Sən yüz il...

* * *

 Sən yüz il
gizlicə
ürəyimin altında yatdın
bətnimdəki körpə,
sandıqdakı qədim əşya kimi.
Yüz il
əlimdə durna teli tutdum,
düşündüm,
uçan ilandı bu.
Uşaqları nəzərdən qoruyan dağdağandı,
gözmuncuğudu.
Sahilə çıxmışam,
dişlərimin arasında xırçıldayan
gildən, qumdan, otdan,
doğma elin
yonqarından arınıram.
Bu,
torpağın, çiyələyin
sevgi qoxan mayasıdı,
bu qayəni
mətnə çevirirəm.

 Sevgim qüssəmlə eyni boydadır,
yumağa çevrilir.
Quşlar dinləyib dağıdır,
lələk
dartınır əlimdə,
səni sandıqdakı cehiz kimi saxlayıram ürəyimdə
şərid kimi.
Köhnə yaraları saran sarğı kimi, ip kimi
deməyə nə qədər sözüm var.
Göy üzü,
göy üzü söz saxlamaz,
sözlə dolu
nənni yelləyirəm
və gələcəyə toxunuram,
zərif durna teliylə
mən qaranquşam,
dənizin o üzündə yaşayırdım,
qayıtmışam,
dənizi yandırmışam.