Əsl kitabxanadı, yaxşı araşdırmaq olar, elektron deyil...
* * *
Əsl kitabxanadı, yaxşı araşdırmaq olar, elektron deyil,
ümumidi, Quttenberq üslubunda, özünün
mənəvi daktiloskopiyası var — oxuduğunu göstər —
deyim kimsən — əbəs yerə söyləməyiblər;
əsl kitabxanada, əgər araşdırsan, səliqəylə vərəqlənmiş,
səhifəsində bağışlayanın karandaşlı verdikti,
ya mürəkkəb inskripti, yəni, bəzən də, bəxtin gətirsə,
müəllifin imzası olan əntiqə kitablar tapmaq olar.
Amma ən qiymətlisi, kitab ovunun gözləniməzliyidi:
bəlkə, düşünürsən ki, kimsə beləcə səni də tapıb çıxaracaq,
sənin yatıb qalan cildini, o zaman bir az pis durumda olacaq,
içərisində anlaşılmaz qaralamalarla, tozunu alacaq
və mətnin yuxarısında, böyründəki qara-quranı siləcək,
sonrasa mətnin özünü oxumağa çalışacaq —
bu, yeganə şeydi ki, bütün kitabçıları сəlb edir
və şairdən gizlicə, onun uzunömürlü və sanki
hər iki tərəfdən mənasız olan əməyinə yeganə,
ən gözəl mükafat və minnətdarlıqdır.
Öz həmmüəllifindən və tərəf müqabilindən gizli
düşünürsən ki: səndən nə gedir axı, qardaş, tap çıxar
məni kitab yığını arasından, azad et məni tənhalığımdan,
qurumuş üz qabıqlarından, tökülüb dağılan səhifələrdən
tut çıxar, qardaş, tozumu üfür və oxu bir az tələskən,
amma indi yazmağı yadırğamış əlin xəttini —
budur, rastlaşdınız, ona deyərsən ki və bu, ən vacibidi:
yad olanı oxumaq və anlamaq, yad olanda — özünü oxumaq
və anlamaqdı, qalanı elə də vacib deyil: tiraj, nəşriyyat,
biganəlik, şöhrət — boş şeydi, mən belə deyərdim:
oxu və masada saxla, minnətdarlıqla,
unuda da bilərsən, amma sağ ol ki, unutmadın...





