Tatyana Tolstaya
Tatyana Nikitiçna Tolstaya (1951) —> yazıçı, esseist, publisist və ədəbiyyatşünasdır. “Triumf” (2001) və “İlin yazıçısı” (2019) mükafatlarının qalibidir.
Leninqrad (indiki Sankt-Peterburq) şəhərində fizik ailəsində anadan olub. Leninqrad Universitetinin Klassik filologiya fakültəsini bitirib. Nəşriyyatda işləyib. ABŞ-da dərs deyib. Uzun illər televiziyada öz proqramını aparıb, mətbuatda esselər və köşə yazıları ilə çıxış edib.
İlk hekayəsi “Qızıl eyvanda oturdular...” 1983-cü ildə “Avrora” jurnalında dərc olunub. 1987-ci ildə Moskvada hekayələr toplusu nəşr olunan yazıçı çağdaş nəsrin ən parlaq hadisəsi kimi qiymətləndirildi. “Okkervil çayı”, “Gündüz”, “Gecə”, “Asan dünyalar”, “Üzüm”, “Keçə əsri”, “Bacılar” və bir çox digər topluları Tolstayaya ən yaxşı müasir hekayəçi kimi şöhrət qazandırdı. Tatyana Tolstayanın 2000-ci ildə işıq üzü görən ilk antiutopik romanı “Kıs” bestseller oldu.
Onun dərin bədii nəsr və esseləri qeyri-adi obrazlılığı, plastik dili, refleksivliyi, mürəkkəb psixoloji elementləri ilə seçilir. Yaradıcılığı mühakimə müstəqilliyi, emosionallığı və intellektual kəskinlik ilə xarakterizə olunur. Müxtəlif üslub və ənənələrlə oynayan postmodernist Tolstaya rus klassik nəsrinin sadiq davamçısıdır.