kürənsən, həm də burnun, bax, bu boydadır! — deyən Lüsya əllərini yana açır.
— Çox elə sənə paxıllığım tuturdu! — deyə bağıran Qradusov qazanları əlinə alır. — Əşşi, təki o, elə səni sevsin, mən nəcisi qısqanan deyiləm!
Lüsya ilə bağlı bu dilləşməyə şahid olan Demon öz içinə qısılıb, durub, o da qovğaya qoşulmağa cəhd göstərir, ancaq ona bir imkan verən yoxdur. Bunu görən tənbəl Demon çarəsiz qalıb, bir hünər göstərməyə çalışır. Nahardan sonra Lüsyaya bildirir ki, onun bel çantasını iplə artıq katamarana bağlayıbdır.
Ağızucu:
— Oyy, təşəkkürlər... — deyən Lüsya bunun ardınca səsini başına atır:
— Borman, bu Qradusov niyə hər yetənə çamur atır axı?!
Qradusov kinli-kinli gəzir, yetdiyinə yetir, yetmədiyinə isə təpik atır. Ən nəhayət, yola çıxmaq vaxtı yetişəndə məlum olur ki, o, hazırlığını görməyib. Talada dolaşaraq, bağırır:
— Borman, hanı axı mənim bel çantam? Mən hamıdan əvvəl yola hazırlaşmışdım!
Borman təmkinini pozmadan kolluğu nişan verir:
— Odey, sənin bel çantan.
Qradusov oradan çəkib, çıxartdığı çantasını, iyrənirmiş kimi, yerə tulazlayır.
— Bu hansısa səfilinkidir, mənimki deyil!
Lüsya burunaltı mızıldanır:
— Bu, mənimkidir...
Çarəsizliyə qapılan Demon gülümsəuib, çiyinlərini çəkir. Heç nəyə məhəl qoymadan yola düzəlirik.
Təkrar sarımtıl və sərməst təsir bağışlayan Ponışın məcrasına düşüb, gedirik. Yenə də böyür-başımızla suda axan küknar gövdələriylə qarşılaşırıq. Aşağılardan uçan buludlar dağınıq halda tayqanın üzərindən uçub, gedir. Göy-qırmızı çalarlar qazanan səma ləkələri üfüqə tərəf üz tuturlar. Günəş şüalarının düşdüyü uzaq və yüksək dağların döşündəki meşənin gözqamaşdırıcı və parlaq rəngi bir malaxit daşını xatırladır adama. Dağ silsiləsinin yamaclarında meşə ilə örtülü sıldırım qayalar diqqəti özünə çəkir. İri daş parçaları ara-sıra taladan qopub, yuvarlanaraq çaya düşəndə elə bilirsən ki, hansısa heyvan suya təşnədir, ona can atır. Bizi ağuşuna alan dalğalar sahil boyu axır, səma ilə yeri ayıran üfüq xəttini gah küknarlar öz sivri uclarıyla və əsəbi tərzdə cızırlar, gah da o xətt dağ zirvələrinin dalğavarı, yumşaq konturlarında öz ifadəsini tapır — sanki bunlar torpağın ehmalca alıb-verdiyi nəfəslərdir.
Üzü axşama doğru isə sahilboyunda buzqıran gəminin kəsib-yıxdığı ağaclara rast gəlirik. Həyəcana qapılıram, çünki çay məcrasını eninə kəsib-duran bu cür “dişlər” bizim qondolanı asanlıqla deşə, dələ bilər. İrəlidə, çayın məcrası üzərində sivri bir tağ kimi düşüb-qalan şam gövdəsinə sataşır nəzərlərim. Azca güclənən külək həmin şam ağacını aşağı endirsə, o, bir şlaqbaum kimi önümüzü kəsə bilər. Katamaranda tam dikələrək, irəliyə baxıram. O ara suyun axarına düşüb üzən bir, iki, üç və daha bir neçə küknar gövdəsi görürəm.
Hə, işlər fırıqdır. Bir darvazadan keçərmiş kimi, şam ağacının altından şütüyüb, keçirik. Bu “darvazanın” o biri üzündə isə qırılmış ağaclar diyarı başlanır.
Bir “dişdən” yayınan katamaran bir digərinin də gövdəsinə sürtünərək keçir. Təmkinini itirməyən Borman göstərişlər verərkən bütün məharətini sərgiləyir. Amma katamaranın burnu üçüncü “dişə” ilişir. Qradusov həmin küknarın qol-budağının məngənəsindən hər vəchlə qurtulmağa çalışır və bu mübarizədən pörtmüş və üst-başı cırıq, üz-gözü isə cızıq halda çıxır. Bormanın üstünə çımxırır:
— Öküz! Əmrlər verəndə bir düşünsənə!
Elə o an biz başqa küknarın cənginə keçirik. Bağırıram:
— Üzüüstə uzanıb, önə əyilməklə irəliləyəcəyik!
Müsəlmanlar namazda necə dizlərini yerə atırsa, biz də hamılıqla o duruşa keçdik. Bu şəkildə küknarın altından keçirik. Ağacın budaqları boynumuzu,> kürəyimizi dalayır,> bu tör-töküntü katamaranımızın örtüyünü yırtır. Ağacın qırıntıları, qurumuş iynəyarpaqlar boynumuzun ardına dolur. Ponış çayı bizi sərt tərzdə çayın əks sahilinə sürükləyir. Qəfildən Çebıkin ətürpədici bir səslə bağırır:
— Ehtiyatlı olun!
Bu səfər miniyimiz suda üzən tozağacına taxılır. Bağırıram:
— Avarların köməyilə onu geri itələyin!
Çayın axarı isə hətta avarları da əlimizdən alıb-aparacaq qədər güclüdür. Miniyimizin gövdəsi qol-budaqları sıyırıb-tökür və biz artıq gövdəyə dirənirik. Çərçivədən yapışmaqla, mən ayaqlarımla o gövdədən gələn zərbəyə qarşı dirənirəm. Var gücümlə çərçivədən önə doğru dartınıram ki, miniyimiz o tozağacının təsirinə qapılmasın. Çünki hədsiz əyildiyindən tək həmlədə hamımızı bir buldozer kimi sıyırıb, suya atmaq iqtidarındadır. Ponış çayı da sanki ona göstərdiyimiz dirənişdən hiddətlənib. Sol cinahda bir göz qırpımında iri dalğa yaranır. Sol qondola onun üzəriylə hərəkətə başlayır. Hamılıqla sağ tərəfə meyl edirik, buna rəğmən də, dalğa bizi həmin tozağacının altına doğru sürükləyir.
Hökmlə deyirəm:
— Tyutin, Maşa, cəld sol cinaha keçin! Hamı qoruyucu yeləyini geyinsin! Oveçkin, o aşağıdakı budağı qopartsana!
Əli baltalı Oveçkin boz bir kölgə kimi böyrümdən ötüb, keçir. Gövdənin üstündə əyləşməklə, çılğınlıqla onu çapmağa başlayır. Boğazımı yırtarcasına bağırıram:
— Oveçkin, geri çəkil!
Oveçkin susur. Rəngi də avazıyıb. Əzələli üzündəki damarlar şişib. Baltasını bir qaldırıb, bir endirir. Qopan yonqalar mənə dəyir. Sonra qulaqbatırıcı şaqqıltı, qopma və su səsi eşidilir — bu, suya düşən və qol-budağıyla bütün katamaranı qucan ağacın çıxartdığı səslərdir. Sudan qopan zərrəciklər mənimlə Qradusovun üstünə sıçrayır. Sərbəstliyə çıxan katamaran sürətlə irəli sıçrayır. Bir an sonra mən kəsilən ağac gövdəsinin üstündə oturan Oveçkinin bizdən geridə qaldığına şahid oluram. Az sonra isə Oveçkin, bir yarasa kimi, özündən aralanan katamarana hoppanmağa cəhd edir, amma sinəsiüstə quyruq tərəfə düşür. Qradusovla köməkləşərək, onu dartıb, sudan çıxarırıq. Ponış çayı bizi artıq sərbəst və macərapərəst insanlar kimi öz ağuşuna alıb, aparır.
Qradusov Oveçkinə çımxırır:
— Başın xarab olub sənin?! Niyə özünü suda batmayan Buratino kimi aparırsan?!
Maşa özünün solğun və ciddi gözlərini Oveçkinə zilləyir. Lüsya sarsılmış halda deyir:
— Amma o, bizi xilas elədi!..
Heç on dəqiqə ötməmiş Borman xəbərdarlıq edir:
— Daha bir maneə var!
Bu səfər isə köklü-köməcli, qol-budaqlı bir şam ağacı axında maneə yaradır. Sular onun budaqlarına dəyib, şaqqıldayır, köpüklənərək, gövdəsi üzərindən o biri üzə adlayır və cürbəcür zir-zibillə qarışaraq, axına qoşulur. Əgər katamaranımızı sahilboyu uzanan ərimiş buzların üstüylə sürüyəcək olsaq, bəlkə bu “dişdən” də qurtula bilərik. Təlimatımı verirəm:
— Sol cinahla irəlilə!
Kolluqda əməlli-başlı ilişib qalırıq. Var gücümüzlə budaqlardan yapışsaq da, katamaran yerindən tərpənmək bilmir. Avarla suyun dərinliyini ölçür və atalara çımxırıram:
— Nə nıqqanırsınız orda?! Şalvarınızı çıxarın, sonra itələyək də!
Borman üzüyola halda çəkmələrini geyinir. Maşa geri qanrılaraq, soruşur:
— Biz də gələk?
Qradusov yenə çımxırır:
— Siz hara gəlirsiniz ey?! Oturun yerinizdə!
Elə jaketdə, alt tumanında və uzunboğaz çəkmədə özümüzü suya atır və karkasdan yapışırıq. Ayaz bir vampirsayağı bədənimizə sarılır. Buradakı dərinlik dizdən azca yuxarıdır. Qradusov yenə Tyutinin qoparağını götürür:
— Hara soxulursan yenə?! Mənim köməkçimə bax da, beş kilo çəkisi ya ola, ya olmaya!..
Əmr verirəm:
— Haydı! Ha-y-dı!.. E-eh!..
Yeddi nəfərlə katamaranı zor-bəla ilə o küknarın yıxıldığı kol-kosun yanıyla dartıb-aparırıq. Cır söyüdün çılpaq qol-budağı dırnaqlarımızı çərtir, cızır. Yükümüzü köklərin üstüylə sürüşdürməklə irəliləyirik. Çebıkin ilə Borman birlikdə yerə sərilsələr də, tez durur və təkrar dartmağa girişirlər. Xırıltılı səslə deyirəm:
— Elə Yermakın dəstəsi də taxtadan yonduqları gəmiləri eynilə beləcə dartırmışlar...
Axır ki, yuxarıya qalxmağın vaxtı gəlib, yetişir. Bədənləri titrəyən atalar şalvarlarını islaq alt donlarının üstündən geyinirlər. Rəngi göyərən Qradusov bağırır:
— Mitrofanova! Çantadan mənim üçün flakon və quru reytuzlar çıxartsana!
Lüsya karıxır:
— Haradan çıxardım axı?
— İndi deyəcəm haradan!.. Bayaqdan çantamın üstündə oturan sən deyilsən ki?!
Lüsya dərhal Qradusovun bel çantasını açır. Oradan cürbəcür iplər, məftillər, bankalar, şamlar, təyinatı bilinməyən mexanizmlər çıxarır və bütün bunları dəhşətə qapılaraq, Maşaya uzadır. Ən nəhayət, yaşıl rəngdə, iriölçülü kişi alt tumanları və bir şüşə araq çıxarır. Mən dişlərimlə onun qapağını açır və içkini qurtaqurtla içir, sonra isə yoldaşlarıma ötürürəm. Titrəyən bədənimin üstünə sanki qaynar su tökülür. Borman ruh düşkünlüyü ilə deyir:
— İrəlidə hələ buz yığınları da var.
Boyunlarımızı irəli uzadırıq. Çayın məcrasını ortadan bölən küknar ağacının böyründəki buz yığınları təpə şəklində qalaqlanıb. Günəşin altında onların tikələri və tinləri bərq vurur — deməli, buludlar artıq dağılıb, gedib. Həm solda, həm də sağda suyun səthində yatan küknarlar aşılmaz bir səddə bənzəyir. Onları adlamaq müşkül görünür. Karıxan Borman soruşur:
— Bəs onda neyləyək?
— Əldən bir şey gəlməz. Bu — filmin sonudur.
Gecələməkdən ötrü bir tala axtararkən, biz su basmış bir meşə cığırına yan alırıq. Buraya hüzur və dərin sükut hakimdir. Ponış çayının gurultusu da az-maz eşidilir. Ağır-ağır küknarların arasıyla üzür, irəliləyirik. Suyun altındakı halqalar, qismən də olsa, seçilir. Dupduru suyun səthində küknar qozaları üzür. Meşə də bu sularda əks olunur. Yer səthinin sərtliyini artıq yadırğayıram. Uzaqlarda, küknarların sivri uclarının və ayaqlarının ardında isə şux pənbə çalarlı şəfəqlər öz genişliyi ilə göz oxşayır.



