Şanxay

Tələbəlik illərində Petya Anisimovu — Çin səfirliyinin yanındakı yığcam, şüşəli pivəxananın qeyri-rəsmi adına yaraşdıraraq — Pyotr Şanxayski deyə çağırırdılar. Pivəxana zahirən amanabənd görünür, müvəqqəti təsir bağışlayır, onun “Mosfilm”ə aparan küçələrin, Kreml xəstəxanasının və sarı divarlı “emka” malikanələri sıralanmış məhəllənin yerləşdiyi seçkin rayonda necə ortaya çıxdığını anlamaq olmurdu. Onu Damanska hücum çəkən çinlilərin acığına tikmiş və “Tayvan” adlandırmaq istəmişdilər, amma xalq arasında çoxdan bəlli olan “Şanxay” adı ilə tanınmışdı.

Petya Anisimov oraya elə pivəxana açılan kimi gəlir, sol küncdəki kiçik, dəyirmi masanı tutur, üstünə pivə parçları və qəlyanaltılar düzdürür, onun universtitet günü belə başlanırdı. Hər fakültədən tanışları tökülüşüb gəlir, onunla əlbəəl görüşür, bir parç pivə içib, quru kartofdan ayaqüstü bir azca dadandan sonra xırda-para işlərinin dalınca gedirdilər, amma sakit təbiətli Petya heç yerə tələsmirdi: pivəxana ondan ötrü on beş fakültəli nəhəng, əzəmətli və... faydasız universiteti əvəz edirdi.

Hərdən xirtdəyəcən pivələnən Petya, isti “Şanxay”dan Moskvanın sərin havasına çıxır, Çin Səfirliyinin bir vaxt — rusla çinli əbədi qardaş olanda — tikilmiş, indi isə Moskvanın ortasında eynən yiyəsiz bir ev kimi qalıb sükuta qərq olmuş o mənasızcasına nəhəng binasının yanından neftdaşıyan gəmi-bəri ləngəri ilə keçib gedirdi. Petya biologiya fakültəsinə məxsus botanika bağından keçir, universitetin hündür qülləli və gerbli əsas binasının yanından ötərək, özünün oxuduğu humanitar fakültənin sanki onun ağırlığından çökəcək qədər cılız şüşəbənd binasına qalxırdı. Pivə qoxuyan Petya iki seminarda iştirak edib, eyni yolla tanış dirəyin dibinə qayıdaraq, ta məkan bağlanana qədər orada qalır, sonra da bulvarda, Səfirliyin zülmətə boyanmış pəncərələrinə yaxın tində Miçurin prospektindəki yataqxananın sakinlərindən kiminləsə “üstünü düzəldir”, çox zaman da onlarda qalırdı ki, səhərisi özünü “Şanxay”a tezbazar çatdıra bilsin.

Belə bir həyat tərzi olan Petya Şanxayskinin nə cür yola verildiyi, universitietdən niyə qovulmadığı hər kəs üçün sirr idi. O, qrupdan-qrupa keçir, kursda qalır, əyanidə başlayıb axşam şöbəsində davam edir, sağlamlıq durumuna görə akademik məzuniyyətə çıxır və təkrar qayıdırdı. Universitetə onunla girənlər çoxdan bitirmişdilər, Petyanın kurs yoldaşlarından bəziləri müəllimliyə başlamışdılar və onu öz seminarlarında görəndə özlərini narahat hiss edirdilər. Amma o özü bir qram xəcalət çəkmir, təbiətinə uyğun davranır, keçmiş tələbə yoldaşlarına rəsmi tərzdə — “siz” deyə xitab edir, onların zəkasına və elminə hörmət bəsləyir, ardında quyruq kimi sıralanan kəsirləri ilə giley-güzarsız sürünür, SovİKP tarixi fənninə dair seminarlarda partiyanın keçid dövründəki siyasətindən sual veriləndə isə yerindən güclə qalxaraq deyirdi: “Sovet hakimiyyətinin gecə dekğetləği... oğada Uyyanov-Yenin...”

Gənclər qəhqəhə çəkirdilər, gözləri yaşaran qadın müəllim isə partkoma şikayət edirdi, halbuki Petyada, sadəcə, anadangəlmə pəltəklik vardı.

Belə görünürdü ki, başqalarını güldürməyib ciddi nəsə danışmaq onda heç cür alınmırdı. Gicbəsər və fağır görkəmli Petya Şanxayski arada elə qəribə şeylər danışırdı ki, adamlar narahatlıqla baş yellədib onu heyrətlə süzürdülər, guya dünyanın Moskvadakı sirk və ya XTNS* sayaq bir möcüzəsidir, o isə bu heyrət ifadələrini mətanətlə qarşılayır, hamıya xoş münasibət göstərir, “Şanxay”a gələn hər kəsi Zaporojye Seçinə könüllü qoşulan kazaklarmış kimi qəbul edirdi. Pulu olmayanın qarnını doyurur, zəvzəyi dinləyir, cahili aydınladır, kefsizi əyləndirir, alimlərdən isə öyrənirdi.Gündə neçə litr pivə içdiyini hesablamaq mümkün deyildi, amma onu sərxoş görən olmamışdı, bircə dəfə də ayıltma məntəqəsinə düşməmişdi, “Tayvan”da çəkənlərdən xərac yığan milislər Petyanı siqaretli tutmamışdılar.

Pivəxanadan kənardakı vaxtlarda Petya cins geyimlərin, valların, “üçdüymə” köynəklərin, “Üç fil” adlanan yapon çətirlərinin, Yuqoslaviya istehsalı qadın çəkmələrinin, Mariya Svetayevanın şeirlərinin, Taqanka teatrına biletlərin və durğunluq dövründə az ələ düşən digər şeylərin alveri ilə məşğul olurdu, bu da “Şanxay”da gün keçirməsinə və ucdantutma hamını qonaq etməsinə imkan verirdi. Belə mallara yaxşı bələd idi, onların gerçək qiymətini bilirdi, amma onun əsas mahiyyəti bu ayıq-sayıqlığında, mallara dəqiq bələdliyində deyildi. Petya qəlbinin dərinliyində yoldaşlarına məhəbbət bəsləyən, onların yolunda hər şeyindən keçəcək qədər həssas, həm də beyni son dərəcə fantastik layihələrlə dolu bir insan idi. Ən ülvi niyyəti isə, seçkin adamlarla bir araya gəlib okeandakı hansısa adaya yollanmaq, orada — yalnız siyasi baxımdan yox, sözün ali, fəlsəfi anlamında da, pivəxanaya dəxli olmayan hər cür çirkabdan xali — ayrıca bir respublika qurmaq idi. O həmin adada yaşayışın təşkili, insanların dolanışıq üçün gündüzlər çalışmaları, axşamlar isə tonqal ətrafında toplaşaraq həyata dair söhbətləşmələri, bir-birinə mühazirə oxumaları, ən vacib mövzularda müzakirə açaraq ortaq məxrəcə gəlmələri barədə dönə-dönə fikirləşir və hərdən reallıq hissini itirərək harada olduğunu unudurdu.

Gün boyu tualetlə yığcam masalar arasında dolaşan göy xalatlı xidmətçi qadın onu pivəxanadan qovub çıxartdı, Petya özünü küçəyə atıb səfirlik binasının — nə zamansa, yəni çoxdan, hələ universitetə yenicə girdiyi vaxtlarda, Çinin Vyetnama hücum etməsinə etiraz olaraq, mürəkkəbqabılar vızıldatdığı — işıqsız pəncərələrinə baxdı, dünyaya çox möhtəşəm fəlsəfə vermiş, kağızı, barıtı, daha sonra mədəni inqilabı, Damansk adasını və Mao Zedunu bəxş etmiş o nəhəng qaranlıq məmləkət haqqında düşüncələrə daldı.

Petya bu barədə hansısa bir çinli ilə üzbəüz danışmağı, bütün bunları özlərində necə cəmləşdirdiklərini ondan soruşmağı çox istərdi, amma “Şanxay”a bircə çinlinin də yolu düşmürdü və burası da bəlli deyildi ki, dünyada çinli deyilən kimsələr gerçəkdən varmı. O sirli məmləkət Petyanı narahat edir və özünə çəkirdi. Hətta həmin ölkənin dilini öyrənməyə cəhd göstərmiş, amma insanşəkilli heroqlifdən irəli gedə bilməmişdi.

Petyaya münasibət müxtəlif idi: kimisi ona hörmətlə yanaşır, kimisi də sərsəm və zəvzək sayıb ondan uzaq dururdu; şayiələr dolaşırdı ki, guya hər kəslə dəruni söhbətlər etməsi bir yana, həm də xəbərçiliyi var, elə bu səbəbdən də onun alverlə məşğul olmasına icazə verilir; ancaq Petya kimsədən incimir, bütün hədyanları xoşgörü ilə qarşılayır, təkcə bir cəhəti ilə həqiqi mənada öyünürdü ki, sidik kisəsi qeyri-adi dərəcədə böyük və tutumludur, mərcə dursa, “Şanxay”ın istənilən müştərisindən artıq içməkdən əlavə, masadan da ən axırda qalxar.

Beləcə ən axıra qaldı, heç universiteti də bitirmədi, sonra da elə bir zəmanə gəldi, məlum oldu ki, zır savadsız, avara, dövlətin hədər yerə pul xərclədiyi, az qala heç nəyə yaramayan bu adam yeni həyatın çəmini yoldaşlarından və müəllimlərindən qat-qat yaxşı tapıb. Universitet illərində xırda-xuruş alveri və dəllallıqla qazandığı təcrübə sayəsində Petya Şanxayski bazar dövrünə elə rahat girdi, sanki bərə üzüb şlüzdən keçirdi. Petya birdən-birə, sıçrayışla yox, özünəxas səbr və səbatla varlandı. Biznesdə təmkinli və ehtiyatlı idi, dərinə getməz, kimsəyə kələk gəlməz, kiminsə də onu aldatmasına fürsət verməzdi; nəhs illərin çox məşəqqətindən xətərsiz ötüşdü və tezliklə bir neçə mağazanın sahibi oldu. Yüzlərlə işçisi vardı, təzəcə rənglənib par-par yanan, yapon tərzində yığılmış, fəlsəfə fakültəsinin “Berdyayevdə şəxsiyyətçilik” üzrə ixtisaslaşan aspirantının sürdüyü “Pobeda” maşınında dolaşırdı şəhəri. Ancaq mağazalarına baş çəkəndən sonra, hər harada olsa, gündüz saat beşdə Petya maşını “Vorobyovı qorı”ya sürdürər, orada saxlatdırıb, MDU-nun əsas binasını, Botanika bağını, Çin Səfirliyini keçərək “Şanxay”acan piyada gedərdi.

Ortaqları Petyanın onları işgüzar görüşlərə çağırdığı bu ucuzxananı təəccüblə nəzərdən keçirər, onun bu şakərini varlı adama xas şıltaqlıq kimi qəbul edərdilər, amma Petyadan ötrü “Şanxay”ın sentimental xatirədən qat-qat böyük anlamı vardı. Pullanmaq onu çox da dəyişməmişdi. Daxilən həminki xeyirxahlığı, canıyananlığı qoruyub saxlamışdı, dostlarından heç nəyi əsirgəmir, ancaq sui-istifadəyə də yol açmırdı. Biznesə yeni girişənlərə faizsiz borc verir, universitetə kompüterlər, faks və ksreoks aparatları hədiyyə edir, imkansız dosentlərə, elmlər namizədlərinə maddi yardım göstərir, SovİKP tarixindən müəllimi olmuş, fənni ləğv ediləndən sonra dilənçi vəziyyətinə düşmüş qadını bu dəfə ona fərdi təqaüd ayırmaqla ağlatmışdı. Doğrudur, bədxahlar burada xüsusi, incə bir qisas və şeytani qürur qığılcımları görürdülər, guya Petya bundan həzz alır, dövləti ziyana saldığı üçün üzləşdiyi nifrət, rişxənd və qınaqların, bitmək bilməyən tələbəliyinin əvəzini çıxırdı. “Amma uğursuz paxıllar həmişə olub və olacaq da, onların vızıltısına fikir verməyə dəyərmi?!” Petyanı həqiqətən çox istəyən kəslər belə desələr də, elə həmin kimsələrin gətirib çatdırdıqları bütün bu haqsız sözlər və acı kinayələr onun zərif ruhunu incidir, odur ki, Petya o yığcam, dəyirmi, çirkli masanın arxasında keçirdiyi, milislərin qorxusundan siqaretini paltarının qolunda gizlətdiyi və dünyada heç bir məxluqun ona — pivə parçlarını dalbadal boşaltsa da, tualetə getməməsini çıxmaq şərtilə — nəyəsə görə paxıllıq etmədiyi vaxtlara qayıtmağı get-gedə daha çox arzulayırdı. İnsan bədxahlığının təzahürləri Petyanı üzürdü. Mümkün olsaydı, bütün varidatını xərcləyərək insana xas paxıllığın tamamını satın alıb ləğv edərdi, amma paxıllıq hissi ildən-ilə hey artır, adamların həyat haqqında düşünmək, onu anlamaq istəyi getdikcə azalırdı; bunlardan birinin artması ilə digərinin azalması arasında hansısa bağlılıq olub-­olmadığı Petyaya heç cür çatmırdı. O bunu kiminləsə müzakirə etmək istəyirdi, ancaq elə birisi yox idi. İnsanlar həyat haqqında onun gəncliyində danışdıqları kimi söz açmağı yadırğamışdılar. Əgər kimsə Petya ilə həyatın mənası barədə danışırdısa da, adətən, bu söhbətin axırı mütləq ondan pul istəməyə gedib çıxırdı.

Həyat səviyyəsi düzəldikcə adamlar korlanırdılar və Petya bu ziddiyyəti anlaya bilmirdi. Cavan vaxtı cins satarkən pis iş gördüyünü, adına niyə xırda-xuruş alverçisi deyildiyini başa düşmürdü, indi isə ətrafdakılardan gördüyü hörmət ona ağır gəlirdi. Nəyə görə idi bu? Pula görəmi? Belə bir mənasız səbəbə — varlı olduğuna görəmi: məgər bu, dərin ağıl, böyük istedad tələb edir? Bəzən ona sual verilirdi: de görək bu işi nə cür alındırırsan sən? Əllərini yana açır, çiyinlərini çəkib, utana-utana gülümsəyirdi, sanki nəsə ayıb iş, ya da əksinə, çox təbii bir məsələ soruşulurdu. Kimisi özünü avamlığa vurmuş hiyləgər zənn edirdi onu, kimisi də üzünə qarşı yaltaqlanırdı, ancaq hamı “gicbəcər ol, bəxtin olsun” qənaətində birləşir və ona lap ustalıqla atmağın yollarını axtarırdı, Petya isə hər şeyi aydın görür, adamların niyyətini oxuyur, qəlbən kədərlənir, getdikcə daha tez-tez təkliyə çəkilib içirdi. Həkimlər demişdilər ki, pivə sənə ziyandır, ondansa araq iç, amma araq hara, o hara — həkimləri başından edib pivədən vururdu.

Övladı yox idi onun, heç arvadı da; qadınlara meyil göstərmir, ova, yaxud xaricə getməyi xoşlamır, yalnız köhnə həyatını xatırlamağı sevirdi, o çağları qaytarmaq olsaydı, heç nəyini əsirgəməzdi.

Bir gün Petya xəbər tutdu ki, “Şanxay”ı bağlamaq istəyirlər. Pivəxananı şəhər rəhbərliyindən satın almağa cəhd göstərdi, amma Çin Səfirliyi bu “şübhəli müəssisə”nin ləğvində israr edirdi: illər ötdükcə səfirlikdə canlanma yaranmış, gecələr işıq yanan pəncərələrin sayı artmış, ilk çinlilər peyda olmağa başlamışdı. Əvvəlcə sayları az olsa da, sonra universitet dolmuşdu çinli tələbələrlə, “Made in China” yarlıqlı mallar yavaş-yavaş, tutqun havada göyün üzünü boz buludlar aldığı kimi, bütün Rusiyanı bürümüşdü. Petyanın nüfuzu, pulları, əlaqələri yetmədi bu işi əngəlləməyə: gecənin birində pivəxananı uçurub-dağıtdılar, yeri boş qaldı.

O vaxtdan Petyanın kövrək qəlbini qüssə bürüdü. Mühitindəki adamların bayağı əyləncələri onu bezdirdi, xeyriyyəçilikdən vaz keçdi, fəlsəfənin daşını atdı, evdən çölə çıxmadı, dostları onun ruhi xəstəliyə tutulacağndan ehtiyatlanmağa başladılar. Onu əyləndirməyə cəhd göstərib, məzəli eşq macəraları üçün evinə qəşəng qadınlar yolladılar, Petya isə balaca bir itdən xoşlanan, o öləndən sonra yerini tutmağa çalışanların hamısını parçalayan qızmış aslan kimi qarşıladı onları.

Qırx yaşının tamamında, yubileyini keçirməyəcəyini bilən dostları onun əhvalını durultmaq üçün Petyanı şəhər kənarındakı yeni açılmış restorana dəvət etdilər. O, heç yana çıxmaq istəmirdi, amma elə israrla çağırdılar, razılaşdı. Ənənəvi qaydada səliqə-sahmanlı, üstünə nişastalı süfrələr sərilib qab-qacaq dəstləri düzülmüş masaların sıralandığı rahat zal əvəzinə, Petya orada qaramtıl bir dirək, aparatlar, çirklağ xalatdai bufetçi qadın, mantı dolu boşqablar, içində sosislər və konservə noxud olan sellofan paketlər, kobud şüşə parçları əvəzləyən heyva turşusu bankaları gördü. Çaşıb qalmış yubilyar, kafelli döşəmədəki çirkab suları tərəddüdlü addımlarla tapdayıb keçərək aparata yaxınlaşdı, söyüşən adamların cərgəsində dayanaraq pivə alandan sonra “Prima” tüstülətdi və həyəcanından, siçan rəngli formada bir milis nəfərinin ona nə vaxt, necə yaxınlaşıb üç rubl cərimə yazdığını da bilmədi. Petya üstündə pul aramağa başladı, təlaşdan əlləri titrədi, ürəyi şiddətlə döyündü və elə bu zaman “növbədəkilər”i oynayan aktyorlar çəkilib getdilər, milis isə rəsmi salam verib dimdikli papağını göyə atdı, qapıların ardından qonaqlar çıxıb gələrək Petyanı dövrəyə aldılar, birlikdə banka toqquşdurub ona sağlamlıq, uzun ömür dilədilər. Onun mavi gözlərindən axan yaşlar səadət bildirən təbəssümünə qarışdı. Hər şey çox təsirli, xoş alınmışdı — az qala illər öncəki kimi. Petyanın keyfi kökəlmişdi, gülür, zarafatlaşır, ötən çağları yada salırdı, amma təntənənin ən qızğın məqamında — yerə xalçalar səriləndə, xəfif “Jiqulevskoye”nin əvəzinə viski, tekila, lanqustlar** gətirilib paylananda, bəyaz, xışıldayan süfrələr salınıb, qab-qacaq dəstləri düzüləndə, mərasim tərzincə geyinmiş gözəl qadınlar məclisə gələndə, musiqi sədaları eşidilcək qonaqların qarşısında zühur edən qəşəng müğənni Alsura, demək olar, fonoqramsız oxumağa başlayanda Petya kimsə xəbər tutmadan küçəyə çıxdı və sürücüyə onu Şanxaya aparmağı əmr etdi.

— Oranı bağlayıblar, — filosof saymazyana dilləndi.

— Şanxaya apar məni! — Petya qəzəbindən titrəyərək təkrarladı.

“Berdyayev” çiyinlərini çəkdi və onu “Şeremetyevo”ya aparıb, axırıncı Çin reysinə çatdırdı.

Şanxayda səhər idi, ilıq yağış yağırdı. Petya bu yağışın altında duş alırmış kimi dayandı, sonra da yad küçədə addımladı. Yanından, müşəmbəyə bürünmüş velosipedli adamlar ötüb keçirdilər, alman “Folksvagen”ləri və iri avtobuslar onun üstünə su sıçradırdı. O maşınların içərisi oturan, ayaqüstə dayanan, itələşən, susan, danışan çinlilərlə dolu idi. Şəhərkənarı məhəlləni bir-birindən aralıda ucalan, ortalarında hələlik tikinti aparılmamış göydələnlər əvəzlədi. Petya çayın üstündəki körpü ilə şəhərin müstəmləkə səmtinə keçdi. Darısqal küçələrdə motosikletlər dolaşır, yığcam köşklərdə qəribə meyvələr, yaşıl çay, pivə satılır, yolüstü kafelərin müştəriləri doğranmış tərəvəzi, əti, balığı çubuqla götürüb yeyirdilər. Petya uca bir qülləyə qalxdı, oradan bütün şəhərin mənzərəsi açılsa da, duman üzündən heç nə görə bilmədi. Keçilməz bir günbəzi andıran duman bu yad məmləkətin üstündən eninə-boyuna asılmış kimiydi. Nəhəng, az qala Moskva vağzallarının hamısının cəmi boyda olan dəmiryol vağzalındakı minlərlə çinli Petyanın əzəmətli görkəminə heyrətlə boylanır, o isə çinliləri süzüb onların sayının çoxluğuna və heç demə, sifətcə bu qədər fərqli olmalarına təəccüblənirdi.

Sonra Petya bütün gecə Çin qatarında yol gedə-gedə, pəncərədən çölə baxdı, göz işlədikcə uzanan sirli ölkəni seyr etdi. Pekində ona ördək və balıq yedirtdilər, lüləyi həddən artıq uzun çaynikdən çay süzdülər, çübuqla yeməyi öyrətdilər, Böyük Çin Səddinə apardılar — onun da üstünü duman almışdı — və Qapalı Şəhərdə gəzdirib imperator sarayını, tələbələrin güllələndiyi meydanı, yeni göydələnləri göstərdilər.

Səhərisi isə onu çinlilərin lap böyüyü görüşə dəvət etdi. Bu, gödək, arıq, mavi gözləri gülən bir adam idi, Petyanın ona qanı qaynadı. Elə rahat, xoşqılıq davrandı ki, Petya açılışaraq öz həyatından, “Şanxay”dan, hansısa uzaq, çirkabdan xali diyara üz tutmaq arzusundan, ancaq çirkabın getdikcə yayılmasından danışdı, çinli də müdrikcəsinə cavab verdi ki, çirkab insanın ətrafında deyil, daxilindədir və o, yalnız bircə halda — dünyada daha heç nəyin qalmadığı, yaxud hər şeyin hamını qane edəcək qədər tapıldığı təqdirdə yox ola bilər.

— Bilirik ki, o kiçik pivəxanadan məhrum etməklə sizi möhkəm incitmişik, — çinli sağollaşarkən belə dedi. — Biz hər zaman sizi xalqımızın dostu saymışıq, odur ki, arzusunda olduğunuzu sizə hədiyyə etmək istərdik.

O, Petyanı şəxsi təyyarəsinə mindirdi və okeanın üstüylə bir neçə saat uçandan sonra aşağıda yığcam bir ada göründü. Dalğaların qumsala yayıldığı adada palmalar boy göstərirdi, sahildə üç-dörd daxma vardı. Təyyarə endi və Petya öz dostlarını — həm qırx illik yubileyinə gələnləri, həm də məlum məclisdə olmasa belə, nə vaxtsa yolunu “Şanxay”dan salıb onun nağıllarını dinləmişləri — gördü orada. Onların üzündə kədər vardı, dövrə vurub dayanmışdılar, həmin dövrənin ortasına isə onun ağır bədəni sərələnmiş, kəsildikdən sonra gövdəsində qırx dairə sananan bir ağac kimi, yerdə hərəkətsiz qalmışdı.

Petyanın əhvalı yaxşı idi və bu adamların indi — belə bir ülvi məkana qovuşduqları vaxtda — nəyə görə ağladıqlarını anlamırdı. Uğrunda bu qədər qüvvə sərf etdiyi həqiqət ona əyan oldu — bu həqiqət adanın hər yerinə səpələnmişdi, hər qum zərrəsində vardı: Petya fərəhlə güldü, ahəstəcə yüyürərək hayqırdı ki, daha murdarlıqdan əsər yoxdur, amma onu eşidən olmadı.


* Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisi. — Tərc
** Xərçəng növüdür. — Tərc.