Olay
Əlli yaşında cüssəli bir kişi olan Qriqori Petroviç Qulyayev öldü. Bu dünyada onun birotaqlı mənzili, özündən on yaş cavan arvadı Natalya Semyonovna, səkkiz yaşlı oğlu Vova, bunlardan əlavə, bəzi qohumları, o cümlədən — Allah bilir harada yaşayan — Yelizaveta Petrovna kimi bir yaxını, yəni dosdoğma bacısı qaldı.
— Nahaq, nahaq öldü Qrişa, — qohumlarından Aqafya qarı dedi bunu. — Vaxtsız getdi, demək olar...
— Kim nə bilir, əcəli haçan yetəcək? — başqa bir qohum, nisbətən dolubədənli qadın iradını bildirdi. — Nə vaxt ölməli olduğumuzu biz həşəratlarla məsləhətləşən kimdir axı.
Ölənin arvadı Natalya Semyonovna nəyəsə, kiməsə etiraz edəcək halda deyildi, yalnız bundan sonrasını düşünüb köks ötürürdü. Balaca Vova isə deyilənlərə yerli-dibli inanmır, belə fikirləşirdi ki, atası, sadəcə, harasa — çox uzaqlara — səyahət üçün gedib və elə o özü də tezliklə oraya, atasının yanına yollanacaq.
Bunlar öz yerində, ancaq dəfnin təşkili ilə də məşğul olmaq lazım idi. Doxsanıncı illər, ikinci minilliyin sonları — inanılmaz dərəcədə ağır bir dövr başlanmışdı. Amma Qriqori Petroviç vəzifəli şəxs idi, xidmətləri vardı, ona görə də çalışdığı təşkilat köməklik göstərdi. Ən müşkülü qəbir məsələsi oldu: amma çətinliklə yer tapsalar da, əvəzində, abırlı, hətta şad-abad bir məzarlığa düşdü. Dindardımı Qriqori Petroviç, ya yox — burası hamıdan ötrü tamamən naməlum, hətta anlaşılmaz idi. Ancaq, hər ehtimala qarşı, rəsmi vida mərasimini qayda-qanun üzrə təşkil etdilər.
Mərasim velosipedçilər klubunda gerçəkləşdi: oranın birinci mərtəbəsində çox geniş zal vardı, pəncərələri yaşıl, rahat və bir qədər də bərbad bağa açılırdı. Tabutu zalın arxa divarının dibinə — girişlə üzbəüz qoymuşdular. Çiçəklər, hətta bayraq vardı, adam isə elə də çox deyildi (Natalya Semyonovna Vovasını buraya gətirməyi uyğun bilməmiş, anasının xalasıgilə, onların bağ evinə göndərmişdi).
Qriqori Petroviç tabutda qocalmışdı, əlli yox, yüz, hətta lap yüz on yaşında qoca kimi görünürdü. Dərisi boşalmışdı, sanki süzülüb töküləcəkdi, gözləri yumulu idi — özü də nəsə qeybani bir inam, hətta tam əminlik yaranırdı ki, bundan sonra beləcə də qalacaq. Qolları da elə qətiyyətlə qatlanmışdı, daha heç vaxt açılmayacağı bilinirdi.
Ortahal ağlaşma vardı, təbii ki, yalnız arvadı, bir də bacısı hönkürürdü. Qriqori Petroviçin ata-anası çoxdan ölmüşdü. İki dostu gəlməmişdi heç. Velosipedçilər cəmiyyətindən olan, kimsənin tanımadığı on beş adam gəlmişdi nəyə görəsə.
— Kim gəldi, veyillənir burada, — Aqafya nənə astadan deyindi. — Bu mərhum axı əyyaşın biri deyildi ki, bütün Moskva onun tanışı, badə yoldaşı olsun. Sakit, məsuliyyətli adam idi. Ailəcanlı idi.
— Biabırçılıqdır başdan-ayağa. — Yanındakı qohum qadın da ona qoşuldu. — Tabutda da rahat buraxmırlar. Bax ömür boyu çalışıb-vuruşursan, çığırıb-bağırırsan, hey nəsə axtarırsan, əvəzində mükafat-filan da olmur — eyzən nanəciblik. Uzan tabuta, gələn-gedən üzünə tüpürsün...
— Ta deməyin, — qohum qadınlardan üçüncüsü pıçıldadı, — bu uşaqlar ki yaddırlar, yəqin, keflidirlər...
Elə bu arada həyətdəki kolluğun arxasında Qriqori Petroviçin iki qonşusu — Nikolay və Sergey — vurmaq üçün özlərinə xudmani bir yer düzəldib oturmuşdular.
— Hə, yaxşı, yad edəkmi, — dedi birisi.
— Yad edək, — o biri cavab verdi.
Yad etdilər, içdilər, ardından Sergey bir məqamı xatırladı:
— Amma bu mərhum, ölümqabağı, özünü yaxşı aparmadı axı...
— Niyə ki? — Nikolay narahatlıqla soruşdu.
— Elə hey dava salmaq istəyirdi. Yüngülvari tutuzdurdum sifətinə, hərçənd xəstə idi artıq, bilirdi işin nə yerdə olduğunu.
— Ola bilməz, — Nikolayı dəhşət bürümüşdü.
— Olanı danışıram, — Sergey öz dediyində qaldı, sonra da dalğın halda əlavə etdi. — Görünür, belə alındı, həyat amansızdır.
— Bəs ölümqabağı niyə vurdun?
— Yetişmişdi. Elə bilmə, sadəcə, xuliqanlıq edirdi o. Evdə tək olanda çığır-bağır salırdı, özüm eşitmişəm, aramızdakı divar nazikdir.
— Adamlara yazığım gəlir, — Nikolay cüyüldədi. — Yəqin, onun ağlına da gəlməzdi: bir də gördün, bədən getdi əldən. Onda da bədən vardı ha — möhkəm, yoxsa ki...
— Yad edək, — deyə hörüldədi Sergey və yenə mərhumun xatirəsinə içdilər.
O arada qəribə sakitlik çökmüşdü zala. Və elə bu vaxt girişdə Qriqori Petroviçin özü — dirisi peyda oldu. Kimsə bilmədən, sakitcə, elə bil o dünyadan quş kimi uçub gəlmişdi.
Əvvəlcə heç fikir verən də olmadı: nə var ki, adamdır da, gəlib, badə yoldaşıdır , yəqin, vidalaşmaq istəyir Qriqori Petroviçlə, yəni tabutdakı ilə.
Qriqori Petroviç, yaxud, daha dəqiq desək, tabutdakı Qriqori Petroviç heç qımıldanmırdı da: uzandığı kimi də qalmışdı. Baxan kimi bilinirdi ki, ölüdür. Diri Qriqori Petroviç isə asta, amma əmin addımlarla ona doğru yeriyirdi. Nəhayət, arvadının çığırtısı sükutu pozdu:
— Qrişa!
Hə, Qrişadır, pencəyi də həminkidir və ən əsası, yerişindəki, ya da təbəssümündəki təkrarsızlıqdan dərhal anlayırsan: bu Odur, Qrişadır ki var, Qulyayev Qriqori Petroviçin şəxsən özüdür. Onun şəxsən özü olan başqa biri isə postamentin üstündə, çiçəklər arasında, mərasim sükutu içində uzanıb.
Natalya Semyonovna bir daha gözləri bərəlmiş halda “Qrişa!” çığıraraq özündən gedib yıxıldı.
Sözün açığı, demək olar, kimsə bir şey başa düşmədi: tez qadının hayına qaldılar, elə bildilər, infarkt keçirib, diri Qriqori Petroviç isə yalnız bir neçə nəfərin diqqətini çəkdi — mat qalmışdılar.
Doğmaca bacısı, ümumən sərt xasiyyəti ilə seçilən (hərdən qatarın altında gecələməyi də vardı) Yelizaveta Petrovna diri Qriqori Petroviçə azacıq yaxın durub sual verdi:
— Kimsən sən?
— Tabutdakıyam. — Diri Qriqori Petroviç ölü Qriqori Petroviçə yaxınlaşdı. Canına üşütmə düşən bacısı da yaxına getdi. O birilər ürəyi gedənin yanında ya sakit dayanmışdılar, ya da vurnuxurdular. Bəziləri də aralıda durub eyzən pıçıldaşırdılar.
Diri Qriqori Petroviç öz meyitinə çox diqqətlə və doğrusu, xeyli də kədərlə baxırdı. Matı-qutu quruduqca quruyan Yelizaveta Petrovna, mərhumu başı ilə nişan verərək, soruşdu:
— Bəs bu kimdir?
— Bu da mənəm, — qəmgin halda cavab verdi Qriqori Petroviç.
— Qrişa, axı sən danışırsan, yeriyirsən, — deyə mızıldanan Yelizavetanın bir gözü bərəlib-çevrildi.
— Nə olsun? — diri Qriqori Petroviç istehza ilə söyləndi. Sonra da, üzrxahlıq edirmiş kimi, öz ölüsünə baxaraq başını tərpətdi, çiyinlərini çəkdi.
— Necə “nə olsun?” — bacısını dəhşət bürümüşdü.
— Heç necə, — Qriqori Petroviç yıxılmaq üçün bir himə bənd olan bacısına tərəf çöndü. — Lizacan, yaxşı, sən belə elə: Natalyaya çatdır ki, mən bu axşam gec gələcəm. Amma Vovkanı qaytarıb gətirməsin evə. Özü də şam üçün bu dediklərimi hazırlasın — kolbasalı qayğanaq, kefir, bulkalar. Araq lazım deyil.
— Bəs mən? — bacısı mehribanlıqla pıçıldadı.
— Sənlik nə var? Sən onsuz da doğmasan mənə.
Diri Qriqori Petroviç ciddi-ciddi tabutunun yanında bir qədər var-gəl edib başucunda dayandı, çiçəklərə, özünün çallaşmış və artıq ölü saçlarına, büzüşüb-saralan alnına toxundu, xəlvətə salıb meyitinin qulağını dartdı. Sonra bacısına baxıb pıçıldadı:
— Bir də, Nataşa qorxursa əgər, onda qoy yatsın, de ki, yıxılıb yatsın, əgər qorxursa. Mən özüm mətbəxdə bir şey düz-qoş edib yeyərəm, sonra da keçib uzanaram onun böyrünə...
Sonra Qriqori Petroviç inamla, amma yenə də kədərlə dönüb arxasını öz meyitinə çevirdi və qapıya tərəf yeridi. Vidaya gələnlərin çoxu onu üzdən elə də yaxşı tanımırdı, üstəlik, hamısı mat-məəttəl qalmışdı deyə, Qriqori Petroviç zalı rahatca tərk etdi.
Doğrudur, balaca bir oğlan — mərhuma çox oxşatdığı üçün — onun əlindən tutmaq istədi, amma son anda cürəti çatmadı.
Qriqori Petroviçi yaxşı tanıyan üç nəfər özündən gedib döşəməyə sərələnmişdi. Biri də elə alahuş oturub öz sinəsini yumruqlayırdı. Kimisi hələ də Natalya Semyonovnanı silkələyirdi. Qarabasmalar barədə nəsə mızıldananlar da vardı.
Qalanları da Qriqori Petroviçin ölüsünü çəp-çəp süzürdülər: görəsən, tərpənməz ki...
Ucaboy çalsaç qoca — görünür, təriqətçi idi — durumu lap qəlizləşdirdi: baş verənləri izləyəndən sonra tabuta yaxınlaşıb mərhumun üzünə tüpürdü, özü də çox sərt şəkildə — elə bil hədə-qorxu gəlirdi. Ortalıq qarışmadımı!
Mərhumun qohumları, əsas da bacısı dərhal qocanın üstünə cumdular, kimsə onun saqqalını dartışdırdı. Fıştırıq eşidildi, sanki milis çağırırdılar.
Bu arada musiqiçilər heç nəyə fikir vermədən, razılaşma üzrə, dəfn marşı çalırdılar. Zalda isə iş vur-çatlasına dirənmişdi. Qoca təriqətçi, üst-başı cırılmış halda, yerdə çabalayırdı.
Bu məqamda Natalya Semyonovna özünə gəldi. Heyrətlə ətraf-aləmə baxdı. O ətraf-aləmdənsə əsər görünmürdü: hərçənd tabut öz yerində idi və matəm musiqisi yayılırdı — ancaq vur-çatlasının və tükürpədən qışqırıqların müşayiətilə.
Bu arada artıq bütün zalda söz gəzirdi ki, guya elə indilərdə Qriqori Petroviç özü, dipdiri halda buraya gəlibmiş və bu dəfndə nəsə düz getmir. Yekəpər, kürən bir kişi, mərhumu tabutdan dartıb çıxardaraq bağırırdı ki, ölünü qaçırdıblar. Mərhumu zorla onun əlindən qurtardılar və bu məqamdan sonra olaylar dönüb fantastik bir şəkil aldı: kim kimi tutsa, dalaşır, qalanları isə bağırışırdı.
Natalya Semyonovna elə bildi ki, artıq o biri dünyadadır və yenə də özündən getdi.
Əyyaş qonşular — Sergeylə Nikolay — girdikləri koluqdan qışqırıqla çıxdılar ki, bəs o qədər içiblər, hətta Qrişa görünüb gözlərinə: guya zaldan çıxıb avtobus dayanacağına gedirmiş. Bu arada kiminsə çağırdığı milislər gəlib yetişdilər. Rəisləri olan əməliyyat müvəkkili — tosqul, saçları çallaşmış leytenant keçdi qabağa. Amma tabutun yanında dalaşanları görəndə sanki dalana dirəndi. O və ardınca gələnlər bu “dalan”dan 5-10 dəqiqəyə ancaq çıxa bildilər.
— Bu dəfn yığıncağını dağıtmaq lazımdır! — huşsuz uzanmış Natalya Semyonovnanın ölənin arvadı olduğunu kimdənsə eşitdiyi üçün ona yaxınlaşan leytenant, axır ki, bağırdı. Leytenantın böyründə qəfildən rəsmi qiyafəli bir adam peyda oldu, deyəsən, velosipedçilər klubunun rəhbərliyindən idi. Natalya Semyonovnanı silkələdilər və o, gözlərini açdı.
— Sizin ərinizdir o, ya yox?! — həmin adam tabutu nişan verərək çığırdı. Natalya Semyonovnanı ağlamaq tutdu. — Siz bu vəhşi dəfn adətinizlə ictimai demokratikləşməni pozursunuz!!! — cır səslə çığıran bu adam az qala atılıb-düşürdü Natalya Semyonovnanın ətrafında.
— İmkan versənizə, özünə gəlsin bir, — Aqafya qarı həmin adamın üstünə qışqırdı. — Heyvərələr! Gərək hər şeyi deyələr sizə! Macal verin, görsün, əri ölüb, ya yox da?!
Leytenant gözlərini bərəltdi. Bu deyilənlərə və tabutun ətrafındakı vur-çatlasına daha dözə bilməyən leytenant, zalın ortasına keçib aram-aram bağırdı:
— Kəsin... bu biabırçılığı..., yoxsa ... atəş açaram!
Ardınca tapançasını çıxarıb əvvəlcə mərhumun tabutuna tuşlasa da, sonra durumu anladı, lülənin ucunu qaldırıb tavana tutdu. Yanında dayanan milis nəfərləri quruyub qalmışdılar. Amma onun bu sözləri və sərt görkəmi, nə qədər qəribə də olsa, müsbət təsir göstərdi. Dava-dalaş, yorulmuş mavi okean kimi sakitləşməyə başladı və qəfil çığırtıları saymasaq, daha elə bir mühüm hal baş vermədi. Velosipedçilər klubunu təmsil edən adam leytenanta yaxınlaşıb, çəkingən tərzdə soruşdu:
— İndi nə edək, yoldaş... cənab leytenant?
— Nə edək? — qayğılı dilləndi rəis. — Birincisi: baş verənləri kimsəyə deməyək. İkincisi: mərasimi bitirək, musiqini yığışdıraq və elə bu dəqiqə tərpənək məzarlığa. Maşın varmı? Var. Mən də nəzarət edərəm, hər şey qaydasınca getsin.
Göstərişinə əməl etdilər. Tabutu aparıb maşına qoydular. Amma yığışanların fikri haçalanmışdı. Çoxluğun meyilləndiyi mövqe belə idi: dəfn yerinə getməyin mənası yoxdur, çünki kimi basdıracaqları bəlli deyil.
Natalya Semyonovna da əvvəl-əvvəl qətiyyən getmək istəmirdi, amma elə ki, tabutu itələyib maşına saldılar, onun qapağını aralayıb cikkə çəkdi:
— Axı bu odur, Qrişadır! Odur — mənim əzizim, birdənəm, əvəzsizim! — Elə bunları deyə-deyə də, tabutun ardından, maşının alaqaranlıq ağuşuna daldı. Arxasınca da Qriqori Petroviçin bacısı və daha bir neçə nəfər.
Yolda Yelizaveta bayaq diri Qriqori Petroviçin ona dediklərini çox ciddi və ölçülü-biçili üslubla Nataşaya söylədi. Axıraxayın, qəfildən Yelizavetanın gözlərini nəşəli ifadə bürüdü, sanki artıq tamam başqa, amma həm də son dərəcə xoş bir aləmdə idi və o an Yelizaveta Petrovna söylədi:
— Sən bir işə bax da, ölü Qriqori Petroviç burada, qarşımızda olduğu halda, diri Qriqori Petroviç də gəlmişdi yanımıza. İkidir indi — biri ölü, digəri isə diri.
Bu sözlərin ardından Qriqori Petroviçin arvadı darıxmağa başladı. Dəfn tamam səssiz, sıxıcı keçdi. Heç kəs danışmadı. Milislər eləcə uzaqdan izlədilər.
Beləcə, ölü Qriqori Petroviçi tezbazar dəfn etdilər. Heç bir ikibaşlı, çərçivəsiz çıxış olmadı. Amma axırda yenə bir hoqqa çıxdı: dağılışan adamların arasından həmin o qoca — bayaq velosipedçilər klubundakı davada döyülüb-dartışdırılan, üst-başı cırılıb-bulanmış, saçları pırtlaşıq kişi — qəbiri nişan verərək, dəli kimi çığırmağa başladı:
— Biz oraya getməliyik! Oraya! Çünki Qriqori Petroviç indi, eyni vaxtda həm ölüdür, həm də diri. Həm tabutdadır, həm də ortalıqda dolaşır!.. Oraya getməliyik, oraya! Qriqori Petroviçin yanına!
Milislər yaxınlaşdılar. Qocanın ağzını yumuldu və hər şey yoluna düşdü.
Natalya Semyonovna qayğılı halda evə qayıdırdı. Beynində bircə fikir vardı: Qriqori Petroviç bu axşam gələcəyini vəd etmişdi.
Yanınca yalnız Yelizaveta Petrovna gəlirdi, o biri qohumları elə bil hansısa yel aparmışdı. Sonra mərhumun bacısını da apardı o yel. Natalya Semyonovna yalqız qaldı.
Birotaqlı mənzilinə girdi, işığı yandırdı və istər-istəməz yemək hazırladı: eynən Qriqori Petroviçin dediyindən — kolbasalı qayğanaq...
Sonra da, niyəsə, saata baxa-baxa gözləməyə başladı. Nəhayət, zehninin keyi açıldıqda təlaşlandı: Bu nədir, ağlı qaçıb bəyəm? Kimi gözləyir axı?
Qriqori Petroviç torpağın altında, bu fırlanan yer kürəsinin içində uzanıb və oradan çıxa bilməz. Amma qadın birdən-birə güzgüyə yaxınlaşıb saçlarını qaydaya saldı, dodaqlarını boyadı, qəşəng geyinmək keçdi ürəyindən, sanki uzun çəkən ezamiyyətdən dönəcək ərinin yolunu gözləyirdi. Bu halının fərqinə vardı və özünə yazığı gəldiyi üçün dərindən hönkürdü.
Toxtadı, bütün bəd düşüncələr keçib getdi. Eləcə başını qatmaq üçün otağa əl gəzdirdi və belə qərara gəldi ki, gecənin xeyirindən gündüzün şəri yaxşıdır.
— Yıxılıb yatım gərək, — deyib, yarım stəkan araq içdi və tezcənə soyunub girdi yatağına. — Sabah işim çox olacaq, bütün bu anlaşılmazlıqlar yadımdan çıxacaq...
Çox tez də yuxuya getdi. Yuxusunda Yelizavetanın nəşəli ifadə bürümüş gözlərini gördü. Sonra da elə yuxuda ikən bir səs eşitdi, deyəsən, açar salıb qapını açırdılar. Əslində yuxu deyildi bu, tam ayıq, aydın eşitmişdi. Amma gözlərini aça bilməmişdi, yorğunluqdan, araqdan bədəni süstləşmişdi, ən əsası — daha heç nə vecinə deyildi. Şüurunun bir hissəsi yuxuda, digəri ayıq idi və bu ayıq hissə ilə də hər şeyi dərk edirdi. Kiminsə mətbəxə keçdiyini duydu, ardından da ərinin hənirtisini, marçıltısını, qab-qaşıq çingiltisini eşidib ayırd edə bildi. Bir ara sakitlik çökdü. Sonra birdən: söyüş, boşqab dınqıltısı, ərinin “bu nə yeməkdir... tarakan basıb buraları” hay-küyü, sonra yenə söyüş, su şırıltısı... Nəhayət, Nataşa dərin yuxuya daldı: sanki yuxuda deyildi, özündən getmişdi.
Səhər saat onda Natalya Semyonovna oyandı. Tər və vahimə içində qalxıb mətbəxə keçdi: qayğanaq yeyilmiş, boşqab sındırılmış, su axıb tökülmüşdü. Amma mənzildə başqa kimsə yox idi; Natalya Semyonovna üstdən-aşağı özünə baxdı və əcaib səslə qışqırdı: bədənində açıq-aşkar zorlama izləri vardı...
— Qrişa, əzizim, belə niyə? — deyə hayqırdı qadın.
Xülasə, ölü Qriqori Petroviç torpağın altında yatırdı, diri Qriqori Petroviç, təqribi götürəndə, elə həmincə torpağın üstündə gəzib-dolaşırdı və Natalya Semyonovna yuxudan oyananda da o, evin lap yaxınında idi. Qriqori Petroviçin ölməz ruhu isə onun cəsədini də, bədənini də tərk edərək, hər ikisindən çox-çox uzaqlara — Səmavi Atanın hüzuruna üz tutmuş, fani bəndələrin nəfəsindən yayınıb həm ölü, həm də diri Qriqori Petroviçi bütün Kainatla təkbətək buraxmışdı.
Təsadüfən ruhani nəzarət sahəsinə düşmüş bu əhvalatı seyr edən kosmik tanrı Arad, məlum bəşəri müsibətləri gördükdə elə qəhqəhə şəkmiş, elə qəhqəhə çəkmişdi, hətta onun idarəsi altında olan D. planeti həmin qəhqəhə ucbatından böyük sıxıntılara, öz səthində fırtınalara məruz qalmışdı.