De

Mənə söylə görüm orda o nə ulduz sürüsüdü
göyqurşağı səp gözünə gözlərində yaş yoxdusa
çəməni də bağçanı da onların ətri bürüyüb
məgər belə ola bilər ulduzda ətir duymusan
onları kim yerə atıb — işıqların bu nəğməsi
ürəkləri parçalayır — kimdən gəlib icazəsi

mənsə sənə deyirəm ki ulduz gündüz yuxusudur
olur ki o nur tək axır laləzara və bağçaya
onlara çiçək deyirlər — yazda yayda başqa olur
qışda buzlamış qar altdan boylanırlar ağ səmaya
bəlkə şöhrət istəyidi — mənasızdı — bəlkə də yox
bəlkə də istəyirlər ki eşq içində biz yaşayaq

mənə söylə görüm onda hansı tozun ləçəyi bu
o göylərin аrasında çırpınan cütqanadlılar
elə gözəl nəğmə deyir edam kötüyü qorxutmur
elə balta da qorxutmur daim belə oxuyalar
onları kim göyə atıb qaldırıb ki uçuşları
sanki eşqə düşmüş kimi ürəkləri parçalaya

mənsə sənə deyirəm ki canlı ləçəklərdi onlar
bizim dağlı bacılardı onlar külək quşlarıdır
torpaqdan da doğulsalar uçuş vaxtı yaşayırlar
balıq dibin xəyalısa quş göylərin xəyalıdı
nəğmə deyib çalışırlar mavilikdə əriyələr
bu torpaqda deyib-gülək biz sevinək — istəyirlər

mənə söylə doğrusunu de görüm bu nə quşlardı
qatar-qatar mələklərdi enirlər aşağı çaya
səsləri göyərçin səsi üzləri güldən parlaqdı
qurban verəsən canını — pərvanətək sən də şama
ya da ki yox heç ölməyib sən bu yerişi görəsən
ürəyin də parçalansın mavi-mavi ləçəklərdən

mənsə sənə deyrəm ki bax yerdəki o mələklər
qürub çağı dillərində qəmli nəğmə çaya enir
bəni insan çox fərqlidi bizim qadınlar gəlinlər
uzun bilirsə də günü qısa bilir gecələri
amma yenə yanlarında sanırsan ki cənnətdəsən
sevirsənsə — sevinirsən sonda yenə də ölürsən

 o zaman de mənə görüm yalan danışmadan söylə
neyçün axı olacaqlar olur yenə olur yenə
çiçəkləyən çiçəklərdi quşlar cəh-cəh vurur erkən
Günəşə də yalvarırlar qoy parlasın o parlayır
çaya enir qızla gəlin körpələr doğulur sonra
mənsə yoxam bu dünyada axı niyə yoxam yoxam

 Allah bilən məsləhətdi — mənasızmış ömür payım
gün görməyən adam üçün heç gecə də olmacayaq
doğulmayan uşaq üçün ağlamayacaq anası
gül də əgər açmayıbsa nə xoş — demək solmayacaq
zenitdə hərlənməyən quş oradan yıxılmayacaq
ürəyi olmayan kəsin ürəyi qırılmayacaq