Çaylar

(“Su kitabı”ndan parça)

Sena

Ömrüm boyu mən bu çayı digərlərinə nisbətən daha sıx görmüşəm. Senanın sahilində düz on dörd il yaşamışam. Ya da on dörd ilə yaxın. İstənilən halda on bir il ərzində oturuşmuş bir parisli sayılmışam. Məzəli məqam da odur ki, digər məskənlərimlə müqayisədə mən daha çox parisliyəm! (iki kərə — mühacirətdən əvvəl və sonra məskunlaşdığım Moskvada hər halda mən daha az yaşamışam.) Mən həqiqi “parido”yam və öz “Paname”mə vurulmuşdum, jarqonda həqiqi parislilər (yəni “paridolar”) öz paytaxtlarını məhz bu cür adlandırırlar: bunun səbəbi isə* yüzilin əvvəlində Panama kanalıyla bağlı yaşanan o qalmaqaldır. Əsrə damğa vuran həmin korrupsiya əməlində Ferdinand Lessepsin də əli var idi, odur ki, parislilər öz paytaxtları barədə deyirlər: “Dollarlı qalmaqal Parisdən dolanıb, keçir”.

Sena çayı. Sen-Lui adasındakı Anju sahilində “Pimodon” adlı bir otel var (o, “Lozen” adıyla da tanınır), həşiş klubunun olduğu bu məkanda XIX yüzilin ortalarında Şarl Bodler qalırmış. Bodlerin yaşadığı məkanlarla bağlı öz israrlı xatırlatmalarımı mən heç də əbəs yerə təkrarlamıram. Məsələ də ondadır ki, Şarl Bodler mənim nəzərimdə təkcə yeni şəhər estetikasının banisi deyildir (çünki ona qədərki dövrdə incəsənətdə zadəgan estetikası, daha dəqiqi — mülkədarlara xas kənd təsərrüfatı estetikası hakim idi), eynilə “Evangeliya”ya uyduğumuz kimi, biz indi də onun tələblərinə uyğun yaşayırıq. O, həm də çağdaş dünyanı kəşf edən şəxsdir, bu isə həm də elə şəhərlər dünyası deməkdir. Bizim hamımızı o, düşünüb, tapıbdır. O və Balzak.

Bu səbəbdən də mən günəşlənməkdən ötrü Bodlerlə bağlı o yerə, Sen-Luiyə gedirdim. Amerikansayağı bel çantamı, fransız dilindəki bir cüt kitabımı,> gündəlik qeydlərimi yazdığım və məndən ötrü həm də bir yaradıcılıq laboratoriyası rolunu oynayan dəftərçəni götürürdüm özümlə. Bəzən isə buterbrod və şərab.> Marşrutum isə dəyişməz olaraq qalırdı, çünki Parisdə keçirdiyim bütün illər ərzində (1985-ci ilin altı ayını çıxmaq şərtiylə) mən həmişə sağ sahildə, daha dəqiqi, Maredəki üçüncü arrondismanda yaşamışdım.

Orada üç ünvanım var idi: 54, Rue des Archives, Rue des Ecouffes (nömrəsini unutmuşam) və 86, Rue de Turenne. Hər üç məskənimdən mən Senaya qədərki məsafəni beş-yeddi dəqiqəyə qət edirdim. Bu da anlaşılandır: axı “ae” qədim fransızcada “bataqlıq” mənasına gəlir. İkinci minilliyin əvvəllərində indi Notr-Dam kilsəsinin qarşısında qalan sağ sahilin yeri nəhəng bir bataqlıq imiş.

Adətən mən Senanın üzərindən o taya Lui-Filipp körpüsüylə, ensiz sayılan Sen-Lui adasının bir kənarından digərinə isə piyada keçir, Senanın bu adanı qarşı tərəfdən yuyan qoluna tərəf çıxırdım. Orada, Sen-Luini Site adasına bağlayan kiçicik körpünün sol tərəfindəki çaydaşılarla döşənən və buralarda ən aşağı səviyyədə qurulan sahil zolağına çıxdıqdan sonra özümə rahat bir guşə tapırdım. Vaxtilə Paris barrikadalarını da elə bu çaydaşılarından ucaldıbmışlar. Bu üfunət qoxuyan ərazidə mənim sevimli guşəm pas bağlamış lövbər halqalarından birinin yaxınlığında yerləşirdi.

Orada adyalımı yerə sərib, yaşıl zeytun rəngli, kətansayaı əsgər şalvarımı soyunurdum. (Bu geyimin bir neçə cütünü mən Kaliforniyadakı ikinci əl hərbi uniformaların satıldığı mağazadan almışdım.) Şalvarımı, çəkmələrimi və maykamı başımın altına qoymaqla, günəşlənir, dərimi qaraldırdım. Tədricən bu çaydaşı döşənən çimərliyə dadanan tanışlarım da peyda olmağa başladı. Bir-birimizi artıq üzdən tanıdığımızdan salamlaşırdıq, ancaq məhrəmləşməyə sən deyən də can atmırdıq. Düppədüz baxanda qarşımda Notr-Dam-de-Pari kilsəsini, amma arxa tərəfdən görürdüm. Arxadan baxınca, bu bina adama öz pəncələri üstə çökən kosmik bir gəmini xatırladırdı.

Kilsənin bir qismi maskalayıcı plyuşla örtülüydü. Məhz həmin yerdə Sena çayı qollara ayrılırdı, bunlardan biriylə, bizə yaxın olanla qum, kömür və odun yüklənmiş barjlar Konkord meydanına, III Aleksandr körpüsünə, Trokaderə və Eyfel qülləsinə doru hərəkət edirdi. Çayın nisbətən uzaqdakı qoluyla isə barjalar əks istiqamətdə, haradasa Nəbatat bağı və Austerlits vağzalı tərəfə yönəlirdilər.

Hava bir azca isinən kimi Senanın sahillərində bu cür yabanı çimərliklər baş alıb, gedirdi. Bunlara mərkəzi hissədə, adalarda, Luvr ilə Tüilri bağı tərəflərdə rast gəlinirdi. Şəhərin sayı-hesabı bilinməyən yeniyetmə gədə-güdələri bu Əbədi çayın sahilinə axın edirdi. Birinci minilliyin sonu — ikinci minilliyin əvvəllərində norman döyüşçülərinin gəmiləri Sena çayında görünübmüş. Bu alman əsilli tayfalar Parisə yürüşlər edirmişlər. İndiki mühacirlər, yəni bizlərlə müqayisədə onların sayı, əlbəttə, xeyli az imiş.

Sena sahilində keçirdiyim o ilğım qədər dəyişkən günlərin sayı neçə yüz-filanla ölçülərdi. Şəhərin tozuna-kirinə bürünən və günəşin qıcıqlandırdığı dərim qaşınırdı. Özümə nisbətən xəfif bir keyləşmə hissi (amerikanlar buna “groggy” deyirlər) aşılamaqda isə şərab dadıma yetirdi.> Böyür-başımdakı parisli qızlar topless** halda, sivri döş gilələri üzüyuxarı uzanırdılar, yuxarıdakı parapetdə və körpüdə özünə yer tutan geridəqalmış xalqların nümayəndələri — qıvrımsaç ərəblər isə onlara marıtlayırdılar.

Harayasa gedən arvadım Nataşa da ara-sıra yolunu oradan salırdı. Olsa-olsa, cəmi bircə saatını mənimlə keçirir, hər səfər də bu cür narahat bir şəraitdə vaxt keçirməmdən əsl çılğına dönürdü. Rəssam Vilyam Brui mən səfilə, ya da Lui Araqonun məşhur romanının adını tətbiq eləməklə özümə seçdiyim adla “Paysan de Paris”ə (fransızca “Paris kəndlisi” deməkdir) baş çəkirdi.> Həmin illərdə o, Sen-Lui adasında özünə damdar, hücrəyəbənzər bir mənzil tutmuşdu.

Bir neçə dəfə onunla birgə burada, Notr-Dam kilsəsinə açılan mənzərə və maşınlardan qalxan qaz-tüstü fonunda, turistlərin hay-küyü, ərəblərin baxışları və o topless qızlara rəğmən, piknik təşkil eləmişdik. Yəni mən, Nataşa, Villi Brui, Tyeri Marinyak və daha kimlər-kimlərsə — çünki o dövrdə belələri çox idi. Bir sözlə, Sena sahilindəki bu guşə mənim iqamətgahım sayılırdı!> Ancaq aramızdan heç kəs Senada çimməyə cəhd göstərməzdi. O illər ərzində cəmi bir neçə istisna gəlir indi xatirimə. Hava hədsiz dərəcədə qızandan-qızana cəmi bir neçə kərə mən — onda da dizə qədər — suya girmişdim. Çaydaşıyla döşənən yol maili bir şəkildə çaya tərəf enirdi. Əgər kim isə dalğalarla çarpışmaqdan bezirdisə, suyun ağuşundan qurtulan kimi rahatca birbaşa sahilə çıxırdı, daha sahildəki sıldırım qayalara dırmaşmağa məcbur qalmırdı.

Parisdə keçirdiyim illər, heç şübhəsiz, ömrümün ən gözəl dövrü kimi yaddaşıma yazılıbdır. Senanın sularıyla təmasa girən bədənimin dizə qədərki qismi isə bundan hər hansı zərər-filan görmədi. Belə çıxırdı ki, su bir elə də təhlükəli deyilmiş.

1980-ci illərdə Lotrek ilə Jerar Qastonun çəkdiyi bir Paris fotosu var: fotoda mən Notr-Dam-de-Parinin damında dayanmışam və Eyfel qülləsinin göründüyü panoramsayağı mənzərədə Sena çayı körpülərin altıyla çağlayaraq, axıb-gedir. Bir də Jerar Qastonun daha bir fotosu var: mən əynimə sovet əskərinə məxsus şinel geyinməklə, Sen-Lui adasının şimal ucundakı qaranlıq bir guşədə oturmuşam və kameradan çıxan işartı sanki məni o zülmətin fonundan kəsərək, alıb. Parisdə haraya üz tutsan, Sena çıxacaq qarşına. 80-ci illərin sonlarında mən “Sena çayının Şarl Bodlerin “Yamanlıq çiçəkləri” əsərinə təsiri” mövzusunda bir yazı yazmağı düşünmüşdüm, təəssüf ki, buna uyğun fürsət tapmadım.

Şəhərin hava durumunu bu çay diktə edir. Parisdə Sena xaricində bir dənə də marşrut tapmazsan. Bu şəhərdə yaradıcılıqla mən gərgin bir şəkildə məşğul olmuşdum: düz doqquz romanı və altı hekayələr kitabını tamamladığımdan, bir qədər dincəlmək istəyirdim. Günün ikinci yarısında, nahardan sonra çayın sahilinə, adətən də Lui-Filipp körpüsü tərəfə çıxır, sağ sahil boyu körpüləri geridə qoymaqla, xeyli uzaqlara üz tuturdum. Ən nəhayət, gəlib ya Konkord meydanına, ya da III Aleksandr körpüsünə çıxır, sola burulmaqla, Yelisey bağlarından Zəfər tağına tərəf yönəlirdim. Geriyə də elə piyada dönürdüm.

Zəfər tağına və ondan evə qədərki bu böyük marşrutumun uzunluğu on iki kilometrdən çox idi. Qış fəslində adətən qırmızı rəngli, dizimə qədər çıxan uzunboğaz çəkmələrimi, xaki rəngli, yaxalıqsız, pambıq dolğulu və Çin istehsalı gödəkçəmi geyinib, şərf bağlayırdım. Gödəkçəmin üstündən isə kəmər bağlayırdım. O ara ağlımda nələrin dolaşdığını isə indi unutmuşam, gedib.

İti addımlarla yeriyərkən, mən fikirlər yürüdürdüm. Lui-Filipp körpüsünün yanından keçməklə, dərhal Paris bələdiyyəsinə, Hotel de Villeyə üz tuturdum. Bələdiyyə binası nisbətən təzə tikiliydi: o, 1871-ci ildə, həm də Paris kommunası vaxtı gülləbarana uğrayan köhnə tikilinin yerində inşa olunmuşdu. Üzü çaya baxan bələdiyyə binasının qarşısındakı gözoxşayan, şümal döşəmə plitələri Qrev meydanının edam və işgəncələrə səhnə olan torpağının da üstünü örtməkdə idi. Hiyləgər inzibatçılar Parisin xəritəsindən “Greve” adını da silmiş, indi onu Place de l’Hotel de Ville*** adlandırmışdılar. Çünki bu “Greve” kəlməsi hələ də “etiraz tətili, qiyam” mənalarında işlənirdi.

Hələ qədim əyyamlarda, yəni buralar edam yeri olmazdan öncə, Sena sahilindəki bu yamac hər hansı işi-gücü olmayanların, “en Greve” (qiyam ərəfəsindəkilərin) yığışdığı bir məskən imiş. Əslinə qalanda, bu ərazi vaxtilə də elə “İşsizlər meydanı” adlandırılırmış. Bir qədər irəlidə “Samariten” mağazalarının böyründən keçən Sena Pont-Nefə və İncəsənət körpüsünə tərəf yön alır: bu çaydan həmişə eyni qoxu vurur burnunuza: yayda bu, bir evə xas nəmişlik iyidir, qışda isə o, rütubət və üşümə hissi aşılayır.

Senanın bütün sahilləri boyu şabalıd ağacları əkilib. Yaz vaxtı havaya bunların çiçəyinin ətri hopur, payızda isə səkilər boyu minlərlə yamyaşıl və çatlamış qabıqlar, ya da qəhvəyi rəngli, iri daşı xatırladan şabalıdlar görərsiniz. Sağ cinahda Luvr kazarmasının hündür sayılmayan, yeknəsəq görkəmli və qara-boz rəngli üç mərtəbəsi gözə dəyir. Luvrun ərazisi bitən kimi isə Tüilri bağının hasarları başlanır.

Tüilri bağının tam qarşısında, Sena çayında adətən lövbər atmış və içində insanlar yaşayan barjalar dayanır. Oradakılar — varlılardır. Yay mövsümündə oranın sakinlərini öz göyərtələrindəki çiçək əkilmiş çəlləklərin əhatəsində və əllərindəki qədəhlə şezlonqda uzanmış halda görmək də mümkündür. Senanın sahiliylə istənilən qədər — 150 il və daha çox — dolaşa bilər, amma bundan əsla bezməzsən. Parisdə qalan və haradasa min səhifəyə sığan gündəliklərimdə, çox yəqin, bu on dörd il sürən piyada dolaşmalarım barədə qeydlərim də var.

Yerişinə uyğun olaraq çəkmələrini ahəngdar tərzdə taqqıldadırsan. Tənhasan. Bu çay və qədimdənqalma daşlarla baş-başasan. “Samariten” univermağına bitişik tacir evləri bitincə yaranan boşluqda Luvrla üzbəüzdəki kilsə diqqətini çəkir: Varfolomey gecəsiylə, quqenotların şil-küt edilməsiylə bağlı siqnal vaxtilə məhz həmin kilsədən, Senanın yüz addımlığından verilibmiş. Sena bunların hamısına şahid olubmuş. QİÇS xəstəliyinə yoluxan kimsəsiz xəstə Rudolf Nureyev də ömrünün son aylarını və günlərini Volter sahilində var-gəl ilə keçiribmiş.

Volqa

İnsanlar fasiləsiz ölüb-gedirlər. Həm ahıllar, həm cavanlar. Əslən Kimrı şəhərindən olan cavan bir oğlan gəlir indi xatirimə, davakar və sırtılmış birisiydi. Ayaması da “Vasya” idi. Bir dəfə kitabxanada mühazirə oxumaq üçün Dubna şəhərinə dəvət olunmuşdum. Həmin səfər görünməmiş bir xuliqanlıqla yadımda qalıb. Daha doğrusu, biz şəhərə problemsiz çatdıq və oxucularla görüşüm də normal şəraitdə keçdi. Ancaq geriyə döndüyüm vaxt o “Vasya”nın heç bir təqsiri olmayan bir zabiti al-qana boyadığı, adamın tağalağının yerə dığırlandığı gəlir xatirimə. Ancaq əsl məsələ bununla da bağlı deyildi. Bir kərə haqq-hesab çürütmək üçün bayıra çağırılan “Vasya” evdən alt tumanında çıxmış və bir daha geri dönməmişdi. O, boyca qısa olduundan, bəlkə də bu cür gözüqara birisiydi.

Kimrı şəhərinə isə yolum bir neçə dəfə düşmüşdü. Partiyamızın qurucusu Taras Adamoviç Rabkonun valideynləri orada yaşayırdı. “Limonka” qəzetini yaratmaq ideyasını da mənə bu adam aşılamışdı. Bundan öncə isə o, Milliyyətçi-bolşevik partiyasını rəsmi qeydiyyatdan keçirmişdi.

Son illərdə bu adam tədricən bizlərdən uzaqlaşmışdı. Yadına gəlir, Kimrıya, onlara biz Liza ilə birgə getmişdik. Ehtimal edirəm ki, bu hadisə 1996-cı ilin yayında baş vermişdi, çünki 1997-ci ildə mən Mərkəzi Asiyada, daha sonra isə Çeçenistan ilə həmsərhəd olan Stavropol diyarında, həm də ekstremal bir şəraitdə dolaşır, Dövlət lang="en-US"> Dumasına seçkiöncəsi mərhələyə namizəd qismində qatılmağa hazırlaşırdım. Deməli, söhbət 1996-cı ildən gedir.

Taras ilə Liza bənzəyirdilər. Lap bacı-qardaş qədər. Hər ikisinin mavi-bozumtul gözləri, ensiz üzləri və solğun dəriləri vardı, eynilə manqal şişi qədər çəlimsiz idilər. 1990-cı illərin ortalarında kimsə Rabkoya deyibmiş ki, onun ukrayna mənşəli soyadı da Rabin və Rabinoviç soyadları ilə eyni kökdən törəyibdir, yəni ravvin peşəsini bildirir. lang="en-US"> Taras bu bilgini çaşqınlıq və dəhşət içində mənimlə bölüşdü. Buna görə də, Taras ilə Lizanın İsrailoğullarının hansısa nəslindən törədiyini düşünmək olardı. Liza Kimrıda, Çapayev küçəsində divanda əyləşdiyi vaxt mən Tarasın anasına dedim: “Fikir verin, onlar bir-birinə bacı-qardaş qədər bənzəyirlər”. Lizanı süzən Tarasın anasının bu qıza qanı qaynadı.

O da var ki, Liza bu sevgidən gen-bol yararlana bilmədi, 1985-ci ilin martına kimi “Limonka”nın maketlərini hazırlasa da, mənim yanımda çox da davam gətirmədi. Anam da daxil olmaqla, Liza ucdantutma hamının könlünə yatırdı. Moskvada anam Lizaya “sərçəcik” ləqəbini taxmışdı. Ancaq bu sərçəcik bir pterodaktilə xas əcaib dişlərə sahib idi, bizim analarımız yaşdakı nurüzlü qadınlar isə bunun heç fərqində deyildilər.

Yaxşı, ola bilsin, bu pterodaktil dişləri məsələsini mən bir az şişirtdim, ancaq Lizanın, ax, bu Lizanın əsas məğzini və yaşamdakı hədəflərini də yəni sizlərə açıqlayımmı? Yox, özü barədə nə cür düşünməsindən asılı olmayaraq, əslində o, tənha və sərbəst bir qadın deyildi. O, təkcə bir kişidən yox, eyni vaxtda çoxlarından, yəni hamıdan asılı olmaq arzusuyla yaşayırdı. Birgə yaşamağa başlayandan cəmi altı ay sonra dəqiqləşdirdim ki, o, özünün mənə qədərki əlaqələrini üzməyib, onlarla baş-başa yaşamağına hələ də davam edir və bu baxımdan öz torunda dolaşmaqla, onun ən uzaq künclərinə baş çəkən, qanını içdiyi milçək müqəvvalarına toxunan bir hörümçəyi xatırladır. Yəni o, öz köhnə oynaşlarına da baş çəkirdi. Belə götürəndə, bunu cinayət saymaq olarmı ki? Mayası beləydi də... Yeri gəlmişkən, bircə cinayət var ki, o da diri sevgiyə münasibətdə işlənə bilər. Çünki diri məhəbbət tam, dolğun olmağa can atır, buna görə də ölü Sevgilərlə rəqabəti əsla öz yaxınına buraxmır.

Əvvəlcə mən onu bir estet adam manyerizm üslubundakı heykəli necə sevirsə, bax, elə sevdim. Daha sonra ona bir fahişə kimi vuruldum. Onunla uzunmüddətli məhrəmlik qurmamın səbəbi də bu iki məqam idi. Onun bədənini sanki dartıb, uzatmışdılar (rəssam olan atası da zahirən iki metr uzunluqdakı hisli kəndiri xatırladırdı), sümükləri nazik idi, budları inkişafdan qalmışdı, caydaq ayaqları uşaqlara xas xırda dizlərə malik idi, misilsiz döşləri bir cüt dəymiş şamamaya bənzəyirdi, ayaqlarının arasında isə damdar bir giriş vardı. Görənlər onu xarici mənşəli qadına, cəmiyyətin yüksək təbəqəsini təmsil edən ideal bir fransız xanıma bənzədərdi, onun məhz yəhudi olma ehtimalı isə insanın ağlına ən axırda gələ bilərdi.

O, “sophisticated look”a**** sahib biriydi. Halbuki hər hansı xarici dildə bircə kəlmə də bilmirdi, dünyagörüşü gündəlik məişəti güclə əhatə edirdi, sadəcə öz doğma və tanışlarının taleyi ilə maraqlanırdı. Yəni bacılarının, atasının, anasının, bacısı uşağı Nikitanın və bir də sayı-hesabı bilinməyən köhnəli-yenili məşuqlarının taleyi ilə. Mənimlə yaşadığı ilk aylarda hədsiz məmnun idi, bəlli bir müddət həlim, tənbəl, səssiz və bəxtəvər bir uşaq kimi davrandı. Ancaq sonra ifritəliyi özünü büruzə verməyə başladı. Uşaq kimi davrandığı müddətdə mənimlə birgə döşəmədə saatlarca uzanıb, Edit Piafı və mahnı sözlərini ona necə tərcümə etdiyimi dinləyər, şərab içər, məmnunluqla gözlərini süzdürərdi. Ancaq bir müddət sonra onu bu vəziyyətdə saxlamam imkansız bir şeyə çevrildi, çünki bunu etməmə əsla fürsət vermirdi. Daima harayasa tələsirdi. Həm də bu tələsmələr getdikcə sıxlaşırdı. Ancaq ara-sıra içində mənə qarşı nəvaziş hissləri də oyanırdı. Bəlkə də başqalarından hansısa qəddarlıq görəndən-görənə o, bu cür yumşalıb, muma dönürdü.

Bu cür nəvaziş dolu məqamların birində biz birlikdə Kimrı şəhərinə səfər etdik. Elektrik qatarına Savelov vağzalında hay-həşirlə mindik. Dostumun valideynlərinə məxsus o iri mənzildə biz duz-çörəklə qarşılandıq, bütün ailə ilə birgə nahar süfrəsinə əyləşdiyimiz vaxt ləziz qoxular bir-birinə qarışmışdı. Mən keşiş Adamla araq gillətdim. Vaxtilə Tarasın xuliqan kimi ad çıxaran uşaqlıq dostları artıq əsl banditə çevrilmişdilər və biz onlarla birlikdə Kimrının yollarında, görünməmiş bir sürətlə maşın sürməyə başladıq — həm də səbəbsiz yerə. Əyalət şəhərlərində səbəbsiz işlər daima baş verir axı.

Bazara gedib, donuz əti aldıq, xuliqanlıqdan banditliyə qədər yol qət edən o yoldaşlardan birinə məxsus daxmada həmin əti duz-istiot və sairlə işlədik. Sonra meşənin içiylə axan bulanıq Volqanın sahilinə çıxdıq. Manqal qaladıq. Yağış çisələdi. Həmin yoldaşlarla birgə boz-bulanıq Volqanın sularında çimdim. Yaxınlıqdan üzüb-keçən yük gəmiləri sürəkli fit verirdilər. O cavan banditlərdən birinin gödəkcəsini çiyninə atan, cins şalvarlı Liza xanım isə siqareti-siqaretə calamağında idi. Çimməyi də arzulamırdı. Qızardılmış ətdən yedik.

Hava tutqun, soyuq və çiskinli idi. Dadımıza yetən təkcə araq idi. Bədənimdəki bir qüsur — sağ baldırımın ardında qara-qura yara izləri — diqqəti çəkirdi. Bu səbəbdən də adətən mən üzümü sevdiyim qadına tuturdum. Məncə, Vladivostokdan ta Cəbəllüttariq boğazına qədər uzanan ərazilərdə və həmin illərdə məndən daha cazibədar bir kişi tapmaq imkansız idi. Ya da beş-on ən cazibədar kişidən biri idim. (Digər “bad boys”ların hamısı ilə — Arkanla, Karaciçlə, Denarla, Jirinovskiylə, Xudoyberdıyevlə — şəxsən tanış idim). Sonra da belə qaldım.

Öz ehtiyatındakı bütün hiylə və manipulyasiyaları işə salan bu qadın indi üzüyola, yaraşıqsız, ağ siçana bənzəyən və kişi cinsinin adi nümayəndəsiylə yaşayır (daha doğrusu, kişi onun mənzilində məskunlaşıbdır). Qəribədir. Amma niyə ki? Adam daim onun ağzına baxır və qarabaqara onun ardınca düşüb, gəzir. Mən kitab oxumadığına, xəbərləri izləmədiyinə görə bu qadını danlayardım. Sonradan tanışlardan biri qadının o hərifi necə tovladığından mənə danışdı. O, bəlli pozalar alıb, deyirmiş: “Hə, məni öpsənə. Bunu necə edəcəyini yəqin bilirsən də?..”

O qadında özünün fərqində olduğundan daha fərqli özəlliklər vardı. Öz yaşam cizgisini xeyli yüksəklərə qaldırmağı da bacarırdı. Nadir ələ düşən pozğunluğa malik bir manyerist və qulağının təkcə ardı qalan bir fahişə sayılsa da, yüksək təbəqəni təmsil edən xarici bir qadın havası var idi onda. O, “Nikita” filminin qadın qəhrəmanını xatırladırdı — amma almanların çəkdiyi qaba serialın yox, fransızların yaratdığı orijinal film versiyasının qəhrəmanına. Daha nə deyim? Bu il o, iyirmi doqquz yaşına dolacaq. Bəlkə mənimlə öz müstəqilliyini itirməkdən qorxurmuş o? Eh, Liza, riskə getməyənlər şampan şərabı içmir axı.

Volqanın iri məcrası, lırt bir xalanın bədəni kimi, öz lilli-gilli yatağında ləngər vururdu. Volqa bütün Rusiya boyunca çalxalanırdı. Volqa xala Rusiya xalanın tam ağuşunda idi — hə, bir xala digərinin ağuşunda. Küknar odunları yanırdı. Cavan soyğunçular əsl cəngavərsayağı Lizanın qarşısında şellənirdilər. Yük gəmiləri keçmişə və gələcəyə üz tutub, üzürdülər. Əslində isə — yerlərindəcə sayırdılar. Çayın səthinə çırpılan yağış damlaları şappıldayırdı.

Volqanın bir sahilində Savelovo, qarşı tərəfdə isə Kimrı yerləşir.

Tarasın danışdığına görə, ta qədim əyyamlardan bəri bu kimrılılar ilə savelovolular bir-biriylə qanlı-bıçaq olublar. Aralarından isə Volqa çayı axıb. O qarşı sahildə külə dönmüş beş-on dənə şalban və Lizanın yerə atdığı siqaret kötükləri hələ də qalır yəqin: siyiməkdən ötrü hələ bir də küknarlığa çəkilmişdi qadın, ancaq yağışın bir pişiyinkinə bənzər o sidik izini tezliklə yuyub-apardığından artıq əminəm. 



* Ötən. — Tərc
** Sinəsi açıq. — Tərc.
*** “Hotel de Ville”yə bitişik meydan”. — Tərc.
**** Incə bir görkəm”ə. — Tərc.