Lev Tolstoy — azad adam

(kitabından parça)

Sevimli bibilər

“Xatirələr”ində Tolstoy yazır ki, onun tərbiyəsində ən vacib fiqur (“həyatıma təsir göstərmə anlamında”) əziz bibisi Tatyana Aleksandrovna Yerqolskaya olub.

Amma bu necə ola bilər? Axı həmin qadın ona uzaq qohum düşürdü. Yerqolskayanın atası, Lev Tolstoyun ata nənəsi Pelageya Nikolayevna Tolstayanın əmisi oğlu idi.

Tanya Yerqolskayanın Lev Tolstoyun babasıgilə — İlya Andreyeviçlə Pelageya Nikolayevnanın evinə gəlişi “Xatirələr”də təsvirini tapıb: “O və bacısı Liza valideynləri öldükləri üçün yetim qalanda balaca qız imiş. Bir neçə qardaşı da olub onların, oğlanları qohumlar birtəhər yan-yön ediblər, qızların isə tərbiyəsini Çern qəzasında özünə görə tanınmış, hökmlü, nüfuzlu Tatyana Semyonovna Skuratova və mənim nənəm öhdəsinə götürüb. İkona altında dua edib, kart qarışdırıblar, çəkəndə Liza Tatyana Semyonovaya düşüb, “Qaraşın” isə nənəmə”.

“Qaraşın” — Tanya idi.

“Hərb və sülh”ün qəhrəmanları və prototiplərinin mürəkkəb düzülüş sistemində Tanyaya mütəvazi bir rol ayrılıb: Rostovlar ailəsindəki tərbiyəçi Sonya. Bu, romandakı ən diqqətçəkməz qadın obrazlarından biridir. Tatyana Aleksandrova barədə ona nəzərən mülahizə yürütmək olmaz. Ancaq burası da doğrudur ki, Sonya Nikolay Rostova vurulduğu və Nikolay Rostov da onu sevdiyi kimi, Lev Tolstoyun atası Nikolay İliç ilə Tatyana Aleksandrova da uşaqlıq illərindən bir-birini seviblər.

Tatyana Aleksandrovna onlarda, yad ailə olmasa belə, hər halda bir sığınmaçı kimi qalıb. Əvvəldən Nikolay Tolstoyla birlikdə böyüyüb və romanlarda sıx rast gəlindiyi kimi, ona aşiq olub. Nikolay Tolstoy da bu qohum qızı sevib, üstəlik, Nikolay Rostov öz qohumunu sevdiyindən də çox. Nikolay Tolstoy Mariya Volkonskaya ilə “hesab-kitab üzrə” — sevmədən evlənib, ancaq bu onun üçün xoşbəxt bir evlilik olub. Arvadı onun “Tuanett”i** sevməsindən xəbər tutub. Yerqolskaya gözəl, ən azı, cazibədar imiş. Amma Mariya Nikolayevna onlarla birgə Yasnaya Polyanada yaşamağa başlayan “Tuanett”ə heç vaxt qısqanc münasibət göstərməyib. Yerqolskaya hərdən Pokrovska — bacısı Yelizavetanın yanına getdiyi üçün müvəqqəti uzaq düşdükləri vaxt Mariya Nikolayevna ona səmimi mehribanlıq və ehtiram duyulan məktublar yazırmış. Bununla belə, “məhəbbət üçbucağı” deyilən bir problem olub. Sadəcə çox böyüməyib. “Üçbucağın” bütün iştirakçıları yaranmış şəraitin diqtəsini anlayışla qarşılayıblar.

Amma bu “şərait” Mariya Nikolayevnanın ölümü ilə dəyişilib. Həmin vaxt “Tuanett”in 38, Nikolay İliçin 36 yaşı varmış. Və o, Tanyaya evlilik təklifində bulunub. Ancaq “Tuanett” etiraz edib.

Nikolay İliçin qəfil ölümündən sonra övladları hərtərəfli yetim qalırlar. Atası ölən gün böyük övladın — Nikolayın 14 yaşı tamam olubmuş. Hələ Nikolay İliçin ölümündən qabaq, 1937-ci ilin yanvarında onlar ailəlikcə Moskvaya köçüb, Plyuşşixada kirayə tutulan geniş evdə məskunlaşmışdılar. Köçməkdən məqsəd oğlanları “yüksək cəmiyyətə alışdırmaq” idi. Üstəlik, böyük övladlar universitetə hazırlaşırdılar.

Həm ərinin, həm də oğlu Nikolayın sayəsində firavan həyata alışmış nənə Pelageya Nikolayevna istəkli oğlunu itirəndən sonra Moskvada yalnız öz hayında, öz dərdini çəkməkdə idi. Qardaşlar, faktiki olaraq, fransız mürəbbiləri Tomanın ixtiyarında qalmışdılar, ondan isə balaca Levin möhkəm zəhləsi gedirdi.

Moskva Levin heç ürəyinə yatmamışdı. Adamların qarşılaşanda şlyapa çıxarmamaları, salam verməmələri ona təəccüblü gəlirdi. Ömründə ilk dəfə belə bir sual gəlmişdi onun ağlına: “Əgər bu adamlar qətiyyən bizim qayğımıza qalmırlarsa, bəs başqa nə işlə məşğuldurlar?” Şəhərin zövq oxşayan əyləncələri də ondan ötrü dəyərsiz idi. Qarovulçunun onları çox xoşladıqları özəl bağa buraxmamasına da təəccüblənirdi. Böyük Teatrın lojasında oturub səhnəyə yanpörtü baxmağın səbəbini anlamır, tamaşa boyunca qarşı lojaya boylanırdı. Moskva səs-küylü, tozlu, tünlük idi və Lev “evlərinin önündəki çəmənliyi, bağdakı hündür cökələri, üzərində qaranquşların dövrələmə uçuşduğu yığcam şəffaf gölü, pambıq kimi buludlar asılan mavi səmanı, yeni biçilmiş otların xoş qoxulu qotmanlarını” və bir çox başqa şeyləri qüssə ilə xatırlayırdı, doğma Yasnaya Polyananı bütün ömrü boyu elə bunlara görə o cür sevmişdi.

Hər şey nənənin ölümü ilə dəyişildi. O, 1838-ci ilin yazında öldü. Nənənin sağlığında Moskvadakı ağayana, gen-bol yaşayış tərzindən vaz keçmək mümkün deyildi. Yalnız o öləndən sonra xərclərin ixtisarı məsələsi gündəmə gəldi. Nənənin vəfatının ardından, hələ həddi-buluğa çatmayan uşaqların hamisi atalarının böyük bacısı Aleksandra İliniçna Osten-Saken oldu. Qardaşının qarışıq əmlak işlərini aparmaq, bir qadın kimi, onun üçün çətin idi. Bundan əlavə, özünün də şəxsi həyatında problemlər vardı. Aleksandra (Aline) Tolstaya erkən yaşda ikən varlı ostzey*** qrafa ərə getmişdi. O, yersiz qısqanclıqdan əziyyət çəkən psixi xəstə imiş. Arvadı hamilə olanda kişi belə fikrə düşüb ki, “düşmənləri” ona göz dikiblər, bu düşüncə ilə də qadını faytona oturdub, yolda isə qutudan iki tapança çıxarıb, bir-birini öldürmələrini təklif edib. Birinci özü atəş açıb. Xoşbəxtlikdən, yara ölümcül olmayıb, ancaq əsəb sarsıntısından Aline uşaq salıb. Qadına bunu bildirməyiblər, həmin ərəfədə aşpazın arvadı doğubmuş, o körpəni gətirib buna veriblər. Aleksandra İliniçna ərini tərk edərək valideynlərinə sığınıb, qardaşı Nikolayın toyundan sonra Yasnaya Polyanaya, nəhayət, bütün Tolstoylar ailəsi ilə birgə Moskvaya köçüb. Övladlığı Paşenka — vaxtilə tələf olmuş uşağının yerini tutan qız da onlarla yaşayıb. “Sevimli bibisi Aleksan­dra İliniçnaya xas — yəqin ki, baxımsızlıqdan qaynaqlanan — turşu qoxusu” Tolstoyun yaddaşına hopmuşdu. “Və bu qadın həmin o zərif görünüşlü, gözəl mavi gözlü, şairanə ruhlu Aline idi: fransız şeirlərini oxumağı və üzünü köçürməyi sevər, arfa çalar, ən qələbəlik ballarda hər zaman böyük uğurla iştirak edərdi”.

Qərara alındı ki, oğlanlardan ikisi, böyüklər — Nikolay və Sergey Moskvada, Aleksandra İliniçna və mürəbbiləri Tomanın yanında qalsınlar, kiçiklər — Mitya və Lev, eləcə də bacıları Maşa isə Tatyana Aleksandrovna və digər mürəbbi (əyyaşlığa meyilli də olsa, təzədən işə götürülmüş) Fyodor Ressellə bərabər geriyə, Yasnaya Polyanaya göndərilsin. Ailənin “Moskvadakı hissəsi” geniş evdən imtina edib, daha yığ­cam və ucuzuna daşındı, “Yasnaya Polyana hissəsi” isə sevincək “yuva”ya qayıtdı.

Bu hadisə baş verməsəydi, Tolstoyun dünyagörüşü necə bir şəkil alardı: demək çətindir. Ancaq bir fakta baxaq: hədsiz təkəbbürdən özünə “Sen-Toma”, yəni “müqəddəs” deyə xitab etdirən fransızın yetişdirdiyi Nikolay ilə Sergey sonralar dini baxımdan laqeyd, vecsiz insanlara çevrildilər. Sadə desək, ateistlərə. Mitya, Lev və Maşa isə inanc müstəvisində hərəsi özünə görə bir yol keçdi.

Burası dəqiqdir ki, Tolstoyun sevimli bibiləri dindar idilər. Aleksandra İliniçnada bu, ruhani vəcd keyfiyyəti daşıyırdı. Atasının ölümünün ardından Yasnaya Polyanada, qardaşıgildə məskunlaşandan sonra o, “gəzərgi ruhaniləri, divanələri, rahib və rahibələri öz ətrafına toplamışdı, onlardan bəziləri uzun zaman bizdə qalır, bəziləri isə arabir bibimə baş çəkməyə gəlirdilər. Az qala həmişəlik bizdə məskunlaşanların sırasında bacımın xaç anası rahibə Marya Gerasimovna da vardı, o, gəncliyində divanə İvanuşka qiyafəsində gəzib-dolaşmışdı. Marya Gerasimovna ona görə bacımın xaç anası ola bilmişdi ki, anam dörd oğlandan sonra qızı olmasını çox arzulamış, həmin qadının bunu sidq ilə Allahdan diləməsi müqabilində ona belə bir vəd vermişdi. Qız doğulmuş, Marya Gerasimovna da onun xaç anası olmuşdu; gah Tuladakı qadın monastırında, gah da gəlib bizdə qalırdı” — yazır Tolstoy öz “Xatirələr”ində.

Aleksandra İliniçna tanınmış rahiblərlə, misal üçün, Optina Pustından olan zahid Leonidlə ünsiyyəti xoşlayırdı. İbadətindən qəti qalmır, davamlı dua edirdi. Əlində-ov­-
cunda bir şey saxlamır, olanını sədəqə kimi verirdi. 1841-ci ilin yayında Optina Pustında qalmış, çox pis xəstələnmişdi. Tatyana Aleksandrovna ona baş çəkməyə gedəndə Nikolay və Maşa Tolstoyları da aparmışdı. Qardaşının balalarını görəndə şadlığından ağlayan sevimli bibi, ertəsi gün vəfat etmişdi: əzab-əziyyətsiz, ağlı-huşu başında. Deyilənə görə, bibisinin mənəvi rəhbəri zahid Leonid (dünyəvi həyatda Lev Naqolkin) 11 yaşlı Maşaya xeyir-dua verərkən belə söyləmişdi: “Maşa, budeş naşa (poetik tərzdə, ruhani anlamda deyilib, hərfi mənası: “Maşa, bizim olacaqsan” — tərc). 49 ildən sonra Mariya Nikolayevna Leonid Atanın yetirməsi, optinalı zahid Amvrosinin mənəvi qızı olmuş, ardından da saçlarını qırxdıraraq rahibə kimi Şamordino qadın monastırında məskunlaşmışdı.

Aleksandra İliniçnanın kiçik bacısı Pelageya (Polina) İliniçna da dindar idi. Ancaq onun kilsəyə meyli daha dünyəvi xarakter daşıyırdı. İstefada olan qusar polkov­niki, mülkədar V. İ. Yuşkova ərə gedib Kazanda yaşayan bu qadın ali ruhanilərə, monastırlara rəğbət göstərir, pambıq parça və qızıldan işləmələr hazırlayıb onları ibadətgahlara bağışlayırdı. Bununla belə, davranış ədalarına, bəzənib-düzənməyə, geniş evlərində mebellərin düzülüşünə daha artıq diqqət ayırırdı.

1841-ci ildə böyük bacısı vəfat edəndən sonra Pelageya bibi qardaşının oğlu Nikolaydan hüzn-yalvarış dolu bir məktub alır: yazırdı ki, bu zavallı yetimləri yiyəsiz qoymasın, axı dünyada ondan başqa kimsələri qalmayıb. Onun gözləri dolur və Sofya Andreyevna Tolstayanın yazdığı kimi, “özünü bu yolda fəda etməyə” qərar verir. Tolstoy qardaşları bacılarını da götürüb Kazana köçürlər. Tatyana Aleksandrovna Yerqolskaya Yasnaya Polyanada qalır. Kazana köçməkdən imtina edir: Pelageya İliniçna ilə yola getməzdi o.

Qardaşı uşaqlarına Pelageya İliniçna çətin təsir göstərəydi. Onun ümumiyyətlə, evdə sözü ötmürdü. Pozğun həyat tərzi keçirən ərinin ona nə sevgisi, nə də hörməti vardı. Oğlanlar bəxtəxuda böyüyürdülər, Maşanı isə Əsilzadə Qızlar üçün Rodionov İnstitutuna düzəltmişdilər. Qardaşları universiteti bitirib Kazandan getdikdən sonra Maşa ərə verildi, bunun ardından Pelageya İvanovna xəyanətkar ərini tərk edib, monastırları dolaşmağa başladı. Nəhayət, Tula yaxınlığındakı qadın monastırının hücrəsində qərar tutdu. 1875-ci ildə isə Pelageya İliniçna Yasnaya Polyanaya, artıq evlənmiş, çoxuşaqlı ailə başçısı olmuş qardaşoğlusu Levgilə köçdü və tezliklə də orada vəfat etdi.

1841-ci ildə uşaqlar Kazana, yeni hamilərinin yanına köçməyə məcbur olanda Tatyana Aleksandrovna yalqız qalmışdı. O, gündəliyində yazır: “Yalqızlıq dəhşətdir! İztirabların ən ağırıdır bu! Sevəcək kimsən yoxdursa, ürək nəyə lazımdır? Həyat nəyə gərəkdir, kiminsə uğrunda yaşanmırsa?” Amma onun bundan 5 il öncə — 1836-cı ilin 6 avqustunda bir parça kağıza yazdığı belə qeydi də var: “Nikolayın bu gün mənə qəribə təklifləri oldu: ona ərə gedim, uşaqlarına ana əvəzi olaraq, onları heç vaxt tərk etməyim. Birinci təklifinə etiraz etdim, ikincini isə ömrüm boyu yerinə yetirəcəyimə söz verdim”. Tatyana Aleksandrovnanın həmin məqamda ağlına gəlibmi ki, nəyə görə bu təklif ona Mariya Nikolayevnanın ilinin ardından yox, 6 il sonra çatdırılır? Nikolay İliçin çox keçmədən vəfat etməsi hər şeyə aydınlıq gətirir. Məlum olur ki, Nikolay İliçin bu təklifi, sadəcə, ağıllı bir addım kimi düşünüb. Görünür, tezliklə öləcəyini hiss edirmiş, odur ki, balalarının onları istəkli bir adamın övladları kimi sevən qadının qanadları altında qalmalarına çalışıb. Ancaq bu halda Tatyana Aleksanrovna həm uşaqlara, həm də onların əmlakına münasibətdə tamhüquqlu şəxs olacaqdı. O isə fərqli düşünərək səhvə yol verdi və bu da uşaqlara iki himayəçi — Osten-Saken ilə Yuşkova arasında əsir-yesir olmaq qədər baha oturdu. Əlbəttə, qardaş balalarını onlar da çox istəyirdilər, ancaq öz şəxsi qayğları ilə hədsiz yüklənmişdilər.

“Xatirələr”ində Tolstoy yazır: “Yəqin, atam onu sevib, o da atamı, ancaq cavanlıqda ona ərə getmək istəməyib ki, atam varlı qadınla — anamla evlənə bilsin, onun sonrakı evlilik təklifini də həm atama, həm də bizə bəslədiyi saf, şairanə münasibət korlanmasın deyə qəbul etməyib”.

“Onun başlıca məziyyəti sevgi idi, — Tolstoy daha sonra yazır. — Hər nə qədər mən bunun başqa cür olmasını istəsəm də, bircə şəxsə — mənim atama bəslədiyi sevgi. Onun sevgisi yalnız bu mərkəzdən çağlayaraq digər insanlara doğru süzülürdü. Hiss olunurdu ki, bizi də, qalan hamını da atama görə, ondan dolayı sevir, çünki bibimin həyatı bütünlüklə sevgi idi”.

Tolstoy üçüncü bibisi Tatyana Aleksandrovnanın dindarlığını öz “Xatirələr”ində təntənə ilə vəsf edir. Bu sətirlərin məğzinə varmaq gərəkdir. Uğursuz bir ifadə ilə “Tosltoyçuluq” adlandırılan məfhumun cücərdiyi toxum həmin bu sətirlərdədir. Tolstoyun guya “öz dinini yaratdığı”, “Özündən Tanrı uydurduğu” barədə az qala hamı yazıb. Əslində, Tolstoyun heç bir “xüsusi dini” yoxdur. Onun inancının başlıca mənəvi əsasları, ibadətin cəfəng ayinə çevrilməsinə yol verməmək düşüncəsi Tolstoyda Tatyana Aleksandrovna Yerqolskaya sayəsində formalaşıb.

“Bibim sevgini batini bir iş bilirdi, bu səbəbdən də tələskənliyə lüzum görmürdü. Və bu iki keyfiyyəti — məhəbbət ilə təmkin — heç sezilmədən insanı onunla ünsiyyətə cəlb edir, bu ünsiyyətə xüsusi gözəllik verirdi. Buna görə də, öz payıma deyə bilərəm ki, nə onun kimisə incitdiyini görmüşəm, nə də onu sevməyən kimsəyə rast gəlmişəm. Bibim heç vaxt özü haqqında, dindarlığı, ibadəti barədə danışmaz, din-­imandan söhbət açmazdı. Onun imanı bütöv idi, ancaq “əbədi əzab” ehkamını inkar edirdi: “Dieu qui est la bonte meme ne peut pas vouloir nos souffrances” (fransızcadan tərcüməsi: “Mahiyyəti mərhəmət olan Tanrı bizi əzab-əziyyətə məhkum etməz”). Təvəqqe-şükür dualarından və təziyələrdən savayı, onun ibadətinə bircə dəfə də şahid olmadım. Bəzən, axşamdan xeyli keçmiş, “gecən xeyirə” demək üçün otağına girdiyim anda, məni görərkən üzündə yaranan məxsusi mehribanlıqdan anlardım ki, ibadətini bölmüşəm”.

Bu, inanc azadlığının ali səviyyəsi olub: inandığın sayaq inanırsan, qabaqcadan yazılanlar, yaxud düşünülənlər üzrə yox. Tolstoyun son dönəmdəki halının əksinə, Tatyana Aleksandrovna bütün kilsə ehkamlarını rədd etmirdi. Bəlkə, bu barədə heç vaxt düşünmədiyi üçün?! Ancaq bir ehkamı — qəbir əzabını qəti rədd edirdi. Bu, ola bilsin, həmin anlayışın onun inancının insani, hətta qadına xas təbiəti ilə ziddiyyət təşkil etməsindən irəli gəlirdi. “O, necə yaşamaq lazım olduğunu heç vaxt sözlərlə öyrətməz, əxlaqi moizələr oxumazdı; əxlaqa dair bütün proses onun iç dünyasında gedər, zahirdə isə yalnız əməlləri (əməlləri demək də bir o qədər yerinə düşmür), əslində bütün həyatı — təlatümlü, nümayişkaranə tərzdə deyil, səssizcə, gizlincə sevən, sakit, fağır, üzüyola varlığı görünərdi.

Bu, Tolstoyun bütün ömrü boyu arzuladığı ruhani ideal idi. Onun, öz zəmanəsi, hətta bütövlükdə bəşəriyyət tarixi ilə tərs düşdüyü məqamlar da buradan — tez-tez, adətən, axşamdan xeyli keçmiş baş çəkdiyi bibisinin otağından qaynaqlanırdı.

Mariya Nikolayevna Tolstaya kimi, Tatyana Aleksandrovnanın da, bircə dənə belə, bədii portreti yoxdur. Fotosunun çəkilməsinə isə, görünür, izn verməyib.

Tatyana Aleksandrovna sevimli qardaşoğlusu Levə qeyri-ixtiyari “Nikolas” deyə səslənərkən (şahid qeydlərində var bu) Tolstoy nə kimi hisslər keçirməliydi? Ola bilsin, “göylərdə kəsilmiş kəbin”dən, ancaq hər halda sevgisiz nikahdan doğulduğunu anlarkən əslində öz ata-anası barədə nələr düşünərdi o?

Uşaqlar Kazana köçdükdən sonra Tatyana Aleksandrovna Pokrovskda, bacısıgildə məskunlaşır. Oğlanların kiçiyi Lev, Yasnaya Polyana mülkünə sahib olanda, onu öz yanında yaşamağa dəvət edir. Tatyana Aleksandrovna son dərəcə şad olur! Öz qeydlərində bu sirrə — axşamlar otağında nədən, daha doğrusu, kimdən ötrü dua etdiyinə aydınlıq gətirir.

“Onun (yəni Levin —P. B.) məni çox istədiyini biləndə elə şad oldum ki, qəlbimi didən amansız iztirabı bir anda unutdum. Məni bunca çox istəyən bir qəlbin varlığından agah olmaq əsl səadətdir. Gecə-gündüz göylərə üz tutub, ona inayət diləyirəm”.

Ölümü qeyri-adi olub onun! “Mən artıq evlənmişdim, o zəifləməyə başlamışdı, — Tolstoy yazır. — Bir dəfə, arvadımla mən onun otağında olarkən, uyğun bir məqam tapıb, üzünü yana çevirərək (görürdüm ki, qəhərlənib) dedi: “Görün nə deyirəm, mes chers ami****, mənim otağım çox yaxşıdır, işinizə yarayar. Amma mən bu otaqda ölsəm əgər, — titrək səslə söylədi, — qəlbinizdə nisgil qalar, ona görə də məni başqa yerə köçürün ki, burada ölməyim”.

Sevimli bibisinin istəyini qəbul edib, onun xidmətçilərə yaxın, darısqal bir otağa köçməsinə razılıq verdikləri üçün sonralar Tolstoy çox iztirab çəkib: bibinin vəfatından sonra həmin otaqda, doğrudan da, ailədən heç kimsə yaşamayıb. Bundan əlavə, xəsisliyinə salaraq hərdən bəzi xırda zövqləri — xurma və şokoladı bibisindən əsirgədiyi üçün də Tolstoy çox peşmanlıq keçirib. Halbuki bibisi bunları elə onun özünə yedirərmiş.

“O, sakitcə, tədricən yuxuya gedirmiş kimi öldü və yaşadığı otaqda yox, sonradan ovqatımız korlanmasın deyə, öz istəyi üzrə, başqa yerdə vəfat etdi. Öləndə, demək olar, heç kəsi tanımırdı. Amma məni axıracan da tanıdı: gülümsəyirdi, çöhrəsi elə nurlanırdı, sanki elektrik lampasının düyməsi basılırdı; hərdən dodaqlarını tərpədib “Nikolas” deməyə çalışırdı, ölümqabağı o, ömrü boyu sevdiyi adamla məni artıq ayrılmaz şəkildə eyniləşdirmişdi”.