Dar körfəzdə qədim sükut
BİR dosta məktublardan
Əgər bilsəydik ki, bizim rahat sovet həyat tərzimizi nələr gözləyir, əgər Tanrının özü o nəhs dəyişiklik və digər müsibətlərlə bağlı bizlərə bir nam-nişan versəydi, o halda biz bəxtimizə düşən dəyərlərin qədrini bilər, ağız dadıyla yaşamağa çalışardıq və bu yolla biz min bir əziyyətlə əldə edilən, həm də ortaq səylərlə qazanılan hər nemətdən hamılıqla istifadə haqqımızdan yararlanardıq. Eh, əgər, əgər...
İtirdiyimiz o həyat tərzində hər şey sadə, ucuz və maneəsiz bir şəkildə meydana çıxırdı, o şərtlərdə hər şeyin ardınca getmək və heç harada azmayacağımıza güvənirdik biz.
İndi isə təəssüflənməyə əsasımız var...
Mən də heç tələsmədim, hətta məni doğmalarımın qarşılayacağı yerləri də gəzib-dolaşmadım...
Atamın qardaşı Timofey Fyodoroviç Daşkənddə yaşayırdı, Novosibirskdə məskunlaşan qardaşları Stepana və Pyotra o, bir kərə də baş çəkməmişdi: axı müharibəyə qədər də, sonra da Orta Asiyadan durub yola çıxmaq müşkül bir məsələ idi, halbuki bizim Krivoşyokovoda məskunlaşan və Yelizaveta vaxtından qalma ukraynalılar yolu Daşkənd və Aşqabada düşən qatar briqadalarına bələdçi kimi, həm də dəfələrlə salınmışdılar. Hətta xatırlayırdım ki, oradan ləziz qaysı qurusu da gətirmişdilər. Nəvaziş dolu, səxavətli və özününküləri daima itirib-axtaran ana tərəflə müqayisədə atamın qohum-əqrəbası sən deyən də istiqanlı insanlar sayılmazdılar.
Dayı və xalauşaqlarımla mən onda vaxtaşırı görüşürdüm, bu gün də həmin əlaqələr qorunur, ata tərəfdən isə sadəcə üç əmiqızımla sıx əlaqələrim vardı, çünki onlar da “Tanya xala” çağırdıqları anama mehr salmışdılar.> Əslində mənim də taleyimə Daşkənd şəhəri yazıla bilərdi, ancaq Timofey əmim vaxtilə qorxmuşdu ki, instituta girib, onların evində qalsam, yerlərini dar edərəm, bu səbəbdən də ona bu haqda ağız açaraq yazdığım məktubu cavabsız buraxmışdı. Bəlkə də belə olması məsləhət imiş.
O halda mən Tamanda, Peresıpda olmaz, Yekaterinodar haqda öz romanımı yazmaz, Psebebs çayı sahilindəki xutorda sonradan xilaskarlarıma çevriləcək Terenti Kuzmiçə və Mariya Matveyevnaya rast gəlməzdim, çünki “Bryanskilər” başlıqlı ilk hekayəm məhz elə onlardan bəhs edir.> Bir də ki mənim anam Sibirdən durub, nə Daşkəndə gedərdi, nə də Urgençə.
Aşqabad, Düşənbə, Alma-Ata məndən ötrü sadəcə söhbət vaxtı, ya da ədəbi əsərlərdə rast gələcəyim yerlər idi.
Tbilisiyə çarın Qafqazdakı canişininə aid fondun arxivində eşələnmək üçün durub getməmişdim. Simferopol-Bakı qatarıyla azərbaycanlı yazıçılarla görüşə yollanmamışdım.> Rəsul Həmzətovun yaradıcılıq gecəsinə qatılmaqdan ötrü Mahaçqalaya üz tutmamış, knyaz Baratınskinin əsir alınan Şamillə qarşılaşdığı o yerə qədəm basmamışdım.
Elə hey bunları sonraya, başqa vaxta saxlayırdım. “Yer kürəsi ortaq məskənimizdir, uyğun vaxt taparam” — deyirdim.
Ancaq elə ki Yeltsinin çevrilişindən sonra vağzallarda bir stəkan çay yüz rubla satıldı və addımbaşı soyğunlar bir qayda halını aldı, adam səyahətlərdən də əl-ətəyini üzdü.
Bir müddət sonra isə yaşlandım.
Ən qısa yolum indi Peresıpa və Tamanadır artıq.
İndi Axtaniz şor gölündən başlamaqla, dənizləri birləşdirən o dar körfəzdə, qağayıların əhatəsində oturub, balıqqulağı yığır və yad birisiylə söhbətləşirəm. Kimisə özümə bağlamaq məndən ötrü asan məsələdir. Gah biriylə həmsöhbət, gah digəriylə həmdərd oluram, deyirəm ki, qulaq as, gör, dalğalar sahilə necə yan alır, balıqqulağılarını onlar necə topayla sahilə çıxarırsa, bəzən bir günün içində əsl təpəcik yaranır. lang="en-US"> Mən yalqızam, suyun üzündə də, qumların üstündə də tək qulaq yoldaşım qağayılardır. İrəlidə, şərqə doğru, təpələrin üstə Qolubitski məskəni bir qravyura dəqiqliyi ilə görünməkdədir, oradakı bəmbəyaz mayaka çıxmaqla, adətən mən Peresıpı və bu dar körfəzi salamlayıram.
Qərbdə isə buludların altında görünən Kuçupur sahili adama bir orağı xatırladır və oradakı sıldırım yerdə dayanan adam hətta Kerçi də görə bilər. Üzümü şərqə tərəf çevirərək, Tobol çayı sahilində, şam ağaclarıyla əhatələnən kənddə yaşayan bizim zərif ruhlu yazarımız barədə düşünür, sonra isə Sibirə, Ob çayının doğma sahillərinə üz tuturam.
İndi isə, ey mənim yeyin ayaqlı vyatkalı salnaməçim, sən nəmli balıqqulağılarını gözdən keçirməklə məşğulsan.
Sən dəli-dolu biri kimi bu dünyada cövlan edir, Tanrı Tabutunun böyründə düz on ikinci kərə diz çökür, dünyanın müxtəlif guşələri və oradakı həyat tərzləriylə bağlı kitabları mənə hədiyyə edirsən. Mən isə əlimdə əsa suyun kənarıyla var-gəl edirəm və balıqqulağılar ayaqlarım altda xırçıldayır.
Çox da uzaqlara üz tutmuram, gəlib-gedəcəyim ən uzaq məsafə Tamana qədər ancaq olar, yəni qırx verst. Dünən də oradaydım. Hə, əzizim, o Tamanda müqəddəs Nikon vaxtilə monastır tikmişdi, məhz orada (izninlə, bunu bir daha sənə xatırladım) yunanlar, tatarlar, çərkəzlər, genuyalılar, türklər gözümçıxdıya uğrayıblar, Suvorov da məhz orada zaporojyeli Zaxari Çepiqa ilə çay içib, sütül cavan ikən Puşkin bir anlığa sıldırım bir qayanın başından o ətrafa boylanıb, qüssəli Lermontov orada ikən kor bir oğlan uşağından çiyrinib, Yekaterinodara gedən II Aleksandr o sahildə dincəlməkdən ötrü hansısa daxmada gecələyib, bir çox qərinələr sonra məhz həmin Tamanda təsadüfən, həm də sırf sənin üçün Nadya adlı bir qız peyda olub, Lıska və Kerçi görəsən deyə, əlindən tutmaqla, səni çəkib oralara aparıb. İlahi, bu Tamana son iyirmi beş ildə katerlər yan almır, balıqçı qayıqları onun ləpələnən sularında ləngər vurmur, sənin özünlə bərabər həmişəlik Moskvaya apardığın qız da o vaxtdan bəri bu sahildə göz yaşı axıtmır.
Yaşadığınız o məşhur Kamerger döngəsindən mənə məktub-zad yazmırsan, nə məni yada salırsan, nə də Peresıpla bağlı bu yerləri.
Halbuki mən vaxtaşırı sənin yazdıqlarını vərəqləyirəm. Bu gün hey həyətdə işsiz-gücsüz dolaşmışam, anamla dərdləşmişəm, Topokdan, Zaporojyedən və Petrozavodskdan göndərilən məktubları ona oxumuşam, bağlamaları açmaqla, kitablarımı sahmana salmışam.
Yazırsan: “Vifleyemdə düz on gün qaldım. İlahi, oranı necə də sevirdim və hələ də sevirəm! Halbuki məni hey tələsdirir, “Tez ol, tez ol!” — deyirdilər”.
Mən də Vifleyemdə olmuşam, qısa müddətə də olsa, İsanın beşiyini ziyarət eləmişəm.
Yazırsan: “Xoşbəxtlikdən mən vifleyemli o məşhur zatın beşiyi başında tək-tənha, həm də dəqiqələrcə dayandım”.
Mən isə bizim yazarlardan ibarət kiçik heyətlə oranı ziyarət eləmişəm, həmin anlarda bizim məşhurlardan lap zəndi-zəhləm getdi: onlar hər şeyə sırf turist gözüylə baxırdılar, nə xaç vurur, nə də o məşhur Zatın dərgahına tərəf dizin-dizin sürünürdülər, çünki üzlərindən çoxbilmişlik, həm də yorğun bir müdriklik yağırdı, sanki onların özləri də qədim əyyamlardan durub, buralara gəlmişdilər, dan ulduzunu çobanlardan daha əvvəl görmüşdülər deyə, özlərinə qarşı dərin xətir-hörmət umurdular. Hələ XII əsrdə özünün Konstantinopola və Yerusəlimə səyahətini qələmə alan iqumen Daniil yəni doğrudanmı avam, cahil biri idi və bu oxumuş adamların “nacizanə diqqətinə” möhtac idi ki?! Ərinmədən durub, onun kitabını tapdım.
Vifleyemin ikicə verstliyindəki zeytunluqda, həm də müjdəçi mələyin şərəfinə ucaldılan o baxımsız zəng qülləsi heç diqqətini çəkdimi? Onun barəsində Farrar özünün “İisus Xristin həyatı” adlanan qalın kitabında yazıb və müqəddəs bayramlar ərəfəsində mən həmişə onu vərəqləyirəm... Axı niyə belə olur? Müqəddəs torpaq barədə Farrarın kitabında və digər mənbələrdə verilən rəsmlər, qravyuralar, köhnə fotolar o mübarək rəvayətlərə marağı necə artırırsa, səni Tanrıya və dua oxumağa necə cəzb edirsə, sən bircə anın içində bunları inanıb, köks ötürür, Qalileyanın və İyerixonun düzlərinə, Tanrı Tabutu kilsəsinin daşlarla hörülü pəncərələrinə, “Bibliya”da təsvir olunan, qoyun-quzuyla dolu o dərə-təpələrə sitayiş eləməyə başlayırsan.
Sivilizasiyanın məhdudlaşdığı indiki zəmanədə hisslərə hakim olmaq qədimdəki qədər asan deyil axı.
Yalnız payızın sonlarına doğru qumluq ərazilərdəki boşluq (hazırda Qolubitski və Peresıpın olduğu qismlər) adamın diqqətini çəkir, həmin ərazilər qədim əyyamlarda da daima tənhalığa məhkum olub, o vaxt Meotida və Axtaniz şor gölünün yanından üzüb-keçən yunanlar irəlidə indikinə nisbətən daha geniş bir dar körfəzə çıxırmışlar.
Hətta dar körfəzin yanında ikən də mən səni xatırlayıram, əlimdə də sənin ziyarət səfərindən bəhs edən “Qürubu olmayan işıq” adlı kitabın var. Bəyaz sinəli qağayılar dəstəylə uçuşur və sanki kənardan mənə göz qoyurlar. Ətraf kimsəsizdir! Dəniz də, səma da yalnızdır, boşdur, yüksək sahillərin o biri üzündə qalan qəsəbələrdə sanki hər şey məhvə uğrayıb. Bu minillik boşluqda səslənən melodiyanı isə sadəcə mən eşidə, duya bilirəm.
Bəs onda niyə öz köks ötürmələrimi sənə ünvanlayıram ki?! — sən həm məndən xeyli uzaqdasan, həm də hər şeydən, hətta sənə bəslədiyim həsəddən də xəbərsizsən. Axı sən hər şeyi görübsən, xaçlar da daxil, hər şeyə səcdə etmisən, knyaz xanımı Olqanın xaç suyuna salındığı yerdəki (Aya-Sofiyada) daşlardan da yığıbsan, təxmin olunan o guşəni ziyarət edibsən, mən isə, bir zavallı kimi, uçuşan qağayılara indi sənin etiraflarını oxuyuram: “Əlvida, İstanbul! Sən Bizansın paytaxtı olan Çarqrad şəhəri kimi, müqəddəs Sofiya kilsəsinin və Müqəddəs Ananın Vlaxern ikonasının məskəni kimi qəlblərimizdə yaşayacaqsan...”
Sənin rahiblərlə birgə Panteleymon monastırında hər dəfə azı doqquz saat dualar oxuduğunu, Tanrı Tabutunun yanında on iki kərə diz çökdüyünü, İyerixona ayaqyalın halda getdiyini də əsla unutmamışam. Bu dar körfəzdə ikən mən yazıçıların Şimal regionuna səfəri barədə qeydlərimi dəftərə köçürməyə başladım, hərçənd bu yazı bircə səhifədən artıq alınmadı. Çünki uyğun sözlər tapa bilmirəm.> Hər şey sirlərə> bürünübdür, qiymətli sayılacaq hər şey incə pərdə ardına çəkilməklə, uzun bir zümzüməyə çevrilir. Sözlər isə yalın görünür.
İndi, yəni əsrin sonunda, ölkəmizdə baş verən olaylardan sonra, sanki mən fərqli bir həyata köklənmişəm, bizim o səfərimiz də mənə bir vida görüşünü xatırladır, bir daha bənzər şey təkrarlanmaz yəqin, halbuki Yeltsinin çevrilişinə hələ tam on il var. Aradan nə qədər çox sular axıbsa və o səfərə qatılanların neçəsi dünyadan köçübsə, indi mən yada saldığım həmin anları təkrar yaşaya bilmədiyim üçün acı təəssüf hissinə qapılıram.
Budur, “kənd nəsri” üzrə ixtisaslaşan yazarlar Leninqrad vağzalında toplaşıblar və öz doğmalarını görübmüş kimi sevinirlər: Sergey Pavloviç Zalıgin, Mariya Semyonovna ilə birgə Viktor Petroviç Astafyev, Vasili Belov, Valentin Rasputin, Vladimir Krupin, Viktor Potanin, Anatoli Kim, Vladimir Liçutin, Vladimir Qusev, Vladimir Korobov, Boris Romanov, rus torpağı aşiqlərinin nəcib hamisi Valeri Qaniçev və daha kimlərsə. Petrozavodsk və Murmanskda isə D. Balaşov, V. Bondarenko, V. Maslov da bizlərə qoşulur.
Bəs onda mən, qumlu Anapa yaxınlığındakı məktəbdə vaxtilə çalışmış bir müəllim, niyə bu dəstəyə qoşulmuşdum görəsən?
İndi bunu düşünəndə, uca səslə etiraf edirəm: hə, əcəb bəxtim gətiribmiş!
Məhz “Bryanskilər” hekayəm və “Səni necə də sevirəm” povestim məni bu yazarlar sırasına qatmışdı. Yoxsa şagird dəftərlərini yoxlamaqdan və pedaqoji şura iclaslarından əsla başım ayılmazdı.
Yoxsa Rasputinə, Astafyevə, Belova, Balaşova, Oleq Mixaylova bunca yaxın ola bilərdimmi, onlarla eyni süfrə arxasında və ya gəzinti vaxtı kəlmə kəsə bilərdimmi? Uralın o biri üzündəki Utyatka kəndindən çıxan, mənimlə sıx əlaqələri olan Viktor Potanini hələ demirəm: bir dəfə “Molodaya Qvardiya” nəşriyyatında o, məndən nə isə soruşmuş və sonra bu sualların ardı-arası düz on il boyu kəsilmək bilməmişdi. Onunla ikimiz Astafyevlə eyni kupeyə düşəndə Mariya Semyonovna dedi: “Bax ha, indiyədək mənim cəmi bir dənə Vityam var idi və məni bezdirmişdi, artıq sayları üç oldu”.
Bunun ardınca hamılıqla qəhqəhə çəkdik. Sonra bir ailə kimi süfrə açdıq, o ara bizə daha beş nəfər qoşuldu, yan-yana əyləşdik və başladıq, nə başladıq. Bax, o anları təzədən heç vaxt yaşaya bilməzsən! Nə səslənən fikirlər, nə qəhqəhələr, nə də üzlər texniki cəhətdən yaddaşımıza köçürüldü. Bütün bunları heç birimiz nə dəftərə qeyd elədik, nə də bir bloknota. Bəlkə o məqamlar vecimizə deyildi? Eləcə yaşayıb-gedirdik də. Yaddaşlarda qalan isə adama sadəcə qum içində bərq vuran qızıl dənəciyini xatırladır. Hətta bu da olmuşdu: gecə üst rəfdən aşağı ensəm də, qapının dəstəyini heç cür bura bilməmişdim. Səsə duran Astafyev qalxıb, dəstəyi burmaqla, məni bayıra buraxmışdı.
Yaşlı adamı oyatdığıma görə... özümü naqolay hiss etmişdim. Halbuki onun cəmi əlli yeddi yaşı vardı. Bu yaxınlarda səksən yaşına doldu. İndinin özündə də Viktor Petroviçi necə yuxudan oyatdığımı xatırlayanda, bir anlığa içimi peşmanlıq hissi bürüyür. İllər su kimi axıb, getdi. Tamamilə fərqli bir zəmanəyə ürcah olduq. Vaxtilə Şimal regionuna etdiyimiz o səfər indi bir vida görüşü təəssüratı bağışlayır, hə, məhz bağışlayır, çünki o vaxtlar bizləri gözləyən ciddi dəyişiklik və müsibətlərin hələ heç bir nişanəsi nəzərə çarpmırdı.
O səfər bizə yer üzündə nəsib olan səmimi bir dostluq fürsəti imiş. Ayrılmamıza isə hələ çox vardı. O fürsət hələ Murmanskda, Apatitlərdə, Severomorskda, Kandalakşada, daha öncə isə Dmitri Balaşovla tapışmama görə Petrozavodskda da yaranacadı.> Ədəbi çevrələrdən daha çox Malıy teatrda tanınan Volodya Bondarenko məni valideynlərinin evində nahar yeməyinə dəvət elədi. Mən isə Balaşovun gəlişini gözləyidim. Astanada peyda olan qısaboy və uzunboğaz çəkmə geymiş adam mənə tarix dərsliklərindəki knyazları xatırlatdı. Kənddə yaşayan bu adam at və inək saxlayır, odun yarır, şalbanlardan daxma tikir, özünün qalın romanlarını isə bir qış mövsümü ərzində yazıb-bitirirdi.
Nədənsə ondan çəkinirdim. Astafyev isə ilk baxışdan xoşlanmadığı bu adama altdan-altdan göz qoyurdu: bəlkə də bunun səbəbi ya adamın yumşaq dərili çəkmələri, köynəyinin belindəki kəmər idi, ya da Viktor Petroviçin ədəbi şöhrətinə heç bir məhəl qoymaması. Kitab rəfləri düzülən otaqda o, hər hansı cildi götürüb baxır, sonra təkrar yerinə qoyurdu, sonra başqasını götürüb, üz qabığını zərblə örtməklə, rəfə yerləşdirirdi, ən nəhayət, o, Balaşovun əsərinə rast gəldi, bizdən aralanaraq, pəncərənin önünə keçdi, kitabı ehmalca vərəqləməyə və oxumağa başladı. Elə bu məqamda Balaşov küylə otağa girdi.
Astafyev dedi:
— Knyaz Dmitri hər şeyi bilir. — Ağıllı gözlərə malik Balaşov onu elə süzürdü ki, sanki söhbət heç ondan getmir. — O, Çarqradın da, Aya-Sofyanın da hər künc-bucağına bələddir, patriarx Filofenin əlini də elə öpür ki, aradan beş əsr ötsə belə, bizlər ona həsəd aparırıq. Hardandır bütün bunlar? — deyən Astafyev qəsdən üzünə bir heyrət ifadəsi qondurdu. Balaşov isə hələ də gözlərini döşəmədən ayırmırdı. — Hətta Mamayın özü ona deyibmiş ki, sən ikinci Batı xan olacaqsan. Hər təfərrüatı bilir və bunları necə yazırsa, adam heyran qalır: aradan bunca əsr keçib, onların o biri üzünə axı necə baxmaq, səslərə necə qulaq vermək olar, hə? “Knyaz Vladimir yataq otağında arvadı Dunyanın yanında oturmuşdu, qadın isə öz yumşaq döşlərini onun dizlərini söykəyərək, ağlayırdı”. Bəlkə müəllifin özünün həyatında buna bənzər bir Dunya varmış?
Balaşov tam ciddiyyətlə etiraf elədi:
— Həm də biri yox.
— Ardına qulaq asın: “Kişi fınxırdı, var-gəl elədi, yanaşıb, qadını özünə tərəf çəkdi və qaba tərzdə onun alnından öpdü”. Görəsən siz özünüz kimisə və nə vaxtsa belə “qaba tərzdə” öpübsünüz, hə? Onda mən də gedim öz Mariyamı “qaba tərzdə” öpüm, — deyən Astafyev lal-mat dayanan Balaşovu bir əliylə qucaqlayıb, masaya tərəf apardı. Mən isə ləngidim, həmin kitabı əlimə alıb, açdım. Və...
“Bütün o adamlar ölüb-getdi, çoxusunun heç məzarı da qalmayıb. Özündən deyən cavan oğlanlar, almayanaqlı qızlar da yaşa doldular, şux qamətləri büküldü. Saraylar dəfələrlə yanıb, külə döndü, yerində təzələri tikildi. Kəndlər yer üzündən silindi. İndi onların hamısı torpağın altındadır, biz isə sadəcə salnamələrdə yazılan yığcam məlumatlardan xəbərdarıq, kimin nə vaxt və nə dediyini də dəqiq bilmirik, sadəcə təxmin edə bilərik ki, knyaz, döyüşçü və qız nələr deyə bilərmiş...”
Həmin vaxt mən də Yekaterinodar haqda roman yazırdım, ona görə də eyni təəssüf hissləri elə mənim də varlıımı çulğamışdı.
Qonşu otaqda süfrə arxasında oturan Balaşovun I Pyotra qarşı bildirdiyi iradlar dəydi qulağıma: “İndi heç Şimalda da bu yoxdur... Dünən mən saraydakı cariyələr barədə yazırdım, onların içini bürüyən ehtiraslardan və bu qadınların nəvazişlə, amma sözgəlişi söylənən bir sözə, ötəri baxışa, hamamın bir küncündə gedən dedi-qodu əsnasında eşitdiyi atmacadan sonra az qala özününkü və əbədi sahibi saydığı adamla yaxınlığı bir il yox, illərcə gözləməsindən orada söz açmışam”.
— Elə isə gəlin, az qala həbsə qapadılan o cariyələrin həyata qaytarılması şərəfinə içək! — dedim və hamı bu fikrimi bəyəndi.
Bəlkə mən bunları özümdən uydururam? Masa arxasındakı o ovqat bircə anın içində, tüstü misalı dağılıb-getmişdi axı. Mənim otuz il əvvəl Petrozavodskdakı o görüşdən söz açmamla müqayisədə bəlkə də Balaşovun tatar istilası vaxtı qadınların əyirici dəzgah ardında necə çalışdığını təsvir eləməsi bəlkə daha rahat idi. Mən Balaşovu gözdən qoymurdum. Doğma kəndində inzivaya çəkilən bu adamı Moskvada tapmam müşkül məsələ idi, halbuki onu dinləməkdən ötrü sinov gedirdim, həm qədim dövrdə, həm də indiki çağda yaşayan bir rusu, Vladimir Monomaxı, İvan Kalitanı, Radonejli Sergini fərli-başlı tanımayan bizim kimi adi ruslardan fərqli birini tapmaq indi qəliz məsələdir axı.
On doqquz ildən sonra onu Novqorod yaxınlığında qətlə yetirəcəkdilər, onu mən məhz orada, Rusiyanın xristianlığı qəbul etməsinin 1000 illiyi münasibətilə Yuryev monastırında göstərilən tamaşa vaxtı, camaatla birgə gəzinti əsnasında və evindəki süfrə arxasında görə biləcəkdim... Anası vəfat etdikdən sonra, 1999-cu ilin dekabrında, Moskvada, bizim Yazıçılar İttifaqının zirzəmisində onunla çay içəcəkdim və o da vəd edəcəkdi ki, gələn yaz yolunu Tamandan salacaq, yanvar ayında bu vədi barədə ona məktub yazsam da, az sonra o, dünyasını dəyişəcəkdi.> O vaxt çay süfrəsində o, hər yerdə rast gəlmədiyimiz və qəfil olduğu qədər də heyrətamiz nələrsə demişdi, o ara mən bunları kağıza köçürməmişdim, sonradan isə söhbətin məğzini yaddaşımda canlandırmağa bacarığım yetməmişdi. Puşkinin Kerçi (Korçevi)> gördüyü o sıldırım qayaya Dmitri Mixayloviçi apara bilmədiyimə isə hələ də heyfsilənirəm.
Ötən illər ərzində baş verən hər döyüşə o da qatılmalıydı, yoxsa hər şey boş görünür adama. Onun nakam taleyi ilə mən Vasilko Terebovlskinin, knyazlardan Boris və Qlebin taleyi arasında bir bənzərlik görürəm, bəlkə onun qatili də Svyatopolk kimi birisi imiş. “Tamanda payız” adlı əsərimdə Vasilkonu yad edərkən əsl uşaq saflığıyla acınmam gəlir yadıma. Bəlkə elə ona görə əlimdən yapışan Tanrı məni zavallı Kuban kazaklarının yanına çəkib aparmış, məni ürkək Popsuyşapkaya ürcah eləmişdi?
Qismət olsaydı, Peresıpın sahilboyu vadisini, Axtanizovdakı Boris və Qleb dağını Balaşova göstərəcəkdim, nəcib Nikonun monastır tikdiyi təxmin olunan yeri onunla birgə axtaracaqdım, çünki o ara ondan eşidəcəyim fərziyyələri mən başqa heç kəsdən eşitmərəm artıq, şərab saxlancımıza aparmaqla, ona içki süzəcəkdim, anam da bacardığı qədər süfrə açacaqdı bizim üçün, sonra, bir müddət ötüncə isə maraqlanacaqdı: “Yoxsa bu da yazıçıdır? Əcəb çox şey bilir”. Amma qismət olmadı.
Biz Şimal regionuna o səfər zamanı anam hər yerdə sanki məni “müşayiət edirdi”, yəqin mənim Paşa xalayla necə görüşdüyümün də fərqindəydi, hətta uzaqdan onunla söhbətimə də qoşulurdu, kənddən tanıdığı bu rəfiqəsiylə mənim ünsiyyət qurmamdan hədsiz bəxtəvər idi. Onlar düz qırx il görüşməmişdilər, Paşa xala Krivoşyokovodan Kareliyaya, qızının yanına köçüb-getmişdi deyə, bu rəfiqələrin görüşü əlçatmaz bir xəyala dönmüşdü və doğmalarımı Yelizavetinoya səfər eləməyə razı sala bilmədiyim üçün indi mən hədsiz peşmanam. Halbuki hamını bir araya yığa bilərdim! Kilsənin doğum qeydləri kitabında atam İoannın xaç suyuna salındığı gün Paşa xalanın atası Qriqorinin də doğulduğu yazılıbmış.
Başqa bir şey bilmirəm. Qadın buranı tərk etdikdən sonra tək eşitdiyim — anamın eləcə şikayət dolu nidaları idi, elə hey Paşa xalanın yoxluğuna vaysınırdı o, Kareliyadan göndərilən məktubları oxuyarkən Sibiri tərk edən rəfiqəsinin o yad yerə necə alışacağının dərdini çəkirdi. Bu axşam da mən yazı masam arxasında əyləşərək, barmağımı məktubdakı sətirlər üzərində gəzdirməklə, sözləri uzadaraq, oradakı cümlələri oxuyuram: “Tanya, bil ki, yazdığın və çoxdan bəri gözlədiyimiz məktubu almışıq, necə sevindiyim sözlərə sığmaz. Səninlə yaxın rəfiqə olsaq da, illərdən bəri heç cür görüşə bilmirik. Artıq 73 yaşım var. Krivoşyokovoda, yəni cavan ikən, səninlə birgə hər şeyə gülmək üçün mütləq bir səbəb tapardıq, indi isə o vaxtımız deyil, eləcə axşamın düşməyini gözləyirik ki, başımızı atıb, yataq.
Yadına, gələr yəqin, Krivoşyokovada necə yaşayırdıq, inəklərlə necə girinc idik, bazarda piştaxta arxasında necə süd, mürəbbə satırdıq, necə bir-birimizin evinə gedirdik, qonaq-qara qarşılayırdıq. Sibiri unuda bilmədiyini yazırsan: əzizim, orada, gör, nə qədər yaşamısan, təbii ki, unutman çətin olacaq, anan da orada dəfn olunub, öz həyətini, onun aşağısındakı o bataqlığı necə unudasan?! Bircə oğlun> var, o da yanında deyil. Görünür, Tanrı belə məsləhət bilib. Tışko dayı bizim Voronejdəki kənddə vəfat elədi, bu qış oradan tanışlar gəlmişdi, oradakılarla bağlı xeyli şeylər danışdılar, amma bir çox təfərrüatları indi unutmuşam, gedib. Mən də oralara getmək istərdim... Vityanın dönüşünü gözləyirəm, indi o, yazıçılarla birgə de, bizə də baş çəksin. Sənin Praskovya Qriqoryevnan”.
Qızı Marusya mənimlə vidalaşsın və “rəfiqəsi Tanyaya” salam-dua göndərsin deyə, onu stansiyaya gətirmişdi. Özünü baxımlı hala gətirən bu çəlimsiz qarı yaşından xeyli cavan görünürdü: plaş geyinib, başına cod şal bağlamışdı, incə burnu, gözlərinin birində isə xırda və bəyaz ləkə vardı. Yazıçıları dartıb, ona sarı apardım.
Marusyanın sonradan Peresıpa göndərdiyi məktubda deyilirdi: “Anam onların qarşısında bir çariça kimi qəddini dik tutub, durmuşdu... əllərini əsasının üstünə çarpaz şəkildə qoymuşdu, kişilər də ona yanaşıb, təzim edir, hərəsi sırf nəzakət xatirinə nələrsə deyirdi, Vitya isə onları anama təqdim edirdi, sanki anamı şəxsən Brejnevə təqdim edirdilər, sonradan biz bunu evdə xatırlayanda uğunub, gedirdik: “Anası, onda sən heç özünə bənzəmirdin ha, elə bil çariça Yekaterina idin ki, durmuşdun, axı sən nə o xasiyyətdəsən, nə də rəhbər birisən ki, özünü belə dartasan... “ Soruşur: — “Necə durmuşdum axı? Onlar mənə yanaşırdılar, mən də təşəkkür eləyirdim, kitab-zad oxumadığıma görə, sırf Vityanın dostları kimi onlarla salamlaşırdım da. Aralarından yaşlı birisi dedi: “Mən də sibirliyəm”. Mən isə: “Özüm əslən sibirli deyiləm, — dedim, — biz voronejli Lixonosovlardanıq, vaxtilə oralara sürgün olunmuşduq. Vityanın ata-anası isə könüllü şəkildə Sibirdə məskunlaşıblar”. Astafyev dedi: “Təpərli adamlarmış”. “Hə, bizim nəsil kənddə adla deyilərdi — Osıkinlərik biz. Orada Osıkin nohuru da var. Bir də Qayvoronskilər vardı. Lixonosovlar bunlara çatmazdı, bizim küçədə onları “Qolıçovlar” adlandırardılar”.
Xalacan, mən kitab oxumağı sevirəm, odur ki, Astafyevi, Belovu görməyimə xeyli şad oldum. Belov qaşqabaqlı idi, nəyə görəsə deyinirdi, anamdan da o dəqiqə soruşdu: “Bəs sürgündən qabaq nə qədər inəyiniz var idi?” Ucaboy və susqun Valentin Rasputin isə xeyirxah birinə bənzəyirdi. Potanin onun “Sıldırım qaya başında” povestini oxuduqca, ağlayırmış. Tösmərək Liçutin bizi necə söhbətə tutdusa, az qala qatara da gecikəcəkdilər. Petrozavodskdan olan Balaşov gözlərini elə hey qadının gözlərinə dikib, durmuşdu, Krupin isə vaxtilə ziyarət etdiyi Yerusəlimdən gətirdiyi kiçik ikonanı anama hədiyyə elədi.
Anam razılıq hissiylə deyirdi: “Vityanın necə dəyərli dostlar qazandığı barədə Tanyaya bir məktub yazacağam. Qohum-əqrəba içində təkcə Vitya bu yazıçılıq sənətinə yiyələnib. Şükürlər olsun Tanrıya. Həm də o, necə ciddi dayanmışdısa, çox da dərdləşə bilmədim”.
Petrozavodskdan gələn o məktubu anam dönə-dönə oxumuşdu, hətta bostanda işləyəndə də xəyalən Paşa xalayla dərdləşir, öz bəxtindən ona giley-güzar edirdi.
Gündəliyimdə yazmışam ki, mən son fəsli tamamlamaq üzrəyəm: həmin bölümdə Polsuyşapka illər sonrası Tolstopyata onun bacısı Manyanın ölüm xəbərini verir. Lermontovun doğum günündə mən Tamana, oradan isə Blaqoveşenski stanitsasının nufuzlu atamanı Konstantin Yuxnonun qızının yaşadığı yunan kəndi Vityazevoya yollandım ki, təkrar onunla söhbətləşim, hazırda həyatda olmayanları yada salmaqla, bəlkə ondan daha nə isə maraqlı bir şey eşidə, öyrənə bilim.
Dar körfəzin sahilində bellərinə adətən donqar şəkil verən qağayılar isə mənim dönüşümü gözləyirdilər.
İndi də onların yanındayam. Balıqqulağılar yığır, yazıb-oxuyur, düşünürəm ki, görəsən mənim Vyatka mənşəli moskvalı dostum yenə də Vifleyemdə ayaqyalın halda dolaşır? İndi o, bunca uzaqdan onunla maraqlanmamdan hər halda xəbərsizdir, amma nə vaxtsa bu göz yaşı hopan səhifələri yazıb-bitirsəm, o da bunları oxuya biləcək. O vaxta biz lap gocalıb gedərik.> Vyatka mənşəli moskvalı dostum elə həmin saatlarda, mən bu Peresıpdakı dar körfəzdə məskunlaşdığım kimi, hansısa kənddə yazdığım mətnləri görən oxuyurmu?
Budur, həmin sətirlər: “Bu yer üzündə mənim ruhumun dörd oylağı var və hər axşam dua oxuyanda oraları yadıma salıram. Lavradakı müəllim hücrəm. Nikolskoye. Velikoreçkoye. Kilmez. Əlbəttə, bir də Moskvadakı mənzilim”.
Bəs mənim bu dar körfəzdən başqa nəyim var axı?! Öz əziz-girami məskənlərimdə eləcə ağ kağızları qaralamaqla girincəm. Amin.