Keçilər və Şekspir
Çegemdə toyuqların hin tanımadığı, gecələr ağaca qalxdığı çağlar hələ də yadımdadır. Ağac seçimini, belə görünürdü ki, toyuqların hamısı qalxmayınca “uçuş zolağı”nda dayanan baş xoruz həll edirdi. Aydın məsələdir, bir həyətin toyuqları həmişə eyni ağaca qalxırdılar. Elə çıxmasın ki, onlar budaqda yumurtlayırdılar. Bunu ona görə deyirəm ki, Çegemdə guya toyuqların budaqda yumurtlaması, yerli qadınlarınsa ağacların altında səbrlə dayanaraq o yumurtaları üsulluca tutmaq üçün mələfə açmaları barədə söz-söhbətləri çegemliləri istəməyənlər yayıblar, onlarınsa adlarını çəkməkdən yorulmuşam mən.
Yox, yumurtlamağa yer düzəldilirdi, hərçənd toyuqlar yenə çox vaxt evin yaxınındakı kolluqları üstün tuturdular, görünür, sezibmişlər ki, insan olan kəs yumurtalardan toyuq nəslinin davamı üçün, yəni birbaşa təyinatı üzrə yox, öz nəslinə dəstək naminə bəhrələnir. Bu hal toyuqları elə də qane etmirdi.
Nəticədə, ev sahibəsi axşamlar ətrafdakı kolluqları ələk-vələk edir, yumurtaları, ağ göbələklər kimi, ətəyinə yığırdı. Hərçənd biz tərəfdə ümumiyyətlə göbələk yığılmır. Həm də, yumurtalar dura-dura, niyə göbələk yığasan axı... Göbələklərə rəğbət bir çox xalqın xroniki aclıq çəkməsinin nəticəsidir.
...On iki yaşımda mən Çegemdə keçi otara-otara Şekspiri oxuyurdum. Başlanğıc üçün pis deyildi. Gerçəkliyə hər iki yöndən sarılırdım.
Keçilərə məni elə-belə təhkim etməmişdilər. Qohumlarım, müftəxorluq mərəzindən əziyyət çəkməyimdən qorxub küyə düşərək, keçiləri mənim öhdəmə vermişdilər.
Ancaq şəhərdə oxuyan əmiqızımgildə, təsadüfən, Şekspirin qalın bir kitabını tapdım. Yay boyu onu təkrar-təkrar oxudum. Şekspirin kitabı kimi, yay da bitmək bilmirdi.
— Kitab özündən ağırdır, — çegemlilər onu əlimdə görəndə rişxəndlə belə deyirdilər.
Elə çıxmasın, onlar ümumən kitabın əleyhinə idilər, əsl mətləb bu idi ki, hər halda, kitabın ağırlığını öz çəkinə uyğunlaşdırmaq lazımdır. Yük heyvanları ilə iş tutmağa alışdıqları üçün haradasa tarazlıq pozulanda dəqiq hiss edirdilər.
— Otlağa enirsənsə, — bəziləri məni yolda saxlayıb xoş niyyətlə nəsihət verirdilər, — kitabı kəndirlə kürəyinə şəlləyə də bilərsən. O səni geri dartacaq. Yoxsa sərt enişdə burnu üstə düşüb cığıraşağı yuvarlanarsan. Kitaba heç nə olmaz, ona görə qorxmuram. Üstündə o cür qabığı var. Sən isə, özün şikəst olar, bizi də biabır edərsən. Deyərlər, muğayat olmayıblar!
— Kim deyər? — təcrübəsizlik üzündən, əvvəllər bunu soruşur, çegemlilərin nəzər-diqqətindən yayınmayan bir köntöylüyə yol verirdim.
— Özünü bilməzliyə qoyma, guya Çegemin bədxahlarını tanımırsan! Uşaq deyilsən artıq! — deyə danlayırdılar məni.
Gözləmədiyim halda tək-tük kitabsevərə də rast gəlirdim. Onlardan biri Şekspirin kitabını sığallayaraq mənə xəbərdarlıq etdi:
— Görmüşəm, kitabını yiyəsiz qoyub ağacdan-ağaca necə dolaşdığını görmüşəm. Yaxşı hal deyil. Keçilər gəmirməsələr də, murdarlaya bilərlər onu. Dişi camış isə, yəqin, gəmirər.
Görünür, o vaxt cılız, gödəkboy olmağım çegemlilərdə narahatlıq doğurmuşdu ki, günün birində kitab əməllicə ağırlıq edərək məni cığıraşağı yuvarlayacaq. Amma mən onlardan zərrə qədər də incimirdim. O zaman hələ yazıçılıq niyyətinə düşməsəm də, nə cürsə anlayırdım ki, bütün bunlar bir vaxt gərəyim olacaq.
Yeri gəlmişkən, sözlərin mənşəyi elə onda da məni dərindən düşündürürdü. Ayva* sözünün necə yarandığını özlüyümdə məhz o vaxt kəşf etmişdim (dırnaq işarəsinə nifrət edirəm!)
...Qədimdə bir rus qadınla qafqazlı kişi bizim keçilməz meşələrdə dolaşırmış. Birdən, üstündə iri meyvələri olan naməlum bir ağac görürlər.
— Ay! — deyə cikkə çəkir rus qadın.
— Va! — şərqli kişi heyrətini bildirir.
Beləcə, o naməlum meyvənin adı olur ayva. O rus qadını bizim keçilməz meşələrə gətirən nə idi, onlar həmin vaxt o heyvadan İncildəki anlamda yemişdilərmi — bunlar onda məni maraqlandırmırdı.
Mən Şekspiri oxuyurdum. Ser Con Falstaf, gənc baron və kralın təlxəkləri uzun müddət, hətta həmişəlik mənim sevimli qəhrəmanlarım oldular. Təlxəklərdən biri ona pul verən saray əyanına deyir:
— İkiqat comərdlik ikiüzlülük deyil!
Bu ifadə mənə insan hazırcavablığının son həddi kimi gəlirdi. Yalnız bundan narahat idim: şəhərdəki sinif yoldaşlarım bu gülməcəni izahsız anlayarlarmı? Artıq bilirdim ki, izahat gülməcənin səviyyəsini salır.
Təlxəklərin zarafatlarına uğunur, başımı qaldıranda da keçilərin hoqqalarına gülürdüm. Onları otlağa yayıb, əlimdə Şekspirin kitabı, haradasa bir kolun dibinə çəkiləndə, keçilər arada mənə göz qoyurdular ki, oxumağa tamam qapıldığım an özlərini yaxındakı qarğıdalı sahəsinə versinlər. Çalı-çəpəri vecə almırdılar.
Ola bilsin, Şekspirə münasibətdə naşılıqlarını aradan qaldırmaq üçün bəzən onlara Falstafın ən gülməli monoloqlarını çox ucadan oxuyurdum. Səsimin gücünə onları öz heyrətimə yoluxdurmaq istəyirdim.
Otlaq təpənin ayağında idi, lap yuxarıda isə qadınların tütün asıb qurutduqları dam-daş vardı. Səsim onlaracan gedirdi.
— Şa, — qadınlardan biri dik atılırdı, — bu, deyəsən, odur, kitabı özündən ağır oğlan!
Hərdən ən maraqcılı özünü saxlaya bilmir, ərinmədən damdan çıxıb, üzüaşağı, mən tərəfə çığırırdı:
— Ey, sən kiminlə bərkdən danışıb-gülürsən orada?!
— Keçilərlə! — qışqırırdım cavabında, kefləri açılsın deyə, çünki özümüzü ziyansız dəliliyə qoymaq qədər heç nə şənləndirmir adamları. Sonralar mənə danışırdılar ki, bu cavabım, mütləq, qadınları gicbəsər dayımın qəribəlikləri barədə ləzzətli söhbətlərə həvəsləndirirmiş. Çegemli qadınların incəliyi, nəzakəti bunda idi ki, gicbəsər dayımın qəribəliklərini yerbəyer sadalasalar da, heç vaxt mənə ilişmirdilər. Doğrudur, bu təsvirlərdə bəzən yersiz, dəxilsiz coşqunluq da özünü göstərirmiş, nədən ki, dayım, həmin vaxt artıq yaşlanmış olsa da, anadangəlmə qəribəliklərini tərgitməmişdi.
Deyilənlərdən belə çıxmasın ki, sonradan dayım ömrünün sakit, nurlu qocalıq çağına qədəm qoymuşdu. Əfsus, belə deyildi. İş bundadır ki, dəqiqlik həvəsi məndən əl çəkmir, elə bil dayımdan uzaq durmaq istədikcə ona yer kürəsinin başqa səmtindən yaxınlaşıram.
Deməli, keçilərimə Falstafın monoloqlarını oxuyurdum. Bir çoxu başını qaldırıb qulaq asırdı. Hətta bəzən mənə belə gəlirdi, lap məzəli məqamlarda tısqırırlar da, hərçənd sırf keçiyana, kefləri elə istədiyi üçün də tısqırmış ola bilərdilər. Göründüyü kimi, olayları dəqiqləşdirməyin hayındayam yenə.
Ancaq, əlbəttə, çox zaman bütün dünyanı unudub, özüm üçün oxuyurdum, keçilər isə həmin vaxt sahəyə keçib qarğıdalıları yarpaqlı-gövdəli basıb yeyirdilər, elə yaşıl qabıqlı lobyaları da onun kimi. Çegemdə çox vaxt qarğıdalının yanına lobya basdırırlar ki, onun gövdəsinə sarmaşsın. O qədər lobya əkirlər, dirək sancmağa yer qalmır.
Duyuq düşən kimi, adətən, sürüyə sarı yüyürür, basqını dayandırmaq üçün sehirli kəlmə ilə təpinib:
— İyo! İyo! — çığırırdım, yəni, keçilərin dilincə: “Rədd ol! Geri gəl!”
Hər dəfə səsimi eşidəndə keçilər nəinki basqından geri durmur, hələ son anları fürsət bilib, bir az da adamı təbdən çıxaran cəldliklə qarğıdalıları gəmirməyə, tez-tələsik gəvələməyə başlayırdılar. Görünür, şüurun ilk bəlirtisidir bu: yeməkdən ayırırlarsa, daha cəld ye! Hələ bu harasıdır. Onlardan bəzisi yarpaqları xışıldayan qarğıdalı budaqlarını gəvələyə-gəvələyə aradan atlayıb otlağa qayıdır, orada rahatca axırına çıxırdı, guya iş elə ağzındakını hansı ərazidə içəri ötürməkdə imiş. Qalanı da, hər yerinə lobya tağları dolandığı üçün, çalı-çəpəri aşandan gonra, guya üstündəki əngəl-kələfdən qurtulmaq xatirinə, özünə həşir gəlirdi.
Briqadir haradansa sahənin o başından səsimi eşidib işin nə yerdə olduğunu anlayır, bağırtıyla söyüş-qarğış yağdırırdı, ən çox da o çığır-bağırda, yeddimərtəbəli söyüş-qarğışında qətiyyən karıxmaması mat qoyurdu məni.
— Yenə basdılar sahəni?! — Səsi gurlayırdı. — Görüm boynun o kitabının altında qalıb qırılsın! Görüm o kitabla qalanan ocaqda sənin ən sırtıq keçin qızarsın, atamın goru haqqı, o keçidən ötrü elə bir ocaq qalayaram ki! Kitabından qalanan ocaqda bişmiş keçini yeyib, o kitabın közərtisində elə siqaret yandıraram ki! Eləyərəm bunu, atamın goru haqqı, eləyərəm!
“Gerçəkdən eləyər” düşüncəsi məni qorxuya salır, keçiləri qovalayıb qayıdırdım Şekspirin onu hansı təhlükə gözlədiyindən xəbərsiz kitabına.
Keçilərlə birgə üç toğlu da otlaqdaydı. Başlarını qaldırmadan otlayırdılar, sanki dəhşət bir and içmişdilər: imsiləmədən bircə ot da almarıq ağzımıza! Başlarını qaldırmadan otladıqları üçün hərdən gedib keçilərə toxunur, keçilər də onları buynuzlayıb qovurdular. Burası da vardı ki, bəzən onlar heç toxunmasalar da, keçilər qoyunları buynuzlayırdılar. Ümumiyyətlə, keçilərin onlardan zəhləsi gedirdi. Qoyunlardan zəhləsi getməyə hansısa səbəb yox idi, bircə bundan başqa: qoyunlar çalı-çəpəri aşıb qarğıdalı sahəsinə keçmək istəmirdilər. Keçilərsə bunu onlara bağışlamırdılar.
Qoyunlardan fərqli olaraq, keçilər otladıqca tez-tez başlarını qaldırıb sürüyə boylanır, ya da düşüncəli bir sərkərdə ədası ilə ətrafı nəzərdən keçirirdilər. Bundan ötrü onlar haradasa yaxındakı qayaya dırmanmağa da ərinmir, gövşəyə-gövşəyə yan-yörəyə baxırdılar. Görünür, onların məxsusi strateji düşüncəsi vardı. Həm də bu strateji düşüncə praktika ilə uzlaşırdı. Durduğu yüksəklikdən baxanda bir başqa keçinin fındıq kolunu qəşəngcə basmarlayıb şirəli yarpaqlarını içəri ötürdüyünü görən kimi qayadan enərək, yeyin addımlarla — ancaq qaçıb özünü abırdan salmadan — onun yanına tələsirdilər ki, ləzzətə şərik olsunlar. Həsəd duyğusu onları bir arada saxlayırdı. Əvəzində onlardan hansısa biri böyürtkən koluna uyub yarğanda qalır, sürü isə artıq oradan aralanıb onun görmədiyi yaxın bir yerdə otlayırdısa, həmin keçi küyüküb ora-bura vurnuxmağa başlayır, dəli kimi bəyirərək, dara düşdüyünü xəbər verirdi. Belə görünür ki, otyeyənlərin imsiləməklə izə düşüb özününküləri tapmaq qabiliyyəti yoxdur. Maraqlıdır ki, o biri keçilər, adətən, ona hay vermirdilər. Yəqin, cəzalandırırdılar onu: sürüdən ayrı düşmək nədir, indi bilərsən... Yalnız yaxşıca bəyirdəndən sonra hansısa biri ağızucu hay verərdi. Qəribədir ki, o arada sürüdən hansı keçininsə boynundakı zınqırovun səsi kifayət qədər aydın eşidilirdi. Ancaq yarğanda vurnuxan keçi, tam rahatlıqla deyə bilərik ki, yetərli musiqi duyumu olmadığına görə həmin səsə güvənmirdi, çünki başqa heyvanların da — inək, camış, eşşək — boynunda müxtəlif ölçüdə zınqırovlar yellənirdi.
Hay eşitməyən keçi, başını itirir, get-gedə daha da küyükür, bəlkə də elə bilirdi, sürü bax indicə cənnət kimi bir otluğa çıxıb. Sürüdən səs-səmir gəlmirdi, amma əgər o dəmdə başqa bir azmış keçi də peyda olurdusa, dərhal onun bəyirtisinə hay verərdi.
Onların hər ikisinə elə gəlirdi ki, bəyirən elə sürüdəndir, buna görə də mələşib tapışmağa can atır, beləcə məni tamam karıxdırırdılar. Belə hallarda həmin keçini sürüyə sarı qovalamaq heç cür mümkün olmurdu. Hər tikanlıqdan, kol-kosdan aşıb o biri keçinin səsinə yüyürürdü. Get-gedə lap hövllənir, artıq xırıldayan səslə bəyirərək, ikisi də bir-birinə doğru can atırdı.
Keçilərin bəyirtisində elə bir ümumbəşəri yetimlik vardı ki, deyərdin, tapışsalar, bir-birindən qəti aralanmazlar. Və... o qədər yalqız gəzib-dolanandan sonra qəfil tapışırdılar! Bir andaca sakitləşir, bir-birinə heç baxmırdılar da.
Əlimdən gələn qədər qaytarıb sürüyə qatmağa çalışdığım, amma pıtraqlar, tikanlıqlar arasından özünü o birinin səsinə doğru atan keçi, quşüzümü kolpanını elə rahat məngirləyirdi, guya bayaqdan bunu gəzirmiş.
Onlar bir-birinə məhəl qoymadan otlayırdılar. Hər birinə elə gəlirdi ki, digərinin arxasındadır bütün sürü. Axır ki, bu minvalla onların ikisini də lazımi səmtə qovalamaq olurdu. Keçilərin təkliyə tabı yoxdur, ancaq tam biganə mühitin yarandığı sürünü üstün tuturlar.
...Bütün günü çiçəkli yaşıl çəməndə uzanırdım. Göydəki görünməyən torağaylar aramsız şəkildə isbat edirdilər ki, səma musiqinin ilkin qaynağıdır.
Qırçın yunlu qoyunlar qıvrımlı yoncaları qırpır, bu səbəbdən də, Darvin qanunlarına əsasən, yunları daha da qırçınlaşırdı. Arılar əsl dalğıc inadkarlığı ilə çiçəklərə dalırdı. Yaylı çəyirtkələrin hoppanışı... Utancaq kəpənəklərin çiçəklər üzərində dolanbac uçuşu...
Tanımadığım hansısa iri böcək vızıltı ilə çiçəyə sarı uçur, amma heç vaxt ona qonmurdu. Hər dəfə çiçəyin üzərində — havada vızıldayanda səbirlə gözləyirdim ki, nəhayət, qonsun, ona baxa bilim. Ancaq həmin çiçəyin üzərində gileyli tərzdə bir dəqiqə vızıldayan böcək, görünür, istədiyi nektarın onda olmadığını dəqiqləşdirib başqa çiçəyə üz tuturdu. Başqasının da üzərində narazılıqla vızıldayır, yəqin onun da tam arzulanan olmadığı qənaətinə gəlib, üçüncüyə sarı uçurdu. Amma mən heç bir dəfə də görmədim ki, o böcək hansısa çiçəyə qonsun. Bu vasvasılığı məndə təəccüb və mərhəmət oyandırdı. Hələ o aramsız gileyli vızıltısı! Bu tərsliklə nə tapıb yeyir o? Axırda hansı çiçəyi seçir bəs?..
Bir axşamüstü yenə gileyli vızıltısı ilə mənim yaxınımda, növbəti çiçəyin üzərində idi. Və qəfil, qürubun çəpəki şüaları altında uzun, incə bir iynə kimi parlayan xortumunu çiçəyin qəlbinə sancdı, özü də heç ona qonmadan. Gendən-genə bu xəbislikdən sarsıldım, hərçənd elə bilirdim, Şekspirin bəzi məkrli qəhrəmanları məni buna yetərincə hazırlayıblar.
...Otlaq boyunca, Sabida hövzəsinəcən yabanı meyvə ağacları — alça, gavalı, alma, armud, əncir, qoz bitmişdi. Yetişdikcə, bəzənsə xeyli erkən o meyvələrdən yeyirdim və yeyə-yeyə də nəbatata aid bir kəşf eləmişdim, amma niyəsə bunu indiyədək dünyaya yaymamışam. Eybi yox, hələ də gec deyil.
Belə bir qanunauyğunluq sezmişdim: meyvələrinin dadı-tamı nə qədər az olursa, ağac bir elə çox bar gətirir. Ən çox bar verən isə alça idi. Bəhəri yarpağından çox olurdu. Amma elə də dadlı deyildi, turşu suyunu andırırdı. Gavalı çox-çox ləzzətli də olsa, az gətirirdi. Yabanı alma-armud gavalıdan da dadlı olurdu, ancaq ağacın eni-boyu nəzərə alınanda, əlbəttə, ondan az bəhər verirdi. Əncir ləzzətcə alma-armuddan xeyli üstün, bəhərinə görə qat-qat zəif idi. Nəhayət, ən tamlısı, qidalısı qoz idi, di gəl ağacın nəhəngliyi ilə üstündəki bəhərin sayını tutuşduranda, məhsulu daha az çıxırdı.
Meyvələrdən yedikcə, iştaham sayəsində, təbiətin böyük bir qanunauyğunluğunu anlayıb aşkara çıxartdım: meyvə nə qədər dadlıdırsa, tərkibi o qədər faydalıdır, ancaq meyvələrə qida verən nadir şirələri torpaqdan tapıb əmmək də köklər üçün bir elə çətindir. Ona görə də bəhər dadlı olduqca, ağacın məhsuldarlığı azalır. Ağac nə qədər çox bar gətirirsə, eyni həvəslə də onları üstündən yerə səpələyir. Odur ki, alçanın altında həmişə donuzlar yığışır, “gavur dişləri” ilə alçaların çəyirdəklərini sındırıb çaqqaçaq gəvələyirdilər. Gəvələdikcə də başlarını qaldırıb öz çaqqaçaqlarını dinləyib həzz alırdılar. Hiss olunurdu ki, bu çaqqaçaq onların yeməyinə əlavə ləzzət qatır. Neçə donuz birlikdə çaqqaçaq salanda tıxışdırma simfoniyası alınırdı. Alça sovulanda onlar başqa, daha ləzzətli meyvələrə keçirdilər, amma çaqqaçaqları artmırdı, belə çıxırdı ki, dadın-tamın fərqinə varmayıblar. Artıq burada botanikaya tamam yad qanunlar qüvvəyə minirdi.
Yəqin ki, hansısa başqa kəşflərim də olub, amma onlar indi yadıma gəlmir. Sonradan xatırlasam, danışaram.
...Axşamlar, bibim keçiləri sağanda tez-tez qarışıqlıq düşürdü. Çegemdə (humanizmin son qalası) keçini, yaxud inəyi sağanda, adətən, əvvəlcə balasını onun üstünə buraxırlar ki, bir az süd əmsin. Sağımın sonunda da çəpişə, buzova süd saxlayırlar. Çəpişləri bir-bir buraxırlar anasının üstünə. Şadlığından mələyən çəpiş bəyirişən sürüyə cumur, amma çox vaxt, anasını tanımadığından, yad keçini əmməyə başlayır. Ən qəribəsi budur ki, ən azı çəpişə nisbətdə təcrübəli olan ana keçi də tanımaza-bilməzə, dalğın halda öz əmcəyini səxavətlə onun ixtiyarına verir.
Amma bu məqamda bibim duyuq düşür, boynundan yapışıb çəpişi öz anasının əmcəyinə calayırdı ki, həm o, halal süd əmsin, həm də bir azdan sağacağı keçi rahatlaşsın. Bu arada bayaqkı çəpişin bir qədər əmdiyi keçi yanıldığını başa düşür, amma nədənsə günahı özündə yox, bibimdə görür, o səbəbdən də, lap öz balasına qovuşsa belə, adətən, sağılarkən südünü çəkib gizlədirdi ki, çəpişinə daha çox qalsın.
Keçi ilə yiyəsi arasında qəliz psixoloji mübarizə gedirdi. Çəpişin azca əmməsinə imkan verən yiyəsi onu çubuqla qovub ana keçini sağmağa başlayırdı. Bayaq səhvən yad çəpişi əmcəyinə yaxın buraxan ana keçi, indi hədsiz nəvazişlə öz balasını yalayır, sanki xətasını yalamaqla düzəltməyə çalışırdı. Burası da var ki, xirtdəyəcən peşman olub, südünü bərk-bərk çəkib saxlayırdı, guya bitib artıq. Yiyəsi isə bundan agahdır. Hamısı nəzərə alınıb: yad çəpişin əmdiyi süd də, öz balasının əmdiyi də. Keçi yiyəsi çəpişi bir də ötürürdü anasının əmcəyinə, bayaqdan guya tükənmiş olan süd, yenə qaydasınca süzülüb gəlir, çəpiş də marçıltı ilə məmələri sortuqlayırdı. Bir qədər sonra bibim çəpişi əmcəkdən astaca, lap astaca aralayıb keçini sağmağa başlayırdı.
On dəqiqə ötür, key-key ətrafına boylanan (maraqlıdır, bu müddətdə fikri haradaymış onun?) keçi görürdü ki, əmcəyi çəpişində yox, bibimdədir. Duyuq düşən kimi keçi yenə südünü çəkirdi. Bibim təzədən çəpişi əmməyə buraxırdı, süd yenə gəlir və bu, bir neçə dəfə təkrarlanırdı.
İnsafən qeyd etməliyəm ki, keçilərin bəzisi, lap azı altına yad çəpiş gələndə, görünür, məməsinin fərqli sortuqlandığını hiss edərək, qovur onu. Ancaq bu qədər həssaslıq istisna haldır.
Gördüyüm qədərilə, çəpiş özü məmələrin doğmalıq əlamətinə elə də əhəmiyyət vermir: süd sorulursa, vəssalam! Yeri gəlmişkən, insan çağası da bu baxımdan, məncə, çəpişdən heç cür fərqlənmir. Elə düşünməyin ki, bu sonuncu mülahizəmdə şəxsi xatiratıma əsaslanıram. Nə qədər qəribə də olsa, özümün südəmər vaxtımı xatırlamıram. Halbuki olduqca uzun sürüb o.
Hə, axır ki, ağıla doldurulan keçilər sakitləşirlər. Gecə. Səssizlik. Yuxulu keçinin zınqırovu cingildəyir, sonra yenə sükut. Biz də bir nəfəs dərək.
Mənim ən erkən xatirələrim, çox güman, bunlardır: dörd yaşım olardı yəqin, atam mənə anlatdı ki, çar daha yoxdur. Hansısa başqa təfərrüatlar olubsa da, onları xatırlamıram. Yadımdadır, mən atamın dediyinə inanıb son dərəcə kədərləndim. Küçəyə çıxdım və düşündüm ki, çar yoxdursa, deməli, üstündə gəzdiyim bu torpaq da yiyəsizdir, ona kimsə cavabdeh deyil. Özümə yazığım gəldi, amma dəqiq yadımdadır ki, yiyəsiz torpaq üçün daha çox heyifsiləndim. Anadangəlmə kəndli damarımmı tutmuşdu?..
Qonşunun oğlu yüyürüb gəldi mənimlə oynamağa. Ancaq heç oynamağın yeri deyildi!
— Çar yoxdur, — dedim, onu dünya düzəninin dağılması xəbəri ilə sarsıtmaq üçün. Ancaq elə bil dediyim heç ona çatmadı.
— Haradadır bəs? — oğlan soruşdu.
— Yerli-dibli yoxdur, — dedim ki, heç ümid yeri qalmasın. Hiss etdim ki, bunun da ona təsiri olmadı.
Küsüb aralandım ki, təklikdə tam mənada iztirab çəkim. Görünür, bu, möcüzəvi şüur böhranı idi. Aydın məsələdir, mən Sovet hakimiyyəti barədə nələrsə eşitmişdim artıq, amma elə bilirdim, çarın məqamı bütün bunlardan yüksəkdir.
...Belə baxanda, mənim Şekspirə ifrat bağlılığımı şişirtməyək gərək. Olurdu ki, bəzən sürünü otlağa Şekspirin kitabını götürmədən də aparırdım. Fikir vermişdim, belə olanda keçilər açıq-aşkar darıxırdılar. Bu cür hallarda, demək olar, qarğıdalı sahəsinə doluşmaq istəmirdilər, çünki mən sayıq davranır, onları vaxtında qaytarırdım. Yay boyu keçilər mənim mütaliəsiz halımdakı sayıqlığıma alışaraq bildilər ki, əlimdə Şekspirin kitabı yoxdursa, deməli, qarğıdalılığa yolları bağlıdır.
Səhər-səhər, əlimdə Şekspirin kitabı, keçiləri ağıldan çölə çıxarırdımsa, dərhal kefləri durulurdu, şıltaqlaşırdılar. Şıltaqlıqları elə həddə çatırdı ki, məzələnib dəxilsiz cütləşmə oyunu çıxarırdılar. Bircinsli aşiqlər sayağı hoqqa verir, gedə-gedə bir-birinin belinə atılırdılar, bu isə mənə Şekspirin əsərlərindəki qiyafə tərsməzhəbliyini — kişinin qadın kimi (və ya əksinə) geyinməsini xatırladırdı. Burada sapıntılara meyildən şübhələnmək bütünlüklə yersiz olsa da, o keçilərin astagəl dişiləri hərəkətə gətirib qızışdırmağa cəhd etmələri tamamilə mümkündü. Ehtimal etmək olar ki, bu, hərəmdə bekarçılıqdan təngə gələnlərin yüngül etiraz tədbiri idi. Amma, deyəsən, dişi keçilər bu dəxilsiz eşq hoqqalarından bərk narazı idilər. Sakitcə öz qanuni istirahət haqlarını qorumağa çalışırdılar.
Onları anlamaq olardı. Dördcə dişi idilər, erkəklər isə qırxa yaxın. Erkəklər Şekspirin kitabını görcək, uzaq hədəflər üçün açıq-aşkar həvəslənirdilər. Tamam aydın idi ki, erkək keçilər mənim Şekspiri oxumağıma bənddirlər. Sonrası onlara qalırdı. Şekspiri oxumağımı dişilər də istərdilər, amma erkəklərin işarə vurduqları ehtimal bahasına yox. Bu arada, qeyd etməliyəm ki, qoyunlarda Şekspirə qatı biganəlik vardı.
Şekspirdəki saray çəkişmələri ilə keçilərin hoqqaları arasında çoxlu ortaq cəhətlər tapmışdım, bu məni əyləndirir və indiki düşüncəmlə götürəndə, dünyagörüşümün təkmilləşməsinə şüuraltı təsirlə xidmət edirdi. Mən elə onda anladım ki, insan hər nədirsə, keçi ilə Şekspir arasında bir şeydir.
Deyilənə görə, son riyazi araşdırmalar mənim bu qənaətimi nəinki təsdiqləyir, hətta daha da möhkəmləndirir. Deyirlər, artıq təsbit edilib ki, Şekspiri keçiyə böləndə xalis bir insan alınır. Qalıqsız.
Bu mülahizəni yoxlamaq üçün özümün Moskvadakı həyatımın əlüstü ilkin təsvirini verirəm. Buraya oxumağa gəldiyim vaxt, elə ilk günlərdə iki, belə deyək, ziddiyyətli olay məni sarsıtdı. Bir dəfə şəhərin mərkəzində milis nəfərinə yaxınlaşıb filan küçəyə necə gedə biləcəyimi soruşdum.
Milis nəfəri qəfildən — heyrətamiz dərəcədə bəyaz əlcək taxdığı — əlini qaldıraraq, məni rəsmi tərzdə salamladı və axtardığım küçəni yerli-yataqlı nişan verdi. Məni, dünənki uşağı rəsmi tərzdə salamlayırlar, özü də bəmbəyaz əlcəkli əllə!
Bu mehribanlığa mat qaldım. “Ola bilsin, əlcək Çegem keçilərinin qəzilindən** tikildiyi üçündür”, — deyə fərəhlə düşündüm, amma o mənim şegemli olduğumu haradan bilərdi?
Bir neçə gün sonra isə mənə tamam anlaşılmaz, hətta qorxulu gələn səhnəyə şahid oldum. Əlcəksiz-filansız milis nəfərləri geniş, gur küçədə bütün maşınları kənarlara sıxışdırırdılar. Bir dəqiqə keçmişdi, gördüm, hökumət maşınları elə hövlnak şütüyürlər, sanki arxalarınca pulemyotçular düşübmüş, atəş altından möcüzə sayəsində qaçıb çıxıblar. Ancaq gözlərimlə görüb əmin oldum ki, onları arxadan kimsə qovalamır.
Moskvada olduğum illərdə oxşar səhnələri dəfələrlə seyr etdim və belə qənaətə gəldim ki, bu, bütün rəhbər şəxslərə xas olan adi “təqib vahiməsi”dir. İlk dəfə Stalin əyyamında görmüşdüm bunu. Sonra əyyam dəyişdisə də, “təqib vahiməsi” qaldı.
Çiçəkli Moskva çəmənliklərində bəzən yalqız keçilərə rast gəlirdim, onları, adətən, tənha qarılar otarırdılar. Hər qarıya bir keçi... Çegemdəki adətlərə görə, qarıların keçi otarmaları təknədə paltar yumaları kimi bir işdi. İlk vaxtlar az qalırdım qarılardan soruşum: bəs sürü hara yayınıb?
Amma bu çegemsayağı sualı verməyimi elə çegemli nəzakətim əngəlləyirdi. Ən çox məəttəl qaldığım bu idi ki, yalqız keçi sakitcə otlayır, sürünün yoxluğundan əsla təlaşlanıb küyükmürdü. Mənim aləmimdə bu, müsibət idi. İçimdəki hönkürtülərdən titrəyərək keçini seyr etdikcə düşünürdüm, gör bolşeviklər keçiləri nə günə qoyublar ki, onlar öz fitrətini yadırğayıb. Məğrur keçi təslim olub, vay halına, Rusiya!
Uzun sürən Moskva həyatımda yazıçı yaşamına dair bir çox cəhəti kəşf etdim. Əlbəttə, bu o demək deyil ki, mən indi yazıçıları otararam. Əslində, mənim özümü otardılar və bəd niyyətlə sürüdən yayınıb azmış keçi kimi cəzalandırdılar.
Ümidvaram, Falstafa rəğbətim yazıçı taleyim üçün yanlış başlanğıc olmayıb.
Yazıçıdan ötrü ilham xoşbəxtlikdir. Ancaq xoşbəxtlik qədər də heç nə korlamır yazıçını. Xoşbəxtliyə nadir hallarda layiq görməsi təbiətin bizə mərhəmətidir. Odur ki, xoşbəxtliyin ələ az düşməsini də bəxtəvərlik sayın, insanlar.
Oxucu sual verə bilər: yazıçının yaxşısı pisindən nə ilə fərqlənir?
Oxucu heç bunu soruşmasa da, mən əlüstü cavab verərəm. İstedadsız və istedadlı yazıçılar eyni mətləbi aşağıdakı tərzdə yazıya alırlar.
İstedadsız yazır:
— Restorana daxil olanda dostumu (adını çəkir) gördüm, o, həmişəki kimi, yığcam masa arxasında oturmuşdu və adəti üzrə, araq içirdi.
İstedadlı isə yazır:
— Restorana girəndə dostumu (adını çəkir) gördüm, o, həmişəki kimi, yığcam masa arxasında oturmuşdu, adəti üzrə, araq içirdi və mən də, həmişəki kimi, dərhal ona qoşuldum...
Bircə ifadə hər şeyi dəyişir. Özünəkinayə mənzərəni daha da genişləndirir və onu araq içən dost üçün həqarətə çevrilməyə qoymur. Ümumiyyətlə, özünəkinayədən məhrum yazıçı tez-gec oxucu kinayəsinə məruz qalır, həm də eynilə bundan məhrum olduğu dərəcədə.
Beləliklə, Şekspir keçiyə bölünəndə insan alınır. Mən bunu məzə üçün bir əziz insana danışmışdım; bizi Şekspirin təlxəklərinə rəğbət dostlaşdırmışdı. Bəzən zarafata salıb həyatı olduğu kimi qəbul edərək yaşamaqda bir-birimizə dəstək verirdik. Günün birində, qanımın qara vaxtı belə bir şeir yazmışdım.
Ağırlaşıb şişmişəm, leşəm sanki,
Hey-hərəkət yoxdur canımda.
Gözlərim elə zəifləyib ki,
Üzdən daha tanımıram da —
Dostu, düşməni, bir kimsəni.
Çiyinlərimi ağrıdır,
Belə yaşamaq ağırdır.
...Dəniz kənara atır xərçəngi,
Qırıq pəncələrilə dartınır o, təki
Dənizin qoynuna girsin bir anda...
Ağırlaşıb şişmişəm, leşəm sanki,
Hey-hərəkət yoxdur canımda.
Bir neçə gün sonra yanıma gələndə bu şeiri ona verdim ki, oxusun. Bunacan əhvalım düzəlmişdi artıq. Ara vermədən siqaret çəkə-çəkə şeiri uzun müddət oxudu, sonrasa başını qaldırıb dilləndi:
— Əgər bu şeiri oxuyanda başqa bir şəhərdə olsaydım, tez köməyinə qaçardım.
Dilxor olub söhbəti bağladım. Üstəlik, kosmopolitizmlə mübarizənin ondan ötrü ən ağır illərində necə qüsursuz mətanətlə hərəkət etməsindən xəbərim vardı. Hoqqabaz!
Onunla tez-tez mübahisəmiz düşürdü, eləcə mücərrəd mətləblərdən danışırdıq. Əksər hallarda fikirlərimiz uyğun gəlirdi, bəzən haçalanırdısa da, bunun dostluğumuza təsiri olmurdu.
Anlaşdığımız mülahizələrdən bəziləri bunlardır:
Qəddarlıq axmaqlığın axmaqlığa qalib gəlmək cəhdinin fəal təzahürüdür.
Hiylə qorxağın qaranlıqdakı zərbəsidir.
Təhlil hər cür həzzi öldürür, amma təhlildən alınan həzzi artırır.
Uzun-uzadı mübahisələrdən sonra insanın təkamül üzrə inkişafının ciddi elmi xəttini müəyyənləşdirdik: diriudan, boğazboğan, boğazyeyən, gödənyırtan, qılıncxirtdək, şərabxirtdək, toyuqxirtdək, palçıqxirtdək, çürükxirtdək, milçəkxirtdək (həm də qeybətxirtdək), boğazdeşən, boğazgəmirən, boğazbaz və nəhayət, dilbaz — poliqlot.
Əgər bu məqamda köks ötürmək istəyirsinizsə, xəbəriniz olsun ki, hələ vaxtı deyil, çünki inkişaf dövr edən (az qala cövr edən deyəcəkdim!) prosesdir və bunlar hamısı eyni qaydada təkrarlanır. Təkamül nərdivanı yazıq dilbazın — poliqlotun ağırlığına davam gətirmir, hər şey yenə diriudandan başlanır.
Amma “insanları keçi yerinə qoyan adamın özü keçi əti yeyə bilərmi” məsələsində sözümüz çəp gəldi. Mənə görə, belə bir adam keçi əti yeyə bilməz. Onun fikrincə isə, mənim yanaşmam ifrat subyektiv idealizmin, yaxud, kobud desək, solipsizmin*** təzahürüdür.
Bu minvalla, mən gülə-gülə (hər ehtimala qarşı!) deyəndə ki, müasir elm Şekspirin keçiyə bölünməsindən insan alındığını isbat edib, o, kinayə ilə qaşlarını qaldıraraq tutuzdurdu... Tutuzdurmaqda mahir idi o:
— Salamünəleyküm! Bu, artıq iyirmi ilin kəşfidir! Hətta tərsinə halın da isbatı verilib: Şekspiri insana böləndə keçi alınır.
— Bəs niyə bunu heç deyib-eşidən olmayıb? — mat qalmışdım.
— Çünki dövlət sirri hesab olunurdu, — deyə cavab verdi. — Milli düşüncə sirri. Ancaq amerikalı kəşfiyyatçılar milli düşüncəmizin sirrini bizdən oğurladıqda bizim kəşfiyyatçılar da amerikanlardan onların milli düşüncə sirrini oğurladılar, hər ikimizin sirri uzlaşdığına görə onları açıqlamaq mümkün sayıldı. Müharibə təhlükəsi aradan qalxdı, demokratiya bizdə keçilər doluşmuş bostan kimi canlandı və hər bir ölkə başladı otlamağa. Düzdür, hər ölkənin öz otlağı var, amma bu, başqa mövzudur.
Yeri gəlmişkən, mənim alim dostumu tam yalqızlıq şəraitində elmi təcrübələr aparması üçün kimsəsiz adada qoyub gəlmişdilər. Danışıldığı kimi, üç il sonra həmvətənlərimiz onun yanına üzüb gedəndə soruşmuşdular:
— Üç illik yalqızlıqla bağlı ən güclü təəssüratınız nə oldu?
Gözlənilmədən:
— Vicdanım rahatlandı, — deyə cavab vermiş, amma yumşaq tərzdə bunu da əlavə etmişdi. — Üstəlik, burada çoxlu vəhşi keçi var.
— İnsanlar anlamındamı? — kimsə onun söhbəti hansı baxımdan yumşaltdığını düzgün tutub bu qənaətə gəlmişdi.
— Bəli, insanlar anlamında, ancaq həm də təzə ət mənasında, — deyə, bəlkə də, mənimlə mübahisəsini qiyabən davam etdirərək açıqlama vermişdi.
Hər halda, həmvətənlər istər özlərinə görə, istərsə də insanlıq adına ondan incimişdilər.
— Belədirsə, bəlkə, sizi hələ üç il də burada qoyaq? — onlardan biri istehzayla soruşmuşdu.
— Düşünürsünüz, üç ilə bəşəriyyət islah olunacaq? — dostum da istehzada ondan geri qalmayıb, pillələrlə gəmiyə qalxa-qalxa cavab vermişdi. — Mənim hesabımca, o, Şekspirin dövründən bəri dəyişilməyib, amma zarafatların keyfiyyəti xeyli düşüb.
...Yox, — öz-özümə pıçıldayıram, — nə qədər olmasa, tərəqqi var. Çegemdə toyuqlar daha ağaclara qalxmır, gecələr dinməz-söyləməz hinə doluşur.
Amma yenə də ağaca qalxmaları yaxşıdır, bəlkə? İlahi, İlahi, nə qəliz haldır! Dəqiq təsbitdir ki, vaxtilə ağaclara indi hinə doluşanlardan qat-qat artıq toyuq qalxıb.
...Bəs mən haradayam? Çegem harada qaldı? Hər halda, keçilərlə günüm daha xoş idi.
* Heyva. — Tərc.
* Keçi qılı. — Tərc.
* Özümərkəzçilik. — Tərc.