Dinozavrın uçuşu

alimlərin müşahidəsinə görə
siçanlar ac olanda çox yaşayırlar

elə belə də yazarıq

sən demə dinozavrlar uçurmuşlar
alimlərin müşahidəsinə görə

alimlər veb-kameralarla
bunu qeydə alıbmışlar

bizə də göstərə bilərmişlər

amma alimlərin nəzarətində
siçan kimi yaşamaq istəməyən
ac dinozavrlar
onları udub
surətini isə
ayrıca fayllarla göndəribmişlər

beləcə
nizamlı sistem
gözlənilməz şəkildə
dəyişib
xaosa çevrilibmiş ki
Priqojinə* görə
bu da yeni mərhələdi

dinozavr plan qurdu
plan uğursuzdu
dinozavr uduzdu

alimlərsə səhvlərini
qismən etiraf da elədilər

kimi zəhər içdi
kimi şərab

hamı öldü
kimsə qalmadı

dinozavrlar
yeni planetləri axtarmağa başladılar



* İlya Priqojin (1917—2003) — Rusiya-yəhudi mənşəli Belçika alimi, kimya üzrə Nobel mükafatı laureatı (1977), “qeyri-stabillik” və bir çox başqa fəlsəfi ideyaların müəlliifidir.