Oyanış
Oyandıq səninlə bir qış səhəri,
Almaz dənizinə düşmüşdük sanki.
O kristal şehli, bəyaz səhərdə
Alaq otları da parlardı yerdə.
Sanki yaşayırdıq gizlin, xəlvətdə.
Yəni inqilab da yoxdu əlbəttə.
Hər şeyi vurmuşdu Leontiyevskdə don,
Yurdumun əyninə biçilib bu don.
İndi açılacaq kosmetik çanta,
Quşa bənzəyirsən tünd pomadanda.
Yəqin evdə yenə mən tək qalacam,
Əlimə bir köhnə kitab alacam.
Köhnə dayanacaq, hər tərəf duman
— ailə romanıdır — xəyanət, yalan.
Bağlanıb şəhərin əsas girişi,
İyirmilik şaxtanın belədir işi.
Yerli mezozoyda bu da bir haldır,
Ağıla gəlməyən hər şey realdır.
Bizim sığalların səssiz, lal dili
Sanki əbədiydi... amma kiridi.
İndi mənə səndən, söylə, nə qaldı?
Budur, bax, yerini sənsizlik aldı.
Gecə paltarında tənha... yanır şam...
Keçmişi qısqanıb, səni anıram.





