Poçtun tarixi

300 il
ruslar iddia etdilər ki,
onları əsarətə alıb monqollar,
amma məlum oldu ki, monqollar
yalnız poçtu gətiriblər.
300 il
Rus dövlətində məktub alırdılar,
amma oxuya bilmirdilər,
buna görə də bir neçə dəfə
Moskvanı yandırmaq lazım gəldi ki,
oxunmamış məktubları
xilas etsinlər qaranlıqdan.
Nəhayət, İvan Qroznı
Şərqə getdi
və Kazanı işğal altına aldı, məktubları isə
Qərbə, qaçqın Kral Krubskiyə
göndərməyə başladı.
Bu qəzəbli məktublara artıq
Böyük Pyotr cavab verirdi
Hollandiyadan, dənizin o üzündən,
sonra Yekaterina — onun da ləqəbi Böyük idi —
münasibətləri yoluna qoydu
cənab Volterin dünyası ilə və artıq Napoleon —
Bonapartı deyirəm — Moskvanı bir daha
yandırmaqla zərif fransız dilini
zadəganların məktub dilinə çevirdi ki,
rəzil xalqı vaxtından əvvəl
karıxdırmasın
qardaşlıq və bərabərliklə.
Poçt xidməti yaxşılaşdıqca dekabristlər
Rusiyanın quruluşu barədə məktublarını
artıq Sibirdən göndərirdilər ki,
Londonda oyatsınlar Hertseni.
Bu dəfə onlara
Vladimir İliçin özü cavab verirdi
Cenevrədən, Sürixdən,
uzaqgörən monqol gözlərini qıyaraq.

 Beləcə başa çatdı
Oktyabr inqilabı,
monqol poçtunun
zəruri nəticəsi,
Şərqin Qərbə cavabı
və meydan oxuması kimi.

 Nəsə gətirəcəkmi
bizə yaxın 300 ildə
elektron poçt?