Burax gedim, Yenisey!
(kitabdan parça)
Yeniseyi ilk dəfə 1974-cü ildə iyunun əvvəlində Tuvanın paytaxtı — Kızıl şəhərində görmüşəm, burada iki dağ çayı — Kaa-Xem və Biy-Xem qovuşaraq gur və bulanıq maddəyə çevrilir.> O sarımtıl soyuq suda çimmişəm də, ancaq o vaxt ömrümün qalan hissəsinin də bu suda keçəcəyini bilmirdim.
Dağlar iki Yeniseyin qovuşduğu yerə qədim daş gözləriylə baxırlar.> Çöllüyü başına götürən kirpiyə bənzər yovşan kollarının tünd və boğucu qoxusu sanki Tuva sözünə də hopub. Son dərəcə güclü və dəlici qoxu qışın yandırıcı şaxtalı küləyindən, yayın cızdaq çıxaran qızmarından kələyi kəsilən bir bitkidən çıxır. Deməli, həyatın sıxıb suyunu çıxartdığı insan da möhkəmliyi, suyu çəkilmiş kədərli mahiyyəti ilə heyrətləndirir.
O uzaq və işıqlı əyyamlarda el-oba çiyin-çiyinə verərək, daha da yaxınlaşmışdı. Müəllimlər hərəkət və inkişaf etməyimiz, ecazkar diyarımızın qoxularını canımıza çəkməyimiz üçün hər şey edirdilər. Kitablara və Sibir xəritəsinə həvəsim olduğunu bilən biologiya müəllimim Qalina Anatoliyevna məni tanışları ilə birlikdə Tuvanın cənub-qərbinə, Muqur-Aksa kəndinə taun əleyhinə ekspedisiyaya göndərdi.
Abakandan Kızıla avtobusla Usinski yolu ilə, hələ də köhnə, əzəlki halında olan aşırımlardan keçərək gəldik. Karvansaralar, KrAZ-lar, yarımqoşqulu “Kolxida”lar, yonma stəkanlardakı borşlar, xamalar və kompotlar, sini daşıyan sürücülər gördük... Axşamtərəfi yola düşdük və yadımdadır, sağ tərəfdə uzaqda dübbədüz çölün o başında qəfil Şuşenskoye qəsəbəsi pırtlayıb çıxdı, daha sonra Tanzıbəydən başlayaraq, alatoran qatılaşdıqca dağ tayqasının nəfəsi vurmağa başladı. O, alatoranla sirli əlaqəyə girərək, asma qayaları yuxarıdan üzərimizə gətirməsi, tayqanın qaranlıq sıxlığı, şam və küknarların çoxluğu ilə heyran edirdi. Şəhərdə saatlarla Sibirin xəritəsinə baxırdım. Dağlar tünd qəhvəyi, qızarmış rəngdə idi və mən bu yerləri belə də təsəvvür edirdim — kitab illüstrasiyalarında olduğu kimi, bəzən çılpaq, tənha gözəl ağacların olduğu qəhvəyi... Meşəlik qəfil başladı və qurtarmaq bilmədi. Tayqa idisə, hər təpənin ətrafında ağlasığmaz sıxlıq vardı və bu sıxlıq irəliləyərək, yol kənarının hər metri uğrunda mübarizə aparırdı.
İlk aşırım Kulumıs başlayanda sürət qutusunun bütün səsləri, qəfil çətinə düşən mühərrikin uğultusu da daha yaxşı eşidilməyə başladı. Avtobus birinci sürətdə ləng və gərgin idi, döngəni burulanda fənərinin işığı şam kökləri ilə hörülmüş qaya divara dirəndi. Arxaya verib, yenidən dönən uzun “Ikarus-66” yola çətinliklə yerləşirdi, odur ki, yenə döndü və yuxarı qalxmağa başladı. Birinci sürətlə ağır-ağır süründü. Getdikcə qaranlıq qatılaşır, dağlar daha hündür qayalarıyla daha da yaxınlaşır və gecəylə birləşib daha çox mane olurdular. Məni yuxu basır, hansısa mənzərə fraqmentləri Sayan dağlarının valehedici girişindəki görünməmiş obrazlara qarışırdı.
Sonra mürgülədim. Bu əzablı yarıyuxunu xatırlayıram, dəstə rəisi Eduard Leonidoviçin zəif səsi səhərin gur işığı ilə birlikdə qəflətən cingildədi: “O axmaq yatır?!” (Yəni baxmaq əvəzinə.) Mən axmaq olmaq istəmirdim, odur ki, heç nə olmamış kimi mızıldandım: “Nə?!”
Bundan sonra Aradan başlayırdı. Eduard Leonidıç bu adı elə tələffüz etdi ki, sanki kiçik daxmalı qəsəbəni deyil, bu saatlarda baş verən hər şeylə əlaqəli vacib və nəhəng bir nəsnəni nəzərdə tuturdu. Biz də bir ağızdan təkrarladıq ki, bəli! Guya ki başa düşürük, bu axı Aradandır! Aradan! Mən və Eduard Leonidıçdən başqa, bizimlə axşam şöbəsinin tələbəsi, institutun əməkdaşı Lyuda da səyahət edirdi. Daha iki tələbə, itləri olan evli cütlük isə yol maşınında Sayandan keçərək gəlmişdilər: onları avtobusa götürmədilər.
Avtobusun pəncərələrindən möhtəşəm, hər şeyi hər tərəfdən sıxan, yolu, kəndi və adamları udmağa hazır dağ tayqası söyüdlərinin, ağcaqayınlarının, qaraşamlarının yaşıllığına qarışmış təzətər şehli işıq süzlürdü...
O səhər daha nə gördüm: iti axan gurultulu, xırda qırçınlı Usu. Dağ çayının köpüklü şanalarını ilk dəfə görürdüm və Uzaq Şərqlə Sibiri bir-birinə qarışdıraraq axmaqcasına fikirləşdim: bəlkə bunlar kürü tökmək üçün üzü axına üzən balıqlardır? Us üzərindən keçən taxta körpüləri, çayın üstündəki hündür qayaları da xatırlayıram. Ancaq ən güclü təəssüratı küknar və ağ şamların sivri şamabənzər konturları yaratdı, fərqləri həqiqətən başa düşmədim, ancaq onların siluetlərinin unikal Sibir quruluşunu dərhal hiss etdim. Ta uşaqlıqdan məndə iti məkan hissiyyatı var — gördüklərimin cizgilərini dərhal yadda saxlayıram. Tayqa uçurumunun üzərində qısa bir yol, eyni küknar və ağ şamlar və lap dibdə paslı körpücükləri üzüyuxarı durmuş bir yük maşını da vardı. Kızıla yaxın bir yerdə zərif və yaşıl qaraşamlarla örtülü maili təpənin sonsuzluğundakı klassik mənzərə adamı heyran edirdi. Baxıb bütün qəlbimlə anladım ki, tayqa dənizi deyilən şey məhz budur. Təbii olaraq, tayqanın necə dəyişib iynəyarpaqlı meşəyə çevrildiyini, ərazinin necə quruduğunu, sonra isə tamamilə dağ çölünə keçdiyini seyr etdim. Təxminən bu yerdə yarımçöllük yamacdakı çəpərin arxasında olan maral fermasının yanından keçdik. Sonra çökəklikdə uzun məsafədə saysız-hesabsız üçbucaq, buruq daşlar, kölgələr, daş damarlar, zəncirlər və kəmərlərlə əhatə olunmuş Kızıl başladı. Hara baxırdın, ilğımlı-təpəli üfüqlər, mavi laylar idi... İlğım o qədər sirli və cəlbedici idi ki, içindəki mavi duman əriyən ruhu üşütdü.
Kızılda Aleksey və Marina ilə görüşdük. Onlar Sayandan iki itləri, Qərbi Sibir və Kareliya laykaları ilə birlikdə “Kolxida”da keçib gəlmişdilər. Bu təşəbbüsün təsviri zarafatlarla və sanki even ləhcəsi ilə müşayiət olundu: “Şoper, şoper, Sayannan keçirip apar”. Tösmərək, ağır çəkili, iri sifəti ilə bir qədər mamontu xatırladan Aleksey qızğın ovçu, silah bilicisi və döyüş sənəti ustası idi.
Muqura An-2-də uçduq və bundan əvvəl yola düşmək üçün bir həftə gözlədik, çünki Saqan-Şibetu aşırımını buludlar tutmuşdu. Hər səhər hava limanına gedirdik, burada qızmar və uzaqlardakı ilğım xüsusilə güclü hiss olunur, reproduktorda səslənən yaşayış məntəqələri adları adamı ovsunlayırdı: Tora-Xem, Kızıl-Majalık, Sıstık-Xem, Teeli. Orada solğun yaşıl ovçu geyimində olan iki kişi də uçuşu gözləyirdi. Yanlarında boynuna xalta keçirilmiş ayı balası vardı. O, pəncələrini dırmıqlayaraq, iplə fırlanır və xalta sıxanda boynu çox nazik görünürdü. Hərdən donquldanmağa başlayanda ona şüşədə süd verirdilər. O, arxası üstə uzanır, butulkanı pəncələri ilə qucaqlayır və yeknəsək motor mırıltısı-gurultusya (dır-dır-dır) əmirdi.
Televiziya mərkəzinin arxasındakı beşmərtəbəli binada, Eduard Leonidıçın dostu, taun əleyhinə mübarizə və məhvetmə dəstəsinin rəhbəri İqor Kryukovun mənzilində yaşayırdıq. Kryukov tarlada idi.
Havanın düzəlməsini gözləyirik. Kızılda gəzirik, qovaqların kölgəsindəki asfalt cığırla gedirik. Qarşıda dikdaban geyinmiş, saçı səliqəylə yığılmış, başında maraqlı qurğu, ona bitişik nişastalı tor olanı arıq rus qadın addımlayır. Lyuda və Marina ucqar əyalətin adətlərinə pıqqıldayıb güldülər, ancaq Eduard Leonidoviç onlara sərt şəkildə təpindi və məncə, bu onlara əbədi dərs oldu: “Siz Moskvada evinizdə deyil, yad şəhərdəsiniz, insanlara hörmət etməyi öyrənin”.
Sonra An-2-də dağların üzəriylə uçduq və mən yenidən “şimalda”, şimal yamacları boyunca doğma və çoxdan gözlədiyim üçbucaq qaraşamlı təpələri tanıdım. “Şimal” daha rütubətlidir, Orta Asiyanın quraqlığında isə hər damcı vacibdir. Üç yüz kilometr uçduq və Saqan-Şibetuya qədər qaraşamlı təpələrdən başqa heç nə xatırlamıram.
Gənclik yaddaşı çox qəribədir: bu gün uçası olsaydım, daha çox şey görər və yadda saxlayardım... Görünür, 9-cu sinif şagirdinin gözü hələ yer üzündə bu qədər qırış görməyə öyrəşməyib və yoğrulmamış ruh yalnız təkrarlamağı və həyatın qatlarını qavramağı bilir.
Silsilələr getdikcə yüksəlir və artıq Saqan-Şibetu üzərindən dərə boyunca uçuruq. Bənövşəyi tin-tin zirvələrlə eyni bərabərdəyik və nəsə sarsıdıcı-qorxunc, eyni zamanda möhtəşəm bir şey yetişir, hansısa başlanğıc, sıçrayış... Bunu həm biz hiss edirik, həm də təyyarə. Pilotların qapısı açıqdır... Budur, nəhayət, pərpərənin şəffaf dumanı arasından gözqamaşdırıcı və qarlı bir şey — ağ günbəz-yorğan görürəm. Onun altında nəhəng bir şey dizini bir az yuxarı qaldırıb. Aşağıda bu parlaq günbəzi qara qabırğa-pəncələr saxlayıb. Bu, Monqun-Tayqadır. Onun hündürlüyü dörd mindən otuz metr əskikdir. Həmin gün necə də parlaq idi!
Muqur bu misilsiz dağla Saqan-Şibetu arasındadır. Dağ yaylasıdır. Burada hər şey sarıdır və günəş kimi parlayır. Zirvələr daha hündür, dik və bənövşəyidir, birinə sanki təbaşirdən ulduz taxılıb və iki dağınıq şüa bizə baxır. Onun adı Ulduzdur. Akbaştıq. Üstündə ağ çınqıllar bir-birinə yapışaraq beşguşəli daş əmələ gətiriblər. (Bu ulduz haqqında nələr eşitmədim — buzlaq olmasından tutmuş, xüsusi olaraq düzəldilməsinə qədər.) Muqur. Taxta evlər, qoyunlar... Maşınla qəsəbədən keçib, taun əleyhinə məntəqəyə gəlirik. Bura günəşin yandırıb, həyatın suyunu sıxdığı insanlar, zəhmətkeşlərlə doludur. İrkutsk xalqı taunun əleyhinədir. Praktikanı Moskvadan gəlmiş hansısa Suntsov aparır, günəş onu yandıraraq adam löyünündən çıxarıb, əynində ağ ensefalit kostyum var. Günəş hamını yandıraraq bişirib.
Nəhayət, “QAZ-53”ə yüklənib yola düşdük... Düşərgə Muqurdan iyirmi beş kilometr aşağıda, Karqa çayının kənarında olmalı idi, Monqolustan sərhədinə on kilometr qalmış. Təpələrin arasındakı çöldən keçdik. Sıraya düzülmüş təpələrin arxasında və üstündə Monqun-Tayqa görünürdü. Karqaya kiçik oyuncaq təpələrin arasındakı qəribə daşlı dərəylə getdik. Kənarları aypara forması alana qədər dartılmış-bozarmış çadırın yanında dayandıq. Çadırdan sərt hərəkətlə başı dəyirmi şəkildə qırxılmış boy-buxunlu bir oğlan — Valya Rılnikov çıxdı. O da yanıb qaralmışdı və eyni ağ ensefalit kostyumda idi. Yatağını çadırdan çölə çıxarıb bürmələdi, sonra çadırı da sökdü və büküb kuzova atdı. Axırda özü də atılıb mindi.
Dərə ətrafın quraq daşlığı ilə tam ziddiyyət təşkil edən yaşıl zolağa — Kırqı çaylağına aparırdı. Hündür taclı sıx söyüdlər və nəhəng nadir qaraşamlar. Ensiz çay göy tüstü rəngli qaya parçalarının arasıyla mavi süd tək axırdı. Qayaların səthi donmuş qırçın ləpələri xatırladırdı...
Çadırları qurduq. İplərini açdıq, hara bağlamağı dəqiqləşdirdik. İlişib-dolaşdıq... Guya elə ora bağlamaq lazım imiş, yanılmamışam. Üçüncü kurs tələbəsi Lyoxa Mironov müdrikcəsinə dedi: “Deyirlər, gənc adamın gözləri də cavan olur, hər şeyi dəqiq görür”. Lyoxa məni həvəsləndirməyə həmişə söz tapırdı.
Günbəzli və dördbucaqlı, pəncərələrinə pərdə çəkilmiş böyük ordu çadırında toplaşıb, yemək bişirdik və yedik. Burada soba vardı. Qalan çadırlar o dövr üçün nadir idi. Onlar solğun yaşıl deyil, sarı rəngdə xüsusi sintetik parçadan idilər, günlükləri də vardı. Axşam hər birində şam yandı və işıqla dolan çadırlar gözəl, nağılvari göründülər. Mənim Karqadakı həyatım onun suyunun dalğın şırıltısı, Valyanın axşamlar çaldığı gitaranın səsi ilə dolmuşdu. O həmişə bir neçə eyni təntənəli akkordu vururdu, yəqin yeni öyrənirdi.
Çay ensiz, suyu dayaz idi, yük maşını geniş yerindən rahatlıqla keçirdi. Dəniz səviyyəsindən 1800 metr yüksəkdəydik. Çayın arxasındakı yayla yuxarı qalxaraq, Saqan-Şibetunun ətəyinə gedib çıxırdı. Silsilə sarı maral dərisini andırırdı, büsbütün qatlar və qırışlarla örtülmüşdü. Bu yaxında öyrəndim ki, Saqan-Şibetunun bu qıraq zirvəsi monqolca “Burşban-umun-salany-nuru” adlanır. Saqan-Şibetu isə monqol dilində “ağ hasar” deməkdir.
Bu səmavi hasara dırmaşmağı elə ilk günlərdən birində bacardım və mənzərədən heyrətlənərək, ucsuz-bucaqsız və son dərəcə uzaq dağ silsilələrindən ibarət üfüqün açıldığı yüksəklikdə uzun müddət dayandım. Ayaqlarımın altından üfüqə qədər yüz sakit və şəffaf verst uzanırdı. Qərbdə Altay dağlarının cənub-şərq hissəsi, Çixaçyov silsiləsi, cənubda — Monqolustanın cənub-qərbində Turqen-Uul və daha bir dörd minlik zirvə var: bir hissəsi həmişə mənəvi pəncərəmdən görünəcək ağ üçbucaq idi. Təbii ki, lap yaxında, şimal-qərbdə də parlaq adyalın altında da Moqnun-Tayqa yüksəlirdi.
Yaxında olan hər şey təpələrin doğranan üçbucaqlarında daha da çoxalırdı. Hər birində daş tikişlərlə kobud şəkildə qaynaqlanmış kimi görünən pipik var. Onların arasından sanki qonur quzu kimi donub qalmış daş horra tökülürdü. Üçbucaqların cərgələri kölgələrin və hüdudların növbələşməsi ilə donmuş axın kimi bir melodiyada, bir küləkdə yaşayırdılar... Ancaq durbinlə baxsanız, görə bilərsiniz... Belədə isə onlarla mil uzaqda idi.> Bulud kölgələrinin sarı, qəhvəyi, çəhrayı kətan boyunca sonsuz hərəkəti... Onda düşünürdüm ki, təbiətimiz belə də olmalıdır və üzərində dayandığım genişlik daha uzaq məsafələrin astanasıdır. Ən nəhəng, havalı və xallı şeylər qarşıdadır.
İndi deyə bilərəm ki, Sibirin bir çox dağlarını seyr etsəm də, heç yerdə belə şey görməmişəm.
Gözlərimdə Monqunun parlaq yaşıl çalar yovşan qoxusunu içimə çəkərək, filizli torpaqla sürüşərək, ravəndin ətli gövdəsini, ya da dağsoğanının lüləsini qopararaq, Saqan-Şibetunun yamacından endim. Düşərgə öz adi həyatını yaşayır, Eduard Leonidıç yeşiyin üstündə oturub silahını təmizləyirdi. Tez və işgüzarcasına harada olduğumu, hara getdiyimi və niyə demədiyimi soruşdu, sonra silahı yerə qoyub, gözlərimin içinə baxdı: “Bir də belə etsən, geriyə, Moskvaya qayıdacaqsan...”
“Qızğın ovçu” ifadəsi dünyada heç kəsə Eduard Leonidoviç Sedıx qədər yaraşmazdı. Onun uzağı otuz beş yaşı olardı. Qaragöz, xurmayı saçlı, uzunsov, quru, şairanə simalı, yanaqları batıq, bığ-saqqalı (onlar da qurumuşdu) ağzını sıx çəpərə almış bir adam idi... O həm də arıq idi, atletik bədən quruluşu, hədsiz iri bicepsləri vardı. Qatranlı talaşa kimi qaynar, cingiltili idi. Əslən şəhərətrafı fəhlə qəsəbəsindən idi. İt saxlayır, sərgiyə gedir, Moskvanın ovçu qazanında qaynayırdı. Karaçarovoda yaşayırdı, itlərinə Kara və Çara adları qoymuşdu. “Ehtiraslı itlər” ifadəsini ilk dəfə ondan eşitdim. Bütün bunlar Edik demək idi. İnsanın ali missiyasına xələl gətirmədən onun xarici görünüşünü heyvanlarla müqayisə etmək olarsa, Edik ov tulasını xatırladırdı.
Tuvadan əvvəl o, Uralın Vişera çayında işləyib. Həmişə onları motorlu taxta qayıqda gəzdirən və bir gün qayığı devirib ekspedisiyanı suya qərq edən May babadan danışırdı. Eduard Leonidoviç “May qərq oldu” ifadəsini tez-tez işlədirdi və bu, təcrübəli və güclü bir insanın da başına bədbəxt hadisə gələ biləcəyi demək idi.
İnstitut taun ocaqları ilə məşğul olurdu. Onun daşıyıcıları birələr, yayıcıları isə sünbülqıranlar və pikalar******, xüsusən də həyatını öyrəndiyimiz monqol pikası idi. Pikalar yuvalarda sürülərlə yaşayırdılar. Mən Valino təpəsinin kənarında dirsəklənib qarşı yamacdakı pika sürüsünü müşahidə etməli idim. Yayda iki dəfə görünən nəsil ilə əlaqəli hər şeyə xüsusi diqqət yetirdim. Fikir verdim ki, yeni balalar peyda olanda birinci qarından doğulan yeniyetmələr sürüdən yox oldular, sanki yer boşaldırdılar. Bu müşahidəmi Valya ilə bölüşəndə o, həyəcanlanaraq qışqırdı: “Doğrudur!” — sanki məni yoxlayır və bu kəşfi gözləyirdi ki, pikalar haqqında doyunca danışsın.
Valya güclü, mavi gözlü, biçimli oğlandır. Solğun ensefalitik kostyumda əsgərə bənzəyir. Saçının kənarları dairəvi qırxılıb... Valyanı hamı sevirdi. Onun da öz dərdi vardı. “Bir ildən sonra təhsilimi başa vuracağam... Ondan sonra nə olacaq... tam qeyri-müəyyənlik...” — dalğın halda deyirdi. Ancaq qeyri-müəyyənlikdən qorxmayaraq, bu gün daş təpələr arasında olmasına dəyər verirdi. Ancaq illərin keçməsinə kədərlənirdi, elə bil iyirmi yaşında zamanın faniliyini xüsusi ağıyla yaşamışdı... Atletik və güclü olsa da, şikayətlənirdi: “Ah, necə də güclü idim... Necə də...” — bunu 9-cu sinifdə oxuduğu dövr haqqında deyirdi. Asta, ifadəli danışırdı. “Gənc gözlər”dən bəhs edən Lyoxa kimi arxada qalmış gənclik duyğularından danışırdı.
Tezliklə Kryukov bir yoldaşla gəldi və Eduard Leonidıç bir gününü onlarla gəzərək keçirdi. Ya bu, ya başqa bir dəfə qoyun gətirdilər. Necə hazırladıqları yadımda deyil, amma qan kolbasasını xatırlayıram. Qoyunu kəsərkən Lyoxa bir stəkan qan götürdü və hamının gözü qarşısında içdi — guya faydalı imiş. Ocağın başında oturduq və Kryukovun yoldaşı dedi ki, onların maşını aşıb. Nədənsə soruşdum: “Doğrudan?” O bu suala nərildəyərək cavab verdi, yəni niyə təkrar soruşursan, məgər inanmırsan? O vaxtdan mənasız suallar verməməyə çalışıram.
Kryukov ürəyiaçıq adam idi. Bəstəboy, yeniyetmə kimi arıq idi, idman şalvarını çırmadığı üçün az qala uşaq baldırlarını xatırladan baldırları görünürdü. Kryukov Yeniseydə qayıqlarının suyun içindəki hansısa daşa toxunaraq çevrilməsi haqda həvəslə danışırdı, ancaq dəqiq hansı tərəfdə olduğunu bilmirəm. Deyəsən, Xutinskidə. O, adaya üzüb və orada çay daşlarının üstündə uzanıb. Çayın ortasında üstündə bir platforma olan qayanı da unutmurdu, sanki qoca bir abidin yaşadığı daxma imiş. Kryukov və Edik çəpləşərək mübahisə etdilər və Edik onu sıxışdırdı: “Sən lap ucundan tutub, ucuzluğa getdin! Sənə deyirəm: ucuzlaşdırdın”. Kryukovun Sanka adlı oğlu vardı, sonradan onunla iki il yazışdıq. Ortaq mövzular getdikcə azaldı və yazışmalar saxtalaşdı, öhdəliyə çevrildi və tezliklə sona çatdı.
Eduard Leonidıç hansısa kəndli haqqında, demək olar, nağıl danışdı və hamını güldürdü, dedi ki, “İmmanueli tutub”, amma əslində manul* tutmuşdu. Mən manul haqqında eşitmişdim, amma rast gəlməmişdim. Bir dəfə təpənin kənarında oturub qarşı yamaca baxanda gözlərinin ətrafında qara zolaq olan qıvraq bir pişik gördüm. O, qorxunc işgüzar tərzdə dioqanal boyu qaçırdı. Bu işgüzarlıq və məqsədyönlülük deyirdi ki, o, burada özünü o dərəcədə ev sahibi sayır ki, bəlkə də məni görməyə də bilər. Onu qısa müddət durbinlə izlədim.
Təəssürat çox parlaq idi və həmin yay boyunca daha qiymətli görüşlərlə tamamlandı: məsələn, Monqolustana yaxın olan Karqanın çaybasarındakı qaraşamda qara leylək yuvası tapdım. Yuvada artıq iri balalar vardı. Burada quşların sayı-hesabı yox idi və ən maraqlıları cürbəcür çaxraqcıllar, rəngbərəng daş qaratoyuqları (parlaq qırmızı-mavi), heç vaxt görmədiyim qar ularları və çoxlu şanapipiklər. Təbii ki, bir də yırtıcılar: bizim SAK** dediyimiz Orta Asiya bayquşları, xüsusi hörmətlə yanaşdığımız şahinlər və berkutlar. Məndən quşlarla maraqlanmaq tələb olunmasa da, onları böyük həvəslə öyrəndim və tanıdım.
Yaşıl çayın sahilindəki qaraşamların, söyüdlərin çətirləri altında sərt, sözlü-söhbətli həyat yaşadım. Boş vaxtlarımda ətrafı dolaşırdım. Cırcırama və milçəklərlə hayruzlar tutdum. Səhərlər isə şəhər xarabalıqlarını xatırladan oyuncaq daşlı təpələrin arasındakı dərəni gəzdim — təpələrin qupquru daş hörgüləri çox nizamlı görünürdü. Hər yerdə yovşan qoxusu vardı, acı və ətirli, gövdələri qızıla çalan yovşan kirpiləri, qarağan kolları...
Çöl Sibirinin hər yerində olduğu kimi, çəyirtkələr doluydu. Əvvəlcə bu kök və sağlam cırcıramaların taxılı məhv edən, göyüzünü qara bulud kimi örtən çəyirtkələr olduğunu başa düşmədim. Tüklü-boz cırcıramalar vertolyot səsi çıxararaq havaya qalxır, arxa qanadlarından çəhrayı və ya mavi tüstü çıxırdı. Budur, nadir tüklü çöl otlarına soxularaq yox olur və yenidən çırpınaraq uçana, daş divara qonana qədər gəzir, axtarır, baxırsan.
Axır ki, öz yamacıma çatıb, saatlarla pikaları müşahidə edirəm, onları sayıram, davranışları haqda yazıram və sürülərin xəritələrini tərtib edirəm... Özüm də buxarlanıb, quruyur, bərkiyirəm... Şəhərə, paytaxta xas ürək damarlarım qarağac gövdəsi kimi güclənir.
Axşamlar düyünlü qaraşam budaqlarından qalanan ocaq ağır-ağır çırtıldayırdı. Valyanın gitarasının aramlı səsi Karqanın şırıltısına qarışır, şamlarla işıqlandırılan sarı çadırlar şəffaf parafindən hazırlanmış qanadlı lampalara bənzəyirdilər. Bayquş dərədə ulayır, Valya isə oxuyurdu: “Daşlı çayda daşlar çarpışır”. Mahnı bu sözlərlə bitirdi: “Bu daşlı diyarda əllərimi uzadıb, əbədi daşa dönərdim, təki mənə səcdə et”. “Bu, qadına çox yaraşır!” — Valya astaca təkrarlayırdı. Zəriflik və qətiyyət birləşərək onun tənha ruhunu tar-mar edirdi, yaşadıqlarını bizimlə bölüşərək, bizə söz və musiqi haqqında düşünməyi, hər şeydə insan qəlbinin dərinliyini görməyi öyrədirdi. Bəlkə də Valya olmasaydı, mən heç vaxt bu həqiqi poetik sətirlərə fikir verməzdim...
Təbii ki, dik qayalı dağların sehrinə düşsəm də, tayqa xəyalımı unutmamışdım. Məni işləmək üçün Barlık çayı üzərindəki Saqan-Şibetu silsiləsinə göndərməyə başladılar. Silsilə hamar böyürləri, qırış və layları ilə Karqaya baxırdı və bu birinci dairəvi sıra dağları (Burşban-ümun-salanı-nuru) aşsaydıq, üst-üstə qalaqlanmış şiş bənövşəyi zirvələrin üstünə çıxardıq. Onlardan uzun dağ tacına oxşayan birini xüsusilə bəyənirdim. Biz ona “Korona” deyirdik.
Yadımda deyil, işlə bağlı, yoxsa ehtirasdan özümü yenidən Saqan-Şibetu silsiləsinin sevdiyim təpəsində gördüm, oradan həm bənövşəyi çəhrayı zirvələri, həm də başında üçbucaq şiş papaq olan Ureq-Nur gölünü görə bildim. Ora Monqolustan idi. Bir də dizini bir az əyərək, gözqamaşdırıcı yorğanının altında yatan Monqun-Tayqanı. O dəqiqələrdə məndən təxminən səksən metr aşağıda bir çox digər quşlar və heyvanlar kimi yalnız şəkillərdə gördüyüm parlaq dağ yırtıcılarından olan saqqallı qartalın (toğlugötürən) arxayınca süzdüyünü gördüm... O, rəngbərəng, beli qara, sinəsi kürən idi, gözlərindən dimdiyinə qədər qara zolaq uzanırdı. Zolağı da yadımdadır... Lələklərinin hava axınlarında necə yellənib titrədiyi də. O məni görmədi. Mən dağın bir hissəsi idim və sirli mənzərəni gizlicə pusurdum.
Sonra Barlık tərəfə keçdim və nadir yernik kolları (cırtdan ağcaqayın) ilə örtülü dağ tundrasının yamacına çıxdım. Yernikin də quru, düyünlü tacları var idi, ocaq üçün çox yaxşıdır. Qəhvəyi və kələkötürdürlər, toxunduqda bütün kol yay kimi titrəyirdi. Heybəmdə məftil qulplu noxud bankası vardı. Onun içinə yayın ortasında dağ silsiləsinin çuxurlarına toplanmış gözqamaşdırıcı dənəvər qardan bir az yığdım. Hər şeyin əlimin altında olduğuna sevinərək, ağ səthə qara izlər salıb qar yığdım. Qaynar və gözəgörünməz ocaq çataraq dağ suyunu qaynatdım. Çaydanım gümüşü qabarcıqlarla qaynadı...
Alt tərəfi işıq saçan şəffaf bulud yavaşca yaxınlaşanda dirsəklənərək çay içdim. Quru dənəvər qar yağmağa başladı, dağ səması sərt üzünü göstərdi və ruhuma dinclik səpdi. Hər şey öz-özünə baş verirdi. Dağlara və ya ruhuma nəsə izah etmək lazım deyildi. Onlar hər şeyi bilirdi. Əgər indi həmin yerdə olsaydım və belə bir qar yağsaydı, o zaman dizlərimi dağ tundrasına sarı büküb, yanaqlarıma çay bankasının hisini yaxaraq, göz yaşları içərisində tanrıdan onun sonsuz mərhəmətini diləyərdim...
Barlık, Saqan-Şibetu silsiləsindən başlayır, bizim müxtəlif yollarla keçdiyimiz dərəylə axırdı. Sadəcə piyada, at belində və hətta avtomobillə dolama gedərək, Barlıkı demək olar ki, tam mənbəyində tuturduq. Çöl quraqlığı yüksək dağlıq əraziyə çıxa bilmirdi, buralar təravətli idi, tundra da vadinin kənarları və aşırımları boyunca yaşıllaşmışdı. Barlık daha çox daşların altıyla axırdı, vadinin bir yerində dağ qoyunlarının donmuş buynuzlarının da olduqğu buzlaq vardı. Biz bu buzlağa arxar*** qəbiristanlığı deyirdik. Buzlağın altında bir gölməçə də var idi. Lyoxa ilə gölməçəyə yaxınlaşanda orada ördəklər gördük. Lyoxa gözünü onlardan çəkmədən çiynindəki vertikal tüfəngi çıxartdı, mən narahat olub yalvardım ki, əvvəlcə qoy şəkillərini çəkim, sonra at. Lyoxa tabe olaraq icazə verdi. Ördəklərə sarı qaçıb, onları qorxutdum. Öz xəcalətimi və Lyoxanin xeyirxahlığını hələ də xatırlayıram: o heç nə demədi.
Bir dəfə Barlık boyunca atla gedərkən bir tuvalıya rastladım, o, tonqal qalamışdı, atı da otlayırdı. Ocağın yanında oturmuşdu, yanında da TOZ-8 tüfəngi və ovlanmış çölsiçanı (monqol marmotu) vardı. “Marmot əti yeyirsən?” — tuvalı öz dilində soruşdu. Yəni guya “gəl bişirək”... Mən yeməyə utandım və yoluma davam etdim.
Barlığa İlk dəfə GAZ-66-da dolama yolla getdik. Gecəni koşarada — ağacdan qayırılmış altıbucaqlı qoyun ağılında keçirdik. Səhər qırt toyuqların qulağa xoş gələn ahəngdar və şikayətcil qırtıltılarına oyandım. Qırt toyuqlar gah qəribə buz parçasını, gah da sızıldayan məftili dimdikləyirdilər. Ya da buz parçası məftil boyu sürüşürdü, məftil isə göydən gəlirdi. Toyuqların dimdiyi nazik, cərrah iynəsi kimi əyri və uzun idi... Qağanaqları da eynilə bunun kimi iti, əyri, uzun idi... Bu səsi də dağın təravəti kimi çatdırmaq çox çətindir. Yalnız iynə kimi dəlib keçirdi.
İşimizə görə Barlıkdan bir neçə kilometr aşağı endik, bu əsl bayram idi: çay boyunca Saqan-Şibetunun dərinliklərinə nə qədər çox girirdiksə, yamacların bir o qədər çox qaraşamlarla örtüldüyünü görürdük. Şəffaf və seyrək ağaclar yalnız şimal tərəfdə idilər. Lyoxa ilə çadırımızı Kuve-Daba dərəsində yarpaqların arasında qurduq... Buradan tayqanın qətran qoxusu gəlirdi, burunduklar**** və qara dələlər ora-bura vurnuxurdu. Meşənin yuxarı başında nəhəng qartal yuvası gördüm və nədənsə sidr ağacında olduğunu xatırlayıram.
Barlıkda gəzərkən qayada kiçik bir oyuq gördüm. Qalxıb baxanda orada mağaranın qarşısında bir cüyür ayağı vardı. Mağaraya girmək istəyirdim ki, oradan dimdiyini şıqqıldadan və parlaq sarı gözlərini bərəltmiş iri bir bayquş çıxdı. Bir an sonra o, qanadlarının yumşaq hərəkəti ilə gündüzə qarışdı və qarşıdakı kölgəlikdə əridi. Barlık daha da sirli oldu və mən Saqan-Şibetuyla bir az da irəliləmək istədim. Burada şimala doğru hər kilometr irəlilədikcə tayqa daha da dərinləşir, dərələr bir-bir açılır və qaraşam meşəsi yamac boyunca şəffafca yaşıllaşır. Onu da xatırlayıram ki, dərələrdən birindən Xemçiçreylık adlı çeşmə axırdı.
Monqolustanın şimalında olan nəhəng vəba təhlükəsi ocağı mənim üçün uzaq, mücərrəd və sanki müşahidə etdiyimiz vəhşi heyvanlar — pikalar, yer dələləri və tarbaqanlarla əlaqəsi olmayan şey idi. Ancaq “bubon taunu” söz birləşməsi ciddi səslənirdi və tapşırıq amansız idi: zəhərlərin təsirini pikalar və sünbülqıranlar üzərində yoxlamaq. Bunun üçün gərək Barlıkda bəni-insan olmayaydı. Yırtıcı vəhşilərin orqanizmində toplanıb qalmayan və onları öldürməyən zəhərlər tələb olunurdu. Heç kəs xüsusi mühakimə yürütmədi, onsuz da hər şey aydın idi. Valya ilə birlikdə araşdırdığımız sünbülqıranlara və pikalara yazığım gəlirdi, amma vəba da vəbadır. Adları xatırlayıram: ratindan, definasin, sevin... Lap soyada oxşayırlar deyə lağlağı etdik. “Qaşıq istəmirsiniz ki, yoldaş Definasin?” Lyoxanın arvadı gözəl Marina isə çox gülməli və ifadəli tərzdə vurğuladı: “De-fi-na-sin”.
Kəmərimdə tənəkə qab Barlığı gəzdim. Qabda zəhər qarışdırılmış yağlı yulaf vardı. Onu iri qaşıqla dəliklərə tökürdüm. Sonra Barlığa qayıdıb səmaya baxmaq lazım idi: əgər göy üzündə çalağanlar, qartallar, kərkəslər dövrə vurursa, deməli, zəhər təsir göstərib.
Kərkəslər fırlanmağa başladı.
Aşırımdakı talada edelveyslər vardı — gurultulu adına baxmayaraq, olduqca təvazökar bəyaz ulduzlar. Bir dəfə edelveys çəmənliyindən Barlığa enərkən qarşı yamacdan bir tülkü qaçdığını gördüm. O, Barlığı keçərək mənə sarı şığıdı. Ehtiyatla yerdən quru bir ağac götürdüm. Tülkü yaxınlaşıb ağzını açaraq cumdu. Dəyənək xilas etdi, sən demə tülkü quduz imiş.
Monqolustandan on kilometr aralıdaydıq. Heç bir sərhədçi görmədik. Bircə dəfə maşınla bənövşəyi dağların arasıyla Barlığın təpəsindən heç bir məftili-filanı olmayan, bir neçə alçaq dirəklə işarələnmiş sərhədə yaxın yerdən keçdilər.> Başımızın üstündəki yüksəklikdə gizli yerdə oturan bir sərhədçi gördük, başındakı yekə yumru furajkanın zirvələrin arasından görünməsi və guya gizləndiyi halda hamının onun görməsi çox gülməliydi.
Bir dəfə Monqolustandan düşərgəmizə bütöv bir dəvə sürüsü keçdi. Onlar qədim əyyamlarda olduğu kimi, aramızdan zınqıltıyla, daha doğrusu, ayaqlarıyla çadırların tarım çəkilmiş iplərini çalaraq, əyri boyunlarını oynadaraq (başları sanki bədənlərindən ayrı idi və addımlarıyla çətinliklə uyğunlaşırdılar) gedirdilər. Qışdan yenicə çıxdıqları üçün hörgücləri sallanmış, yunları tökülərək adda-budda qalmışdı, tünd rəngli domba gözləri xüsusilə iri görünürdü. Sonra monqollar onları axtarmağa gəldilər. Səliqəli geyimləri və baxımlı olmalarıyla hamını heyran qoydular. Tuvalılar həmişə boz, qara, yağlı və dağılmış iş paltarında — gödəkçələrdə və köynəklərdə olurdular. Onlar həm də arıq və cılız idilər. Monqollar isə moruq kimi parıldayan xalatlarda və dəri çəkmələrdə gəldilər. Hamısı təxminən qırx yaşlarında, möhkəm, enlisifət, baxımlı idi. Onların əsmərliyi də xüsusi, hamar, nəcabətli təsir bağışlayırdı. Atları da balaca, kök və ala cinsdən (ağ fonda iri qara ləkəli) idi.
Eduard Leonidıç onları çadır-mətbəxə dəvət etdi, çörək doğradı, süfrəyə böyük minalı qabda şəkər qoyub, içinə iki yemək qaşığı soxdu. Monqollar çay içir, çörəyin arasına bol şəkər dolduraraq, çox asta yeyirdilər, elə bil ayin icra edirdilər. Onlar getdikdən sonra Eduard Leonidiç dedi ki, şəkər monqollarda delikatesdir.
Tezliklə düşərgəmizdən nəhəng kəhər atlarda iki sərhədçi keçdi; birinin böyründə radiostansiya və titrək antennası olan kvadratşəkilli blok vardı — antenna sanki xırda təsbeh daşlarından yığılmışdı. Həm atlar, həm də zabitlər monqollarla müqayisədə abidələr kimi nəhəng və monumental görünürdülər. Başımı qaldırıb onlara baxdım.
Bir dəfə mətbəx növbətçiliyim vaxtı bir maşın taun əleyhinə mübariz gəldi. Mətbəx və yemək otağı sobalı böyük bir ordu çadırında yerləşirdi. Eduard Leonidıçın vəba əleyhinə mübarizə aparan dostları ilə birlikdə təşkil etdiyi ziyafət həmişəki cingiltili vəziyyətinə gəldi. Bu cingiltini mənə olan münasibətin dəyişməsiylə müəyyən edirdim. O, ciddi rəis roluna girərək mənimlə məsafəli davranmağa başladı, bəlkə də, sütül yaşımdan utanırdı.
O, çadıra girərək, danışmağa başladı: “Hə, Mixailo, mətbəxində vəziyyət bərbaddır... Bər-bad...” Qonaqların arasında buryat ornitoloq Yuri Daşeyeviç Açırov da vardı. Sakit, sanballı və səliqəli geyinmiş bir adam idi. Əynində mavi rəngdə çiyinlərində klapanları olan qəşəng “ştormovka”***** vardı. Başına isə nədənsə ağ keçədən yastı kənarlarının qara haşiyəsi ilə kağız qayığa bənzəyən Orta Asiya papağı qoymuşdu. Mən gördüyüm toğlugötürən qartal haqqında danışdım, ancaq Yuri Daşeyeviç sözümü kəsdi:> “Ovladığım quşu əlimdə tutamayana qədər heç nə deyə bilmərəm”. Mənə isə elə gəldi ki, sübut xatirinə belə gözəl quşu vurmaq nəcib iş deyil. Həm də etibarsız ornitoloq nəyə lazımdır?
Bu öyüdlər mənim Tuvadakı varlığıma kölgə salmırdı, xüsusən də Eduard Leonidıç onları bəyəndiyi üçün. Valya mənim işimi tərifləyəndə Eduard Leonidıç daha da mehribanlaşaraq gülümsəyən səslə dedi ki, Mişka yaxşı oğlan çıxdı və əlavə etdi: “Əvvəlcə o da... nələrəsə cəhd etdi...” Ancaq “nəyə cəhd etdiyimi” dəqiqləşdirmədi və “məsuliyyətsizliyə” cəhddə ittiham etdi. Ola bilsin ki, Saqan-Şibetuya qanunsuz qaçmağıma eyham vururdu.
Yadımdadır, taun əleyhinə mübarizlər daha çox Muqurun ətrafında olurdular. “Obuxovun dəstəsi”, “Feoktistovun dəstəsi”, “Ravdanikasın dəstəsi” bizim üçün sirli anlayışlar idi. Biz Obuxovun dəstəsinə baş çəkməyə getdik. Axşam idi, ocaq qalanmışdı... İrkutskdan olan gənc tələbələr — yapma cizgili, azca solğun ağ dərili və o zamanın estrada tərzində uzun saçlı oğlan və qız xüsusilə yadımda qalıb. Oğlan öz gitarası ilə tonqalın işığında oturmuşdu. Qızı hələ də yaxşı xatırlayıram — qabarıq qapaqlı gözləri aşağı baxırdı. Üzü balaca, yanaqları qabarıq, alma şəklindəydi. Axşamlar çadırdan azca boyanmış, göz qapaqları və kirpikləri mavilənmiş çıxırdı. Şabalıdı saçlarını yanına tökməsi ona çox yaraşırdı, çiyinlərində və sinəsində halqalı bəzəklər vardı. Kimsə pıçıldadı ki, onlar tezliklə evlənəcəklər.
O, nişanlısının yanında oturur, baxışlarını aşağı dikərək, hərəkətsiz gülümsəyirdi. Oğlan o dövrün ruhunu və gənc talelərin çağırışını çox incə şəkildə ifadə edən bir mahnı oxudu. O nəğməni indi də sakit dinləyə bilmirəm, bədənimdən istər-istəməz gizilti keçir.
Məxməri maralın gəzdiyi yerdə,
Təpələr daima zülmətə baxır.
Subay olmamağın, ərdə olmağın
Dəli aşiqini yandırıb-yaxır...
O oxuyur, alovun şölələri qızın mavi göz qapaqlarında oynayırdı. Yanan ocaqda elə bir ümid, elə bir gələcək duyğusu vardı ki, hələ də Eduard Leonidıçdən icazə alıb, Saqan-Şibetunun ən yüksək zirvəsinə çıxmaq və bütün Sibirə qışqırmaq istəyirəm.: “İndi haradasınız, uşaqlar?”
* Pika — otyığan (gəmirici heyvan).
** Manul — çöl pişiyi.
*** SAK — sentralno aziatskiye kanyuki.
**** Arxar — vəhşi dağ qoçu.
***** Burunduk — qəşəng dərisi olan xırda gəmirici heyvan.
****** Ştormovka — qasırğadan qoruyan geyim