Bağdadı dolaşdım bir ayağımla...

* * *

 Bağdadı dolaşdım bir ayağımla,
Seyr etdim bir gözlə gözəl Beyrutu,
Dəməşqi də aldım ayaqlarıma,
Livanda dağları gördüm, qürubu —
Gözümü yumsam da, parlayır odu.

 Ayaq basdım, öpdüm ulduzlu Qüdsü,
Ağ daşları öpdüm, qoca alını,
Bugenvili, çödükotu gülünü,
Hefsiman bağında solmuş zeytunu,
Hələ də göynədir dadı dilimi.

 Rahib noğul verdi İudeyada,
Su içdim o qədim yunan qabından.
Gizləndim səmumdan xaçla səhrada,
Qorundum şeytandan, sel ötdü yandan —
Tanrı nuru kimi qopmadım ondan.

 Səhralar, dərələr, bu dağlar üçün
Necə verim borcumu Yaradana —
İstanbul, Fermopil, Bosfor, Afina
Solun, Patmosdakı budaqlar üçün?
Adları bal kimi — baxdım dadına.

 Şəlaləyə baxdım, gözüm qamaşdı,
Alnıma bir lələk taxdım — saçıma,
Hindulara öyrətdim “Otçe naş”ı,
“Pater noster” yadigardı onlardan.
Sinəm üstə gəzdirdi karandaşı.

 Ssillada, Xaribdada gəmilər mil-mil,
Favorda hələki gözləyir qatır.
Bulud başımıza doğru əyilir,
Dənizdən əsən meh çirki aparır —
Düşməndən-oğrudan qorxum azalır.

 Bir gün gedəcəyəm karvantək asta,
Dalımca Dardanel, Ermon və Fərat,
Hətta ağılsız Nil — o sərxoş xəstə,
Əsəcək küləklər, edəcək fəryad,
Yatacam İordan qolları üstə.

 Dünyanın yarısı mənlə gedəcək.
Qalacaq Nyu-York, Baskunçak, Dakar.
Küləklə sovrulub dağılan qumtək
Götürüb gedərəm, bizə kim çatar...
Gözümdə Kür, xəyalımda Elba var.

 Sevdiyim nə varsa, qalacaq mənlə!
Rəbbimə, zamanın tək Sahibinə,
Göstərib deyəcəm: — Yaşıl çəmənlə,
Bu gözəl qoxuyla, o dadla yenə
Şəhərlər hazırdı öz şənliyinə.

 Bu nə möcüzədir, bunlar mənimdir,
Həm də mənim deyil... Uzun buludlar
Sındırır işığı, dəyişib keçir.
Boylanır ardından qəsrlər, dağlar,

 Ardınca əl edib qaçır uşaqlar!