Hollandiyalı
(“Moskva nağılları” kitabından)
İlk dəfə o, axşam saat on bir radələrində Kutuzov prospektində diqqəti cəlb etmişdi (protokolda bu barədə belə yazılıb: “Gecə saat 23.00-da...”)
Yanvar ayı idi, günün bu vaxtı artıq boş olan və hökumət maşınlarının gedib-gəldiyi yolda qar yığınları ilanvarı biçimdə sürünürdü, trafik — bağışlayın ha, bu kəlməni dilimizdəki hansısa sözlə əvəz etməyə ərinirəm, bir də ki, bəyəm bunu da ruslar icad eləməyib ki?! — haradasa tamamən kəsilmək üzrə idi, ara-sıra ən bahalı markaya və modelə malik maşınlar sürətlə şəhərin o məşhur ucqar səmtlərinə tərəf şütüyürdülər, bunların arasında bir də dörd yüz on iki markalı bir “Moskviç” vardı: banındakı yük yerinə hər cür vecsiz əşya yükləndiyi üçün o, bir böyrü üstə əyilərək gedirdi, şaxtanın təsirindən yerində titrəyib durmaqla, öz kirli faralarını mürgülü halda yandırıb-söndürürdü. Mərkəz tərəfə isə ümumiyyətlə heç kim getmirdi, bircə sağ cinahla gəlib, hiss olunmadan yanımızdan ötərək, özünün xırda-xuruş “çax-çux”una görə qaranlıq bir dalana burulan o ürkək “Qazel”i çıxmaq şərtiylə.
Hər şey də elə bundan sonra başladı.
Qısa aradan sonra bu ərazidə baş verəcək o hadisənin — bəlkə ona təsadüfi hadisə deyək? — faciəvi qəhrəmanı vilayətə tərəf sol sıra ilə, həm də sürət normasına və bir çox yol hərəkəti qaydasına məhəl qoymadan irəliləyirdi, əslində o, heç sol cinahla da yox, yedək saxlanan zolaqla, həm də özünün sayrışan işıqlarıyla yol istəyərək şütüyürdü, halbuki təqdim etdiyi sənədlərə əsasən, buna izni-icazəsi yox idi, həm alkoqolun, həm də narkotiklərin təsiri altında olduğundan hamının həyatını heçə sayırdı...
Amma burada uzun-uzadı izaha da gərək yoxdur, çünki hər şey zatən bəllidir. Sürücünün adı-soyadı Ruslan İvanoviç Abstulxanov idi və Yaponiya istehsalı olan bu iri cipdə hərəkətə əks yöndə niyə şütüdüyünü də yəqin hər şeydən agah olan, hər şeyə gücü yetən o bircə Allah bilirdi, ancaq indi o da çox əvvəllər baş verən bu olayı yəqin unudubdur, həm də ərşi-əlaya yönələn bunun kimi bilgilərin sayı-hesabı bilinmir axı...
Və bu Ruslan İvanoviç, yeri gəlmişkən, özünün yaxın dostu, həm deputat, həm də say-seçmə cavanlardan sayılan Volodya Trofimerin işlətdiyi gecə barında... nə isə, həmin Volodya barədə sizə başqa vaxt söz açaram... deməli, belə: dostlarının və asayiş keşikçilərinin qısaca “Abstul” adlandırdıqları Ruslan Abstulxanov niyə həmin gecə barında viski içib, kokain iynədikdən sonra hələ bir də şampan şərabı gillətmişdi? Axı bunların hamısını Allah ümumiyyətlə yasaqlayıbdır!
Yaxşı, deyək ki, Abstulun viskiyə düşkünlüyü hamıya məlumdur, budəfəki kokos isə heç keçiləsi nemət deyilmiş, şampan şərabı isə həqiqətən də Fransadan gəlmə imiş və nəinki barda, hətta supermarketdə görən də ondan bir yüz qram gillətmək həvəsinə düşür... Bəs niyə bütün bunlardan sonra durub, yola çıxasan axı?! Hə, orasını bilmirəm. Daha doğrusu, orasını da bilirəm ey, sadəcə bunu sizə necə anladacağımı bilmirəm. Başa düşün də, ona icazə var. Sərxoş halda o, yəni Abstul, hətta orta xəttin üstüylə də maşın sürə bilər — indi bir də soruşacaqsınız ki, əgər yol bomboşdursa, adam niyə orta xəttin üstüylə şütüməlidir?! — həm də bunu sayrışan işıqlarla və saatda yüz altmış kilometr sürətlə edə bilər, çünki həyat necə lazımdırsa, elə də qurulub, yəni sizə yox, Ruslana və onun dostlarına uyğun qurulub! Hamının birliyinə inandığı Allahın da bu məsələyə zərrəcə dəxli yoxdur. Abstulun meyli çəkib — içib və nəşə “dartıb”, Volodyanın peşkəş etdiyi gözəlçələri qucub, kefi istəyib — sonra sükan arxasına keçərək, vıyıltıyla oradan uzaqlaşıb. Əgər şəxsən siz içkili halda heç vaxt maşın sürməyib, kokaini də yalnız kinoda görübsünüzsə, onda doğru yoldasınız və əsla narahat-zad olmayın.
Belə.
Deməli, sözümüzə davam edirik.
Cip orta xətlə şütüdükcə, hər iki cinah boyu və yolun üstündə Moskvanın gecə işıqları sayrışırdı, Ruslan isə (adamın haqqını vermək lazımdır) yoldan çıxmamaqla, mürgüləyir, oyanır, haraya getdiyini xatırlayır, təkrar mürgüləyirdi, iri maşın isə yel kimi uçurdu...
Qəfildən Abstul fərqinə vardı ki, maşında tək deyil və kimsə bir kənardan ona göz qoyur, sanki qapıdakı gözlüyü örtən qapağı kimsə səssizcə açmışdı.
Əvvəlcə Abstul sağa boylandı — heç kim yox idi, dəriylə üzlənmiş sərnişin oturacağı bomboş idi, onun üstündə hədsiz tünd rəngli yan şüşə, onun ardında isə kimsəsiz prospekt vardı.
Sola tərəf boylanınca, Abstul onu gördü.
Bu, universal tipə aid edilən avtomobil idi: bizim maşın həvəskarları adətən bunları “anbar” adlandırırlar, Avropada böyük ailə sahibləri, biz də isə hüquqi şəxs kimi qeydiyyatdan keçməyən və əşya bazarlarında hər cür geyim-keçim alveriylə məşğul olan sahibkarlar bunlara rəğbət duyurlar, çünki bu avtomobillərdə sözügedən yükü daşımaq xeyli əlverişlidir.
Ruslan Abstulxanovun sol cinahda gözünə dəyən bu xalq avtomobilinin istehsalı Almaniyada dayandırılandan təxminən on il sonra bu model Rusiyada ən çox tələbat duyulan maşına çevrildi.
Abstul düşündü: “Heç fəna deyil ha, mən də yüz altmışla sürürəm, o da yüz altmışla, mən orta xətti tutub gedirəm, o isə eyni şeyi yan zolaqda edir, belə sarsaq bir “anbar” necə yüz altmışı çəkir, niyə polislərdən qorxub-çəkinmir, bir kilometrdən sonra, bəlkə daha tez rastına çıxacaq o tağın yanından necə keçəcəyi barədə görəsən niyə düşünmür bu taxtabaş?!”
Əslində o, bunlar barədə, təbii ki, düşünmürdü, ağlından keçən fikir: “Bir buna bax da!” ola bilərdi, ya da başqa nə isə... Hər halda nə barədə və necə düşündüyünü dəqiqləşdirməyə indi macalı yox idi, çünki imperiyadanqalma Zəfər tağının kölgəsinə lap az qalırdı.
Sükandan möhkəm yapışan Abstul maşını sağa, yəni lazım olan səmtə yönəldib, sürəti azaldır, sol aynaya baxarkən arxadan gələnin, eynilə Amerika filmlərindəkinə bənzər, necə mayallaq aşdığını görəcəyini umur, təkərlərin uğultusunu və çırpılan dəmirin cingiltisini eşitməkdən ötrü qulaqlarını şəkləyir — ancaq heç nə görmür, heç nə də eşitmir. Arxada qaranlıq və bomboş yol uzanır, qara səmanın fonunda gözə dəyən reklam lövhələrinin işıqları da bulanıqlaşır, qulağına gəlib çatan isə cipdəki radionun adətən kökləndiyi dalğada səslənən şux bir mahnıdır.
Tam özünə gəlsin deyə, Abstul başını yanlara doğru xəfifcə əyib-düzəldir, irəlidə Rublyovkaya tərəf dönəcəyi, yarım saat sonra evinin, necə deyərlər, kottecinin önündə əyləcə basacağı üçün sürəti nisbətən azaldır: binanın birinci mərtəbəsi artıq hazırdır və Abstulxanovlar ailəsi orada məskunlaşıbdır, üzü yaya doğru briqada işi təhvil verəndə Ruslan İvanoviç də qonşularınkından əsla geri qalmayan bir evə sahib olacaq (axı bu şosenin səviyyəsi də onun qonşularının nüfuzundan xəbər verir), bax, onda hələ qardaşlarını da bura gətirə biləcək, hərəsinə bir gəlir yerini həvalə edəcək, özü isə artıq, eynilə Volodya kimi, sakit bir obyekt, məsələn, klub işlədər, sonra da ki...
Boynunu təkrar ora-bura buran kimi yenə də o lənətəgəlmiş “anbar” dəydi gözünə. O çürüyüb-tökülən maşın bu səfər sağ tərəfində, onunla böyür-böyürə, eyni bərabərdə gedirdi deyə, hətta döngədə zolağı dəyişməsinə də maneçilik törədirdi. Abstul təkrar təxminən bunları düşündü: “Buna bax da, mən yüz qırxı çəkirəm, bu da eyni sürətə keçir, bir də axı, lənət şeytana, bu necə mənim solumda peyda oldu?!”
Əvvəlki suallar kimi, buna da o, bir cavab tapa bilmir, heç tapa da bilməzdi, çünki sonrakı saniyədə aşağıda ətraflı nəql olunacaq olay baş verir və adam huşunu itirir.
Sürətini əsla azaltmadan cipin sağ cinahıyla şütüyən universal avtomobilin salonunda mavi rəngli parlaq və sis şəklində yayılan bir işıq yandı, sanki onun mənbəyi ölüvay bir tavan lampası yox, güclü bir projektor idi. İşığın fonunda o maşının sürücüsü və lənətlik maşının sərnişinləri seçildi. Onların hamısı, bir nəfər kimi, qara dəri gödəkçə və eyni rəngdə, toxunma xizəkçi papağı geyinmişdi. Artıq psixi xəstə sayıla biləcək R. İ. Abstulxanov sözügedən papaqlar ilə gödəkçələr arasında indi dəbdə olan və etnik normalara da cavab verən saqqala malik qarabuğdayı üzlər görəcəyinə zərrəcə şübhə bəsləməsə də, ümidləri uça çıxdı: indi əgər o, qarşısında solğunluqdan uzaq, qan daman yanaqlar və məlum milləti təmsil edən ağır atletlərin yoğun boyunlarını görmüş olsaydı, bu, əlbəttə, arzuolunmaz, amma yenə də başa düşülən bir şey sayılardı; içki və narkotikin təsirindən gözləri şüşəyə dönən yeniyetmələr görsəydi qarşısında, bundan da çiyrinər, amma bunu təhlükə saymazdı; hətta mülki geyimdə olan, amma rütbələrinə güvənərək, sırtıqlıq və qoparaq sərgiləyən polislər olsaydı qarşısındakılar, bunu bir problem etməzdi, çünki uzaqbaşı bir miqdar pulundan keçəsiydi... Yox, canım, yox, o zavallı bunların heç birisiylə
qarşılaşmamışdı!
Mavi işıqda üzən o maşının içindən qəhvəyi rəngli qafatasları özlərinin uzun və əyri-üyrü dişlərini ona ağardırdılar, dəri gödəkçələrinin altından incə said sümükləri boy göstərirdi, sükandan yapışan əllər isə şümal, gözqamaşdıran və sarımtıla çalan sümük falanqalarından başqa bir şey deyildi.
Abstul cırnayaraq: “İndi bunlara göstərərəm” — deyib, İtaliya istehsalı olan uzunburun çəkməsinin dabanıyla pedala basdı, bununla mümkün və qorxunc sürüşmələri ustalıqla önlədi, çünki sahib olduğu təcrübə həmin an özünü büruzə verdi və xeyli güclü təkanla o, rəqiblərdən önə çıxdı. Həm sağ, həm sol, həm də arxa görünüş aynalarında qaranlıq yol peyda oldu. Bu səfər tamamilə məntiqi şəkildə Abstul: “O idbarlar ölü zonada qaldılar” — deyə qət elədi və uca səslə qəhqəhə çəkdi, maşının pəncərələri tam qapalı olsa da, onun bu qəhqəhəsi bütün prospekti başına götürdü.
1
O dəli qəhqəhə totalitar dövrə aid nüfuzlu evlərin üzərində bir dövrə vurdu, bu evlərin əksəriyyətinin pəncərələri artıq bəyaz çərçivəliydi və çanaq antenlərlə birlikdə bunlar yaşadığımız cəmiyyətdə elitanın dəyişdiyinin dəlili idi; qəhqəhə buradakı bahalı mağazalarla yanaşı, yapon və italyan restoranlarının üzərində də dolaşdı — vaxtilə Abstul bunlardan birində ikən onu avtomatla biçmişdilər, ancaq salamat qurtulmuşdu — sadəcə bar dəzgahından qopan qırıntı alnını cızmışdı. Qəhqəhə göydə durmadan uçan, gecələr rəngi güclə seçilən, yəni qaramtıl, şəfəq vaxtı isə açıq bənövşəyi və qızılı rənglərə çalan buludların olduğu Moskva səmasına doğru boy atan yüksəkmərtəbəli binaların üzərində dövrə vurdu, bizim ruhlarımız da məhz həmin buludların üzərində oturub, oradan aşağılara, yəni bizim hələlik ətə-sümüyə bürünən varlığımızın macəralarına tamaşa edir və yəqin düşünürlər ki, bəlkə o yerdən hər şeyə tüpürsünlər, çünki hava kütləsi nisbətən qatılaşıbsa, hansısa uzaq bir yerə, həm də həmişəlik yollanmağın vaxtı çatıbdır artıq...
Və Kutuzov prospektinin hələ yuxuya getməyən, şərab içib, şam yeməyi yeyən, ya televiziya verilişlərinə köklənən, ya dost məclisində söhbətləşən, ya da çılğıncasına sevişməkdə olan bir çox sakini də bu vahimə dolu qəhqəhəni eşitdi, ancaq kimsə bunu adi bir partlayışın əks-sədası, kim isə bir diceyin hansısa klubun divarlarına sığmayan nərəsi sandı, yuxuda olanlar isə bu səsi öz röyalarında gördüklərini düşündülər, əlbət.
Həmin vaxt Ruslan Rublyovkaya, dairəvi avtoyola tərəf dönürdü, çəkdiyi siqaretin tüstüsündən sol gözünü qıymışdı və ətraf aləmdə onun az sonra xırda damcılara dönəcək şüuru qismən və qurultuya bənzər səslər çıxarmaqla, bu zavallının başına, yəni yerinə dönürdü. Əgər hər şey sırf bununla bitsəydi, yəqin ki, üzü səhərə doğru, adı xumarlığı çıxmaq şərtiylə, onda bu əyyaşlığın heç bir əlaməti sezilməyəcəkdi.
Ancaq gözlənildiyi kimi, o şeytani ekipaj yenidən peyda oldu. İndi necə təsəvvürünə gətirəsən ki, o zavala gəlmiş cipin içindəki biz özümüzük?! Ey o müqəddəs xaçın sahibi, özün bizi qoru və hifz eylə!
Lənətlik maşın, doxsanıncı illərin “passat-variant”ı saatda yüz əlli ilə getməklə, təptəzə “Land-kruizer”in önünə düşüb, gedirdi və sanki elə belə də olmalıydı.
Ölülərlə dolu o maşının salonu sanki dalbadal çaxan bir şimşəyin işığında təkrar aydınlandı, arxada oturan iki nəfər sağ və sol pəncərələrdən boylandı, o ara onların qafatasları şarnirliymiş kimi, yüz səksən dərəcə yerində döndü, üzlərində iyrənc bur təbəssüm yarandı, dibsiz və qara göz dəlikləri düppədüz Abstulxanova dikildi və onlardan biri məzələnirmiş kimi, barmaq sümüklərini yelləyərək, onu cırnatdı, yəni niyə dalda qalıbsan, qadası, qaza bassana...
Güclü ayaqla basılan pedal döşəməyə dirənincə, yerdən götürülən cip o ölüm maşınını geridə qoydu və 1978-ci il doğumlu, Nalçik şəhərinin sakini R. İ. Abstulxanovun diqqətini çəkən son xüsus rəqib maşının baqaj qisminə vurulan, oval biçimli boz fonda ağ və xarici əlifbayla yazılan “NL” hərfləri oldu ola bilsin, o, bunun nə mənaya gəldiyini heç bilmirdi, ancaq bu iki hərfin Niderlandın, yəni Hollandiyanın kodu olduğu çoxumuza bəllidir.
Bəs sonra nə oldu? Orası məlumdur. Sürətini sala bilməyən cip çırpıldığı yerüstü piyada keçidinin dayağını qismən zədələdi, özü isə bir yığın, həm də əzik-üzük metala, bir gecə dəhşətinə döndü. Tanıdığımız Abstulxanovu çıxmaq şərtiylə, qəzada başqa bir qurban olmadı. O isə həm içkili idi, həm də Rublyov şosesinin bu qismində icazə verilən sürət həddini aşdığı üçün idarəetməni itirməklə, elə qəza yerindəcə keçinmişdi. Xüsusi texnikanın köməyi ilə xilasedici heyət mərhumun bədənini avtomobildən ayırsa da, onun sinəsini eninə ikiyə bölən, sürücünün ürəyini yerindən qoparmaqla, sol kürək sümüyünün altından girib, dışarı çıxarmaqla, onu dəriylə üzlənən kresloya dərinləməsinə gömən detalın bu “Land-kruizer” markalı cipin hansı qismindən çıxa biləcəyini nə onlar anladılar, nə də yol polisi əməkdaşları. Bu səbəbdən də gənc təbiətşünaslar tutduqları kəpənəyi hansı amansızlıqla iynəyə taxırlarsa, bu mərhum da öz maşınına eynən elə pərçimlənmişdi. Bu əşya hansı cins metaldan hazırlandığı bilinməyən, təxminən bir metr uzunluğunda olmaqla, şümal səthə malik, dümdüz bir dəmir idi: bir ucuna sivri, üçkünc biçimli metal ucluq, digərinə isə bir neçə dənə, qısaölçülü quş lələyi bərkidilmişdi. Yol polisi işçilərindən birinin qənaətinə görə, qətl bu alətlə və qəzadan əvvəl işlənmişdi, buna görə də yol qəzasının sürücünün ölümü nəticəsində baş verdiyini düşünmək olardı, odur ki, hadisə yerinə operativ qrup çağırmaq təklifi rəis tərəfindən bu sözlərlə rədd edildi: “Qulaq as ey, özündən hoqqa durğuzma burada. Demək istəyirsən ki, yerlilər gəbərdib bunu? Ver bəri o oxu, sarsaq, get, öz işinlə məşğul ol, zəng elə, qoy o zəhləmgetmiş evakuator tez bura gəlsin, yoxsa ta səhərə qədər qaxılıb, burada qalacağıq, həm də səhər çağı buradan keçməklə, şəhərə üz tutan kortejlər bu “Formula 1”-ə şahid olsalar, əməlli-başlı başımız ağrıyacaq, anladın?” Bunu deyərək, o, zülmət aləmdən gələn oxu özüylə götürdü və bu alətin adı bir daha heç bir sənəddə çəkilmədi.
Yol hərəkətinin təhlükəsizliyi üzrə Dovlət Müfəttişliyinin əməkdaşı, baş leytenant N. P. Profosov həmin axşam təxminən saat iyirmi üç on beşdə Rublyov şosesinin Moskva dairəvi avtomobil yolu ilə kəsişməsində növbə çəkərkən yüksək sürətlə şütüyən “Folksvagen-passat-variant” avtomobilini görübmüş. Maşının içindən ətrafa gözqamaşdırıcı mavi işıq saçıldığından bu müfəttiş onun dövlət nömrə-nişanını görə bilməyib, ancaq o arada maşının içinin tamamən boş olduğu da gözündən yayınmayıb, yəni sükan arxasında ümumiyyətlə sürücü yox imiş. Hökumət maşınlarının keçdiyi trasda iş təcrübəsi sayəsində qazandığı təcrübəyə əsasən baş leytenant bu fərqli nəqliyyat vasitəsinə hələ hərbi salam da verdi, ancaq sonra nə gördüyünü dərk edincə, qalın qış gödəkçəsindən bayıra çıxan əlinin yönünü güclə dəyişdirməklə, xaç vurdu. İçiboş maşın isə kəndlər, dərə-təpələr tərəfə yollandı və aradan beşcə dəqiqə keçməmiş şamama böyüklükdəki, yuvarlaq bir əşya o bayaqkı mavi dalğanın parladığı səmtdən sürətlə uçaraq, düppədüz gəlib, Nikolay Petroviç Profosovun ayaqlarının dibinə düşdü.Düşən şeyə diqqət yetirməkdən ötrü önə əyilən Kolya qarşısında təpə qismi seyrək hörümçək torunu xatırladan tikişlərə sahib bir qafatası, aralarında bir dənəsi köhnə dolğuya malik olduğu üçün işıldayan iri dişlər, sirli göz çuxurları, üçkünc və içiboş burun yeri gördü. Bir qədər belə, yəni əyilmiş vəziyyətdə qalan polis nəfərinin ağlı başından çıxmaq üzrə idi ki, şimal-qərb tərəfdən uçub-gələn və barmaq sümükləri düyünlənən bir qol skeleti qulaqlı papağının bitdiyi yerdən polisin boynunun ardına güclü bir yumruq ilişdirdi. Zərbənin gücündən burnu qarın içinə gömülən kişi dördayaq vəziyyət aldı, yarım dəqiqə bu cür durduqdan sonra o, bir rüşeym kimi dizlərini qarnına yığdı və ağır templə böyrü üstə aşdı. Həmin qafatası və sümüklər isə bir göz qırpımındaca külə döndülər.
Bu adamın sonrakı aqibətinin necə olduğu bəlli deyil. Yəni polis orqanındakı işindən ayrıldığına şübhə yoxdur, çünki bölüşdüyü bu hekayətə yoldaşlarının inanmaması onu yaman sarsıtmışdı, sonradan harada işə girmişdi və indi necə dolanırdı, bax, burasını dəqiq bilən bir kimsə yox idi. Danışılanlara baxılarsa, bəzi aylı gecələrdə Profosovun ruhunun bədənindən çıxdığı o yerdə ətrafına mavi işıq saçan bir yol polisi hələ də gözə dəyir və onun əlində dama-dama çubuq əvəzinə, iri bir bud sümüyü olur — əlbəttə ki, bu, bir uydurmadır. Dövlət əhəmiyyətli bir trasda belə şeyə kim yol verər axı?!
Ancaq həmin o şeytani “passat”ın bir çoxları tərəfindən, həm də cürbəcür yerlərdə görülməsinə isə inanmaq olar. Bu adamların bəziləri hətta sağ da qalmışdılar və onların yaşadıqlarıyla bağlı təəssüratlar bizə, eynilə mərhum Ruslan Abstulxanovun ölümqabağı fikir və duyğuları kimi, yəni başqasının bədii təxəyyül gücüylə yox, onların məhz öz danışdıqları sayəsində gəlib, çatıbdır.
Məsələn, o qorxunc maşını təravətli bir iyul səhəri, gecə yağan yağışdan sonra təzəcə qurumağa başlayan Leninqrad şosesiylə ağır templə gedən görüblər.
Cavan və cazibədar bir xanım da öz “Pejo-206” markalı maşınında Moskvanın bu tıxacları və yalnız sübh saatlarında boşalan magistralı ilə gedirmiş. Onu Olesya Qrunt çağırırdılar — elə indi də belə çağırırlar — ancaq bu Qrunt soyadı ona ilk ərindən miras qalmışdı, qadının qızlıq soyadı isə Terebilko idi. Kurort şəhəri sayılan Feodosiyadan altı il əvvəl Rusiyanın paytaxtına köçən bu xanım qeydiyyatı, evi və işi olmadığından bir müddət əziyyətlərə qatlaşır, gecə klublarında birtəhər qarnını doyurur, geyim bazarlarından özünə əyin-baş alır (söz düşmüşkən, o, Volodya Trofimerin yanında da olurmuş, ancaq bütün bunları sözarası vurğulamaqla göstərmək istəyirəm ki, bu dünya kimi, elə tanış-biliş çevrəsi də xeyli məhduddur). Ancaq tezliklə o, cavan maliyyəçi, institutun komsomol komitə katibliyindən birbaşa milyonerliyə sıçrayış edən Boris Matveyeviç Qruntla tanış olur və ona ərə gedir. Şükürlər olsun, övladları olmadı və ilyarımdan sonra Olqanı boşayan Qrunt həm soyadını, həm də Usiyeviç küçəsində yerləşən, keçmiş mədəniyyət işçilərinə ayrılan iki ayrı mənzilin birləşdirilməsi yoluyla dördotaqlıya çevrilən mebelli-təmirli mənzili bu qadına peşkəş elədi, adi sayılacaq “Olqa Mitrofanovna” müraciətini isə qulaqoxşayan “Olesya” adıyla əvəzlədi və qadına bir miqdar da pul verdi. Boris özü isə bir müddət məhkəmələrdə süründü, həbsdə yatdı, teleekranlarda boy göstərdi, sonra isə İspaniyanın tamamilə mülayim iqlimə malik Kataloniya əyalətində məskunlaşdı. Olesya təkrar yolunu klublardan saldı, ancaq indi bunu o, qarnını doyurmaq üçün yox, sırf əylənmək xatirinə edirdi deyə, öz kişi dostları arasında dərin bir rəğbət sahibi idi (bizlərə o “boy-friyend” kəlməsi çiyrindirici gəlir axı). Hiss olunmadan və məharətlə onu bir-birinə ötürən bu kişi dostların hər biri Olesyanın qəlbində şirin xatirələr buraxdılar. Kimisi son dərəcə zərif (karatı heç önəmli deyil) bir üzük, kimisi bahalı, amma ən əsası yüngül və isti, indiki dəbə uyğun olaraq, çəhrayı rəngə boyanmış şinşilla kürkü, kimisi də hazırkı dövrdə populyar sayılan ödəmə sisteminə aid platin kart verirdi ona...Həyat yoluna bu şəkildə davam edən, bayaq vurğuladığımız açıq yaşılı rəngli “Pejo-206” avtomobilinin sahibi olan, kübar bir xanım sayılan Olesya Qruntun taleyində qısa müddətə də olsa, bir cənab zühur elədi: həmin səhər yolu boş görən qadın vaxtilə yiyələndiyi sürücülük vərdişlərindən yararlanaraq, o nəhs səhər yola düzəldi.
2
Elə bu məqamda dördtəkərli çapar qismində bir “İnferno” eyni yolda zühur elədi.
Bütün diqqətini idarəetməyə cəmləyən Olesya sürəti artırmadı, sükandan yapışan əlləri yorulub-qacısa belə, saatda iyirmi kilometrlik sürət həddini aşmadan gözünün ucuyla sol cinaha baxdı. Sol tərəfdə iriölçülü boz bir maşın gedirdi, onun markasını qadın, təbii ki, təyin edə bilmədi, ancaq fərqinə vardı ki, əvvəla, bu avtomobil onun doğma vətəni Krımda “pikap” adlandırılan, oradakı varlı bir qonşusunun həm ailəsini, həm də içini toyuq-cücəylə doldurub, oturacaqların arxa tərəfinə yığdığı qəfəsləri daşıdığı maşın tipinə heç uyğun gəlmir.
İkincisi, maşın başdan-ayağa sürtülüb-paslanmışdı, kuzovunun bütün yanları və dərzləri çürüntü içində idi, üçüncüsü, bu qəribə ekipajın pəncərə şüşələri qapqara rəngdə idi, onların rəng tonu xeyli süni idi və qadın bənzər rəngə indiyədək heç rast gəlməmişdi.
Olesya düşündü: “Əcəb maşındır!”
Heç ləngimədən, sanki kimsə onun bu şeytani “Passat”a duyduğu marağı havadaca yaxaladı — bu, əlbəttə ki, o, idi — və maşının sağ ön pəncərəsi aşağı endirildi.
Gözünün ucuyla bunu sezən Olesya təkrar baxışlarını sol tərəfə yönəltdi, sonra bir neçə hərəkəti eyni anda necə icra elədisə, bunların hər biri onun qadınlıq məğzini ortaya qoydu, halbuki amansız Moskva mühiti onu yetərincə bərkə-boşa salmışdı və rəfiqələri Olqanı soyuqqanlı, hər şeyi yüz ölçüb-biçən biri sayırdılar (və hələ də sayırlar). Dili söz tutmadığından əvvəlcə o, son dərəcə cır bir səslə: “İ-i-i!” deyə bir qıyya çəkə bildi.
Eyni vaxtda ayağını ilk rastına çıxan pedala basdı, nəticədə fransız istehsalı o mexanizm nərə çəkməklə, bir kenquru misalı irəli sıçrasa da, sonra yerindəcə qaxılıb durdu, çünki motor söndü: axı sürücü xanım ayağını digər pedala, yəni əyləcə basmaqla, hər halda gözlərini də yummuşdu artıq.
Gördüyü isə bu olmuşdu: enən pəncərə şüşəsinin ardında o, səhərin bozumtul-bənövşəyi şəfəqlərinə bürünən, adi avtomobil salonu yox, dibsiz bir zülmət görmüşdü: sanki bu dünyanın bütün nəhslikləri məhz o salonda cəmlənmişdi. Pəncərələr adi və şəffaf idi, əsl cəhənnəm isə onların ardında gizlənmişdi və o səyyar cəhənnəmdən zavallı Olya Terebilkoya baxıb, dişlərini ağardan burunsuz bir qafatasının bomboş göz çuxurlarıydı bu qadını özünə cəlb edən.
Yazıq, zavallı qadın! Yaşanan dəhşəti bir özünüz təsəvvür eləyin də: adi, hətta gözəl bir səhər çağı Moskvanın “Aeroport” səmtindəsiniz, gözəl şeylər barədə xəyallar qurursunuz, yaşınız elə də çox deyil — guya otuz yaşın özü nədir axı?! — və qəfildən zülmətlə, ölümlə rastlaşırsınız... Eh, sən özün kömək ol, İlahi, bizi qəfil əcəldən qoru!
Olesya Qrunt, ən nəhayət, gözlərini açdığı vaxt onsuz da tərtəmiz olan Leninqrad prospektində o kabus maşından geriyə heç bir nişanə qalmamışdı. Olesyanın maşını isə çəpinə bordyura dirənib durmuşdu, nəyə görəsə işə düşən siqnal sistemi ulayırdı, qadının sükandan yapışan əlləri xəfifcə titrəyirdi və o həndəvərdə bir ins-cins gözə dəymirdi.
Daha əlindən nə gələrdi ki?! İsterikaya qapılsa da, əl çantasında hökm sürən xaosda mobil telefonunu tapıb, ən etibarlı tanışının nömrəsini yığdı, o da, haqqını vermək lazımdır, heç ləngimədən, özünün son model ‘Audi”si və cangüdənlərinin olduğu “Gelendevagen” ilə, yəni bir dəstə adamla, olay yerinə gəldi, hər hansı zərər görməyən “Pejo” dayanacağa aparıldı, onun sahibəsi isə hətta bahalı klinikaların da ən bahalısında tanınmış psixoterapevt tərəfindən müayinə olundu, qadına ən güclü antidepressantların qəbulu, massaj və ümumi xarakterli sağlam yaşam tərzi məsləhət görüldü. Bunun ardınca qadın İsveçrə dağlarında istirahətə, oradan isə adı dillərdə gəzən İbitsa adasına göndərildi, orada qadın necə şənləndisə, gözünə görünən o qorxunc olayı birdəfəlik unutdu və bir də payız mövsümündə, heç nə olmayıbmış kimi, geri döndü, sadəcə stil və vizaj ustası onun tamamən ağarmış saçlarını ört-basdır etməklə indi girinc qalmışdı. Əvvəlcə bu kişi usta bütövlükdə qadının imicini dəyişmək fikrinə düşdü, ancaq sonra adi boyanı, amma son dərəcə effektiv bir boyanı üstün tutdu.
O dar macalda qadının dadına yetişən tanışı isə sırf marağa öz imkanlarıyla o qorxunc səhər saatlarında baş verən irili-xırdalı bütün yol qəzaları barədə bilgilər topladı. Məlum oldu ki, Olesya özünə gəlib, ondan telefonla yardım istəyəndən təxminən yeddi dəqiqə sonra ayıq-sayıqlığını bir an belə itirməyən Yol Polisinin patrul maşınlarından biri xəbər veribmiş ki, Leninqrad şosesinin tən ortasında, yəni yolun “Sokol” metrosuna yaxın qismində, Volokolamsk ilə Leninqrad şosesinin kəsişməsindən bərilərdə, boz rəngli bir “Folksvagen-passat-variant”ın xeyli aşağı sürətlə irəlilədiyini görüb. İlk baxışda heç kimin diqqətini çəkməyən bu köhnə, adi maşın nədənsə sayıq asayiş keşikçilərinin marağını körükləmişdi deyə, sürüb, ona çatmaları sən deyən çətin olmamışdı, çünki ağır çəkili bu universal maşın yuxuluymuş kimi, saatda uzaqbaşı qırx kilometr sürətlə gedirmiş, maşına sol cinahdan yanaşınca polislər görübmüş ki, bütün pəncərələri qapalı olan bu “passat”ın salonunda bir kimsə yoxdur. Ancaq bu görüb-götürmüş və ağırsəngi kişilər gördüklərindən hansısa mistik çalarlı isterikaya qapılmadılar və düşündülər ki, yəqin hansısa sarsaq bu maşının əl əyləcinə diqqət yetirməyib və qaza basmaqla, enmədiyi eniş-zad buraxmayıb, bəxti isə onda gətirib ki, yollar o ara boş və kimsəsiz imiş. Onlar əlüstü texniki yük maşını çağırdılar, onu hərəkət yönünə tərs vəziyyətdə saxlamaqla, bu qaçan maşını müşayiət etməklə onu dayandırmaq niyyətinə düşdülər: yolda hərdənbir rastlarına çıxacaq maşınlara isə səsgücləndiriciylə sağ cinahla irəliləməyi tövsiyə edəcəkdilər. Daha sonra daxili əlaqə ilə vaxt itirmədən bunun sahibinin axtarışına girişəcəkdilər, ancaq bu heyndə diqqət yetirdilər ki, maşının heç yerli-dibli nömrəsi yoxdur, onun yerinə üzərində NL hərfləri yazılan oval bir yapışqanlı plyonka yapışdırılıb, bu isə maşının sadəcə vaxtilə Niderland Krallığında, yəni Hollandiyada qeydiyyata düşdüyünü bildirirdi.
Bu qorxunc püşkə ürcah olan polis əməkdaşları arasında nisbətən savadlı sayılan və deyəsən, hələ hüquq fakültəsinin də axşam şöbəsində təhsil alan birisinin dilindən o ara taleyüklü bir ifadə çıxmışdı:
“Vay səni, uçan hollandiyalı!”
Elə o andaca sehrli “passat” qeybə qarışmış, onun yerində qalan bir qucaq bozumtul tozu isə az sonra külək süpürüb-aparmışdı.
Patrul maşını da həmin an yoxa çıxmışdı, bütün heyətiylə birlikdə həmin maşın indiyədək axtarışdadır.
Olesya Qruntun o yaxın tanışı da qeybə qarışıb: deyilənlərə görə, İngiltərədədir, Londonun Haytgeyt səmtində aldığı dəbdəbəli evdə öz ailəsi və dostlarıyla yaşayır, amma, ola bilsin, heç o da orada deyildir.
Olesya Qruntun özü də çoxdan bəri heç yerdə gözə dəymir, hətta o, Yüksək Moda Həftəsinə də qatılmamışdı, halbuki əvvəlki illərdə bu tədbirlərdə o, mütləq iştirak edərdi. Yox, yox, onun aqibətiylə bağlı dostları hər hansı narahatlıq-filan keçirmirlər, hər şey yolundaymış kimi görünsə də, axı nec olub bu qadın?
O lənətlik “Folksvagen” də daha qeybə qarışıb (yəni əslində o, bizim qarğışlarımız olmadan da, lənətə uğrayıbdır).
Yoxsa var hələ?
Orası bircə şeytana bəllidir.
Günlərin bir günü tanınmış siyasətçi N. (gəlin, soyadını çəkməyək, çünki onsuz da adı dillərdən düşmür) öz yaylaq evinə gedirmiş. Adam kifayət qədər nəhəng siyasət xadimidir, tanımamış, ya da televizorda görməmiş olmazsınız. Deməli, bu adam Minsk şosesi ilə özünün o alababat, hektaryarımlıq ərazidə yerləşən, hovuza, buxarıya və başqa üstünlüklərə malik olan üçmərtəbəli yaylaqevinə üz tutubmuş. Məsələ də burasınsadır ki, bütün bunlara o, Qərbdəki universitetlərdə oxuduğu mühazirələrə görə aldığı pulla nail olub və həmin məbləğlər ölkəyə giriş zamanı bəyannamələrə düşüb. Hə, deməli, o, öz yaylaqevinə yollansa da, ora gedib çatmayıb. Yoldakılardan kimsə görüb ki, ona dövlət tərəfindən verilən maşının burnunu Bavariyanın avtozavodlarında istehsal olunan, köhnəhal və gedərkən bütün içalatı yırğalanan boz rəngli “universal” model bir avtomobil küncə sıxışdırıb və nəticədə siyasətçi canını bizlərə tapşırıb.
O çürümüş maşına heçcə nə olmasa da, o, qəttəzə “BMV”-ni maşın ölüxanasına göndərib.
Baqajın qapağından qopan hansısa parçanın gəlib bu N-in başını paralaması sizcə də heyrətamiz deyilmidir?
Bəs hansısa banditlərə məxsus — deyəsən, elə o da “passat” imiş — maşından enən skeletlərin düz şosenin ortasında Rusiya üçün ən yaxşı sayılacaq qollar vurduğu o oyuna nə deyəcəksiniz? Futbol oynayırmışlar ey!
Əslində, bu sayıqlamaya inanmaq çətindir. Bunun bir şənbə günü, gündüz vaxtı, həm də maşınla dolu Minsk şosesində baş verməsi mümkündürmü?!
Digər tərəfdən isə N də qeybə qarışıb axı... Siyasət aləmini tərk edib, nə ilə məşğul olduğu bəlli deyil. Guya ya hansısa direktorlar şurasının üzvü imiş, ya da Viskonsin ştatında universitet tələbələrinə demokratiyanın əsasları barədə mühazirələr oxuyurmuş... Bəziləri isə onun öz siyasi fəaliyyəti dövründə immun çatışmazlığı sindromuna görə İsraildə müalicə aldığını iddia edirlər, həm də vəziyyəti artıq yaxşıya doğru gedirmiş... Heç nə anlamaq olmur, əsas odur ki, adam... itib-batıb.
Bir də Moskvada özünün fərqli bacarıqlarıyla məşhurluq qazanan Timofey Bolkonski deyə cavan bir oğlan var idi. Onun hansı Bolkonskilərin davamçısı olduğunu bir kimsə bilmirdi, bəlkə də elə birbaşa L. Tolstoyun kitabındakıların nəslindən idi, ya da ola bilsin, vaxtilə ad çıxaran, partiya və hökumətin hər cür mükafatına layiq görülən doğma atasının bir törəməsiydi. Yeri gəlmişkən, atası, yanılmıramsa “balkon” sözündən törəyən Balkonski soyadını daşıyırdı...
Timofey isə klipmeyker, siyasi texnoloq, restoranlar sahibi və ekstremal idman növlərinin bilicisi kimi tanınırdı — gah Alp dağlarının zirvələrinə dırmanırdı, gah başıüstə Hind okeanının dərinliklərinə baş vururdu, hər gün öz motosikletiylə evdən çıxıb, studiyadakı işinə gedir, axşamlar isə restorandan evinə dönürüdü. Çoxuşaqlı və misilsiz bir ailəsi ilə məişət həyatına dair jurnallara fotolar üçün pozalar verirdi, bir dənə də kişi həmdəmi var idi, bu adamla onun arasında əsl kişilərə xas zərif və nəvaziş dolu münasibətlər hökm sürürdü və bu dostuyla Timofeyin fotoları fərqli təyinata malik jurnallarda yer alırdı.
3
Bir sözlə, hər şey yolunda gedirdi.
Ancaq gün gəldi və başqaları kimi, Timofey də o yol həyuləsinin zavalına uğradı.
Motosikletiylə gedirdi, əsən rüzgar onun daz başının dərisini oxşayırdı (seçilmişlər arasında daz qafa bir dəb halını alıb), axı restoranların yenilik, vətənpərvərlik və müasirlik nişanəsi sayılan təam ideyaları (nərədən hazırlanan suşi, nərəkimilərin bel sütunu fəqərəsindən bənzərsiz pizza, püreli borş və sair) məhz belə bir başın içində formalaşa bilərdi...
Qəfildən içi qafataslarıyla dolu maşın onun böyründə zühur eləmişdi: qayğısız halda yol gedən Timofeyə tərəf uzanan skelet qol onu sükan arxasından alaraq, özünün transformator köşklərinə vurulan lövhələrindən hamıya yaxşı tanış olan o qandondurucu sifətinə yaxınlaşdırır və son anda — bu kişinin xudmani saqqala, şümal yanaqlara, qismən qıyılmış, ancaq ağıllı gözlərə malik sifətinə tüpürməyə fürsət tapmışdı! Həm də o iyrənc, saralmış dişlərini heç aralamadan tüpürmüşdü əclaf, tüpürcəyi olmadığından onun cəsəd çürüntüsü qoxuyan iyrənc tullantısı bizim hərifin saqqalından, kirpiklərindən sallanıb, qalmışdı... İndi siz deyin: bu yaşananların təsirindən necə çıxasan?!
Timofey buna da qatlaşdı. O həyulə tərəfindən yolun kənarına atılandan sonra oradaca düşüb, qaldı... Bir sınıq-çıxığı yox idi, həm də sağ idi deyəsən. Yerindən qalxıb, seyrək Moskva çəməninin üstündə oturdu, ora-burasını çırpdı. O ara böyrüüstə qalan motosikleti yerdə ora-bura çırpınmaqla, asfaltdan qığılcımlar qopartmaqda idi.
Timofey beləcə yoluna davam eləsə də, heç hara gəlib çıxa bilmədi. Moskva əhli onun İslandiyaya getdiyini, orada Zərdüştçülüyün sirlərini öyrəndiyini zənn edirdi, hərçənd əllərinin altında bunu nə cürsə sübuta yetirəcək dəlillər yox idi. Dəqiq olan — Bolkonskinin öz mobil telefonlarını söndürməsi idi və Timofeylə əlaqə yaratmağın yolunu təkcə o həmdəmi bilirdi: bundan ötrü Hamburqdakı bir quruma zəng vurmalıydın ki, səni onunla calaşdırsınlar.
Ondan başqa da ən müxtəlif insanlar və fərqli vaxtlarda Moskvanın küçə və prospektləriylə, habelə Moskva vilayətinə aid şoseylə irəliləyərkən həmin bu “hollandla” rastlaşmışdılar, bir az qaba, amma haqlı səslənən bir deyimlə, rastlaşan kimi də yoxa çıxmışdılar. Bunların arasında biznesmenlər, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bələdiyyə və hətta dövlət qurumlarında çalışanlar, kriminal şəxslər və asayiş keşikçiləri, hüquq müdafiəçiləri, həm iqtidarı, həm də müxalifəti dəstəkləyən ictimai xadimlər, xarici müşahidəçilər, hərbi və mülki pensiyaçılar, müvəqqəti işsiz qalan moskvalılar, qanuni və qanunsuz miqrantlar, kişilər, qadınlar və digər şəxslər, ayıqbaşlılar, narkotikin təsiri altında olan hallılar, HİV infeksiyasına yoluxanlar, cavanlar, ahıllar və orta yaşlı insanlar olub...
Bəsdir, davam etdirməyə heyim çatmır, kağızda da yer qalmayıb. Daha iki halı isə ayrıca vurğulamağa gərək var: bunlar Moskva ətrafına yaxın ərazidə yerləşən diviziyalardan birinə aid olan piyadaların döyüş maşınının (PDM-in) yoxa çıxması və marşrut taksisi sürücüsüylə əlaqədar xoşagəlməz olaydır. Onu da bəri başdan deyim ki, həyulanın hər iki hadisəyə aidiyyəti şübhə doğurur.
O ki qaldı PDM-ə, çox yəqin, o, ya hərbi təlim əsnasında bərə ilə qarşı sahilə keçirilərkən suya düşmüşdü, ya da hansısa hərbi texnika həvəskarına satılmışdı, çünki o maşının bütün heyəti xidmət keçdiyi hərbi hissəyə sağ-salamat, amma lül-qənbər vəziyyətdə qayıtmışdı. Marşrut taksisinin sürücüsü isə öz qazancını və sahibinin gəlirini artırmaqdan ötrü düz on dörd saat sərasər çalışdığı üçün hər halda elə sükan arxasındaca mürgüləmiş və yoldan kənara çıxdığı üçün, tam da gözlənildiyi kimi, maşını dərhal devirmişdi.
Şükürlər olsun, həmin vaxt heç sərnişini yoxmuş, dayanacaqda şöngüməklə, illah sərnişin yığmağa can atmayıbmış. Özünə gəldiyi zaman zədəli qolunun ovcunda gördüyü o qızıl dukata* gəldikdə isə, bu məqam, əlbəttə ki, müəyyən fikirlərə əsas verir, ancaq digər tərəfdən də guya bizim sərnişinlər kassalara belə az şey dürtüşdürürlər ki?!
Ümumilikdə, məsələ aydındır.
Budur, üfüq xəttinin aşağılarında göyümtül bir bulud peyda oldu, günəşin qızılı şüaları onu dəlib, göydən yerə, torpağa milləndi (bu xüsuslara biz orta səviyyəli və adı çoxdan unudulmuş bir rəssamın tablosunda tez-tez rast gəlirik), az sonra isə rüzgar qopdu, hər cür ziri-zibili göyün üzünə qaldırdı, daha sonra ya yağışın ilk damlası, ya ilk qar lopaları yağmağa başladı, ya da ümumiyyətlə heçcə nə baş vermədi, buludlar hiss olunmadan əridilər, səma şümal bir metal lövhə kimi bərq vurdu...
İndi biz şəhərimizdə hələ də öz varlığını sürdürən hansısa həyuladan durub, qorxaqmı yəni?! Tutalım, boz rəngli bir “universal” model maşın, hə, deyəsən köhnə bir “passat” bizi arxadan haqlamağa çalışırsa, gah sol, gah da sağ aynamızda peyda olursa, onda...
Əşi, onu boş verin, getsin.
Nədir axı bu, nədir bu, nədir axı?
*Qədim Venetsiyada qızıl pul. — Tərc.