“Dirijabllar” silsiləsindən

Kənd qəbiristanlığı

Mətbəxi böyük, yataq otağı meydança, labirint evimi tərk edərkən,
və yarım əsr əvvəl parçalanmış gəmimizi arabada
hissə-hissə daşıdıqları yolla asta-asta addımlayarkən —
dağları dizlərin açdığı çökəklərlə dolu bir izlə — tüstüləyirəm, yanıram da.

 Atların hərəkəti çaşqın, yolları yanlışdır, diş-diş pillələr.
Deməli, utanaraq düşündüklərimdən alınan budur...
Üzüdöşəməyə, dizi və əlləri üstə dayanıb düşündüyüm adi bir layihə.
Halbuki alçı dura bilərdi aşıq, dik durardı kibrit qutusu.

 Həmkarlarım ölümü necə təsəvvür edirdilər? Sıradan çıxmaq kimimi?
Hündürlüyü itirəndə geri qayıdacaqlarınımı sanırdılar?
Yəni bu yerlər yol verəcəkdi onlara — bəlkə, uzun körpüdə və gecənin
Qaranlığında üzbəüz gələn, fitlə bir-birindən ayrılan qatardılar?

 Yox, çənələrinə iplə bağlanmış papaqlarla, kürəklərində təlim kuklası,
onlar yana baxırdılar, sönük partlayışın hələ də kənarda qaldığı səmtə —
gərilmiş ipə bərkidilmişdi, düz çayın ortası...
Sahildə divarda yastılanıblar dili dodaqlarında kərtənkələlər.

 Meydanda krinolinlər dedi ki, daşa döndü döymə dirijabl —
buludlarda Meduzanı da gözdən qaçırdı, hətta zenitə belə çatmamışdılar.
Velosipedçi qızların günəş vannası, əsmərliyi yodludur, sanki fındıq
                                                                                                     yığanlardılar,
idman geyimlərində və alınlarında mis-nikel eynəkləri — unudulmuşdular.

 d’Esküveli aparatını, kürəkdə qatlama o nərdivanı xatırlayıram indi,
qaya üzərində hərəkət edərkən vintlə dəyişik saldığı o dolama pilləkəni.
Şüşətəmizləyən buxarlanan kimi çərpələnglərin sülaləsi kəsildi;
aeroplan hələ də əvvəlki yerində dövrə vurur, onunla silirlər ön şüşəni.

 İndi xardal rəngli fotolara baxıb firuzəyini, onların bayram qondollarının
və küləkdə yellənən lentin rəngini təsəvvür etmək çətindir,
lakin aydındır ki, onların dirijablı ovulan və qat-qatdır kombinezonları onların.
Bədənlərini yerdən götürdülər, səhərəcən su salmışdı barmaq izləri.

 Sinir ucları üfüqünün arxasından başlanır təbiət. Qaranlıqda asılıbdır
vadi — boyumuza görə deyil. “Zum” obyektiv səthdə nə qədər gəzirsə,
detal bir o qədər yaxın, amma inadkardır. Məna tələsi burdadır.
Və dişbatmazdı dombagöz atom — bir-birindən hər nə qədər təsadüfən
                                                                                                    itələnirsə.

 Axşam sakitdir. Feil səssiz. Və ən ehtiyatlı pirkal çöküşdədir.
Rəsm dərslərindəki kimi xışıltılar — qulağa yenidən həmlədi.
Cücü üfüqlə hərəkət edir; heç kim onun ayaqcıqlarını saymağa cürət belə etmir,
heç kim. Bərəçi avarını suyun üstünə qaldırdısa da ancaq çəkmədi.

 Uzaq tövlədən yüngül dırnaqları üstündə düz gedən qoyun,
səmada qaçır və başını quyruğuna doğru çevirir, sonra barmaq uclarına,
vurnuxur, güzgüdə görməyə çalışır kürəyini — bir ovuc yun.
Ah, görəsən indi hardadı Parmicanino, uçuşda boynunu uzadardı yoxsa.

 Zəhəri-yaşıl qəbiristanlıqda səyyar heykəl ucaltdım, ləngərli.
Divarlarında hava balonu çəkdim.
Kölgələrdən təxmin edirəm — onlar çadırın üzərinə səpili.
Eyni bucaq altında və qatlanan 36 alət kimi.

 Bülövlər, mişarlar, konserv bıçaqları və sınır işıq donqar ülgücdə,
burmalar, dırnaq dibləri üçün alətlər, buraclar və qarmaqlar...
Propelleri qövsboyu kim kəsəcək, kim Bilbao yığacaq kəsiklərdən.
Bıçağın arxa tərəfində günbəz kimi şişərək niyyətini gözdən keçirir kainat.

 Onların hava şarlarını şəhərətrafının səmasında çox vaxt aparıb endirirdi
                                                                                     ustad olmayanlar.
Şarın örtüyündən səs çıxır, sağa-sola doğru sıxılıb əyilir.
Xəyali onurğanı qucaqlayır. İçəridə bucaq altında qoyulmuş pedallar
itələşir və budur — şar açılıb və onun üzəriylə stratonavt keçir.

 Avtomobillərdə dimdik duraraq — və küçələrdə vərəqlər — səpələnərək gips
SES səmada və kinoda perforasiya üçün üyüdülməyə başladı.
Atlılar, fotoqraflar, uşaqlar arasında — Vasenko, Fedosenko, Usıskin.
Və hər birinin profili “heç bir amma ola bilməz” ifadəsinə tərəf kənarlardan
dartılıbdı.

 Niyə mavi gözlü cərrahlar bədənə sağdan nazik platinlə girdilər,
ustalar balzamla — soldan, alından isə hipnozçunun tutqun boyalı çəliyi.
Hava üzücüsünü yenidən sükan arxasına qaytarmaq istəyirdilər,
amma o dağılırdı və cihazların pətəkli dişləri onu ağırlaşdırıb çeynəyirdi.

 Başqa ölkədə, başqa zamanda o sıra ilə düzülmüş hərəkətsiz
dəniz laynerlərini qoruyardı, onlar — endirimi gözləyir, o isə itlərin müşayiətiylə
projektoru o yan — bu yana tutub Nevadanın jalüzlərini endirirdi,
açıq anbarlarda fyüzelyajı qamarlayırdı yapışqanlı əllə.

 Bəlkə, qaçaq düşüb, damlarla qaçır, hamı da arxasınca, alçaq külək gölməçələri
                                                                                                           daraldır
oxlarla silahlandıraraq, o isə dabanlarından göydələnin kənarından sallanıb?
O, sakitlikdə öz dirijablını biçir dərzi kimi və film titrlərində aşkarlanmayacaq adı.
Və “lastik”dən rezini üfürərək toxunulmazların reflekslərini layihəyə salır.

 O, təəccüblənirdi. Nikola Teslaya yazırdı: “Planetlər işıqlanacaq. Ölülərlə
yüklənmiş, yoluxmuş örtüklər partlayacaq — çarx zədələnir, parçalanır.
Yeri ölmüş pilotdan başqa səma ilə kim birləşdirər?
Mədəndə çömbəlmiş şaxtaçı elektrik panelindəki ildırım işarətini xatırladır.

 Relyeflər, bütlər, lövhələr, qurbangahlar, amma üzünü çevirən kimi–işləyirlər
                                                                                                          dirsəkləri ilə,
yerlərindən qoparaq yüksəkliyə qaşqabaqlı meymunlardan daha sürətlə
                                                                                                           götürülür,
kim təbii seçmədən keçmirsə, o dartır məftili öz ətrafında sakitcə,
hasarı keçməmək üçün yapışqan elektrik axını görünür.

 Yenə də dərinliklərdən israrlı işıq püskürəcək və qlobus düzləşəcək,
əzilmiş kağız lüləyə üfürürmüş kimi,
yumru düzləşəcək, hamıya dil göstərəcək və vahid uzanacaq,
və altımızda qalan buludlardan yolu hesablayacağıq”.

 Hamı Jaka və Jozefə çata bilməz, hərçənd onların başında zərfi dolduran
siqaret tüstüsünün onu tavana dartacağına inamı az deyil.
— Hərflər kağız üçün deyil, daş üzərində yazın, — qazanları kənara ataraq uçdu
Monqolfyerlər.
 Manufaktura qravürdən götürülüb. Borey qəbirüstü misrayçün suflyorluq edir.

 Həyətdə dəmir yonqarlı əlli çəllək. Həyasız ammonyak gözləri acışdırır,
ona görə hamı maskadadır. Turşu boruya dolanaraq metalı içəridən dişləyir.
Təhlükəni vakxların dövrəsindəki Orfeydən daha kəskin hiss edən hidrogen var.
Və çılpaq adam mütəxəssislərə sxemi öz üzərində göstərir:

 Biləkdən dirsəyə uzanmış ip. Boyuna dolanır. İki dəfə bərkidilir
düyünlə. Digər dirsəyə enir. Biləkdən belə keçir.
İrəliləyən ucu kökə tərəf qayıdan düyün.
Bu qəfəsdə bədənlər sərbəst uçur, dillənir.

 Dəfələrlə fikir vermişəm — onun eynəklərində yay stadionu uçur və
o başını qaldırıb nəsə xatırlayanda camaat bir-birinin üstünə düşürdü
bölmə-bölmə.
Şəhərdən sübh vaxtı hava şarında qayıdırdı — fikir vermişəm dəfələrlə,
bir dəfə o səmada piyada dayanmışdı, terminala daxil olmaq üçün dirijablını
keçirirdi döngədən.

 Şahidlik edirəm: barda avtomatlar onu zəncirlə ötürürdülər, qarşısına atırdılar
kitabxananın.
Yuxu görürdüm, səhra türmələrini, çöldə tez — tələsik zəncirdən düzəlmişdi —
paslı;
və çayların qarşısını kəsən yerindən çıxmış skeletini dirijablın,
dayaz suda balaca balıqlar üçün qısa yollu dəmir tor. Yatın.

 Dəfələrlə fikir vermişəm: o, dik və eyni zamanda qısılaraq evdən çıxırdı
kəmərli taxta kofrla... və çertyoj rulonları.
Və otlar yuxarıdakı mismarlarından qopub düşən böyük plakatlardı —
onun qarşısında əyilirdi və o, divarda açılmış dəliklərə baxıb pıçıldayırdı.

 Qəfil yoxa çıxdı, onunla qarşılaşmadım, nə pillələrlə yerə enərkən yolda
və nə də ora-bura baxıb günü-günə calayaraq axtarmadım mehmanxanalarda.
Amma şaqul qarmon kimi biz-biz olmuşdu, sanki zebraya çıxmışdı onda
və boylanırdı. İohanna görə o özündən öndə idi, həm də arxada.

 Daha onun izlərini, işığın peyda olmasını, xüsusən haləni axtarmırdım,
ta ki, bir dəfə yayda San-Fransiskoda “Qızılgüllər və Dəvətikanı” barında
parıltılı səhər qəzeti üzərində qonaq edənəcən bizi — narıncı balığı dadırdım,
və adi bir nekroloq gördüm bu okean məxluqunun qabırğaları arasından.

 Yenidən dəfn. Qəbir boşdur. Araşdırılıb. Torpaq nümunələri alınmışdı.
Məkanı cənnət olsun, heç kim xatirəsini və torpağı incitmirdi.
O, mənim simamda təkcə dost yox, hətta deyərdim ki, etibarlı agent qazanmışdı.
Həm radiusu, həm dartılmanın bükülməsiylə əyilən bucağı qiymətləndirdim —

 başqa dünyalarda hərəkət, hələ qalereyada kənarları tikilməmiş səssiz dirijabllar,
və parçalar nəfəsdən tərpənirdilər; onlar atdılar bizi otlağın ağuşuna.
Planerin ləzzəti gicgahlara nüfuz edir, damalı membranda landşaftlar,
qüllədə sönmüş telefonla sarmaşıq arasından qulaq asıram səhra bayquşuna.



Alatoranda anqar

Tarlaya sancılıbdı buynuzları anqarın.
Şoku var hündürlüyün, maddələri seyrəldir.
Yarıminşa edilmiş dirijablın
Qabağı gözə girir.

 Havadan yüngülük biz, üfüqboyu enirik
rahat-rahat aşağı. Küncləri doldururuq.
Vağzal şüşələrində uzununa itirik.
Dirijabl da üzür, düz qarnının altında qığılcımlar da qopur.

 Kim gizlətmişdi gündüz qaynaq qalxanı altda
tez kirlənmiş beynini? Budu, opal
alətlər ciblərə keçirilib. Anqar
dağılıb gedir. Laxlayan parketləri saxlayıbdı robotlar.

 Anqar bitibdi artıq. Amma bir tərpəniş var,
gah o yandan bu yana, gah ordan bura sarı.
— Nə gəzirsən sən burda?
— Müqəddəs simaları...


 Cədvəl

 Dəniz üstündəki yağış damlaları böyükdür, buracın sapı qədərdi.
Yumşaq axında qeyri-dəqiq sərhədi olan panoramalar, mülklər.
Ağacların arasında irəlilədikcə plaşı çalarını dəyişirdi.
Onda zabit görkəmindən nəsə var — ellipslər və kipriklər.

 — Bezmişəm, — deyir, — fənanın çarxı, lotereyanın əsiri olmaqdan.
Təsadüf məni sıxır və irəli qaçaraq sabit oxda tutur.
“Dirijablların tarixi”ni vərəqləyirəm — dizüstə çökür nəhəng qabıqlar,
yerə dəyib parçalanır ləngərlə, partlayaraq — barı müqəddəsləri qurtar.

 Müqəddəsləri daşıyırlar. Lotereya barabanları fırlanır. Fəlakətlər
möhtəşəmdir — səsi buxara çevirsək və qara dəlikləri qızışdırsaq.
Geodezlər gözünü bir-birinə zilləyib, ciblərində hazırdır trotillər.
Su içmək kimidir əlini irəli atmaq və Günəşi dayandırmaq.

 Buludların altında gəmi Yer ilə birlikdə fırlanır, Günəşin altındakı yerindən,
yerindən tərpənmədən. Burda qülləli bağımda isə casuslar və qjel.
Layihəni düşünürəm — ev həbsində başqa neyləyəsən? —
Dəfndə kül qabı kimi kilometrlərlə alovlansın deyə dirijabl.

 Yuxuda gördüm ki, mənə havadan da yüngül çörək veriblər (obyektdi — yumru
çörək formasında),
içində stadion var və qızğın oyun gedir — taxıl — acı millimetrlərlə.
Qumun üstü ilə qaçıram, nəfis qara səmaya buraxıram onu da.
— Ehtiyatlı ol, orda qələbəlikdi, hətta yuxu fazasında sığortalansan belə...

 Səhərlər isə mən uran məzarlığının gözətçisi kimi gəzib dolanıram,
nümunələri cədvəllərlə tutuşdururam, yoqa ilə məşğul oluram: özümə baxıram
işıqda.
İşıq hara getdi? Kopernikin barmaqlarında pərgaram,
neytral gerçəkliyin üstündən asılıram, planetlərin bucaqlarını qarışdırıram.

 Yuyulmuş evimin qravürlərində ocaqlarda və boşluqlarda ağzıaçıq toplar,
aeronavtlar yanalma dirəyinə doğru uçurlar, amma o həmişə arxada qalır.
Əsl fırtına. Və adını bilmədiyim çoxlu bitki... flora...
Hiyləgər Günəş qatilləri — hava və su ilanıdır.

 Bəlkə, yöndəmsiz geyimimlə hansısa dırmığa ilişmişəm,
işə salmışam kompüteri bəlkə sağ yox, sol əlimlə?
bəlkə, kitabları təbiətdə qəbul edilməyən formada düzməyə girişmişəm?
Açılmış ayaq bağları kimi gölməçədə ikiləşir əks olunan qüllə.

 Və yalnız dəftərimdəki qeyd: Günəş keçə bilmədi
üfüq xəttini. Görüntülər təkrarlanmadı. Zaman sabit qalmışdı.
Ağacların bir hissəsi qaranlıqda çökmüşdü, içiboş işığa daxil olmuşdu bir hissəsi,
xırda-xuruş şeylər qəzəblə çoxalırdı, amma məni qoruyan qalaq yaranmışdı.

 Və fauna şəfəq axtarışında axmaq kimi geri çəkilirdi,
zülal və daş məxluqlar qazanılmış yerləri tərk edirdi.
Səhradan gəlmişdi bir eybəcər varlıq, qulaqları xatırladırdı bir kaseti,
buz təbəqəsinin kənarında bəyaz temperaturlarda gözə dəyirdi.

 Bu, sadəcə sinifdəki kimi, Pyorışkinin dərsliyindəki kimidir: sürət yavaşıyırdı,
vaqonlarda əyləc basılırdı, lakin baqajı sürüşən sərnişinlər yola davam edirdi.
Və nə qədər ki, içlik və kontur iki qara-ağ zonaya ayrılırdı,
trayektoriyadan sıxışıb çıxmış dirijablı gecə öz içinə çəkirdi.

 Planetin qaranlıq yarısından artıq bulanıq da olsa, görünürdü birtəhər
Navinin komandirləri, kəsilmiş şəhərlilərin alınlarında yorğun sadəlövh Günəş.
Alətlər panelində oxlar aşağı düşürdü. Göyərtədə
soyuyurdu plastinalar. Və dirijabl büzüşürdü, sanki həbəş.

 Onu səma nəfəsliklərindən biri hesab edirdi,
halbuki üç gündü yolunu azmışdı zirzəmilərdə: içirdi, “skrijal” yazırdı, bihaldı.
Qorxunc, yöndəmsiz və qısqancdı, başı qaçmışdı və ona elə gəlirdi
gücdən düşmüş dirijabl abordaj mirajları yaradırdı, miraj abordajları.


Çərpələng

İsti külək, inildəyən ip,
təcrübə çərpələngi açılınca
Yerixonun pəncərəsi tək
qırmızı ip də uçur ardınca.

 Onun nəfəs alan aralıqları
qutuları bir-birinə yapışdıranlardan
və küləyin ovurdlarını ora sıxanlardan
əqlizəiflərdən, korlardan gizlədir sirri.

 Dartıram sakit hipotenuzu —
gah dikəlir çərpələng, gah yastılanır,
adlayır şlüzdən sonra yeni şlüzü,
parseki və eonu qabaqlayır.

 Səmaboyu özünə yer tapır, dincəlir,
avarları özünə və özündən çəkərək,
qrafik kağızın hər kvadratını
hisslə həcm vahidinə çevirərək.

 Buludlardan görüşünə başqa bir ordu
inad etməyə başlayır enəndə.
Və zaman dişciklərdə dolu
“ilk atəşi açma” — sən bilirsən də.

 Və o titrəyir, örtükdəki pərçimlər sayaq
nişangaha gəlmədən keçir aramızdan
deşib konusla birini düz alnından
səhvən öldürənlərin sırasına...

 bir dəqiqəlik o dəlilik anında
axmaq titana çevrilib dönəndə
yerə dəyən dimdik və lələkli volan
arzu etmişdi özüyçün kağız üzərində.