İmperiyada səyahətlər kitabı
Vahid ölkə
Cavan adamın səyahəti
Asiyanın qapısı. Başlanğıc
Hələ uşaq yaşlarımda mən Asiyanı dolaşırdım. Semyonov-Tyan-Şanskilər, Prjevalskilər və bir də... Qrum-Qrjimaylo öz dəvələrinin belində səfərə çıxır, öz yaklarını* ovlayır, səmum küləklərinə qapılmaqla, dahiyanə coğrafi kəşflərinə imza atırdılar. Mən də özümə yaraşacaq bir təxəllüs axtarışındaydım, çünki nə adım könlümə yatırdı, nə də soyadım — onların şöhrətinə sığınırdım sadəcə... Sergey Karamışev! Bax, bu, fəna sayılmazdı. Qrum-Qrjimaylo və Karamışev! Bir əlini çiynimə qoyan Prjevalski digər əliylə mənə üfüqləri göstərir. Orada Sergey Karamışev sıra dağları var. Dahi səyyah Karamışev-Monqolski elm aləminə təqdim elədiyi vəhşi dəvənin fonunda dayanıbdır. “Görkəmli adamların həyatı” silsiləsinə aid bu kitabda fotolar da var: səyyahın anası, səyyahın atası və böyük səyyahın özü uşaq yaşlarında.
Kitabı götürüb, anama tərəf qaçıram:
— Bax, Prjevalski insanı böyük səyyahlığa aparan yollardan, onun üçün hansı özəlliklərin vacib sayılmasından yazır... Bütün bu sadalanan cəhətlər məndə də var: anadangəlmə səyyaham, bu işə dərin həvəs bəsləyirəm, elmi cəhətdən hazırlaşar, xarakterimi formalaşdırar, özümü zəhmətə alışdıraram, enerjim isə tapılar, əlbət...
Bunları deyərkən, barmaqlarımı da birbəbir qatlayıram.
Mən — Dağ-mədən İnstitutunun tələbəsiyəm. İndidən bilirəm ki, unudulan yerlər, guşələr... hər halda qalmayıb. Bəlkə də onların sonuncusu Qrum-Qrjimayloya (soyad deyil, ey bu, möcüzədir!) qismət olubmuş... Həm də ki bütün bunlar ümumiyyətlə bir uşaq xülyasıdır. Onu da bilirəm ki, uşaqlıq — insanın xəcalət çəkməyəcəyi tək-tük dəyərlərdəndir.
Mən Yaponiyaya, o misilsiz zövqlərin və minillər boyu cilalanan davranışların vətəninə getməyi arzulayırdım... Budur, gözoxşayan bir yapon milli paltarında və bardaş quraraq oturmuşam. Qatlanan laylarına durna rəsmləri çəkilən qapı açılır. Qapı arxa tərəfimdədir, amma mən geri qanrılmasam da, onun niyə və kim tərəfindən açıldığını bilirəm. O qadının mənə necə yanaşıb, necə təzim edəcəyini, fincanı qarşıma qoyduqdan sonra təkrar necə baş əyəcəyini, otaqdan dalı-dalı çıxarkən təzimlərinə davam edəcəyini, qapının laylarını öz ardınca qapadıqdan sonra bir növ divara çevriləcəyini indidən bilirəm. Amma mən oturuşumu, üz ifadəmi dəyişmədən də bunlardan agaham. Min ildən bəri bu, elə hər kəsə bəllidir. Bu otağın içində nəyin harada olduğu bəllidir. Qadın da bunu bilir. Mən də bütün bunlardan agaham...
Yaponiya... Bu nağıl mənim fındıqburun və kürən, yöndəmsiz, amma sevimli olan bir qızla evlənməmlə bitir. Yaponiya nadir hallarda mənə baş çəkir artıq..
Bəs kəşflər? Torpaqda eşələnmək mənim ixtisasımdır axı, cəmi iyirmi üç yaşım olsa da, bunun bir peşə olduğundan agaham.
Budur, praktika vaxtıdır. Bütün yay tətilini Orta Asiyada keçirəcəyəm. Çalışmağa yollanıram. Amma mən evakuasiya dövründə öz uşaqlıq illərimi keçirdiyim Asiyaya üz tuturam.
Daha bir darvaza
— Kadrlar şöbəsi haradadır?
— Düz gedib, sola dönün.
Düz və sola. Dəhliz qaranlıqdır. Dəhlizdəki bir qapı açılı qalıb. İçəridən süzülən işıq zolağı döşəməyə düşüb. Onu yarı qapayıb, yazısını oxuyuram: “Kadrlar şöbəsi”. Hə, axtardığım yermiş. Qapını təkrar açıb, içəri keçirəm. Balaca şkaflar düzülüb. Döşəmədə metal yeşik var. Masa arxasında əyləşən ağımtıl-sarışın və yekəpər kişinin üzündən qətiyyət yağır. Bütün diqqətini toplayaraq, o, kağızdan nə isə kəsir. Tam yaxınlaşıb, baxıram. Qırmızı vərəqdən iri bir “Ş” hərfi kəsirmiş. Bunun belə olduğu az sonra bilinir. Yekəpər diqqətini işə verib. Ən nəhayət, hərfin sonuncu quyruğunu da kəsib, dərindən köks ötürür. Əlini masaya qoyub, gözlərini qıyaraq, məni süzüb, dillənir:
— Belə-ə... Hə, nə lazım idi?
— Məncə, yaxşı alındı, — deyirəm.
Yekəpər səksənir, çaşqınlıqla məni süzüb, pörtür və çımxırır:
— Yoxsa oxumağı da bacarmırsınız, hə?
Deyirəm:
— Bilirəm, “Ş”-dır da.
— Elə isə bayıra çıxıb, qapıda nə yazıldığını oxuyun, — dediyi zaman səsindən təmkin və nəciblik yağır artıq.
Otaqdan çıxıb, oxuyur və geri dönürəm. Yekəpər gülümsünür:
— Hə, nə yazılıb?
— “Kadrlar şöbəsi” yazılıb.
— Bəs altda? Altda! — deyərkən lap qımışır.
Çıxıb oxuyuram. Geri dönüb, deyirəm:
— “Kənar şəxslərin girişi qadağandır”.
O, gülür:
— Bax, görürsünüz, buna görə o dar pəncərəyə yanaşın.
Həqiqətən də, divarda kiçikölçülü, dəmir barmaqlıq vurulan pəncərə varmış. Dar pəncərəyə yanaşıb, deyirəm:
— Gəldim.
— Nə lazım idi?
— Kadrlar şöbəsinin müdirini görmək istəyirdim...
— O — mənəm. Başqa?
— Gəlmişdim ki...
— Sola dönüb, düz gedin. Rəisin yanında ərizə imzalayın.
— Bəs siz niyə barmaqlıq arxasındasınız?
Onu gülmək tutur:
— Sənədlərə görə də, ay çoxbilmiş...
Düz gedib, sola dönürəm. Qapını döyüb, içəri girirəm.
Masa arxasında kök və çalsaç bir kişi əyləşib. İnamla onun masasına yanaşıram. Kişi başını qaldırıb, məni süzür. Kim və nəçi olduğumu, gəliş səbəbimi ona uzun-uzadı anladıram. Həm də bunu ona görə edirəm ki, bir daha mənimlə məzələnməsinlər. Diqqətlə dinləyir, öz mavi gözləriylə məni süzür. Nəsə könlümə yatır bu adam. Budur, bütün bilgiləri onunla paylaşdım.
— Belə-ə... Siz gərək rəisin yanına gedəsiniz, — deyərək, o, qonşu masa arxasında əyləşən, gödərək və qarayanız oğlana bənzəyən kişini nişan verir.
Məni tər basır. İkinci masaya yanaşıram. Başını qaldırmayan rəis hansısa kağızı gözdən keçirir. Çıxartdığım göndəriş vərəqini kağızın üzərinə qoyuram. O isə oxumağına davam edir.
Qəfildən:
— Heçcə nə anlamıram, — deyib, gözlərini mənə dikir. Baxışlarından yorğunluq və qüssə yağır.
— Hə-ə, bu, sizinki imiş?
— Mənimkidir.
— Bir həftədən erkən sizə hər hansı iş yeri təklif eləyə bilmərəm.
Telefon cingildəyir.
Dəstəyi qaldıraraq deyir:
— Odur ki, bir həftə sonra gəlin, yoluna qoyaq.... Hə, mənəm. Hə, rəisdir. Axı adama neçə kərə deyərlər ki, indilik buna imkan yoxdur?! Yatmaq istəyirəm, anladınız? Əşşi, gedin işinizə görüm... — deyib, dəstəyi tullayır. Əcəb dəli-dolu oğlanmış! Baxışlarını qaldırıb, məni süzür.
— Hələ də buradasınız? Bir həftə sonra.
Duruxub qalıram.
— A-a-a... anladım. Pulunuz yoxmuş, eləmi?
Niyə görəsə etiraz edirəm:
— Yox, canım! Varımdır!
— Aha, onda yatacaq yeriniz yoxdur.
— Gülməli danışırsınız, Asiyanın yarısı qohum-əqrəbamdır! — deyirəm.
— Hm-m, əgər elədirsə, onda bir həftə sonra gəlin.
Otaqdan çıxıram. İndi hara gedim mən? Arxadan kimsə səslənir:
— Ehey!
Səslənən kadrlarda işləyən o ağbəniz yekəpərdir.
— Yəqin siz buralarda heç yeri tanımırsınız? Gəlin, birlikdə gedək. Yeri gəlmişkən, burada ən yaxşı pivənin satıldığı yeri də sizə göstərəcəm.
Sonra o, mənə oteli və pivə satılan yeri göstərdi. Üç gün keçincə, qara qəpiksiz qaldım.
Qarınqulunun qeydləri
Qarnımı necə doyurdum
Qeyd dəftərimdə tapdığım bir ünvana gedirdim. Adam rus millətindən bir yoldaş idi. Onunla yolda, buraya gəldiyim qatarda tanış olmuşduq.
“Onlarda nə isə yeyərəm” — deyə düşündüm.
Yaşadığı küçə təzəcə salınmışdı deyə, ora necə gedəcəyimi heç kəs mənə izah eləyə bilmirdi. Axırda bilən biri tapıldı və mən oranı tapmaq üçün köhnə şəhərdə uzun bir məsafə qət eləməli oldum...
Küçələrin eni bir metr, binaların hündürlüyü isə iki metr idi. İrəlilədiyim zaman çiyinlərim sağ və sol cinahdakı divarlara az qala sürtünürdü. Divarların nisbətən hamar qismlərində müəyyən aralarla açılan dəliklərə qapılar qoyulmuşdu. Qapıların önündə oturan ayaqyalın, güllü paltar geyinmiş, qulağı sırğalı, əl və ayaqları hənalı, qırxhörüklü qızcığazlar özlərinin totuq-motuq qardaşlarından muğayat olmaqdaydılar. Bəzi laybalay açıq qapıların qarşısında isə heç kəs oturmamışdı, içəri boylanınca, iki divarın arasıyla uzanan, bayırdakı dar dalanın bir bənzəri sayılacaq balaca dəhliz və yenə də açıq qalan digər qapı sayəsində balaca bağça görmək mümkün idi, elə orada da bayaqkılara bənzəyən bir qız uşağı öz qardaşının qayğısına qalır, üçayaq üstdəki qazanın içində nə isə qaynayır, dəmir şeldən üzüm salxımları sallanır, bağın yerinə sərilən xalçanın üstünə döşəkçə qoyulub və bir küncdə saxlanan motosiklet diqqəti çəkir...
Köhnə şəhərin küçələriylə dolaşsam da, axtardığım o küçəni heç cür tapa bilmirdim. Təkrar oranı soraqlaşdığımda məlum oldu ki, yanlış istiqaməti tutub, gedirmişəm.
Özümü səsli şəkildə söyməklə, yerimdəcə döndüm və o ara mənə bu yanlış yönü göstətən o hərifi hiddətlə xatırladım. O, xatirimdə son dərəcə şişman və özündənrazı biri kimi canlandı, onun zahiri toxluğunu və xudbinliyini söyüş yağmuruna tutdum. Onda daha hansısa qüsur və eybəcərliklər gördükdən sonra hirsim qismən soyudu və yeriş tempim bir mənada bu məşğuliyyətimə uyğunlaşdı.
Mədəm necə boş idisə... onun içindəki — eynilə kilsədəkinə bənzər — “tağları” da artıq hiss edirdim. Sanki orada uğultu və əks-sədalar dolaşırdı. Dil-dodağım isə qurumuşdu artıq.
Magistral yola çıxdım. Avtobuslar ora-bura şütüyürdü. Əldən düşdüyüm üçün onlardan istənilən birisinə minib, gedə də bilərdim, amma bilet üçün ödəyəcək pul da yox idi üstümdə. Əsl cəhənnəm bürküsü vardı. Günorta bürküsü yenə dözüləndir, bu isə günortasonrası, yəni saat dördün bürküsüydü. Kvas, dondurma, qazlı su satanların böyründən saymazyana ötüb-keçdim, çünki onlara baxsam, qəlbimə köz basılacaqdı.
Amma hər şeyin bir sonu varmış. Budur, mən də öz hədəfimə yanaşıram.
Küçəni də tapmışam, evi də.
Bu ünvanda məni yedirib-içirəcəkdilər.
Tanışımı həyətin tən ortasında tapdım. Orada maşınıyla əlləşirdi. Gələcəyimi heç gözləmirmiş. Məni görüb sevindi, səmimi salamlaşdığını düşündüm. Amma adam həqiqətən də səmimi imiş.> Maşınının yağ filtri axıtdığından tanışımın üz-gözündən qüssə yağırdı. Dönə-dönə üzrxahlıq edib, onu bir az gözləməmi rica elədi, çünki artıq işə başlamışdı, həm də çoxdan görməyə hazırlaşdığı bu iş üçün uyğun zaman tapa bilmirmiş. Başını> kapotun altına salınca, adam mənim varlığımı yerli-dibli unutdu, oradan çıxınca, təkrar və qəflətən yadına düşdüm, bunun ardınca üzündə çaşqınlıq sezilən bu adam mənimlə deyib-gülməyə başladı. Verdiyi suallar maşının böyründəki taburetdə oturmama haram qatdı, çünki bayaq, mənim varlığımı unutduğu anlarda özümü daha rahat hiss edirdim. Əgər o, suallarıyla məni “əyləndirməsəydi”, küt-küt aclığa qatlaşdığım o anlarda mən də elə onun və dünya-aləmin varlığını bilmərrə unudardım, gedərdi.
Əslində indi mən üzrxahlıq edərək, qalxıb, buradan getməli, gələn səfər baş çəkəcəyimi vəd etməliydim ki (guya buraya bir dəqiqəliyə gəlmişdim və tələsirmişəm), bir daha bura heç ayaq basmayım — ancaq illah qarnımı doyurmaq xatirinə bu fikri də yaxınıma buraxmırdım.> Ancaq sonra maşının böyründə şöngüyüb, nə qədər oturdumsa, hələ hər şey bir yana dursun, artıq durub, getməyin özü də bir köntöylük kimi görünməyə başladı. O hərif isə artıq mənimlə məzələnirmiş və gizli niyyətimi anlayıbmış kimi, özünü dartmağa başlamışdı deyə, daha nə məndən utanıb-çəkinir, nə də üzr-filan diləyirdi. Özünü kasıb qohum təki aparması məni daha çox cırnadıb, özümdən çıxarırdı.
Halbuki o, ümumiyyətlə mənasız işlərlə sadəcə baş qatırdı, qaykaları silir, üzərlərinə bol yağ tökür, onları gah sıxır, qah boşaldır, gah da tozlarını üfləyirdi. Bir sözlə, həm maşınının, həm də bu bazar gününün həzzinə daldığı dəqiqələrdə mənim varlığımı yerli-dibli unutmuşdu.
Düşəndən-düşənə məndən üzr istəyəndə isə bunu aşkar bir saxtakarlıqla edirdi, üstəlik, bu davranışı xüsusilə təhqiramiz bir çalar daşıyırdı.
Mən isə israrla taburetdə oturmuşdum və getmək bilmirdim, özümün məcburiyyətin əsiri olduğumu da heç cür ört-basdır eləyə bilmirdim. Hətta ordan-burdan gap eləməyə özümü zorlayanda da acizlik çəkirdim. İndi də oturub, qəzetdə guya hələ oxumadığım hansısa informasiya axtarırdım.
Düşünürdüm ki, ondan asılı olduğunu, bir şeyə dəruni ehtiyac duyduğunu görüncə, bu adamın özünə qapılması, saymazyana və gönüqalın birinə çevrilmək bacarığı, düzü, mənə ağlasığmaz gəlirdi. Halbuki məsələnin nə yerdə olduğunu o, anlamışdı...
Əgər mən bir başqa durumda olsaydım, bəlkə də o, məni burada, maşının böyründə ləngitməyi heç rəva görməzdi və indiyə bütün nemətləri süfrəyə düzməklə, bütün qonaqpərvərliyini büruzə verməliydi. Həm də bunu özünün kasıb və heç kəsdən əskik olmadığını göstərmək üçün etməliydi... Tamamilə tox olduğum vaxtlarda məni neçə kərə yeməyə dəvət eləmişdilər, yeməklə bağlı fikirlər mənə dəfələrlə çiyrindirici gəlsə də, süfrə arxasına keçib, təkrar nahar eləmişdim ki, təki qarşı tərəfin könlünü qırmayım.
Çünki daha çox və inamla imtina edəcəyim təqdirdə, onların təkidləri də artacaqdı. Hə, hə, inamla... Bəlkə indi özümü inamsız hiss elədiyimdən bu hərif məni görməməzlikdən gəlir, hə? İlahi, həyatım boyu bayramlarda, toy-düyünlərdə dilimə, gör, nə qədər müddət heçcə nə dəyməmişdi?.. Həyatımı bəlli bir düzənə salmaqdan ötrüydü bunlar. Ancaq, İlahi, həyatımdakı hər şey necə də pərakəndədir hələ...
Bu yaramaz isə...
Mən də qədim şəhərdə veyl-veyl dolaşaraq, eyni oyuna kökləndim: bu ev sahibinin sahib olduğu ən iyrənc cəhətləri təsbit elədim, onun hər halda işləyə biləcəyi bütün mümkün əclaflıqları xəyalımda götür-qoy elədim. Bu qənaətdən sonra lap özümdən çıxdım.
Yeməyə pulum olmadığını düşünməsin deyə, özümün geoloji fəaliyyətim sayəsində qazandığım böyük məbləğlər barədə nələrsə üyüdüb-tökməyə başladım. Gopladıqca gopladım ey. Eyni nağılı danışmağa mən hələ qatarda ikən başlamışdım (onda bu, uşaqsayağı bir öyünmə idi hələ), həm də o vaxt> demişdim ki, Moskvada ikən külli miqdarda pul xərcləmişəm, öz əşyalarımı da “bir tanış xanımgildə” sırf ona görə qoymuşam ki, ekspedisiyaya sadəcə pal-paltarımla gedim. İndi isə mən tamam ağlasığmaz şeylər hüdüləyirdim (Tanrıya şükürlər olsun ki, bunda da bir uşaqlıq nişanələri vardı): guya dünən çimərlikdə məni soyub, buraxıbmışlar, filan.>
Bunu öyrənincə, o, vaqon-restoranda mənə qonaqlıq verdi (o vaxt qarnım tox idi və gopladıqlarımdan hər hansı təmənna güdmürdüm), həmin vaxt o, mənə inanmış, öz hörmət və heyranlığını dilə gətirmişdi. İndi isə evinin yerləşdiyi həyətdə məni etinasızlıqla süzərək, ovçu itini qovaraq, oğluna çımxırır, maşınında qurdalanırdı.
“Yəni ac insan ləyaqətini tamam itirdiyi üçünmü başqaları onu görməməzlikdən gəlir? Əsas olan odur ki, mən niyə indi yerimdən qalxmır və buranı tərk eləmirəm, hə?!”
Tanışımın da bunun fərqində olduğunu bildiyimdən hüdüləməyimə davam edirdim.
Onun xəstəhal, sulanan gözlərindən qüssə yağan oğlu daha çox atasının əl-ayağına dolaşırdı, vedrəni aşırtsa da, yağı yerə dağıtsa da, çilingər açarını əlinə almaqla, iti qabağına qatsa da... yenə mənə hörmətlə yanaşırdı.
Mənə elə gəlirdi.
Tanışım razılıqla əllərini əskiylə sildiyi vaxt hava artıq qaralırdı. Dedi:
— Hə, indi gedib, qarnımızı doyura bilərik.
Arvadına səslənərək, süfrə açmağı tapşırdı.
Süfrə də nə süfrə! Pomidor salatı! Yaqut rəngdə, göz qamaşdıran borş. Ət! Közdə bişirilən alyanaqlı kartof ilə ət. Süfrənin tən ortasına qoyulan qrafinin divarları tərləmişdi. Meyvələrlə dolu iri bir vaza.
Süfrə tam hazır ikən ev sahibi, mənim gizli niyyətimi ta əvvəldən anlayan biri kimi, yenə də məni kinayəli təbəssümlə süzdü və bu, mənim heysiyyətimə daha betər toxundu. Oturmaq üçün yer göstərdiyi vaxt dedim:
— Təşəkkür edirəm, mən toxam.
Ancaq bunu... demədim, eləcə fikrimdən keçirdim. Keçirdim — süfrə arxasında əyləşdim.
Bu ev sahibi ilə ev sahibəsi necə də nəcib və ürəyəyatımlı insanlar imiş!
Bazarıstan
Köhnə şəhər — təzə şəhər. Köhnə bazar — təzə bazar.
Bazarın qarşısındakı meydan faner lövhələrdən qurulan köşklərlə, budkalarla, piştaxtalarla, çadır və ad lövhələriylə dolub-daşır. Bazarın özünə doğru isə uzun, hündür və üstüörtülü bir tunel uzanır. Günəş batdıqdan sonra ora daha betər qaranlığa gömülür. Tunelin iç divarları boyunca da bənzər, amma önündə rəfləri olan köşklər sıralanır. Tunelboyu isə sizinlə yanaşı və qarşı tərəfdən sizə doğru cürbəcür insanlar gəlir: bunların arasında əllərində pulqabı tutan, üzlərini ləçək ardında gizləyən, qara paltarlı ağbirçəklər, velosipedlərini “buynuzlarından” tutaraq daşıyan, ara-sıra onların zınqırovunu cingildədən cavan özbəklər və bazardakı çayxanadan indicə çıxan və əynində xələt olan yekəqarınlar və daha kimlərsə gözə dəyir.
Tunel bitən kimi parlaq və imisti gün işığı təzədən gözlərimi qamaşdırır. Yemiş və qarpızlarla dolub-daşan geniş bir məkan günəş şüalarına qərq olub, burada isə dolub-boşalan, nərildəyərək irəli-geri gedən yük maşınları, əl arabaları üzündən qüssə yağan və uzun-uzadı anqıran eşşəklər, sanki keçmişdən gəlib, bu günümüzə düşən və unudulub getməkdə olan peşələrlə uğraşan qəribə qocalar cəmləşib. Bu qocalar önlərinə rəngi tündləşən və paslanan əşyaları öz piştaxtaları> sayılan baş örtüklərinin üzərinə düzüblər. Halbuki heç kəs həmin qocalara yanaşmır. Onlar çayxanada işləyən oğlan uşağının gətirdiyi çaydan içir, arabir nə barədəsə kəlmə kəsərkən başlarını tərpədirlər.
Bir qoca isə ərəb dilində çap olunan kitablar satır. Əgər belə deyilsə, onda niyə onları öz qabağına düzsün ki?! Qara qapaqlı və nimdaş kitablar adama sirli bir şey təəssüratı bağışlayırdılar. Ona yaxınlaşıb, əlimə keçən ilk kitabı yazılanlardan başı çıxan biri kimi vərəqləməyə başladım.
Elə o dəqiqə də anladım ki, bu cür hərəkətlə gərək bu ahıl insanı hürkütməyəydim. Çünki məni o dünyadan gələn biri təki süzən kişi yuxudan diksinibmiş kimi həndəvərinə baxındı. Mənə elə gəldi ki, o, harada, yəni bazarda olduğunu məhz indi anlamışdı.
— O, misilsiz şeydir, qadası! — deyib, yarırəğbət, yarıhürkü hissiylə məni süzdü. Sonra barmağıyla qonşusu olan bütün ahılları nişan verməklə, xırıltılı bir səslə onların ayrı-ayrılıqda nəyisə təsdiqləməsini rica elədi. O ahıllar da başlarını tərpədib, nələrsə qırıldatdılar.
Qoca mənə pasportunu göstərdi.
Yerimdə quruyub qalmışdım.
O dəmdə bürüncdən tökülmüş iri heykəli xatırladan yekəpər və əynində kirli bir xələt olan özbək bizə yanaşdı. Qoca ilə aralarında nə isə danışdılar. Qəddini əyən qoca qəfildən barmağıyla məni dürtmələdi. Digər qocalar da saqqallarını tərpətməklə, barmaqlarını mənə tuşladılar.
Mən aradan çıxmağı uyğun bildim.
Hə, bu da meyvə sırası... Kaş mən bunları heç görməyəydim! Çünki anlaşılmaz bir qüvvə məni onlara tərəf çəkir, məngirləyirdi. Niyə buradaydım axı?! Mən ki şəhəri dolaşmağa çıxmışdım, sadəcə kəsə yolu seçdiyim üçün bazarın içindən keçəcəkdim... Əgər sırf dolaşmaq istəyirdimsə və tələsəcək bir yerim yox idisə, bəs onda niyə bu kəsə yolu üstün tutmuşdum axı?!
Bu heyndə anladım ki, ticarət əcəb də zövqlü iş imiş. Hələ gör, meyvələri necə düzüblər! Bu adamlarda sənət ruhu var ey.
Bitib-tükənməyən çadırların önüylə, qara, qırmızı, ağ və qızılı rəngli, tumlu-tumsuz, orta və ya hərəsi bir qoz qədər iri giləli, gəlin barmağı kimi uzunsov üzümlərin arasıyla, alma-armudların, əncir və narların, qaysıların, əriklərin arasıyla irəliləyirəm. Qadın əndamı qədər zərif və şirə dolu qaysıların arasıyla.
Mənim kimisinin bütün bunların tamaşasına durması sadəcə ağılsızlıq idi. Elə ki həmin çadırlardan əlüstü aralandım, bu səfər də qarpızlar aləminə düşdüm, üst-üstə qalaqlanan qarpızlar iri və yaşılı dalğanı xayırladırdı mənə. Qovunların təpələndiyi yerdə isə özümü qızıl qumlu səhrada hiss elədim. Dediyim bu dənizdə də, qızılı səhrada da dəriləri günəş altda yanmış və əyinlərində yaxası açıq xələtlər olan özbəklər vurnuxurdular.
Qarpızlardan canımı qurtarmağa çalışarkən isə təzədən gəlib, çadırların altına düşürdüm.
Bütün bunlar bir yuxunu xatırladırdı mənə. Hər şey hədsiz uzananda, vaxtın darlığına rəğmən, hər şey təkrarlananda, başını götürüb, qaçmaq istəyirsən, amma bacarmırsan.
Budur, təzədən qarpız dənizinə düşürəm. Elə hey əl-qol atıb, çapalayıram ki, bəlkə çıxışa tərəf yan alım...
Amma bazarın məhz bitdiyi yerdə bazar təzədən başlanır. Və bu bazarların ucu-bucağı yoxdur...
Amma budəfəki tamamilə fərqli bazar idi. Buradakı heç nə məndə iştaha doğurmurdu. Çünki buradakı ticarət də fərqliydi.
O biri tərəfdə uzun sıralar vardı, qadınlar al-əlvan rəngli, bəzən isə səliqə ilə dəst şəklində bağlanan, bəzən isə necəgəldi və təpə kimi qalaqlanan əski-üskülərin üzərindən müştəri haraylayırdılar.
Bir tərəfdə isə təpə kimi üst-üstə yığılan, şişuclu və gün altda qızaraq naxoş qoxuyan qaloşlar satan kişi durmuşdu.
Budur, mərəkə qopur...
Qəflətən nağıl aləminə — xalçaların arasına düşürəm. Ağaclar arasında gərilən zivədən asılan iri xalılar adama bir uçuş meydançasını xatırladır, onlar necə al-əlvan, ala-buladırsa, heç nə ilə müqayisəyə gəlməzlər. Onlar sayəsində burada dəhlizlər və küçələr yaranıb və vaxtaşırı bunlar da bir-biriylə kəsişir; bu küçələr boyu irəliləyən insanlar kəsişmələrdə bir-birlərindən ayrılırlar. Burada azıb-qalmaq da mümkündür.
Xalılardan ayrıldığım an motosikletlərin arasına düşürəm. Burada insanlar qaynaşır. Çığırışaraq nəyisə müzakirə edirlər, əl-qol hərəkətləri bir dalaşmanı xatırladır. Siqnalı yoxlayan, nikel səthləri sığallayan bu adamların üzündən tər axır və əlləriylə sinələrinə vurduqları zaman onlar həqiqətən çılğın məxluqları xatırladırlar.
Sonra növbə öküzlərə, inəklərə, keçilərə və uzunqulaqlara gəlir... Qoyunlar özlərinin hədsiz iri quyruqlarını yırğalayırlar. Ayağıbağlı toyuqlar dəstə halında yerdə yatır. Bütün bu heyvanlar böyürür, mələyir, quqquldayır, insanların qırtlaq səsləri isə bütün bunlardan daha uca çıxır, bunların hamısını kölgədə qoyur. Mən orada ikən bir cüt dəvə də gətirildi. Bütün qalan heyvanların özündənrazı başları bu dəvələrə tərəf döndü, bunlar isə — eynilə hərbi paraddakı komandirlər kimi — başlarını dimdik tutmaqla, sinələrini qabartmışdılar.
Odur ey, irəlidə deyəsən çıxış da görünməyə başladı artıq.
Lap çıxışın yanında gonbul, gödərək və daz bir kişi dayanıb — qarşısına düzdüyü cürbəcür əşyalara rəğmən, xeyli ciddi bir adam təəssüratı bağışlayır. Burada bir-birinə dəxli olmayan, yırtıq-mırtıq paltarlar, hansısa qablar, primus, mis teşt, “Mozer” markalı zəngli saat, mauzer dəstəyi diqqətimi çəkir — bütün bu nimdaş əşyalar Bazarıstanın o misilsiz aləmində gizlənən eybəcərliyin təzahürünə çevrilir. Bütün bunların üzərində isə yazılıb: “İstənilən əşyanın dəyəri on manatı keçmir”.
Düşündüm: “Bax ha! Bu da fərqli bir yanaşmadır...”
Yerində yırğalanan o gödərəyin sol tərəfində, lap yaxınında həsirdən hörülmə gözəl bir şlyapa vardı — həm formaca nəcib, həm də xeyli təzədir. Əlbəttə ki, on manata satılmazdı o.
İçimdə bir şeytani hiss baş qaldırdı.
Onu götürməklə, əlimi bomboş cibimə saldım:
— Bu da onadır?
Bunun mümkünatı heç cür ağlıma sığmır: bardaş qurub oturan birisi axı yerindən necə sıçraya bilər?! Amma o hərif sıçradı, həm də azı yarım metrə qədər. Öz orbitindən çıxmaqla, qara gavalını xatırladan və durbinin linzaları kimi qabarıq olan gözlərini mənə zilləyib, durdu. Bütün üz-göz cizgiləri tarazlıqdan çıxdı, sanki dərisinin altında bir siçan ora-bura vurnuxurdu. Adama elə gəlirdi ki, söz tapmaq üçün gücənir.
Qəfildən o, şlyapanı əlimdən qaparaq, üstümə çımxırdı:
— Rədd ol mənim dükanımdan!!!
Mən də oradan aralandım... Kimsəsiz, sanki uyuyan küçələr, donuq ağaclar, duvallar**, ağaclardan və duvallardan düşən kölgələr və küçənin tən ortasında asılb qalan bürkü...
Əcəb qəribədir!
Plov, Leninqrad
Sırf küçədə dolaşmaqla pul tapmaq ehtimalı içimdə artıq əsl inanca dönmüşdü. Şəhərdə nə qədər çox dolaşırdımsa, iştaham necə çox qabarırdısa (məncə, bundan o yanası da yox idi!), onun gerçəkləşəcəyinə inamım özünü daha aşkar büruzə verirdi: bax, indi, bu döngədə, bu zibilqabının altındaca... hə, burada. İlahi, əskinas zənn etdiyim, nə qədər gərəksiz və çirkli kağız qırığı qaldırmışdım yerdən!
Hava qaralmışdı və axşam susuzluğu mənə güc gəlməkdə idi artıq. Necə möhkəm susamışdımsa, nə isə yemək heç yadıma da düşmürdü. Ayaqlarımın altına baxmaqla, veyllənirdim, havanın qaraldığını görüncə, nə isə tapacağıma olan sonuncu ümid də artıq məni tərk eləmişdi.> Birdən nədənsə addımlarım yavaşıdı və mən geriyə üz tutdum: hasarın dibində, küçə fənərindən düşən işığın lap ölgünləşdiyi yerdə sanki nə isə gözümə dəysə də, nədənsə ona heç əhəmiyyət verməmişdim. İndiyədək bənzər hallar çox təkrarlanmış və hələlik bundan bir fayda görməmişdim. Və mən yoluma davam eləmək istəyirdim. Ancaq o duyğu yaxamı buraxmadı deyə, geri qayıtdım və... həqiqətən də bir üçlük tapdım. Tezliklə sevincim pərişanlığa döndü — axı bu, sən deyən də böyük məbləğ deyildi. Ancaq yenə də...
O pula siqaret aldım, çayxanaya girib, bir çaydan çay istədim. Yanğımı yatırandan sonra fərqinə vardım ki, iştaham da açılıb. Siqaretimi çıxarıb, bir dənəsini yandırdım. Qonşu masada oturan tacik mənimlə söhbətə başlasa da, ara-sıra qaçıb, çayxananın mətbəxində bişirdiyi plov qazanına da göz atırdı.> Mən isə bu söhbət əsnasında sadəcə onun məni plova qonaq etmə ehtimalı barədə düşünürdüm. Bunu gözləyə-gözləyə, meylim çəkməsə belə, daha bir çaydanın da dalından dəydim və o ara düşündüm ki, onun əvəzinə bir manat ödəməklə, elə çörək də ala bilərdim.
O tacik texnikum tələbəsi imiş. Maraqlandım:
— Nəçi olacaqsan ki?
O, qürrələnərək dedi:
— İctimai iaşə üzrə təlimatçı-mühəndis.
— Hə-ə, bu, xeyli maraqlı peşədir, — dediyim an mədəmdə dözülməz sancı yarandı. Canıyananlıqla soruşdum:
— Təqaüd necə, verirlər barı?
O, əliylə hülqumunu göstərərək dilləndi:
— Təqaüd də, qazanc da, bax, burdandır!
— Mən isə geoloqam, beş il əvvəl institutu bitirmişəm. Maaşım üç min manatdır.
Tacik heyrətləndi:
— O-o-o-o!
Yenə nə oldu axı mənə?! Tez vəziyyəti düzəltməyə çalışdım, aşağıdan almaqla, dedim:
— Amma yad şəhərdə pul su yerinə axıb, gedir də. Bazar günü gəlsəm də, artıq düz yüz manat xərcləmişəm, indi də qarnım quruldayır.
— Hə, yad şəhərlər elədir, — deyərək, o, plova göz atmaqdan ötrü təkrar mətbəxə qaçdı.
Vəziyyətdən çıxış yolu aradım və o, qayıdınca dedim:
— Deməli, sən təlimatçı olacaqsan... Onda özün də ləziz xörəklər bişirirsən?
— Bəs nədir?! — dedi. — Bəs nədir?!
— Ləzzətli plov bişirmək yəqin xeyli çətin işdir, eləmi?
— Əlbəttə... düyü, ət, quyruq yağı, soğan, istiot, pomidor və kişmiş lazımdır...
Gözlərimin qabağı alacalandı. Mədəmdəki sancıya məhəl qoymadan soruşdum:
— Bəs nə əti? Yəqin qoyun olar da?..
Tacik təsdiqlədi:
— Hə, qoyun əti, qoyun əti.
“Sən özün də elə...” — deyə düşündüm və dedim:
— Bizim şimal tərəfdəki qadınların dediyinə görə, ən qəliz məsələ — düyünü düz-əməlli bişirməkdir.
— Hə, düyünü, düyünü, — deyə təsdiqlədi. — Sizin Leninqradda hər halda çayxana və plov olmamış olmaz?
Bu yerdə halıma acıyacağına ümid bəsləyərək, dedim:
— Yox, bizdə yoxdur.
Tacik bir dua kimi təkrarladı:
— Hə-ə, yoxmuş! Nə çayxana varmış, nə də plov...
— Plovun dadına ilk dəfə mən burada baxa bildim, o da ki yeməkxanada.
Təlimatçının gözlərinin qarası getdi, ağı gəldi:
— O, o, off!
— Amma yeməkxanada verilən plov evdə bişirilənin yəqin heç həndəvərinə də yanaşa bilməz, — deyə onu lap qızışdırdım.
— O-o, ev! Sənin evin Leninqraddadır, mənimki isə Uratübədə.
Mən:
— Evdə bişən plovu heç dadmamışam,> — dediyimi gördüm və təlimatçı tez mətbəxə tərəf qaçdı. Mən isə fərqinə vardım ki, çaydan boşalıb, indi elə-belə oturmağa davam eləsəm, yəqin tacik elə düşünəcək ki, ondan nə isə umuram.
Bir çaydan da gətirtdim.
Geri dönən təlimatçı məndən bir siqaret də istədi. Onu çaya və siqaretə qonaq eləyib, soruşdum:
— Hə, yemək nə yerdədir?
— Bişmək üzrədir. Ağzını qapaqla örtdüm.
O yağ qarışıq buğun necə qatılaşdığını və qapağa qonduğunu təsəvvürümdə canlandırdım... Cazibədar bir mənzərə açıldı qarşımda.
— Hə-ə, — deyərək, ağ bayrağımı qaldırdım artıq: — Ev plovunu dadmağı, düzü, çox arzulayıram...
— Hə.... — dedi tacik, — hə... Mən bir siqaret də götürüm,> — deyib, götürür. Acı-acı: “Nə olub ey mənə belə?..” — düşünüb, dedim:
— Bizim şimalda da ləziz təamlar hazırlamağı bacarırlar. Sizinkilərdən fərqli təamlar. Leninqrada gəldiyində, səni qonaq edərəm.
Dedi:
— Hə, onda gələrəm, mütləq gələrəm. Gedim baxım, indiyə bişməliydi artıq.
Mən də yerimdən qalxdım və çarəsiz bir tərzdə dedim:
— Gedək, baxım görüm, sən bu işi necə görürmüşsən?..
Biz durmadan pıqqıldayan adam boyunda, misdən hazırlanmış bir cüt samovarın və onların başına dolanan çayçının böyründən keçib-getməklə, darısqal bir otağa girdik.
İçəridəki qazanın başında ən azı on beş qadın əyləşib, söhbətləşirdi. Adama elə gəlirdi ki, otaqda dolaşan o uğultunu daş dəyirmanı çıxarır. Hər saniyəbaşı, həm də eyni vaxtda bu qadınların hər birinin ağzından mənim anlamadığım və cırıltıyabənzər onlarla söz çıxırdı.
Mən peyda olan kimi o daş dəyirmanı susub, durdu.
Hamının baxışları təlimatçıya zilləndi. O, hırıldayaraq:
— Rafikon kolonsolon LENİNQRAD, — dedi. — Kanibadam xuşt libos PLOV.
Hamı gülüşdü. Daş dəyirmanı təzədən işə düşdü. Düşündüm ki, hərif mənimlə məzələnir və mən də onlara gülümsədim. Üzümə sarsaq bir təbəssüm qondurub, dedim:
— Plov, Leninqrad.
Bunun ardınca biz kor, yəni pəncərəsiz, qapqara mətbəxə keçdik. Burada, ocağın böyründəki bozumtul kösövlərin ucları qızarırdı, qonşu qapıya açılan və qismən aralı qalan qapıdan içəriyə cüzi işıq zolağı süzülür, qaranlıq otağa bir ekzotiklik qatırdı. İri bir qazan birbaşa buradakı ocağa quraşdırılmışdı.
Təlimatçı qapağı xəfifcə qaldırdı.
Qazandan qalxan sərt, anlaşılmaz və qəliz qoxunun zərbəyəbənzər dalğası az qaldı məni geri ata.
Bu iri qazanın içi dolu idi.
Qapağı xəfifcə qaldırmaqla, təlimatçı çömçəni qazanın içində gəzdirib, dedi:
— Bişib.
Mən qırmızımtıl düyü dənələrinə, qazanın yağlı-hisli divarlarına baxdığım zaman az qaldı ağlım başımdan çıxa.
Təlimatçı hökmlə qonşu otaqda oturan qadınlara nə isə tapşırdı və onlardan biri əlində tutduğu xırda və xeyli iri sinilərlə otağa daxil oldu: mən hələ ömrümdə o yekəlikdə qab görməmişdim! Tacik qazandakı bütün yeməyi o iri siniyə boşaltdı və qadın həmin sinini aparıb qonşu otağın tən ortasına qoydu.
Yeməyin qazanın divarlarındakı qismini də qazıyıb, nisbətən xırda siniyə yığdı.
Düşündüm ki, bu da yəqin bizim payımızdır.
O, dedi:
— Vəssalam, şüdtamam. Sən o Leninqradda belə mətbəx görəmməzsən.
Bayıra çıxdıq. Qadınlar əllərini siniyə uzadıb, düyü dənələrindən kürələr düzəldir, sonra isə bunları ağızlarına təpirdilər. Aclıqdan mən o siniyə uzanmağa hazır idim. Təlimatçı kiçik sinini çayçıya uzatdı.
— Bir çaydan da götürək, — deyib, cibindən bir iyirmibeşlik çıxartdı. Əlində tutduğu iyirmibeşlik əskinası necə nifrətlə süzürdümsə, bircə anın içində onu da (xəyalən!), həm də hər mənada gözümə təpməyə də fürsət tapdım.
— O iri əskinası niyə xırdalayırsan ki? Məndə xırda pul var da.
Bunu deyib, sonuncu qəpiklərimi də çayçıya uzatdım.
Təlimatçı da iyirmibeşliyi qaytarıb, cibinə qoydu. Çayımızı içib bitirənədək gah o mənə nələrsə danışdı, gah da mən ona. Çaydanın dibindəkini də piyaləyə süzən tacik onu mənə uzatdı:
— Yaşıl çay cana xeyirlidir.
Amma mən içməkdən imtina elədim, çünki bayaqdan bəri mədəmə doldurduğum iki litrə yaxın qaynar sudan başqa indi orada heçcə nə yox idi.
Təlimatçının üzündə narazılıq ifadəsi dolaşdı:
— Bunu mütləq iç. Bizdə deyim var: “əziz dostun olan yerdə, çaydanın dibindəkini məbada bir başqasına verəsən”.
Və biz, bir-birimizin kürəyini dostyana döyəcləməklə, səmimi tərzdə gülümsəyərək, ayağa qalxdıq.
Təlimatçı saatına göz ataraq:
— Oho! — dedi. On ikiyə on beş dəqiqə qalıb ki... Mən tələsməliyəm...
Bunu gözləyirmiş kimi, mən də ürəkdən gülümsəyərək dedim:
— Haydı, gecən xeyrə qalsın.
...Parkdakı skamyada uzanıb, yuxuya daldığım anlarda mən o tamamən boş mədəmdə üç litrə yaxın yaşıl çayın necə şarıldayıb-loqquldadığını eşitməkdə idim.
*Tibet öküzlərini. — Tərc.
** Samanlı kərpicdən hörülən divar və ya hasar. — Tərc.