Nimfa
1
Əlbəttə ki, o Bəyaz Xalatlının deyəcək çox sözü var. Mənə də elə hey klassik “satiriaz”dan bəhs edir. Guya mən o bəlanın bircə addımlığındaymışam!.. Guya mən “satirmen” imişəm. Guya ay ahılıymışam... Hətta bir ara kinayə sezilən “qocafəndi satir” deyimini də o, açıq-aşkar dilinə gətirdi. Dediyinə görə, qocalarda bu cür hallar müşahidə olunurmuş. (Əgər indidən üstünə düşməsəymişəm... Hə, xərifləyirmişəm... Ah, ah! Vəziyyətim fəna imiş!..) Qoy nə istəyir, danışsın... Bu da onun işidir!.. Həkimlər özlərini ağıl dəryası kimi göstərməyə can atırlar axı. Bunları qulaqardına vurmaq isə mənim işimdir... Həyat — bir sərmayədir. Onu sərf edib, bitirmişəm... Odur ki, bu dünyanı rahatcana, səssiz tərk etməyə haqqım çatır.
Bəyaz Xalatlı, əlbəttə ki, təmkinlidir və dumanlı, amma qalıcı qorxu hissini öz pasiyentinə məqsədyönlü bir şəkildə aşılamağı bacarır. Qorxu aurasını. Pasiyent oturub, dinləyir... Heç qımıldanmır da... Həkim ilə xəstə, məlum şərtlərə görə, masanın qarşı cinahlarında əyləşirlər. Həm də tamamilə fərqli cinahlarında!.. Divardan stenoqramlar asılıb... Şəkillər asılıb... Hətta tablolar da. Bütün bunlardan məqsəd — xəstəyə dolayı yollarla, amma qalıcı bir qorxu hissi aşılamaqdır. Ancaq indi o pasiyent — mənəm. Öz-özümə pıçıldayıram ki, mən başqalarıyla müqayisədə fərqli biriyəm. Yəni daha yüngül xəstəyəm. Hədsiz yüngül! Və məni bu divardakı şəkillərlə hipnoz eləmək mümkün olmayacaq.
Hə, indi burada, onun kabinetində əyləşərkən mən bu cür gözüqara düşünə bilirəm! Bəyaz Xalatlının qarşısında oturanda isə... Guya bu sayədə alınmaz bir qala kimi davranıram da... Yəqin indi bu cür kabinetlərdə əyləşərək, canını dişinə tutan minlərlə, on minlərlə ahıl kişi tapmaq olar. Zavallılar!.. Gərək dözək də... Biz — insanıq. Gərək öz şüurumuzu qoruyaq. Bizim bu bitib-tükənməz cəbhəmizdə... Duruş gətirək gərək, çünki mübarizə... Bir də ki, qoy nə vaxtsa həkimlər desinlər: düzdür, bu Pyotr Petroviç Alabin, olsa-olsa, ahıl bir adam idi, amma necə biriydi — bax, onu heç təsəvvürə gətirməzsiniz!
— Bu günün sonuncu sualına gələk. Pyotr Petroviç... Ən əvvəl... Konkret desək, ən əvvəl sizdə hər şey necə və nədən başladı?
Artıq üçüncü gün idi ki, məni sorğu-suala tuturdu o.
— Nə başladı axı?
(Qəfildən məndə kütləşmə yarandı. Yorulmuşdum əlbət...)
— Sizinlə haqqında danışdığımız o məsələni deyirəm.
Məcbur qalıb, təkrar soruşdum:
— Hə, hə... aydındır... Nədən danışırdıq ki, biz?
— Son üç gündə sizinlə eyni şeydən danışırıq da. Pyotr Petroviç, sizi buraya gətirən həmin o məsələdən.
Susub, durdum... Mənmi?.. Niyə gəlmişdim axı?.. Amma mən xəstə-filan deyiləm ha. Məndə müşahidə olunan durum, həkim, sizin də dediuinizə görə, xeyli yüngül sayılır... Əgər düzünə qalsa, mənim buraya (psixologiya və psixiatriya bölümünə) gəlmə səbəbim də ahıllara xas bir qədər gecikmiş maraqdan qaynaqlanır. Hə, sırf maraqdan... Bir də ki adam arasına çıxmaq istəmişdim. Qocalar da hamıya qaynayıb-qarışmağı umur axı!
Bir də ki özünə kənardan baxmaq istəyir. Fikirlərini başqalarıyla bölüşmək fikrinə düşür. (Bunu qismən də ehtiyatlanmaqla etsə də).
Həkim Nedoplyosovun səsindəki ötkəmlik artır:
— O məsələni, “birdən bir şey-zad olar” deyibən, gəldiyiniz şeyi nəzərdə tuturam. Nədən və necə başlamışdı o?
Səbəbini özüm də bilmədən (bəlkə də yorğunluqdan?) “Xatirimə gəlmir” — deməklə, sualdan yayındım.
Onu gülmək tutdu:
— İçinizə qapandınız yəqin?.. Bu, başadüşüləndir, Pyotr Petroviç... Qocalarda görülən ilk yorğalıqdır bu... Hə, ilk! Bu, əlaqədə olduğu ilk kişiylə bağlı psixiatrın qadına verdiyi sual qədər adama qəribə görünür... Belədə qadın sanki hər təfərrüatı bilir, hər şeyi xatırlayır, amma bunlar sözlərə dönüb, dilinin ucuna qədər gəlmir... Paradoksal görünsə də, əslində bu, əqli tıxanıqlığın ən bəsit şəklidir!
Həqiqətən də, sözlər heç cür dilimin ucuna qədər gəlmirdilər. Sanki həqiqətən mən o olub-bitəni dumanlı xatırlayırdım.
— Amma, hər şeyə rəğmən, Pyotr Petroviç, bir sınayın... Hansısa təfərrüatları yada salın. Ən adi məqamları... Başa düşün ki, bu ilk təcrübə sizin şəxsiyyətinizin məğzini ortaya qoymaqdan ötrü bizdən güclü, həm də çox güclü konsentrasiyaya söykənən bilgilər tələb edir. Kodlaşdırılmış bilgilər tələb edir. O bilgi olmadan bunu nə siz anlaya bilərsiniz, nə də mən... Amma tədricən... Əgər addımbaadım irəliləsək...
Bir psixoloq-psixiatrın öz pasiyentini bir küncə sıxışdıracağına şübhə olammaz. Qoy bu da sıxışdırsın... Kim isə, haradasa bu Nedoplyosov barədə söz açmışdı... Telekanalda onu tərifləmişdi... Tövsiyə eləmişdi... Sonradan bacınəvəsi Oleq (daha doğrusu, bu Oleqin başdanxarab tanışı) internetdə axtarışa başlamış və — bəlkə bunun özü də bir təsadüf idi — məhz bu adlı-sanlı həkim barədə məlumata rast gəlmişdi.
Həmin vaxt biz çay içirdik. Oleq alma gəmirirdi. Birdən gülərək dedi: “Baba, bəlkə bu sənə maraqlı gələr? Psixiatr Nedoplyosov. Beləsi barədə eşitməmisən?.. Ahılları müalicə edirmiş”. Əlbəttə, Oleqə bu gülməli gəlirdi. Cavanlığına güvənib, mənimlə məzələnirdi. Mən də onun qurduğu tələyə düşdüm.
Ondan bütün mətni göstərməsini xahiş elədim. Yanaşma ilk andan marağımı çəkdi!.. Yunan miflərinin köməyilə insan psixikasının şərhi tamamilə yeni bir şey idi! Budur, Nedoplyosov soyadlı hansısa həkim ahıllara xas məlum xəstəliyi ən müxtəlif miflərdə satirlərin davranışlarıyla izah edir. O satirin ki... onu, yatmış nimfaya əsrlər uzunu gizlicə tamaşa edən o taqətsiz və çirkin qocanı biz dahi rəssamların yaratdığı tablolardan tanıyırıq. Nedoplyosov isə bu mifdəki gözəlliyi insanoğlunun xeyirxahlığı kimi, onun cilovlanmayan ehtiraslarının bir mənada əfvi, bağışlanması kimi qələmə verirdi. Bunda pis nə varmış axı?! (Bu, xristianlıqdan öncəki dövrün qaba mərhəməti idi və sadəcə bu da deyildi.)
Bunun böyründə isə məzəli şeylər vardı. Adətən fəal sayılan oxucular öz irad və fikirlərini bildirirdilər. Yəni internet dedi-qodusu... Məzələnmələr... Maraqlı cəhət isə o idi ki, həmin alasarsaqlar qədər, elə intellektuallar da bu cavan yaşda məşhurlaşan adamın soyadındakı “yo” hərfiylə doyunca məzələnmişdilər. Onu gah həkim Nedoplyosov, gah Nedoplyusov adlandırırdılar. Gah da Nedoplakov. Hələ Nedopisov və Nedopixov yazanlar da vardı. Məni gülmək tutdu.
Bir qeyd isə mənə xüsusilə maraqlı görünmüşdü: “Maraqlı situasiyalarla bağlı həkim məsləhəti və məşğələlər pulsuzdur”.
Nedoplyosov dedi:
— Sizin diliniz hələ sonradan açılacaq, Pyotr Petroviç... Diliniz mütləq açılacaq... Bu gün və ya sabah olmasa belə, gec-tez o ilk situasiya ilə bağlı etirafı sizdən pişim-pişimlə alacağıq. Sizi küncə sıxışdırmaqla. Biz sizinlə eyni cinahdanıq da, elə deyilmi?..
Başımı tərpədirəm.
— Bir on dəqiqə dincəlin. Sonra məşğələmizə başlayaq.
Mənimlə bağlı qeydlərini yazdığı vərəqi Nedoplyosov işgüzarcasına bir kənara qoydu. Pasiyentlə əlaqədar öyrəndiyi hər xırda detalı o, həmin kağızdakı müvafiq sətir və xanada əks etdirmişdi.
Yerimdən qalxdım:
— Doktor... Məndən xahiş etmişdilər ki, şəkli divardan asmağa kömək edim.
Baxışlarını bir başqa kağızdan ayırmayan Nedoplyosov dilləndi:
— Hə, hə. Gedin, kömək edin. O iş uzağı on dəqiqə çəkər. Qalan dörd nəfər də oradadır... Sonra isə məşğələyə gəlin.
Durub, qapıya tərəf yönəldim. Əslinə qalanda, mən çıxıb gedəsiydim, kandarda idim, qapı açılsın deyə, düyməyə də basmışdım artıq, ancaq o dəm, yəni tam qapıdan çıxhaçıxda arxamca cuman həkim mənə səsləndi:
— Hər ehtimala qarşı, Pyotr Petroviç... Cavabı ləngitməyin... Özünüzlə bağlı o ilk situasiyanı şəxsən özünüz nə ilə izah edərdiniz?.. Assosiativ baxımdan. Dərhal deyin! İstənilən bir sözlə... Ağlınıza ilk gələn söz ilə, hə?
Mən də dərhal cavab verdim:
— Borjomi ilə.
— Əla. Amma bu Borjomi bir yaşayış məntəqəsidir, yoxsa sudur?
— Sudur.
— Tamam. Gedin, gedin.
Dəhlizboyu yeriməyə başladım. Əcəb qoparaqlıymış bu!.. Bir bilgi qopara bildi!.. Çox yəqin, mənimlə bağlı vərəqi təkrar qarşısına qoyan Nedoplyosov indi oradakı boş xanalara: “Borjomi. Təbii su” sözlərini yazır.
Dəhlizdə Çijovla, bizim o dörd qocadan məndə nisbətən rəğbət doğuran adamla rastlaşdım. O, məktəb müəllimi imiş.
Yanaşıb, dedim ki, çağdaş tibb elmi yolunda hər zəhmətə qatlaşmağa hazıram, amma hanı o rəngkarlıq əsəri, hanı o tablo?
— Nə bilim?! Haradansa gətirməlidirlər... Ya da artıq yoldadır.
— Nəsə bu iş uzanır. Məncə, onlar o tablonun hələ indi-indi tamaşasına durublar.
Bununla zarafata keçmək istəmişdim:
— Əminəm ki, onu diqqətlə gözdən keçirir... Ona toxunurlar. Nimfanın yançağına xəfifcə toxunurlar hələ.
O, fınxırdı:
— Rəsmdəkinin?
— Hə də, rəsmdəkinin. Niyə də olmasın?!
Ancaq bu zarafatım, deyəsən, Çijovun heç döşünə yatmadı. Bu məktəb müəllimi bizim məşğələlərə yetərincə ciddi yanaşır axı. Nedoplyosovu hədsiz ciddiyə alır. Elə həyatı da o cümlədən. Məncə, ara-sıra onda qocalara xas laqeydlik çatışmır. (Çal saçlara xas çılğınlığı deyirəm! Xərifləməni deyirəm!.. Bunlar Çijova yerli-dibli yaddır.)
Ola bilsin, onunla Nedoplyosov arasında ictimai baxımdan əlbirlik, qarşılıqlı dəstək özünü büruzə verir. Axı müəllim həkimə qarşı biganə davrana bilməz.
Bir müəllimə xas fəhmlə sanki mənim fikirlərimin axarını yaxalayan Çijov sözə başlayır:
— Həkimimiz məndə maraq doğurur. İstedadlı adamdır. Ən azından, bənzərsiz biridir. Könlümü açmayan yeganə məqam isə onun işlətdiyi o “satirmen” kəlməsidir... Bilirsiniz, o, bu sözü elmi dilə pərçimləməyə cəhd göstərir... Heç onun məqalələrinə rast gəlmisiniz?
— Yox.
— Çox təəssüf.
Çijov ürəyini boşaltmaq istəyir. (Həkimin qəbuluna gələn hər kəs tənhalaşır. Elə buna görə də yolunu dövlət idarələrindən salan qocalar bunu əsl fürsət sayırlar. Orada əlüstü bir həmdəm tapacaqlarını düşünürlər.)
— Deməli, oxumamısınız?.. Bəs sizi necə, bu “satirmen” kəlməsi heçmi cırnatmır?
— Nə deyim, vallah?!
— Anlayıram... Öyrəşmisiniz yəqin. Ancaq yazıda rast gələndə, o, hər halda adama toxunur. Həm də niyə fərqli “e” ilə yazılsın ki?! Maraqlıdır, bəs ingilis dilində o, bu sözü necə yazacaq?.. Axı rus dilindəki “biznesmen”, “centlmen” sözləri... adi “e” ilə yazılır...
Bu yerdə o, səsinin lap qalın yerinə saldı:
— Bu barədə mən Nedoplyosovun özündən soruşacaqdım. Deyəcəkdim, mənə bu məqam maraqlıdır... Çünki sözün yazılışından da çox şey asılıdır... Ancaq sonra üşəndim və susdum. Birdən o, deyə bilərdi ki, “centlmen” sözü tamamilə fərqli insanlara aiddir...
Aha, aha! Müsahibim də zarafat ovqatına köklənib. Gərək bu durumda ona qol-qanad gərim:
— Hə, — deyirəm. — Bu məsələyə tam da vaxtında girişibsiniz. Centlmenliyi nəzərdə tuturam.
Üç nəfərik artıq. Bizimkilərdən biri sayılan Dibıkin də yanımıza gəlir. O dəqiqə uca səslə deyir:
-— Hə, nə var yenə, ay çoxbilmişlər?
Ona cavab verməmək də olar. Dibıkin başdanxarabdır, onunla söhbətin də yeri yoxdur.
Yanaşı durublar və bir-birinin tam ziddidirlər. Çijov nəzakətlidir. Çijov hündür və arıqdır, topa saqqalı çallaşıb və eynək taxır. Ömrünün Yalta dövründəki Çexova bənzəyir. Hər şey məlumdur. Məktəb müəllimi, aydın məsələdir ki, həm özü, həm də Çexov barədə nələrsə bilir... Bəlkə də bu bənzərliyi hələ bir az da nəzərə çarpdırmaq istəyir. Yəni o, insanpərvərdir, bir insan kimi nəvazişlə doludur. Onun yanında duran Dibıkin isə iri dağı xatırladır. Şaqqallı, bazburutlu bir qocadır. Biz hamımız (yəni dördümüz də) yetərincə möhkəm adamlarıq, bu kobud və yekəpər Dibıkin isə ümumiyyətlə deyiləsi deyil. Başdan-ayağa əzələdir.
Ən nəhayət, bu əzələ yığını bizi səsləyir:
— Gedək, arxa girişə gedək, ey-y, ağıl yumaqları! Tablo oradadır. Tablonu gətiriblər artıq!
Uğunub gedir... Bunda gülməli nə var axı?!
Arxa girişə tərəf gedirik. Tablo, həqiqətən də, burada imiş. Maşından endirməklə, onu burada, qapının ağzındaca qoyublar. (Gedən maşının səsi dəyir qulaqlarımıza.) Tibb bacısı Arişa və dördüncü tərəfdaşımız Klyuşkin tablonun böyrünü kəsdirib. Bu qoca əsəbi adamdıq. Bizi görcək, zədələndiyi üçün tənziflə sarınan əlini yelləyir.
— Nə durub baxırsınız?! Haydı, satirmenlər! Bunu daşımalıyıq... Bayaqdan gözləyirəm, heç kim gəlib çıxmır!
Yaxınlaşırıq. Necə qaldıracağımızı ölçüb-biçirik. Mən aşağıdan və yandan yapışıram.
Məktəb müəllimi Çijov hamıya hər şeyi başa salmaq qayəsinə sadiq qalaraq, tablo haqda mənə məlumat verir:
— Vautersdir bu... Surətdən çəkilmiş surətdir.
Adam maarifçidir də... O da tablonun alt qismindən tutur.
Yola düzəlirik.
Tablonun həm ölçüsü böyükdür, həm çərçivəsi ağırdır. Təşkilatçılığa girişən Arişa isə böyrümüzlə gəlir və qısa göstərişlərlə bizə yön verir: ya “Düz tutun!” deyir, ya “Döngədə ehtiyatlı olun!”, ya da: “Ehmallı davranın, axı bu, royal-zad deyil!” Sonra qadın susur. Artıq işin çəmini tapmışıq deyə, müəllim Çijov özü komandalar verməyə girişir — məktəbdə işləyərkən bu adam tablolarla dönə-dönə təmasda olubmuş. Amma bunları heç biz də ondan az bilmirik. Bezdik ey göstərişlərinizdən! Qocalar hər barədə görüb-götürmüş olurlar axı! Tablonun asılacağı yer bəllidirsə və əsas yükdaşıyıcı asqı divara bərkidilibsə, bunda qəliz nə varmış axı?!
Yekəpər Dibıkin tablonu asqıya taxır, mən və Çijov isə rəsmin altından tutmuşuq. Bayaqdan bir kənarda qalan Klyuşkin də köməyini əsirgəmir. Sarğılı əliylə, nicat yolu göstərərmiş kimi, bizə yön verir, əsəbi və çılğın tərzdə üstümüzə çımxırır:
— Sola-a! Sola-a verin!.. Çijo-o-v!.. Sənə nə olub belə, qoca kaftar, çəpləşmisən yoxsa?!
İş bitincə, hamılıqla bir neçə addım aralıdan bu daşıdığımız tabloya göz qoyuruq — hər halda rəssamlıq fərqli şeymiş də! Tablonun müalicə və təlim-tərbiyədəki rolundan bizlər, əlbəttə ki, artıq xəbərdarıq. Öz söhbətlərində Nedoplyosov dəfələrlə miflərdən misallar gətirib... Frans Vauters, XVII yüzil, yağlı boya, “Satir və nimfa” tablosu... Nimfa çəmənlikdə oturub... Aydın məsələdir ki, lüt-üryandır və yuxuya gedib. Qoca satir isə adamda ikrah doğurur, üsulluca ona yanaşmağa çalışır. Artıq yanaşıb da. Ətrafda bir kimsə yoxdur. Eləcə ormandır.
Çijovdan öyrəndiyimizə görə, bu tablo surətdən çəkilən surətmiş. Boyalar bir az ala-buladır. (Moskva yaxınlığındakı Podolsk qalereyasından gətirilib.) Ancaq təhrif olunan sadəcə rənglər deyil ha! Kopyalanma əsnasında nimfa hələ müəyyən sınıxmaya da məruz qalıb: qadın arıq alınıb. Hollandlara xas ətli-canlılıq qeybə qarışdığından nimfa on üç yaşında-filan görünür, bu yeniyetməni görən müəllim Çijov pəsdən və zarafatqarışıq bir eyhamla mənə deyir: əgər tablo bunca təhrif olunmuşdusa, gərək onun adını da “Satir və nimfa”dan “Satirmen və nimfaçığaz”a dəyişəydilər.
Mən də dillənirəm:
— Asimmetriya da var.
Müəllim də vəcdə gəlir:
— Haqlısan. Elədir ki, var! Ana təbiətin niyyətinə uyğun olaraq, satirmenlər bir növ... necə deyim axı... nimfetlərin var olmasını həm şərtləndirib vacib qılır, həm də onları kölgədə tuturlar. Bir qüsur digərinə yol açır: yəni satirmenlər nimfaların varlığını vacib qılırlar. Yaşları arasındakı fərq hesabına onlar nimfaları bir növ tamamlayırlar... Bu, asimmetrik bir tarazlıqdır.
Yanımızda duran və dediklərimizi yerli-yataqlı eşidən Dibıkin bu dərin söhbətimizə mız qoyur:
— Alasarsaqlar. Nə qatıqlayırsınız, ə, bayaqdan?!
Susub, dururuq... Hər şeyə rəğmən, tablo göz oxşayır. Nələrsə aşılayır. (Bu, bir slayd deyil axı!)
Dibıkin qolumdan dartır:
— Qadası, sənin ixtisasın nədir belə?.. Yəni çörəyini nədən çıxarırdın?
Mən də hədəfi düppədüz onluqdan vururam:
— Yaylaqçı idim!
O, inamsız tərzdə mırıldanır:
— Belə de-e!
Susuruq. Təəssüratımız böyükdür. Həmişəki kimi, gözəllik insanın içindəki hansısa dəyəri xilas eləyir — indiki durumda isə o, bizim içimizdəki nəyisə qoruyur. Bir ara dördümüz də susuruq. Hamılıqla, həm də necə lazımdırsa, eləcə susuruq. Çünki bir kənardan öz qüsurumuza tamaşa edirik.
2
Nimfanın əndamı şəffaf bir kuzədəki süd qədər bəmbəyazdır. Bu o mənaya gəlir ki, onun bədəni ağappaq da sayılmaz. (Bişmiş süd rəngində. Qaymaq rəngdə. Daşan köpük rəngdə.) Asimandan bir qorxusu-hürküsü yox idi deyə, nimfa çıl-çılpaq yatmışdı onun altında. Bürkü... Kolluq...
Zeytun yarpaqları arasında özünə bir dəlik tapan gün işığı nimfanın üzərinə düşüb. Mən də tamaşasına durmuşam. Həmin o işıq zolağına qarışmışam indi. Onun içində üzən bir toz zərrəsiyəm. Sırf yuxarıdan baxdığım üçün uyuyan nimfanı boydan-boya görə bilirəm. Əslində onun əndamı əsla uyumur. Daima özünə cəzb edir. Onun ensiz alnı instinktləri barədə aləmə car çəkir. Bəs bu zavallı satir özünün qaranlığa gömülən gizli instinktlərini necə büruzə versin?.. Kolun ardından sıçrayış eləmək sən deyən də asan sayılmaz. Elə sıçrayış fərqli bir hünər istəyər adamdan. Əgər satir həm də bir qəhrəman olsaydı, onda...
Həkim Nedoplyosov dostyana məni dümsükləyir:
— Pyotr Petroviç, siz lap yuxuladınız ki! Gəlin, xəyal gücümüzü işə salaq. Amma əvvəlcə bir məqamı dəqiqləşdirək: bizim satir nəylə məşğuldur axı?.. Hə?
Tanınmış psixiatr sayılan Nedoplyosovun nikbinliyi aşıb-daşır. Saat ondur artıq və səsindən gümrahlıq yağan bu adam yetərincə ümidli, ötkəm görünür, öz qələbəsinə inanır, halbuki həmin qələbəyə inamı o, biz qocalarda yaratmalıdır. Bu isə asan məsələ deyil. Axı biz — dörd nəfərik. Həm tərsik, həm taqətsiz, həm də təravətsiz...
Deyirəm:
— Oğrun-oğrun süzür də. Əlindən başqa nə gələr?!
— Bəs siz, Pyotr Petroviç, necə düşünürsünüz, nimfanın heç xəyalına gəlir ki, hansısa kişi xeylağı onu süzür?..
Amma Pyotr Petroviç öz içinə qapılıb, qalıb. Səviyyəli rəngkarlıq işlərindən mən sarsılıram axı. Hətta onların slaydından da. Hətta keyfiyyətsiz surətlərindən də. Hətta onların dərs bitincə, bir rulon şəklində bükdüyümüz solğun ekrandakı görüntülərindən də.
Məndən əl çəkən Nedoplyosov şaqraq bir səslə bu səfər də Klyuşkini nirvana vəziyyətindən çıxarır:
— Nimfa indi bir kişinin ona baxdığının heç fərqindədirmi? Yoxsa o, bundan artıq tamamilə əmindir?
Ancaq Klyuşkindən də o, umduğu cavabı hələlik ala bilmir. Eləcə ağzını nırçıldadır. Nırç-nırç. Dodaqlarını önə uzatmaqla, daha şux bir züyültü çıxarır. Ağzını marçıldadır... Onu dayandırmaq lazımdır. Nedoplyosovu gülmək tutur:
— Anladım, anladım... Cavab qəbul olundu!
Dərs otağı qaranlığa gömülüb, bəyaz divarda (yəni lövhədə) isə Rubensin tablosu var... Satir oğrun-oğrun çılpaq nimfaya yaxınlaşır... Satir ona hədsiz yaxınlaşıb, aralarında cəmi iki metr qalıb, amma bundan artıq yanaşmağa da cürəti yetmir. Karıxıb, qalıb. Nimfanın iri və bəyaz əndamı qocanın gözlərini qamaşdırır... Satir qüssəyə qapılıb... Klyuşkin yenə nırç-nırç edir.
Nedoplyosovun:
— Rakursu dəyişin! — deməsiylə şirin mürgüdən təkrar ayılıram.
Dərs otağı kiçikdir. Amma hər birimizin ayrıca masası və möhkəm tabureti var. Qatıldığımız bu psixi prosedur dörd pasiyentin — dörd ahıl insanın xoşagəlməz olduğu təxmin edilən fikirlərdən... və əsasən də sarsaq yuxulardan xilasına hesablanıbdır. Biz sağ cinahıq... Bizdən biri — Dibıkin pəncərə tərəfdə oturub. Pəncərənin isə, aydın məsələdir ki, pərdəsi çəkilibdir.
Həkim Nedoplyosov arxa tərəfdədir, proyektorun böyründə dayanıb. Bütün bu prosedura da oradan rəhbərlik edir. Slaydları və deməli, nimfaları da o, dəyişdirir. İzahı da özü verir... İşıq zolağı zəifdir. Solğun ekran bir mənada Ayın səthini xatırladır. (Tablolar nə qədər solğunsa, qadınların əndamı bir elə zərif təəssürat bağışlayır.) Tablolardakı satirlər də bir-birini əvəz edir. Canlı insanlara bənzəyirlər. Yox, div-filan deyillər onlar, adi insanlardır!.. Öz xəstəliyimizdən xəcalət çəkməməyi həkim Nedoplyosov dördümüzə də aşılamağa çalışır. Hə, belə hallar olurmuş... Əziz ixtiyarlar! Dünyada nələr olmur axı?! Öz uşaqsayağı komplekslərinizdən qurtulun, getsin. Sizin utandığınız bu özəllik dünya-aləmə ço-ox-dan bəllidir. Siz əsl psixlərdən fərqlisiniz axı. Sizi heç xuliqan da saymaq olmaz. Yaşı minillərlə ölçülən bəşəriyyəti totuq-motuq bir xanımın tamaşasına durmaqla heyrətləndirmək imkansızdır axı! Böyük şey olubmuş!
— Baxış bucağını dəyişdirin. Həm də vaxtaşırı... Çünki rəsmlərin sayı məhduddur!
Həkim bizi həvəsləndirir. Başımızı yarım dəqiqə boyu əvvəlcə sağa, sonra isə sola döndərməmizdə israr edir. Yerimizdə qımıldanmamızı, baxış bucağımızı dəyişməmizi istəyir... Həkim bir tablodan on qat təəssürat almamıza çalışır. Təkcə elə Rubensdən ona bərabər on rəssamdan alacağımız qədər təəssürat umur. (O ara biz yataq xəstələrinə tövsiyə olunan gimnastika ilə məşğuluq. Başımızı sağ əlimizə söykəmişik, dirsəyimiz isə masanın üstündədir. İndi də başımızı sol əlimizə söykəyirik... Dimdik oturmalıyıq. Kürəyimizi stulun arxasına söykəməliyik.) Qəribə şeymiş ha bu!.. Elə başıma təzəcə dayaq vermişdim ki, yüngül meh yunanlara məxsus o zeytun ağaclığında əsməyə başladı!.. Yarpaqlar xışıldadı. Budur, satir də sanki ürəkləndi və kolun digər tərəfindən nimfanı yanlamağa cəhd göstərir artıq!..
Rubensin tablosu hər baxımdan təravətləndi. Həm də indi yatmış nimfanın şəffaf parça ilə qismən örtülən ağuşu yox, bəmbəyaz yançağı yox, məhz döşü... həm də sol döşü... ixtiyarın baxışlarını yamanca özünə məngirləyir!.. Bu baxışlardan nimfanın bəmbəyaz dizləri də titrəyir...
— Bu isə Marsidir!.. Cənablar, bu adı heç eşitmişdiniz?.. Frigiyalı satir Marsi. Hətta adını eşitsəniz belə, indi onun barəsində yeni şeylər öyrənəcəksiniz. Bizim Marsinin buna haqqı çatır axı...
Nedoplyasov gülür:
— Baxın, necə avam görünür, halbuki bu məsələdə tülkünün biridir... Görün, nimfaya necə baxır... Guya ürkəkdir. Guya çəkinir! Kimin ağlına gələr ki, bu üzüyola hərif bu cür qazan qaynada, hətta onu daşıra da bilər.
Bu Marsi cavan xanıma tamaşa etməkdən ötrü gələrmiş. Söyüd budaqlarının arasından onun necə çimdiyinə göz qoyarmış... Ancaq qız çılpaq halda sudan çıxdığı an utancaq Marsi tez qaçıb, gedərmiş. Aşiq satir cürətsizmiş. Çəkingən imiş. Ahıl imiş... Sadəcə uzaq bir təpəciyin ardından gizlicə nimfanın tamaşasına durarmış. Dincəlməkdən ötrü qızın necə uzandığının, necə yuxuladığının tamaşasına...
Bir dəfə həmin təpəcikdə Marsi səndələdi, çünki ayağının altında qalan bir əşya pəncəsini yamanca zədələmişdi. Əhvalatı bilirsinizsə, çəmənlikdəki o əşyanın fleyta olduğunu da yəqin xatırlayarsınız.
Aha! Məhz bu alət sayəsində o, qızın diqqətini özünə çəkə bilərdi!.. Təpəciyin başında oturan satir fleytanı çalmağa başladı. Necə də məharətlə çalırdı... Amma nimfa nə oyandı, nə də ona tərəf qaçdı. Hə, belə qadınlar olur. O, daha dərin yuxuya getdi... Ona elə gəlirdi ki, bu melodiyanı qamışlıqda əsən rüzgar səsləndirir... Bu misilsiz musiqi sayəsində qızın yuxusu lap şirin-şəkərə döndü.
Amma bu qulaqoxşayan musiqi sədalarına yaxın məskənlərdə yaşayan insanlar ora axışıb, gəldilər. Bu fani insanlar, (adi yunanlar olan) kəndlilər satirin çaldığı melodiyalara heyran kəsildilər və ara vermədən bağırdılar ki, bu ifasıyla o, hamını, hamını kölgədə qoyubdur!.. Hətta Apollonun özünü də! Axı ilham sayəsində qazanılan uğurları ilahi dəyərlərlə tutuşdurmaq insan övladlarının köhnə xasiyyətidir. Belədə fani insanlar onu da unudurlar ki, tanrılarla müqayisə aparmaq... yolverilməzdir.
Satir Marsi xeyli tərəddüd keçirdi. Bir qərara gələ bilmədi... Halbuki nimfanın çaldığı fleytanın səsinə durub, gəlməsini, onun bu zəfərini görməsini elə arzulayırdı ki. Hə, ən nəhayət, o, Apollonun şərəfinə düzənlənən bayramda iştirak etməyə razılıq verdi — adi satir kimi bu tanrının şərəfinə orada musiqilər ifa edəcəkdi. Bu əsnada o, həmin tanrıdan daha üstün məharət sərgiləyəcəkdi.
Amma nimfa o bayrama gəlmədi. Bəzilərinin dediyinə görə isə, gəlibmiş, sadəcə ondan uzaqda dolaşırmış, daha gur və səs-küylü bir əyləncəyə qatılıbmış. Gah buradaymış, gah orada... Hər şeyə maraq duyurmuş! Qoca Marsi gözlərini bərəldərək, fleytadan sehirli səslər çıxartdığı vaxt nimfa həmin tərəfə heç yanaşmayıb da... Halbuki Apollonun özü, həm də bütün ehtişamıyla satirə yanaşmışdı. Hansısa satirin ifa məharəti barədə dolaşan şayiələr bu tanrını tamam bezdiribmiş. Apollon fleytanı əlinə alıb, ustalıqla çaldı. Sonra lirada çaldı və yenə də ifası misilsiz alındı. Tanrı satirə qalib gəlsə də, ürəyində ona qarşı kini soyumadı.
Qələbədən az sonra Apollon öz mahiyyətini ortaya qoydu: bu özündənrazı ifaçıya olan qəzəbini soyutmaqdan ötrü Marsinin dərisini soydu və əsrlər uzunu hamıya görk olsun deyə, bir ağacdan asdı. Əsən rüzgar o dərini təkcə əsdirib, dalğalandırmırdı, həm də satiri alçaldırdı. Göynəyən bir ağrı idi bu! Yaxınlığında kiminsə fleyta çaldığını duyanda satirin dərisi məşəqqətdən daha tarım çəkilir və titrəyirdi...
O ara harada bulunmasından asılı olmayaraq, nimfaya mürgü gəlirdi və onu yuxu aparırdı.
Həkim Nedoplyosov bizim ekranın o biri üzündə qalan zeytunluğa xəyalən dalmamızı istəyir. Yuxudakı o nimfaya sakitcə, ruhi tarazlıqla tamaşa etməliyik (yəni o ətrafdakıların qıy-qışqırığından, söyüş-qınağından çəkinməməliyik)... Yunan miflərində hər şeyə görünməmiş bir səxavətlə izn verilməsinin əsl nəciblik olduğunu həkim cürbəcür üsullarla şüuraltımıza yeritməyə, bizə aşılamağa can atır. (Freyd baba da bundan xeyli razı imiş. Səbəbi də bəllidir. Zeytun yağı ilə hazırlansa belə, sıyıq elə sıyıqdır axı!)
Ahıl satir ilə sütül nimfa arasındakı yaş fərqindən də xəcalətə qapılmağa dəyməz. Belə olub və olacaq. Həm də dönə-dönə olub... Ağız büzənlər də getsin işinə! (Xüsusən də yaşı əllini adlayan qadınlar.) Yüzillər uzunu rəssamlar bu nimfalı süjetlərə maraq duyublar. Onlardan sarsılıblar! Fırça onları bu mövzunu dönə-dönə işləməyə sürükləyib. Bəzən hətta fırçanın özü də kətanın üstündə var-gəl edərkən sahibinin xəyal gücünü çətinliklə izləyirmiş... Yəqin fırça da nimfaya heyranmış!
— Baxın, hələ necə də möhkəmsiniz... Sütülsünüz ey hələ... Hə, ürəyiniz bir az... Hə, mədə xoranız da var... Ora-buranız ağrıyır. Ancaq mən xəstəlik kartlarını dolduran Arişaya hər birinizin yaşını söylədiyimdə o zavallı az qalırdı stuldan yerə aşa. Hər biriniz seçilmiş şəxssiniz. Döyüşə hazırsınız... Siz hələ çoxlarının dərsini verərsiniz! Dibıkini günü sabah rinqə çıxart, Taysonu şil-küt eləsin. Ancaq qulağından da muğayat ol ha, qoca!.. Ən əsası isə... Ən əsası, siz hamınız — uzunömürlüsünüz! Bu isə göylərin insana töhfəsidir!
Bu “uzunömürlü” kəlməsini o, beynimizə əməlli-başlı yeritmişdi. Pauza verdi.
— Əslinə qalanda gizlicə birisinə tamaşa eləməkdə hər hansı əxlaqsızlıq-filan da yoxdur... Ancaq...
Axır ki, Nedoplyosov gəldiyi qənaəti bizlərə açıqlayacaq. Sözünə yekun vuracaq. Sırf bizim, biz qocaların xatirinə... o, mifi bir pritçaya çevirir.
— Başa düşdünüzmü?.. Marsi cəzalandırılıbmış. Sırf tanrıya meydan oxuduğuna görəymiş bu. Bunu dərk edə bildiniz də, cənab satirmenlər? İstədiyiniz qədər nimfalara tamaşa edib, ağzınızın seliyini axıda bilərsiniz yəni... Gecəyarısı erotik filmlər göstərilərkən ekranı hələ yalaya da bilərsiniz. Tabloları da... Çimərliklərdə də dərin həzzə qapıla bilərsiniz. Ancaq... — psixiatrın səsindəki qətiyyət artır, — heç kimə meydan oxumayın... Öz fleytanızla kiminsə isinmiş yatağına əsla soxulmayın.
Həkim Nedoplyosov slaydı dəyişdirincə, divarda daha bir yatmış nimfa təsviri peyda olur... Bəs bunlar kimdir?.. Bunlar haradan çıxdı? Birdən-birə iki satir? Hər ikisi də qaradərilidir... Nəfəslərini də qısıblar... Nimfanın süd rəngli (və bir qahmarı yoxmuş kimi görünən) bədəninin üstünü kəsdiriblər. Uilyam Ettinin əsəridir. “Yatmış nimfa və bir cüt satir”. 1828. London Milli qalereyası.
Vaza üzərindəki təsvir. “Afina və satir Marsi”. Eramızdan əvvəl V əsrə aiddir. Aha! Bu ki bizim zavallı satirin daha öncəki vaxtlarıdır. Yəni çəmənlikdə yeriyərkən fleytanı tapdığı vaxtları... Deməli, o misilsiz fleyta əvvəlcə ilahə Afinaya məxsus imiş. Yəni bir başqasınınkı imiş!
Pussen. “Satir və nimfa”. 1630. Hə, bax, burada nimfa darıxır artıq. Həm də bilmir neyləsin. Nimfadan ikicə addım aralıdakı satir isə ona məhəl qoymadan şüşədəki içkini dadır. Qocaya izn verilib! Nə əla!.. Amma nimfanın ikicə addımlığına yanaşması da bizim qocanın bir iş qaynadacağına dəlalət eləməz, təbii ki. Nimfa, olsa-olsa, onun içib-keflənməsinə göz yumur, izn verir. Nə bilmək olar — bəlkə sərxoş satir daha sonra onu da əyləndirdi. Bir az dərd-qəmini dağıtdı. Bir az başını qatdı... Hə, balaca Erot, qoy bir az da gillətsin o şərabdan. Qoy içsin. Vay səni, keçi!..
Sonrasına isə baxarıq... Bir də gördün bizim də məmləkətdə, bir az bədnam olsa belə, bir qəhrəman zühur elədi. Hansısa zeytunluğun talasında... yorğun-arğın, toza bələnmiş bir kişi qəhrəman... Onda bu qurumsaq keçini... bu satiri boynunun ardından dərhal qovarıq, gedər!
Nedoplyosov çımxırır:
— Rakursu dəyişin! (mürgülədiyim vaxt istənilən səs mənə hədsiz uca gəlir.)
Gözlərimi qıyıram ki, (incəsənətin məlum sərhədlərini) aşmaqla, göz bəbəklərimlə birlikdə ora — o günəşli təpəciklərə yumbalanmayım. Zeytunların burulu yarpaqlarnın və onların kölgəsində yuxuya gedən, bəmbəyaz və şümal əndama malik nimfaların yanına... Orada neyləyəcəm axı?! Guya ora getməliyəmlə nəyi dəyişəcəm ki?! Satirin biri də artacaq, vəssalam.
Özümün satirmen (hansı “e” ilə yazılır-yazılsın) olmadığımdan mən tamamilə əminəm. Buraya da sırf maraq üçün gəlirəm. Mənimki yüngül haldır!.. Mən sadəcə tez vurulan bir qocayam. Yəqin elə belə də ölüb, gedəcəyəm. Olsun. Sırf tez vurulan qoca olduqları fikrini bir çox qoca satirlərin öz-özlərinə aşıladıqlarından da, təbii ki, agaham. (Bunu da mümkün sayıram.) Qoy olsun... Axı niyə sonluğu tələsdirək? Adımın hansı “e” ilə yazıldığından asılı olmayaraq, bu tablolara baxmaqdan lap bezdim. Doymuşam artıq. Rəssamlar axırıma çıxdı mənim. Bir az da belə davam etsə, razılaşacağam ki, incəsənətin sərhədlərindən kənarda (ruhun ucqarlarında) insanoğlu bir heçmiş. İnsanoğlu bir cüzdür. Cüzi bir şeydir.
Mən burada cüzi və xırdayam... Elə ki gözəl rəsm əsərləri yaradıram, bax, yalnız onda bu dünyanı dağıdıb-partlatmaq fikrindən daşınıram artıq. Manevr üçün vaxtım qalmayıb daha. Geri çəkilməkdən ötrü yerim, məkanım da yoxdur. Qanım coşub-daşsa da, daha qocalmışam, təpəmə vuran o qan da bu dünyanın yox, mənim öz axırıma çıxasıdır.
J.-F.-J. Sali. “Çəpişlə dolaşan satir”. 1751-ci il. Budur ey!.. Satir (və onunla birgə tablolara tamaşa edən satirmen də!) özünə doğma birisini tapıbdır!.. Bu dördayaqlı məxluqla o, özünü daha rahat hiss edir. Mərmərdən yonulan satir necə də canısulu və rahat bir məxluq təsiri bağışlayır. Əcəb də yaraşıqlıdır. Axı təbiətin bir parçasıdır o. Hələlik özü də elə çəpişdir. (Nimfa ilə məhz sabah rastlaşacaq. Məhz sabah... o görüşdən sonra dünyanın dərdi-məlalı onu altına alacaq.) Kaş öz uşaqlıq aləmindən... öz çəpişlik cənnətindən heç qopmayaydı...
Çağırırmı?.. Amma çağıran odurmu? (Onun üç zərif saqqalından biridir bu çağıran. Qarnındakı yüz buğumdan biridir bu çağıran.) Versin, ya yox — məhz bunda hər hansı tərəddüd eləməz. Halbuki nimfadan ötrü məhz veriləcək cavabın mənasızlığı ucbatından bu seçim əsrlər uzunu davam edib! Bu, başqalarından ötrü qəliz məsələdir. Nimfanın baxışlarından isə iynə ucu boyda ağıl-məntiq oxunmur. Amma rənglərə söz olammaz! Əndamını yayıb ey yerə. Çəmənliyin düz üstünə. Yamyaşıl çəmənliyin üstünə. Sanki əndamı Yer anamızın ağuşundan boylanan ağappaq bir kökədir.
Uzanıb, uzansın da. İndi o heç qəhrəman-zad da gözləmir. Bir işıq şüasının intizarındadır... Ya da yağışın... Bir həşəratın... Bir durnanın... Göylərdən nə göndəriləcəksə, onun da intizarındadır!.. Yetər ki, yerdən biri olmasın, kirli-pasaqlı, satirəbənzər bir məxluq olmasın. Satirin nə umduğunu isə nimfa anlaya bilmir. Onun nəzərində satir — səfil-sərgərdan biridir... Uzunömürlü bir səfil... Səfilin mənzili (lap qafiyə alındı ha!) olmur. Satirlərin mortiri* olmur. Başqa nə qaldı?.. Bəlkə zir-zibili olmur?.. Yox, bu baxımdan sıxıntı yaşamazlar, əşşi. Bütün bu çöllüyü və zeytunluğu zibillə doldurmaqda sərbəstdirlər... hələ kolları, kolları və kolları demirəm...
Başqalarına mane olmasın deyə, bir pıçıltı eşidilir:
— Pyotr Petroviç... Bəlkə yerimizi dəyişək, hə?
Bunu deyən Çijovdur. Məktəb müəllimi rakursu kökündən dəyişmək niyyətindədir. Bunu mənim yerimə keçməklə edəcəkmiş.
Amma mən başımı bulayır və pıçıltıyla: “Xeyr” — deyirəm. Guya rakurs da doğru yanaşma tələb edir. Şəxsən rakursu yaxalamaqdan ötrü mənim sadəcə gözlərimi qıymam da yetərli imiş. (Əslində isə, həmin vaxt mən mürgü döyürəm. Canımı tənbəllik azarı alıb.)
Çijov Klyuşkinə üz tutur — o, bunun niyyətini əlüstü anladığından tezcənə yerlərini dəyişirlər. Afərin sizə! Zeytunluğun bunlara necə fərqli təəssürat bağışladığını təsəvvürümə gətiririəm indi. Zəhlə tökməyə başlayan o gonbulça nimfa yəqin onlara daha şux görünməyə başladı. Onların yerdəyişməsini görsə də, Nedoplyosov bir söz demir, görünür, bunu təqdir eləyir.) Daha sonra Çijov Dibıkinə üz tutur, elə hey təzə yer tutmağa can atır... Dəridən-qabıqdan çıxır! Yerini iki kərə dəyişmək — ikiqat rakurs deməkdir. Yaxşı müəllim həm də yaxşı şagird olmalıdır axı.
Kimdir axı o? Bu müəllim Çijov bəs həyatda necə birisidir? Xoşxasiyyət dərs hissə müdiridirmi?.. Yoxsa yuxarı siniflərdə kimya fənnini tədris edir? Çünki yuxarı siniflərin kimya müəllimi mütləq şux, bəzən dondan-dona girməyi bacaran biri olmalıdır... Maraqlıdır: qız şagirdlərinin ataları Çijovu heç döyübmü? O onuncu sinifdə oxuyan qızın şikayətindən sonra? Çijovun ən azı üç kərə məktəbdən qovula biləcəyi qənaətinə gəldikdən sonra xəyal gücüm artıq korşalır.
Ancaq bu əzabkeş hətta uzaq bir yerdə müəllim işləməyə də hazır görünür. Bu məktəb olmasın, başqası olsun... Çünki peşəsini sevir. Stezya!.. Hər halda ucqarlarda, Moskva yaxınlığında-filan özünə iş tapıb o... Ancaq oradan da qovulub! Bu səfər onu pensiya yaşı ötmüş biri kimi işdən çıxarırlar.
Çijov uçub gəldi — Çijov uçub getdi!.. Bəlkə də onunla birdəfəlik üzülüşərdilər, ancaq bütün yayı, həm də sovetsonrası məktəb düşərgəsində keçirməyə hansı pedaqoq razılaşar?! O isə buna razıdır. Həm də sözsüz... Bəs sonrası?.. Bəyaz çadırların üzərinə ilıq və səssiz gecə çökür. Elə ilıqdır ki, gəl görəsən! Rusiya axşamlarına doyulmur axı!.. (Hələ ilk görüşümüzdə Nedoplyosov mənə demişdi: “Sırf məişət zəminində yanaşsaq, sizin tarixçəniz çox da maraqlı gəlməz, çünki sizi döyməyiblər. Halbuki mənim pasiyentlərimin əksər qismi şil-küt halda qəbuluma gəlir”.)
Məişət zəminində? Şəxsən o kor-kobud Dibıkinlə bağlı mən hər cür dava-qırğını xəyalımda canlandıra bilərəm. Amma Çijov... Axı bu cür arıq, uzun, xoşsifət, öz yumşaq saqqalıyla göz oxşayan Çijovu necə döymək olar — axı pensnesini gözlərindən ayırmağa macal tapmayan Çexova necə əl qaldırasan?! Kobudlar!
Yay məktəb düşərgələri — hədsiz cansıxıcı, candərdi razılıq veriləcək bir şeydir, buna görə də tək-tük adam ora özxoşuyla gedər. O isə özü ağız açırmış... Dəstəylə yığışıb, şəhər kənarına gedir, adicə fanerdən tikilən o zavallı yuvalarda, əlüstü qurulan alaçıqlarda məskunlaşırlar. Bizimki üşüyür. Acır. Mədəsi doğranır. Cavan vaxtı, komsomolsayağı qidalandığı üçün “qazandığı” o mədə xorası özünü büruzə verir... Ancaq buna rəğmən də gedəsidir. Nə versələr, yeyər. Çijov nəyi desən, gözünə təpər!.. Ancaq onun, bu Çexova bənzəyən qocanın gecəyarı çadırların arasında necə dolaşdığını təsəvvürümdə canlandırmam əsl müşkülə, əziyyətə dönür... Ay işığı... Hamı yatıb... Əxlaq keşikçisi sayılan dərs hissə müdiri isə hələ yatmağa tələsmir.
Üşüsə də, uzun-uzadı çadırın önündə oturur və getmək bilmir... Yuxarı sinif şagirdi olan və yetişkin görünən qızdan gözünü ayırmır. Qız ya yatıb, ya da özünü elə aparır... O isə əlini uzadır ki, qızın buzlayan çiyninə düşən ot qırığını qayğıkeşcəsinə götürsün... Onun barəsində başqa fikrə düşmək, heç şübhəsiz, əsl donuzluq olardı. Məktəb uğrunda can qoyanlara mən qədir-qiymət verirəm. Əsl katorqadır ora.
Bu ziyalının əlləri ona tutulan divana görə yox, bundan incidiyinə görə hələ də titrəyir. Məncə, Çijov döyüldüyünə görə heçcə kimə hiddət bəsləməz... Uzaqbaşı, səsinin cır yerinə salıb, bir az çığırıb-durar, sonra isə için-için hönkürərək, ağlayar.
3
Bürküdür... Bürkü adamı həvəsdən salır... Çılpaq nimfa meşənin kənarında yuxuya dalıb, onun bəyaz əndamının seyrindən hayıl-mayıl olan satir Marsi isə kolların ardından hələ də boylanır. Cürətsiz hərifmiş... Heç cür ürəklənən deyil o... Əsla! Bunu anlayınca, onun həndəvərində dövrə vurmağa başlayır. (Nə bir azca yaxın düşür, nə də uzaqlaşır, həm də gözlərini nimfadan heç çəkmir.) Məhz talada dövrələr vurduğu vaxt Marsi qamışdan hazırlanmayan o fleytanın ayağı altda qaldığını sezmişdi.
İlahə Afina o fleytanı nəcib bir maralın sümüklərindən yonub, düzəltmişdi. Səhərlər bu aləti sırf özü üçün çalardı, bəzi axşamlarda isə — hamının zövqünü, qulağını oxşamaqdan ötrü. Elə axşamlarda Hera ilə Afroditanın istehzalı gülüşməsinin səbəbi isə Afina üçün qaranlıq idi. Onlar bir-biriylə baxışır, hətta hırıldayırmışlar, halbuki səslənən fleyta musiqisi həm yeni idi, həm də, təbii ki, misilsiz. Üstəlik, onun ifasından bütün qalan tanrıların gözü-könlü açılırdı axı. Xüsusilə də rüzgar səsini yamsılamalarından... Ancaq solo ifaları bu iki misilsiz gözəlin könlünü oxşamırdı. Bu da bir faktdır. Gözardı ediləcək xüsus deyil!
Bir səhər meşənin dərinliklərinə gedən Afina bulaq başında oturub, suya düşən əksinə tamaşa etməklə, özü üçün fleyta çalmağa başlayır. İşə bir bax!.. Ovurdlarını şişirib, hava çatışmazlığı ucbatından üz-gözünü gərdiyindən özünün necə çirkin göründüyünə şahid olur. Belə çıxırdı ki, fleyta çaldığı vaxt onun ilahi gözəlliyə malik çöhrəsi eybəcər hala düşürmüş... Elə həmin an Afina fleytasını bir kənara tullayır və onu əlinə alacaq hər kəsi də qarğıyır.
Zavallı Marsi isə o misilsiz səslər çıxaran aləti yerdən qaldırdı. Bundan yeganə məqsədi isə öz ifası ilə nimfanı feyziyab eləmək idi. Bunu etməklə, o, kiməsə meydan oxuduğunu, çətin ki, ağlına gətirəydi. Onu öz şənliklərinə dəvət edən hiyləgər kəndlilər əslində satirin başını tovlamışdılar. Haydı, çal, durma, çal! Guya həmin məclisə nimfa da gələcəkmiş... Dəvət olunubmuş...
Bu toy-büsatı bir az da qızışdırmaqdan ötrü onlar bu yaradıcılıq yarışına lirasıyla birgə Apollonu da çağırmışdılar... Sənət ilahəsi də şənliyə gəlmişdi. Bəyəm ilahə hansısa satirdən çəkinəcəkdi ki?! Əsla! Beləcə, iki fleyta arasında yarış başlanır. (Lira isə nisbətən gec səslənir.) Bütün günü, ta hava qaralanacan çalsalar da, qalibi təyin eləmək bir elə də asan olmur. Heç biri digərindən üstün deyilmiş. Hər iki iddiaçını dinləyən yunanların verdiyi səslərin yarı-yarı olması əsl qalmaqal doğurur.
Bundan alınan Apollon Olimp dağına, öz həmkarlarının yanına yollanır... Deyir ki, qoy yekun qərarı tanrılar versin. Bunu deyib, qapını çırpmaqla tanrıların yanından ayrılır. Məhz ona səs versinlər deyə, heç kəsə ağız açan deyilmiş o. Xırdaçı biri də sayılmazdı... Olimpdə məskunlaşan həmkarları isə çox düşünüb-daşınmadan öz aralarında qiymətləndirmə aparıb, üstünlüyü məhz ona verirlər. Apollon deyir:
— Onda vay məğlubun halına!
Və cəzalandırmaq barədə hökm çıxarır: Satirin diri-diri dərisi soyulsun...
Nimfa da orada imiş... Satirin dərisinin necə soyulduğuna baxacaq halda deyildi, ona görə də öz çəmənliyinə tərəf qaçdı. Çimdikdən sonra taladakı çəmənliyə uzandı... Həmin vaxt zavallı Marsinin dərisini soyub, mağaranın girişindən asırlar. Əsrlər boyu qalsın deyə... Bu zaman fərqinə varırlar ki, ifaçının həssas dərisi kənddə çalınan fleytadan yüksələn ən bəsit və həvəskar ifalara da qarşılıq, təpki verir, təqtə uyğun bir şəkildə dalğalanıb, durur. Fleytanı tanrılar çalanda isə həmin dəri hərəkətsiz qalır, qımıldanmır.
Bu Dibıkin — əsl satirmendir. Qafatası iridir. Tüklü-müklüdür... Bədəni əzələlərdən ibarətdir bu qocanın. Ətrafındakı dünyaya da həm pəhləvana xas kütlüklə, həm də içi qorxuyla dolu bir uşaq kimi baxır. Özünün bu uşaqsayağı xislətini gizlətməyə də çalışır. Onun nəzərində elə bütün insanlar guya böyükmüş.
Sağa-sola əyilməklə, rakursu vaxtaşırı dəyişmək tapşırıldığından Dibıkin yerindən tərpənir, amma bunu taburetiylə birgə edir. Bunun daha asan olduğu qənaətindədir. Axı niyə oturacağından qopsun və yanbızını ondan ayırsın?! O, artıq taburetlə bir küllə çevrilibdir. Ora-bura sıçrayan qurbağa kimidir: bir metr sağa — şap-şup... bir metr irəliyə — şap-şup... Onun bu sıçrayışlarıyla çıxartdığı səs-küyün bizi bezdirdiyini isə anlamır ki, anlamır.
Nedoplyosov ona irad bildirir:
— Dıbıkin, baş-qulaq aparırsan ha.
Sonra gülümsəyərək əlavə edir:
— Hə, cənablar, öz kentavrımız da var artıq.
Dibıkin ona deyilənləri eşitmir. Sıçramağına davam eləyir. Bu əsnada baxışlarını slayddakı toppuş nimfadan, o bəmbəyaz ləkədən də əsla ayırmır. Bu dəfə sola sıçrayır — şap-şup!.. Çənəsindən də sapvarı selik sallanır.
Mənsə mürgüləyirəm. Çevrəmi tanrılar, satirlər, nimfalar bürüyüb... onda kentavrlar niyə bürüməsin ki?.. Mifoloji dərinliklərə dalıram.
— Əsrlər boyu kentavrlar insan qəlbində ən ülvi duyğular oyadıblar.
Heç elə deyil, cənab Nedoplyosov. Heç elə deyil... Geniş yayılmayan bəzi əfsanələrə görə, KENTAVRLAR — üzdəniraqdırlar. (Yarıminsan olduqlarına görə.) Bu məqam əsla unudulmayıb. Ancaq hamı bunu unudubdur... Deyəsən, o acıdil britaniyalı Sviftin kentavrları görən gözü yoxmuş. O, bu vecəyaramaz hibridi təkrar iki qismə ayırmaq istəyirmiş. Gerçəyə can atırmış o. Geriyə, geriyə dönməyə!.. Ünsürlərin ilkin saflığı onu özünə cəzb edirmiş. Və Svift onu ayırmağa nail oldu — kentavrları gözəl atlara və iyrənc yehulara ayırdı.
Söhbət zavallı Marsinin dərisindən düşən kimi bizim yekəpər Dibıkin əsəbiləşir, üz əzələləri gərilir. Sakitcə dişlərini qıcırdatsa da, bu, diqqəti çəkir. Şəxsən o, rəqibinə təslim olmazdı. Öz dərisinin soyulmasına yol verməzdi (həm də sözün həqiqi mənasında). Nəyin necə olduğunu onlara başa salardı. Hətta özü o Apollonun böyrünü eşib-tökərdi! Bax, onda bilmək olmazdı əsrlər uzunu rüzgarda əsən o dəri kiminki olardı...
Taburetiylə birgə döşəmə üstə dövrə vuran kentavrımız Dibıkinin bağırtısı bütün sinifi başına götürür. Adam var gücüylə bağırır. Demə, o məsələnin məğzini daha dərindən anlayıbmış:
— Əsas məsələ — fleytanı tapdamamaqdır!
— Pyotr Petroviç... Rakursa köklənin!
Bunu deyən yenə də Nedoplyosovdur. Ona həmən hay vermirəm.
— Pyotr Petroviç!
— Hə, hə, dəyişirəm... gözlərimi qıymaqla dəyişirəm.
— Bəs sonra nə baş verir?
Həkim Nedoplyosov məni yaxalayır. Deməli olduğum ifadəni xəfif bir kinayə ilə mənim əvəzimə dilə gətirir:
— ...Və sonra artıq nimfa özü sizi izləməyə başlayır. Elə deyilmi?
Eyb etməz, qoy öz istehzalarına davam eləsinlər... Onların öz baxış bucaqlarını tez-tez dəyişmələri mənə nə maraqlı gəlir, nə də məni cəlb edir. Əsl bazardır!.. İştirak etmirəm! Sizlərə qatılmıram... Dörd yanımdakılar bazar açıblar, dəllaldırlar, havalanıblar, mən isə onlara qoşulmur, sadəcə gözlərimi qıyıram. Gah sağ, gah da sol gözümü. Edib-edəcəyim yeganə dəyişiklik budur, vəssalam.
Artıq Dibıkin özünün ora-bura sıçradığı taburetindən əl çəkib, durmadan yerlərini dəyişməyə üstünlük verən Klyuşkinə və məktəb müəllimi Çijova qoşulub. Artıq üç nəfərdirlər. Nəylərinə gərəyəm ki, onların?! Əcəb də dəllal imişlər!.. Üçü də keyfə qapılıb. Haydı, irəli, qocalar! Ey donuq təxəyyül sahibləri, irəli! Əgər obyekti gözümə daha iti və yeyin templə yaxınlaşdıra bilsəm, onda mən bu səs-küydən uzaq talanın, bu yuxulu çəmənliyin və bu yatan sütül qızın da əsl sahibinə çevrilə bilərəm. Üstünə nə örtüb elə?.. Əşşi, heç nə, eləcə qısa və ensiz bir qumaş onun bəmbəyaz və toppuş ayaqlarının arasına sərilibdir. Daha dəqiq desəm, budlarının arasına sərilibdir.
Onlar aram bilmədən, sürəti getdikcə artırmaqla, yer dəyişirlər. Klyuşkin Çijovla, bir yerdə qərar tutmayan müəllim Çijov isə Dibıkinlə!.. Sonra bu Dibıkin Klyuşkinlə, Klyuşkin isə öz növbəsində təkrar Çijovla!.. Fasiləsiz qaydada... Əgər onlara yuxarıdan baxsaq, ümumi mənzərədəki dinamizm daha bariz şəkildə nəzərə çarpar. Sanki nəhəng (və gözəgörünməz) bir varlıq bu üç qoca ilə “üskük-üskük” oynayır.
Amma görünən odur ki, yiyələndikləri yeni baxış bucaqlarının bu satirmenlərə gətirdiyi sevinc də sən deyən uzun sürmür. Qarşılıqlı şəkildə bir taburetdən digərinə (isinmişdən başqa isinmişə) cummaları bir az da tezləşir. Bizim qocalar hərəkətləniblər. Hey vurnuxurlar. Gah ora, gah bura... Ora-bura... Bu yerdəyişmələr əsnasında pəncərənin önündəki yeri tutan şəxs hər dəfə nədənsə qismən ləngiyir, çünki oradakı dəliyə bir səhər şüası düşür... Onu tez durğuzurlar... Oradan qovurlar, “vaxtdır, tez ol, tərpən” — deyirlər ona!..
Öz “üsküklərinin” yerini dəyişən o nəhəng və gözəgörünməz varlıq da əldən iti tərpənir deyəsən. Əlinin altındakı hər üç qoca əcəb sürətlənib. Lap çılğına dönüblər. Bir rakursa tam köklənmədən də onu dəyişməyə tələsirlər. (Olmadığımız hər yer bizə daha cazibədar gəlir axı!)
Çijov pıçıltıyla mənə səslənir:
— Pyotr Petroviç!
Yerindən sıçrayıb, çiynimə toxunur — yəni gəl, gəl bir səninlə də oturacaqlarımızı dəyişək, pəncərə önündəki yerimə keçsənə!
Başımı yırğalayıram — yəni istəmirəm.
Amma o da üzlüdür, hələ məni tələsdirir də — getsənə, Pyotr Petroviç, bura sənin üçün alaqaranlıqdır. Soyuq çəkir. Yelçəkər də var hələ.
— Xeyr, yel-zad çəkmir.
Təkidlə:
— Çəkir deyirəm, çəkir! Sənə ziyandır! — deməklə, bu qocaman müəllim qətiyyətimi qırmağa çalışır.
Əcəb sarsaqlayır ha bu. Bütün ömrü boyu insanoğlu pəncərə önündə yelçəkərdən, rüzgardan zərər görür, divar dibində oturanda yox — bu gerçək hər kəsə bəllidir. Belə mənasız fikri yenə Dibıkin dilinə gətirə bilər... Elə Klyişkin də... Bir məktəb müəllimi isə — əsla..
O sırtıq Çijov az qala zorla məni taburetdən qaldırmağa cəhd göstərir. Əcəb ilişmişik ha! Mən də məcburən — qaçacaq yerim yoxdur — onun iradəsinə tabe olur, rakursu dəyişmək xətrinə pəncərə tərəfə gedirəm. Çijovun taburetinə əyləşib, ekrana boylanıram — hə, bununla nə dəyişdi ki?.. Yenə o daima çılpaq və daima gözoxşayan pərini görürəm qarşımda... Sığallı-tumarlı o çəmənliyi. Qürbət ellərə xas o zeytunluq var bir də önümdə. Amma bikarçılıqdan (ya da baxacaq bir şey tapmadığımdan) bizim bu dünyadan təcrid olunan məkanımızın pərdəsindəki aradan bayıra boylandım. İlahi pərvərdigara!
Bizimkiylə yanaşı binanın birinci mərtəbəsində, düz pəncərənin önündə sütül bir qızcığaz yatmışdı. Həm də capcanlı!.. Üstü yarıaçıq halda yatan bu toppuş yanaqlı qız necə təravətli idisə, hələ çənəsindəki bircə damla ağız suyu da sezilirdi. Yəqin ağzının kənarından süzülməklə, gəlib orada dayanmışdı... Nazik yorğandan kənarda qalan bir çiyni və döşü aşkar görünürdü. Onun bəmbəyaz dizləri isə bunlarla müqayisədə daha aşkar sezilməklə, adamı özünə cəzb edirdi. Əcəbdir!
Görünür, bu üçmərtəbəli bina əvvəlcə bərpa mərkəzi kimi nəzərdə tutulubmuş. Onun iri və kirli pəncərələrinin ardında dartınma lövhəsi və trenajorlar gözə dəyir... Hətta səbətli basketbol lövhəsi də var orada. Ancaq bu inventarları hələ də pas və toz basır. Deyilənlərə görə, oranı kim isə satın alıbmış... Danışırdılar ki, bu yaxında...
Amma bina bomboş durmaqda idi. Boş binadakı qızcığaz isə hər ehtimala qarşı orada idi, yəni gecə qarovulçusu kimi bir şey. Bizlə onun arasındakı məsafə on beş, iyirmi addım ancaq olardı. Uyuyan möcüzədir ey o!.. Budur, öz taburetini sürütməklə, Dibıkin də “pəncərə önündəki öz mövqeyini” tutur! Qocaların hər biri o səmtə cumur, ora tələsir nədənsə. Ağzının seliyi axan bu həriflər hələ də yer dəyişirlər axı!.. İndicə deyəcəklər ki, yerini bizə ver. Burada yaman çox ləngidin ha, Pyotr Petroviç!
İndi belə şeyə sıx rast gəlinir: sütül bir qız ölü binanın keşiyini çəkir. Sırf görüntü xatirinə. Qəpik-quruşa, təbii ki... Qəfildən fərqinə varıram ki, əlimlə, barmaqlarımla, az qala dırnaqlarımla öz taburetimdən yapışmışam... və barmaqlarımın qanı qaçıb! Hələm-hələm buradan çəkilən deyiləm! Pəncərədən çəkdiyim baxışlar indi də ekrana, yəni o nimfadan bu nimfaya zillənir. İçimi qəribə bir təlaş hissi bürüyür. Çünki bu guşədə daimi qalası deyiləm. İndicə buradan qovulacağam.
Yox, o ətli-qanlı qızın bədəninə çox da valeh olmamışam: sütül qızlar cavan ikən adamın gözünü-könlünü oxşayırlar. Havaya baxsaq, yəqin o, soyuqlayıb da hələ... Yuxuda ikən yüngülvarı mışıldayırdı hələ... Səmimi etirafa qalsa, canlı nimfa tablodakı nimfa ilə əsla yarışa bilməzdi. Ancaq o, yəni canlı olan, mənim ağlımı yerindən oynatdı. Onu tamam oyatdı. Məhz indi mən oraya, o zeytunluğa girə, dala bilmişdim... Hə, yel sürətiylə qaçıb, oraya girmişdim!.. Məhz bunun ardınca ekrandakı nimfa tam mənada nəzərimdə canlanmışdı.
Əsl rəsm əsərini anlamaqdan ötrü gərək ona məhz bu cür dalasan. Ürəyin əsə-əsə yox, dəlisov bir sürətlə dalasan. Rəsm əsərinin içinə, eynilə tramplindən qarlı cığıra tullanarmış kimi, tullanasan gərək. (Bundan ötrü ayaqlarına taxdığın, havanı əzmlə yararkən ora-bura əyilə biləcək xizəklərini də gərək aralı tutasan.)
Həyat və rəsm əsəri arasındakı bu fərqdən ürəyim sıxıldı. Bu təşnəliyin izahı müşküldür. Mən keyləşib qaldım... Yuxudakı qız o ara yatağında yana çevrildi. O da bizə oxşayır. (Rakursunu dəyişir.) Nazik yorğanı və mələfəsi də yana sürüşür... İlahi... Sən bir işə bax. O yuxudakı zavallının... O qızcığazın... Hə, o sütül qızın sol ayağında pəncəsi yoxmuş, sən demə.
Xoşbəxtlikdən, yorğançanın bir kənarı onun qasığını və qarnını örtür. Bu, klassik bir pozadır. Onun açıqda qalan bəmbəyaz dizləri isə elə göz qamaşdırıcı və cazibədar idi ki!
Fikrim-xəyalım qıza necə kökləndisə, qoltuqağaclarını aradı baxışlarım. Ya da dayağı olan əsanı... Yox... Heç nə görəmmədim...
Ancaq bir məqam diqqətimdən yayınmadı. Şikəst qızın yatdığı o açılma çarpayının altında bir şey gördüm... Taxılıb-sökülən protez idi bu. Gecələr onu çıxarırmış. Ucuzvarısından idi... Ona qaba, iri bir çəkmə də taxılmışdı. Həm bağları vardı, həm də metal qıynaqları.
Qızın halına acıyıram, kimə (yəqin qəfil yaxalandığım üçün özümə) dediyimi bilməsəm də, burunaltı mızıldanıram:
— Protezsiz canı rahatlıq tapır. Təbii ki, elə yatmaq daha rahatdır...
Arxamda dayanan Çijov məni tələsdirir (hə, baxdın, yetər, haydı, boşalt bu yeri) və irad bildirir:
— Başqa səmtə baxırdınız.
Ayaq pəncəsidir də, amma guya biz qız ayaqlarının nisbətən üst qismlərinə tamaşa etməliyik. Nağıl da o bükümlərdə uyuyur... Gözəllik də... Görə bildiniz?.. Nağıl diz bükümlərində uyuyurmuş.
— Anlamadım... Nəyi qəsd edirsiniz? — deyə təkrar soruşuram. — Necə dediniz?
Geniş kütlənin nadanlığından tamam bezibmiş kimi o qocaman məktəb müəllimi donquldanır:
— Mən deməmişəm ey... Bunu Qumilyov deyib... Şair Qumilyov. Nağıl diz bükümlərində uyuyur.
*Mərmisi.— Tərc.