“Himn” silsiləsindən

Xəlvətdə

Comərdliyin aşiqi, söhrətin biganəsi
Ürəyimə atdı eşq oxunu, yox gülləni.
Sərhəd qarovulunda əvəzsiz əsgər kimi
Qoruyuram mən sənin sevincini, çiləni.

Yaralasa gül açar əsatir güllələri,
Tikanlar — eşq bəkçisi. Qocalmışıq, indi mən
aşiyanda həm çanaq anteninəm, həm dərin,
həm hava xəbərləri, həm telefon əlaqən.

Unutsunlar qoy bizi dostlar, düşək darlığa —
Vaxtda didərginik biz eyni təşviş yüküylə.
Elə ki taqət olmur qucaq açım varlığa,
Düz ənsəmə yol tapır ürəyimdən o güllə.

Qoymur ki, rahat olum, qoymur ki, hərdən mən də
Axmaqlıq edim bir az. Odur ki, gözüm iti,
Odur ki, görürəm bu sahmansız bağ evində
Sətirlər uzandıqca ömür qısalır, itir.


Vanna otağında

Səni mədh eləyirəm, köpüklənir sözlərim,
Dərin suyunda səni çimdirirəm eşqimin.
Saçım ağdı iyunda aytək ey ağ şahinim,
Ölümdən heç danışma, danışma ki, eşidim.

Dənizlərin sultanı suları dələn kimi baxışın məni dəlir,
Nitqin külək kimidir, indi sənin nəfəsin iliyimə işləyir.
Dünyadan vecsiz gedir unudanlar əcəli,
Ölümü düşünmədən həyatı anlamaq da, əlbəttə, mümkün deyil.

Bu xarici şampunu yayıb gülüb deyirəm:
— Əziz qocam, suları daim yaşıl dənizim!
Xələtin asılıbdı sobanın əyrisinə,
Güzgüdə də buğ deyil, göz yaşımdır, əzizim.


Meşədə

Mənim gözlərimdəki dondu əbədi axşam,
Sənin gözlərindəki əbədi buz əridi.
Sən işıq, mən kölgəyəm — el diliylə danışsam,
Katodla anoduq biz — bu da elmin dilidi.

Sənin arvadınam mən, düşürəm ayağına —
İsladıb göz yaşıyla, suyuyla qabırğanın.
Belə xəlq olunmuşam, Adəmim, nurum, ağam,
Qurudursan sən indi nəm meşə torpağını.

O cənnət ki, yaşadıq, qeyb olubdu min ildi,
Bircə tək eşq qalıbdır, yerin-göyün mənası.
Troya ədavəti bitmir, uzanır indi
Qızıl dəri uğrunda insanın təmənnası.

Əvvəl qızıl dəriyçün, sonra qızılı qumsal...
Şairlər, nəğməkarlar elə söz üyüdübdü —
Bəla sayıblar eşqi — doğub saxta misralar —
Roma canavarının kəsilib hətta südü.

Sairlərin nə suçu, sözdən söz çıxarıram,
Necə ki, elə indi yapışıram boşluqdan.
Nurum, kölgən itməz ki ağlının çoxluğundan,
Sən çəkilib gedəndə səssiz qeyb olar o da.


Yafa qapısında

Mənəm, sənin Sulamifin, qoca şahım, Süleymanım.
Gücü gedib qollarının, amma iti baxışların,
Hər şey sənə agahdırsa, yaşıl dikə baxıb, canım,
Görmürsənmi arasında üzüm yığan qarıların
Topuğacan qara paltar geyən mənəm, sənin yarın.

Soyundursan çaşarsan sən, qarnım qumsal — qırış-qırış,
Ayağımın söyüd kimi qıvraqlığı itib çoxdan.
Qədim xurma ağacının meyvəsi tək sinəm salxmış,
Cırcırama qanadıtək damarlarım çıxır altdan.
Hərdən Yafa qapısında dururam mən başı batmış.

Amma yaxın gəlmirəm ki, neyçün məyus edim şahı?
Kişi ruhu önəmlidir qadın üçün gözəllik tək.
Ağuşundan soyumuşam, qoy yenidən mən alışım.
Dəli şəhvət öz yerində, məni nəğmən hey çəkəcək.
Eşq dediyin bu nəğmədir, o doğubdur bu yarışı.

Eh, sözlər ki, pıçıldayıb varlığımı kül edirdin,
Saçlarımı bənzədirdin odlu Günəş qotazına.
Bir çoban da bəs edərdi adi şəhvət üçün yəqin —
Coşqu ilə qaynayar qan hər səbəblə azdan-çoxdan,
Amma uçmaz, uçmaz qəlbim dəymiş ərik tükü kimi.

Arı kimi dadırdım mən çiçək-çiçək sözlərini,
Doğrudanmı, sənə qədər bir kimsənin yazmadığı
Eşq nəğməsi, əziz şahım, sənin idi, sənindimi?
İndi nolub yenilmisən, buraxmısan sarayına qocalığı,
Qızıl bütə, yad inəyə tapınırsan yoxsa indi?

Sənin üçün səndən uzaq dua edib yalvarıram
Bütün gücüm, qəlbim ilə. Bu gecənin ortasında,
Elə indi gil boşqabda bax yeddi şam yandırıram,
Kül sürtürəm birçəyimə, ağ saçıma topa-topa;
— Bütü sındır, şahı qoru! — qaftanıma əl atıram.


Bağda, oturacaqda...

Ot-ələfin içində, bağda, oturacaqda
Günboyu oynayırıq dəli kimi “duraka”.
Qədim mülkədarların yaşında-avazında
Bu iki ahıl qoca nə iş görsün ki, başqa —
Bu adamsız günlərin yabanı peyzajında?

Günlər adamsızdısa, vecsizdi qayğıları —
Artırmanın dayağı, darvazanın tayları,
Həkimxana hardadır, dərmanı necə alaq?!
Qədim mülkədarların başqaydı “ah-vay”ları —
Pəncərəyə ətirşah, ya da kompot bağlamaq.

Qəzet-kitab oxumaq günboyu yorur əlbət,
Xüsusən də qəzetlər, xüsusən də ki, qeybət.
Odu kart oynayırıq. Bir məsələ var amma —
Sən uduza bilmirsən, fərq etmir: oyun, həyat!
Anlayıram uduzmaq biçilibdir boyuma.

Uduzanda dönürsən sən yaralı pələngə.
Savaş da bir azardı, kişilər çıxar cəngə
Zamanın səhnəsində. Şükür, sən qurtulmusan
Qanlı Stalinqraddan, qaynar qazandan hələ.
Bu səfeh sözlərimə, neynirsən, qulaq asma.

“Dama kərpic” — güllüdür, “dama ürək” — qırmızı.
Ən böyük qənimətin mənəm — yəni, “xaçlı”sı.
Düzdür, asan şikaram, burda yenə də “tuz”san.
Axşamlar oynayırıq... Səhərdi ən yaxşısı —
İlham pərilərinin hüznünə uduzasan...


Göldə

Əzizim, qoy qadınlar olsun qışın dərdində,
Heç nə vecimə deyil, elə indi, burda bax,
Həyat ilə doludur hər şey — sugülü, yarpaq —
Yaşıl yazıdır sanki mavi su vərəqində.

Salam var Odessadan sənə, mənə — Bakıdan.
Əvvəlkitək... Nə olsun, nə olsun ki, Moskva...
Darıxırıq. Səslənir otluqdan “kva-kva”.
Darıxırıq. Səslənir budaqdan “ku-ku”, “dan-dan”.

Banlayıb qurtarıbdı imperiya. İndi biz
Doğduğumuz o yerlər bambaşqa ölkələrdi —
Yox, bu misra deyil ki, ürəyimə neştərdi.
Kal armuddan betərdi... tutulub boğazımız.

Orda artıq şabalıd rusca çiçək açmayır,
Əncir rusca danışmır, heç nə dönməz geriyə.
Kədərlənmək ayıbdır — dağılıb imperiya,
Süqutu, dağıntını görməmək də bir ayıb.

Sözün qış ehtiyatı heç bir zaman az olmaz.
Dağılıb qəlbimdəki qüssənin, hüznün yurdu
Sənin ümidin ilə. Qorxma, süqutun qurdu
Nə qədər bir yerdəyik — mənə dəyməz, toxunmaz.

Qara dənizin səsi sənin qulaqlarında,
Mənimkində çalxanır dalğaları Xəzərin.
Duayla bitirirəm kədərli qəsidəni:
Xeyirxah bir duayla — qopur dodaqlarımdan.


* * *

Sən cələngin qurbanı, mən tikanın şikarı,
Etiraf eləməyin bir ayıbı yox axı.

Zamanın gözlərinə dik zillənmək gərəkdi —
Orda Qolqofla Favor birləşibdi, yekrəngdi.

Biz gəncik, amma qoca saymaq da olar, bəli,
Taleyin əsrarəngiz zərbələri belədir,

Əvvəla, çox iş gəlib başımıza; ikinci,
Sağ saxlanır qurbanlar, olurlar lap birinci

Ucalığın əliylə.

Автордун башка чыгармалары

3 Чыгарма