Yatıb qaldın torpaqda xeyli vaxtdı boşuna...

* * *
Yatıb qaldın torpaqda xeyli vaxtdı boşuna,
lazımsız, amma yetişəndə zaman,
oyandın yuxudan, qaldırdın başını
ağır-ağır, düzəltdin süst düşmüş belini,

şaqqıldadı, xırçıldadı onurğan-şaxıdı
şimşəklər, fani gerçəklər kimi inildədi,
qürurlu göylər diksindi qəfildən,
dolu səpələdi yumru, daş-daş,

əzildilər, uzunsov damcı kimi endilər,
itiləndilər uçuşda, cücərmək arzusuyla,
buğda kimi, harda, necə — fərq etməz —
bitmək istədilər zümrüdü çəmən kimi,

şabalıdı meşə, lap olsun addımbaşı
kol kimi. — Sən xeyli vaxtdı uzanıb qaldın
torpaqda boş-boşuna, lazımsız, amma
vəfayla kimisə gözlədin — zamanımı? —

bəlkə, ən yaxşısı fanidən iyrənərək yerdə yatmaqdı
daş kimi, dinməzcə əldən verməkdi bu imkanı,
yoxsa ki, qaranlıqda qorxaq addımlarla
yürüyərdin, nahamar küçədə əl havasına,

arabir büdrəyərdin, şaqraq-şaqraq gülərdin —
“Hər şey əladı!” — mahnı oxuyardın sevincək,
ona görə də səni həqiqi adını bilmədən belə
çağırırlar — ey bolsulu irmaq, nitq və danışmaq...