Monplaisir'in sonu
Rəssam İlya Kaporeykin gözəl günlər görmüşdü.
Təngnəfəs ağır yerişiylə rəssamın yuvasının — qırmızı kərpicdən tikilmiş elit şəhər binalarının arasında sakini kimi ümidsizcəsinə dayaza oturmuş gəmiyə bənzəyən ikimərtəbəli ağac xarabanın lap yaxınlığındakı tinin zirzəmisində yerləşən ərzaq dükanına tələsərkən həmin günlərin xiffətini çəkirdi.> Kaporeykinin məqsədi 8 şüşə “Nevskoye” pivəsi və yeməyə bir şey almaq idi. Dünən gözəl günlərin köhnə dostlarından biri olan Dima Bilmesovdan teleqram almışdı. O da vaxtilə rəssam olmuşdu, amma indi İnternetdə dizayn işləri görürdü. Paytaxt sakini Bilmes balaca vətəninə işi üçün gəlirdi və sonu kimsəyə xeyri dəymədən havaya sovrulan nişastalı dollar partlayışı ilə əlamətdar olan qızğın yaradıcılıq illərinin keçdiyi qopub tökülmüş, cır-cındırla yamanmış həmin divarlar arasında qalacaqdı. İndi Kaporeykin mağazaya getməyə hazırlaşarkən dörd ədəd yüzlük əskinasa xeyli baxdı ki, bəlkə birini saxlasın, yoxsa saxlamağına dəyməz... və saxlamadı.>
Ədalət naminə demək lazımdır ki, gözəl günlərdən qabaq xeyli pisləri də olmuşdu. On beş il əvvəl Viseyka çayının hamar və kifli sahilindəki ağac ev xüsusi şöhrətə malik idi və xalq arasında Monplezir adlanırdı. Hələ o zaman şəhər hakimiyyətinin sənədlərinə görə, Monplezir “mövcud olmayan” tikililərdən sayılırdı; binanın dirəyində ağaran ququ quşu saatını xatırladan aydın tənəkə nömrə heç bir məna kəsb etmirdi. Lakin elə dövr idi ki, şəhərdəki obyektlər — telefon köşkləri, məşhur pivəxanalar, plastik çantalar və başmaqlar istehsal edən emalatxanalar bir-birinin ardınca mövcudluğunu dayandırırdı. Beləcə, Monplezir də siyahıya düşdü və inamla dözdü; kənd daxmalarındakı maili asılmış divar güzgülərini xatırladan pəncərələrinin köhnəlmiş bənövşəyi şüşələri yaxınlıqdan keçənlərə işıq salırdı.
Monplezirdə avaralar yaşayırdı. Bu qəribə adamlar kətanların və pis astarlanmış kartonların üzərinə nəsə çəkir, özlərinin bəstələdiyi tutqun antisovet məzmunlu mahnılar oxuyurlar. Avaralar həm müasir incəsənət nəzəriyyələri, həm də müvafiq olaraq sənətin özünü yaradırdılar. Güman edirdilər ki, texniki əsrdə artefaktlar texnologiyanın köməyi ilə istehsal edilməlidir — bu, nəhəng kətanlar üzərinə qapalı dairələr cızan təyyarələrin inversiya izlərini xatırladan aeroqraflar püskürmək, həmçinin döşəməyə sərilmiş vatman kağızına lifli süpürgə ilə içində siqaret kötükləri üzən boya yaxmaq demək idi. Vacib vəsaitlər “Amerika” və «İngiltərə» şəkilləri ilə bəzədilmiş jurnallar idi; “Amerikanın Səsi” ləqəbli kirli tranzistorlu radio da ilham pərilərindən idi. Bir qrup yaradıcı yeni teatr ideyası ilə gəzirdi; düzdür, yalnız bircə dəfə nağılvari hörümçək torları, çürük döşəməsilən cır-cındır asılmış köşklərində hansısa plastik pyesciyi tamaşaya qoymaq qərarına gəldilər, onda da yaranan hay-küy şəhəri həyəcanlandırdı və pişik kimi yumşaq KQB kapitanını babat qıcıqlandırdı.
Monplezirə necə gedib çıxdığı məlum olmayan Leninin gips büstü pyesdən daha qiyamçı idi; onda pəncərənin çatlaq pəncərəaltında oturan ağ tutuquşuya bənzər izaholunmaz bir dissidentlik hiss olunurdu. Amma avaraların Monplezir ətrafındakı reallıqla münasibətləri bəzən leqal xarakter alırdı.> Bir müddət gənc və zirək Bilmesovun (komsomolun rayon komitəsindən ona anlaşılmaz səlahiyyətlər verən bir kağız almışdı) səyləri sayəsində Monplezirdə hətta uşaq rəsm studiyası da fəaliyyət göstərmişdi. Gənc rəssamların karandaşlarını necə xışıldatdığını, Bilmesin onların qarşısına qoyduqlarına ciddi baxışlarını zillədiklərini müşahidə etmək çox təsirli idi. Valideynlər uşaqların dərslərdə, gözlənildiyi kimi, konus və kub əvəzinə, yonma stəkan çəkdiklərini eşidəndə qalmaqal qopdu. Bu tərzin antik heykəllər olmayan Monplezirdə tezliklə yeganə gips fiqur olan Leninə çatacağından haqlı olaraq ehtiyat edən ata-analar uşaqlarını oradan çıxartdılar və əksəriyyəti Pionerlər Sarayına göndərdi. Ancaq böyük uşaqlar bir neçə ildən sonra tez-tez içərisindən şüşə çingilitisi eşidilən ağır çantalarla Monplezirə gəlirdilər.
Monplezir sakinləri təsadüfi pullarla dolanırdılar. Yemək üçün içirdilər: naməlum qanuna görə, araq varsa, qəlyanaltı onun yanında öz-özünə yaranır. Bilmesin, Kaporun və daha ikisinin “Zümrüd” restoranını bəzəməyə dəvət olunduğu və onlara on bir min rubl pul verildiyi barədə qeyri-müəyyən söz-söhbət gəzirdi. Amma o pulları heç kəs görmədi. Axşamlar oğru dünyası mənsublarının və sovet zabitlərinin oturduğu “İzumrud” isə təmirdən sonra məkanı dumanlı şəkildə planetariyə oxşadan nəhəng güzgülü kürələrin parıltısıyla açıldı. Monplezirə əcnəbilər ayaq açana qədər bir müddət belə davam etdi.
Onlar gigiyenik cəhətdən baxımlı, üst-başları da təmiz-tarıq idi və Monplezir reallığı fonunda bir qədər solğun görünürdülər; hətta yaşıl yubka və narıncı pencək geymiş uzunburun, mavi saçlı fransız qadın da əksər rəsm əsərlərinin intensivliyinə çatmırdı. Xaricilər Monplezirdə qaynar tavaların saldığı dairələrin bir-birinə yapışdırdırdığı “Amerika” və “İngiltərə” nüsxələri də daxil istədiklərini gördülər və avaraların başlarına yağan valyutaya ağzı açıq qaldı.> Kaporeykin yırtıcı profili oraq və çəkici xatırladan Mayk adlı milyonerin qeyri-adi uzun yaşıl kağızları necə saydığını və özünün də onları milisdən qorxmayaraq aldığını çox dəqiq (hər şey keçmişdə qaldığı üçün indi xüsusilə ağrıyla) xatırlayırdı. Hər şey yuxu kimi idi. Kommuna dərhal dağıldı — çoxları öz sənətinin ardınca Qərbə getdi. Kaporeykin də səyahət etdi: İtaliya onun yaddaşında intəhasız mavi göyüzü və həyatının ilk McDonald’sı kimi qaldı. Amerikanı isə pizza, nəhəng çuğundura bənzəyən xeyirxah afro-amerikalı qadın və keyfiyyətli asfalt yoluyla xatırlayırdı. Kaporeykin ayılanda özünü sehrbazın dünyanın bu başından o başına atdığı nağıl qəhrəmanı kimi hiss etdi. Payızın sonunda qəfil başında parça beysbol papaq, çiynində köhnə, içərisində hələ bir neçə dollar, Qorbaçovu əks etdirən və nədənsə bağlanmayan matryoşka olan cins çanta ilə evə qayıtdı. Artıq demək olar ki, kimsənin yaşamadığı və yağışın qamçıladığı köhnə evi sanki yosun basmış, duzqabıdakı duz daşlaşmışdı. Evdəki nədənsə təhvil verilməyən zəif və şirin vətən qoxulu butulkaları toplayan Kaporeykin yaşamağa davam etməyi qərara aldı.
Bir müddət bəzi şeylər öz-özünə davam etdi. Təkcə rəsm əsərlərinin deyil, alüminium çəngəllərdən və boyanmış budaqlardan hazırlanmış kompozisiyaların, yaxud indi ölü milçəklərin yapışdığı lentləri xatırladan saralmış vərəqlərdə əlyazma şeirlərin nümayiş olunduğu sərgilər təşkil olundu. Bu vərəqlərdə vaxtı çatmamış nostalgiya vardı. İndi müasir incəsənət əsərlərini əksər hallarda əcnəbilər deyil, cibləri iri pul kisəsinə bənzəyən moruq rəngində pencəklər və dəri gödəkçələr geyinmiş doğma fındıqburun milyonçular alırdı. Hətta yerli qalereya biznesi kimi bir şey formalaşdı, bununla belə, sıfra yaxın bir vəziyyətdə sabitləşdi.
Depressiyanın səbəbi sənətə qoyulan sərmayənin özünü doğrultmamasından daha dərin və mühüm idi. Kaporeykinlə müştəriləri atasındakı reallıq dəyişdi. İndi bu gerçəklik özünü dərk etməyə və nəzərə almağa çalışırdı: predmetlər artıq özbaşına yox ola bilməzdi, hər şeyin sahibi vardı və Monplezir yalnız torpaq sahələri ilə bağlı böyük şəhər oyunu sayəsində hələ də ayaqda idi. Əslində bir vaxtlar məşhur olan evin artıq heç bir adı yox idi; onun dirəyindən asılmış tənəkə saat dayanmışdı. Sovet məkanının keçmiş sakinləri hərəsi bir yerə getmişdi və indi qar dənəcikləri kimi zamanda və məkanda əriyirdilər: hərdən kimsə ya həyatdan gedərək, ya da sadəcə səs-sorağı kəsilərək yoxa çıxırdı. Birdən məlum oldu ki, formal olaraq mövcud olmayan binada yalnız Kaporeykin qeydiyyatdadır. O özünü ətrafındakı bütün güzgülər sındırılmış adam kimi hiss etdi və keçmiş Monplezirin bütün sahibləri arasında əsl, həqiqi şəxs olaraq qaldı. Bu duyğu həm acı, həm də qürurverici idi. Əslində Kaporeykin də özünü evdə yaşayanların hamısı içərisində yeganə əsl sənətçisi hesab edirdi. Amma başqalarının da özləri haqda eyni fikirdə olması məsələnin mahiyyətini dəyişmirdi. Əvvəlcə o, uzaqdan xaç kimi görünən sevimli balıq və quş insanları qırışıq ləpələrlə çəkərək, hər şəkildən minimum dörd yüz dollar qazanacağını xəyal edirdi. Sonra bunu dayandırdı və Kaporeykində daha yaxşı alınmağa başladı. O təxmin etdi ki, yaşıl lələkli məxluqlarının uçuşduğu mühitin dərinliyi də ola bilər. Rənglərin şəffaflığına nail olaraq bu məkanı təşkil etməyi öyrəndi. İndi o, obıvatelə şəkərə bulaşdırılmış küknar ağacları olan şit mənzərələr, yaxud mövsümə uyğun göbələk-şamlar satmaqla dolanırdı, ancaq əksər hallarda nə etdiyini bilmədən çılğıncasına özü üçün işləyirdi. Bir müddət kommunadan qalma dırnaq kəsiyi qırıntıları kimi bərk vermişelli ehtiyatı ilə qidalandı, onları doyurucu pastaya çevrilənəcən qaynadırdı. Nəticədə Kaporeykin şişdi, düşkünləşdi; saqqalı mikroskop altında çətin görünən ləkəyə bənzəyirdi.
Bilmes gecikdi və işləməyən soyuducunun soyuda bilmədiyi pivə şüşələri birtəhər təmizlənmiş masanın üzərində poladəridənlər kimi tər tökəndə gəlib çıxdı. Kaporeykindən fərqli olaraq, Bilmes demək olar ki, dəyişməmişdi, yalnız gicgahlarına sanki həkk olunmuş boz tüklər çıxmış, bu şəhərdə geyinilməyən şortikdən çıxan baldırları elə bil özünün deyil, hansısa keçinin idi. Bir vaxtlar şəhərin ən yaxşı qadınlarından biri və uğurlu qalereyaçı Yana V. də onun qoluna girmişdi, ancaq Kaporeykin yarıçılpaq biri ilə qol-qola gəzməyi tam başa düşə bilmədi. İndi Yana V.-nin pudralı zamşa yanaqları bir qədər sallanmış və olduqca dik dabanlarını döşəməyə çırpmasıyla baldırlarını titrədən yerişi ağırlaşmış, addımları qısalmlşdı. Ancaq hər halda o, görünür, bu şəhərin bir neçə günlük Bilmesə verə biləcəyi ən yaxşı şey idi.
— Budur mənim universitetlərim! — Bilmes ağ kətan arxasını yağlanmış divana basaraq təntənəli surətdə qışqırdı.
Pivə içdilər, incəsənətdən danışdılar — amma yenə də hər şeyi sənətdən reallığa keçirdilər. Varlı Bilmesin gətirdiyi duzlu çərəz paketləri və başqa doyumsuz qabıqlar Kaporeykinin müftə yeyib-içməyə olan təvazökar ümidlərini doğrultmadı. Yana V. oturdu və Monplezirdə onu kökəlmiş su pərisinə oxşadan damalı çəhrayı şalvarını son dərəcə qoruyaraq gəzdi. Bilmes isə burnunu hər tərəfə soxdu, şkafların xarabalıqlarında eşələndi, ayrı-ayrı pəncərələrdən mətbəx taxtasının üzərində ölümcül balıq kimi arabir tərpənən həminki hamar Viseykaya baxdı.> O, indi yalnız ən yaxşı tezlikləri satın alan “Amerikanın Səsi” və BBC-ni tutan və qocasayağı xırıldayıb-xışıldayan Amerikanın Səsi ləqəbli köhnə radionu məmnun halda fırladır, yerli qubernator stansiyalarının efirə səpələnmiş fraqmentlərini çətinliklə axtarıb tapırdı. Monplezirdə tapdığı hər şeyin Bilmes üçün xoş olduğu açıq-aydın idi. O, Kaporeykinin satış üçün hazırladığı malları görəndə anlayışla “hmm” dedi. Şirəylə çəkilmiş hamar şəkillərin arxasında sanki Kaporeykinin əsl əsərləri vardı. Bu yerdə nəsə Bilmesin xoşuna gəlmədi, hətta elə bil nəsə onda ikrah doğurdu.
— Neçəyə gedir? — o, qeyri-təbii şən səslə Kaporeykinin son rəsmini — çini kasanın qapağındakı bir qədər Rusiya imperiyasının tacını xatırladan kiçik yaşıl cücə-adamı göstərərək soruşdu.
— Eee... — Kaporeykin tutuldu. Bu şəkillə bağlı xoşagəlməz hadisə olmuşdu. İmperiya ehtişamına heyran olan rəssam kasanı nəcib bir ailədən kirayə götürmüşdü. Bədbəxtlikdən gecə qaranlıqda törtöküntülü emalatxananın kabusları arasından keçib su içməyə gedən Kaporeykin qabı əlindən salmışdı. Qırılmış kasadan ancaq şahanəliyini itirmiş və kələm yarpağına bənzəyən kələ-kötür qırıqlar qalmışdı. Dəymiş ziyanı tablonun özü ilə ödəməyə çalışan rəssam tam fiaskoya uğramışdı. Nəciblikdən dərhal imtina edən kasa sahibləri predmetin təsvirini onun özünə tay kimi tanımaqdan qəti imtina etmişdilər, eyni zamanda kasanın kətan üzərində əyri, yəni qüsurlu olmasını bəhanə ediblər. Kaporeykin üçün bu daha bir siqnal olub; deməli, ətrafdakı reallıq indi əvvəlkindən fərqli təşkil olunub. onda hər şey öz konkretliyində, şeylərin prioritetində israr edir. Görünür, yeni qanunun üzü sərtdir: qab sahibləri rəssamın nə əşyanı qaytaracağını, nə də pulunu verəyəcəyini bilsələr də, prinsip aparıblar. İndi Kaporeykin şəkli min beş yüz rubla satmaq istəyirdi, amma qabın sahibləri üçün deyil, təsəlli və pivə üçün.
— İki yüz yaşıl! — o, qəflətən Yana V.-yə çəpəki baxaraq dedi.
— Kapor, sən bilirsən ki, dahisən? — Bilmes birdən pis-pis gülərək dedi. O, divanın xəstə yaylarını cırıldadaraq ağ “Adidas”da gizlətdiyi ayaqlarını uzadıb laxlaq kətilin üstünə qoydu və yayxandı. — İki yüz göy gülməlidir! Bunun üçün sənə iki yüz qara qəpik belə verməzlər. Ona görə ki, sənə qiymət verən yoxdur. Qulağını kəssən də, bu gün sənə qiymət verən olmayacaq, Kapor. Sənin bu dahiyanə yaxman, — o, stəkanını sıxıla-sıxıla parıldayan şəklə uzatdı, — nə vaxtsa on tonlarla yaşıl edəcək. Bəlkə də, yüzlərlə. Amma sən onları görməyəcəksən, Kapor. Bu, doğru olmazdı. Çünki dahilik şərdir.
Kaporeykin çətinliklə udqundu və əllərini şalvarına sildi. Sonra yenə sildi. Kuporos qəfil gözlərini yandırdı və bir anlıq ona elə gəldi ki, şəkildə nəsə dəyişib. Sanki oradakı yaxmalar qarışığına daha bir boya qatdılar və şəkil diksindi.
— Niyə? — o, xoruz səsi çıxardaraq, hər şeyi birdən soruşdu.
— Dahilər nəyimizə lazımdır? — Bilmesov tənbəl-tənbəl, amma daha qəzəbli tonda dedi. — Şaqalın nə olduğunu başa düşürsən? Ya da Pikassonun? Yaxşı, tutaq ki, matah impressionistlərdir. Nə olsun ki? Mən başa düşmürəm! Mən səndən fərqli olaraq, qrappa içməmiş, qondoladan müqəddəs sulara da qusmamışam, gedib baxmışam. Düzünü desəm, anlamağa çalışmışam.
Muzeylərdə axmaq kimi onların qarşısında dayanmışam. Onlar özlərinə qapanıblar. Yalnız bircə dəqiqəlik görürsən, sonra yenidən qəfil yoxa çıxır! Mənim tablo haqqında təsəvvürüm ondan kənarda mövcuddur. Onun haradan gəldiyi məlum deyil. Ancaq o məndədir, mənimdir, dahidən gəlmir! Dahi şərtilikdir. Təhlükəli şərtilik. Boya çəkilmiş cır-cındıra görə pulunu çölə atan o yarım faizlik varlı çobanlar sənəti məndən də az başa düşürlər. Daha doğrusu, ondan pul qədər anlamırlar. Dahi böyük, çox böyük bir sabun köpüyü qabarcığını partlatmaq üçün bəhanədir. Bu, Venera Milosskinin əlləri kimidir. Onlar qadınla birlikdə düşünülüb və yapılıb. İndi onlar var, yoxsa yoxdur? Desənə!
— Bizim Bilmesik filosofdur, — Yana V. darıxan nəvazişlə dedi və Bilmesin qaba tatar saçlarını qarışdırmağa çalışdı, lakin o, başını yelləyərək yayındı.
— Sən, Kapor, axmaqsan, mən isə ağıllıyam. Ona görə də, məni dinlə, — Bilmes hücuma keçdi, Kaporeykin isə mexaniki olaraq başını tərpətdi. — Sənin bir dahi olaraq bu həyatda heç nəyə haqqın yoxdur, çünki gələcəyi zibilləyirsən. Sənin çəkdiklərinin çəkdiyin müddətdə böyük əhəmiyyəti var. Sonra öz-özünü itirir və dəyər qazanır. Sən, Kapor, tabutda uzananda yaxmaların muzeydə asılacaq. Ancaq bu sənin ölməzliyin olmayacaq. Onlarda əkib-becərdiyin çiçəklərdən insana aid daha çox şey olmayacaq. Rəsm dəfələrlə satılacaq, oğurlanacaq, hərraca çıxarılacaq, qazanc əldə edəcək, bir sürü saxtasını yapacaqlar. Heç kəs, o cümlədən surətçıxaranlar sənin nə çəkdiyini, bu ilhamın sənə haradan gəldiyini başa düşməyəcək. Heç kim rəsm əsərini onun əsl həyatına qaytarmayacaq. Sonra muzeydə bir manyak peyda olub, onu bıçaqla kəsik-küsük edəcək. Bu məsələyə görə, kimisə mütləq öldürəcəklər. Cavab ver, Kapor, — burada Bilmesovun asimmetrik gözlərində məkrli qığılcımlar oynadı, — əgər əvvəlcədən bilsəydin ki, sənin şedevrinə görə on nəfər öldürüləcək, indi neylərdin?
— Özüm onu doğrayardım, — xristian Kaporeykin səmimi cavab verdi və nədənsə yenə Yana V.-yə çəpəki baxdı. Dahidə qadının qarşısında Monplezirin əvvəlki rütbələr cədvəlinə qətiyyən uyğun gəlməyən bu utancaq və ləzzətli halın yaranması onda belə bir təəssürat yaratdı ki, sanki özü də bilmədən onunla yatıb. Yana V. hələ də xeyli yaxşı idi: möhkəm, qaymaqlı boynunda şokoladlı xal qaralırdı, dik durmuş yuxarı dodağının üstündəki zərif tüklər pivə köpüyündən ağarmışdı, elə bil aşağı dərəcəli pivə yox, süd içmişdi. Bu arada qalereyaçı xanım əvvəlki arxayınlığını dostlarının kürəyi arxasında çırparaq, gözəl əski çağlarda həmişə gesheft vəd edən xüsusi sərrast ifadə ilə Kaporeykinin rəsminə baxdı.
Əslində Yana V. Bilmesin təxribatçı fantaziyalarına zərrə qədər də uymamışdı. Sadəcə, qarşısındakı çərçivədə olan şəkil tanıdığı bir məkanın divar kağızının rənginə əla uyğun gəlirdi. Yana V.-nin çoxsaylı fantom istedadları — sərbəst şeirlər qoşmaq, nənəsinin ağ krepdeşin paltarına qeyri-adi qraffiti çəkmək (bir vaxtlar şəhərin ən yaxşı xanımlarından sayılan rəqib-rəfiqəsi öz atelyesində bundan istifadə edərək, nəsə yaratmışdı) — arasında həqiqi biri də vardı. Yana V.-nin ev və mobil telefonlarında ən havalı jurnalistlərin belə əlinin çatmadığı ciddi personajların nömrələri vardı. Həmin nömrələrə zəng vurmaq kifayət qədər təhlükəli idi: Yana V.-yə ağına-bozuna baxmadan fiziki xəbərdarlıq edə bilərdilər və bir dəfə başına macəra da gəlmişdi. Bundan sonra bir müddət piroqun içində görünən isti mürəbbəni xatırladan pudralı qançırlarla gəzmişdi. Lakin sərt abunəçi dəstəkdən civildəyən xanımın möhtəşəm artefakt haqqında danışdığını eşidəndə əksər hallarda yekəxana tərzdə düşünürdü ki, əgər bütün sənətçilər başıxarabdırsa, deməli, onların sənətşünasları da müəyyən qədər o cürdür. Bir müddət belə hesab olundu ki, əgər Yana V. mühafizəçilərdən və katiblərdən ibarət komandanı fırladaraq adama yaxınlaşa bilibsə, insafən ondan ondan nəsə almağa dəyər.
Yana V.-nin özünəməxsus şəkildə sevildiyini söyləmək olar. O, qorxunc VIP-lərə matrimonial planlara dumanlı şəkildə qarışan, ancaq əsas etibarilə onların müqəddəs sənət anlayışsızlığından doğan incəliklə cavab verir və pul ödəyirdi. Yana V.-nin təcrübəsindən məlum oldu ki, əgər sövdələşmə zamanı tərəfdaş onun iquana kimi soyuq baxışlı ekspert qardaşı, yaxud çoxlu kitab oxumuş və hər şeylə maraqlanan kolleksiyaçıdırsa, bu hələ real pul deyil. Əsl pul o zaman olur ki, təqdimat zamanı sponsordan asılan hansısa rəngbərəng model əlini uzadaraq deyir: “Va-as, mən bunu istəyirəm, sarını”. Vasya da dərin mənalı qırışlar basmış plüş alnını bir az da qırışdıraraq qoltuğunun altından bir kiloluq pulqabısını çıxardır. Təcrübəli Yana V. çox ağıllı Bilmesovun fəlsəfələrini bölüşməsə də, cahilliklə və sənətin vəhdətinin tam tərəfdarı idi. Bir vaxtlar onda milyonçu Mayk ilə heç nə alınmadı, onun xoş olmayan məhdud kişilik imkanları, üstəgəl sanki təhlükəsizlik üçün cərrahi əlcəkləri geyinmiş iyrənc əlləri məişətdəki xəsisliyinə çox uyğun gəlirdi; yerli istehsal olan bir neçə zor oğlandan da bir şey çıxmadı, hərçənd, onlarda həbsxana həyatından qalma ələkeçməz cazibələr vardı: ikisi də içərisində yeyə olan bişmiş çörəyə bənzəyirdi. Buna baxmayaraq, Yana V. sponsorları fırladaraq, özləri üçün qəribə şeylər aldıran nimfetlərə rəğbət bəsləyirdi və həyata ümumiyyətlə qəzəblənmir, sadəcə onun verdiklərini götürməyi xoşlayırdı.
Sənət əsərlərini satmaq getdikcə çətinləşdi: şəhər son dərəcədə balaca olduğu üçün potensial müştərilər təkrar zənglərdən inciyirdilər, çünki əvvəllər Yana V.-dən bir neçə rəsm almışdılar və buna görə öz xeyriyyəçilik borclarını bitmiş hesab edirdilər. Ancaq bir həftə qabaq əvvəllər əlçatmaz olan bir müştəriylə əlaqə yarada bildi. Bir neçə kiçik şəhərin büdcəsinin tamamilə asılı olduğu maliyyə-sənaye qrupunun rəhbəri cənab Selivanov nəinki asanlıqla, hətta nəsə anlaşılmaz bir laqeydliklə görüşməyə razı oldu. Oliqarx həyəcanlanmış Yana V.-ni kabinetinin arxasında, əvvəl gördüyü bütün digər kabinetlərinin prototipi və əlçatmaz örnəyi olan zərif istirahət otağında qəbul etdi; lakin hər iki otaqda qəribə, tamamilə şəffaf bir boşluq vardı, elə bil kondisionerli hava birdən-birə adi toz buraxmaq qabiliyyətini itirmişdi. Cənab Selivanov əyninə ideal oturmuş kostyum geymiş və böyük qalstuk taxmış balaca bir adam idi; göz qapaqları hovlayıb qızarmışdı, çəhrayı başındakı daranmış seyrək saçları yumurtadan yenicə çıxmış cücənin yaş tüklərini xatırladırdı. Oliqarx xəstəhal görünürdü və özünü həkim qəbulundan əvvəl rahat qəbul otağındakı kimi aparırdı; görünür, qiymətli, yalnız seçilmiş azsaylı şəxslərə ayıra biləcəyi vaxtını sərf etməyə yeri yox idi, odur ki, hətta Yana V.-yə, buynuzlu şeytana da dözməyə hazır idi. Bununla belə fikrini heç cür cəmləyə bilmirdi.
Cücə-kişinin soyumuş qəhvəni dodaqlarına yaxınlaşdırarkən, fincanına daş atılmış kimi diksinməsinə baxan Yana V. böyük sövdələşmə olacağını hiss edirdi. Böyük Selivanov sanki yox idi, amma bununla belə asanlıqla təslim olurdu və hər şeyə razı idi. Yana V. başı üzərində boş yer gördü və bunu özünə sərf edən şəkildə qiymətləndirdi: oliqarxın arxasındakı divarın nəcib tonu şəkil tələb edirdi və Yana V. qəfil ilhama gələrək, incəsənətin məhz hansı boşluqları doldurduğunu hiss etdi. Ancaq ilham pərisi dərhal da uçub getdi və yerini Yana V.-nin xarakterik dekorativ duyğusuna verdi. O özünə görə düz adam idi, düşündü ki, qeyri-adi dərəcədə xoş, sadəcə təravətləndirici bir məbləğ ödəməyə hazır Selivanov həm də razı qalacaq. Qalırdı yalnız bu mənalı divar kağızlarını daha anlamlı edə biləcək bir rəsm seçmək. Odur ki, Bilmesin onu restorana aparmaq əvəzinə sürüyüb gətirdiyi ikimərtəbəli çirkli talvarda tam özünə lazım olanı gördü. Ona görə də, his-paslı taburetə, ilıq pivəyə, ümumiyyətlə, öz qəliz səfsəfəsindən coşan intellektual qonağın söhbətlərinə dözməyə dəyərdi.
— Sənə məsləhətim, Kapor, — Bilmes həssas Kaporeykini tamamilə hipnoz edərək, aşağılamağa davam edirdi, — heç vaxt əsl sənət yaratma. Xaltura elə. Özün üçün yarat, amma saxta. Çoxalt! Bu həm də ədalətli olacaq. Onda görəcəksən ki, həyatın nemətlərindən sənə də nəsə düşəcək...
— Yaxşı, uşaqlar, bəsdir üyüdüb-tökdünüz, — Yana V. söhbəti kobudcasına kəsərək, dar koftasını çipsi qırıntılarından təmizlədi. — Göylərdən yerə enin. Sənin guppultulu əsərlərini özüm satacağam, Kapor. İki yüz dollar söz vermirəm, amma yüz dollar alacaqsan. Sabah mıxlanmış kimi evdə otur, səhər tezdən gələcəyəm.
Axşama yaxın Bilmes və Yana V. artıq yüngülvari büdrəyərək, bir-birinin ayağına basa-basa yeni macəralar axtarışına getdilər. Kaporeykini özləri ilə aparmadılar, ancaq ona da elə bu lazım idi: son illər sanki tək qalmaqdan bezməmiş biri kimi, səbirsizliklə onların getməsini və rəsmləri ilə tək qalmağı arzulayırdı. İşlərini bir daha nəzərdən keçirmək istəyirdi. Əvvəlcə onları sınıq-salxaq mebellər boyunca sıra ilə düzdü. Sonra... Kaporeykin əslində heç də axmaq deyildi və başa düşürdü ki, Bilmes Şaqal və Pikassonun adını çəkməklə onunla oynayır. Amma yenə də... yenə də. Bilmesin şirnikdirici nitqi köhnə həyəcanları oyatdı. Kaporeykinin gəlirsiz əməyinə görə hesabladığı bütün virtual məbləğlər canlandı, birləşdi və uçurum yaratdı. Yay gecəsi şəffaf idi; qatı hava kütləsindən yalnız aydın boşluğa yayılan gümüşü buludlar qalmışdı və Monplezirlə kiçik ulduzlar arasında başqa heç nə yox idi. Onların arasıyla Amerika peyki ədəblə üzürdü. Fənərin işığı yorğan üzərindəki pişik kimi yuxulu Viseykaya uzanmışdı; uzaqda güclü balıq-insan şappıldadı və təkər üstündə getdi, anlaşılmaz quş-insanlar arabir büzüşmüş üzlərini çıxarıb, balaca ağızları ilə əsnəyərək, mürəkkəb rəngli yarpaqlarda çırpındılar, titrədilər.
Quş-adamlar pərdəsiz pəncərədə dayanıb, otaqda bıçaqla gəzən, arabir müəllim kimi onunla nəyisə göstərən və orda-burda qoyulmuş əyani vəsaitlərə batıran nəhəng saqqallı adamı müşahidə edə bilərdilər. Əslində Kaporeykin heç cür qərar verə bilmirdi. Bəzən ona elə gəlirdi ki, o, bıçağın köməyi ilə insanların gələcəyini və taleyini idarə edir. Onun ruhunda tanımadığı inqrediyentlər dolaşır və qarışırdı. Bütün bunlar Kaporeykinin bu xüsusi gecədə adi subay tərzində həll etməyə cəsarət etmədiyi elastik Yana V.-yə olan və keçib-getmək bilməyən şəhvəti ilə daha da gücləndi. Həyəcanı inanılmaz həddə çatanda o, Yana V.-yə vurulduğunu və sabahdan həyatının dəyişəcəyini düşündü.
Ertəsi gün səhər şişmiş, qana və əzilmiş ağcaqanad cəsədlərinə bulaşmış Kaporeykini pilləkənlərdə taqqıldayan dikdaban səsləri oyatdı. Ayıq və zirək Yana V. ütü qoxuyan yarımhərbi kostyumda emalatxanaya soxuldu və ağır addımlarla irəliləyərək, dünənki natürmortdan yapışdı. Kaporeykin yuxudan tam ayılmağa heç macal da tapmadı. Sırınmış tərli yatağından iki saata qalxıb, kələ-kötür parçdan dadsız su içdi. Sonra təmizliyə başlamağa çalışdı və hətta qurumuş əsgini vedrədə islatdı. Həyəcan Kaporeykini tərk etmirdi, amma içində nəsə boşluq vardı. Nəhayət, səs eşitdi və pəncərədən dərhal gördü ki, açıq yaşıl adaçayı rəngli xarici avtomobil küçənin çınqılını ehtiyatla xışıldadaraq və azacıq toz qaldıraraq onun çökmüş eyvanına doğru gəlir.
— Selivanov özü aldı, fəxr elə! — bütün gecəni bu günahkar divarlarda dolaşan sədəfi obraza qətiyyən oxşamayan müzəffər Yana V. qapının kandarından bəyan etdi. Yana V.-nin yanaqlarında pudranı yandıran böyük bir yastı ləkə yandı, hansısa mentolla təravətləndirdiyi nəfəsi buğlandı. Pulqabını eşələyib, bilmədən yaşıl yüzlüklərdən ibarət bir yelpik çıxartdı və kağızlardan birini təntənəli surətdə karıxmış Kaporeykinin qabağına atdı. Rəssam qalereyaçını tava qulpu kimi bərk sıxılmış dirsəklərindən tutmağa çalışsa da, Yana V. cəld fırlanıb, onun qoltuğunun altından keçdi və kabluklarını oynaq şəkildə çaqqıldadaraq eyvandan aşağı dığırlandı.
Kaporeykin əvvəlcə darıxdı, amma sonra hər şey adiləşdi. Hər halda boş döşəmənin bir hissəsini yudu və emalatxanadan soyuq hamam qoxusu qalxdı. İçindəki suya gün işığı düşərək qızılı rəngə boyanan alüminium parçı görüb, maraqla boyalar haqqında düşündü. Sonra fikirləşdi ki, əlinə qəfil pul gəldiyinə görə, yaxın bir neçə gündə adamlara qarışmaq üçün Bilmesgili axtarıb tapmağa dəyər. Heç nəyə qərar verə bilməyən və döşəmə sildiyi üçün islanan Kaporeykin çarpayıya yıxıldı və bikarlıqdan şikəst “Amerikanın Səsi”ni açıq qarnına qoyub, qurdalamağa başladı. Efir fit çalır, uğuldayır, xırıldayır, guruldayırdı. Kaporeykin tutmağa çalışdığı maraqlı cazı heç cür dinləyə bilmirdi. Birdən efir zibilindən tamamilə azad, xəbərləri oxuyan adi qadın səsi eşidilməyə başladı:
— ...Şevçenko ilə Pervomayskaya küçələrinin kəsişdiyi yerdə avtomat silahdan açılan atəşlərlə güllələnib. Selivanovun mühafizəçilərindən biri yerindəcə, özü isə reanimasiya maşınında klinikaya aparılarkən yolda keçinib. Regional polis idarəsi mətbuat mərkəzi nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, atəşin açıldığı albalı rəngdə “Jiquli” markalı avtomobil hadisə yerinin yaxınlığında tərk edilmiş vəziyyətdə tapılıb. Avtomobil bu ilin may ayının ortalarından oğurlanmış kimi qeydiyyata düşüb. Güman olunur ki, Selivanovun və “Qızıl Ayı” maliyyə-sənaye qrupunun fəaliyyəti...
Bununla aydın səs kəsildi. Kaporeykin bir müddət otaqda olmadı. Qayıdanda gördü ki, dörd saat keçib və günəş xeyli əyiərək, qaralmış yarpaqların aralarında sanki çəhrayı ulduzlar əmələ gətirib. Artıq çarpayıda əllərini dizlərinə çırpan tamam başqa bir adam oturmuşdu.
Bu adamın bildirçin yumurtası kimi rənbərəng gözləri laqeyd idi, arıqlamış qarnında iki yığcam qat əmələ gəlmişdi, iri başındakı saçları kəkil kimi durmuşdu.
Sonra Kaporeykin bir neçə gün fasilələrlə qəribə işlərlə məşğul oldu. İndi kənar müşahidəçi onu artıq əliçubuqlu müəllim kimi yox, təsərrüfatla məşğul olan zəhmətkeş fermer kimi qəbul edərdi. Gümrah və azacıq qaralmış Kaporeykin çürümüş kiçik çəpəri yerindən çıxarıb baltayla doğradı, kanistrləri danqıldadaraq ora-bura vurnuxdu, boş çardaqdakı kök göyərçinləri hürküdərək nəsə düzəltdi. Vəziyyətdən az-maz xəbəri olan hər kəs Monplezirin buna dəymədiyini deyərdi. Monplezir hərtərəfli bitmişdi: şəxsi kolleksiyalarda və kiçik muzeylərdə zəif astarlanmış şəkillər solmuş və qopub-tökülmüşdü, onların şeirlə yazılan avtoqrafları pozulmuşdu, zibilliklərdən yığılmış avanqard kompozisiyalar çürümüş, pas atmışdı, boyanmış budaqları böcəklər yemişdi. Əbədiyyətə deyil, dünyaya xidmət edən, bu dünyanın maddi və mental zibilindən yaradılan sənət öz qayğısına qalmamışdı və gəldiyi yerə qayıtmışdı. İndi Kaporeykin başa düşürdü ki, ümumi taleyi bölüşməli və evklidsayağı olmayan şəkildə dünyanın müxtəlif yerlərinə, həyatın müxtəlif sahələrinə səpələnmiş insanlara qoşulmalıdır. O hiss edirdi ki, Monplezirin varlığını təsdiqləmək missiyası sonuncu şəxs olaraq məhz onun üzərindədir, çünki getməyə yer varsa, deməli, varlıq hansısa əbədi mənada hər halda mövcuddur. Bunun hansı üsulla edilə biləcəyi üzdə deyildi, ancaq Kaporeykin onu tapdı.
Bu arada Selivanov nüfuzlu Xomutovski qəbiristanlığına getdikdən sonra torpaqayıranlar problemi qaneedici şəkildə həll etdilər. Bundan sonra adi iş səhərlərinin birində nəhəng tikiş maşınına oxşayan palçıq çıtramalarına boyanmış buldozer sırıq çəkdiyi asfaltdan dönərək və titrəyən kolları əzərək, hədəfin üzərini aldı. Ancaq buldozeri Viseykanın çürük sərinliyi yox, qaynayan hərarəti qarşıladı. Monplezir yanırdı. İkinci mərtəbənin qırılmış pəncərələrindən küləyin yellətdiyi ipək pərdələrə bənzəyən narıncı alov yuxarını yalayırdı, evin damı şəffaf alova çevrilmişdi. Tezliklə bütün Monplezir aydın göründü, alovlu rentgen onu qısa müddət ərzində tarixdən əvvəlki heyvanın skeleti kimi göstərdi. Rəssam İlya Kaporeykinə gəlincə, o, evdən əliboş çıxdı. Yalnız mərhum Selivanovun RUBOP* dan gələn fantomas kağızların saf-çürük edildiyi və silkələdiyi kabinetində olan bir rəsm əsərinə əli çatmadı.
* RUBOP (региональное управление по борьбе с организованной преступностью)— Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə üzrə regional idarə.




