Musiqi dərsləri

Gec-tez Musiqi ilə qarşılıqlı münasibətlərim haqda hekayə yazmalı olacağam. Bu, kədərli və gülməli bir povest olacaq.

Bəlkə, musiqi təhsilimlə qarşılıqlı münasibətdən, on altı ildir qalxdığım dik, laxlayan pilləkəndən bəhs edən povest demək daha doğru olar? Bəli, ağır nəfəslə dolu on altı əzablı il, gözlərin parıldaya-parıldaya pillələrlə yuxarı, yuxarı, nəyə görəsə, nəyin bahasına olursa-olsun yuxarı dırmaşırsan. Konservatoriya diplomuna?.. Yox, məhz onunla, Musiqi ilə: analığımla, yaxşısı budur heç analığımla da yox, atalığımla — sərt, ağıllı və ədalətli, lazımi anda başıma ağıl qoyan və məni ayağa qaldıran atalığımla...

Mənə sırınmış ali musiqi təhsili içimdə xroniki iltihablı appendiks kimi oturub və özünü həyatın ən gözlənilməz anlarında hiss etdirir. Musiqili keçmişimlə təmasda olduğum anlarda məni həmişə haqlayan violonçel kədəri, daha doğrusu, kədər yox, onun kabusu (çünki kədərin özü artıq yoxdur, ölüb və keçmişdə qalıb) qatılaşır və nəvazişlə ürəyimi sığallayır. Onda mən səksənir və öz-özümə deyirəm ki, gec-tez Musiqi ilə münasibətim haqqında mütləq kədərli və gülməli bir povest yazacağam.

Amma hələ vaxtı deyil, indi yox. Həm də keçmişlə bıçaqlı qarşıdurmadan qorxduğum üçün deyil, sadəcə indi başqa bir şey haqqında yazıram.

Başqa bir əhvalat.

...Həmin yaz ilk kitabım çıxdı və mən onunla yaşadım. Daha doğrusu, yaşamadım, həftələri və günləri əzablı, məni üzən həsrətlə keçirdim. Evdə tipoqrafik sirlərin sehr­li işarələri yaşayırdı: «birinci korrektə», «ikinci korrektə», «siqnal»...

İşləyə bilmədim... Stolun üstündə yarımçıq bir hekayənin kağız qalağı ölü kimi uzanmışdı, bir pyesin vaxtı keçmiş müqaviləsi yanırdı. Əlimi başımın arxasına qoyaraq, bütün günü divanda uzanıb, hələ doğulmamış kitabımı təqdim etdim. Onun mavi üz qabığını, mavi cildi üzərində ağ hərflərlə yazılmış adımı...

Pəncərələrin bayırındakı təbiət yaz yaradırdı, ya da yaz təbiəti yaradırdı və bütün hallarda hər gün bir xəbər gətirirdi: gah əriklər zərif tutqun çiçək açır, gah da otların üstüylə sürətlə qaçan hind mina quşları peyda olurdu.

Diqqətimi cəmləyib, hekayəni bitirməli, pyesi davam etdirməli, gəzintiyə çıxmalı və nəhayət, əldə toxunmuş qara sviterimi daha yüngül bir şeylə dəyişməli idim. Ancaq səhərdən axşamacan qara sviterdə divanda uzanıb, səssizcə, gərgin halda vaxt öldürdüm. Gözləməkdən birtəhər olmuşdum. Bütün günü nəşriyyatdan zəng gözləyirdim. Axşamtərəfi özüm zəng etdim. Bir xəbər varmı? Yox. Yəqin ki, bu günlərdə olacaq. Bu günlərdə... Bu günlərdə?! Axı bu günləri necə yaşayım?! Bunun sonu olacaqmı?! Gözləyərək yaşamaq dəhşətli, dözülməz idi...

İndi düşünürəm ki, o günlər həyatımın ən xoşbəxt çağları olub...

Nəhayət, bir gün axşama doğru zəng vurdular. Hə, təbrik edirik, siqnal gəldi. Redaktorum sakit, mehriban səslə danışdı, sanki qeyri-adi heç nə olmamışdı. Onun səsində nəşəli xoşbəxtlik yox idi və bu ona qarşı nifrət doğururdu.

— Ancaq yəqin ki, bu gün gəlməyə vaxtınız olmayacaq. İş gününün bitməsinə yarım saat qalıb. Sabaha qədər gözləməli...

— Yox, yox, çatdıraram! Taksi tutaram, ya da şəxsi maşınla və ya yük maşınıyla gələrəm! Zibildaşıyanla! Küçəsulayanla! İyirmi dəqiqədən sonra nəşriyyatda olacağam!

Elə həmin qara sviterimdə evdən həyətə — mavi cilddə gerçəkləşən xoşbəxtliyimə doğru cumdum.

— Sizi bir dəqiqəlik olar?

Həyətimizdə hansısa şərq xalqı — ya fars, ya osetin, ya da Buxara yəhudisi ailəsi yaşayırdı. Ailənin başçısı nazik bığları olan arıq kişi maşınla ət daşıyırdı. Nahar vaxtı onun göy rəngli furqonlu maşını çox zaman həyətdə dayanırdı. Ailədə ana yox idi, o bu musiqili əhvalatdan üç il qabaq bədbəxt hadisə nəticəsində ölmüşdü.

— Sizi bir dəqiqə olar? — Ailə başçısı ürkəkcəsinə gülümsəyərək mənə yaxınlaşdı. — Əgər çox tələsmirsinizsə.

— Bəli, buyurun. — Şeytanlaşdığımı hiss etdim, amma üzümə mürəkkəb xoş ifadə verdim.

Ev tərbiyəsi mənim həyatımı həmişə ağırlaşdırıb, deyərdim ki, şərq nəzakət ənənələri ilə həddən artıq yüklənmiş, hamıya — ağsaqqallara, qonşulara, tanışlara, yadlara mehriban və hörmətli münasibət. Xüsusilə də, az-maz tanıdıqlarına, çünki onlar səni tanısalar da, kifayət qədər tanımırlar, Allah eləməmiş, birdən haqqında yanlış fikirdə olarlar... Şərq ailəsinin atası da az tanıdıqlarıma aid kateqoriyaya mənsub idi. Həyətdə rastlaşanda bir-birimizə başımızla işarə edirdik.

— Bəli, buyurun...

— Biz tanış deyilik, amma haqqınızda bilirik... — o, tələsik və ürkək-ürkək gülümsəyərək dedi. — Həyətdə haqqınızda yaxşı sözlər danışırlar...

— Doğrudan? — Bu barədə əlavə nə deyəcəyimi bilmədən nəzakətlə təəccübləndim. Saniyələr ötüb keçdi, kitab nəşriyyatda, redaktorun stolunun üstündə qalmışdı. — Nə deyirlər?

— Siz konservatoriyanı bitirmisiniz, eləmi? — o, sevincək davam etdi. Mən darıxdım.

— Eee... əslində... hə... — mızıldandım.

Konsertmeyster vəzifəsini tərk etdiyimdən və ədəbiyyatla məşğul olmaq üçün tamamilə azad olduğumdan bir il keçmişdi. Bu çoxdan gözlənilən məşəqqətli azadlıq mənə hələ də mümkün olmayan xoşbəxtlik, qeyri-adi, yöndəmsiz bir şey kimi görünürdü. Musiqi ilə bağlı uzun illərin öhdəlikləri bütün dəhşətləri ilə arxamda qalmışdı və mən hələ də azad, azad, azad olduğuma tam inanmağa cəsarət edə bilmirdim. Uzun müddət ağır yük daşıyan və nəhayət, onu atan insan bundan sonra yüngüllüyünə və çevikliyinə şad olsa da, çiyinləri sızıldayır, beli ağrıyır, nəfəsi müntəzəm olmur.

Balaca nəzakətli adam mənə çoxillik katorqamı, bu yaxınlaracan kürəyimdə gəzən qamçımı xatırlatdı və çiyinlərim titrədi...

Ailə başçısı ağır kartof zənbilini yerə qoydu və zənbil ağır şəkildə asfalta yayıldı.

— Qızım barədə demək istəyirdim... — o, zənbilin izi qalan əllərini ovuşduraraq davam etdi. — O, çox qabiliyyətlidir, elə ağıllıdır ki, ondan həzz alacaqsınız! ..

— Aha, başa düşdüm, ona musiqi öyrətmək istəyirsiniz.

— Böyük həzz alacaqsınız, — o yalvarıcı tərzdə təkrarladı və birdən nəsə xatırlayıb, tələsik əlavə etdi: — Qiymətini siz deyin!

— Təəssüf ki, artıq musiqi ilə məşğul olmuram. Başa düşürsünüz də, qətiyyən... — Üzümə kədərli-nəzakətli ifadə verdim, hətta əllərimi də təəssüflə açdım. Sonra gözucu saatıma baxdım və səssiz inildədim: məni nəşriyyata yalnız zirək bir sürücü apara bilər.

— Necə yəni qətiyyən? — O, inamsız gülümsədi. — Heç do-mi-sol da yadınızda deyil?

— Do-mi-sol yadımdadır, — dedim, nəzakətlə, lakin qəti şəkildə dərhal imtina etmək əvəzinə, bəzi gülünc izahatlara, təkziblərə, təkidlərə cəlb olunduğumu hiss edərək məyus halda razılaşdım.

— Biz sizi çox istəyirik, — o dedi və ah çəkdi. — Həyətdə sizin haqqınızda çox yaxşı fikirdədirlər. Siz ondan həzz alacaqsınız, mənim Karinam çox bacarıqlıdır!

— İcazə verin, musiqiçi dostlarıma zəng edim və sizin Karinaya yaxşı bir müəllim tapım, — təklif etdim.

— Biz ancaq sizi istəyirik, — o, kədərlə, lakin israrla etiraz etdi. — Mərhum anası bunu çox arzulayırdı...

Başa düşdüm ki, qadın həlak olub. Ürkək adam özü də bilmədən məni ikinci dəfə ilişdirdi.

Mənim sərt qaydalarım var, imtina etməyi bacarıram. Vaxtımı necə dəyərləndirməyi və onu ehtiyacım olmayan insanların təcavüzündən qorumağı bilirəm. Ancaq bu insanları xoşbəxt etmək lazımdır.

Bir dost zəng edib, öz rejissor tanışının səhnələşdirdiyi tamaşaya rəy yazmağı xahiş edir.

— Yaza bilmərəm, dostum, — mən yumşaq tərzdə, ancaq qətiyyətlə deyirəm. — Bilirsən ki, mənim sərt qaydalarım var, bacarmadığım işə girişmirəm. Birincisi, mən teatr mütəxəssisi deyiləm, ikincisi, vaxt yoxdur, üçüncüsü də sadəcə istəmirəm. Bu da özlüyündə kifayət qədər üzrlü səbəbdir.

Dostum anlayışla razılaşır:

— Hə, hə, əlbəttə... Düz deyirsən... Amma başa düşürsən, adama yazığım gəlir. Həyat yoldaşı xəstəxanadadır, qızının qolu sınıb, ən əsası da heyvan direktoru onu gözümçıxdıya salıb, teatrdan sıxışdırır.

Mən təcili tərcümə işi ilə bağlı da nəsə mızıldanıram, amma sərt qayda — mənim döyüş atım artıq tanımadığım rejissorun bədbəxtliklərinə ilişib büdrədi, tapqır boşaldı və mən indicə yəhərdən yıxılacağam. Haradasan, döyüş atım? O, boynunu xamıtın altına qoyur, o artıq at deyil, işlək yabıdır, onu bizləmək olar. Dostum bunu əla hiss edir və təkid edir:

— Sənə söz verirəm: çox sanballı tamaşadır, yalan danışmağa belə ehtiyac yoxdur. Bir-iki xoş söz yaz, çətinliyə düşən insana dəstək ol. Haqqını alacaqsan...

Artıq haqqımı harada alacağımı dəqiqləşdirmirəm, çünki yəhərdən yıxılmışam. Mən ancaq kədərlə tamaşanın nə vaxt başlayacağını soruşuram.

Bundan sonra sürünə-sürünə mənə qətiyyən lazım olmayan pioner vicdanı haqda tamaşaya baxmağa gedirəm və gözlərimi bərəldərək düz iki saat bütün sinfin sevdiyi pioner baş dəstə rəhbəri rolunu oynayan qocaman aktrisaya baxıram. Əməkdar aktrisanın tromboflebitdən əziyyət çəkən qoca ayaqlarına baxır və kədərlənirəm... Üç gündən sonra qeyri-pioner vicdanımla əziyyət çəkir, ona xəstəxanadakı arvad və heyvan direktor haqda nəsə başa salmağa çalışıram, ancaq vicdanım üzüyumşaqlığımı cəhənnəmə göndərir və cavab verir ki, əgər heyvan direktorun yerinə olsaydı, tanışımın dostunu çoxdan teatrdan qovardı. Amma axırda iki vərəqlik bayağı, saxta şirəni birtəhər canımdan sıxıb çıxarır, həyasızcasına yalan danışıram. Məsələn, yaşlı pioner dəstə rəhbərini tamaşanın uğurlarından biri adlandırıram. Təbii ki, qondarma boz soyadla imza da qoyuram və prinsipial olaraq bu cəfəngiyyatın çap olunduğu qəzetin nömrəsini almıram. Amma vicdan, ya da nə bilim nə yaralanmış yeri uzun müddət sığallayır və ufuldayır.

— ...Hə, rəhmətlik anası çox arzulayırdı ki, — ailə başçısı sərt şəkildə təkrarladı, — Karina bir alətdə çalmağı öyrənsin... Qiymətini özünüz deyin.

— Pulun nə dəxli var! — Mən yenə müqavimət göstərməyə çalışdım, amma mənası yox idi. Elə şeylər var ki, öz müqəddəs mənaları ilə qətiyyətimi sarsıdır. Qız yetim idi, odur ki, mübahisəni davam etdirməyin faydası yox idi. Artıq nəinki lazımsız, həm də mənim üçün son dərəcə ağrılı bir işlə məşğul olacağımı — qıza musiqi dərsi verəcəyimi bilirdim.

— Yaxşı, məyus halda dedim. — Baxarıq... Bu gün axşam sizə gəlib, qızınızla tanış olaram...

O, sevincindən qızardı və tez-tez, qırıq-qırıq danışaraq, daha beş dəqiqə davam etdi. Mən nəzakətlə başımı tərpətdim və nifrətdən az qala huşumu itirəcəkdim, təbii ki, huşdan getmək üçün belə bir səbəb varsa. Ona, gələcək şagirdimə, zəifliyimə nifrət edirdim. Amma ən çox musiqi təhsilimə nifrət edirdim və bu gücsüz nifrət boğazımı qıdıqlayır, gözlərimi qaşındırırdı.

Axşam gur qırmızı lampa ilə işıqlanan darısqal dəhlizdə dayanmışdım və on iki yaşlarında qaraqabaq bir qız mənim üçün başmaq axtarırdı. Nəhayət, o, qapının arxasından köhnə dama-dama başmaqları çıxarıb qabağıma atdı:

— Ayaqyalın dayanmayın.

Otaqdan qoca bir kişi çıxdı — ağ saçlı və saqqallı, son dərəcə xoşsima, amma deyəsən dəli idi, çünki qız qaşlarını çatdı və hirslə qışqırdı:

— Sən nə istəyirsən? Get, get yat!

Bu qoca kişini dəfələrlə görmüşdüm. Yazda havalar isinməyə başlayanda, böyük nəvəsi köhnə Vyana kreslosunu qaçaraq həyətə çıxarır, zərif-zərif yaşıllaşan üzümlüyün altına qoyur, sonra evə qaçıb, ehtiyatla babasını çıxarırdı. O, Bibliya peyğəmbəri kimi yaraşıqlı, ağ başında araqçın saatlarla stulda oturub mürgüləyir, ya da boş xəyali baxışlarla həyətdə baş verənləri izləyirdi...

Qoca mənə baxdı və anlamadığım dildə qısa nəsə soruşdu. Şərq dili idi, ancaq özbəkcə deyildi; özbək dilini bilmirəm, doğrudan bilmirəm, sadəcə qulağım və damağımla hiss edirəm.

Qız qışqırdı:

— Yox, anam deyil! Sənə deyirəm, get öz otağına!

Bu zaman başqa bir qız gördüm, o daha kiçik idi. Qapının çərçivəsinə qısıldı və sakitcə gülümsəyərək mənə baxdı. Onun parlaq şəffaf gözləri nəinki mehriban, hətta sevgi doluydu. O bu baxışı ilə ətrafdakı hər şeyi sığalladı — məni də, bacısını da, dəli babanı da, qapının çərçivəsini də. O hamını, hamımızı sevirdi...

— Salam, — ona dedim. — Mən sənə musiqi öyrətməliyəm?

— Yox. Mənə — böyük qız donquldandı. — Siz içəri keçin, mən indi gəlirəm. Orada kotlet qızardıram...

O qeyb oldu. Qoca hələ də səssizcə, nigaran və ümidli baxışlarla mənə baxırdı, sonra yenə kiçik qızdan nəsə soruşdu. Qız başını tərpətdi və mənə ötəri gülümsəyərək dedi:

— Yox, bu anam deyil. Get yat, baba... — o, qocadan yapışıb, həmin şərq dilində astaca nəsə deyə-deyə onu mənzilin içərilərinə apardı.

Böyük otaqda köhnə divan, bufet, bir neçə Vyana stulu və yəqin ki, elanla alınmış qara, köhnə “Oktyabr” pianosu vardı... Ərzaq mağazamızın taxta divarı telefon nömrələri yazılmış kağız saçaqları olan belə elanlarla dolu idi.

Pianonun qapağında tutqun vəhşi gözləri olan kül rəngdə tüklü pişik oturmuşdu. Onu qovub, qapağı qaldırdım və alətin kökünü yoxladım. Bu yaxında köklənmişdi, səsi boğuq olsa da, təmiz idi.

Fırlanan kətildə oturdum. Əksim dərhal qammalardan kütləşmiş və qəmginləşmiş uşaqlıq və yeniyetməliyimin yol yoldaşı olan alətin cilalı gövdəsinə düşdü. Bir il idi görüşmürdük, uzun xoşbəxt bir il və bu müddət ərzində ona bircə dəfə də yaxınlaşmamışdım. Budur, yenə görüşdük...

Ah, mənim qara adamım, qara gözcükləri olan “alter ego”m, almacıq sümükləri tutqun halda parıldayan uzun ağır yuxum, şüurumun alt qatı, salamlar...

Yadırğamış barmaqlarımla minor akkordu götürüb ayağımı pedala basdım. Rütubətli havada kədərli bir ahəng titrədi. Sonra həmişə xatırladığım və sevdiyim şeyi — Şopenin “Fantaziya-Ekspromt”unu çaldım. Zərif və şıltaq melodiyanın mirvari ilmələri, ilgəkləri ürəyimin ətrafına, bir az yuxarı qalxaraq boğazıma dolanmış hıçqırıq kəməndinə çevrildi...

Bir neçə takt çalıb dayandım: bir ildir klaviaturaya toxunmayan barmaqlarımı protez kimi hiss etdim. Budur lənətə gəlmiş nankor sənət, gərək hər gün ona saatlarla ağır əmək sərf edəsən, yoxsa heç nə qalmayacaq.

Yanımda sakitcə ah çəkdilər. Kürəyini divar kağızına sıxan balaca qızcığaz nəvazişlə gülümsədi. Sonralar onun təkcə qohumlarına — babasına, bacısına, atasına yox, həm də əşyalara qısıldığını gördüm, balaca cüssəsi sanki dünyadakı hər şeyə sevgiylə aşıb-daşırdı, gözünə görünən hər şeyə sıxılmaq, əyilmək, hər şeyi sığallamaq yanğısı vardı balaca canında.

— Nədi? — Ondan soruşdum. — Niyə gülürsən?

— Musiqi, — klaviaturanı göstərərək pıçıldadı. — Gözəldir... Kürəciklər kimi yayılır...

Böyük qız önlüyünü aça-aça mətbəxdən çıxdı. Dəyirmi taburetdən qalxıb əlimi onun kürəyinə qoydum:

— Otur, — dedim və özümə Vyana stulu gətirdim. Karina itaətkarlıqla kətilə çökdü, büküldü, əllərini dizlərinə qoydu və diqqətlə pianodakı əksinə baxmağa balşadı. Bu qız mənə kimisə əzablı şəkildə xatırladırdı. O dərəcədə əzablı ki, hətta yaddaşımı belə qurdalamaq istəmirdim.

— Qalx görüm, — dedim. — Kətil hündürdür, gəl onu aşağı salaq.

Kətili fırladıb endirdik... O, yenə əllərini dizlərinə qoyaraq müticəsinə oturdu və gözlərini laqeydcə öz əksinə zillədi; adətən qoca çoban çöllükdə uzaqlara belə yanğılı baxır.

Hiss etdim ki, indi ona canlı, insani bir şey söyləməliyəm, çünki o məndən məhz insani nəsə gözləyir. Yəqin fikirləşir ki, qarşısında oturduğu alətin fortepiano adlandığını deyəcəyəm... Yox, əzizim, ilk musiqi dərslərimi çox yaxşı xatırlayıram...