Azmanların çiyinlərindəki cırtdanlar
Heç də hər azmanın
vaxtı və həvəsi olmur
cırtdanları dəstəkləyə.
Amma cırtdanlar azmanları, heç olmasa,
hissə-hissə dəstəkləməyə
imkan tapırlar: budur cırtdan
azmanın qaraciyərini dəstəkləyir —
azman bezib onu
çiyinlərində oturdur. Budur,
cırtdan ağciyəri dəstəkləyərək, onun nəfəs almağına
və ilhama gəlməsinə mane olur, azman
çiynindəki cırtdana tərəf tüpürür.
Budur, cırtdan atlant ədasıyla
azmanın ürəyini dəstəkləyib pıçıldayır ki,
ürəkdə əsas olan mədəcikdir,
azman əsəbiləşib cırtdanı oradan
çölə çıxarır və çiyinlərində oturdur.
Cırtdanlar azmanın göz almacıqlarını dəstəkləyirlər,
orada əks olunan göy üzünü dişləyirlər,
qulaq boşluğuna girib
damcı-damcı oğurlayırlar okeanın səsini.
Onlar sümük kimi uzanırlar ağızda,
təki azmanın nitqinə qarışa bilsinlər,
yumruq kimi birləşib,
azmanın onurğa beyninə girirlər,
birləşib sağ və sol beyin yarımkürəsini
itələməyə çalışırlar.
Onların hamısı azmanın çiyinlərində toplaşır,
onun çiynini döyəcləyirlər,
ürək cırtdanları, fikir cırtdanları,
nitq cırtdanları, ruh cırtdanları —
onlar yad çiyinlərin hündürlüyündən asılaraq
oxuyub oynayanda
adamın az qalır nəfəsi kəsilə
və bir də görürsən ki, onların qulaqbatırıcı
ansamblı altında sən özün də oynayırsan.




