Sirli ehtiras
(romandan parça)
>1>968, noyabr
Karuzo
Həmin o “fəlakətli” ilin noyabrında Ququş və Vakson Rostov-Donda peyda oldular. Axşamüstü bir saat oradakı mərkəzi bulvarda gəzişdilər. Oranın memarlıq tərzində burjua zənginliyinin, miskin də olsa, bəzi izləri qalmaqdaydı. Yəni “erkən modernizm” — əlbəttə, özünün əyri-üyrü halı ilə. Konstruktivizmin komsomolsayağı uydurmasından da iki-üç abidə qalır: biri elə onların qaldıqları, fıstıq rəngli, yanları da taxıl elevatoruna oxşayan mehmanxana.
Gəzib-dolaşdıqca paytaxtlı qonaqlar ora ilə bura arasında böyük fərqlilik sezmirdilər. Bu vaxtlar qastronomların önündə təxminən eyni qələbəlikdə növbələr yaranırdı. Kafe-restoranlara adamları, çıxanların sayına uyğun qaydada, az-az buraxırdılar. Müəssisələrdən biri qalanlarından nəyinə görəsə fərqlənirdi, bu da yazıçıları onun lövhəsi önündə dayanmağa vadar elədi: “Kokteyllər”. Bu dəyişilməz “Kokteyllər” sovet gəncliyini həmişə həyəcanlandırıb! Burada da belə oldu.
Qardaşlıqlar, metal və kağız pullarını sayıb, özlərini taybatay açılmış hündür qapıdan içəri saldılar, sonra da qətiyyətlə içəridəki kütləyə qarışdılar. Kütlədən arxada isə, tam yəqin idi ki, “gəl-gəl” deyən içkilərin qarışdırıldığı açıq mərmər piştaxtalar vardı.
Oradan codlaşmış qadın səsləri gəlirdi: “Qədəhləri geri gətirin, cavanlar! Vicdanınız olsun, süzməyə bir dənə də qalmayıb!”
O enlibalaq cavanlar, hələ piştaxtalara iki-üç metr qalmış, öz sifarişlərini car çəkməyə başlayırdılar: “Bir “Karuzo”! İki “Karuzo”! “Üç “Karuzo”!”
Divarda, Brejnevlə Podqornının portretlərindən aşağıda “İçkilərin qiymət cədvəli” asılmışdı. Oradakı cürbəcür “Cənub” və “Krım”ların arasında bax həmin bu “Karuzo” tanıdıcı qeydlə (“orta tündlükdə içki”) fərqləndirilmişdi. Hansısa sanballı səbəb üzündən gəncliyin fikri məhz ona doğru dartınırdı.
— Bax, Ququş, görürsənmi burada həyat necə coşquludur: başdan-ayağa Karuzoluqdur! — Vakson qüssəli halda dilləndi. — Görünür, onlara elə gəlir ki, bu nəsə, atəşfəşanlıq altında hərlənən bir çarxdır. Çərxi-Karuzo, pis səslənmir, — Ququş cavab verdi.
— Gün gələcək, buranın menyusunda Ququş da yerini alacaq, — Vakson gümanını söylədi. — Təsəvvür edirsən, necə sifariş verəcəklər: bir “Ququş”, iki “Ququş”, üç “Ququş”!
Xoşsifət, incəbığ, Lermontov alınlı Ququş şən, ancaq həmişəki kimi xəfif qüssəli tərzdə, qüssəqarışıq şuxluqla hırıldadı:
— Sən isə “Vaksa” kokteylindən əlini üz, bunu mən deyirəm!
Onlar buraya yerli universitetin dəvətilə gəlmişdilər. Birgə yaradıcılıq axşamı: Vaksondan nəsr, Ququşdan isə şeir qiraəti.
Vağzalda onları bir topa tələbə qarşıladı. Elə oradaca əlavə dəvət də çatdırıldı: bu axşam Lenin komsomolunun 50 illiyi şərəfinə şəhərdəki təntənədə çıxış etmək.
Vaksonun tərsliyi tutmuşdu, amma Ququş ona pıçıldadı:
— Razılaş, hoqqabaz, axı komsomol bizə partiya əvəzidir.
Buradaca qeyd etmək yerinə düşər ki, o dövrdə yazarlar hər çıxışa görə “Bədii ədəbiyyatı təbliğ bürosu”ndan cəmi 14 manat 50 qəpik alırdılar: mənfəətpərəstlik çağı deyildi.
Onları İdman Sarayına apardılar. On min yerlik zal dolmuşdu. Səhnədə komsomolun tarixinə dair musiqili tamaşa oynanılırdı. 1-ci Süvari Ordu xalis Don köhlənlərinin belində cövlan edirdi. Gerçək taçanka — dördtəkərli pulemyot arabası keçir, onun şərəfinə xor gurlayırdı:
“Taçanka-rostovçanka, Qürurumuz, şanımız! Pulemyotlu taçanka, Dördtəkərli canımız!”
Əllərində burğu-çəkiclə DneproHES fəhlələri ahəngdar addımlayırdılar. Böyük Vətən Müharibəsi döyüşçüləri Reyxstaqın binasına bayraq sancırdılar. Orbitdən qayıdan kosmonavtlar fəxri pilləkənlə enirdilər. Al bayraqlar dalğalanırdı. Şeypurçular üfləyirdilər. Sonra sakitlik yarandı, səhnə boşaldıldı. Ququş Vaksona pıçıldadı: “Sonuncu şücaətin üstündən keçdilər niyəsə”.
Qısa sükutdan sonra aparıcı bəyan etdi: “Möhtəşəm bayram münasibətilə bizi təbrik etməyə moskvalı yazarlar gəliblər: şair Oktava və nasir Vakson”. Gur alqışlar altında hər iki dost səhnəyə qalxdı; ikisi də gündəlik geyimdə, qalstuksuz idi, biri (Ququş) dəri gödəkcədə, digəri (Vaks) nimdaş məxməri kostyumda. Bütünlüklə “şəhər böyükləri”ndən ibarət birinci sırada ovuclar toqquşsa da, təəccüblü nəzərlər də qarşılaşdı. Salamlama üçün söz verildi Ququşa. Moskvalı bu yoldaş ziyalıların roluna diqqət yönəltdi, başqa sözlə, cəmiyyətin iki əsas sinfindən heç danışmadı, yalnız qaymaq zümrəni öydü. Bunun cavabında zal öz ritmik ləngərini itirdi, ortalıq qarışdı. Birinci cərgə əməlli-başlı dilxor oldu. Tən ortada kimsə astadan nəsə dedi və pıçıltılar kənarlara doğru yayıldı. Vakson mikrofona yaxınlaşıb Ququşun açdığı mövzunu davam etdirdi və hətta daha dərinə getdi. — İndi biz gərək, — dedi o, — gücümüzü artırmaqdan əfzəl, zəkamızı inkişaf etdirək. Yoxsa dinozavrların gününə düşərik. Bizim həmin o sələflərimizin Yer üzündəki yolu onda dalana dirəndi ki, yalnız əzələləri hədsiz şişib-qabardı, beyinləri isə, tam əksinə, bapbalaca qaldı. Bu köntöy açıqlamanın ardından zalda qarışıq səslər çoxaldı, birinci sıranın ortasında isə boşluq əmələ gəldi.
Səhərisi universitetdən onlar qalan mehmanxanaya yeni sənətin sadiq tərəfdarları — gözləri bərəlmiş halda — yüyürüb gəldilər. “Ququş, Vakson, lütfən, ehtiyatlı olun. Rəhbərlikdə rəy yaranıb ki, moskvalı yazarlar özlərini layiqli aparmayıblar və gəncliyin müqəddəs bayramını korlayıblar”. Üstəlik, məlum oldu ki, birinci katib universitetə “bu namünasib yoldaşlara hədlərini bildirməyi” tövsiyə edib.
Universiteti nəsə təlaşlı bir vurnuxma bürümüşdü, elə bil şəhərin həndəvərinə “Könüllü Ordu” yaxınlaşırdı. Amfiteatr dolu, daha dəqiqi, ağzınadək basabas idi. Moskvalı qonaqlar sırf ədəbi mövzuda bir söhbət başlatmışdılar. Ardınca bir neçə filoloji sual gəldi. Sonra kimsə Ququşdan xahiş etdi ki, “yeni nəsə oxusun”. Bard, adəti üzrə, özünü azacıq naza qoydu: “Yəni mən bu aralar, demək olar, oxumuram, üstəlik gitaram da yanımda deyil” və ilaxır. Tələbələrin düz-qoş etdikləri gitara dərhal düz onun dizlərinin üstünəcən üzüb gəldi. O, “Motsart”ı, “Fransua Viyonun duası”nı, “Əl-ələ tutaq, dostlar”ı oxudu. Zalda, həmişə olduğu kimi, iştirakçı gənclər arasında gözləri nəmlənmiş bir neçə qəşəng qız çöhrəsi göründü. Birdən sıraların arasıyla sanki döşəməsilən dolaşdı, əyri-üyrü cizgilər zolağının axırında müəllim heyətindən yekəpər bir kazak boy verdi. O, kəskin bir sual qoydu: “Bax deyin görək, siz, moskvalı yazarlar bizim qoşunların Çexoslovakiyaya yeridilməsinə necə baxırsınız?” Və yenə də, dünənki kimi, nəsə rostovlulara xas bir hal — kütlənin xaotik təlatümü özünü göstərdi. Rektor hər iki əlini cəld havaya qaldırıb endirdi, sanki: “Sakit, yoldaşlar! — dedi. — Sırf akademik suala bu cür reaksiya verməyə lüzum yoxdur”.
Zal sakitləşdi və çökən səssizlikdə Ququş Oktava öz cavabını dilə gətirdi: “Şəxsən mən Çexoslovakiyaya qoşun yeridilməsini böyük siyasi səhv hesab edirəm”. Bu sözlərin ardından partlayış qopdu, özü də xaotik deyil, daha çox zəlzələni andıran. Amfiteatrın hər tərəfində “Ayıb olsun!” kəlməsi gurladı, yaxud cingildədi. Anlamaq olmurdu ki, bu söz kimə ünvanlanıb: sovet ordusuna, yoxsa ədəbsiz liberal və təslimçi Ququş Oktavaya? Ququş oturub, ovcu ilə gözlərini gizlətmişdi. Vakson ayaq üstə əlini qaldırıb qışqırdı: “Təxribata son qoyun! Toxunmayın Ququşa!” Zal yalnız dəqiqələr sonra sakitləşdi. Görüş sona çatdı. Gethagetdə Vakson mikrofonla dedi: “Bilmək istərdim, bütün bunlar kimin tapşırığı və oyunudur!”
Onları yola salmağa kimsə gəlmədi. Perrondakı kütlə içində elə hey düşünürdülər ki, əməliyyatçıların nəzərləri arxalarınca sürünür. Qatarda dərhal vaqon-restorana keçdilər. Konyak sifariş verib ayaq üstəcə içdilər. Sonra qucaqlaşdılar. “Vaksa, mənim əzizim!” — “Ququş, sirdaşım mənim!”
Bu adamlar dost üçün keçdilər od-alovdan
Qardaşcasına, heç də bohem hoqqalarçün yox,
Heç də ortaq kökdəki buryatlıq qabarmadan.
O yerdə çox kükrəyib yəhudi pələngi, çox.
Kommunizm ocağını ataları qaladı,
Başçılıq da etdilər şəhərlərə Uralda.
Sadizmin ac qulları canlarını taladı
Şanlı ordunun cövlan etdiyi o mahalda.
Analar trotskizmin torundan yayınmadı,
Kolıma olur bu cür işlərin qarşılığı.
Gənc “komsomol” hay-küydən söndü, çox da yanmadı,
Daim güdürdü “Polad dayı” — naqqa balığı.
Ey qurbanların nəsli, sözdən dəstələr bağla,
Neçə ki, hamılıqla əyyaş olmamısınız,
Şeirə vurğunsunuz sirli bir ehtirasla,
Çürümüş kötük kimi kar da qalmamısınız.
Bir saat sonra onlar artıq əməllicə keflənmişdilər. Silkələnən restoranın bir küncündə oturub ikinci şüşənin axırına çıxa-çıxa, ortaq dostları Qladiolus Podqurskinin təbirincə, “ailə və şəxsi həyat” barədə astadan söhbətləşirdilər.
— Hə, mənə öz cananından danış, — dedi Vakson. — Eşqdə-məşqdə necədir?
— Füsunkarlığı qədər zərif, zərifliyi qədər füsunkardır, — Ququş cavab verdi. — Yelbeyinliyində dahiyanəlik, dahiyanəliyində yelbeyinlik var.
— Zor dedin, — Vakson başını yellətdi. — Səndən ötrü belədir ki var.
— İndi də sən mənə özününkündən danış, — Ququş mehribancasına təklif etdi.
— Kimdən yəni?
— Öz cananından.
— Nə münasibətlə danışmalıyam ondan?
— Axı mən sənə özümünkündən danışdım.
— Mən səninkini tanıyıram, sən isə mənimkini yox.
— Hə də, lap yaxşı, dördcə kəlmə söylə onun barəsində.
— Dörd kəlmə?
— Hə, dördcə.
— Sevimli ləçər, dözülməz gözəl.
— Fəna söhbət deyil, Göycəburun, üstəlik, mən onu tanıyıram da.
Bu arada dopdolu vaqonda onlara diqqətlə göz qoyan bir-birinə xeyli oxşar iki cavan oğlan vardı: saçları uzun, bakenbardları pırtlaşıq, bığları sallaq. Ofisiant gələn kimi bu oğlanlar onlara üçüncü konyak şüşəsini də yolladılar, üstündə də belə bir yazı: “Bizim masadan sizin masaya. Fyodor və Sergey Borisovlar — istedadların pərəstişkarları”. Xoşbəxtlikdən, şüşə də, yazı da onlara çatmadı. Tələbə inşaat dəstəsinə xas gödəkçə geyinmiş, məsum görkəmli bir gəncin əlinə keçdi. O, şüşəni cibinə dürtüb bədahətən bəyan etdi: “Bu bakenbardlı iki nəfəri siz gərək göt ayağına qoyasınız! Çünki girdirmə bəbirlər ceyrana layiq deyillər!” Dərhal da tüstü-dumanda qeybə çəkildi.
Moskvada, perronda onların ikisini də cananları gözləyirdi. Gecə keçdikcə aydınlanan səma altında siqaret çəkə-çəkə laqqırtı vururdular. Gözlədikləri cənablar vaqondan çıxanda cananlar uğunub getdilər: “Hə, sənə demişdimmi? Dənizə və geriyə!”
Qaralı-sarılı “Volqa” Sadovo dairəvi yoluna çıxdı. Sükan arxasında Ralissa oturmuşdu. Onların arxasınca, 10 metr ara ilə, içərisində bir-birinə oxşar, ancaq bığsız və bakenbardsız iki cavan olan qapqara “Volqa” gəlirdi. “Ay sizi, ilanlar! Yenə də arxamızca sürünürlər”, — dedi Ralissa öz həmdəminə. Arxa oturacaqda Ququşla dildarı əyləşmişdilər. Onlar bir-birindən başqa heç nə görmür, kimsəni dinləmirdilər. Nəfəs dərmədən şeir oxuyurdular.