Mənim leytenantım
(romandan parça)
İlk bombardman
Müharibə vaxtı hələ sütül cavan idim, gerçək və dəhşətli bir qorxu bürüdü canımı. Bu, ilk bombardmanla bağlı oldu. Qisasçı xalq eşelonumuz 1941-ci il iyulun əvvəlində ön cəbhəyə yola düşdü. Həmin vaxt alman qoşunları sürətlə Leninqrada yaxınlaşırdılar. İki gündən sonra eşelon Leninqraddan yüz əlli kilometr aralıdakı Batetski stansiyasına çatdı. Xalq qisasçıları qatardan enəndə alman təyyarələri bizi bombalamağa başladı. O təyyarələrin say-hesabını bilmirdim. Mənə qalsa, bütün səma təyyarələrin çoxluğundan qaralmışdı. O tərtəmiz, ilıq yay səması uğultudan titrəyirdi, gurultu getdikcə artırdı. Uçuşan qara kölgələr çökmüşdü üzərimizə. Qum təpəciyindən aşağı yumbalanmaqla, mən yaxınlıqdakı kolun dibinə cumdum, üzüüstə uzanıb, başımı kolluğa dürtdüm. İlk bomba düşəndə yer titrədi, sonrakı bombalar isə topayla töküldülər, bir-birinə qarışan partlayış və gurultu səslərindən hər tərəf lərzəyə gəldi. Seçilmiş hədəflərə təyyarələr bir-birinin ardınca bomba yağdırırdılar. Hədəf isə mən idim. Onların hamısı məni nişan almağa can atırdılar, yerə tərəf şığıyanda məhz mənə sarı cumurdular, çünki propellerləri mənim saçlarımı tərpədirdi.
Təyyarələr ulaşdıqca, yerə doğru uçan bombalar daha betər vıyıltı qoparırdı. Onların nəriltisi adamın lap beyninə işləyirdi, köksünə, qarnına saplanmaqla, içalatını alt-üst edirdi.> Uçan bombaların qorxunc vıyıltıları bütün fəzanı bürümüşdü deyə, orada nalələrə yer qalmırdı. Uğultu kəsilmək bilmirdi, o, içimdəki olan-qalan hissləri də çəkib-çıxarırdı və adam başqa bir şey barədə düşünməyə acizlik çəkirdi. Dəhşət hissi məni tamamən öz ağuşuna gömmüşdü. Partlayış səsləri nisbətən xəfiflədici təsir bağışlayırdı. Qəlpələrə tuş gəlməyim deyə, az qala yerə yapışmışdım. Qorxu məni buna vadar edirdi. Elə ki mərmi vıyıldayıb keçdi — bir saniyəliyinə nəfəsimi dərə bilirdim. Qorxudan bədənimi yapışqanvarı, fərqli, iyrənc və pis qoxulu tər bürümüşdü, onu silməkdən ötrü gərək başımı dikəldəydim. Ancaq oradan, günəşli və qayğısız görünən səmadan növbəti, nisbətən vıyıltılı bombalar enməyə başlayırdı. Bu dəfə təyyarənin qapqara xaçı düz mənim sığındığım kolun üzərinə düşdü. Büzüşməyə, bədənimin ölçülərini hər nə cürsə kiçiltməyə çalışdım. Çəmənin fonunda bədənimin, dolaqlı ayaqlarımın aşkar seçildiyini təxmin edirdim, kürək qismimdə sırınmam da qabarıb, durmuşdu. Başıma bir çəngə torpaq səpələndi. Daha bir həmlə. Şığıyan təyyarənin gurultusu məni torpağa sıxırdı sanki. Belədə həyatımın son anlarının gəlib çatdığını düşünürdüm. Dua edirdim. Halbuki heç bir dua-zad da bilmirdim. Axı heç vaxt Tanrıya inanmamışdım, ali təhsilini təzəcə başa vuran biri kimi, astronomiyanın və fizikanın bütün qanunlarından çıxış edərək, mən Tanrının yoxluğuna inanır, amma yenə də ona yalvarırdım.
Göylər məni ələ verirdi, heç bir diplom və biliklər dadıma yetişmirdi. Hər tərəfdən üstümə yağan ölümlə təkbətək qalmışdım. Qurumuş dodaqlarım pıçıldayırdı: Tanrım, mənə rəhmin gəlsin! Qoru məni, qoyma ölüm, yalvarıram, onları mənə tuş gətirmə, Tanrım, rəhm elə! Məhz indi əzəldən bəri eşitdiyim o kəlmələrdəki dərinlik mənə əyan oldu — Tanrım... rəhm elə!.. İndiyədək gizli qalan o dərinliyin qoynundan nələrsə boy göstərdi, heç bilmədiyim, dilimə gətirmədiyim səmimi sözlər mənə tərəf çağlayıb gəldi — Tanrım, məni hifz elə, yalvarıram sənə, bütün müqəddəslərin xətrinə... Yaxınlıqda partlayan bombanın təsiriylə kiminsə qanlı cəsədi havaya uçdu, sonra isə şappıltıyla yerə çırpıldı. Su nasosunun hisdən qaralan yüksək gövdəsi ağır-ağır, yuxulu kimi, səssizcə əyilməyə başladı və vaqonların üstünə aşdı. Parovozun düz qarşısında partlayış baş verincə, o da bir növ cavab olaraq, bəmbəyaz buxar püskürməklə buna qarşılıq verdi. Partlayışlar ucbatından relslər əyildi, şpallar ora-bura sıçradı, vaqonlar böyrüüstə aşıb-qaldı, stansiya binasının pəncərələri al qırmızı rəngə büründü, ancaq bütün bunlar haradasa xeyli uzaqda baş verirdi, bunları görməməyə, o tərəflərə baxmamağa çalışırdım, yamyaşıl çəmənə göz qoyurdum, oradakı qısa otların arasında kürən qarışqalar gəzişirdi, şişman və bəyaz tırtıllar budaqlardan sallanırdı. Çəmənliiyin qoynunda bu gözoxşayan, təmkinini heç pozmayan və məntiq dolu yay həyatı öz qızğın çağında idi. Nifrətin və ölümün at oynatdığı bir səmada> Tanrı var ola bilməzdi. Tanrı hər halda indi burada, bu çiçəklərin, böcəklərin və sürfələrin yanında olmalıydı...
Təyyarələr hərlənib-fırlanıb, geri gəlirdilər, onların ölüm saçan halayının sonu yox idi deyəsən. Onlar bütün dünyanı yox etməyə niyyətliydilər. Yoxsa mən cəbhədə yox, bu cür, yəni düşmənə bircə güllə atmadan, bir heçlik kimi gəbərib-gedəcəkdim?! Əlimdə bir qumbara var idi, ancaq onu da üstümə şığıyan təyyarələrə ata bilməzdim axı. Qorxu hissi məni yamanca əzirdi. İçimdəki dəhşət heç bitib-tükənənə oxşamırdı! Bombardman ucbatından içimdəki qorxunun yeni-yeni dalğaları var gücüylə üstümə şııyırdı, məni alçaldıb, utandıran bu hisslə bacarmam əsla mümkün deyildi.
Dəqiqələr ötsə də, hələlik sağ idim, məni titrək bir seliyə çevirə bilməsələr də, mən artıq insan da sayılmazdım, çünki içi dəhşət hissiylə dolub-daşan bir heçliyə çevrilmişdim.
...Səssizlik ağır-ağır geri dönməkdə idi. Yanğın dalğalarının çırtıltısı, fışıltısı kəsilmək bilmirdi. Yaralılar zarıyırdılar. Havada yanıq qoxusu vardı, toz və tüstü bu durğun havaya çökmüşdü. Səma heç bir zədə görmədiyindən əvvəlki kimi gözəl və qüsursuz idi. Quşlar ötürdü. Təbiət öz axarına dönməkdəydi. Qorxu hissi ona yaddır axı. Mən isə hələ uzun müddət özümə gələ bilmədim. Sanki ruhum bədənimdən çıxmışdı, özümdən iyrənirdim, çünki özümün qorxaq olduğum barədə heç düşünməmişdim.
Bu bombardman edəcəyini etdi və məni bir əskərə çevirdi. Elə başqalarını da. Yaşadığımız dəhşət bədənimizdə bəzi dəyişikliklərə yol açmışdı. Sonrakı bombardmanları biz daha fərqli dərk edəcəkdik. Qəfildən mənə elə gəldi ki, onlar çox da qorxulu deyillər. Onlar ilk növbədə psixikaya təsir göstərirdi, yoxsa əskərlər cərgəsinə qatılmaq elə də asan iş sayılmazdı. Özümün zədələnməz biri olduğuma inanmışdım mən. Bu — əskərlərə xas özəl bir duyğudur, onun sayəsində əskərlər soyuqqanlı şəkildə özlərinə dalda yer tapırlar, çıxartdığı vıyıltıya görə uçan mina və ya mərminin haraya düşəcəyini təyin edirlər, bütün bunlar ölümün qaçılmazlığının yox, məhz döyüş bacarığının dəlilidir.
Qorxuya qalib gəlməkdən ötrü biz müqavimət göstərirdik, atəş açır, düşmənə təhlükə yaradırdıq.
Müharibənin ilk ayları boyu özlərinin dəbilqələri, yaşıl şinelləri, avtomat silahları, tankları, səmadakı üstünlükləriylə almanlar bizə qorxu hissi aşıladılar. Bizə yenilməz kimi göründülər. Geriyə çəkilməmiz də əsasən bununla izah olunurdu. Onlar silahları baxımından bizdən üstün idilər, bir də guya döyüşçü kimi peşəkarlıqlarıyla seçilirdilər. Biz isə qisasçılar idik, miskin görünürdük: göy rəngdə süvari qalifelərimiz, uzunboğaz çəkmə əvəzinə botin və dolaqlarımız vardı. Şinel əynimizə böyük gəlirdi, başımızda isə pilot papağı vardı...
Aradan üç həftə, sonra bir ay da ötdü və hər şey dəyişməyə başladı. Bizim mərmi və güllələrin də düşmənə aman vermədiyinə şahid olduq, yaralanan almanların da zarıyaraq öldüyünü gördük. Bəzi döyüş epizodlarında biz onların meydandan qaçdığına şahid olduq. Bu, bizim kəşfimiz idi. Əsir götürdüyümüz almanlardan öyrəndik ki, biz də, yəni göy qalifeli qisasçılar da, onların canına qorxu salırmışıq. Luqa istiqamətində düşmənin inamlı hücumu da məhz qisasçıların dönməzliyi, rəşadəti hesabına dayandırılmışdı. Alman birləşmələri orada> çıxılmaz duruma düşmüşdülər.> Görünür, ilk və sarsıdıcı zərbələrin çaşqınlığından ayılırdıq artıq. Qorxu hissi bizi tərk eləmişdi.
Blokada dövründə hərbi səriştələrimiz bərabərləşmişdi. Bizim ac-yalavac, daima mərmi qıtlığı çəkən döyüşçülərimiz tox, yaxşı silahlanmış düşmən qarşısında sırf ruh üstünlüyü sayəsində bütün o 900 gün ərzində öz mövqelərini qoruyub-saxlamışdılar.
Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qorxunu yenməklə bağlı təxminən elə eyni proses paralel olaraq bizim digər cəbhələrdə də baş verirdi. Müharibədə qorxu hissi həmişə olub. Hətta o, köhnə əskərlərə də> təsir edir, ancaq onlar nədən çəkinməli olduqlarını, özlərini necə aparacaqlarını artıq bilirlər, qorxunun insanı gücdən saldığına da yaxşı bələddirlər.
Fərdi və kollektiv qorxuları da bir-birindən ayırd eləmək lazımdır. Sonuncu adını çəkdiyim hissi panika doğurur. Məsələn, mühasirəyə düşmək təhlükəsi bu qorxuya yol açır. O, qəflətən yaranır. Alman avtomatlarının sizdən arxa tərəfdə açılması və “Mühasirədəyik!” bağırtısı mütləq qaçışla nəticələnir. Belədə necəgəldi geriyə qaçırsan, daha yol-yolaq da axtarmırsan, yetər ki, mühasirədən qurtulasan. Nə özün qaçmaya bilir, nə də qaçanları saxlaya, tuta bilirsən. Kütləvi qorxu düşüncələri də iflic edir. Döyüş əsnasında əsəblər hədsiz gərgin vəziyyətdə olur, odur ki, bircə çığırtı, bircə qorxaq da qalan döyüşçülərdə panika yarada bilir.> Müharibənin ilk aylarında biz mühasirə qorxusu yaşayırdıq. Sonralar mühasirədən çıxmağın, onu yarmağın üsullarını öyrəndik deyə, ondan duyduğumuz əndişə də qeybə çəkildi.
Qəribə burasıdır ki, qorxunun tək əlacı gülüşdür. Qorxan adam adətən gülmür. Amma elə ki güldü, qorxu hissi keçib-gedir, çünki o, gülüş qarşısında duruş gətirə bilmir, gülüş onu məhv edir, alt-üst edir, sıfıra endirir, ən azından bəlli müddətə də də olsa, onu qovub, aradan çıxarır. Bununla bağlı mən görkəmli yazıçı Mixail Zoşşenkodan eşitdiyim bir əhvalatı burada sizinlə bölüşmək istərdim.> Ölümündən bir qədər əvvəl Yazıçılar Evində onun yaradıcılıq gecəsi təşkil olunubmuş.
Həmin vaxt Zoşşenko gözümçıxdıya salınırmış, nə əsərləri çap olunurmuş, nə də çıxışlarına icazə verilirmiş. Həmin gecəni də gizlicə təşkil edibmişlər. Guya yazıçı tədbirdə özünün yaradıcılıq hesabatını verəcəkmiş. Məhdud sayda qələm adamına dəvətnamə göndərilibmiş. Zoşşenko bundan məmnun imiş, çünki son dövrdə evinə qapanıbmış, qorxduqları üçün onu heç yerə dəvət etmirmişlər, o da tədbirlərə qatılmırmış.
Tədbir əsl bayram əhval-ruhiyyəsində keçir. Zoşşenko hansı mətnlər üzərində çalışdığından söz açır. Demə, o, “Həyatımdan yüz heyrətamiz əhvalat” adlandırdığı hekayələr silsiləsini yazırmış və onlardan bəzilərini o gecə bizlərlə bölüşdü. Hekayələri kağızdan oxumurdu. Çünki yanında əlyazma-filan yox idi. Görünür, onları hələ qələmə almağa fürsət tapmayıbmış. Onlardan birinin bu mövzumuzla birbaşa əlaqəsi var idi. İndi həmin əhvalatı mən yaddaşımda qaldığı şəkliylə, yəni sırf Mixail Zoşşenkonun sahib olduğu o bənzərsiz dillə yox (buna təəssüflənirəm), öz sözlərimlə sizlərə təqdim edəcəyəm.
Hadisə müharibə vaxtı Leninqrad cəbhəsində yaşanıbmış. Bir qrup kəşfiyyatçımız meşə yoluyla irəliləyirmiş. Payızın axırı imiş. Ayaqlar altda xışıldayan xəzəllər döyüşçülərin ətraf aləmə qulaq kəsilməsinə maneçilik törədirmiş. Onlar avtomatlarını atəşə hazır vəziyyətdə saxlamaqla, xeyli yol qət edirlər, ola bilsin, bir az da yorulurlar. Yol qəfil yana burulunca, onlar almanlarla burun-buruna gəldiklərinə şahid olurlar. Bu da düşmən tərəfin kəşfiyyat dəstəsiymiş. Hər iki tərəf karıxıb, qalır.
Hər hansı komanda gözləmədən almanlar yolun bir kənarındakı küvetə tərəf sıçrayırlar, bizimkilər isə — qarşı tərəfdəki küvetə. Alman əskərlərindən bir cavantəhəri isə özünü itirdiyindən sovet əskərlərinın olduğu küvetə atılır. Həm də əvvəlcə bu səhvinin fərqinə varmır. Elə ki gözləri böyründəki əskərlərin ulduzlu pilot papağına sataşır, dəhşətdən əl-ayağa düşərək, o, bağırır, özünü küvetdən bayıra atır və olduğu yerdən görünməmiş uzunluqda bir sıçrayış etməklə, həm xəzəlləri havaya sovurur, həm də bütün yolun üstündən adlamaqla, özününkülərin yanına düşür. Dəhşət hissi onu necə sarsıdıbmışsa, çox yəqin, o adam həmin an rekord sayılacaq bir sıçrayış edibmiş.
Bunu görüncə, həm bizim əskərlər, həm də düşmən tərəfi uğunub, gedib. Qarşı küvetlərdə mövqe tutub, avtomatlarını bir-birlərinə tuşlasalar da, o zavallı cavan əskərə hamılıqla və ürəkdən gülüblər. Bunun ardınca bir-birinə atəş açmaq da yolverilməz imiş. Onları insanpərvər hisslərə kökləyən səbəb məhz gülüş olub. Vəziyyət belə olunca, almanlar kor-peşman öz küvetlərindən bir tərəfə, bizimkilər isə əks tərəfə sürünməyə məcbur qalıblar. Düşmən tərəflər bircə atəş də açmadan həmin yerdən uzaqlaşıblar.
Yay bağı
Ayrılmazdan öncə biz üçlükdə Petrov sarayının arxasında, qədim romalılara xas iri yanbızlı mərmər ilahənin ardındakı o xəlvət guşədə görüşmüşdük. Ora bizim sevimli məkanımız idi. Həm də sevdiyimiz qızlarla görüş yerimiz idi ora. O kölgəli, sərin guşədən ətrafa boylananda günəş şüalarının Yay bağının biçilən otları arasında necə ləng şəkildə yayıldığına şahid olurdun.Dostlarımdan Ben zenit hərbi hissəsinə, Vadim isə sahil artilleriyası hissəsinə düşmüşdü. Onlar öz toplarıyla öyünürdülər, hər ikisi hələ universitet tələbəsi ikən leytenant rütbəsi almışdı, qırmızı “kub”lar qəttəzə mundirlərinin yaxalığında bərq vururdu. Zabit formasında tamamilə fərqli görünürdülər. Vadim xüsusilə gözəgəlimli idi: tağalağını (özü demişkən, tuğalağını) özündənrazı halda geri itələmişdi, belini gərən qayışının toqqasında isə beşguşəli ulduz diqqəti çəkirdi. Özünə başdan-ayağa əl gəzdirmişdi, baxımlıydı yəni. Benin isə salxan bir tipi vardı, mülki həyat tərzi hələlik onu tərk etməmişdi, üz-gözündən qüssə yağırdı, yaxın vaxtda bizimlə ayrılığa necə dözəcəyinin fikrini çəkirdi, əlbət.
Mən isə onlarla ümumiyyətlə müqayisəyə gələmməzdim: pambıq parçadan tikilən mundirim nimdaş idi, ayaqlarıma kiminsə köhnəsi sayılan botinləri taxmışdım, dolaqlarımdan əlavə, bir də süvarilərə məxsus göy rəngli qalife şalvarım vardı. Bizə, yəni xalq qisasçılarına məhz bu geyimi paylamışdılar. Uzun illər sonra mən həmin gün çəkdirdiyimiz o köhnə və artıq qaralmış fotonu tapacaqdım.
Tanınmış foto-rəssam Valera Plotnikov bilgisayarın və cadu-ovsunun köməyi ilə bizim üçümüzün o son görüş əsnasında çəkilən görüntümüzü dünya işığına çıxarmağı bacardı və mən özümü məhz həmin qiyafədə təkrar görə bildim. Əcəb də görkəmim var imiş — məhz bu kökdə mən o vaxt cəbhəyə yollanmışdım. Onların o vaxt mənə rişxəndlə güldüyünü, düzü, heç xatırlamıram, əksinə, Vadimin acıqla deyinirdi ki, məni, özünü könüllü güllə qabağını atan birisini, bunlar normal geyindirə də bilmirlər ki?!
Bütün mitinqlərdə bir çağırış kimi səsləndirilən şüarı onlar istehza ilə təkrarlayırdılar: “Leninqradın müdafiəsində sinəmizi sipərə çevirək!” Sinəmizi sipər edəcəyiksə, deməli, başqa heç nəyimiz yox idi də, eləmi? Sinəmizi avtomatlara, tanklara sipər edək?! Əcəb axmaq ifadə idi, ancaq sənin dolaqlarına baxanda düşünürsən ki, hə, yenə sinəmiz bəlkə bir işə yaradı!
Mən də dedim> ki, elə bu dolaqlara görə də sağ olsunlar, çünki bu qisasçılar dəstəsinə qoşulmaqdan ötrü mən özüm xahiş-minnət eləmişdim.
Dostlarım soruşmuşdular:
— Quru qoşununda piyada olmaq üçünmü? Nəyinə gərək idi axı qisasçılıq?! Onlar — təlimsiz kütlədir, top qabağına göndərilənlərdir. Ben deyirdi ki, müharibə — məhz peşəkarların görəcəyi bir işdir.
Onların bu canıyananlığından təsirlənmişdim, düzü. Çünki hər iki dostumu mən əsl bəxtəvər sanırdım. Universitetdə Vadimin gələcəyinə çox böyük ümidlər bəsləyirdilər. Nəzəri fizikanın dühalarından sayılan akademik Fok şəxsən buna dair fikir söyləyibmiş. Vadimin böyük kəşflərdən ötrü bu dünyaya gəldiyi düşünülürdü. Ben isə riyaziyyatçı kimi ad çıxarmışdı, ona şəxsən Lurye hamilik edirdi, o da tanınmış alim idi. Elmlər doktoru, bəlkə də hələ müxbir üzv idi.
Sıravi bir mühəndis kimi onlarla dost olmağımla mən fəxr edirdim, axı mənə heç kim ümid bəsləmirdi... Onlarla bir araya gələndə mən həmişə yontanmamış adam təsiri bağışlayırdım, mənimlə müqayisədə onlar əsl kübar sayılmalıydılar. Özümdəki bəsitliyi heç cür aşa, yenə bilməsəm də, onlar məni məhz olduğum kimi sevirdilər.
Vadim cibindən araq qumqumasını çıxartdı, bildirdi ki, Birinci dünya hərbindən qalan bu qab ona atasının yadigarıdır. Növbə ilə içki içib, şəkil çəkdirdik. Benin xudmani bir “Leyka” aparatı var idi.
Şəklimizi çəkməyi isə yoldan ötən birindən rica elədik. Obyektivin işıldayan “gözü” bizə dikildi, bir anlığa oradakı zülmət yarıldı və hər birimizi gözləyən dumanlı, qaranlıq gələcək bizlərə göründü. Vadim ciddiləşdi, Ben isə bizi qucaqlayaraq dedi ki, tək vəzifəmiz — düşmənin axırına çıxmaqdır, o “qəfil hücum” amilindən qurtulacağımız an biz ona sarsıdıcı zərbələr endirəcəyik, çünki
...tayqadan ta Britaniya dənizlərinə qədərki ərazilərdə
Qızıl Ordu
hamıdan
daha güclüdür!
Vidalaşarkən bu ayrılığımızın qısa sürəcəyini düşünürdük. Bütün hallarda düşməni yerlə-yeksan edəsiydik.
Amma çox qısa müddətdə məyusluğa qapıldıq, sonra bu çarəsizliklə, çarəsizlik isə həm düşmənə, həm də öz komandirlərimizə qarşı hiddət hissiylə əvəzləndi, ancaq hələ də içimizdə gərgin və küt bir inam hissi gizlicə kök salmışdı.
Mərkəzi xiyabanla addımladığımız vaxt Qədim Roma tanrıları bizi süzürdülər, bütün bu yaşananlar — müharibə, bir imperiyanın çöküşü, vəba və xarabalıqlar — onlara hədsiz tanış gəlirdi yəqin.
Noyabr ayında mən Kareliya cəbhəsində vuruşan və zenit batareyasına rəhbərlik edən Bendən məktub aldım: ən son sətirlərdə — görünür, bu xəbəri bölüşməyə tərəddüd edirdi — o, Vadimin Oraniyenbaum yaxınlığında həlak olduğunu onun universitet yoldaşlarından öyrəndiyini bildirirdi.> Ben ən sonda yazmışdı: “Amma mən buna inanmıram”. Həmin vaxt artıq ölümlərə alışmama rəğmən, elə mənim də bu xəbərə inanmağım gəlmədi. Buna nə müharibə illərində inandım, nə də indi inanıram.
Həmin bazar günü
Qəribə cəhət də orasıdır ki, bu qəribəlik barədə mən heç vaxt düşünməmişdim, onu sadəcə məzəli bir təsadüf sayırdım.> Qəlbimdəki sevgi məhz 1941-ci il iyunun 22-də şiddətləndi, sanki bunu öz-özümə də məhz 22 iyun tarixində və təsadüfən etiraf elədim: həmin bazar günü səhər çağı biz Duderhofdakı talaya gəzib-dincəlməyə getmişdik və özümüzə xəlvət bir guşə axtarırdıq. Sonradan özümə də etiraf etdiyim kimi, niyyətlərim son dərəcə iyrənc idi. O çılğın gənclik dövrümdə mən qadından ala biləcəyim şeyə nail olmaqdan ötrü istənilən üsula əl ata bilirdim. Axı qadınlar özləri də “o məsələ” ilə bağlı “canım çəkir”, “verərəm”, “vermərəm”, “kimə istəyirəm, ona da verərəm” kimi ifadələr işlədirlər.
Həmin vaxta qədər mən qadınlarla iş tuturdum. Bəkarətlərini kimin aldığını biləmməzdim, mənə qədər kimsə “siftələrini etdiyindən” adətən məşuqələrim bu işdə müəyyən təcrübə sahibi olurdular.
İndiki halda isə vəziyyət fərqli idi. Həm də tamamilə fərqli. Hiss edirdim ki, qız bakirədir. Əslində bu xüsus məni sevindirməkdən daha çox hürküdürdü. O vaxtlar əxlaq qaydalarına ön hökmlərlə yanaşmazdılar. Sonradan öyrənəcəkdim ki, qorxu hissi məndən daha betər şəkildə qızın içini gəmirirmiş.
O gün səma gömgöy idi, yasəmənlər çiçəklədiyindən havalar isinmişdi, yaydakı gecə-gündüz bərabərliyi də gəlmişdi artıq, bəyaz gecələr başlamışdı və qanımız qaynayırdı.> Məhrəmliyimiz özünün həlledici məqamına yaxınlaşmışdı. Bilmirdim o həddi aşım, yoxsa hələlik bundan imtina edim? Nə mən bundan vaz keçərdim, nə də o qız. O, mənim niyyətimdən> hali idi, onun bundan agah olduğu isə mənə bəlli idi, elə bu səbəbdən öz halımıza baxıb, sürəkli gülürdük. Gülərkən qız başını geri əyirdi, tünd rəngli saçlarını yana atmaqla: “Oy suya bax!” deyirdi və o ara gözoxşayan, yaraşıqlı dişləri sanki mənə lap “gəl-gəl” deyirdi. Qəhqəhələrimiz mənim daha şux zarafatlar etməmə səbəb olurdu.
Beləcə, mən qızın könlünü fasiləsiz şəkildə fəth etməyə çalışırdım. Sevgi macəramız üç ay idi başlamışdı və mən qızdan daha dərin bir məhrəmlik umurdum. Onun pərəstişkarları arasında yaşlı-başlı əmilər də vardı. İmkanlı biri restoranlara aparmaqla, ona kürü yedirir, bu hünəriylə mənim qarşıma keçib, öyünürdü də. Bir digəri mərkəzi laboratoriyanın məsul əməkdaşı idi, təbii ki, həm yaraşıqlıydı, həm də istedadlı.> Bir bəhanə ilə mən laboratoriyaya girib, öz rəqibimə nəzər salmışdım. Adam, həqiqətən də, canlara dəyən birisi idi, həm məndən hündür idi, həm də qıvrım saçları və nəcib bir təbəssümü vardı.> Rimma bunları özündən uydurmurdu, çünki yalanla işi olmazdı və onun bu dürüstlüyü adamı tamam karıxdırırdı.
Zavod kitabxanasından elektrotexnikaya aid bir Amerika jurnalı götürüb, onu cibimə elə tərzdə dürtmüşdüm ki, diqqətçəkən qapağı və adı kənardan da görünsün. Qoy görsün ki, mən də onun üçün uşaq-muşaq deyiləm ha. Hətta Duderhofda ikən də mən enli bir arxın üzərindən hoppanmaqla, rekorda imza atmışdım. Baharda insanın yaşamaq eşqi necə kəllə-çarxa vurursa, kişi cinsinin təmsilçiləri öz üstünlüklərini hər barədə göstərməyə, başqalarından seçilməyə can atırlar: haradansa onlara çeviklik və güc bəxş olunur, qədim instinktlər özünü büruzə verir, insanoğlu öz təbii başlanğıcına, yəni gerilərə dönür, durmadan sevgi nəğmələri ötür — ağacdələnlər də dimdikləriylə ağac gövdələrini döyəcləməklə öz eşq məktublarını tıqqıldadarkən başlarına heç heyfləri-zadı gəlmir və onlar bunu sırf dişilər üçün də etmirlər. Təbiətlə bəxtəvər bir ittifaqdır bu. Biz də eyni ruha sahibik, biz də oxumağa, otluqda ora-bura yumbalanmağa, qapışmağa hazır oluruq. Heç gözləmədiyimiz halda, meşənin memarları tərəfindən tərtibat verilmiş özəl bir guşə zühur elədi qarşımızda. Yerə uzandıq, aramızda təmaslı, öpüşlü, təkrar təmaslı bir oyun başlandı. Mənə elə gəlirdi ki, qızın inci dişlərinə, təmiz nəfəsinə təbiətin şəhdi-şirəsi qarışıb, sanki onları öpərkən günəşi, yamyaşıl, təzə-tər yarpaqları öpürəm mən.
Sonralar tez-tez öz-özümdən soruşurdum ki, axı niyə başqa dodaqlar, başqa vücudlar da, gözəl və cavan olmalarına baxmayaraq, mənə eyni həzzi bəxş etməmişdilər? Başımızın üstündə yüksələn cökə ağacı günəş şüalarının önünü öz yaşıl çətiriylə kəsirdi, bürkülü və bəxtəvər bir gün gözlənilirdi. Qəfildən səslər, sağdan-soldan, həm də getdikcə yaxınlaşan qaba və sərt səslər eşitdik, sonra onlara kimlərsə cavab verdi.
Yerdən qalxdığım zaman əskərlərin pilot papaqlarını gördüm. Onlar cərgəylə bizə tərəf gəlir, dayandıqları vaxt yerə hansısa işarətlər basdırırdılar. Yaxalığında bircə “kub” olan kiçik leytenant bizə yanaşıb, dedi:
— Tez gedin, burada qalmaq olmaz.
Maraqlandım:
— Nə olub axı?
O, qısaca:
— Müharibə başlanıb, — deyərək>, tez harayasa qaçdı.
Bizi bundan daha betər bir duruma, hətta istəsəydi belə, heç kəs sala bilməzdi. Həm də ətrafımızdakı cəh-cəhlə bu nəhs xəbər heç cür uzlaşmırdı axı.
Əl-ələ tutub, qaçdığımız, uğunduğumuz, addımladığımız sonrakı dəqiqələrdə Rimma daha füsunkar görünürdü.
Axşama doğru geri döndük. Qatar adamla doluydu. Biz bir-birimizə qısılaraq, tamburda dayanmışdıq və buna sevinirdik. Ətrafımızdakılar müharibədən, bombardmanlardan söz edirdilər. Kimlə idi müharibə, almanlarlamı? Mən təəccüblənib, eşitdiklərimə inanmasam da, deyilənlərin gerçəkliyinə artıq əsla şübhə bəsləmirdim. Bu gerçəyin məğzini hələlik dərk eləmirdim, ancaq ümumi həyəcan, ən nəhayət, bizə də sirayət eləmişdi.
Sevgi macəramızın necə davam edəcəyi bəlli deyildi, cavanlıq daima yeni sevgi sərgüzəştləri tələb etdiyi üçün, çox yəqin, mən ondan tezliklə bezəcəkdim.
Vağzaldan mən zavoda yollandım. O söz-söhbətlərin gerçəkliyindən, baş verənlərin inanılmazlığından əmin olmalıydım axı.
Zavodda artıq qisasçılar dəstəsinə üzv yazılırdılar. Partiya və komsomol komitələri katiblərinin qapıları önündə növbələr vardı. Mən də yazılmaq qərarına gəldim: heç mənsiz də müharibə ola bilərdi?!
Bu qərarda nəyin — şənbazlığın, vətənpərvərliyin, yoxsa avantyuranın — daha böyük üstünlük təşkil etdiyi bəlli deyildi. Axı mən müharibəni çox da ciddiyə almır, bunu Almaniyada gəzib-dolaşmaq, faşistlərin burnunu ovmaq fürsəti kimi dəyərləndirirdim.>
Mənim avantyuram qəflətən tamamilə gözlənilməz biçimlərə girmişdi. Bir dəfə Yuri Oleşanın Leninqrada gəldiyini öyrənincə, mən “Avropa” otelinə, onunla görüşə yollanmışdım. Niyə, nə üçün soracaqsınızsa, onun “Həsəd” adlı romanını təzəcə oxuduğum üçün öz fikirlərimi onunla bölüşmək arzusundaydım.
Tələbə dostum Kostyanı da dilə çəkdim və budur, biz Yuri Karloviçin nömrəsinin qapısını döyürük artıq. Nə gül dəstəsi, nə də tort almış, hətta yerinə düşəcək bir bəhanə belə uydurmamışdıq. Oleşa xanımı ilə oturub, çay içirdi. Bəlkə də şərab içirdilər, orasını kəsdirə bilmədim. Kandarda ikən ona oxucu heyranlığımızdan söz açdım.> Hələ pilləkənlə qalxarkən mən nələr deyəcəyimi dəqiqləşdirmişdim. Yuri Oleşa susub, bizi dinlədi və gözlədi ki, sonra nə olacaq, yəqin yaranmış pauzanı bizim necə pozacağımız ona maraqlı gəlirdi. Bunu bizim yerimizə onun xanımı etdi — səsləndi ki, “oğlanları” içəri dəvət eləsin.
Sonra nə baş verdiyini xatırlamıram: yazıçı onun ssenarisi əsasında çəkiləcək filmdən söz saldı, sonra isə harada oxuduğumuzla candərdi maraqlandı. Sonradan mətnə çevirəcəyim, yəni maraqlı sayılacaq heçcə nə demədi.> Bizim o ziyarətimizi son dərəcə zövqsüz bir şey saymaq olar. Ancaq yox, yenə də Yuri Oleşa mənə canlı bir insan təəssüratı bağışladı, onun kitablarını yenə də həvəslə oxudum — özü qısaboy və yöndəmsiz biri olsa da, görün, o, mənalarla necə ustalıqla oynayır və başqalarının kitablarını necə fərqli oxuyur və yozur...
Əvvəlcə məni qisas dəstəsinə üzv qəbul eləmədilər, eləcə tanklar üzrə baş konstruktor J. Y. Kotinin XKB-sində adım mühəndis kimi göstərildi. Bununla bağlı partkoma, müdiriyyətə, komsomol komitəsinə şikayətlər ünvanladım. O vaxtlar şikayət üçün xeyli instansiya vardı. Bir həftədən sonra “ehtiyat qüvvələrdən” çıxmağa nail oldum. Adımı Birinci xalq qisas diviziyasına (“1 XQD”-yə) saldılar. Buna sevinirdim. Amma nəyə görə?.. Axı sevgim məni bundan çəkindirməliydi, çünki o, hələ təzəcə alovlanırdı, amma... yeni tank modeli üzərindəki iş də istənilən vətənpərvərlik atəşini zəiflətməyə qadir imiş.
Müharibənin üçüncü ayında öz qərarımın, hədsiz canfəşanlığımın doğruluğuna içimdə şübhələr yarandı. Düzdür, diqqət yetirəndə, az qala bütün dost-tanışımın — Vadimin, Benin, İlyanın, Lyonyanın — cəbhəyə yollandığını görmək olardı. Kostya isə, eynilə mənim kimi, işlədiyi radioinstitutda ehtiyat qüvvə kimi saxlanılırdı və o yerdən ikiəlli yapışmışdı.
— Vətənin önündə sinəmi sipər etmək kimi bir niyyətim yoxdur, — deyirdi.
— Amma bu, obrazlı ifadədir, onu hərfi mənada yozmaq olmaz.
— Bax, sənə tüfəng veriblər? Yox, eləmi? Gördün?! Bəs onda sən nə ilə vuruşacaqsan?!
Ancaq məni heç nə tuta, saxlaya bilməzdi: nimdaş mundirimi, göy rəngli qalife şalvarımı, dolaqlı, ağır çəkmələrimi əynimə geyindiyim zaman yöndəmsiz görünməmə rəğmən, özümü süvari alayının üzvü kimi hiss edirdim.> Kaş bir də belimdə tapançam olaydı... ancaq mənə əleyhqaz, bir də lap yola salanda yanıcı maye ilə dolu butulka verdilər.
Qızın niyə məhz məni seçməsi hələ də bir sirr olaraq qalmaqda idi. Kasıb ailədən çıxmış cavan mühəndis idim, atam Sibirdə idi, görkəmim babat idi, nə bir musiqi alətində çalırdım, nə də mahnı oxuyurdum, idmançı da deyildim: onda sual doğur — nəyimə görəydi bu? Sevgidəki o sirrin izahına ta əzəldən maraq duyulub. Onun bakirə qız olması da sevgisinin bir sirri ola bilərdi, ya də ən azından çox şeyi həll edirdi. Hətta kişilərdəki bakirəlik hissi də onların saflığına müqayisəolunmaz bir çalar qatır, bu səbəbdən də o gecə yaddaşıma əbədi həkk olundu.
Uzandığımız çarpayı cırıldadığı üçün biz döşəmədə uzandıq, anam ilə bacım isə qonşu otaqda yatmışdı, hər səs eşidilə bilərdi deyə, özümüzə hədd qoymalı idik, yəni heyvanlar kimi nə nərə çəkə, nə zingildəyə, nə də inildəyə bilərdik. Hər şeyə rəğmən, bu sıxıntılı durumumuz da, öz işıq zolağı ilə və təlaşla göyü yaran projektorlar da, açıq pəncərədən əsən meh də bizə xoş gəlirdi. Sevgimizin ilk pöhrəsi inamla üzüyuxarı, ulduzlara, ənginliyə tərəf boy atıb yüksəlirdi və sanırdıq ki, bu, elə həmişə belə davam edəcək.
Cəbhəyə yola düşməmdən əvvəlki həftələr ərzində yaşadıqlarımız — diviziyanın təşkili, Şeremetyvo parkındakı məşqlər, ərzaq talonları və bombardmanlar — qarşılıqlı münasibətlərə həm paralel şəkildə getdi, həm də onlara mane olmadı, bir az da təkan verdi.
Hər barədə təcrübəsiz davranırdıq — müharibədə də, sevgidə də, ərzaqla təminatda da. Heç kimin ərzaq ehtiyatı yox idi, heç kəs təxliyyə barədə düşünmürdü. Ancaq biz xəyallarımızı reallaşdırmaq üçün Nikah şöbəsinə yollandıq. Bu barədə təklif isə məndən gəldi. Ona könül verdiyimi bəyan etmək əvəzinə, nikaha girməyi təklif elədim. Sırf işgüzar bir təklif sayılmalıydı bu. Onda 1941-ci ilin sentyabrı, müharibənin üçüncü ayı idi və almanlar artıq Puşkin şəhərinə yaxınlaşırdılar.
Bu nikahın hər hansı gələcəkdən məhrum olduğundan mən əmin idim, üstəlik, Almaniyaya qalib gəlməyin asan olmayacağını, piyada əsgərin bu hərbdən sağ çıxmayacağını da özüm üçün dəqiqləşdirmişdim. Müharibənin ilk ilində ön cəbhədə vuruşan əskəin sağ qalma ehtimalı uzaqbaşı dörd gün çəkə bilərdi. Ən azından Rimma cavan əskərə olan ilk sevgisini hərdənbir xatırlayaraq, ah çəkə və lirik duyğuların şirin ovqatına köklənə bilərdi. Hər halda öz attestatımı və cüzi bir məbləği ona yollamaqdan mən həzz alacaqdım.
Çaykovski küçəsindəki VVAQ şöbəsi qapalı idi, hamı bomba sığınacağına yollanmışdı. Vladimir küçəsindəki şöbəyə isə mərmi düşmüşdü. Odur ki, “Tətil meydanı” tərəfə yollandıq. O gün biz şöbədən-şöbəyə getməyə, iki-üç kərə nikahlanmağa, hətta pillələrdə oturub, gözləməyə də hazır idik... Ən nəhayət, istədiyimizə nail olduq, qızın pasportuna möhür vuruldu, mənim əskər vəsiqəmdə isə möhür üçün uyğun bir yer yox idi.
Şəhər bomboz görünürdü. Nevski prospektindəki “Nord” kafesində sifariş verdiyimiz povidlalı piroqlara, qəhvəyə və bir qədəh şəraba görə bizdən “yağlı” bir məbləğ qopartdılar. Nikahımızı qeyd etdiyimizi öyrənən ofisiant xanım hərəmizə bir ekler də pay gətirdi. Süfrədəki qalan boş qismlər isə Rimma, onun bəxtəvərliyi, gözləri və gülüşləri hesabına dolmuşdu. Ona tamaşa eləmək də bəsim idi. Axı bir qadın üçün nikah aktı çox şey ifadə edir. Onu heyranlıqla süzür, zarafatlaşır, indidən qarşısında öhdəlik qoyurdum ki, fəsəli və kulebyaka* bişirməyi mütləq öyrənsin.
Birgə həyatımızla bağlı biz heç bir plan-zad qurmadıq, sonra mən cəbhəyə yollandım, o isə işlədiyi zavoda. Həmin gün hava ilıq idi, onun əynindəki mavi rəngli yay paltarının böyründə uzunsov bir dəlik, günəşdən qaralan sinəsində isə qızıldan xırdahal medalyon vardı. Hə, bir də — tünd göy rəngli ipək ləçəyi, ya da yüngül şərfi vardı. Qəfildən fərqinə vardım ki, ata-anamı çıxmaq şərtiylə, mənim barəmdə qəlbində, ya da bu dünyada hər hansı xatirəni, müəyyən müddətə də olsa, qoruyub-yaşadacaq daha bir insan məhz bu qız olacaq. O, mənim yolumu gözləyəcək, mən isə ön cəbhədə onun həsrətinə qatlaşacağam.
* Içində ət, balıq, kələm və sair olan rus milli qutabı. — Tərc




