Knyaz külək
(romandan parça)
Külək təbiətli adam arıq və belibükükdür, rəngi yaşıla çalır. Nərmənazik və
çoxdanışan, soyuğa və dumana, soyuqdan və dumandan doğan hər şeyə dözümsüzdür.
Anadangəlmə kasıb, ömrü qısadır, quş kimi sayıq yatır. Kabuslar uydurur, nəğmə oxumağı,
gülməyi, dava-dalaşı və atıcılığı çox sevir, hətta pərəstiş edir. Onda qrif, kaftar, it və tülkü
əlamətləri var. Mahir atıcı olan adam külək təbiətli olmaz. Kabuslar qondarmaqda xüsusi
məharəti olan insan küləyin hakimi və knyazı olar, şirə bənzəyər.
Vaidu Onbo, Tibet təbabət traktatı
Bu cür fövqəladə təsadüflər və belə ağıllı hiylələr cəmiyyətə çox mühüm xidmət
növlərinin özəlliyidir.
Çarlz Dikkens “Dedektiv Polis”
Birinci hissə. Kölgə teatrı
I Fəsil. Hökm
1
Məlum olduğu kimi, 1893-cü ildə Moskva xəfiyyə polisinin əfsanəvi rəisi İvan Dmitriyeviç Putilin təqaüdə çıxıb, Novqorod quberniyasında, Volxov çayının sahilindəki alma bağı olan evində məskunlaşdı. Tezliklə nüfuzlu bir naşirin təklifi qarşısında dayana bilməyərək, xatirələrini yazmağa girişdi və gələcək qeydlərini yazmaq üçün böyük həvəslə iki həftəlik plan hazırladı, fəsil başlıqları və onlar üçün epiqraflar seçdi. Bütün bunları təkbaşına inkişaf etdirib, nəyəsə çevirə biləcəyinin çətinliyini anlayanacan durmadan çalışdı.
Kimsə ona Peterburqlu ədib Safronovu tövsiyə etdi. Məktubda o, iddialı tərzdə naşirin vəd etdiyi qonorarın yarısını tələb etsə də, şəxsi görüşdə daha ucuz qələm tapıla biləcəyini eşidib, üçdə birə razılaşdı. Əl sıxışdılar və Safronov İvan Dmitriyeviçi yola salmaq üçün qatar stansiyasına getdi. Qonorarın yarısını istəyərkən onun dörddə birinə ümid etmişdi. Odur ki, həyəcanından ürəyi açılmışdı və dil boğaza qoymadan öz üslubunu neytrallaşdırmağa, fərdiləşdirməkdən qaçmağa, memuarçının şəxsiyyətini öz şəxsiyyəti ilə əvəzləməməyə, ona kölgə salamamağa çalışacağından danışırdı.
Onlar vağzalda sağollaşdılar və iki gündən sonra Safronov həmin qatarla Volxov sahilinə gəldi. Burada, İvan Dmitriyeviçin evində bir aya yaxın yaşayaraq, onun xatirələrini yazdı. Sonra yazılanlar üzərində işləyib, kitabı çapa hazırlamaq lazım idi. Titul vərəqində bir müəllifin adı olmalı idi, bu səbəbdən layihə Safronova heç bir şöhrət vəd etmirdi. Təkcə pul olacaqdı, ancaq onun üçün də əziyyət çəkməyə dəyərdi.>
Bir ay ərzində İvan Dmitriyeviçin həyatına hər gün səyahət edən yazıçı üç qələm işlətdi və orta barmağında irinli suluq əmələ gəldi. Tinkəli karandaşı yuvarlağı ilə əvəzlədilər, lakin o da işgəncə alətinə çevrildi. Bağdakı son almaları yığdılar, yarpaqlar saraldı, səhərlər çayın üzərini duman aldı. Bir neçə dəftəri yazıb dolduran Safronov qərara gəldi ki, artıq getmək vaxtıdır. Material kifayət qədər idi, Sankt-Peterburqa qayıdandan sonra qalırdı yazının üslubuna əl gəzdirmək, hekayələri xronoloji ardıcıllıqla düzmək, lazımi yerlərə tarixləri yazmaq, bir az da hava və psixologiya əlavə etmək.
Safronov artıq evinin sakitliyində, əynində xalat, kresloda mürgüləyən sevimli pişiyinin və sevmədiyi arvadının yanında özünü bu adi işə həsr etməyin şirinliyini hiss edirdi. Yeri gəlmişkən, arvadı cəsarətlə boynuna alırdı ki, döşləri formasını, beli də incəliyini itirdikcə ərinin otağına gətirdiyi qəhvə daha ətirli, çayın yanında verdiyi kökə isə daha nəfis olmalıdır.
Bir qədər irəli gedərək bildirək ki, yaza doğru iş yekunlaşdı. İvan Dmitriyeviçin xatirələri çapdan çıxan kimi Safronov arxivində saxladığı birindən başqa bütün qeyd dəftərlərini cırıb atdı. Həmin dəftərdəki əhvalatı kitaba salmamışdı. Safronov onu, yəqin ki, öz romanının süjeti kimi gələcəyə saxlamışdı, amma yazmağa hələ ki hazırlaşmırdı.
Yaşıl kolenkor üzlü qalın dəftərin forzasına İvan Dmitriyeviçin kitabı haqda yazılmış 2 səhifəlik jurnal məqaləsi yapışdırılmışdı. Rəy mətnində kimsə bu cümlənin altından xətt çəkmişdi: “Onun istedadının sehrli cəhrəsi hər iki — həm süjet ipini, həm də psixoloipi ipi məharətlə toxuyur”. Yanında bir qeyd vardı: “Cəhrə toxuya bilməz!” Bir az altda fərqli xətlə ona etiraz edilmişdi: “Biz sehrli cəhrədən danışırıq. Sehrli şeylər hər şeyə qadirdir!
Dəftərin bəzi vərəqlərinə 1913—1914-cü illərə aid “Asiya” qəzetindən kəsiklər yapışdırılmışdı. Buradan belə bi nəticə çıxır ki, Safronov bu əhvalatı eşitdikdən iyirmi il sonra yenidən onunla maraqlanıb. Səbəbi axıra yaxın aydın olur. Finala çatana qədər yapışdırılan kəsiklərin də mənası müəmmalı qalır.
Ancaq onların hamısının Monqolustanla bağlı olması və 1913-cü ildə Monqolustan üsyançı ordusunda hərbi təlimatçı işləyən rus zabiti Solodovnikovun xatirələrindən seçilmiş yerləri təsvir etdiyi dərhal görünür. İl yarım əvvəl Çöl Monqolustan (Xalxa) Pekindən ayrılaraq, müstəqilliyini elan etmişdi və Solodovnikov monqollara çinlilərlə mübarizə aparmaq üçün döyüşə bilən hərbi birləşmələr yaratmağa kömək etməli idi.
İlk baxışda onun qeydlərinin dəftərdə yazılanlarla heç bir əlaqəsi yox idi, səpələnmiş şəkildəydi. Məsələn, Safronovun İvan Dmitriyeviçlə tanışlığı haqqında hekayə aşağıdakı parça ilə kəsilirdi:
“Çingiz xanı xatırlayaraq inanırdım ki, monqollar son dərəcə döyüşkən xalq olaraq savaşa tələsəcək, mənsə Avropanın ən son silahlarını və müasir müharibə taktikalarını mənimsəyənə qədər onların qızğın ehtirasını cilovlamalı olacağam. Çox keçmədən əmin oldum ki, indiki monqollar əcdadlarından nə qədər uzaq düşüblərsə, mənim onlar haqqındakı fikirlərim də reallığa bir o qədər uyğun gəlmir.>
İndi onlar hamısı buddistdir və “sarı din”in monqollara təlqin etdiyi pasifizm marazmı bu zavallı tayfa üçün əsl lənətə çevrilib. Manevrlər zamanı bütöv eskadronlar mövqeləri tərk edərək qonşu monastıra “dua etməyə” gedirdilər, pulemyotlara xorza* çiləyir, lakin yağlamadılar, briqadanın qərargahında olan lamalar əmrlərimə daim müdaxilə edirdilər. Bölmələrimizin dislokasiyası və ya artilleriyadan istifadə məsələlərində o qədər dini canfəşanlıq göstərirdilər ki, onların Çin casusları olduğundan şübhələnməyə başlamışdım.
Patronların saxlandığı yerdə nədənsə həmişə çoxlu su olduğu ortaya çıxdı, ancaq pulemyotların gövdələrində qətiyyən yox idi. Silah daşımaq üçün ayırılmış öküzlərdə mütəmadi olaraq vəba aşkar edilir, onları peyvənd etdirməyə aparır, bundan sonra öküzlərlə birlikdə özləri də izsiz yoxa çıxırdılar. Fərarilər çox idi, amma oğrular daha çox idi, hamı bir-birindən nəsə çırpışdırır, eyni zamanda bir-birinə hədiyyələr edirdi. Hamının niyyəti yaxşı idi və heç kəs heç nə etmirdi.
Ən vacib sənədlər həftələrlə monqol rəislərimdə olur və yaxşı ki, tamamilə yoxa çıxmırdılar. Falçı-izruxayçlar son dərəcə fəal idilər. Hərbi əməliyyat planları ulduzların səmadakı mövqeyi və ocağa atılan qoyun budunda əmələ gələn çatlar və naxışlarla təsdiqlənirdi. Bu əyriayaq pifiyaların uğursuz hesab etdiyi hər hansı tarixli əmr isə yerinə yetirilmirdi, çünki həmin tarix sadəcə təqvimdən çıxarılırdı.
Məsələn, üçüncü ayın ikisindən sonra dördü gəlir, daha sonra isə iki dəfə beşi olurdu. Hər ayın bütün tarixlərinin üçdə birinə qədəri yox edilir, çərşənbə, cümə axşamı və cümə günləri eyni tarixə salınırdı. Bunu şənbə günü səhər-səhər bildim.
Bir vaxtlar Pekindən Yerusəlimə qədər bütün canlıları dəhşətə gətirən vəhşi nərə ilə hücuma keçən monqollar öldürmək ehtirası ilə alışıb-yanaraq, keçmiş şöhrətin xatirəsindən məst olsalar da, ilk top atəşindən sonra pərən-pərən düşürdülər. Nizam-intizamı qorumaq üçün yeganə vasitə çubuqlar idi. Mən azadlıq ordusunda şallaqlanmağı yolverilməz hesab edirdim və hərbi nazirlikdə iradlarımı tam anlayışla, o qədər səmimi və dərindən qarşılayırdılar ki, sanki bunun özü problemin birdəfəlik həll olunması anlamına gəlirdi.
Axırda briqada icraçıları içərisində bambuk çubuq olan qara laklı qutunu hansısa kulta mənsubmuş kimi təntənə və ehtiramla dəstənin qarşısı ilə aparanda əlimi yellədərək, heç nə görmürmüş kimi davranırdım. Deyilənə görə, bu çubuq böyük Abatay xana məxsus olub və möcüzəvi şəkildə hansısa müqəddəs lamanın başından bir gecədə çıxan bambukdan hazırlanıb ki, yazıq dul qadın onun cavan, zərif zoğlarından doysun.
Qan axması üçün üzərində şırım açılmış bu zoğlardan biri hazırda pul qutusu və briqada bayrağı ilə birlikdə qərargahda saxlanırdı. Ancaq onun elə bir faydası yox idi, çünki monqolların bu və ya digər cinayətin ağırlığı ilə bağlı öz təsəvvürləri vardı. Atın belini qançır edən süvari yarıcan olana qədər döyülə bilərdi, məsafəölçəni çaydan keçirərkən batıran isə günahkarı yalnız dilini təkəbbürlə marçıldatmaqla yamanlayırdı.
Eskadrilya və komandaları hansı əsaslarla formalaşdırmağa üstünlük verildiyini də heç cür anlaya bilmədim. Tayfa prinsipi ilə formalaşanlarda nizam-intizam yaxşı, sapmalar daha təhlükəli idi; qarışıq bölmələrdə xaos hökm sürürdü, lakin nizam-intizamın kütləvi şəkildə pozulması ehtimalı az idi. Dəlisov təqvimlə birlikdə bütün bunlar məni ümidsizləşdirdi, peysərimdə ağrılar yaratdı, yordu, zəhlətökən kabus kimi gücdən saldı.
“Şərq xalqları üçün günün bütün saatları eynidir” Hindistan dəmir yollarında sərnişin qatarlarının spesifik cədvəlinə istinad edən Kiplinq yazır. Bu həqiqətin ümumbəşəriliyi mənə Səkkizinci Boqd Qeqenin şəhərətrafı sarayına, Urqa xutuxtasına və hazırda əvəzçilik əsasında monarxa baş çəkdiyim zaman aydın oldu. Biz, yəni hərbi nazirin başçılıq etdiyi briqadanın komandanlığı təxminən qırx dəqiqə qəbulu gözlədik, sonra eyni müddət də qəbul davam etdi və bütün bu vaxt ərzində, demək olar ki, fasiləsiz olaraq, divar, masa və döşəmə saatlarının çeşidli zənglərini və ya çıqqıltısını dinlədim. Çoxsaylı müxtəlif saatlar saray dəhlizlərində, anfiladalarda, girişlərdə və otaqlarda dayanmış və asılmışdılar.>
Mənə izah etdilər ki, Boqdo Qeqen son üç təcəllasında əsasən zəngli və musiqili saatlar kolleksiyası toplayır. Onları ona tacirlər, zəvvarlar, Çin rəsmiləri, xarici diplomatlar bağışlayıblar. Lakin il yarım əvvəl kəskin traxomaya tutularaq, görmə qabiliyyətini, demək olar, itirib və bütün gücünü şanslarını onun korluğunda görən sui-qəsdçilərə qarşı mübarizəyə sərf edib, çünki saatların dişli çarxlarına bağlı saray həyatı mexanizmində nələrsə yolundan çıxmağa başlayıb.
Saatları ya heç qurmur, ya da qurur, əqrəblərini düzəltməyi unudurdular. Odur ki, bəziləri dayanmışdı, işləməyə davam edənlərin əksəriyyəti isə fərqli vaxtları göstərirdi. Müvafiq olaraq, bəziləri vaxtından əvvəl zəng çalır və ya vururdu, bəziləri gec. Sutka boyu gah pilləkənlərdə, gah kral taxtı qoyulan zalda yaylar açılır, çəkiclər qırılır, opera uvertürasından qırıq parçalar, artıq mövcud olmayan imperiyaların himnləri, yaxud cəsədləri qəbirdə çoxdan çürümüş alayları döyüşə aparan hansısa marşın iki-üç taktı səslənirdi. Əbədiyyət evi, dəmir dam altında kərpicdən tikilmiş musiqi sandıqçası, kral Buddanın yaşıl eynəkli iqamətgahı... Sonradan bu saray mənə xatırlatdı ki, əgər monqollar onu əsas səcdəgahlarından biri sayırlarsa, onlardan çox şey tələb etməyə sadəcə haqqım yoxdur.
Qayıdaq Safronovun hekayəsinə.
Deməli, ertəsi gün o, Peterburqa qayıtmağa hazırlaşırdı. Hava hələ isti idi və Safronov İvan Dmitriyeviçlə birlikdə hər iki tərəfdən alma bağı ilə əhatə olunmuş eyvanda nahar edirdi. Üçüncü tərəfdə Volxov çayı, qarşı tərəfdəki təpəlikdə görünən söyüdlüyə qədər uzanan biçilmiş tarlalar görünürdü.
Süfrə arxasında onların ikisindən başqa üçüncü bir şəxs — qətiyyətli profilə malik, cənublulara xas kədərli gözləri olan gənc mənzərə rəssamı Mjelski də oturmuşdu. O buraya təxminən iki həftə əvvəl etüdlər çəkmək üçün gəlmişdi və yerli kəndlilərdən birinin evində yaşayırdı.
— Qəribədir, — İvan Dmitriyeviç həmişəki xışıltılı səsiylə ona tərəf döndü. — Sentyabr indi möhtəşəmdir, buralar çox gözəldir, ancaq sizin rəsmlərdə yağış və külək təsvir olunub, ağaclar əyilir, damların samanı qopub tökülür.
— Dünən yağış yağdı, — Mjelski özünə haqq qazandırdı. — Cümə günü də çiskinlədi.
— Cümə günü də yağdı? Nəsə hiss etmədim.
— Yağdı, yağdı, İvan Dmitriyeviç, — Safronov dedi.
— Heç olmasa bircə dəfə də aydın səhəri, sakit axşamı çəkərdiniz. Yox, ya gərək dumanlı dan yeri, ya da qanlı qürub, alatoran, buludların arxasında görünən qorxunc parıltı olsun. Buludlar elə bil pişiklərin dartışdırdığı yumaqdır.
— Elədir! — Mjelski divara söykədiyi hələ qurumamış təzə etüdü göstərdi. — Hər şey sakitdir, bir yarpaq belə tərpənmir.
— Amma sizdə necədir? Külək yoxdursa, deməli, tufan gözlənir. Günəş göz vurursa, deməli, tufandan sonradır. Yaxşı heç nə baş vermir. Biz buna layiq deyilik axı! İtaliyaya getsəniz, dərhal günəş şüalarını əks etdirən dənizi, mavi göyüzünü çəkməyə başlayacaqsınız. Şam ağacları, saraylar, parıltı, işıq. Qızlar üzüm yeyir, çimirlər. Uşaqlar rəqs edir. Buradasa dul arvad, yaxud əsgər arvadı olduğu bilinməyən qadın çubuqla keçi qovalayır. Uşaqlar varsa da, şaxtada çəlləkləri sürükləyir və ya tufandan qaçırlar. Sizcə, İtaliyada yağış yağmır? Vallah, bir həftə elə qiyamət qopur ki, mehmanxanadan burnunu çıxara bilmirsən.
— İtaliyada olmusunuz? — Mjelski soruşdu.
— Olmuşam.
İvan Dmitriyeviç təəccüblə Safronova baxdı və əlavə etdi ki, bunun kitaba faydası olmayacaq, çünki ora şəxsi işi ilə bağlı gedib.
— Yalnız şəxsi işə görə? — İvan Dmitriyeviçin bütün şəxsi işlərinin hansısa şəkildə rəsmi işlərlə qarışdığını bilən Safronov inanmadı.
— Bəli, fərdi qaydada. Amma dolayısı ilə bu səfər o zaman araşdırdığım bir cinayət işiylə bağlı idi.
— Çox gözəl, onda danışın. Bütün axşam qarşıdadır.
— Əlbəttə, danışın, — Mjelski həm də şam etməyə ümid bəsləyərək, onu dəstəklədi.
— Qorxuram ki, hekayəm sizi məyus etsin, ən azı ona görə ki, İtaliyadan çox, Monqolustana aiddir, — İvan Dmitriyeviç cavab verdi.
— Siz orada da olmusunuz?
— Xeyr, amma həmişə olmaq istəmişəm. Deyirlər, heyrətamiz dərəcədə gözəl ölkədir, hətta öz standartlarınızla yanaşsanız belə. Təsadüfən oxudum ki, monqolların müqəddəs Urqa şəhərinin yerləşdiyi Tola çayı vadisi Lombardiya vadilərinə bənzəyir.
— Yaxşı, uzatmayın, başlayın. Mən hazıram, — Safronov yaşıl kolenkor örtüklü təmiz dəftəri qabağına çəkdi.
Aşağıda yazılanların hamısının hərfbəhərf onun qeydləri olduğunu demək olmaz. O özü də İvan Dmitriyeviçin hekayəsini sözbəsöz qələmə almayıb və təbii ki, yazılanlar gerçəkliyin qüsursuz və dəqiq təsviri deyil. Hər üç halda boşluq kifayət qədər böyükdür və birinci halda o, digər ikisindən çox da böyük olmaya bilər. Amma Solodovnikovun qeyd dəftərinə yapışdırılan mətnlər bütöv şəkildə qorunub saxlanılıb.
2
Həmin may səhəri İvan Dmitriyeviç uşaqları arasında körpəlikdə ölməyən yeganə oğlu, on üç yaşlı Vaneçka ilə səhər yeməyi yeyirdi. Arvadı masa arxasına keçmədi. Kişiləri yedizdirib birini xidmətə, digərini gimnaziyaya yola saldıqdan sonra bir az da yatmaq istəyirdi. Əvvəllər bu cür planlar gizlədilirdi, lakin bu yaxınlarda qonşu qadın onu bir jurnaldan oxuduğu və qadın orqanizminin kişidən daha uzun yuxuya ehtiyacı olduğunu isbat edən məqalə haqqında məlumatlandırdı. Odur ki, arvadı özünü tam haqlı sayaraq, tam şüurlu surətdə yenidən yatağına uzandı.
— Yaxşı, məndən bezmisən, oğlunla da danışmaq istəmirsən? — o, qəzeti İvan Dmitriyeviçdən alaraq dedi, — ancaq mədəni tamamilə korlamaq qərarına gəlmisənsə, heç olmasa bir kitab götür. Neçə vaxtdır səni kitab oxuyan görmürəm.
Doğrudan da, xəfiyyə polisinin rəisi İvan Dmitriyeviç daim məşğul idi, az oxuyur və müasir belletristləri qətiyyən tanımırdı. İki saatdan sonra ona yazıçı Nikolay Kamenskinin Karavannaya küçəsindəki səkkiz nömrəli mənzilində öldürüldüyü deyiləndə bu adı ilk dəfə eşitdi.
Məruzəni natamam təhsilli tələbələrdən “Tələbə” ləqəbli agent Qaypel təqdim etdi. O hər ehtimala qarşı Kamenskinin son kitabını da alıb gətirmişdi. İvan Dmitriyeviç kitabçanı cibinə qoyub, Qaypeli fayton çağırmağa göndərdi. Ekipaj beş dəqiqə sonra gəldi. Onlar oturan kimi orta yaşlı, təzə palto geymiş əsalı bir kişi yaxınlaşdı.
— Hə, yadıma düşdü, — İvan Dmitriyeviç ona ağzını açmağa icazə vermədən dedi. — Adınız Peçenitsındır, siz Obuxov ruhi xəstəxanasının direktorusunuz və bir həftə əvvəl mənə baş çəkmisiniz. Xəstəxanadan bir dəli qaçmışdı.
— Onu tapa bilmədiniz?
— Heç axtarmadıq da. Dedik axı, biz belə işlərlə məşğul olmuruq.
Ekipaj tərpəndi, amma Peçenitsın əlini faytondan ayırmayaraq, onun yanıyla addımladı.
— Mən burada onun əlamətlərinin siyahısını tutmuşam — o dedi. — Xahiş edirəm, götürün, birdən lazım olar.
İvan Dmitriyeviç onu qırmamaq üçün siyahını aldı və az sonra ona baxıb düşündü ki, bu əlamətlərə görə küçədəki hər iki adamdan birini tutmaq olar. Düzdür, burnunda donqarı vardı, amma onu daha mənalı təsvir etmək olardı.
— Dəliləri də tutsaq, özümüz havalanarıq, — Qaypelə dedi.
O, başını tərpətdi. İvan Dmitriyeviç vərəqi əzib atdı, Kamenskinin kitabını çıxarıb, adını oxudu: “Yol ayrıcında”. Mündəricatından görünürdü ki, kitab roman yox, qısa hekayələr toplusudur. İvan Dmitriyeviç belə hallarda həmişə ona qarşı lütfkar davranan taleyə güvənib, odur ki, kitabı qarasına açıb, “Kölgələr teatrı” hekayəsini gördü və Karavannıya gedən yolda onu oxudu.
Süjet beləydi.
“Şöhrətli ordu”nun papağına iki üçxallı tovuz quşu lələyi taxmaq hüququ olan polkovniki və monqol knyazı Namsaray-hun Çin səfirliyinin tərkibində Sankt-Peterburqa gəlir. Səfirlə birlikdə paytaxtın görməli yerlərini gəzir, ballarda iştirak edir, operaya gedir. Gördüyü hər şey onda güclü təəssürat yaradır. Bir ay sonra Namsaray-hun xristianlığı qəbul etmək və yunan qaydasında vəftiz olunmaq istədiyini bildirir.
Onun sibirlilər üçün adi, ancaq buddustə görə qeyri-adi olan niyyətindən hamıdan qabaq bu hekayəni danışan Draqoman N. xəbər tutur. Unikal hadisədir və belə bir presedent heç vaxt olmayıb, lakin hekayəyə lap başdan Saltıkov-Şedrin ruhunda fantasmaqorik ruh verən çoxsaylı şübhələrdən, ruhanilərlə məsləhətləşmələrdən və bürokratik dolaşıqlıqlardan sonra Namsaray-hunun arzusunu təmin etməyə qərar verilir.
Onun xahişinə uyğun olaraq vəftiz gizli şəkildə həyata keçirilir. Məiyyətinin, səfirliyin digər üzvlərinin, səfirin özünün heç nədən xəbəri olmur.
Hadisə diplomatik çətinliklər vəd etmir, knyazın Rusiya təbəəliyini qəbul etməsindən də söhbət gedə bilməz, lakin nazirlik rəsmiləri Namsaray-hunun bundan sonra Pekinə əvvəlki tək xidmət edəcəyinə inanmırlar. Onlar din dəyişikliyində müəyyən gizli siyasi məna görürlər. Hesab edirlər ki, knyaz Mərkəzi Asiyada Rusiyanın təsirinin güclənməsinə töhfə vermək üçün simvolik şəkildə ifadə olunan üsuldan istifadə edir. Bunun belə olub-olmadığını araşdırmaq elə həmin N-ə həvalə olunur.
Xaç suyuna girmə mərasimindən sonra Namsaray-hun məmurların təbriklərini, onların arvadlarının hədiyyələrini qəbul edir, daha sonra N. ilə birlikdə evinə gəlir və burada çay süfrəsi arxasında monqol knyazına bəslənən ümidlərin puçluğu aydın olur. Məlum olur ki, iki həftə əvvəl Mariyinski teatrında Qunonun “Faust” tamaşasına baxan Namsaray-hun öyrənib ki, dünyada insanın öz ruhunu sata biləcəyi şeytan var, daha doğrusu, o, ruhunu arzularına dəyişə bilər. Səfirliyə təyin edilmiş tərcüməçilərdən biri knyaza izah edir ki, belə sövdələşmələr xüsusi müqavilə ilə möhkəmləndirilir. Mürəkkəb və tuş əvəzinə satanın qanından istifadə edilir, şeytana isə yalnız vəftiz olunmuş ruh lazımdır. Başqalarını tanımır və onların sahibləri ilə heç bir əlaqəyə girmir.
Namsaray-hunu yoldan çıxaran da bu olur. Knyazın insan övladının düşmənindən tam olaraq nə almaq istədiyi N. üçün sirr olaraq qalır, lakin onu kilsə kupelinə aparan düşüncələrin məntiqini anlaya bilir.
Onon sahillərində, çöllərdə keçən uşaqlığından Namsaray-hun qəti surətdə əmin olmuşdu ki, hər bir insanın üç ruhu var: sayn-suns — yaxşı ruh, dund-suns — orta ruh və mu-suns — pis, ya da şər ruh. Şeytanla sövdələşmə obyektinə çevrilməli olan da sonuncu idi. Knyaz keşişi səmimi şəkildə xəbərdar etdi ki, üç ruhundan yalnız birini — mu-sunsu vəftiz etdirə bilər, lakin tərcüməçi onu səhv başa düşdü və ifadəni “pis” və ya “şər ruh” kimi deyil, “günahkar ruh” kimi tərcümə etdi. Burada Namsaray-hunun əvvəllər günaha batdığı, saxta “sarı inancı”, yəni buddizmi qəbul etdiyi, indi isə vəftiz yolu ilə paklanmaq istədiyini etiraf etməsi təbii idi. Keşiş də belə başa düşdü, knyazı sakitləşdirdi və ayini zərrə qədər tərəddüd etmədən səmimiyyətlə yerinə yetirdi.
Məsələnin mahiyyəti N.-ə və rəhbərlərinə məlum olanda axmaq bir vəziyyət yarandığını düşünərək, susmağa üstünlük verdilər. Knyaz özü isə əmin oldu ki, keyfiyyətli mal əldə edib və müştərini çox gözləməli olmayacaq. Səfirlik artıq Sankt-Peterburqdan getməyə hazırlaşsa, qulluqçular əşyaları yığsalar da, o, tələsmirdi. Bir neçə gün vaxt qalmışdı, amma Namsaray-hun ümidini itirmirdi. N. vəftiz olunmuş mu-sunsu neçəyə satmağa hazırlaşdığını ondan öyrənməyə çalışdı. Ancaq knyaz susdu və ona heç nə demədi. Saat hər dəfə gecə yarısını vuranda o, dəhlizin qapısını açır və ya pəncərəyə tərəf gedir, qulaq asır, gözlərini küçənin qaranlığına zilləyərək gözləyirdi. Hələ ki kimsə yox idi, səfirlik isə sabah o biri gün vətənə yola düşəcək.
Yola düşməzdən əvvəlki axşam N. knyazın mənzilində gec saatlara qədər oturdu. Evə getməyin vaxtı çoxdan çatsa da, nə isə onu ləngidirdi. Namsaray-hunun otaqları boş idi, qulluqçular yatmış, knyaz da vəftizdən sonra bağışlanan samovardan özünə çay süzürdü. Bayırda yağmurlu-rütubətli Peterburq sentyabrı, yarpaqların xışıltısı, karnizlərdə tənəkənin boğuq cingiltisi vardı. Nəfəslikdən vuran yel stolüstü lampadakı alovu şölələndirir, kölgələr divarlarda qaçaraq, künclərə qısılır, pərdələrin arxasında gizlənir, sonra yenidən divar kağızları üzərində rəqs edirdilər. Gecə yarısı yaxınlaşdıqca onların qeyri-sabit oyunu daha mənalı görünür, durmadan şaxələnən xaosdan tədricən qeyri-müəyyən süjet çıxırdı. Susqun aktyorlar aldanmış ümidlər, sönmüş və xoşbəxtlik gətirməyən xəyallar, gerçəkləşdikcə özünə qarşı çevrilən gözəl arzular mövzusunda variasiyalar oynayırdılar.
N. qəribə bir hiss keçirirdi, elə bil durmadan hərəkət edən, tonunu və cizgisini dəyişən bu tünd ləkələrin axan naxışının pərdələrin yırğalanmasına, yaxud küçədəki ağacların titrəməsinə, hətta ayın, fənər və çırağın işığına heç bir aidiyyəti yox idi. Otaq konturları özü kimi qeyri-maddi işıqla cızılan hansısa cizimsiz varlıqların divarda əks etdirdiyi Çin kölgələr teatrına çevrilirdi. Elə bil bu tamaşada bir-birini faciəvi şəkildə başa düşə bilməyən müxtəlif sivilizasiyaların rastlaşdığı yerlərdə uzun müddət yaşamış ruhlar iştirak edirdi.
İki universitet bitirmiş N. belə fikirləşir, qəlyanını sümürən Namsaray-hun isə yolunu çoxdan gözlədiyi qonağın hansı formada gələcəyi haqda düşünürdü. Operada olduğu kimi, qara gecəquşu lələyi taxılmış bənövşəyi beretdə böyründə qılınc gələcək, yoxsa necə varsa, elə? Lap lətifədir, ancaq müəllifə artıq gülməli deyil.
Buludların arasıyla üzən ay zəhərli mavi dumanla birlikdə pəncərədən baxır, ağaclar daha ucadan və həyəcanla haray çəkirdi. Kölgələrin zərif, hətta başlanğıcda nazlı oyunu şeytani rəqsə çevrilir, xurafata və mistikaya meyilli olmayan N.-nin ürəyinə pis şeylər damdırırdı. O, knyazı bu niyyətindən daşındırmağa çalışdı, amma bunun xeyri olmadı. Aktyorların divarlarda cızdığı işarələrin dili onun üçün anlaşılmaz idi. Vidalaşaraq, qapını arxasınca ötrən N. gördü ki, divar tamaşası artıq müstəvidən çıxır, böyüyür və durmadan bütün illüziyaların puç olacağını, qan və ölüm vəd edən finala doğru gedir. Hər iki sivilizasiyanın, həm xristianlıq, həm də buddizmin dərinliklərində bixəbərlərdən gizli qorxunc sirlər var. Vaxt çatır və onlar kövrək qabıqlarını lava kimi yararaq, qarşılarına çıxan hər şeyi külə döndərirlər.
“Nişanlanmış kartlarla oynamaqla taleyi məğlub edə bilməzsən”, — N. düşünür. Yuxuda və ya qızdırma halında olduğu kimi, bu sadə fikir ona qeyri-adi dərəcədə önəmli göründü. O, dəhlizlə gedir, Namsaray-hun isə çay içə-içə doğma çölləri, at ilxılarını, yaşıl otların üstündəki ağ çadırları, mavi səmada süzən köçəri quş qatarlarını xatırlayırdı. Payızda uluslardakı qadınlar cənuba doğru uçan quş karvanlarının ardınca süd səpirlər ki, yazda quşlar öz vətənlərinə həmin xoşbəxt “ağ yol”la qayıtsınlar. “Namsaray-hun ora qayıdacaqmı?” — N. eyvana çıxarkən düşündü.
Burada knyazın məiyyətindən olan qoca bir lama çömbəlib oturmuşdu. O, daş evdə nəfəs ala bilmədiyindən yatmamşıdı. N. onu tütünə qonaq etdi və üç ruh haqda soruşdu: onlardan birini itirmiş adamın aqibəti necə olacaq? Lama cavab verdi ki, sain-suns, yəni yaxşı ruh olmayanda insan heyvana çevrilir, amma uzun müddət yaşaya bilir; dund-suns, yəni orta ruhu olmadan heç bir şeydə ölçü bilmir və tezliklə ölür; mu-suns olmasa, dərhal öləcək, çünki azacıq şər olmasa, yer üzündə həyat mümkün deyil.
Birdən Namsaray-hunun otağından dəhşətli bağırtı eşidildi. N. qaçaraq geri qayıtdı və qapını açdı. Kimsə yoxdur, knyaz yerə uzanmış və ölmüşdü. Ölsə də, bədənində heç bir yara yox idi, yalnız sol əl barmaqlarından birinin ucu yüngülcə kəsilmişdi. Yanında bir qaz lələyi də vardı. Onu götürən N. ucunda təzə, hələ qurumamış qan ləkəsi gördü.
Süjet qəribəydi, lakin senzorların belə bir hekayəni çapa buraxması daha təəccüblü idi. Aydındır ki, senzura hekayəni monqol knyazın vəftiz olunmaq qərarına gəldiyi yerə qədər oxuyub və əsərin tamamilə xoşniyyətli olduğunu düşünərək davam etməyə ərinib.
* Xorza — qımızdan çəkilən araq.




