Bir kibrit yanımında

Kilsə haqqında hekayələr

Ananın duası

“Ana duası adamı dənizin dibindən çıxarar” — bu atalar sözünü, əlbəttə, hamı bilir. Amma bu atalar sözünün heç də gəlişigözəl deyilmədiyinə, həqiqət olduğuna və əsrlər boyu saysız nümunələrlə təsdiqləndiyinə hamı inanırmı?

Pavel Ata adında rahib bu yaxınlarda başına gəlmiş bir əhvalatı danışdı mənə. Sanki elə o cür də olmalıymış kimi danışdı bunu. Bu əhvalat məni elə sarsıdıb, onu indi özüm də danışıram və zənnimcə, yalnız mənim üçün heyrətamiz deyil o.

Pavel Ataya küçədə bir qadın yaxınlaşaraq rica edib ki, onun oğluna baş çəksin. Tövbə etməsi üçün. Ünvanı söyləyib.

— Amma tələsik işim vardı, — deyir Pavel Ata, — ona görə həmin gün çatdıra bilmədim. Hə, nə gizlədim, ünvanı da unutmuşdum. Ertəsi gün tezdən o qadınla yenə rastlaşdıq, çox həyəcanlı idi və israrla xahiş etdi, əməlli-başlı yalvardı ki, gedib oğluna baş çəkim. Nədənsə heç soruşmadım da o özü niyə mənimlə getmir.

Pilləkənlə qalxıb zəngi basdım. Bir nəfər açdı: pinti görkəmdə, möhkəm içən olduğu dərhal bilinən bir cavan. Tərs-tərs baxdı mənə: ruhani qiyafəmdə idim. Salam verib dedim: “Ananız məndən xahiş edib, sizə baş çəkim”. O, dik atıldı: “Yalan danışmayın, mənim anam, beş il olar, ölüb”. Divarda başqaları ilə yanaşı o qadının da şəkli asılmışdı. Şəkli göstərib dedim: “Sizə baş çəkməyimi bax bu qadın istəyib”. O isə əda ilə: “Belə çıxır, mənə görə o dünyadan durub gəlmisiniz?” “Yox, — deyə cavab verdim, — hələlik bu dünyadan.... Amma mən deyənə əməl et sən: sabah tezdən məbədə gəl”. — “Bəs gəlməsəm?” — “Gələrsən — ananın istəyidir. Valideynin sözündən çxmaq günahdır!”

Və o gəlib də. Tövbə edərkən hönkürüb titrəyərək deyirmiş, anasını evdən qovub. Qadın özgələrə möhtac olub və çox keçmədən ölüb. Hətta oğlu sonra bundan xəbər tutsa belə, heç ölüsünə də yiyə durmayıb.

— Həmin axşam onun anası sonuncu dəfə rastıma çıxdı. Qadın çox fərəhlənmişdi. Başındakı yaylıq bəyaz idi, indiyə qədər isə qara olardı. Çox minnətdarlıqla dedi ki, oğlunun günahları bağışlanıb, çünki etirafda bulunub, tövbə edib və artıq onunla görüşüb də. Səhərisi — bu dəfə öz qərarımla — həmin ünvana yollandım. Qonşular bildirdilər ki, dünən ölüb o, morqa aparıblar.

Bax belə idi Pavel Atanın danışdığı əhvalat. Mən — günahkar bəndə isə düşünürəm: deməli, ananın oradan — bu dünyadakı ömrü bitdikdən sonra qərar tutduğu məkandan — öz oğlunu görmək imkanı varmış, yəni oğlunun nə vaxt öləcəyini qabaqcadan bilirmiş. Deməli, ana orada da elə sidq ilə dualar qılıb ki, ona həm təcəssüm, həm də ruhani atadan Allahın bədbəxt bir bəndəsinin tövbəyə və haqq yola dəvət olunmasını xahiş etmək imkanı verilib. Tövbə etmədən, haqq yola gəlmədən ölmək — dəhşətdir axı bu. Və ən əsası: demək, ana çox istəyirmiş öz oğlunu; hətta anasını evdən qovan, əyyaşın biri də olsa, çox istəyirmiş onu. Deməli, ana qəzəblənməyib, acıyıb ona, günahkarların aqibətini hamımızdan yaxşı bildiyinə görə elə bir aqibətin öz oğlundan yan keçməsi üçün hər şeyi edib. Ana oğlunu günah dəryasının dibindən dartıb çıxarıb. Məhz ana, yalnız və yalnız ana: öz məhəbbəti və duaları sayəsində.

Məni kilsəyə buraxmadılar

Bəli, eynən beləcə. Buraxmadılar. Özü də kimlər? Rus əsgərləri. Həm də nə vaxt? Qələbə Günündə.

9 Mayda danüzü ibadətinə getməyə öncədən hazırlaşmışdım. Yataqdan qalxıb yuyundum, arvadımın sağlamlıq və istirahət diləyi ilə qeyd etdiyi duaları götürüb, “Vətən uğrunda həlak olanların hər birinə...” ifadəsini də əlavə edərək yola çıxdım. Tver bulvarının başlanğıcında yaşayırıq biz, Mərkəzi Teleqrafla üzbəüz. Küçəni keçmək lazım gəlir. Saat yeddinin yarısı. Küçə boydan-boya səddlərlə çəpərlənib. Çəpərin arxasında isə hərbi texnika dayanıb artıq: həm müasir, həm də müharibə dövrünün tankları. Son həftələr ərzindəki parad məşqlərində biz elə hey onların motorlarının uğutusunu eşitmişik. Çəpərdəki dar keçidə yaxınlaşdım. Amma məni oradan adlayıb yeraltı keçidə girməyə qoymadılar. “Kilsəyə gedirəm mən! — “Olmaz!” — “Axı mən kilsəyə getməliyəm, burada yaşayıram, bu da pasportum! — “Paraddan sonra açılacaq”. — “Əzizlərim, parada haradasa dörd saat var hələ”. — “Aralaşın”.

Bax belə. “Mossovet”ə yaxın keçidə verdim özümü — bağlı oldu. “Puşkinski”yə də — mümkün olmadı. Belə-belə işlər. Və bütün o hərbi qüdrəti seyr etməyə həvəsim qalmadı. Axı məni — elə bu indiki döyüşçülər üçün də — dua etməyə buraxmadılar.

— Nə olub, pravoslav deyilsiniz?

— Əmr var:— buraxmaq olmaz!

Belə bir vəziyyət. Əlbəttə, qayıdıb gəldim. Amma içim sızıldadı. Söz yox, mən pak bir duaçı deyiləm, günahkar bəndəyəm. Ancaq birdən bizim şanlı rus ordusunun məhz mənim duama ehtiyacı olsa necə? Oldu, oldu da. Paradı televizorda seyr etdim. Müdafiə naziri deyilən mülki geyimli, başıaçıq bir adam cərgələnmiş qoşunların yanından ötüb, onları bircə kərə də salamlamadığı halda, üçqat “ura”larını dinlədikdən sonra tribunaya yanaşdı və qoşunların parada hazır olduğunu baş komandana ərz etdi, o da mülki geyimdə idi və elə özü də işi hərbi salamsız yola verdi, axı orduda bizə belə öyrədiblər ki, “boş başa əl dirəməzlər”.

Paradın gurhagur vaxtı idi. Diktorlar orada addımlayan xariciləri xüsusi rəğbətlə qeyd edirdilər. Ardınca texnika uğuldadı. Sonra da, lap damların üstüncə, təyyarələr şığıyıb keçdi. Bəziləri ağlasığmaz dərəcədə böyükdü. Diktor bildirdi ki, əgər onlar onca metr də aşağı ensəydilər, pəncərələrdəki, vitrinlərdəki şüşələr qırılıb-dağılardı.

Nəhayət, qüssə ötüb getdi. Çiçəklər, ordenlər, uşaqlar, musiqi. Neyləmək olar, belə çıxır, dirilər və həlak olanlar üçün məbəddə dua etmək şərəfinə layiq deyilmişəm mən. Evdəki ikonanın önündə arvadımla yanaşı dayandıq və yazdığımız yığcam duaları oxuduq. Sonra da küçəyə çıxdıq və hiss etdik ki, 45-in Qələbəsi bizə də gəlib çatıb.

Mən yox idim

Hər şey vardı: asiyalıya xas gözlər, geri qaçmış alın, qəfil gördüyüm uçuşsayağı hərəkət. Hamısı təkrar-təkrar yazılmış kimi.

Eskalatorun pillələrilə addımlayır, beləcə daha sürətlə qalxırdım. Birdən ayaq saxladım, amma xüsusi bir cəhd göstərmədən yenə qalxmaqdaydım. Bir az yuxarıda, sağ tərəfdə, qonşusuna tərəf yanpörtü, dörddə biri mənə sarı dayanmış bir qadın gördüm. Dümdüz düşən neon işıq zərif üzündəki kölgələri sildi və almacıq sümüyünün avropalılara yad qabarıqlığından, qıyıq gözlərindən yapon qravürünə oxşadı.

Elə bu məqamdaca dilxorçu bir fikir götürdü məni: necə təsvir edəcəksən? Rəsmlə müqayisə ən asan yol olardı. Hərçənd müqayisə üçün bilməlisən ki, nəyi nə ilə tutuşdurusan — bu mənlik deyil. Bu da var ki, Buninin “Təmiz bazarertəsi”ndəki qadının daranmış saçları onu basma qravürlərdə təsvir edilən şərqli gözələ oxşadırdı. Buna rəğmən yenə Bunindir o.

Bir-birinin ardınca hər şeyi sınaqdan keçirsəm, məhv olaram mən.

Beləliklə, hər şey vardımı? Mən yox idim. Yaxşı, mən elə mənəm, yoxsa əvvəlkinin birəbir inikasıyam?

İlahi, hökm sənindir! Puşkinin nəsrini oxuyan ölkədə biz nəsə yazaqmı? Əgər yazdıqlarım oxucunun gözlərini mənim sətirlərimdən iyrəndirəcəksə, qoy nəzərləri Puşkinə yönəlsin. Mən bunu könül rahatlığı ilə unudaram. Amma unutmaq da gərək incidici olmasın: nəyin naminə unutmağımız elə bizim özümüzü ifadə edir.

Eskalator məni haqqını ödədiyim qədər gətirdi. Buradan o yana özüm getməliyəm.

Nəzərlik

Hələ məktəbə getmədiyim vaxtlarda lal-dinməz bir udmurt qızı qalırdı bizdə. Bir, ya iki qış qaldı — oxumaq üçün. O zaman kənd məktəbləri az idi.

Yemək-içmək sarıdan korluq çəkirdi, demək olar, kartofun ümidinə qalmışdı. İki-üç kartofu yuyur, yanan sobanın içinə dığırlayırdı. Kartoflar tezcə bişirdi, amma tonqaldakı kimi kösövə dönmür, eləcə qızarırdı. Böləndə açıq-gümüşü rəngə çalırdı — donu açılan qırov kimi.

Günlərin birində ona bir tikə çörək vermişdim. Qorxusundan, çörəyi yeməmiş, dilənçiyə ötürmüşdü.

Udmurt qıza yazığı gəlirdi anamın:

— Yaman kasıb yaşayırlar.

— Amma çörəyi götürmədi.

— Götürməz, bizim dindən deyil.

— Hansındandır?

— Heç mən də dəqiq bilmirəm. Biz ikona önündə xaç çəkirik, onlar dua-ibadət üçün ağaclığa gedirlər.

— Bəs mən hansı dindənəm?

— Pravoslavsan, xalisindən.

...Yadımdadır o udmurt qızın anasının şaxtalı çöldən gəlişi, donmuş həsir başmaqlarını şappıldatdığı üçün üzr istəməsi, qaranlıqda — bütpərəstlər sayağı — pilətənin altındakı alovun şöləsində oturmaları. Dillərini bilməsəm də, anlayırdım ki, qız məndən danışır.

Səhərisi o qadın, xəlvətə salıb, onların inancında nəzərlik sayılan, ağacdan yonulmuş, çoxdan qalıb qaralmış bir fiqur verdi mənə. İnancları mənə yabançı da olsa, aclıq çəkən o qıza bir tikə çörək uzatdığım üçün ödülə layiq görülmüşdüm.

...Günortadır, şaxtada yorulunca qaçıb-oynayandan sonra, isinmək üçün sobanın üstündəki taxtda oturmuşam, masanın sarı müşəmbə örtüyü gün işığında qızıla çalır, udmurt qızı masa arxasında əyləşib “Dəniz qıvrımında yaşıl bir palıd...”ı* əzbərləyir. Mən ondan tez əzbərləyib yerbəyer söyləyirəm, qız isə gülərək mənə yenicə bişmiş iri bir kartof uzadır.



Qızıl-bəyaz

Ömrümün xatırladığım ən xoş anlarından biri budur: maşının taxta haşiyəli yük yerində durmuşam, islaq küknar budaqlarından əyilib yayınıram. Maşın ulayır, sürtünmədən yeyilmiş, yalın ayaqlar kimi, gilli yerdə sürüşür.

Birdən maşın çox geniş, qızıl-bəyaz qarabaşaq zəmisinə dalır. Və bir rayihə — əsla qoxu yaddaşında oyatmaq mümkün olmayan, ilıq, hətta üzümə zərblə çırpıldığı üçün isti gələn bal ətri bürüyür məni.

Sanki ağ parça sərilmiş çox geniş zəmi və onu eninə bölən, ucu isə qarşıdakı sıx meşədə gözdən itən yol.

Suzanbağı yarpağı

Mən çox üzüyola adamam, cürbəcür Çin və ya gürcü, yapon, ərəb, yaxud doyumlu rus yeməklərini də yeyə bilərəm, tək bircə kartofa da qane olaram, amma yaş ötdükcə anlamağa başladım ki, hansı stəkandan içdiyimə, hansı çəngəllə yediyimə qətiyyən laqeyd deyiləm. Uzaq məsafələrə uçuş zamanı verilən plastik qab-qaşığı xoşlamasam da, bununla təsəlli tapıram ki, heç olmasa, gigiyenikdir.

Düşünürəm: yaşımla bağlıdır bu, yoxsa intelligent yanaşmasıdır? Nədən yediyinin fərqi varmı, təki qarnın doysun. Öz-özümə deyirəm, axı sənə — aclığın hər üzünü görmüş adamamı qalıb yemək-içməyin formasına fikir vermək?

Bilmirəm, birdən-birə niyə qab-qacağa kökləndim. Çini qəşəngdir, büllur gözəldir, gümüş — təvazö, qızılsa təkəbbürdür, ancaq məni bunlarla basdırsalar da, kitabxanaçı Valyaya — uşaq evində böyümüş, gözləri zəif, zehni güclü qıza vurulduğum o yay, bizim yerdə çayyuxarı gedərkən susadığımız o gün hamısını üstələyər. Çeşmələr — budur ha, ayağımızın ucunda! Mənə nə var, sinəmi qabağa verib, bumbuz suya əyildim, sonra da ovcumu doldurub sevgilimə uzatdım.

— Yox, — dedi Valya, — belə içə bilmərəm. Gərək nəsə ola, ondan içəm.

Və o “nəsə” tapıldı. Ətrafa baxdım — bizdən aşağıda suzanbağılar bitən yığcam göl vardı. Yarğandan atlayıb elə çəkmədə-şalvardaca suya girdim, suzanbağı yarpaqlarından bir dənə irisini qopardıb qırağa çıxdım, bulaqda yuduğum yarpağı qıf kimi bükərək şırnağın altında doldurub sevgilimə təqdim etdim.

Qız içdi. Sonra biz öpüşdük.

Yemək-içməkdə qab-qacağın nə önəmi var? Heç bilmirəm. Yormayın məni. Ömrüm keçib-getsə də, o gün qalıb. Bulaq və suzanbağı yarpağı. Biz də — göyün altında.


Televiziya tamaşaçısı

Bir zamanlar — rus yazıçılarını televiziyada çıxış üçün dəvət etdikləri dövrdə məni də çağırmışdılar. Getdim, ondəqiqəlik əxlaqi moizəmi lentə aldılar. Nə vaxt efirə gedəcəyini söylədilər.

Veriliş günü kənddəydim. Öz televizorum olmadığından, baxmaq üçün qonşuya keçdim — Nastya qarının evinə. Ekranın qabağında əyləşdik. Mənim o andakı ikiləşməm, yəni burada onunla oturub çay içdiyim halda, şüşəli qutuda da görünməyim Nastya qarıya qətiyyən təəccüblü gəlmirdi.

— Hə, nə deyirsən, Anastasiya Dimitriyevna, — həmin on dəqiqə ötüb-keçəndən sonra soruşdum, — hamısını yerbəyer danışdımmı?

— Yerbəyer danışdın. Amma əsas mətləbi demədin.

— Yəni nəyi?

— Satıcılara toxunmadın. Yaman oğurlayırlar. Azğınlaşıblar. Getmişdim pryanik almağa, həm əziyi-paranı yığıb verdi mənə, həm də çəkidə kəf gəldi. Onları yerində oturdan lazımdır, mütləq.

Tam ciddiyyətlə düşünürəm ki, Nastya qarı haqlıydı. Biz əxlaqdan danışanda əldəniti adamlar oğurluq edirmişlər. Sonrasa bizi dinləyib təəccüblənirmişlər: bax ha, kimsə orada zəvzəyir ki, oğurlamaq yaxşı iş deyil. Haydı, rədd eləyin onları ekrandan...

Rədd elədilər də. Başladılar hoqqabazları, fırıldaqçıları — Ostap Bender kimiləri məşhurlaşdırmağa.

Bu yaxınlarda Nastya qarıya baş çəkdim, pryaniklər aparmışdım. Oturub dava-dalaşlı, pozğunluq yayan verilişlərə baxırdı. Tüpürsə də, baxırdı. Başqa heç nə yoxdur axı. Xəbərlərə baxmağa da əsəb gərəkdir: qəsdən ancaq qəza, meyit, qan göstərir, yalnız puldan danışırlar. Ya da ağlını çoxdan itirmiş Amerikanı göstərirlər.

— Sənin də verilişin olacaq? — soruşdu Nastya qarı.

— Yox, daha olmayacaq.

— Niyə?

— Yadındadırmı, o dəfə çıxış edəndə satıcılara toxunmamağım? Elə ona görə səs hüququmdan məhrum oldum. Yəni hüququm var, səsim isə yoxdur. Sənin qarşında çıxış edərəm. Çay içə-içə. Görürsənmi, pryaniklərin də hamısı bütövdür.

— Gözlə hələ, qoy televizoru çıxardım.

Kənddə arxayın oturub çay içmək elə yaxşıdır ki. Evdə sakitlik olur. Yalnız arıquşular pəncərənin altında hoppanıb-düşür, dimdiklərilə şüşəni cingildədir. Gərək çıxıb onlara çörək qırıntıları atım, onda lap yaxşı olacaq.



*A. S. Puşkinin “Ruslan və Lüdmila” əsərinin birinci fəsili belə başlanır. Misra Eyvaz Borçalının tərcüməsindən götürülüb. — Tərc.