Qular tozağacında oxumurlar ki qışda...

* * *

 Qular tozağacında oxumurlar ki qışda.
Dinlədim, eşitmədim, dərddi kor yaddaşım da.
Duadan başqa heç nə yadımda deyil, bircə:
Məryəm ana, hifz elə, mərhəmət elə bizə.

 Məktəbə getdim, kürək sularda şappıldadı.
Nallı çəkmə təqlidlə səkidə taqqıldadı.
Çayda, simli alətdə dınqıldadırdı əlil,
musiqini heç cürə tuta bilmirdi əli.
Çünki həyat bir qara quruşa da dəyməzdi,
kirşəyə dəyişmişdi adam təyyarəsini.
Gənclikdirmi günahkar, “Messerşmit”, ya “sanbat”,
qular tozağacında qışda oxumur, heyhat.

 Körpülər, ağ lövhələr — dərsə getdim, pis-yaxşı
yanımda həyat vardı. Açmış dəvədabanı
bağ salınan hissədə, becərilirdi bostan,
kinomexanik Qulin yorğundu krossvorddan.
Musiqi müəllimimiz Tade güclü kişiydi,
bayanın qutusunda o kərpic gəzdirirdi.
Yox, bədənçün deyildi, sağlam ruh üçün idi,
“Arıların uçuşu” daim bilinməliydi.

 Aqibət budur! Burda yaşamaqdı yan-yana,
tək-tək bizi meşəyə aparacaqlar sonra.
Sükut çökməzdən əvvəl oxuyacaqdı qular,
Məryəm Ana, hifz elə, günahkarıq biz qullar.