Keşiş oğulları
Görəsən, öləndə ağlıma nələr gələcək? Ölüb bu dünyadan köçəndə nələr görəcəyəm? Yoxa çıxan həyatın hansı mənzərələri təsəvvürümdə canlanacaq? Zülmətə gömülməyə bir an qalmış reklam neonunun hansı sətri mənə göz vurub dodaqlarımda titrəyəcək? Görəsən, əvvəlcədən, qabaqcadan, illər ərzində bu ana hazırlaşıb, onu məşq etmək olarmı? Ancaq nəyə lazım? Ödənməmiş su pulu, ya sosis və duzlu xiyar natürmortu kimi hansısa səfeh bir şey ağlına gəlməsin və maraqsız, mənasız nəsə ağzından qaçmasın deyə...
Guya nə mənasız deyil ki?
Yoxsa dualar həqiqətdir?
Ağ krujevalarla işlənmiş, kremli torta bənzəyən laklı tabutda artıq üçüncü dəfədir kilsənin ətrafında dolandırılan, üzü ayrıca parça ilə, bədəni mələfə ilə örtülmüş bax bu adam axşam ibadətinin lap əvvəlində danışdığı yerdəcə canını tapşırmışdı. Əlində buxurdan kilsəni gəzərək, arvad-uşaq da daxil olmaqla, hamını buxurun ağız büzüşdürən tüstüsünə verib həmişə möizə etdiyi soleyaya******** qalxmış, ikonastasın açıq orta qapısına tərəf dönərək, öz gur səsi ilə ibadətə başlamışdı: “Tanrıya dua eləyək!” və kədərli “Tanrı, rəhm et!” sədaları altında yırğalanıb, qızılı tikməli qırçınlı ibadət libasında yıxıldığı yerdə də qalmışdı. İbadət dayanmış, onu özünə gətirməyə çalışaraq, təcili yardım çağrılmışdı. Ancaq heç nəyin xeyri olmamışdı: ürək öz sözünü demişdi.
O, həmin axşam tək ibadət etmişdi. Yas mərasiminə isə beş keşiş gəlmişdi: onlar əyinlərində ağappaq cübbə, asta zəng sədaları altında dini bayraqların arxasınca üz-gözlərini turşudaraq ağır-ağır yeriyir, hərdən büdrəyir, amma oxumaqlarından da qalmırdılar. Onların arxasınca gələnlərin çoxu matəm paltarında idi.
Günəş parıldayır və sanki ağ-qara rənglərin sayrışmasından vəcdə gəlirdi.
Gömgöy şimal səması şüşə kimi cansızdı. Kələ-kötür daşların arasından təravətli otlar boy göstərirdi.
Tabutu qəbirin yanında kətillərin üstünə qoyurlar.
Ağsaqqallı protoierey qırışlı əlləri əsə-əsə sarı torpağı gümüş qaşıqla parçanın üstünə xaçaoxşar şəkildə tökür.
Mərhumun solğun əlləri açıqda qalıb. Ondan savayı heç nə görünmür. Elə bil adama təbaşir sürtüblər. Sifətini də təbaşirləyiblər. Ürəyindən keçir ki, bu pambıq parçadan örpəyi qaldırıb baxasan: vəziyyət necədir? Ancaq olmaz. Belə hesab olunur ki, ölü duası oxunan vaxt keşiş Tanrının qarşısında dayanır, ona görə üzünü görməyə icazə yoxdur.
Mis xaç qırov basmış barmaqlarının arasına, mis cildli İncil sinəsinin üstünə qoyulub. Yayın ortasında qar yığını.
Mənim bəxtim gətirməyib, təkəm, Sretenskilərdə isə, adətən, keşiş ailələrində olduğu kimi, uşaq kifayət qədərdi: iki keşiş oğlu, iki də keşiş qızı, hamısı da bir il fərqlə doğulub.
Mənim on iki yaşım var. Qış tətilində bura — onların atasının baş keşiş olduğu Voloqda kəndinə göndəriblər. Kilsənin böyründə taxtadan iri ev, ətrafda isə küknarlıq var.
Oxapkinlər də Yaroslavldan gəliblər: ata, ana, iki oğlan, bir qız.
Gündüzlər donmuş Şarjenka çayının sahilindəki qardan düzəldilən qalanın yanında oynayırıq.
Buz parçalarını üst-üstə qoyub, məharətlə mazğallar çaparaq bu möcüzə qalanı Sretenskilərin böyük uşağı, haqqında “əlləri qızıldı” deyilən nəhəng yeniyetmə Nikita tikib. Cadar-cadar olduğundan qırmızı qazmaqlı, hərdən də mərsinli kəsmik kətəsinə oxşayan iri əllərində heç vaxt əlcək görməzdin.
Ona hamımız kömək edirdik: qar topalarını dığırlayıb böyüdür, çayın buz bağlamamış yerindən buğ qalxan su gətirirdik. Suyu vedrədən susəpələyənə töküb, qarı bərabər qaydada sulayırdıq.
Nikita heykəltəraş (əsasən, qəbiristanlıqda çalışırdı) və mebel ustası oldu; içməyi sevir və sifarişlərdən başı açılmır, çünki öz işini yaxşı bacarır.
Üç bahadırın heykəlini də öz yalın əlləri ilə qardan düzəldib su ilə bərkitdi. Necəsə özünə oxşayan bu boy-buxunlu fiqurları bacısı Dusya quaşla rənglədi. Özlərinə güvənən dəmir geyimli, qalxanlı, qılınclı, dəbilqəli, eyni cür alyanaqlı, göy gözlü, qara, sarı və çalsaqqallı üç pəhləvan buz bağlamış çayın dincliyini qoruyurdular.
Uşaqlıqdan rəsm çəkən Dusya-Yevdakiya uzaq buryat monastırında rahibədir; orada ikona çəkir və bərpa eləyir. O, rəngə heyfi gəlmədən qalanı da tünd qırmızıya və maviyə, qala səddinə bərkidilmiş günbəzə oxşar iki şarı qızılı rəngə boyamışdı (xaç qoymamışdılar, bir az ağ olardı).
Qədim ruhani nəslinin nəvə-nəticələri Sretenskilər qalanı müdafiə eləyirdilər. Ataları keşiş olan Oxapkinlərlə mən isə qalanı tutmağa çalışırdıq.
— Hücum! Rusiya uğrunda! — Oxapkinlərin kiçiyi Petyunya var gücü ilə bağırıb qartopulardan yayınaraq irəli çıxmağa, təpəsiüstə qapıdan içəri, düşmənin ayaqları altına tullanmağa cəhd eləyir.
Onu çölə atırlar.
— Döyüş bizimlədir! — o, xırıltılı səslə qışqırır.
— Tanrı bizimlədir! — bacısı Maşa onun səhvini acıqla düzəldərək şərfinin və şirəli kuliçə öxşayan məzəli çəhrayı papağının qarını çırpır. Ancaq Petyunya bir müddət sonra öz yanlış çağırışını yenə həvəslə təkrarlayır.
Bununla belə, hər döyüşdən əvvəl bir an sonra silaha çevriləcək çubuğu buxurdan kimi yellədir, səliqəsiz halda xaç vurub qəzəblə qışqırırdı: “Tanrıya dua eləyək”, sonra da çoxsəsli xoru yamsılayaraq özünə cavab verirdi.
Acıdil Lida Sretenskaya (sonralar fəal könüllü oldu; itən adamları axtarır, xoşbəxtlikdən, çox vaxt da tapır) işə qarışmayana qədər bütün bunlar hamının güldürürdü. Onda böyüklər Petyunanı da, bizi də danladılar.
“Səfeh, dua oyun-oyuncaq deyil, məgər bunu bilmirsən?” — anası mülayim olmağa çalışıb, kədərli baxışlarla onu sorğu-suala tuturdu. O, dinməzcə başını tərpədir, ondan sonra döyüşdən qabaq fısıldayıb dodağının altında nəsə mızıldayırdı. Görünür, fikrində yenə qələbə duaları oxuyurdu.
Petyunyanın din xadimi olacağı gözlənilirdi, ancaq evdən gedib keçiddə gitara çalmağa başladı. Bir dəfə isə təsadüfən oradan keçən atası hirslənib onun gitarasını sındırdı. Petyunya fotoqraf oldu, bir yerdə dayanmadan diyarbadiyar gəzib vəhşi təbiətdən çəkdiyi gah zərif, gah sərt kadrlarla sosial şəbəkələri doldurur.
İntəhası, Sretenskilərdən Mitrofan çətinlik çəkmədən ruhani ola bilərdi. Sifətini artıq unutmuşam, yadımda mahud qulaqlı papağın içində işıqlı mum ləkə qalıb.
O, təntənəli tələffüzü və qəşəng, səlis hərəkətlərilə daha da duyğulandırdığı iztirablı səsi ilə seçilirdi. Mitrofan, ümumiyyətlə, çəkinib eləmədən moizə oxumağı xoşlayırdı.
— Əziz qardaşlar, bacılar! — doğmaları ayağından yapışmış vəziyyətdə buz səddin üstündə dayanıb, kədərli səslə sözə başlayırdı. — Müqəddəslərin bizə nə öyrətdiklərini yadımıza salaq. Biz hamımız doğmayıq, bərk vurmaq, boğmaq, sifətə qartopu atmaq olmaz...
Nədən qorxduğunu sadalamağa macal tapmamış, hər iki tərəfdən ağır mərmilər uçuşurdu.
Onun həyatı alındı: keşiş, sonra da Voloqda kilsəsinin baş keşişi oldu, böyük ailəsi var.
Elə bilirdim, o biri oğlan, solğun, zəif, dava-davanı güc-bəla, həvəssiz oynayan Timoşa Oxopkin də keşiş, bəlkə də, rahib olacaq. Qarı elə boş yumrulayır, elə çəkinə-çəkinə atırdı, güllələr hədəfə çatmır, ya da səpələnirdi. Bəzən də döyüşün qızğın yerində, sadəcə, donub qalır, hayıl-mayıl vəziyyətdə daxilində nəyəsə qulaq asırdı. Yəqin, insanın anatomiyasını öyrənirmiş, çünki əsgərlikdən sonra cərrah oldu. Keşiş qızları möhkəm vuruşurdular. Dusya və Lida əsl aşpazlar kimi əldən itiydilər, onlardan snayper dəqiqliyi ilə zərbələr alırdım, ağrıtsa da, adətən, ayaqdan, dizdən vururdular, ona görə qar keçə çəkmələrin içinə dolurdu.
Bizim zəif qoşunda dayağım qartopunu fikrini toplayaraq diqqətlə, hətta gizli bir coşqunluqla, həvəslə atan Maşa idi. Mən öz istehkamının qapısı ağzında vurnuxan nəhəng Nikitanı vurmağa çalışırdım. Zərbəsi hədəfə dəyəndə Nikitanın sıxılmış dodaqları açılır, sevincindən ağzı qulağının dibinə gedir, çəhrayı dodaqlarının arasından “ay”, “ax” nidaları qopurdu. Özü zərbə alanda isə susur, daha qətiyyətli cavab üçün əyilib əlini yerə atırdı.
Maşa ailəsindən və kilsədən ayrıldı, Moskvada otaq kirayələyib hipster barında ofisiant işlədi. Bir dəfə məni orada bir parç pivəyə qonaq eləmişdi (gərgin bir mehribanlıqla); deyəsən, sevgisi daşa dəymişdi, sonra Valaam adasına gedib, ibtidai sinif müəllimi olmuşdu.
Həddindən artıq şaxtada qartopu düzəltmək alınmayanda, ordular bir-birinə yaxınlaşır, qarı ovuclayıb bir-birimizə atır, boyun-boğazımıza, üz-gözümüzə tökürdük.
Rus qışı — Pikassonun etibarsız sülh göyərçini döyüşkən qanadlarını çırparaq bizi öz dəmir dimdiyinə götürüb aparırdı...
Biz başqalarından hiss ediləcək qədər fərqlənirdik. Hətta keşiş oğullarının zahiri görünüşü meydan oxuyurdu. Valideynlərimizin ucbatından biz nəinki qeyri-adi taleyə, həm də qəribə paltarlar geyinməyə məhkum olunmuşduq.
Başqa sahildən oynamağa gələn qonşu kəndin uşaqlarının əyin-başı nimdaş olsa da, alabəzək sintetik paltarları qəşəng görünürdü. Bizim geyimlər zamanla ayaqlaşmırdı. Ciddi geyimimizi dünyaya etinasızlıq da adlandırmaq olardı. Yöndəmsiz paltarlarımız lazım olduğundan bir az enli və uzun idi, sanki böyüyüb ibadət libasına çatmağa can atırdılar. Hər iki ailədə uşaqlar bir-birinin dəfələrlə yamanan paltarını geyinirdilər. Əlləri yalın Nikita kürk və çəkmə geyinirdi. Qızların gödəkçəsinin və yarımkürkünün altında evdə toxunmuş kofta olurdu. İndi də yadımdadır ki, Petyunanın sviterinin dirsəkləri göy yun sapla yamanmışdı. Heç bir geyimin üstündə yazı, ya şəkil ola bilməzdi! Özünü nümunəvi qız kimi göstərən Lida ona qartopu döyüşündə mane olan yubkasından heç vəchlə ayrılmırdı.
Mən başıma atamın prixodundan olan yaşlı qadının bağışladığı, ərindən qalan pərçimli papaq qoyurdum. “Əsl dəridi! Şaxta buna kar eləməz!” — anam heyranlıqla deyirdi.
— Bu nədi belə? — kənd uşaqlarından biri fışqırıq çalaraq soruşdu. — Yabı yəhəridi?
— Təyyarəçi papağıdı! — pərğu yaylıqlı mehriban Maşada təəssürat yaratmaq üçün dedim.
Maşa uşaqların halına yanıb, yaşayışları barədə sorğu-sual eləyirdi. Onlar xoruzlanır, özlərini tox tuturdular, ancaq bizim səmimi olduğumuzu hiss edib, tövbə eləyirmiş kimi, heç nə gizlətmədən, hiyləgərlik etmədən cavab verirdilər: “Atam ölüb”, “Mənim atam evdən gedib”, “Mənimkilər iş axtarırlar, çətin dolanırıq...”, “Musiqiçi olmaq istəyirəm, dərsdən sonra dərnəyə gedirəm, bizim öz qrupumuz var, mən klavişli alətlərdə çalıram, evdə isə deyirlər: çilingər ol, yaxşısı odur...”
— Musiqi yaxşıdır! — döyüşkən Petyunya onu təqdir etdi.
Ola bilsin, adi xalqdan biri olmağa Maşada hələ o vaxt həvəs yaranmağa başlamışdı.
— Heç olmasa, içməyin, çəkməyin, — onları dilə tuturdu, — xahiş edirəm, dərsinizi yaxşı oxuyun...
Lida bu yerlərin sahibi kimi onun sözünü kəsib öyüd-nəsihət verirdi:
— Tezliklə burda bazar günü məktəbi açılacaq. Hansısa bir duanı bilirsiniz? Bazar günləri kilsəyə gəlin, atam keşişdir, sizə oxumaq üçün lazımlı kitablar verər.
Sretenskilər evdə dərs keçirdilər, Oxapkinlər gimnaziyaya gedirdilər. Bir dəfə ibadət eləyib, dini mahnılar oxuyub, şaxtada daşa dönmüş fətiri dişimizlə birtəhər qopararaq qalaya cumduq — uşaqlar bizi artıq gözləyirdilər.
— Nə göyşəyirsiniz? — onlardan kimsə şübhəylə soruşdu. — Ver bir dişləm alaq!
— Sizə olmaz, — nəhəng Nikita üz-gözünü turşutdu.
Kənd uşaqları bir-birlərinə him-cim elədilər, bizə həsədlə, hörmətlə baxdılar, guya kahin uşaqları sehrli nəsə yeyirdilər...
Ancaq bizlərdən kimsə onlara, doğrudan da, paxıllıq eləyir, ya da özünü onlardan geridə qalmış sayırdı. Kənd uşaqları gecəyarısı gedən ədəbsiz verilişlər də daxil olmaqla istədikləri qədər televizora baxır, bütün pop-musiqiləri və kassetlərdə qulaq asdıqları “Qaza sektoru” kimi qrupların söyüşlü mahnılarını bilirdilər. Onların söyüşlərini eşitməzliyə vurur, özümüz bu cür sözləri ağzımıza almırdıq. Qartopu, ya yumruq dəyəndə ağzımızdan “Mürdəşir yusun səni!”, ya “Tanrı cəzanı versin!” kimi sözlər çıxa bilirdi. Bu mələk hıçqırıqları tanışlarımızın söyüşlərinin yanında toya getməliydi. Onların isə ağzından vuran yox idi...
Ancaq şaxtalı Voloqda cəmiyyətində qəbul olunan sərt, təsirli sözlərlə bir-birimizin ağzından vururduq: “Lənətləmə!”
Bir dəfə Nikita anekdot danışdı ki, kişi ezamiyyətdən qayıdanda arvadı ilə oynaşının çay içdiklərini görür. Mən süjetdə nəsə natamamlıq hiss eləyib, qəfil məktəbdə eşitdiyim başqa bir anekdotu sevinclə xatırladım.
— Kişi ezamiyyətdən qayıdır, — danışmağa başladım, — arvadı isə oynaşı ilə uzanıb...
Hiddətli çığırtılar səsimi batırdı.
Keşiş oğulları (bunu başqa keşiş oğullarında da görmüşdüm, yəqin, mənim özümdə də varıydı) eyni vaxtda utancaq və hissiz, duyğusuz, ləng və laqeyddilər. Gah həyasız, hətta əxlaqsız olurdular, yəqin, özlərini başqa uşaqlar kimi hiss eləmirdilər, çünki vaxtlarının çoxunu hər şeyin yerini bilən böyüklərin yanında keçirmişdilər; daim dindarların nəzarəti altında olduqlarından həm də çəkingən və utancaqdılar.
Onlar qadağan olunmuş mövzuları, yəqin, dəhşətli əhvalatlar danışmaqla kompensasiya eləyirdilər. İndiki kimi yadımdadı, Petya maşın qəzasında yanıb külə dönmüş adamlardan həvəslə danışırdı: “Əməlli-başlı qarışqa yuvasıydı”. Dusya isə canverən adamların bədəninə müqəddəs yağ çəkən atasını necə müşayiət etdiyini xatırlayırdı: “Qarılardan birinin yanağı çürümüşdü, qızıl dişləri görünürdü”. Bu dəhşətli naqqallıqda orta əsrlər qroteski vardı.
Ancaq keşiş oğulları aşkar ləzzətlə heyvanlar, balıqlar, quşlar barədə kövrək söhbətlər də eləyirdilər.
— Biz uşaqlar evdə tək qalmışdıq... Lap damın altında yaşayırdıq, — Maşa cingiltili gülüşlə söylədiklərinə ürək çırpıntılarını da qatırdı. — Bizim vanna otağına sorucu boru quraşdırılıb. Petya ora gedib birdən qışqırdı: “Quşlar!” Bizi içəri buraxdı, doğrudan, elə bil meşə idi, quşlar qəşəngcə cəh-cəh vururdu... Barmaqlığı çıxartdıq: ətcəbala borunun içində çırpınır, anası isə yuxarıdan baxıb ona ürək-dirək verirdi. Mən Timoşaya dedim: əlini uzadıb çıxart, o isə ətcəbalanın vur-tut quyruğunu yoldu. Onda qutu gətirdim, ətcəbala da onun içinə düşdü. Tükləri yupyumşaq, dimdikləri sapsarı. Onu eyvana çıxartdıq. Anası dərhal uçub gəldi, qutuya qondu, nə haqdasa cikkildəşəndən sonra uçub getdilər. Axtarıb ensiklopediyada tapdım ki, bunlara “ağ çaydaçapan” deyirlər, əslində, müxtəlif rəngdə olurlar — boz-qara-ağ, ancaq nədənsə, sadəcə, “ağ” yazırlar.
Bu qədd-qamətli, qızılı hörüklü qızın danışdığı adi əhvalat Qustav Dorenin Bibliyadakı rəsmləri kimi qəşəng və qəribəydi.
— Mən eşitmişəm ki, o, ölüm gətirir, — Timoşa dalğın halda dedi.
— Nə? — soruşduq.
— Quş, — inamsız halda dedi. — Əgər uçub gəlibsə, məgər ölümdən xəbər vermir?
— Niyə mövüldəyirsən! — vaiz Mitrofan bağıraraq onun sözünü kəsdi, sonra ifşaedici pauza verdi: — Nə çərənləyirsən axı?
Demə, “mövhumat” demək istəyirmiş, qısaldıb bu günə salmışdı.
— Quşlar xeyirxəbərdilər, — Lida ciddi tərzdə dilləndi. — Tufan qalxıb, dünyanı su basanda, Nuhun gəmisinə ilk olaraq göyərçinin uçub gəldiyi məgər yadınızdan çıxıb?
— Bizdə də tufan olur, — Maşa onunla razılaşdı. — Dam örtüyü pas atıb...
Biz qeyri-adi nəsə gözləyərək bir-birimizə sıxılıb fikirli halda susduq.
Nənələr — yastısifət Sretenskaya və arıq-incə Oxapkina doğuşdan, uşaq xəstəliklərindən, bəsirətli qocalardan və dadlı, sağlam yeməklərin sirlərindən danışırdılar. Keşişlər müxtəlif kilsə cərəyanlarından, uzaq Vatikandakı ləyaqətli və oraya layiq olmayan iyerarxlardan, hər yerdən vurub çıxan təriqətçilərdən, bir də kilsəyə dadanan quldurlardan təmkinlə mühakimə yürüdərək bir bokal, ya yüz qram vurmağı xoşlayırdılar.
— Yanıma gəlmişdilər, hamısı dəliyə oxşayırdı. “Keşiş sənsən? Oğlana ölü duası oxumaq lazımdır!” — çalsaçlı, haçasaqqal keşiş Vasili Oxapkin söyləyirdi. — Onların birbaşa üzünə dedim: “Kimdir? Paklanıb, tövbə eləyib? Sizin kimi quldurdu? Yox, mənlik deyil”. Məni tutub, qəbiristanlığa gətirdilər. “Burdaca öldürüb torpaqlayarıq. Dua oxuyacaqsan?” Başımı yırğaladım. Orda da buraxıb getdilər...
— Səncə mən haqlı olmaya bilərəm, — keçəl, kürən, açıqcalarda rəsm olunmuş indicə pasxa yumurtasından çıxan cücələrə oxşayan müqəddəs ata İoann Sretenski gülümsəyərək etiraz etdi, — ancaq bəzən cinin də günahını təmizləmişəm. İntəhası, əvvlcə həmişə sözümü demişəm, mərhəmət haqqında danışmışam ki, bəlkə, bu söz onun ürəyində nələrsə oyatdı.
Axşamlar bəzən göbələkli, bəzən də kələmli piroqla çay içirdik. Sonra kimsə Askakovun “Nəvə Baqrovun uşaqlıq illəri”ni, Leskovun “Heyran yolçu”sunu, Şmelyovun “Tanrının yayı”nı bərkdən oxuyurdu... Çox vaxt Lida özünü qabağa verirdi, onda yaxşı alınırdı, sanki Zəbur kitabını, ya hansısa dini rəvayəti oxuyurdu.
Enlikürək Mitrofan anasının təkidi ilə töyşüyə-töyşüyə, əl-qolunu oynadaraq bəlağətlə şeir deyirdi:
Ağzımın beləcə keyimiş vaxtı
Hikmət iynəsini — ilan dilini
Gətirib dilimin yerinə taxtı...
Ağ krujevalı tünd göy don geyinmiş Dusya çaydan sonra hərdən elektropianinoda Çaykovskini, ya Sviridovu çalırdı. Ancaq, adətən, təkbaşına məşq eləyirdi. Heç kimə mane olmamaq üçün qulaqlıq taxırdı və otağından bir xeyli müddət sümük dillərin tıqqıltısı eşidilirdi.
Maşa oxuyurdu. Belini dikəldir, balaca döşlərini qabağa verib şaqraq səslə bərkdən oxuyurdu. Parıldayan gözləri yaşarır, qaşları çatılırdı.
O, həmin tətil günlərində yalnız iki dəfə oxuyurdu. Xarlamış qarın üstünə yağan lopa-lopa qar kimi adamın ruhunu oxşayan bu “dini mövzuda xalq mahnısına” ilk dəfə pərakəndə halda doğmaları qoşulur, ikinci dəfə isə hamımız ona səs verirdik:
Ziyarətçilərin üz tutduğu
Nə müqəddəsdi bu yol...
Rusalimə gedirlər,
Onları mələklər aparır,
Alliluya, alliluya,
Onları mələklər aparır...
Havalar mülayimləşdi, kənd uşaqları ilə birlikdə deyə-gülə qarı diyirləyib iri şarlar düzəldir, sonra qar yığınını ayaqla, bellə, hətta şalbanla döyəcləyirdik.
Sabahısı şaxtalar düşəndə buzun çapılmış yerindən vedrələrlə su daşıdıq. Su çalxalanıb tökülür, deşiyin ağzı sürüşkən olurdu.
Nikita cəllad zirəkliyi ilə qar topalarından düzəlmiş pillələrlə eşafota çıxır, vedrəni ehtiyatla əyib, hamar, sərt enişə tökürdü. Beləcə, qar buz bağlayana qədər çaydan vedrələrlə su daşındı. Hava tez qaraldı, kimlərin əvvəlcə sürüşəcəyini təyin etmək üçün (xizəyin sayı bizdən az idi) hay-küylə yumruqlarımızı oynadırdıq — “daş-qayçı-kağız”; ona görə qışqırığı gec eşitdik.
Ölümcül ümidsizliyin davamlı fəryadı...
Köməyə ilk olaraq cilingər olmaq istəməyən həmin o kəndli oğlan cumdu.
Cığırla sahilə doğru qaçanda, hər şeyə təbiilik verən göyümtül toranlığın içindən onun deşiyə necə əyildiyini, nəyisə çəkdiyini gördüm, onun arxasınca Nikita və diribaş Mitrofan özünü yetirdi.
Turp haqqında nağılda olduğu kimi bir-birindən yapışıb dartdılar, həmin “nəsə” buzun yarığından xilas edilən, fəryadı aləmi başına götürən Lida idi. İndi onu evə aparırdılar. İslanmış uzun yubkası donub, su pərisinin pulcuqlu quyruğuna oxşayırdı.
Bu hadisə tətilin sonunu korladı, hətta təpədən xizəklə sürüşmək də öz sehrini, marağını itirdi.
Lida yatağa düşdü, hərarəti qalxmışdı, həm də öskürürdü. Onun sağalması üçün kilsədə dualar oxundu, ibadət edildi. Biz səs salmamağa çalışır, evdə ayaqlarımızın ucunda gəzirdik, sanki, az qala, onu itirməklə nəticələnəcək hay-küylü sevincimizə görə özümüzə cəza verirdik.
İyirmi beş il sonra birimiz vəfat etdik və belə alındı ki, zəngləşib, əsasən də, yazışıb yasa getmək qərarına gəldik.
“Medvedkovo” metrosunda avtobusa minib bütün gecəni yol getdim. Avtobus yırğaladığından, ya başımda dolaşan fikirlərdən yuxum qaçmışdı. Mən niyə gedirdim? Onlarla elə də yaxın deyildim. Əslində, Sretenskilərlə Oxapkinlərin arasına təsadüfən düşmüşdüm. Sonralar bəziləri ilə hərdən rastlaşırdım. Adətən, atamla Moskvada kilsədə xidmət eləyən ailə başçısını görürdüm. Bu keşiş oğulları və keşiş qızları ilə məni qısa və uzaq bir qış tətili birləşdirirdi. Ancaq nəsə məni məcbur etdi ki, iş-gücümü atıb hətta heç vaxt düz-əməlli kəlmə kəsmədiyim adamla vidalaşmağa gedim. Şüşədən hansısa bir fotorobot kimi narahat, yad sifətimin əks olunduğu naməlum qaranlığa baxırdım; sonra hava get-gedə işıqlanıb qırmızı günəş boy göstərdikcə çöllərin, meşələrin fonunda bu sifət əriyib yox oldu. Ola bilsin, bu az tanıdığım, doğmalıqlarını sezdirməyən adamlara sığınıb, illər uzunu isti kilsə kandarından küçələrlə, döngələrlə uzaqlara qovulan uşaqlığımı sərgərdan oğul kimi ovundurmağa çalışırdım? Axı biz hamımız bir başqa cürük, fərqliyik, deməli, həyat yollarımızda rastlaşdığımız adamları özümüzünkülər kimi ilk baxışdan anlamayacaqdıq. Bu bizim xoşbəxtliyimiz və lənətimizdi — yəqin, elə bir gülməli və dəhşətli həqiqət var ki, yoldan çıxaran şeytanları və qoruyucu mələkləri eyni cür özümüzə çəkirik. Yəqin ki, sünilik, aktyorluq, eyni zamanda, təbiilik, qədimlik, fədakarlıq, Tanrıya itaət bizim canımıza hopmuşdu...
İçimi yandıran bütün bu sözlər birdən yoxa çıxdı, matəm zəngləri altında, ağlayan qadınların, hürkmüş uşaqların və əbədiliyə, şərəfli ölümə inanan adamların arasında heç nə düşünə bilmədim, çünki mərhum, Tanrının hüzurunda dayanmaq üçün göylərə çağrılmışdı.
Kiçikdən böyüyə hər zəng ötüb keçən həyatı xatırladaraq bir dəfə səslənir, sonra zəngçalan eyni vaxtda bütün zəngləri çalır, bu da sonu, uçurumu, fəlakəti bildirir. Sonra hər şey təzədən başlayır...
Nəyəsə bir az təəccüblənərək, kiminləsə başımla, kiminləsə əl tutub salamlaşırdım (hamı gələ bilməmişdi), bir neçə dəfə köhnə tava daşlarına ilişib büdrədim və sakit halda üç gənclə yaşlı iki keşişin arxasınca getdim. Yaşlı keşişlərin biri bədbəxt ata idi.
Ağ kəndirlərlə tabutu qəbrə salladılar.
Üstünü tezcə torpaqlayıb “O. Mitrofan Sretenski, 1981—2017” yazılmış, gündə parıldayan lövhə bərkidilən xaçı torpağa sancdılar.
Qara paltarlı, qara yaylığın altından xurmayı saçları çıxmış Maşa yavaşca mənə yaxınlaşdı.
Qucaqlaşıb dinməzcə dayandıq.
* İkonostasın qabağındakı hündür yer. — Tərc.