Qaz və almalar
— İstəyirsiniz, hər şeyin mənim üçün necə başladığını sizə danışım, madmazel? Yaxşı, diktafonunuzu yandırın. Siqaret çəkməyimə etiraz etmirsiniz ki? Hə, 1993-cü ilin ac yayını, sonra da ac payızını təsəvvür edin. Oktyabr. Moskva ətrafındakı Lopatnikovo kəndi. Otaqda, bağçaya açılan pəncərənin qarşında eynəkli bir kişi oturub dalğın halda siqaret çəkir. Masanın üstü kitablarla doludur.
O, filologiya elmləri namizədi, pedaqoji institutun müəllimidir. İvan Buninin yaradıcılığına dair silsilə mühazirələr hazırlayır. Əhvalı çox pisdir. Pulsuzluqdan əzab çəkir. Bu il on beş ildən sonra ilk dəfədir ki, yayda ailəsi ilə birlikdə cənuba gedə bilməyib və məzuniyyətini kənddə yaşayan qayınanasıgildə keçirməyə məcbur olub. Qaynanası yaxşı insandır, kürəkəninin işinə hörmət edir, heç nə qazanmamasına anlayışla yanaşır və bağçada sakitcə qurdalanır.
Arvadı şəhərdə işləyir. O da ərinin peşəsinə hörmətlə yanaşır, amma səbri artıq tükənib. Filoloq bunu bilir. Onu da bilir ki, heç bir mühazirə kursu, hətta ən uğurlusu belə ailənin maddi vəziyyətini yaxşılaşdıra bilməz. Siqaret kötüyünü vızıldatmaq üçün pəncərəyə tərəf dönür və orada ağacların arasında qayınanasının qonşusu, sağlam, yekəburun, bütün təqaüdə çıxmış milislər kimi şən Qaz ayamalı kişini görür. “Gedək vuraq” — qonşu işarə edir. Elmlər namizədinin ziyalı ruhunda hər cür “qara camaata” qoşulmağa ikrah hissi ilə hər şeyə tüpürüb sərxoş olmaq istəyi mübarizə aparır. Ancaq axırda pəncərədən keçib, şən “itə” qoşulur və onlar da Lopatnikovoya tətilə gələn krançı Stepanıçla birlikdə ağacların altında otururlar.
Qazın bağçasındakı gavalı ağacının altında yerlərini rahatlayırlar. Səmimi söhbət başlayır və məlum olur ki, “it” əla hekayəçidir, ehtiyatında çoxlu qeyri-adi əhvalatlar var. Stepaniç dilini çıqqıldadaraq mütəəssir olur.
— Sənin danışdıqlarını yazmaq lazımdır.
Filoloq başını tərpədərək razılaşır ki, yazmaq heç də pis olmazdı.
İki şüşə boşaldıqdan sonra sual yaranır ki, nəylə davam etsinlər. Namizəd dəhşət içində ağır vəziyyətə düşdüyünü dərk edir. Qonaq etmək növbəsi onun olsa da, cibində bir qəpiyi yox idi. Qayınanasından alsın? Bundansa özünü asar. Rəng verib ala-ala “gələn dəfə” haqqında nəsə mızıldanmağa çalışır. Krançı dada çatır.
— Nəyi gözləyirik? İndi alma satarıq və düzələr.
Ziyalı bu fikrə çox sevinir, çünki qayınanasının bağı yerə tökülmüş Antonov almaları ilə doluydu.
— Əlbəttə, satarıq, — elmlər namizəd dedi. Stepanıç kisələr və dibi metal tordan olan xüsusi vedrə gətirməyə qaçdı. Bu vedrədə palçığa bulaşmış meyvələri yumaq rahat idi. Yarım saatdan sonra Stepanıçın “Zaporojes”i üç şən taciri və dörd kisə Antonovkanı Moskvaya apardı. Şəhər cəmi kilometr yarım məsafədədir. Keçmiş sənaye kompleksi binasının yaxınlığında sərbəst bazar var, burada ağzı üstə çevrilmiş yeşiklərin üstündə mövsümdən asılı olaraq göyərti, turp, alma, giləmeyvə, gavalı satırlar. Otuza yaxın qarı burada daim alver edir. İki sentner Antonovka yüklü “Zaporojes” bura “Boinq” şirkəti təyyarə modelçilərinin enişi kimi soxuldu.
Qaz və Stepaniç bircə anda təkcə buradakı ticarətin tərzini deyil, həm də qiymət siyasətini pozdular. Nənələr bir kilo almanı iki yüz əlli rubla satdıqları halda, krançı və milis yüz iyirmidən, hətta yüz rubldan verdilər. Dilxor halda ayılmış filoloq açıq yük yerinin arxasına qısılmışdı. O hətta müştəri kimi narahat olduğu bazarda özünü son dərəcə naqolay hiss edirdi. Amma qaçmaq da olmazdı.
Rəqib qarılar deyinməyə başlayanda narahatlığı birə-on artdı. Şikayətlərin çoxu krançıya ünvanlanmışdı, lakin elmlər namizədi onlardan bəzilərini özünə götürdü. Stepanıç və Qaz nəhəng addımlarla yeriyən növbəti alıcını yola salaraq qəhqəhəylə güldülər. Kisələr sürətlə boşalırdı. Qurtuluş saatı yaxınlaşmışdı.
Satmağa təxminən iyirmi kilo alma qalanda binanın tinindən eyni cür geyinmiş, qaraqabaq, qırxıq başları urlu iki oğlan çıxdı. Alimin ürəyi bir parça buza döndü. O, qaçmaq istəyinə çox çətinliklə qalib gəldi və bunu bacardığına görə dərhal peşman oldu. Oğlanlar düz “Zaporojes”in yanına gəldilər. Dayanıb, saqqız çeynəyə-çeynəyə sakitcə Qaza və Stepanıça baxdılar. Keçmiş “it” torlu vedrəni ikiəlli tutaraq sakitcə dayanmışdı, krançı isə açıq-aşkar əsəbləşirdi.
— Hərəniz min verəcəksiniz, — oğlanlardan biri dedi.
— Nəyə görə? — Qaz təmkinlə soruşdu. Məlum oldu ki, uşaqlar “yerpulu” tələb edirlər. Milis nə üçün pul verməli olduğunu qəti şəkildə, hətta meydan oxuyurcasına başa düşmədi. “Almalar mənimdir, yer isə hamınındır”. Qarılar dramatik səhnəni maraqla izləyirdilər. İkinci oğlan yumruğunu pencəyinin cibindən çıxartdı, ovcunda nəsə çıqqıldadı və bıçağın parlaq tiyəsi açıldı. Tiyə düz Stepanıçın qarnına tuşlanmışdı. O, “bu dəqiqə, bu dəqiqə” mızıldanaraq geri çəkilməyə başladı və yarımçıq kisəyə ilişərək, arxası üstə yıxıldı. Bu zaman ayaqlarını qəfil irəli uzadaraq, ağır çəkməsinin dabanı ilə bıçaqlı oğlanın düz dizinə vurdu və o, sağ baldırını ehtirasla qucaqlayıb, boğuq səslə söyüş söyərək yerə yıxıldı.
Sabiq milis, görünür, banditlərə qarşı hərbi əməliyyat başlandığına qərar verərək, hərəkətə keçdi və vedrə ilə birinci oğlanın başına dəhşətli zərbə vurdu. Daha doğrusu, vedrənin altı ilə. Təmir tor qırıldı və vedrə quldurun başına keçib, üzünün dərisini soydu. Bandit bərkdən bağırdı və qaçmağa başladı, ancaq heç nə görmədiyindən, başını işıq dirəyinə çırpıb yıxıldı, yerindən sıçrayıb qalxdı və yenidən yıxıldı. Əməlli-başlı Hollivud epizodu idi. Ayağından yaralanan quldur öz ağrısını unudub, bədbəxt dostuna tamaşa edirdi. Ancaq Qaz sayıqlığını itirmədi. Hələ də bardaş qurub oturan oğlana sarı gedərək, ayağını var gücü ilə onun bıçaq tutan əlinə basdı. Banditin əli xırçıldadı. Reketlər müxtəlif səslərlə ulayaraq hərəsi bir tərəfə qaçdı.
Həmin gün axşamı elmlər namizədi kitablarını çantasına yığıb, yarana biləcək mümkün bəlalardan sakitcə xilas olmaq üçün şəhərə qaçdı. Tezliklə əziz qayınanası xəstələndi və bir neçə ay xəstəxanada yatmalı oldu. Lopatnikovo ilə bütün əlaqə kəsildi. Bu arada filoloqun ailəsinin maddi vəziyyəti getdikcə çətinləşirdi. İki kisə kənd kartofunu dekabr ayına qədər yedilər və gün gəldi filoloq yenidən Lopatnikovo kəndinə getməli oldu.
Bu gün o, mürəkkəb bir dissertasiya üçün rəyi bitirmək niyyətində idi, lakin arvadı bu barədə eşitmək belə istəmirdi, odur ki, ilk dəfə olmayan pullarla bağlı əsl tamaşa düzəltdi. Alim metroda və avtobusda əsəbindən titrəyirdi. Son dayanacaqda yerə tullanıb, boz qarın üzərində sürüşə-sürüşə avtobusun arxa tərəfinə keçdi və yolun hərəkət hissəsinə tullandı. Bu zaman haradansa peyda olan “Mercedes” onu vurdu. Maşının “Mersedes” olduğunu o arxası üstə uzanaraq radiatoruna baxanda anladı. Avtomobilin qapılarının açıldığını eşidən filoloq xarici maşının parıltılı cilasında heç bir iz qalmaması üçün dua edə-edə kənara sürünməyə başladı.
— O-o-o, alim! — O, başının üstündə şən və ən əsası da tanış səs eşitdi. Ancaq bu səsin sahibini dərhal tanımadı. Hətta onu qaldırıb silkələməyə başlayandan sonra da uzun qara paltolu, boynunda ağ şarf olan adamın kim olduğunu anlaya bilmədi.
— Tanımadın?
Alim onu yalnız bu zaman tanıdı. Bu, Qaz qələbli keçmiş milis idi.
— Sənə nə olub? — Filoloq paltonu, şarfı və “Mercedes”i nəzərdə tutaraq soruşdu.
— Salamatsan? Gedək, danışacağam. Qaz qorillaya oxşayan sürücüyə tərəf dönüb əmr etdi: — Avroraya.
— “Avrora” nədir?
— Mənim gecə klubumdur. Hələlik çox sual vermə, tezliklə hər şeyi biləcəksən.
“Mercedes” qaza basdı və tez çatdılar.
— Soyun, indi səhər olduğu üçün buralar boşdur.
Əsnəyən, lakin itaətkar qarderobçu azca təzim edərək, filoloqun sərt drap paltosunu qəbul etdi.
— Orada mənim iki əla stolum var, — Qaz qarderobun sol tərəfini göstərdi, — bilyard stollarıdır, ancaq səhərlər onların üstündə adətən yatırlar. Oradakı zalda təkqollu banditlər kart oynayırlar.
— Ruletka da var? — Qonaq nədənsə soruşdu.
— Əlbəttə. Ancaq fırlatmaq üçün axşama qədər gözləmək lazımdır. Xidmətçilər hamısı yatıb. Biz ora gedək. Orada bar kimi bir şey var.
Sakitlik, pəncərələrdə bənövşəyi pərdələr, şamdanlar. Qaz sanki göydən düşən ofisianta “köhnə dostunu” nəyə qonaq edəcəyini izah edə-edə ağayana yerişlə ən uzaqdakı masaya doğru getdi.
— Otur, elm fədaisi.
Haradansa bahalı görünsə də, dadlı təsir bağışlamayan qəlyanaltılar uçub gəldi. Qonağın qədəhi olduqca ətirli bir şeylə doldu.
— “Kurvuazye” konyakıdır, toqquşduraq.
— Toqquşduraq... danış görüm, necə oldu.
— Darıxma, bu dəqiqə. Yaxşı, uç buradan. Son sözlər masanın ətrafında fırlanan ofisianta ünvanlanmışdı.
Filoloq hisslərini cilovlamaq üçün stəkanı bir qurtuma başına çəkdi. Ağzına bir parça ağ balıq atıb, qulaq asmağa başladı.
— O vaxt necə alver etdiyimiz yadındadır da. İki gün kef elədik, nəhayət, pul qurtardı və mən təcrübəni təkrarlamaq istədim. Stepanıç əvvəlcə istəmədi. Sən demə, o hadisəyə qədər həmin bıçaqlı küçüklərə hesab veribmiş, indisə qorxurdu. Yaxşı, dedim, bu dəfə dalaşmarıq, pul verərik.
Daha üç kisə yükləyib, gəldik bazara. Satmağa başlayan kimi, bir qarı yaxınlaşıb, ovcuma bir dəstə pul basdı. “Bu nədir?” — soruşdum. Sən demə, bizim davadan sonra o ölüvay reketlər daha bazara gəlməyiblər. Qarılar minnətdarlıq əlaməti olaraq, əsasən də avtoritetimizi qəbul edərək, bizə biət etməyə qərar veriblər. Bizim insan öyrəşib ki, hökmən kiməsə xərac verməlidir. Ancaq mən “it” olsam da, tam əclaf adam deyiləm. Qarıları pullarıyla birlikdə qovdum getdilər. Kisələrimizi satdıq, sonra daha üç dəfə gəldik. Qarılar artıq mənə yaxınlaşmırdılar. Sonradan bildim ki, Stepanıç məndən gizli onlardan xərac yığıb. Alçaq! Mən belələriylə dostluq etmirəm. Qarılar isə rayonun hər yerinə car çəkiblər ki, guya hər şeyi qapazımın altında saxlayıram.
Ofisiant yenə uçaraq gəlib, masanın üzərindən asıldı, külqabını dəyişdi, sahibinə və qonağa qulluq göstərmək üçün butulkanı qamarladı. Qaz ona qəzəbləndi.
— Get, mən özüm.
Hərəyə birdəfəyə yüz əlli süzdü. İçdik.
— Almalar artıq uçurdular. Mən arxayınlaşmışdım, amma əbəs yerə. Bir gün bazarın yanında bahalı bir qara maşın dayandığını gördüm. İçindən üç nəfər düşdü. Düşündüm ki, bu dəfə artıq vedrə ilə müdafiə oluna bilməyəcəyəm. Qara günümü qabladım. Gələnin mühüm daydaylardan olduğu aydın idi. Yanında da iki kəlpeysər. Mənə dedi ki, aralanaq və aralandıq. “Təki son mənzilə göndərməsin” — düşündüm. Dayday bəstəboy idi, gözlərinin altı torbalanmışdı. Səkiylə iki dəfə o yan-bu yana gəzişdik və mənə başa saldı ki, özümü düz aparmıram. Bazar guya onun vecinə deyil, ancaq burada prinsip məsələsi var, çünki bu rayonda toyuqların belə küçəni necə keçməsini o müəyyən edir, o ki qaldı hansısa almasatan Qaz ola.
— Bəs sən nə dedin?
— Nə deyəcəm? Susdum. Qorxumdan dilim damağıma yapışmışdı. Dərhal hiss elədim ki, bu daydayla zarafat eləmək olmaz. Bircə göz etməsi yetər ki, keçmiş “iti” aradan götürsünlər. Axırda onu başa düşüb-düşmədiyimi soruşdu, mənimsə üzümdə əsəbi və səfeh təbəssüm yarandı. Axmaq və məncə, ədəbsiz. Bunu onun üz ifadəsindən anladım, çünki sifəti ağararaq, qorxunc şəkil aldı. Yaxşı, dedi və barmağını burnuma tuşlayaraq əlavə etdi: “Özün belə istədin”.
— Yəni hədələdi?
— Elədir ki, var! Əsas da odur ki, hamı bunu görür və eşidirdi, həm qarılar, həm də onun yanındakı kələlər. Gözəl səhnə idi. O mənim dərimdən abajur düzəldəcəkləri haqda ətraflı danışdı, mənsə dayanıb, həyasızcasına dişimi ağardıram.
— Bəs sonra nə oldu?
— Evə qorxudan ağappaq ağarmış halda gəldim. Həmin gün tərslikdən doğum günüm idi. Hər iki qardaşım gəlmişdi. Vitalik Palaşev bazarda qəssabdır, Borka isə gömrükdə işləyir. Ona hətta tapança gəzdirməyə də icazə var. İçdik, yaxşıca vurduq. Pul vardı axı. Şirə döndüm və berdankamı gətirib, qardaşlarımı butulkalara atəş açmaq üçün yarğana apardım. Bütün qorxum yox olmuşdu. Düşündüm ki, asanlıqla təslim olmayacağam! Gəlin, görək kim kimdir! Səhərisi gəldilər.
— Həminki kəlpeysərlər?
— Yox, rayon polis şöbəsindən. Üçümüzün də qolunu burub, şəhərə apardılar və kameraya saldılar. Deyirəm, görəsən nə olub?! Ovçu biletim var, ictimai asayişi də pozmamışam. İki sutka saxladılar, sonra növbəsi çatan serjant tanış çıxdı, bir yerdə xidmət etmişdik. O mənə izah etdi ki, doğum günüm olan tarixdə mənə xox gələn o qorxunc banditi mühafizəçiləri ilə birlikdə maşınında partladıblar. Hadisə tam qardaşlarımla yarğanda əyləndiyimiz vaxt olub. İkisi dərhal ölüblər, ancaq mühafizəçilərdən biri ölümqabağı deyib ki, şefi həmin gün mənimlə bazara görə möhkəm atışıb.
— Bu ki təsadüfdür!
— Ancaq heç kəs buna inanmır! — Qaz qorxunc pıçıltıyla dedi. — Əlqərəz, məni buraxdılar, hətta bir az da hörmətlə. Ətrafdakıların münasibəti dəyişdi. Əvvəl mənə əhəmiyyət verməyənlər salamlaşmağa başladılar. Nə isə, belə başa düşdüm ki, hamı qəti əmindir ki, quldurbaşını mən aradan götürmüşəm.
— Bəs izah etməyə çalışmadın?..
— Kimə və necə?! Qardaşlarımla danışmaq istədim, güldülər. Şübhəlidir, dedilər. Qərara gəldim ki, yaxşısı budur, hələlik buralardan gedim. Tverə, xalamgilə. Elə hazırlaşırdım ki, yanıma bir cavan oğlan gəlib dedi ki, mənimlə danışmaq istəyən adamlar var. Düşündüm ki...
Sanya alnını ovuşdurub, siqaret yandırdı, ofisiantın yaxınlıqda olub-olmadığını bilmək üçün ətrafa boylandı.
— Getdim danışmağa. İndi səninlə ətrafında oturduğumuz bax bu masada söhbət etdik. Üç nəfər idilər, sən onları tanımırsan və tanıya da bilməzsən. Xeyli çək-çevir etdilər, belə başa düşdüm ki, məni dişlərinə vururlar. Daha çox susdum, amma inkar da etdim. Yəni heç nəyə iddia etmirəm və onların cinayət dünyasında heç nəyə ehtiyacım yoxdur, sakit ailə həyatımı yaşayıram. Fikirləşdim ki, onlara hər şeyi düzgün başa salmışam, sakitcə evə gedib, pensiyaçılığımı edəcəyəm. Ancaq onlara elə gəldi ki, qardaşlarımdan ibarət dəstəm olduğuna eyham vururam. Mənsə onların ayağına yıxılmağa hazıram, hədə-qorxu gəlmirəm, əksinə, özüm qorxuram, təki əl çəksinlər. Kənara çəkilib məsləhətləşdilər və dedilər ki, əgər işlərimizə burnunu soxmasan, bu klubu sənə verərik. Onsuz da onu haqq edirsən. Elə o vaxtdan...
Ofisiant yenə peyda olub, ehtiramla isti yemək olaraq nə gətirməyi soruşdu. Qazın əsəblərini güclə cilovladığı açıq-aşkar bəlli olurdu.
— İsti yemək kimi bizə qara qızdırma gətir. Rədd ol.
Niyə ofisiantları sevmirsən?
— Tək onlar yox, sürücüləri, hamam işçilərini, fahişələri, markörləri də. Gizlicə qulaq asacaq hər kəsi. Mənim həqiqətən kim olduğumu bilsələr, təsəvvür edirsən də nələr olar!
— Hə-ə.
— Məsələ də elə bundadır. Səni görməyimə ona görə şad oldum ki, heç olmasa danışarıq. Arvadım məni bir gözəlçə ilə tutdu və boşandıq. Ona və qızıma hərəsinə bir mənzil və maşın aldım, indi tək yaşayıram. Nə qədər qəribə olsa da, Stepanıç da məni avtoritet hesab edir.
— Doğ-ruda-an? — Filoloq avokado tikəsini çeynəyərək uzatdı.
— Sən hərdən gəl, qardaşyana oturaq. Qorxma cibinə pul basmayacağam, bilirəm, sən elə adam deyilsən. Ancaq qonaq edə bilərəm. Dərdləşərik.
Alim evə kefli halda, kartofsuz qayıtdı, ancaq əlində çiçək vardı və bu səbəbdən dava-dalaşdan yayına bildi. Alma mafiozu ilə görüşü haqda danışdı və yıxılıb yatdı. Filoloqun arvadı gecə yarısı yuxudan oyanıb gördü ki, əri yanında yoxdur. Mətbəxə cumub gördü ki, masanın arxasında oturub, birbaşa bankadan çıxardığı pomidor şorabası yeyir. Üzündə dalğın ifadə var.
— Nə olub sənə? — Buninşünasın arvadı soruşu.
— Həyatımda bəzi şeyləri dəyişməyi qərara almışam, — əri cavab verdi.
Arvadı göz yaşları içində dedi:
— Quldurların yanına getmə, əzizim, lazım deyil. Cəhənnəm olsun pul da, birtəhər keçinərik.
— Başa düşdüm, — müxbir xanım diktofonunu söndürərək dedi, — elmlər namizədi Buninin başını buraxaraq, ailəsini təmin etmək üçün detektivlər yazmağa başlayıb.
Kabinet sahibi qəlyanını ağzından çıxarıb, səliqəylə təmizlədi.
— Doğrudan da, haqqında danışdığım hadisələrdən təxminən yarım il sonra kommersiya nəşriyyatlarından birində “Qaz və almalar” adlı kriminal roman işıq üzü gördü. Ancaq müəllif elmlər namizədi yox, keçmiş “it” idi.
— Nə danışırsız?! Məni aldatdınız! Elə danışdınız ki, baş qəhrəmanın filoloq olduğunu düşündüm.
— Bilirsiz, 15-ə yaxın detektiv yazdığımdan gözlənilməz sonluqlar məndə öz-özünə alınır. Buninşünas isə həqiqətən həyatında bəzi şeyləri dəyişdi. O, tənqidçi oldu. Hazırda mənim kitablarım haqda məqalələr yazır. Mən də ona yaxşı pul verirəm.
Müxbir diktofonunu çantasına qoyaraq “hmm” dedi.
— Ay-dındır. Bir şey aydın olmadı. Kazinonuz ola-ola niyə ədəbiyyata keçdiniz? Heç bir romanla o qədər pul qazanmaq mümkün deyil.
— Doğrudur. Məsələ burasındadır ki, kazinonu tezliklə məndən aldılar. Görünür, söhbətlərimi hər halda kimsə dinləmişdi. Yaxşı ki, öldürmədilər. Təsadüf məni zibillikdən zirvəyə qaldırdı, amma sonra yenə başımı palçığa soxdu. Bundan sonra necə yazıçı olmayasan?
Müxbir xanım ayağa qalxdı.
— Çox maraqlı əhvalatdır. Xoşuma gəlməyən yeganə şey romanınızın adıdıdr. “Antonov almaları” daha gözəl olardı.
— Sizinlə tamamilə razıyam. Mən elə bu cür də qoymaq istəyirdim. Ancaq elmlər namizədi qəti etiraz etdi, belə etsəm, məni öldürəcəyini dedi. Mən də ona inandım. Beləcə yaşayıram, bir tərəfdə banditlər, o biri tərəfdə Bunin.>




