Arxasına bax

Dantenin dəfn olunduğu kiçik İtalyan şəhəri Ravennada isti may günü. Haçansa — eramızın V əsrinin əvvəllərində imperator Honori Qərbi Roma İmperiyasının paytaxtını buraya köçürüb. Bir vaxtlar burada liman olub, amma dəniz lap çoxdan uzaqlara çəkiləndə, yerini bataqlıqlar, qızılgüllər, toz-torpaq, üzümlüklər tutub. Ravenna öz mozaikaları ilə məşhurdur və turist dəstələri başını qaldırıb yuxarıda, alaqaranlıq qübbələr altındakı rəngbərərəng xırda smaltaların tutqun parıltısına baxmaq üçün bir məbəddən digərinə keçirlər. Nəsə görünür, amma çox da aydın deyil. Onları cilalı açıqcalarda daha yaxşı görə bilərsiniz, çox parıltılı, hamar və ucuz.

İstidən və tozdan güclə nəfəs alıram. Ürəyim sıxılır. Çox sevdiyim atam artıq həyatda yoxdur. Təxminən qırx il əvvəl o da Ravennada olub və buradan mənə məşhur mozaikalardan birinin şəkli olan açıqca yollamışdı. Arxasında nədənsə karandaşla tələsik yazılmış bir yazı vardı: “Qızım! Həyatımda bundan gözəl şey (arxasına bax) görməmişəm! Ağlamağım gəlir! Kaş sən də burada olaydın! Atan!”

Hər cümlə səfeh nida işarəsi ilə bitir — o, gənc idi, şən idi, bəlkə də şərab içmişdi. Mən onu əllinci illərin sonlarının dəbinə uyğun fetr şlyapası ənsəsində, o zaman hələ özününkü olan ağ dişlərində siqaret, alnında xırda tər damcıları, ucaboy, qamətli, yaraşıqlı görürəm; gözləri eynəyinin yumru şüşələri arxasında xoşbəxtcəsinə parıldayır... İki etibarsız poçt şöbəsinə (italyan və rus) sadəlövhcəsinə etibar edərək, qutuya atdığı açıqcada cənnət təsvir olunub. Tanrı göz qamaşdıran yaşıl, əbədi bahar cənnətinin ortasında oturub, ətrafında ağ qoyunlar otlayır. Etibarsız rus və italyan poçtları açıqcanın künclərini əzib və sürtüblər, amma eybi yoxdur, məktub ünvana çatıb və hər şeyi görmək mümkündür.

Cənnət varsa, atam oradadır. Başqa harada ola bilər ki? Amma o ölüb, öldü və artıq mənə nida işarələri olan açıqcalar yazmır, artıq dünyanın hər yerindən xəbər göndərmir: mən buradayam, səni sevirəm, sən də məni sevirsən? Mənimlə birlikdə sevinirsən? İndi gördüyüm gözəlliyi sən də görürsən? Salam, ata! Bu da açıqca! Ucuz, parıltılı şəkil — mən də buradayam! Buralar gözəldir! Ah, kaş sən də gələ biləydin!

O bütün dünyanı gəzmiş və bəyənmişdi.

İndi imkan daxilində mən də onun iziylə gedirəm, olduğu şəhərləri gəzir və onları onun gözü ilə görməyə çalışıram, onu gənc, tini dönüb pillələrlə qalxan, dişlərində siqaret sahil sürahisinə söykənən təsəvvür etməyə çalışıram.

İndi mən Ravennadayam, bura bütün turistik yerlər kimi tozlu, havasız, yorucudur, dar küçələr dəstə-dəstə adamlarla doludur. Ölü, səs-küylü, isti şəhərdə oturmağa yer yoxdur. Doğma Florensiyadan qovulan Dantenin məzarı. Teodorin məzarı. Ravennanı imperiyanın paytaxtı edən Honorinin arvadı Qalla Plasidiyanın məqbərəsi. On beş əsr keçib. Hər şey dəyişib. Hər şeyi toz basıb, mozaika dağılıb. Bir vaxtlar vacib olan mənasızlaşıb, məni narahat edən şey torpağa gömülüb. Dəniz də özü gedib və şən, yaşıl dalğaların ləpələndiyi yerdə indi çöllük, toz, səssizlik, isti üzüm bağları var.

Qırx il, bir ömür əvvəl atam buralarda gəzib gülür, uzağı görməyən gözlərini qıyır, küçə masalarında oturub qırmızı şərab içir və möhkəm dişləri ilə pizza yeyirdi.> Mavi axşam düşəndə stolun küncündə tələm-tələsik karandaşla mənə dünyaya olan sevgisini ifadə edən sözlər yazdı, hər yerdə nida işarələri qoydu.

Havasız buludlu səma. Hava istidir, amma günəş görünmür. Toz. Bir vaxtlar dənizin dibi olan yerdə indi şəhərətrafı geniş, bərəkətli tarlalar yerləşir; xərçənglərin süründüyü yerdə indi eşşəklər gəzir, yosunların yerində qızılgüllər bitib. Hər şey ölüb və kar olub, bir vaxtlar Qərb dünyasının şanlı paytaxtı olmuş şəhərdə indi çəhrayı jiletlər geymiş dilxor amerikalı turist qadınlar dolaşır və turizm bürosunun onları yenidən aldatmasından narazıdırlar: bu Avropada hər şey o qədər xırda, o qədər kiçik, o qədər köhnədir ki! On beş əsr. Dantenin məzarı. Qalla Plasidianın türbəsi. Atamın qəbri. Əzik açıqcada hansısa avam yaşıl cənnət.

Burada onu bu qədər heyrətləndirən nə olub? Həmin məbədi tapıram və yuxarısına baxıram — bəli, orada qübbənin altında yaşıl nəsə var. Yaşıl çəmənlikdə ağ qoyunlar. Adi, tutqun işıq. Aşağıda turistlərin çoxsəsli qırıltısı. Barmaqları ilə göstərir, bələdçi kitabçalarında izahat axtarırlar. Filan əsr, filan sənət. Hər zaman hər yerdə olduğu kimi. Pis görünür.

Hər bir İtalyan məbədinin divarında pul qutusu olur — maraqlananlar üçün əlavə xidmət. Əgər qutuya üç yüz lirə, yəni bir dolların dörddə birini salsanız, bir neçə dəqiqə ərzində tavanın altındakı mozaik naxışın daşlarını ağ işıqla işıqlandıran güclü projektorlar yanacaq. Rənglər daha parlaq olacaq. Detallar görünəcək.

Kütlə həyəcanlanır, uğultu artır. Cəmi dörddə bir dollar. Ordan uzaqdan bura gəlmisən, təyyarəyə, qatara, hotelə, pizzaya, sərinləşdirici içkilərə, qəhvəyə pul vermisən. Bir neçə sentə qızırğanmayacaqsan ki... Amma çoxları qıymır. Onlar narazıdır: onlara xəbərdarlıq edilməyib. Cənnəti havayı görmək istəyirlər. Bir dəstə turist dayanıb səxavətli və səbirsiz birini gözləyir ki, fırıldaqçı italyan aparatının yarığına sikkə salsın — bütün italyanlar fırıldaqçılardır, elə deyilmi? Ondan sonra projektorlar yanıb-sönəcək və insan gözü üçün kifayət etməyən qısa müddət ərzində cənnət daha yaşıl, qoyunlar daha məsum görünəcək, Rəbb daha rəhmli olacaq. Kütlə daha ucadan uğuldayır... Amma işıq sönür və məyus turistlərin uğultusu bir anlıq etiraz donqultusuna, simiclik mırıltısına, məyusluq pıçıltısına çevrilir. Çünki yenə hər şey qaranlığa qərq olur.

Kütlə ilə birlikdə kilsədən kilsəyə keçirəm, dəniz uğultusunu xatırladan boğuq çoxdilli ləhcəyə qulaq asıram, ağır hərəkət edən insan burulğanında buruluram, mənimki kimi mənasız yorğun üzlər sayrışır, eynəklər parıldayır, bələdçi kitabçalarının səhifələri xışıldayır. Məbədlərin dar qapılarından soxuluram, yanımdakını itələyirəm, hamı kimi daha yaxşı yer tutmağa, çox əsəbiləşməməyə çalışıram. Əgər cənnət həqiqətən varsa, düşünürəm, ora da eynilə bu cür qoyun sürüsü, insan kütləsi ilə — qocalar, axmaqlar, görməmişlərlə birlikdə girəcəyəm. Əgər cənnət bizim üçün deyilsə, onda kiminçündür? Maraqlıdır! Məgər başqa cür, xüsusi, bizdən nəzərəçarpacaq dərəcədə yaxşı olan adi, orta statistik insanlar varmı?

Yoxdur və çox güman ki, yaşıl çəmənlikləri burada hər şeyin bu qədər qədim və alçaq olmasından narazı qalan amerikan turist sürüsü ilə birgə gəzməli olacağam. Əgər belədirsə, deməli, cənnət də darıxdırıcı və pisdir, deyildiyi kimi deyil. Amma cənnət heyrətamiz dərəcədə gözəl olmalıdır.

“Həyatımda bundan gözəl (arxasına bax) heç nə görməmişəm!” — atam mənə yazmışdı. Arxasına baxıram. Adi cənnətdir. O nə görmüşdü ki, mən görə bilmirəm?

Kütləylə birlikdə əsrin əvvəllərində rus səyyahı Pavel Muratovun “İtaliyanın şəkilləri” adlı məşhur kitabında bəhs etdiyi kiçik binaya soxuluram:

“Qalla Plasidiya mavzoleyinin tavanındakı tünd göy rəng qeyri-adi və əlçatmaz dərəcədə dərindədir. Kiçik pəncərələrdən bura daxil olan işığın oyunundan asılı olaraq, o gözlənilmədən gah heyrətamiz yaşılımtıl, gah da yasəməni və ya tünd qırmızı çalarlarda bərq vurur. Bu fona qar kimi ağ qoyunların arasında oturmuş gənc Xeyirxah çobanın məşhur obrazı qoyulub. Pəncərələrdəki yarımdairələr bulaqdan su içən maralların təsviri olan böyük ornamentlə bəzədilib. Alçaq tağların üzərində yarpaqlı meyvə salxımları təsvirləri qıvrılıb. Onların əzəmətini görəndə istər-istəməz fikirləşirsən ki, bəşəriyyət heç vaxt kilsə divarlarını bəzəmək üçün bundan gözəl bədii vasitə yaratmayıb. Burada qəbirüstü məqbərənin həcmi kiçik olduğundan mozaika mənasız və soyuq dəbdəbə nümayiş etdirmir. Vaxtilə imperatriçənin mumiyalanmış cəsədinin olduğu sarkofaqı əhatə edən mavi alova bürünmüş parlayan hava coşğun dini təxəyyülün arzusu olmağa layiqdir. Qotik kilsələrdəki vitraj sənətkarlarının can atdığı da elə budur, ancaq fərqli şəkildə”.

Möhtəşəm sözlərdir! Amma kilsəyə girəndə heç nə görmürəm. Ola bilsin ki, o vaxt bələdçi məbədi Muratov üçün məşəllə işıqlandırıb, amma indi bura sadəcə qaranlıqdır və pəncərələrdən güclə daxil olan sısqa işığın qabağını da turistlərin arxası kəsir. Kütlə inadla sıx, çiyin-çiyinə dayanıb. İşıqlandırma qutusuna pul salmaq lazımdır, amma heç kim tələsmir, hamı bunu başqasının etməsini gözləyir. Mən də tələsmirəm. “Mən artıq dəfələrlə atmışam, — özümə bəraət qazandırıram, — indi də başqaları atsın”. Boğanaqlı qaranlıqda bir dəqiqə keçir. Daha bir dəqiqə. “Təslim olmayacağam”, — hər kəs düşünür.

Qaranlıq başımı sıxır. Siçan, kif və nəsə başqa bir köhnə şey iyi gəlir, sanki zaman özü qoxuyur. Sonra insan qoxuları gəlir — qocalmış bədən, ətir, nanə həbləri, tər, tütün. Ölümdən dərhal sonra belə olacaq: qaranlıq, kiminsə qaranlıqda burnunu çəkməsi, isti, intizar, yol yoldaşlarına qarşı müəmmalı nifrət, bu nifrəti gizlətmək üçün nəzakətli qətiyyət, bir az eqoizm, inadkarlıq, ümid, şübhə. Cənnətə gedən yolda gözləmə otağı — başqa nə ola bilər? “Həyatımda bundan gözəl (arxasına bax) şey görməmişəm! Ağlamaq istəyirəm!» — atam cənnətdən yazırdı.

Nəhayət, xarakterik çıqqıltı eşidildi — kimsə buna hər halda qərar verdi və əvvəlki kimi işıq bir neçə saniyə yandı. Bu qısa anda gözlər tavanı görməyə macal tapmır, yayınırlar, bu qısaca anda başımızın üstündəki ağır və isti qaranlıq qəfil ulduzlu səmaya çevrilir, gözlərə yaxınlaşan nəhəng, parlaq ulduzlu göy günbəzə. “A-ahhh!” — aşağıdakı sinələrdən ah qopur və işıq dərhal sönür. Yenə qaranlıq olur, hətta əvvəlkindən də betər.

Yenə cıqqıltı eşidildi və yenə də fantastik, çoxrəngli ulduzlar təkər kimi fırlandılar, həmin “mavi alovla yanan hava” yenə bir saniyəlik göründü və yenə qaranlıq oldu. Yenə də düşən sikkə cingildədi, yenə çıqqıltı oldu, — gözəlim, noolar, getmə, bizimlə qal! — amma yenə qaranlıq. Günahkar kütlə ovsunlanmış kimi dayanıb yuxarı baxır. Qaranlıqda yol açıldı, söz verildi, sübut təqdim olundu, hamı xilas olacaq, heç bir izaha ehtiyac yoxdur — adsız sənətkarların başımız üzərində ucaltdığı sehrli mavi uçurum sözsüz dildə danışır və oxuyur. Göy rəng aşağıya meyvə və yarpaq səbətlərinə axır... hər şey yox olur, amma işıq durmadan yanıb-sönür, bayram fasiləsiz davam edir, bu dəqiqə mələklərin nəğməsi eşidiləcək. Təki işıq olsun!

İzdihamın arasıyla ehtiyatla soxularaq məqbərənin divarlarına işıq salaraq ehtişam yaradan tamahkara gizlicə baxmaq istəyirəm. O, başını aşağı dikərək əlil arabasında oturub. Qucağında içində sikkələr olan qutu var. O, əli ilə sikkə axtarır, onu avtomatın yarığına salır, göy rəng bənövşəyi və al-qırmızı çalarlarda parıldayan qısa anda bələdçi qadın tələm-tələsik onun qulağına eşitmədiyim sözlər pıçıldayır. Ancaq eşitsəm də başa düşməyəcəyəm: çünki bu dili bilmirəm.

Bu adam kordur. Bütün korlar kimi onun da qapalı və səbrli siması var, göz qapaqları bağlıdır, başını aşağı salıb, qulağını yoldaşına tərəf əyib. Qadın onun nəyidir — qızı, arvadı, yoxsa sadəcə bələdçisi? Onun pıçıltısına qulaq asır və arabir başını astaca tərpədir: hə, hə. Daha çox dinləmək istəyir, sikkələri dalbadal atır. O, sikkələri qaranlığa atır və oradan eşidilən səs bacardığı qədər gözəlliyin böyük təsəllisindən danışır.

O sona qədər qulaq asdı, başını tərpətdi, gülümsədi. Qadın əlil arabasını kütlənin arasıyla məharətlə sürərək döndərdi və mavzoleydən çıxdı. Adamlar onlara baxırdı, amma onun vecinə deyildi, qadınsa yəqin ki, öyrəşmişdi. Təkərli kreslo daş döşənmiş meydanda atılıb-düşürək oturan adama əlavə xırda əziyyət verdi. Buludlardan yağış damcıladı və dərhal dayandı.

“Arxasına bax!” Amma arxa tərəfdə heç nə yoxdur, yalnız qaranlıq, isti, sükut, əsəb, şübhə, ümidsizlik var. Arxasında lap çoxdan vacib olan bir şeyin köhnə şəkli var, amma o mənim üçün deyil. “Ağlamaq istəyirəm”, — atam qırx il əvvəl onu heyrətə gətirən gözəllik haqqında (bəlkə də, daha çox şey haqqında) yazmışdı. Mən də ağlamaq istəyirəm, çünki o artıq yoxdur və hara getdiyini bilmirəm. Ondan yalnız bir yığın kağız qalıb və əlfəcin kimi kitabdan kitaba keçirdiyim yaşıl cənnətli açıqca.

Ancaq bəlkə də hər şey belə deyil, bəlkə hər şey çoxdan düşünülüb və hər şey plan üzrə gedirdi, sadəcə bu gün ortaya çıxdı. İnancından ilhamlanan naməlum bizanslı usta Rəbbin bağının gözəlliyini təsəvvür edib. Onu bacardığı qədər öz dili ilə ifadə edib, bəlkə də daha çox şeyə gücü çatmadığından dilxor olub. Əsrlər keçib, atam Ravennaya gəlib, yuxarı baxıb, Edenin təsvirini görüb, onun ucuz şəklini alıb, onu sevərək mənə göndərib, sədaqətini nida işarələri ilə dəstəkləyib. Hər kəs öz dilində danışır. O, şəkli göndərməsəydi, mən indi bura gəlməz, qaranlıq kapellaya girməz, korla görüşməz, onun əlinin qaranlıqda görünməyən hərəkətiylə göy işığın cənnətin kandarında necə alovlandığını görməzdim.

Çünki biz də onun qədər koruq, yox, əlil arabasındakı qocadan min dəfə çox koruq. Bizə pıçıldayırlar, qulaqlarımızı tıxayırıq, göstərirlər, üzümüzü döndəririk. İnancımız yoxdur: inanmaqdan qorxuruq, çünki aldanacağımızdan qorxuruq. Məqbərədə olduğumuza əminik. Dəqiq bilirik ki, qaranlıqda heç nə yoxdur. Qaranlıqda heç nə ola bilməz.

Onlarsa bu kiçik ölü şəhərin dar küçələri ilə uzaqlaşırlar, qadın arabanı itələyir, kor adamın qulağına əyilərək nəsə deyir, dili dolaşır və yəqin ki, heç vaxt ağlıma gəlməyəcək sözlər seçir. Qoca nəyəsə gülür, qızsa onun əyilmiş yaxalığını düzəldir, qucağındakı qutuya sikkələr tökür, yeməkxanaya girib ona bir dilim pizza gətirir və o, qaranlıqda görmədiyi dadlı yeməyi minnətdarlıqla, səylə, səliqəsizcə yeyir.