Kağız pələng
Sağ əliylə paltosunun önünü qapayan Potapov küçəyə çıxdı. Soyuq havanın təsirindən bir andaca nəfəsi daraldı, alacalanan gözləri yaşardı. Şaxta ağır bir dəbilqə misalı onun gizildəyən daz başına və qulaqlarına çökdü. Otelin girişindən əlli metr aralıda duran taksinin üstündəki “xanaları” seçincə, əlini havada yelləməklə, sürücüyə işarət verdi. Əllərində əlcəyi də yox idi deyə, əli elə o an havada dondu, odur ki, “xanalar” da yerindən heç tərpənmədi.
Potapov tək həmlədə paltosunun zavallı yaxalığını qaldırdı və buz bağlamış səkiylə tələsmədən yeriməyə başladı. O ara özünü kosmik gəmidən aralı düşən kosmonavtın yerində hiss edirdi. Sanki onu, bir göbək ciyəsi kimi, baza moduluna bağlayan o gözəgörünməz şlanq yırtılmışdı və indi o, tamamilə havasız bir fəzada, gözqamaşdıran ulduzların arasıyla, həm də çarəsizcəsinə əl-qol hərəkətləri edərək, uçurdu. Nəhayət, Potapov taksiyə yanaşa bildi, qapını açmaqla, bircə kəlmə də kəsmədən özünü havasına siqaret qoxusu çökən, imisti salonun rahat oturacağına yıxdı.
Başını ona tərəf döndərməyən yekəpər sürücü soruşdu:
— Bəs sonra?
— He-eç, — deyən Potapov yaşaran gözlərini sildi. — İsinməyə gəlmişəm.
— İki yüz rubl verəcəksən.
— Hətta üç yüzə də razıyam.
— Üç yüz versən, hələ səni bir az gəzdirərəm də.
— Əla... Onda sür, gedək. Telefon alasıyam. Ən yaxın mağazaya atarsan məni.
Onun smartfonu qırx dərəcəli şaxtaya davam gətirmədiyi üçün bir saat əvvəl sıradan çıxmışdı. Nömrə yığmağa cürət eləməyən Potapov onu uzun müddət ovcunda tutduğu vaxt telefonun öz həyat nişanələrini birbəbir necə itirdiyinə şahid olmuşdu. İndi-indi onun donmuş barmaqları paltosunun cibindəki hər qırışı hiss eləməyə başlayırdı. Düz on il doğma şəhərindən uzaq düşdüyü üçün Uzaq Şimalda qışın nə demək olduğunu o, tamamilə unutmuşdu deyəsən.
Yerində qurcalanan sürücü maraqlandı:
— Təyyarədən təzəcə enmisən?
— İki saat qabaq.
— Mən də deyirəm axı, mövsümə görə geyinməyibsən. Stilə daha çox üstünlük veribsən. Nə işlə məşğulsan belə?
— Rejissoram.
— Yox, əşşi...
— Bura bax, sür gedək də?
Sürücü öz QAZ-24-ünü yerindən tərpətdi: təkərlər qatarınkına bənzər, taqqıltılı bir səs çıxartdı və əldən düşmüş “Volqa” ağır templə meydançanın başına fırlanmağa başladı. Potapov həmin taqqıltını hələ də xatırlayırdı. Maşın şaxtalı havada uzun-uzadı qalanda təkərlərin yerlə təmas edən qismi donaraq, düzbucaqlı forma alırmış, bu səbəbdən də hərəkətə başlayandan yalnız bir qədər sonra təkrar özünün ilkin, yəni yuvarlaq şəklinə qayıda bilirmiş. Ona görə də bu əbədi donuşluğa məhkum şəhər dəmir yoluna həsrət qalmışdı, ancaq qış mövsümündə, hər şeyə rəğmən, burada qatarların taqqıltısı ara-sıra eşidilirdi.
Potapovun öz uşaqlıq illərini keçirdiyi evin yanında taksi şoferi maşını əylədi. Əgər bu təsadüfi hal bircə ay əvvəl baş versəydi, o, buna heç bir əhəmiyyət verməzdi, ancaq indi o, nəinki maşından enməyə tələsmədi, hətta bunun nəyə işarət olacağı barədə hələ düşünməyə də başladı.
Anbarların böyrüylə uzanan istilik xəttinin yanında bir polis “UAZ”ı, bir qədər aralıda isə yük maşını dayanmışdı. İri gödəkçələr geyinmiş bir cüt polis əyilib, köşkə nəzər salır və içəridəki birisiylə danışırdılar.
Yük maşınının içində közərən siqaretin qızartısı isə bütün bu ətrafda baş verənlərə aşkar biganəlik sərgiləyirdi. Qəfil başgicəllənməsi keçirsə də, bu hissi yenən Potapov üzərində “RABİTƏ” sözü işaran balaca mağazaya tərəf üz tutdu.
Öz köhnə həyətlərinə girdiyi andan keçirdiyi bu kataklizm və dünyanın sonuna az vaxt qalmasıyla bağlı hisslər Potapova çoxdan tanış idi. Əslində həmin duyğular son aylar ərzində onu heç tərk etmirdi də. Ötən yay Moskva ətrafında hökm sürən görünməmiş bürküdən kəndlər, meşələr və torf bataqlıqları oda büründüyü vaxt Stalin dövründən qalma hündür binaların on beşinci mərtəbədən yuxarısı tüstüdən görünməz olanda, Potapov hər səhər özünün sərin mənzilindən smoqa, boğanağa məruz qalan şəhərə uzun-uzadı durub, tamaşa edər, hər otağında səssizcə işləyən kondisionerlər qurdurduğu mənzilində özünü tamamilə arxayın hiss edərdi.
Əslində isə, tam əksinə idi, bütün bunlar onun ən müxtəlif rahat şəraitlərə nə dərəcədə düşkün olduğunu göstərirdi, istənilən an bunlar onun əleyhinə çevrilə, onu bürkünün məngənəsində sıxa, yastılaya, külə döndərə və başqalarıyla eyni qıvama gətirə bilirdi.
Heç bir dövlətin önləyə bilməyəcəyi bütün bu hallar — elektrik enerjisinin kəsilməsi, suyun verildiyi xətdə irimiqyaslı qəzanın baş verməsi, bürkü, panika, qaçılmaz zorakılıq hadisələri, hərc-mərclik və kütləvi xaos barədə, ən əsası isə, özünün də — hamı kimi — bu xaos hallarına eyni dərəcədə məruz qalacağını düşünən Potapov sən deyən də qısa sayılmayacaq həyatının bu qədər qırılğan, kövrək bir şey olduğunu deyil, hətta bütövlükdə bəşəriyyətin də bu sadalananlardan sığortalanmadığını qəbul edirdi.
Yeri gəlmişkən, belə durumlarda o, özünə qarşı hiyləgərcə davranırdı. Təxminən yeddi milyardlıq əhalinin məhvi ona daha çox elegiya və fəlsəfi aspektdə görünürdü, özünün erkən ölümünü isə o, sırf şəxsiyyətinə qarşı yönələn faciəvi haqsızlıq kimi dəyərləndirirdi. Mahiyyət etibariylə ölümün özündən qorxmasa da, o, nəhəng müsibət qopacağı vaxt ucdantutma hər kəsin məhv olma ehtimalına bir elə də böyük məna və önəm vermirdi. Bu hər kəs ilə o, özü arasında heç bir halda və əsla bir eynilik-filan qurmurdu, hətta onlar kimi ölüb-getsə belə, bu şərt keçərliydi.
Potapovun nəzərində ölüm hamını eyniləşdirmək və ümumiləşdirmək imkanından məhrum idi, onun anladığına görə bu cür qənaətlər xəstəlik və ya səfalətdən, ya da istedadsızlıqdan bezən zahirən çirkin, ağıldan dayaz kəslərə bir növ təsəlli olsun deyə uydurulmuşdu və onları şəraitin qaçılmazlığıyla barışmağa səsləyirdi. Hansısa nəhəng bir müsibətdə ölmə ehtimalını da o, özünün şəxsi yenilgisi kimi, özünün bu ümumi fonda çox da nəzərə çarpmayacaq qurtuluşu kimi dəyərləndirəsiydi.
2012-ci ildə bəşəriyyəti guya gözləyən müsibət barədə İnternetdəki uydurma statusları oxuyarkən və özünün hələ bir on il də xərcləməyə yetəcək maliyyə imkanlarını diqqətə alaraq, o, xeyli bəsit hesablamalar aparır və yaşadığı planetlə müqayisədə özünün həm daha dayanıqlı, həm də gen-bol ehtiyatlara malik olmasından qəribə bir həzz alırdı. Yəni planetin imkanları tam tükənsə belə, o, özünün planladığı daha iki-üç zay layihəsini də gerçəkləşdirmək fürsətinə malik olacaqdı. Məhz bu yarışmada yaşadığı planet ona uduzacaqdı.
Buzlu yerlə həyətin ta ortasına qədər sürüşə-sürüşə gələn Potapov iki boz-bulanıq beşmərtəbəli binanın bir-biriylə perpendikulyar şəkildə kəsişdiyi küncə nəzər saldı. Orada onun vaxtilə yaşadığı blokun giriş qapısı qaralırdı. Girişin böyründəki istilik borusundan, həmişəki kimi, sallanan sırsıralar saqqala bənzəyirdilər, ancaq indi bu saqqal yerində fırlanmışdı və aşağıya doğru genələn sırsıra yığınının yerlə təmas etdiyi qismdəki diametri bir metrdən çox idi.
Potapovun xatırladığı qədəriylə, bu borudan həmişə su sızardı. Qış mövsümündə həmin sızıntılardan əsl Fudziyama dağı yaranırdısa, yayda bu sayədə ehmallıca binanın altına sızıb-yığılan su həcmi daşıyıcı konstruksiyaların altındakı təməl payalarının vurulduğu əbədi buz qatını yuyub-aşındırırdı. Bunun da nəticəsində bina qismən çökməyə məruz qalırdı, mənzillərin divarlarında əmələ gələn çatlar harayasa qonşulara tərəf uzanıb-gedirdi, qışda qırov bağlayan bu çatlar işıldayırdı, blokun girişindəki o boruda isə ilboyu sızıntı görürürdü, ancaq bundan heçcə kim rahatsız olmurdu. Bina sakinlərindən kimsə öz mənzilini satmaq istəyəndə, əvvəlcə həmin çatların üzərinə uzun kağız zolaqları yapışdırıb, divarları əhənglə ağardır, yalnız bunlan sonra real müştərisini mənzili görməyə dəvət edirdi. Kağız sonrakı iki ay boyu da qopub, düşmürdü.
Borunun altından boy göstərən o uzantılar Potapova köhnə mənzildəki pəncərəsini xatırlatdı. Üçqat pəncərə çərçivələrinin buz bağlamasına nə dəlmə-deşiklərə texniki pambıq tıxamaqla, nə də onları üstdən qaba kağızla üzləməklə mane ola bilirdin. Buna görə də yaz gələndə pəncərə şüşələrinin üzəri azı on beş santimetr qalınlığında boz-bulanıq rəngli buz qatıyla örtülürdü. Əgər insanoğlu bir neçə ay boyu əsla havalanmayan bir mənzildə yaşayarsa, orada kosmosdakı qədər toz qalaqlanır, buna görə də o toz qatının Ayınkına bənzər, həndir-hamar səthi heç vaxt ağımtıl rəngə çala bilməzdi, həmin toz insanın ağ ciyərlərində çökə bilmədiyindən buz qatı da laybalay onun üzərinə çökürdü.
Gözünün ucuyla bayıra baxmaqdan ötrü onu nəfəsinlə üfləmən, dırnağınla qaşıman, ya da ovcunun hərarətiylə isidib-əritmən də mənasız cəhd idi. O, hətta işığı da güclə buraxırdı. Əvvəlki dörd ay boyu gün işığı mənzilə həm səssizcə, həm də gün ərzində cəmi bir saat süzülürdü və o ara hələlik bir cinayət işləməyən, amma bunu illah götür-qoy eləyən birisini xatırladırdı adama. Qış mövsümündə isə mənzildəki həyat elektrik enerjisiz əsla ötüşmürdü.
Zaman ötdükcə, şüşənin səthindəki buz ləkələri sıxlaşaraq, artıq çərçivəni də bürüyürdülər, hətta böyürlərdən pırtlayıb çıxmaqla, qədim buzlaqlar kimi pəncərə rəfinə tərəf irəliləyirdilər. Onların bu “işğalı” ucbatından çərçivə və pəncərə rəflərinə çəkilən boya hər bahar qabarıb, suluqlanırdı və özünə nifrət bəsləyən birisi bu qabarıqlar üzərində əlini sərt şəkildə gəzdirməkdən hər halda əsl həzz ala bilərdi.
Pəncərələrdəki buz ləkələrinin öz-özünə əriyəcəyini gözləməyə Potapovun səbri çatmazdı. Uşaq yaşlarında o, bu yekparə buzun içinə xırda pullar yeridərdi, onlar yerindən qopub, tökülməyə başlayanda isə əlinə mətbəx bıçağını alardı. Çünki zəhləsi gedən o buz qatını qırıb-dağıtmaqdan izaholunmaz bir ləzzət duyardı.
Potapov bıçağı qaz ocağında qızdırdıqdan sonra, soyumasın deyə, əlüstü mənzilin bir başından öz otağına qədər qaçar və qızğın silahını fısıltıyla o boz-bulanıq təbəqəyə yeridərdi. Bıçaq dərinlərə işləsə də, qalın buz təbəqəsinin bundan heç ruhu da inciməzdi. Bu aysberqdən hər hansı qəlpə qopara bilməkdən ötrü oğlan dəfələrlə mətbəxə qaçmağa məcbur qalardı. Pəncərə rəfinə dırmaşan balaca Potapov, eynilə Dümanın romanındakı o zülmət qəsrin məhbusu kimi, hər şeyi unudaraq, pəncərə şüşəsindəki buz ləkəsini bıçaqla oyardı. Dizlərinin altındakı buz qırıntıları xırçıldasa da, şaquli istiqamətdə, üzüyuxarı uzanan o Qrenlandiyanın rəngi əsla şəffaflıq qazanmazdı.
Bir gün o, necə canfəşanlıq göstərdisə, iri buz parçasıyla birlikdə pəncərənin dış çərçivəsinin alt küncünü də yerindən qopartdı. Altındakı pəncərə rəfi qan rənginə boyandığı zaman o, nə elədiyinin fərqinə vardı. O dəm özünün zavallı dizlərinin halına acımaq əvəzinə, o, diametri təxminən iyirmi santimetr olan həmin dəlikdən bayıra boylandı və küçə fənərinin işığına gözləri sataşınca, az qaldı hönkürə.
Uzun müddət dəniz səfərindən bezən gəmi heyətindən ötrü mayakın işığı nə idisə, bu şəhərin bəzi sakinləri üçün də mart fənərləri eyni şey idi. Ən azından Potapovun özü üçün bu bənzətmə keçərli idi. Bütün qış boyu, o dumanlı havalarda boz ləkələri xatırladan və solğun işıq yayan o fənərlərin varlığı güclə sezilərdi, yalnız mart ayı gəlincə, onlar gömgöy axşam səmasının fonunda par-par yanmağa başlayardılar, sanki kim isə gözlərin önünü örtən cansıxıcı və az qala o tünd rəngli ləkəni, ən nəhayət, kəsib-atardı.
Məsələ burasındadır ki, bu təkrarsız mart günündə heç səma da sən deyən göy rəngdə olmurdu axı. Daha dəqiqi, səma ümumiyyətlə yox idi, çünki bu cür, tamam boz fəzada səmanın məhz harada olduğunu sizə ya xeyli inkişaf etmiş xəyal gücünə sahib, ya da bundan yerli-dibli məhrum birisi söyləyə bilərdi. Mart fənərlərinin bu zühurunu da, təbii ki, hər kəs sezməzdi, halbuki bu şəhərdə aylardan bəri bu fənərlərin peyda olacağı günü səbirlə gözləyən, o müddətdə alatoran ilə duman arasında vurnuxanlar az deyildi.
— Səni görüm andıra qalasan, — deyən Potapov şaxtalı havada nəfəsini hovuraraq, mağazanın sürüşkən astanasından içəri daldı. — Bura videoprokat məntəqəsidir ki?
Bu darısqal mağazanın divarlarından məşhur filmlərə dair nəhəng posterlər asılmışdı. Onların birindən Potapova zənn ilə Con Malkoviç baxırdı, Mişel Pfayfer ilə Qlenn Klouzun başları isə onu hər iki yandan əhatələmişdi. Bəyaz rəngli saray pariki taxmış Malkoviçin dimdik və eyni vaxtda niyyəti bilinməyən baxışları adamı nə isə yasaq bir şeyə dəvət eləsələr də, hər iki xanım yelpicləriylə sanki bu təhlükəni sovuşdurmağa cəhd göstərirdilər.
Bu çılğın üçlükdən sağ tərəfdəki posterdə isə tamamilə çılpaq və hələ şişmanlamağa başlamayan Marlon Brandonu elə özü kimi çılpaq, parisli bir məşuqəsi qucmuşdu, oturub, dizlərini sinəsinə sıxdığı üçün onun kimliyini təyin eləmək imkansız idi. Həm də plakatın həmin qismi Bertoluççinin hüquqsuz, amma şənbazlığa düşkün, heç kimdə maraq hissi aşılamayan qullarının ağ hərflərlə yazılan adlarıyla örtülmüşdü.
— Bir zarafatcıl buranı mənə telefon satılan bir yer kimi nişan verdi, — deyə mızıldanan Potapov baxışlarını çılpaq Mariya Şnayderdən ayırıb, qırmızı üzlü bir kitab oxuyan, ucaboylu, irişaqqalı satıcı oğlana zillədi. Bir qədər susan satıcı gözlərini kitabdan ayırmadan dilləndi:
— Bu yerli sakinlər hər cür nişanlar verər adama... Şəxsən mən hər deyilənə inanmazdım. Amma, hə, telefon satırıq biz.
— Eləmi? — deyən Potapov şübhə dolu və oğrun baxışlarını, üstəlik də, otağın pəncərəsindən, ciddi görkəmli Fanni Ardana zilləyən Jerar Depardyeyə yönəltdi. Bu fransızların yer aldığı pəncərə rəfləri arasındakı bölümdə içi portağalla dolu həsir bir səbət qoyulmuşdu: bu meyvələrdən birini bıçaqla kəsən Fanni özünün bakirəlik aşılayan bəmbəyaz köynəyi ilə, demək olar ki, bütün ön planı tutmuşdu. Əgər bu posterə əsasən fikir yürütsəydik, onda biz Trüffonun qadını gizli tovlamanın, liderliyə iddianın və meyvələrlə amansız davranışın bir simvolu kimi tanıtmaq niyyətini anlamalıydıq.
— Bəs onda bu plakatlar nə işə yarayır?
Potapovu qıyqacı baxışlarla süzən satıcı onun səviyyəsini dəyərləndirdikdən sonra cavab verməyi özünə rəva bildi:
— Bunlar işə yaradıcı münasibətimizi göstərir. Obyektin sahibi bu yolla piar fənd edib. Bu sayədə satışlarımız xeyli artacaqmış... Amma nədənsə he-e-ç artmır.
Satıcı bu biznes üçün fərqli bir tipə sahib idi. Özünün açıq rəngli, uzun saçlarını o, at quyruğu şəklində yığmışdı. İri yaxalı dəri gödəkçəsinin ora-burasında bir xeyli metal pərçim vardı və onun altından o, hələ zamşadan qolsuz jilet da geyinmişdi. Qara cıns şalvarını əsgərlər kimi öz uzunboğaz ayaqqabısının içinə dürtmüşdü. Bir cüt çəhrayı sızağın və qoşa qırışın diqqəti çəkdiyi solğun rəngli, ətli alnının altından üstü şiş kimi görünən, amma xeyli mehriban gözləri baxırdı adama. Əlindəki kitabın qırmızı qapağında Mao Tszedunun yuvarlaq çərçivəli rəsmi də Potapovun gözündən yayınmadı.
Dahi millət atasının bu fanatının öz yerində olmadığı açıq-aşkar ortada idi. Ya da o, özünün kimliyi barədə bir qərara gəlməmişdi. Halbuki satıcı otuz yaş həddini artıq geridə qoymuşdu. Söhbət əsnasında müsahibinin gözünün içinə də heç baxmırdı. Bircə dəfə, həm də ötəri Potapova nəzər saldıqdan sonra onun baxışları elə hey saga-sola şütüyürdü, sanki Potapov buraya tək gəlməmişdi, ya da özünə aşkar sezilən inamına və ətrafındakılara bəslədiyi nifrətə rəğmən, bu satıcı özünün hansısa ayıbını bu sayədə gizlətməyə çalışırdı.
Potapov dəqiqləşdirdi:
— “Piar fənd” dediniz?
Müştərisinin hər baxımdan yerli biri olmadığını anlayan satıcı özünün qiymətli vaxtının bir qismini ona ayırmağı uyğun bildi:
— Hə, bu plakatlar vasitəsilə gizli bir mesaj ötürdüyünü sanır o. Deyir ki, bunların hamısı sevgi sərgüzəştləriylə bağlı filmlərdəndir.
— Hə, nə olsun axı?
— Axı, mağazanın da adı “Rabitə”dir, “Əlaqə”dir.
O an satıcının baxışları yana doğru yönəldiyindən Potapov da qeyri-ixtiyari geri qanrıldı.
Arxa tərəfində diqqətə dəyəcək bir şey görmədiyi üçün sözləri uzadaraq dedi:
— Hə-ə, o mənada... Rabitə, əlaqə... Hə də... Mənim heç ağlıma gəlməzdi bu.
— Heç kəsin ağlına gəlmir bu. Ancaq o, düşünür ki, bunun ardında bir məna yatır.
— Anlamadım.
Satıcı izaha keçdi:
— O, əmindir ki, bu — misilsiz bir tapıntıdır. Kapitalistdir də. Hələ telefonlar üçün də fərqli altlıqlar alıb, gətirib.
Bunu deyən satıcı piştaxtanın altından çıxartdığı, iri və koppuş dodaqlar şəklindəki telefon altlıqlarını Potapova göstərdi. Mobil telefon bu qırmızı rəngli velyur ağızın içinə yerləşdirildiyi vaxt al dodaqlar aralanırdı: bütün bu kompozisiya ona hesablanmışdı ki, abonent öz sevimlisindən intizarla zəng gözlədiyi vaxt həm də erotik duyğulara qapıla bilsin.
— Bir də o, gizli zənglər üçün proqa yazıbdır. Ayrıca ödəniş eləsəniz, onu da telefonunuza yaza bilərik.
— Nədir axı o elə?
— Proqadır da. Dedim axı. Yəni proqram.
— Hə-ə, “proqram” deyirmişsiniz... Nəyə gərəkmiş o?
— Bəzi zəngləri gizlətməyə yarayır. Belədə onlar nə giriş, nə də çıxış zəngləri siyahısında görünürlər.
— Niyə ki?
— Deyək ki, məşuqəniz sizə vaxtaşırı zəng edir. Arvadınız isə sizdən gizlin telefonunuzu nəzarətdə saxlayır. Hətta elə etmək olar ki, belə zənglər telefona ümumiyyətlə zəngsiz daxil olsun. Məsələn, deyək ki, vacib bir adam sizə zəng edir, siz isə həmin vaxt ya maşında, ya da restorandasınız. Elədə telefon heç cınqırını da çıxartmır.
— Bəs onda mənə zəng gəldiyindən necə agah olacağam?
— Titrəşim sayəsində. Bu funksiya sadəcə o nömrəyə qoşulacaq və sizdən başqa bunu heç kəs bilməyəcək. Zəngdən də hər hansı əsər-əlamət qalmayacaq. Sonradan gələn-gedən zəngləri silməyə də bir ehtiyac duyulmur. Yeri gəlmişkən, çox adam bunu etməyi unudur... və nəcib ailələr dağılır.
O, başını necə inamla tərpətdisə, deyərdin ki, indicə özü belə bir ailəni dağılmaqdan qoruyubmuş.
Potapov köks ötürdü:
— Aydındır. Bəs sən burada nə işlə məşğulsan?
Söhbətdə bu cür kəskin dönüş yaranacağını gözləməyən satıcı karıxdı, bu dəfə kənara qaçırmağa macal tapmadığı baxışları düz müştəriyə dikildi və qəfil yuxuya getmiş milçək kimi donub, qaldı.
— Mən isə bu telefonları satıram da.
— Mao Tszedunla şərikə?
Baxışları özündən ixtiyarsız əlindəki kitaba zillənən satıcı tez özünü ələ aldı:
— Bunda nə var bəyəm? Bəlkə bizi yoxlamağa gəlibsiniz?
— Hə.
Satıcının baxışlarındakı bayaqkı ifadə hiss olunmadan əsəbiliklə əvəzləndi.
— İş vaxtı kitab oxumağı hələ heç kəs yasaqlamayıb. Ümumiyyətlə, sizi bura kim göndərib axı? Tolik mənə demişdi ki, hər şeyə özü nəzarət edəcək. Yoxsa sizi o göndərib bura?
Çiyinlərini dartmağın Potapov elə bir üsulunu bilirdi ki, hətta ən sonuncu cərgədə əyləşən istənilən tamaşaçı belə bunun: “Bəyəm özün başa düşmürsən ki?!” mənasına gəldiyini mütləq anlayardı. Bir dəfə aktyorlarla birgə bu jestin sırf ifadə tərzini tapmağa, bunu təkmilləşdirməyə o, bütöv bir məşqi sərf eləmişdi. İnsanların qarşısına: “Özün başa düşsənə” şərti qoyulanda, adətən onlar xoşagəlməz nə isə olacağını düşünürlər, araya çökən sükut isə yaranan təlaşı daha da artırır.
— Sən hələlik telefonumu mənə sat, qalan söhbətləri sonra davam etdirərik.
Hərəkətlərindən çəkingənlik yağan satıcı texniki sənədlərdə gərəkli qeydləri apardı. O ara onu süzən Potapov piştaxtaya yanaşıb, açıq halda və üzüüstə qalan qırmızı kitabı əlinə aldı. Gözaltı bu hərəkəti sezsə də, satıcı bir söz demədi, çünki artıq telefonu öz qutusuna yerləşdirirdi. Potapov tələsmədən kitabı vərəqləməyə başladı.
Sükutdan səbri daralan satıcı soruşdu:
— Bəs sizi bura kim göndərib axı?
— Məni? — deyən Potapov özünün sanki bu məqam üçün əvvəlcədən hazırladığı uşaqsayağı parlaq, səmimi baxışlarını ona zillədi. — Məni yoldaş Mao göndərib də...
Satıcının əllərinin qutu ilə təması kəsildi, üstləri ət bağlayan gözlərinin dərinliyində, eynilə okeandakı kimi, balinanın kölgəsinə bənzəyən ətli-canlı bir fikir keçdi.
— Baxın, burada yazılıb ki, istənilən imperialist — kağızdan düzəldilmiş pələngdir, — deyən Potapov satıcının təkrar öz adi ovqatına dönmək ehtimalını önlədi. — Bəs sənin müdirin... nəydi adı?.. Tolik... İmperialistdirmi?
— Yox, canım... Onun, bu mağazadan başqa, uzaqbaşı iki satış çadırı olar. Bir də veb-studiyası... Bir cüt bilgisayarı, proqram yazılışları... Bunlar da çox şey sayılmaz.
— Aha! Veb-studiyası da. Həmin o veb-studiyası ilə Tolik bütün dünyanın üzərinə kirli bir ləkə kimi çökür. Belə çıxır ki, hər şeyə rəğmən, o da imperialistdir. Deməli, o — kağızdan düzəldilən pələngdir. Bəs onda sən niyə o kağız pələng üçün işləyirsən? Ona öz kağız pəncələrini xışıldatmaqla yardım edirsən? Diqqət elə, indi səninlə bu barədə danışan mən deyiləm ha. Danışan — yoldaş Maodur. Bəyəm sən özün fərqində deyilsən ki, burada nəyə qulluq edirsən? Faktiki şəkildə sən kapitalizm qurmaqla məşğulsan. Bəs onda, qadası, sənin inqilabi ruhun hara getdi? Yoxsa Klaasın külü də könlünü qımıldatmır?
Ulenşpigelin havasına girməklə, Potapov, əlbəttə ki, ağını çıxartmışdı, amma o ara dərin təlaşa qapılan satıcı bunun heç fərqinə də varmadı. Axı Til də yadelli işğalçılara qarşı döyüşürdü. Potapovun bu davranış tərzinə haqq qazandıracaq bir məqam da var idi — bu qəribə müştərinin məzələnib-məzələnmədiyi satıcının, ümumilikdə götürəndə, heç vecinə də deyildi. O özü isə, görünür, bu mərhələni çoxdan adlamışdı: bir vaxtlar həyatdakı uğursuzluqlarını ətrafındakılardan gizlətməkdən ötrü, həm də şüuraltısının diktəsiylə yararlandığı şux zarafatlar, məzələnmələr tədricən necə artıb, şaxələnərək qol-budaq atmışdısa, artıq düşdüyü mövcud vəziyyəti öz-özündən də gizlətməyə qadir idi. O, inqilaba, Çe Gevaraya, Mao Tszeduna beyət gətirmişdi, bu aqressiv çalarlı iman başqalarının həyatda qazandığı uğurlara dözmək gücü də aşılayırdı ona.
Ən nəhayət, satıcının dili açıldı:
— Mən burada müvəqqətiyəm. Sadəcə anam məni bezdirib. Deyir, nə uzanıbsan belə, gedib işləsənə? Mən isə sadəcə uzanmıram axı, düşünürəm. Hələlik bir az xəlvətə çəkilib, gözləməliyəm. Mao kitabında yazır: strateji baxımdan biz bütün düşmənlərimizə nifrət bəsləməliyik. Mən də bunu edirəm. Amma daha sonra o, yazır ki, taktiki baxımdan isə biz düşmənlərimizə ciddi yanaşmalıyıq. Anam isə belə bir şəraitdə beynimin lap ətini yeyir... Odur ki, mən də kəşfiyyata yollanmaq qərarına gəlmişəm.
— Tolikin yanında işə girməkləmi?
— Hə də. Onunla vaxtilə axı eyni sinifdə... Xülasə, düşmən onsuz da öz xoşuyla yoxa çıxan deyil. Ona aid hər şeyi öyrənməlisən. Əslində heç bilirsiniz mən nəyin arzusundayam? Cipin.
— Bu, hədsiz burjuasayağı arzu deyilmi?
— Yox, əşşi, bir qulaq asın da. Üstündə iri qara pulemyot quraşdırılan iri qara bir cipin. Tamamilə gerçəyindən. “Stalker”də eynilə beləsi vardı.
— Harada?
— “Stalker”də. Struqatski qardaşlarının xəyal məhsulu olan kainatla bağlı bilgisayar oyununda. “Yol çiynindəki piknik” romanını yəqin oxuyarsınız?
Artıq satıcı baxışlarını ora-bura qaçırmırdı, iri və solğun alnının altından baxan gözlərini qətiyyətlə Potapova zilləmişdi.
— Nə isə... burası vacib deyil. Davam elə.
— Sözün qısası, mərkəzi küçəyə çıxmaqla sən dörd tərəfinə atəş yağdırırsan: ta-ta-ta-ta-ta...
— Amma dayan ey, axı oradakılar imperialist deyillər axı.
— Çox elə vecimədir?! İmperialist deyillərsə belə, onların qoyunlarıdır da. Qoyunları qırdınsa, imperialistlər yununu qırxacaq bir şey tapmaz. Əslinə qalanda, qoyunlar imperialistlərdən də betərdir. Axı yunlarının qırxılmasını onlar özləri arzulayır. Güclüləri özləri tovlayırlar. Yeri gəlmişkən, “Bibliya”da deyilir ki, dünyaya başqalarını tovlamaq üçün gələnlərin vay halına! Onlar küt kimi davranmaqla, başqalarını tovlayırlar. Heç nəyə can atmırlar, heçcə nə arzulamırlar, qoyun kimi... eləcə üzüyola dururlar. Öz qismətləriylə də əvvəldən barışıblar.
— Sənin necə, arzuların var?
— Əlbəttə.
— Nəylə bağlı?
Bu yerdə satıcı heyrətlə, hətta bir az da çaşqın tərzdə Potapovu elə süzdü ki, deyərdin onun timsalında qəflətən öz həmfikirini itiribdir:
— Necə nəylə bağlı? Bayaq demədim?! Ciplə bağlı.
Otelin içi sərin idi deyə, Potapov paltosunu soyunmağa hələlik tələsmirdi.
Qutudan yeni telefonu çıxartdı, köhnə telefondakı sim-kartı ona taxıb, saatına göz atdı. Moskvada səhər idi artıq.
Guya əzbər bildiyi o tanış nömrəni yığması elə də asan olmadı. İki kərə ard-arda sonuncu rəqəmə çatınca, “imtina” düyməsinə basdı, bir az pəncərə qarşısında durandan sonra üçüncü cəhdini elədi.
Ən nəhayət, dəstəkdən son dərəcə şirin, yuxulu və qısıq bir səs eşidildi:
— Salam. Harada qeyb olubsan belə?
— Yaxınlıqdayam... Çəkiliş üçün təbiət guşəsi axtarırdım.
Müsahibi sözü məzəli şəkildə uzadaraq, xırıltılı səslə dedi:
— Qa-aç-mı-san-n-n.
Potapov çarəsiz qalıb, etiraz elədi:
— Yox, canım. Sadəcə...
Xəttin o başındakı qadın, çox yəqin, bu yerdə gülümsədi:
— Əbəs yerə.
Sevindiyindən nə edəcəyini bilməyən bir köpək kimi, kişi bu gülümsəməni sezə bildi.
— Bura bax, sən o... nəticələri aldın?
— Hə-ə, — dediyi zaman qadının səsindəki nikbinlik neçə cür çalara büründüsə, heç kişi də bunların sayını təyin eləyə bilmədi.
Moskvadan çıxandan sonra düz altı saat sürən uzun uçuş boyu o, bu qadına bəxş elədiyi o qədər qorxu-hürküyə görə dərin xəcalət hissinə qapılmışdı. Nəhayət, soruşdu:
— Nəticə necədir?
Qadın:
— Qayıt, gəl, — deyib, azacıq susdu. — Kimyaterapiyaya gərək yoxmuş. Həkim dedi ki, hər şey yolundadır.



