Qadın çimərliyi
Biz, yəni üç “əfqançı”, üç subay baş leytenant qatarda tanış olduq və birlikdə Qara dənizin sahilinə gəldik. “Bir az kef çəkək” — dedik!
Lifti gözləmədən pillələrlə üzüaşağı, həm də tappıltı salaraq endiyimiz vaxt növbətçi qadının üzü güldü:
— Şükürlər olsun, barı işdən çıxmazdan əvvəl kişi ayaqlarının tappıltısını eşitmək mənə də nəsib oldu.
Sanatoriyanın astanasından ilk içəri girdiyimiz andan üzümüzə gülümsəyən bu qadının əvvəllər daha fərqli hallara da şahid olduğunu düşünmək mümkün idi.
Onda özümüzə doğma bir ruh hiss elədiyimizdən dedik:
— Əgər biz artıq peyda olmuşuqsa, bəs onda niyə işdən çıxırsınız ki?!
— Uşaqlar, mənim subaylıq həyatımın axırı çatıb. Özümə bir ər tapmışam, deyir ki, gəl Kiyevə.
Bu ər söhbəti heç döşümüzə yatmadığından öz otağımıza tərəf üz tutduq. Gəlişimizi qeyd etməmiz bir neçə saat sürdü. Sonra gedib, o qadına şikayətlənməyə başladıq:
— Burada adamın canı sıxılır ey, Nina xala.
Çəkələklərini yerlə sürüdən generalları baxışlarıyla ötürən qadın qayğılı tərzdə dilləndi:
— Buradakılar yalnız belə “xizəkçilərdir” axı. Bunlar şənlənməyi də bilmirlər, sanki zərləri töküləcək.
— Onda bizə şənlənəcəyimiz bir yer məsləhət görün.
— O yeri elə özünüz də taparsınız. Bundan ötrü adama ağıl yox, göz və istək də yetərlidir. Hələ bəlkə sonra məni də ora dəvət edərsiniz.
Özünü o yerə qoymurdu bu Nina xala: on beş il boyu sanatoriyada işləyən, suyuşirin və söhbətcil biri olan bir qadın nəinki buradakı hər kolu, hətta məzuniyyətə gələn kişilərlə o kolun dibində vaxt keçirməyə hazır olan hər bir qızı da tanıyar, əlbət!
Bizə sadəcə köks ötürməklə köməyi dəyməyəcəyini sezən Nina xala təsəlliyə keçdi:
— Yaxşı, canım, sabah getmirsiniz ha! Hələ yoldan sonra bir özünüzə gəlin, sonra bir şey düşünərik.
Biz də deyiləni dinlədik. Düz iki gün məzuniyyətə çıxmamızı otaqdaca qeyd eləyərkən heç buradakı yeməkxanaya da baş çəkmədik. Şükür ki, lang="en-US"> aramızda hamıdan az içən biri var idi. Bizim reanimatorumuz Oleq idi. Obaşdan bazara baş çəkdiyi üçün nahar süfrəmizdə sərin pivə, duzlu xiyar və təzə balıq heç əskik olmazdı, bunlar sayəsində o, bizi gümrah vəziyyətə gətirirdi. Son dərəcə məsuliyyətli bir yoldaş idi.
Hisslərimizi xeyli çılğın şəkildə sərgilədiyimiz vaxtlarda çəkələklərini yerlə sürüdən o “xizəkçilər” bəzən həsədlə, bəzən isə aşkar qınaqla ayaq saxlayıb, nəsə deməkdən özlərini heç cür saxlaya bilmirdilər:
— Hə-ə, kef çəkirsiniz, cavanlar?
Bizdən rütbəcə yüksək olan həmin zabitlər qarşısında qəddimizi tarım vəziyyətə gətirməklə, biz az sonra deyəcəyimiz növbəti sağlığa köklənir, bizi guya mənəvi aşınmadan qoruyan həmin şəxsləri isə o an əlifbadakı “otuz üç hərfin dalıyca yollayırdıq”.
Əfqanıstandakı xidmətdən sonra məzuniyyətə çıxan ilk zabitlər olduğumuz üçün bizim buna haqqımız çatırdı. Həmin dava hələ təzə-təzə qızışırdı, biz də onun nə qəhrəmanı idik, nə də əlili, elə buna görə də ətrafımızda sirli, anlaşılmaz bir halə yaranmışdı. Bəs necə? Axı biz uzaq, qorxunc və naməlum bir məmləkətdən vətənə dönmüşdük, orada adamı nəinki gülləyə tutur, hətta öldürürdülər də. Həm də heç birimiz nə hansısa imtiyaz-filan tələb etməyə hazırlaşırdı, nə də mövcud şəraitdən şikayətlənməyə. Bu isə o demək idi ki, həm yüksəkrütbəli zabitlər, həm də çevrədəkilər üçün biz arzuolunan şəxslər sayılmasaq da, ən azından onların qayğılarını artırmırdıq.
Öz təşəbbüsləriylə ora-bura vurnuxanlar isə tibbi personal idi. Qərargah və baş idarələrə, bir sözlə, yüksək rəhbərlik üçün nəzərdə tutulan sanatoriya göndərişlərinin müəyyən qismini ayırıb, oyun kartları kimi biz “əfqançıların” qarşısına düzməklə demişdilər ki, istədiyinizi seçin.
Biz də boyun qaçırmamışdıq, çünki Əfqanıstandakı həyat tərzi qəflətən bizə kiminsə titrək əllərində tutduğu kövrək bir piyalə təəssüratı bağışlamışdı. Məhz o şəraitdə bizə — barıt, tər, konserv, yanıq qoxusu, tol, maşın yağı, solyar yağı iyi verən, qoşunlar ora yeridiləndən sonrakı ilk dönəmlərdə ishaldan, yara-xoradan, bitlərdən əziyyət çəkən, qadın üzünə tamarzı qaldığı üçün sayıqlayan cavan zabitlərə günlərin bir günü, həm də yayın ortasında, Qara dəniz sahilində uzun-uzadı, tam qırx beş günlük, həm də pulsuz göndərişin verilməsi göydəndüşmə bir nemət idi.
Hələ qatarda, cənub reysi ilə gələrkən yüksək rütbəlilərə bir laqeydlik oyanmışdı içimizdə, həm də indi biz, “əfqançılar”, bir-birimizi qızmar günəşdə yanan üzlər sayəsində başqalarından asanlıqla ayırd edib, tanıdığımızdan restoran dəzgahı önündə də çiyin-çiyinə dayanmışdıq. Sonra eyni hal Nina xalanın masası önündə yaşanmışdı. Üç nəfər idik. Əfqan müharibəsinin ilk dönəmlərinin yanaşmasıyla, bu — əsl mənada məhdud saylı kontingent sayıla bilərdi.
Eyni sağlığa, yəni geri dönüşümüzün və Hindiquşda qalan silah dostlarımızın şərəfinə badə qaldırırdıq. Əslinə qalanda, biz içmirdik, sadəcə dəli-doluluğumuza və gözüqaralığımıza bir sərbəstlik vermişdik. Geriyə dönüb baxmadığımız kimi, irəlidə də bizi nələrin gözlədiyindən əsla qorxub-çəkinmirdik. Əc-ə-b vaxtlar idi.
Bir dəfə qapımızı kimsə döydü:
— Uşaqlar, gəlmək olar?
Bizim Reanimator o dəqiqə bu səsin sahibini tanıyıb:
— O-o, Nina xala, sizsiniz? — deyərək, eşikdə duran qadını bağrına basdı.
Üç gün sürən qarma-qarışıqlığın hökm sürdüyü süfrəmizi başıyla göstərən qadın dedi:
— Eh, uşaqlar, məncə, buna ara verməlisiniz.
Desantçı olduğu üçün özünü daha ötkəm aparan Viktor özünün: “Cənab zabitlər!” — müraciətinin ardınca, dörd stəkanı bankadakı qırmızı köpüklü “İzabella” şərabı ilə doldurdu. — Cənab zabitlər, qarşınızdakı bu dostumuzun və gözəl xanımın sözü bundan belə bizlər üçün qanuni əhəmiyyət daşıyacaq. Nina xala, son qədəhi sizin sağlığınıza qaldıracağıq. Geriyə qalan içki isə əlüzyuyana boşaldılacaq. Haydı, Zaremba, — deyə o, mənə göstəriş verdi.
Bankada qalan şərabı mən əlüzyuyana əndərəndən sonra biz növbətçi qadının qarşısında farağat dayandıq. Qəfil gələn qonağımız da təkəbbürlə burnunu dik tutaraq, məzəylə dedi:
— Xeyr ha, qarşımda diz çökün.
Biz də hamılıqla xalının üstünə çökdük, dirsəklərimizi doxsan dərəcəlik bucaq altında saxlamaqla, stəkanları ovuclarımızın arxa üzünə qoyub, tarazlığını qorumaq şərtiylə, dodaqlarımıza yaxınlaşdırdıq. lang="en-US"> Süzülən içkini rahat içməkdən ötrü başlarımızı geriyə doğru əydik. Sonra bu boşalan stəkanları eyni vaxtda havaya atdıq və növbətçi qadının təlaş yağan: “Oy-y!” nidasının müşayiəti ilə onları havadaca yaxalamaqla, xanımın ayaqlarının dibinə düzdük.
Öz rəğbətini daha fərqli bildirməkdən ötrü Viktor ətrafına baxınsa da, gözünə elə bir şey sataşmadı, ağlına heç bir ideya gəlmədi, buna görə də o, göy-ağ zolaqlı köynəyini bir göz qırpımındaca dartıb, əynindən çıxartmaqla dedi:
— Nina xala, baxın, bu sizin olsun, sizin... Nina xala, məndən istəsələr də, bu köynəyi o zavallı piyada desantlarına verməmişdim, amma sizə qoy peşkəşim olsun.
— Oy-y.
Qadının sevinməsinə imkan verməyən Reanimator əlini irəli uzatdı:
— Bir saniyə, Nina xala.
Ayağının hərəkətiylə şkafın qapısını açmaqla, o, içəridəki çantanı özünə sarı çəkdi. Zəncirbəndi açıb, çantada bir az eşələndi və oradan çıxartdığı “həftəlik” adlanan qadın alt tumanı dəstini xışıldayan paketindəcə qadına uzatdı.
Mən dilləndim:
— Nina xala.
Və artıq tumbamdan çıxartdığım və o vaxtlar son dəbə uyğun bir şey sayılan yuvarlaq şüşəli günəş gözlüyünü qadına uzatdım.
O, özünün xırda burnunu bir uşaq tövrüylə çəkdi, kirpiklərini çırpdı ki, gözlərinin yaşarmasını önləsin. Hələ o, bir yana dursun, biz özümüz də hönkürməyə hazır dayanmışdıq. Çünki lang="en-US"> bir insanı bu cür, yəni gözlənilmədən və durduğu yerdə sarsıtdığımız üçün özümüz də təsirlənmişdik. Həqiqətən də, hədiyyə vermək insana onu almaqdan qat-qat böyük ləzzət verirmiş.
Hər üçümüzü özünə tərəf dartan qadın qonağımız: “Oğlanlar!” — deyərək, hər birimizi öpdü. Sonra gözlərindəki şölə artdı və o, burnunu təkrar çəkərək, şeytani bir tərzdə:
— Məni burada gözləyin, — deyib, vanna otağına keçdi.
Özümüzdən razı halda biz baxışlarımızı əvvəlcə bir-birimizə, sonra isə o bağlanan qapıya zillədik.
Məlum olduğu kimi, istənilən qadın gözəl sayıla bilər, bunu anlamaqdan ötrü sadəcə gərəkən qədər içməlisən. lang="en-US"> Amma biz gərəkəndən daha çox içdiyimiz üçün Nina xala gözümüzə nəinki həmfikir və dost biri kimi görünürdü, hətta biz onu axşam ziyafətinə gedəcəyimiz bir qadın timsalında da görürdük artıq. Eyni fikrin Reanimator ilə Desantçının da ağlından keçdiyinə mən zərrəcə şübhə bəsləmirdim, elə bu səbəbdən bağlı qapı açıldığı an hər üçümüzün ağzı heyrətdən aralı qaldı.
Oradan çıxıb, bizə tərəf gələn Nina xalanın əynində təkcə o zolaqlı köynək vardı. Reanimatorun ona hədiyyə verdiyi “həftəlik” alt tuman dəstini açıb-açmadığını deyə bilmərəm, çünki zolaqlı köynək onun dizinə qədər düşmüşdü, altda döşlüyünün olmadığı da dəqiq idi: qadının köynəyi altda sərbəstlikdən ləngər vuran döşləri həm ağ-göy zolaqları, həm də bizi həyəcanlandırırdı. Gözlüyünü taxan Nina xala bir maneken kimi bizi əda ilə süzdü, həm də o ara əlini yuxarı qaldırmaqla, ayağının birini geri qoydu.
Bu baxımlı, güclü və günəşdə yanmış qadını biz artıq ayıq, acgöz baxışlarla süzməkdə idik. İşə bax ha: yarım həftədir bu qadınla səmimi davransaq da, ondakı cövhəri heç cür görə bilməmişdik.
Viktor heyrətlə, özündən asılı olmadan, bəlkə də sırf özünü toplamaqdan ötrü dedi:
— Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.
Qonağımız şuxluqla başını yırğalayaraq, zolaqlı köynəyin ətəyini iki barmaq qədər qaldıraraq soruşdu:
— Hə, kiminsə könlünə yatıram?
Bax, buna mən deyərəm düz bir il Əfqanıstanda xidmət keçən kişiləri cırnatmaq! Desantçı acgöz və yanıq baxışlarla ətrafını süzdü, mən və Reanimator isə özümüzü əsl avam yerinə qoyaraq, heç qımıldanmadıq, çünki daxili səsimiz bizə deyirdi ki, əgər Nina xala aramızdan kimisə bəyəndiyini büruzə vermirsə, deməli, onun tərəfindən seçilmək şanslarımız hələlik bərabərdir.
Bu yerdə Viktor özünün “ehtiyat paraşütünü” açmalı oldu:
— Nina xala, sizə vaxt veririk. Düz dörd saat sonra iki rəfiqənizi də götürüb, o yanalma körpüsündəki restorana gəlirsiniz.
...Pul olan yerdə şellənməyə nə varmış?! Həmin vaxtlarda “əfqançılara” ikiqat maaş ödəndiyi üçün bizim, yəni baş leytenantların da cibində əlavə yüzlüklərə rast gəlinirdi. Bizi süzən Viktor menyunu əlinə alaraq dedi:
— Cənab zabitlər, bu axşam “sağ əl qaydası”ndan yararlanmağı tövsiyə edirəm.
Bunun nə mənaya gəldiyini nə mən bilirdim, nə də Reanimator. Fizika qanunlarıyla bağlı nələrsə, “burğu qaydası”-filan yaddaşımda canlandı, amma yenə də başımızla bu təklifi təsdiqlədik: hə, ancaq və ancaq “sağ əl qaydası” işimizə yarayacaq.
Bir neçə dəqiqə öncədən restorana gəldiyimizdə biz oğlan uşaqları qədər yanıldığımızı anlamışdıq. Həndəvərimizdə cürbəcür, hər rəngdə-çeşiddə necə şux xanımlar fırlanırdısa, bundan boğazımız qurudu. Axı biz buraya yaşı əllini adlayanları-filanı dəvət eləmişdik...
Reanimator zənənlərə baxıb, həsədlə köks ötürdü, biz də onunla həmrəylik nümayiş etdirərək, eyni şeyi təkrarladıq. Ancaq çiyinlərimizdə poqon daşıdığımızı nəinki unutmur, hətta bununla fəxr də edirdik, odur ki, canımızı dişimizə tutmaqla, keçib-gedənlərə marıtlayır, başımıza gələcəkləri isə səbrlə gözləyirdik. Əgər indi Nina xala buynuzlu şeytanları yanına salıb, gətirsəydi, biz onların da qarşısında Qara dəniz sahilinin ən gözəl qızlarıymış kimi səcdəyə qapılmalıydıq. Sırf prinsip xatirinə.
Amma Nina xala — əcəb də şux cuvanəzən imiş bizim Nina xalamız! — öz görkəmiylə bizi peşman elədi. Yanına salıb-gətirdiyi ağımtıl-sarı saçlı qızla birgə o, lap göz qamaşdırırdı. Bəlkə də qarşımızda buynuzlu şeytanlar görəcəyimizi düşündüyümüzdən bizdə belə təəssürat yaranmışdı. İlk anlarda biz Nina xalanın bizim hansı birimizəsə qismət olacağını da təsəvvürümüzə gətirmirdik. Bəs hara getdi bizim o desantçı ötkəmliyimiz, hə?!
Desantçı yerindən cəld sıçrayaraq:
— Buradayıq biz, buradayıq, buyurun, — dedi və çəngəl-bıçağın böyründə aldığımız qızılgüllərin düzüldüyü yerləri xanımlara nişan verdi.
Nina xala özündənrazı halda qıyqacı baxışlarını rəfiqələrinə zillədi: yəni “bəs mən sizə nə demişdim?” Sonra o, keçib, mənimlə Desantçı arasındakı stulda əyləşdi.
Dərin bir fərəh hissinə qapılan Viktor tamadalığı boynuna götürərək, bizi tanış etməyə başladı:
— Sizə baş leytenantlarımızı təqdim edim. Oleq, — deyə o, Reanimatoru göstərdi. — Öz aramızda, o — misilsiz minaaxtarandır. Bu isə Aleksey Zarembadır, Vətənimizin cənub sərhədlərindəki kəşfiyyatçımız. Mən isə Viktoram — aviadesant qoşunlarının təmsilçisi, məncə, bu qoşun növünün hər hansı xüsusi təqdimata ehtiyacı yoxdur.
Nina xala isə öz rəfiqələrini bizə tanıtdı:
— Olya və Lena.
Bu məqamda Olyanı öz yanında oturtmaqla, Desantçı Nina xalanı mənim öhdəmə buraxdığını bildirdi və əlavə etdi:
— Cənablar və yoldaşlar, bugünkü gecə mən sağ əl qaydasının tətbiqini təklif edirəm.
Olya ona tərəf əyilərək soruşdu:
— O nə deməkdir?
Bu ara onların saçları bir-birinə qarışdığı üçün tam qət elədim: daha Olyadan əlimi üzməliyəm. Gizli bir ümid hissiylə süfrənin digər qisminə boylandım, amma orada da Reanimator çantasını stulun başına keçirməkdə Lenaya yardım edirdi. Belə çıxırdı ki, uğursuzluq işarəti mənim bəxtimə düşüb. Eh, Nina xala, Nina xala. Kaş sən bura öz yaşıdlarını götürüb gələydin, onda görərdim yoldaşlarımın üzü sevincdən bu cür işıldayır, ya yox.
Desantçı heç dil-boğaza qoymurdu — hə, o cür ayaqların sahibi qarşısında elə mən də dil-dil ötərdim:
— Hər şey xeyli bəsitdir, Olyacan. Sağ əl qaydasının məğzi belədir: ovcunla qiymətlər qismini qapayır və ürəyinə yatan təamları sifariş verirsən. Sol əl qaydasında isə bunun əksi baş verir — qiymətlərə baxıb, seçimini edirsən.
Lena çəpik çaldı:
— Əla. Mən də sağ əl qaydasına tərəfdaram.
Necə davranacağıma dair mən bir qərara gəlməliydim. Ya bu məclisdəki ən zavallı adam olduğumu və bunun baisinin kimliyini durmadan hamıya, əsas da növbətçi qadına xatırlatmalıydım, ya da əksinə, özümü o yerə qoymamaqla, mövcud vəziyyətdən çıxmalıydım.
Səhnənin böyründəki zərb alətləri səsləndi, digər yoldaşlarım yerindən tərpənməyə macal tapmamış mən Nina xalanın əlini ovcuma aldım:
— Biz rəqsə qalxırıq. Süfrə hazır olanda, bizə də səslənərsiniz.
Reanimator geri qalmadı:
— Bizə də. — Masaya yaxınlaşan ofisianta isə Viktoru göstərdi: — Yeməkləri bu cavan oğlan sifariş verəcək.
Mən də söhbətə qarışdım:
— Çünki bu gün aramızdakı yeganə sağəlli adam odur.
Onunla məzələndiyimiz, yoxsa hər şeyin yolunda gedib-getmədiyi barədə Desantçı bir az baş yormalı oldu. O ara biz rəqsə başlayanların qələbəliyinə qarışdıq.
Nina xala gülümsədi:
— Mən də elə sanırdım ki, başçınız Viktordur. Afərin sizə.
— Qoy indi çapalayıb, dursun.
O ara mən qadına bir az da sığındım: o cür darısqal yerdə bu, təbii idi. Belinə toxunaraq dedim:
— Nina, bu axşam sizə həsr olunacaq.
Yaşlarımız arasındakı fərqi bir kənara qoymuşdum. Qət eləmişdim ki, öhdəmə düşən işi ta zirvəyə qaldırana qədər səy göstərəcəyəm, qoy onun tamaşasına duranların gözləri bundan qamaşsın. Gülümsə, Nina, güldüyün vaxt sənin bütün dişlərin diqqəti çəkir, bu sayədə sən göz-könül oxşayırsan.Yaraşıqlı bədən biçimin var, bədəninin qıvraqlığını da artıq hiss edirəm. Düzdür, ayaqların rəfiqələrinkiylə yarışa girə bilməz, ancaq yaraşıqlı ayaqlar da sadəcə uzaqdan adamı cəlb edirlər, yaxın olunca, bunun bir önəmi qalmır. Haydı, rəqsə köklənək!
Oleq ilə Lena bizə yanaşdılar, onların da üzündən şux təbəssüm yağırdı.
Reanimator ya məni ruhlandırmaq, ya da daha çox cavan qızı əlimdən qamarladığına görə bir təskinlik mahiyyətində məhz özünə xas səmimiyyətlə dedi:
— Nina xala da özünə görə deyilmiş ha.
Öz-özlüyümdə düşündüm: “Əgər həqiqətən elədirsə, onda, gəl, qadınlarımızı dəyişək”. Amma dildə bunun tam əksini dedim:
— Ninanın tayı tapılmaz.
Oleq heyrətdən qaşlarını çatdı: yəni — bundan nə tez hali oldun?
Həmin anlarda musiqiçilər ağır templi rəqsə keçdikləri üçün qollarımı yana açmaqla, mən Ninanı ağuşuma aldım. Qadın da bütün varlığıyla qoynuma sığındı, həmin an onun döşünün, qarnının və budlarının təmasını sezdim.
Saç buruqlarının altında gizlənən qulağına dodaqlarımı yanaşdırmaqla pıçıldadım:
— Oleq deyirdi ki, sən gözəlsən.
Başını çiynimdən qaldıran Nina dedi:
— Bəs sən necə düşünürsən?
Cavabımı uzatdım:
— He-e-ç.
Qadın məni cırnatdı:
— O ni-yə-ə?
— Sənin özündən razı qalmanı və burnunu dik tutmanı istəmirəm.
Sınayıcı baxışlarla məni süzən qadın zarafat etmədiyimi görüb, bəxtəvərcəsinə gülümsədi. Təkrar başını sinəmə söykədi.
Yaxınlıqdan Reanimatorun səsi eşidildi:
— Ehey, ayaq üstə yatmayın, Viktor bizi çağırır.
— Bax, Nina, adamın xoşbəxtliyini də beləcə məhv edirlər: kimsə harayasa çağırır, niyə görəsə ora getməli olursan, — deyə köks ötürdüm.
Qadın işvəylə gözlərini qıydı:
— Gəl, biz də getməyək.
Bunu bir əks-səda kimi təkrarlayaraq böyrümüzdəki cütlüyə səsləndim:
— Biz getmirik.
Bu yerdə mən Lenanın özümə dikilən baxışlarını yaxaladım. And içərəm ki, onlardan bir həsəd hissi oxunurdu. Qız da dəqiq bilirdi ki, daha suyuşirindir, ən əsası isə, rəfiqəsindən daha cavandır, elə buna görə də, görünür, diqqət mərkəzində olmağa hazırlaşırdı. Ancaq məlum olmuşdu ki, elə ilk dəqiqələrdən Ninanın qismətinə düşən dərin heyranlıq və cazibə hissinə o da həsəd aparır.
Hərçənd gecənin başlanğıcı hələ hər şey demək deyildi. Əsas olan — sonluqdur. Həm də axı Lena — həqiqətən də, haradan baxsan, hətta görməməzlikdən gəlsən belə, xanımların ən gözəliydi. Hətta Desantçı da bu fürsəti əldən vermişdi. Hətta mən də Nina ilə Olyanı bircə Lenaya peşkəş edərdim.
İçimdən keçənləri anlayırmış kimi, Nina:
— Yaxşı, qayıdaq masaya, yoxsa qədəhlərimizə istiot səpər bunlar, — dedi və özü birinci o tərəfə üz tutdu.
Mənim o gecə düşdüyüm vəziyyətə kiminsə ürcah olmasını əsla istəməzdim. Məsələ təkcə “özünü belə yox, elə apar”la bitsəydi, yenə dərd yarıydı. Bu, heç dərdin yarısı da sayılmazdı. Gah öz xanımıma nəvazişlər göstərməyə, gah da bu cür oyun qurduğuna görə mən ona nifrət bəsləməyə məcbur idim.
Ara-sıra yoldaşlarıma münasibətdə də bunu büruzə verirdim. Hətta bəzən iş o yerə çatırdı ki, onlar narahatlıq və barışıq oxunan baxışlarını mənə zilləyərək, sanki: “Qanımızı qaraltma da, sonra danışarıq” — demək istəyirdilər. lang="en-US"> Axı niyə Nina belə yarlı-yaraşıqlı qızlar gətirmişdi bura?! Lenanın isə misli-bərabəri tapılmaz — bal-qaymaq idi zalımın qızı, lap can alırdı. Hesabı ödəyəndə: “Qalığı qalsın” — deyib, küçəyə çıxdıq və canım lap betər sıxıldı. Otağımızın açarını biz adətən təhvil vermirdik, ona görə də Reanimator açarı estafet çubuğu kimi yuxarı qaldırdı:
— Görüm də, kim birinci çatacaq?
Qadınlar baxışdılar, çünki bu sual onlara ünvanlanmışdı. Bu məqamda Nina yenə də mənim ovqatıma soğan doğrayaraq:
— Siz öz aranızda mərcləşin, — deməklə, mənimlə gecələyəcəyini dilə gətirdi.
Bu səfər Desantçı ilə Reanimatorun üzündə qismən həsəd ifadəsi oxundu, çünki onların xanımları çaşqın halda çiyinlərini dartıb, durmuşdular.
— Şampan şərabımız yanımızdadır? — deyə, çantasını eşələyən Nina qoluma girdi. — Hamınızın gecəsi xeyrə qalsın...
Yayda Qara dəniz sahilində gecə deyilən bir şey olmur. Hətta ulduzlar sayrışanda belə buradakı kurort şəhərlərinin küçələri, çimərlikləri, parkları dinclik nədir, bilmir. Elə təəssürat yaranır ki, dincələnlərin ən azı yarısı Uzaq Şərqdən gələnlərdir və onlar aradakı zaman fərqinə məhəl qoymamağa söz veriblər. Gəzib-dolaşanlar arasında ağ köynək və koftalı gənclərlə yanaşı, ağsaçlı ahılların da olması bu qənaəti bir az da möhkəmləndirir.
Gecə səssiz, ulduzlar iri, ləpələr isə ləngdir. Ətrafdakı bütün qadınlar yaraşıqlıdır, amma onların ən füsunkarı məhz səninlə yanaşı addımlayandır, toxuna bildiyindir, belədə sən: “İstəmədən belə alındı”, — deyirsən və o, gülümsəyərək, təkrar qoluna sarmaşır.
Üstəlik, kişilər qadınların məhz bu cür etimad dolu davranışından əriyib-gedirlər. Həm də əgər yaxınlıqda onları kölgədə qoyacaq şux baldırlar yoxdursa, əlbəttə. Yaxşıca vurmusansa və şux zarafatlar təkcə sənin dilinin ucuna gəlmirsə, üstəlik, sənə: “Belə güclü və nəvaziş dolu biri kimi yanımda olduğun üçün elə bəxtəvərəm ki!” fikri aşılanırsa, bax, onda...
Təklif elədim:
— Bir kimsənin olmadığı yerə gedək. Əlbəttə, burada elə bir guşə tapmaq mümkünsə.
Deyəsən, biz elə oraya da gedirdik. Mənə möhkəm sığınan Nina addımlarını yeyinlətmişdi artıq. Adamlar getdikcə seyrəlirdi, mən ətrafımızdakı şəhərdən, arxamızca göz qoyan işıq fənərlərindən gözlərimi ayıra bilmirdim. Nina mənimlə məzələndi:
— Nədənsə ehtiyatlanırsan?
Sonra o, çəkmələrini soyunaraq, yuxulu biri kimi sayıqlayan dənizin köpüklü sahiliylə ayaqyalın halda yeriməyə başladı.
Adama deyərlər: “Səncə, “əfqançı” öz ölkəsində nədənsə ehtiyatlanar ki?! Xətrimə dəyirsan ha, nəçərnik”.
— Mənim qorxacağım bircə şey varsa, o da soyuqdur. Bildiyim qədəriylə, indi biz cənub-şərqə tərəf gedirik.
— Biz qadın çimərliyinə tərəf gedirik.
Məncə, o an büdrəməyimin səbəbi Ninanın dediyi bu sözlər yox, rast gəldiyim daş oldu. O, çəkmələrinə dolan qumu çırparaq, yanıma döndü, dayanıb gözlədi ki, onu qucum: ağuşa qısılan qadın daha himayəsiz göründüyü üçün Nina da büzükdü, mum kimi yumşaldı.
— Sən deyirdin ki, bu axşam tamamilə mənə həsr olunacaq, mən də çimmək arzusundayam. Həm də səninlə. Bir də sahildə şampan içmək istərdim. İçimdə elə bir hiss var ki, bənzər şey həyatımda bir daha yaşanmayacaq, ona görə də... — desə də, cümləsini tamamlamadı.
— Bəs orada necə... qadın çox olur? — deyib, söhbəti fərqli məcraya salmağa çalışdım, çünki bu gün yaşadıqlarıma mənim nə göz yaşlarım yetərdi, nə etiraflarım, nə də çılğınlığım.
— Təkcə mənəm. Yoxsa mən sənə yetmirəm?
Yalana əl atdım:
— Sən də yetərlisən. Gedək.
— Hesab elə ki, çatmışıq.
Belə çıxırdı ki, qadın çimərliyi elə bu ensiz qum zolağından, dəniz ilə sıldırım qayalıq arasındakı çaydaşlarından ibarət imiş? Onun barəsində nə qədər eşitmişdimsə, istər-istəməz özümü qeyri-adi bir şey görməyə hazırlamışdım. Burada isə tənbəlcə ləpələnən dəniz ilə Ay işığına qərq olan cığırdan başqa ekzotik heç nə yox idi.
— Qucsana məni.
Mənə deyiləni həvəslə etdim.
Bütün gecə boyu könlümdən keçənləri Nina qəfildən açıb, mənə dedi:
— Bu gün mənimlə olarkən sən özünü bir az naqolay hiss edirdin.
Buna qarşı illah etiraz edəcəyimi bildiyi üçün sözünü bitirən kimi ovcuyla ağzımı qapadı.
— Mən uşaq-zad deyiləm ha, hər şeyi aşkar görür və hiss edirdim. Buna baxmayaraq, sən mənə gözəl bir axşam bəxş elədin. Buna görə sağ ol. Əlbəttə, mən yanlarında sütül qız kimi görünəcəyim rəfiqələrimi də götürüb, ora gələ bilərdim, ancaq sizə... acıdım. Özümə isə gəlməyi yasaqlaya bilmədim. Hə, bunu bacarmadım, bağışla. O məclisə qatılmağı çox istəyirdim.
— Bəsdir də, Nina. Səninlə baş-başa qalmaq mənə həqiqətən də xoşdur.
— Həqiqətən? Bəlkə inanmazsan, amma mən də bunu hiss edirdim. İki gündən sonra mən buradan gedəcəyəm və dostlarından fərqli olaraq, sən sərbəst qalacaqsan. İstəyirsənsə, — deməklə, o, mənim növbəti etirazıma da mane oldu, — əgər istəyirsənsə, sənə bir şeyi də deyim?
— De, gəlsin.
— Səndən fərqli olaraq, dostların bu gecə sanatoriyada, yəni öz yataqlarında uyuyacaqlar.
Bic-bic gülən Ninanı süzdüyüm anlarda mən eşitdiyim bu xəbərə necə qarşılıq verəcəyimi hələlik bilmədən soruşdum:
— Yox ha?
— Hə, hə. Onların hər ikisi qızlarıyla birgə valideynlərinin mənzilində yaşayırlar. Onlara bu da azdır, — deyən qadının səsində kin yox, bir qisas çaları sezildi.
Bu cür oyuna tuş gəldikləri üçün, düzü, yoldaşlarımın halına acıdım, ancaq sonra xatırladım ki, o uzunayaqlı qızları məhz özləri görməmiş kimi qamarlamışdılar. Bəlkə də məhz ayrıca mənzili olmayan rəfiqələrini görüşə gətirməklə Nina da bunu nəzərə almışdı. Eh, qadınlar, qadınlar.
— Nə isə, gəl, bu söhbətləri bir kənara buraxıb, içkiyə girişək.
— İçək də.
Amma heç butulkanı açmağa macal tapmadan qulağımıza səslər gəldi və biz sıldırım qayadakı kolların dibinə sığındıq. Bu da sənə xəlvət guşə! Yox, bu cənub bölgəsində gecələr də xəlvətə çəkilmək olmurmuş.
Qapqaralığından bərq vuran dənizin fonunda siluetlər gözə dəydi: başlarındakı tağalaqlardan bu adamların zabit olduğunu seçdim. Bir ağızdan və çılğınca danışan bu adamlar düz bizim tuşumuza çatanda nədənsə ayaq saxladılar, sanki Ay buralarda sadəcə bizim cığıra işıq salırdı. Ləpələrin ləngəri fonunda onların əlindəki şüşələr qaranlıqda bərq vurdu və süzülən içkinin səsi gəldi.
Stəkanlarını yuxarı qaldıran zabitlər:
— Qoruduğumuz bu dənizin şərəfinə içək, — deyib, elə hərbi geyimdəcə dənizə girdilər. Qurşağa qədər suya daldıqdan sonra içdilər, butulkanı Ay nurunda yuyunan sahilə atıb, dənizin kənarıyla irəlilədilər.
Bugünkü tarixi xatırlayaraq dedim:
— Bu gün Sərhədçi günüdür axı.
Fikrə dalan Nina çırtma çalaraq:
— Amma bu zabit tayfasında nə isə var axı, — dedi və məni bu xanımın gözündə ucaltdıqları üçün bayaqkı zabitlərə xəyalən təşəkkür elədim. — Daha doğrusu, onlarda köhnə əyyamlarda yazılan kitablardan bizə bəlli olan nələrsə qalıb hələ də. Səmimi desəm, bu sanatoriyada işə girməmin əsas səbəbi də... heç bilmirəm sənə necə izah edim... məhz siz zabitlərə daha yaxın olmaq idi.
— Bəs bundan əvvəl harada işləyirdin?
— Muzeydə. Ekskursiyaçı idim.
— Yəqin kişi xeylaqları da eksponatlardan çox, sənə tamaşa edirmişlər. Şəxsən mən belə edərdim.
Keçmişə boylanarmış kimi, Nina dalğın halda gülümsədi:
— Belə də olurdu. Axşam saatlarında vaxtaşırı zəng vururdular: “Allo, məni xatırlayırsınız? Bu gün sizin ekskursiyaya qatılmışdım — o ağköynək oğlanam da”. Mənim nəzərimdə isə ekskursiya iştirakçıları ucdantutma eyni sir-sifətdə və köynəkdə olurdular, sadəcə çox sual verənlər qalırdı yadımda.
Sonra Nina özünün bir digər heyranının səsiylə danışmağa başladı: “Allo, bilirsiniz, təsadüfən əlimə bir cüt teatr bileti düşüb”. — “Onların ikisini də mənə vermək istəyirsiniz?” — “Yox, birini sizə verərəm, digəri isə mənə qalsın”. İlk vaxtlarda sarsaq kimi belə görüşlərə gedərkən düşünürdüm ki, bəlkə tale üzümə gülər. lang="en-US"> Sonradan bezdim, artıq teatrlara, sonra tamaşalara, daha sonra isə yerlərə görə seçim eləməyə başladım... Bir xüsusu anladım: o zəng edənlər əsasən hər şeyi — ailəsi, uşaqları, maşını, yaylaq evi, vəzifəsi olan kəslər idi. Ancaq gözləri doymadığından daha nələrəsə yiyələnmək istəyirdilər... Lap zəhləm tökülmüşdü. Sonradan səsim kallaşdığından, mən zabitlərlə işə üstünlük verdim. lang="en-US">
Sərhədçilər artıq xeyli uzaqlaşmışdılar deyə, biz öz dalda yerimizdən çıxdıq.
— İçkini də dadmadıq.
— Heç problem deyil, — deyib, şüşənin ağzındakı mantarı tərpətdim: o, tappıltıyla qaranlığın qoynuna cumdu və qəhqəhə çəkən Nina hər iki ovcunu şüşənin ağzından fışqıran köpüklərin altına tutdu.
İki ovuc dolusu şərab içdikdən sonra o, qismən şıltaqlıq, qismən də amiranəlik yağan bir səslə dedi:
— İndi isə mən çimmək istəyirəm. Ancaq, təbii ki, özümlə çimərlik geyimi götürməmişəm. Ancaq bura qadın çimərliyidir, ona görə də sən ya bir kənara çəkil, ya da üzünü yana tut.
Əlbəttə, bir neçə addım aralanmaq daha məsləhətliydi, onsuz da gözlərim qaranlığa alışmışdı artıq, sahil xəttini seçilməz edən zülmət isə uzaqlarda daha da qatılaşırdı. Yaxasını açdığı köynəyi Nina daşların üstünə atdı. Bəyaz döşlüyü adamın gözlərini acışdırdı, amma elə ki qıynağı açıldı, o da taqətsiz qanadlarını çırpan quş kimi yerə düşdü. Nina arxası mənə dayanmışdı, ayaqlarının dibinə düşən tumanının üstündən adladığı zaman fərqinə vardım ki, o, tumanla birgə alt tumanını da soyunub. Nəfəsim daraldı, ancaq mənim özünə tərəf hərəkətə keçəcəyimi duyan qadın çılğıncasına dənizə doğru üz tutdu, suyun durğun səthinə dalan kimi həzz ilə ciyildədi.
— Gəlsənə bəri, belə imkan ələ düşməz.
Soyuq suya necə girəcəyimi düşündükdə, canımı vicvicə aldı. Ancaq ayaqlarımın dibindəki bəyaz döşlük vurulmiş quşu xatırladırdı, Ay işığına bürünən zolaqda çılpaq qadın suda həzzə dalmışdı, ona lang="en-US"> görə mən də titrək barmaqlarla öz köynəyimin düymələrini açmalı oldum. Suya girincə, sanki milyonlarla iynə bədənimə sancılmaqla, bütün vücudumu gizildətdi. Tam geriyə, sahilə sıçramaq istəyirdim ki, mənə yanaşan Nina üstümə su sıçratmaqdan ötrü əl-qolunu yellədi. Yanlara açılan qolları sayəsində onun bəmbəyaz döşləri də açıqda qaldı və soyuğun təsirini yenməkdən ötrü mən o məmələrə sarı cumdum. Ancaq istəyim gözümdə qaldı, ovuclarım sadəcə onun bədəninə toxundu. Suyun dərinliyinə baş vurduğum sonrakı anlarda onun qarnına və budlarına toxuna bildim. Bundan ötrü isə mən qışın oğlan çağında buz qatının da altına dalardım.
Əlüstü suyun səthinə çıxdım ki, guya haqqım çatanı ala bilim. Ancaq məndən təkan alan Nina dənizin qaranlıq qoynuna tərəf üzməyə başladı. Bir neçə sıçrayış sayəsində ona çatıb, həndəvərində dövrə vurdum, bədəniylə ən kiçik təmasdan da həzz almağa başladım.
Kürəyiüstə uzanan qadın bunu mənə də tövsiyə elədi:
— Çalış sadəcə uzan və səmaya tamaşa elə.
Qara suyun altındakı bədənimdə gün görməyən qismlər ağarırdı, amma bunu özümə heç dərd etmədən onun kimi, yəni suda kürəyiüstə uzandım. Çox qəribədir ki, elə həmin an da sakitləşdim: gör, qadın gözəlliyi ilə təbiət birlikdə insanoğluna necə də ahəngdar təsir göstərə bilirmiş! Gör onlar necə də doğma və yekcins imişlər! Qadının Adəmin qabırğasından yaradıldığını uyduran adam əcəb də sarsaq imiş ha!
Əgər əlinin yetəcəyi məsafədə yırğalanan bir qadın vücudu varsa, onda ulduzların və ya səmanın necə göründüyü də heçcə nəyi dəyişə bilməz. Həm də təbiətə nə cürsə göz yummaq olar, qadına göz yummaq isə əldə deyildir. Hərçənd bir şair yazıbmış ki, hər şeyi, həm də birdən diləyən adam məhz səbr edə bilmədiyi üçün kasıbdır...
Təkrar ona sarı can atdığımı sezən Nina yenə də öz qısıq səsi və müdrik sözləriylə mənə maneçilik törətdi:
— Su ilə təması çox sevirəm. Həm də soyuq su ilə təması, belədə hətta yenidən doğulduğumu düşünürəm.
— Onda məni isindirməli olacaqsan.
— Mənim günümə bax da — kişiləri isitməliymişəm. Bəlkə sən hələ boğulmağa da hazırlaşasan?
— Hə, ancaq sənin ağuşunda.
Zarafata keçdim və bundan tez də peşmanladım: təbiilikdən uzaq hər şey bu şərtlərdə necə də qaba səslənirdi! Bu şəraitdə təbii görünəcək yeganə şey — geriyə, sahilə tərəf üzmək olardı. Həqiqətən də, qadın xeylaqları kişilərin qabırğasından yaradılıblar deyə, biz onlarsız yaşaya bilmərik.
— Sahilə dönəkmi?
Hətta suda da kübar davranmaqla, Ninanı bir qədər önə buraxıb, onun ardınca üzməyə başladım, o ara suyu çox da köpükləndirmirdim ki, bəlkə qadının suyun altındakı əndamını görə bilim. Ayaqlarımız dibə toxununca, hər ikimiz durduq. Hava adama sudan daha soyuq gəlirdi, ancaq Ninanı yerində duruxub qalmağa məcbur edən bundan sonra necə davranacağı idi.
Səbrim daraldı və şairin o gözləməklə bağlı məsləhətinə tüpürməklə, mən təşəbbüsü öz əlimə aldım, arxadan yanaşmaqla onu qucaqladım. Yumşaq təpəciklərlə təmas qurdum, onları xışmaladım. Nəmli saçların üstündən boyun-boğazını öpdüm. Sonra bu növbətçi qadını qollarım üstə alıb, sahilə tərəf üz tutdum.> Ninanın vücudundan süzülüb axan damlalar yavaş-yavaş onu daha aşkar görməmə vəsilə olurdu, bircə qarnı ilə budları arasında bir gölməçə yaranmışdı ki, bu da azacıq aşağıdakı o qara və kiçik üçbucağın üstündə qərar tutmuşdu...
Sonralar, yəni Əfqanıstana döndükdən sonra, bu mənzərə, mənim Ninanı ağuşumda daşımağım və o “gölməçə” bəlkə min kərə yuxularıma girəcəkdi. O ara içimdə bir qırılma baş vermişdi. Bunu öz-özümə etiraf etməkdən çəkinsəm də, qəflətən bir şeyin artıq fərqinə varmışdım: həmin məzuniyyətdən qayıtdıqdan sonra mən Vətənimizin cənub sərhədlərinin qorunmasına bir elə də can yandırmırdım.> Yox, bununla mən nə kiməsə xəyanət edir, nə də kimisə öz əvəzimə güllə altında qoyurdum, bu barədə mənim zabit şərəfim və vicdanım tərtəmiz idi.> Sadəcə mən artıq öz uğrumda, geriyə dönə bilməm uğrunda mübarizəyə başlamışdım. “Əfqançılar” bununla bağlı zarafatla belə deyirdilər: “öz dəri kürkün uğrunda”.
Ətrafımdakı leytenant dostlarım isə hər döyüşdə ilk cərgədə güllə qabağına atılır və qəm yemədən də ölməyə hazır görünürdülər. Mən də onları xidmətin nüfuzu naminə dəniz sərhədçiliyini seçənlərə bənzədirdim. Hə, hə, axı döyüşə atılanların böyük qismi həyatla bərabər nələrdən məhrum olacaqlarını heç təsəvvürlərinə də gətirmirdilər.
Mən isə bundan agah idim. Çünki insanı sərməst və bihuş edən o şərbəti bir kərə dadmışdım. Haraya və nəyə dönə biləcəyimi bilirdim. Hətta Nina ilə keçirdiyim o axşamla bağlı xatirələri də harayasa gömmək istəməzdim — əyin-başını əlüstü soyunduğu üçün titrəyən bir qadını tapmaq və isindirmək necə də təkrarsız bir həzz imiş!
Bu səbəbdən də məni öldürməyə çalışanlara qarşı tülkü qədər hiyləgər, bəbir qədər amansız davranırdım. Layiq görüldüyüm “Qırmızı Bayraq” ordenini də mən əslində müharibədə göstərdiyim şücaətə görə yox, məhz həyatda qalmaq mücadiləmə görə almışdım.
Bu sayədə də sağ qaldım.
Ancaq qəflətən məlum oldu ki, qəlbimə çökən sadəcə bundan irəli gələn gizli sevinc deyilmiş. Bizim əvəz etdiyimiz hərbçiləri Sovet İttifaqına aparan hərbi-nəqliyyat təyyarəsinə özümü dürtdüyüm zaman illüminatordan bizi yola salanlara nəzər salmış və aralarında mənə doğma heç kəsi görməyincə, özümə qarşı sonsuz bir hiddətə qapılmışdım. Ən nəhayət, çoxdan dərk etdiyim bir həqiqətlə barışmışdım ki, döyüşün qızğın vaxtında illah sağ qalmaq barədə düşünməklə, sırf o döyüşün taleyi haqda düşünən leytenant və kapitanlara əslində mən xəyanət edirmişəm. Elə buna görə də məni yola salmaq üçün təyyarənin yanına gəlməməklə onlar düz ediblər. Müharibə şəraitində nəyisə gizləmək, özünü başqa cür göstərmək xeyli çətin olur axı. Əgər bu həyatda mənim diri qalmama qadın çimərliyinə aparan o Aylı cığır və Nina dəstək vermişdisə, öz-özümə nifrətimi də məhz elə onlar körükləmişdilər.
Axşam mənzilində baş-başa oturduğumuz zaman Nina bir dua oxuyarmış kimi pıçıldamışdı:
— Geri dön. Qayıt və məni tap.
O vaxt inam hissiylə:
— Mütləq qayıdacağam, — demişdim, ancaq onda hələ bilmirdim ki, sonralar, hər dəfə Əfqanıstan müharibəsini yada salanda özümə nifrət bəsləyəcəyəm. Halbuki heç bir suç da işləməmişdim.
Geri dönsəm də, mən Ninanın yanına getmədim. Hər dəfə mənə sırf həmin sanatoriyaya göndəriş təklif olunanda, qəsdən etiraz elədim.
Ancaq taleyi aldatmaq və keçmişdən gizlənmək mümkün deyildir.
Bir dəfə Pyatiqorskdakı çağırış məntəqəsində mən Reanimatorla qəfil rastlaşdım. Mənim kimi, o da cavan əsgərlərin ardınca gəlmişdi: sinəsində Qırmızı Ulduz ordeninin iki simvolu olsa da, nimdaş poqonlarındakı üçüncü ulduzun yerində sadəcə bir cüt dəlik vardı.
Heyrətimi görən Oleq izah elədi:
— Hə, rütbəm yenilməz leytenanta qədər salınıb. Durmadan içdiyimə görə.
Elə bunu deyərkən də o, içkili idi, sonra o, Desantçı Vityanın zirehli maşında fuqas bombasına tuş gəlib, yandığını dedi və biz təpənin ətəyində bir kafe tapıb, duz-çörək kəsdik. Köhnə xatirələrə> nisbətən gec köklənək deyə, mən ora-bura vurnuxdum, masa sifariş verdim, o ara sərxoş, baxımsız və rütbəsi salınmış Oleq özündənrazı və... lal-dinməzcə oturdu. Desantçının şərəfinə içdiyimiz üçüncü sağlıqdan sonra qəflətən o, nəyisə xatırladı:
— Dayan görüm ey, mən bir yerə gedəsiydim axı.
— Axı hara? — desəm də, onun haraya gedəcəyini təxmin edir, sanki özümü bir növ onun yerinə qoyurdum. Həm də bu cür lülqənbər vəziyyətdə axı o, hara gedə bilərdi?!
Dedim:
— Otur görüm hələ.
— Yox, mən harayasa getməliyəm. Harasını xatırlamasam da, getməliyəm.
O, güclə yerindən qalxıb, tağalağını köksünə sıxdı, mən onu yaxalamağa macal tapmamış o, artırmanın məhəccərindən adladı və üzüaşağı yumbalandı. Təpənin ətəyinə düşdükdən sonra yerdən qalxıb, üst-başını çırpdı, sonra uzun-uzadı tağalağını başına qoymağa cəhdlər göstərdi, o yan, bu yana baxmaqla, gedəcəyi yönü seçməyə çalışdı. Başını yuxarı qaldırmağa, görünür, onun taqəti qalmamışdı, mən də nədənsə çığıraraq, onu səsləmədim. Sadəcə> ardınca dayanıb baxdım və Reanimator nəhayət, kolların arasında gözdən itdi.
Maraqlıdır: əgər həmin gün Nina onun və ya Desantçının bəxtinə düşsəydi, bu dünyada ümumiyyətlə nə isə dəyişərdimi və ya bugünkü aqibətimiz indikindən nə dərəcədə fərqlənərdi? Əlbəttə, o halda dəniz də, çimərlik də, səhərə qədər qalacaqları mənzil> də onların bəxtinə düşərdi, görəsən bəs həyatları necə, fərqli məcraya düşərdimi? Yoxsa adam alnına yazılan yazıdan bircə qarış da kənara çıxa bilməz?
Ofisiant qız mənə yanaşdı:
— Daha nəsə istərdiniz, yoldaş kapitan?
Burada mən hələlik yeganə müştəri olduğumdan o, mənə xüsusi etina göstərməyi özünə borc sayırdı.
— Üzr istəyirəm ey... buralarda “qadın çimərliyi” adlanan yer var?
Mənim sualımı qız özünə götürüb, cırnadığı üçün əlüstü üzrxahlıq eləməyə başladım:
— Yox, yox, nə isə belə bir yer olduğunu mən indi xatırladım.
— Amma burada dəniz yoxdursa, çimərlik necə ola bilər?! — deyən qız tərəddüdlə gülümsədi. Əgər o an mən sərxoş olsaydım, qız həmin suala, yəqin ki, heyrətlənməzdi. Amma hər şey doğru idi, axı səs yazılan val da geriyə doğru fırlanmır.
— Elə isə bir qədəh şampan şərabı gətirin.
Son qədəhi mən Ninanın, hələ həyatda olan — əyyaşlığa qurşansa belə, heç kimə xəyanət etməyən zabit yoldaşım da daxil — bizim üçümüzün şərəfinə içdim. Yaşamaqda olduğum, bunca gözəl ikən, qəflətən, həm də lənətlədiyim bu ömür kəsiyinin şərəfinə içdim onu...




