Dil müəllimi

1-ci hissə. Səhər

Yakob İvanoviç Bax hər səhər hələ ulduzlar sönməmiş oyanır və ördək tükündən olan qalın yorğanının altından dünyaya qulaq asırdı.> Özgə həyatların sakit, nizmasız səsləri yanından və üstündən axaraq onu sakitləşdirirdi. Damların üstündə qışda şiddətli, qar dənələri və buz qırıntıları ilə qarışmış, yazda kövrək, nəm və kosmik elektriklə nəfəs alan, yayda ləng, quru, tozlu və xəfif ceyranotu toxumlarını ora-bura qovan küləklər əsirdi. İtlər eyvana çıxan yuxulu ev sahiblərini qarşılayaraq hürür, mal-qara suvat yerinə gedəndə yoğun səslə böyürürdü. Dünya nəfəs alır, xırıldayır, fit çalır, böyürür, dırnaqlarını tappıldadır, cingildəyir və cürbəcür səslərlə çalıb-oxuyurdu.

Öz həyatının səsləri o qədər cüzi və aşkar əhəmiyyətsiz idi ki, Bax onları dinləməyi tərgitdi: onları ümumi səs axınından ayırdı və qulaqardına vurdu. Külək otağın yeganə pəncərənin şüşəsini cingildədir, çoxdan təmizlənməyən baca xoruldayır, sobanın altındakı boz siçan haradasa hərdənbir ciyildəyirdi. Vəssalam.

Böyük həyatı dinləmək daha maraqlı idi. Bəzən Bax dinləməyə o qədər dalırdı ki, özünün də bu dünyanın bir parçası olduğunu, eyvana çıxaraq polifoniyaya qoşula biləcəyini unudurdu: o, nəsə oxuya, yaxud qapını bərkdən çırpa, ya da sadəcə asqıra bilərdi. Ancaq Bax dinləməyə üstünlük verirdi.

Səhər saat altıda səliqəylə geyinir, saçlarını darayır, cib saatı əlində məktəbin zəng qülləsinin qarşısında dayanırdı. İki əqrəbin düz xətt əmələ gətirməsini gözləyib (saat əqrəbinin altının, dəqiqə əqrəbinin on ikinin üzərində olmasını), ipi var gücü ilə dartır və tunc zəng gurultuyla səslənirdi. Uzun illərin təcrübəsi Baxı elə ustalaşdırmışdı ki, zərbənin səsi dəqiqə əqrəbi siferblatın zenitinə toxunduğu an eşidilir və bircə saniyə də ləngimirdi. Bir an sonra kənddə hamı səsə tərəf dönüb, qısa bir dua oxuyurdu. Yeni gün başlayırdı...

2-ci hissə. Gün

...Hər biri özündən əvvəlkinə oxşayan və heç bir özəlliyi ilə seçilməyən müəllimlik illəri ərzində Yakob İvanoviç eyni sözləri tələffüz etməyə və eyni tapşırıqları oxumağa o qədər öyrəşmişdi ki, daxilən ikiyə bölünmüşdü: dili növbəti qrammatik qaydanın mətnini mızıldandığı anda ovcunda sıxdığı xətkeş ağır-ağır çoxdanışan şagirdin peysərinə enir, ayaqları bədənini sinif otağının o baş-bu başına daşıyırdı. Səsinin və başının nizamlı hərəkətinin layla çaldığı fikri isə ləng addımlarının rutminə uyğun mürgü döyürdü.

Baxın fikirlərinin keçmiş təravətini və canlılığını qoruyan yeganə dərs alman dili idi. Dərsə şifahi tapşırıqlarla başlayırdı. Şagirdlərə nəsə söyləmələri təklif olunurdu. Bax qulaq asır və tərcümə edirdi: qısa dialekt deyimlərini alman ədəbi dilinin zərif ifadələrinə çevirirdi. Qalın qar basmış cığırla gedəndə olduğu kimi, yavaş-yavaş, cümlə-cümlə, sözbəsöz irəliləyirdilər. Yakob İvanoviç əlifba və hüsnxətlə eşələnməyi xoşlamırdı və şifahi hissəni bitirdikdən sonra dərsi tələsik poetik məcraya keçirirdi: misralar gənc tüklü başlara hamam çanağından axan bol su kimi tökülürdü.

Poeziya yanğısı Baxı gəncliyində qovurmağa başlamışdı. O vaxt sanki kartof şorbası və kələm şorabası ilə deyil, ancaq balladalar və himnlərlə qidalanırdı. Elə bilirdi, ətrafda olan hamını onlarla yemləyə bilər və elə ona görə də müəllim oldu. Dərsdə sevimli misralarını oxuyan Bax köksündə hələ də həzin və şirin bir titrəyiş hiss edirdi.

Uşaqlar müəllimin ehtirasını bölüşmürdülər: adətən dəcəl və ya diqqətli simaları poetik misraların ilk sədaları ilə itaətkar və yuxulu ifadə alırdı. Alman romantizmi sinfə yuxu dərmanından daha yaxşı təsir edirdi. Bəlkə də dəcəl auditoriyanı sakitləşdirmək üçün qışqırıb-bağırmaqdan və xətkeş zərbələrindənsə, şeir oxumaq daha yaxşı olardı...

3-cü hissə. Axşam

...Bax məktəbin artırmasından tağlı pəncərələrindən krujevalı pərdələr asılan geniş ibadət zalı və iti qələmi xatırladan nəhəng zəng qülləsi olan əzəmətli kilsənin həyətinə düşdü. Mavi səma, qırmızı giləmeyvəvə və sarı qarğıdalı rəngində haşiyələri olan səliqəli taxta evlərin, rəndələnmiş hasarların, daşqına hazırlaşan devrilmiş qayıqların, quşarmudu kollarının boylandığı çəpərlərin yanından keçdi.> O, keçə çəkmələri ilə qarı bərkdən xırtıldadaraq, yaxud başmaqlarını yaz palçığında şappıldadaraq elə səylə yeriyirdi ki, sanki bu gün hökmən həll ediləsi onlarla təcili işi var...

Rastına çıxanlar müəllimin sısqa fiqurunu görüb, hərdən onu çağırır, övladlarının məktəb macəralarından danışırdılar. Ancaq sürətlə yeriməkdən nəfəsi kəsildiyi üçün o, könülsüz və qısa cümlələrlə cavab verirdi: həm də vaxtı yox idi. Bunu bildirmək üçün saatını cibindən çıxarıb, narahat halda baxır və başını bulayaraq yoluna davam edirdi. Hara tələsdiyini Bax özü izah edə bilməzdi.

Amma onun tələskənliyinin başqa bir səbəbi də vardı: Yakob İvanoviç adamlarla söhbət edərkən kəkələyirdi. Onun dərslər zamanı nizmalı və qüsursuz işləyən, alman ədəbi dilinin çoxtərkibli sözlərini kamil tələffüz edən səlis dili tabeli mürəkkəb cümlələri elə sürətlə söyləyirdi ki, bəzi şagirdlər sonunu dinləyənə qədər əvvəlini unudurdular.> Ancaq həmkəndliləri ilə söhbətlərdə ləhcəyə keçəndə eyni dil

qəfildən sahibinin sözünə baxmırdı. Faustdan əzbər parçalar söyləməyi mükəmmək icra edən dil qonşuya “bu gün sizin yaramaz yenə nadinclik etdi!” cümləsini heç cür deyə bilmir, damağa yapışır, iri ölçülü və pis bişmiş xəngəl kimi dişlərə suvaşırdı.

Baxa elə gəlirdi ki, kəkələməsi illər keçdikcə güclənir. Amma bunu yoxlamaq çətin idi: çünki insanlarla getdikcə daha az danışırdı... Həyatın özündən başqa hər şeyin olduğu sakit, xırda sevinclərlə, cüzi narahatlıqlarla dolu və müəyyən mənada xoşbəxt həyatı beləcə axıb gedirdi.

Alte lucrări ale autorului

2 operele